Bibliya/Həvarilərin İşləri
←Yəhyanın Nəql Etdiyi Müjdə | Bibliya. Həvarilərin İşləri |
Paulun Romalılara Məktubu→ |
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | Qeydlər |
«Həvarilərin İşləri» Lukanın nəql etdiyi Müjdənin davamıdır. Onun əsas mövzusu İsanın ilk ardıcıllarının Müqəddəs Ruhla dolduğunu və Onun haqqındakı Müjdəni «Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə» yaydıqlarını danışmaqdır (1:8).
Bu, Yəhudi xalqının arasında başlamış və sonralar bütün dünyaya yayılmış məsihçi imanının başlanğıcının tarixçəsidir. Bütün bu hadisələr imanlıların birlikdə yığıldığı yerdə, Əllinci Gün bayramı zamanı Müqəddəs Ruhun üzərlərinə enməsi ilə başlayır (2-ci fəsil). Müqəddəs Ruh kitabda təsvir olunmuş bütün hadisələr boyu imanlı cəmiyyətini, onun rəhbərlərini yönəldir və qüvvətləndirir. Müqəddəs Ruhun fəaliyyəti kitabı səciyyələndirən vacib mövzulardan biridir. Sonrakı mühüm fəsillər isə imanlılar cəmiyyətinin addım-addım böyüyüb şaxələndiyini təsvir edir. İsa Məsihin həvariləri gəzib-dolaşaraq Müjdəni yayırdılar və Allahın möcüzələri onları müşayiət edib söylədikləri həqiqəti aşkar edirdi. Həvarilərin İşləri kitabında yazılmış hadisələr imanlıların həyatında İsa Məsihin Müjdəsinin qüdrətini nümayiş etdirir.
Kitabın məzmunu:
- 1:1-11 İsanın son əmri və göyə qaldırılması
- 1:12-26 Yəhudanın yerinə Mattiyanın seçilməsi
- 2:1-8:3 Yerusəlimdə Müjdə yayımı
- 8:4-12:25 Yəhudeya və Samariyada Müjdə yayımı
- 13:1-28:31 Paulun xidməti
- 13:1-14:28 Paulun ilk müjdəçi səyahəti
- 15:1-35 Yerusəlimdəki məşvərət
- 15:36-18:22 Paulun ikinci müjdəçi səyahəti
- 18:23-21:16 Paulun üçüncü müjdəçi səyahəti
- 21:17-28:31 Paulun Yerusəlimdə, Qeysəriyyədə və Romada həbs olunması
1
[redaktə]İsanın göyə qaldırılması
1[1] Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsindədir. 2 Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə əmrlər verdi. 3 Ölüm əzabını çəkəndən sonra həvarilərə çoxlu inandırıcı dəlillərlə Özünü diri olaraq göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Padşahlığı barədə danışırdı. 4[2] İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin. 5[3] Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız».
6 Həvarilər bir yerə toplaşanda İsadan soruşdular: «Ya Rəbb, İsraildə Padşahlığı indimi bərpa edəcəksən?» 7 İsa cavab verdi: «Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil. 8[4] Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız». 9[5] İsa bunları deyəndən sonra həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud İsanı götürüb onlardan gizlədi. 10 İsa göyə qalxanda onlar səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki kişi onların yanında peyda olub 11 soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq».
Yəhudanın yerinə Mattiya seçilir
12 Bundan sonra həvarilər Zeytun dağı adlanan yerdən Yerusəlimə endilər. Bu dağ Yerusəlimin yaxınlığındadır, oraya olan məsafə Şənbə yolu[6] qədərdir. 13[7] Onlar şəhərə girib qaldıqları evin yuxarı otağına çıxdılar. Oradakılar bunlar idi: Peter, Yəhya, Yaqub, Andrey, Filip, Tomas, Bartalmay, Matta, Halfay oğlu Yaqub, Millətçi Şimon və Yaqub oğlu Yəhuda. 14 İsanın anası Məryəmlə qardaşları və başqa qadınlar da həvarilərlə birlikdə dayanmadan dua edirdilər.
15 Həmin günlərdə təxminən yüz iyirmi bacı-qardaşdan ibarət olan toplantı arasından Peter qalxıb dedi: 16 «Qardaşlar, İsanı tutanlara yol göstərən Yəhuda haqqında Müqəddəs Ruhun Davudun dili ilə əvvəlcədən dediyi Müqəddəs Yazı sözləri yerinə yetməlidir. 17 Yəhuda bizə qoşuldu, bu xidmətdən ona da pay düşdü. 18[8] Bu adam etdiyi haqsızlığın haqqına bir tarla satın aldı, sonra da oradan kəlləmayallaq aşıb qarnı yırtıldı və bağırsaqları töküldü. 19 Bütün Yerusəlim əhalisi bunu eşitdi və o yeri öz dillərində “Haqal-Dema”, yəni “Qan tarlası” adlandırdı. 20[9] Axı Zəbur kitabında yazılıb:
“Məskəni viran olsun,
Kimsəsiz, boş qalsın”
və
“Vəzifəsini başqası tutsun”.
21-22[10] Buna görə də Rəbb İsanın aramıza gəlib-getdiyi müddət ərzində, yəni Yəhyanın vəftizindən başlayaraq Rəbb İsanın göyə qaldırıldığı günə qədər yanımızdakılardan bir kişi Onun dirilməsinə bizimlə birgə şahid olmalıdır». 23 Beləliklə, iki nəfəri – Barsabba çağırılan, həm də Yust adlanan Yusifi və Mattiyanı namizəd göstərdilər. 24 Sonra dua etdilər: «Ya Rəbb, Sən hamının ürəyindən xəbərdarsan. Bu iki nəfərdən birini seçib bizə göstər ki, 25 qoy onlardan biri bu xidmətə – həvari vəzifəsinə keçsin. Çünki Yəhuda öz yerini tutsun deyə bu işi atdı». 26 Sonra püşk atdılar. Püşk Mattiyaya düşdü və o, həvari sırasına – on bir nəfərin yanına keçdi.
2
[redaktə]Müqəddəs Ruhun gəlməsi
1[11] Əllinci Gün bayramı[12] zamanı onların hamısı bir yerə yığılmışdı. 2 Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü. 3 Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür. 4 Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar.
5 Bu vaxt səma altında mövcud olan bütün millətlər arasından gələn mömin Yəhudilər Yerusəlimdə yaşayırdılar. 6 Bu səs gələndə orada böyük izdiham toplandı. Hamı öz dilində danışıldığını eşidəndə çaş-baş qaldı. 7 Mat qalaraq heyrət içində dedilər: «Bu danışanların hamısı Qalileyalı deyilmi? 8 Bəs necə olur ki, biz hamımız öz ana dilimizi eşidirik? 9 Biz Parfiyalılar, Midiyalılar, Elamlılar, Mesopotamiyada, Yəhudeyada, Kappadokiyada, Pontda və Asiya vilayətində,[13] 10 Frigiyada, Pamfiliyada, Misirdə və Liviyanın Kirenaya yaxın bölgələrində yaşayanlar, Romada yaşayan 11 Yəhudilər və Yəhudi dinini qəbul edənlər, Kritlilər, Ərəblər eşidirik ki, onlar bizim dilimizdə Allahın əzəmətli işlərindən danışır». 12 Hamı mat qalıb çaşqınlıq içində bir-birindən soruşurdu: «Bu nədir?» 13 Bəziləri də rişxəndlə deyirdi: «Bunlar şirin şərabdan sərxoş olublar».
Peterin Əllinci Gün bayramında etdiyi vəz
14 Peter On Bir həvari ilə bərabər irəli çıxdı və izdihama ucadan nida etdi: «Ey Yəhudilər və Yerusəlimin bütün sakinləri, sizə bildirirəm, sözlərimə qulaq asın. 15 Bu adamlar fikirləşdiyiniz kimi sərxoş deyil. Hələ günün üçüncü saatıdır.[14] 16[15] Bu gördükləriniz Yoel peyğəmbər vasitəsilə əvvəlcədən deyilən hadisədir. 17 Allah dedi ki, axır zamanda
“Bütün bəşər üzərinə Ruhumdan tökəcəyəm.
Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək,
Cavanlarınız görüntülər,
Ağsaqqallarınızsa röyalar görəcək.
18 O günlərdə qul və qarabaşların üzərinə də
Ruhumdan tökəcəyəm,
Onlar da peyğəmbərlik edəcək.
19 Yuxarıda – göylərdə xariqələr,
Aşağıda – yerdə əlamətlər göstərəcəyəm:
Qan, alov və tüstü buxarları görünəcək.
20 Rəbbin möhtəşəm və əzəmətli günü gəlməzdən əvvəl
Günəş qaranlığa və ay qan rənginə dönəcək.
21 Rəbbin adını çağıran hər kəs xilas olacaq”.
22 Ey İsraillilər, bu sözlərimə qulaq asın! Bildiyiniz kimi Allahın aranızda Nazaretli İsa vasitəsilə yaratdığı möcüzələr, xariqələr və əlamətlər aydın göstərdi ki, O, Allahdan gələn Şəxsdir. 23[16] Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz. 24[17] Allah isə ölüm əzablarını kəsərək Onu diriltdi. Çünki Onu ölüm tutub saxlaya bilməzdi. 25[18] Davud da Onun barəsində demişdi:
“Rəbbə əbədilik üz tutmuşam,
Sağımda olduğu üçün sarsılmaram.
26 Elə bunun üçün qəlbim sevinir, dilim şad olur,
Cismim belə, ümidlə yaşayır.
27 Çünki məni ölülər diyarına atmazsan,
Mömin insanını çürüməyə qoymazsan.
28 Mənə həyat yolunu öyrədirsən,
Hüzurunda mənə doyunca sevinc verirsən”.
29 Qardaşlar, sizə cəsarətlə deməliyəm ki, doğrudan da, ulu babamız Davud ölüb və dəfn olunub. Onun qəbri bu günə qədər buradadır. 30[19] Davud peyğəmbər idi və öz nəslindən bir Nəfəri[20] onun taxtına çıxarmaq üçün Allahın and içərək Davuda vəd etdiyini bilirdi. 31[21] Ona görə Məsihin dirilməsini əvvəlcədən görüb barəsində demişdi ki, Allah
Onu ölülər diyarına atmaz,
Cismini çürüməyə qoymaz.
32 Allah bu İsanı ölümdən diriltdi və hamımız buna şahid olduq. 33 Allah Onu ucaltdı və sağ əlində oturtdu. O, vəd edilən Müqəddəs Ruhu Atadan götürüb sizin görüb-eşitdiyiniz kimi üstümüzə tökdü. 34[22] Davud özü göylərə qalxmadı, amma belə dedi:
“Rəbb mənim Ağama dedi:
35 ‹Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək
Sağımda otur›”.
36 Ona görə də qoy bütün İsrail xalqı möhkəm bilsin ki, Allah sizin çarmıxa çəkdiyiniz bu İsanı həm Rəbb, həm də Məsih təyin etmişdir».
37 Bu sözlər ona qulaq asanların ürəyinə ox kimi sancıldı. Onlar həm Peterdən, həm də o biri həvarilərdən soruşdular: «Qardaşlar, bəs biz nə edək?» 38 Peter onlara cavab verdi: «Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız. 39 Çünki bu vəd siz, övladlarınız, uzaqdakıların hamısı – Allahımız Rəbbin çağırdığı hər kəs üçündür». 40 Peter başqa çox söz deyib onlara xəbərdarlıq etdi və yalvardı: «Bu əyri nəsildən xilas olun». 41 Onun sözünü qəbul edənlər[23] vəftiz oldular. O gün üç min nəfərə yaxın insan imanlılara qoşuldu. 42 Onlar da özlərini həvarilərin təliminə, hər şeydə şərik olmağa, birgə çörək bölməyə və duaya həsr etdilər.
İmanlılar arasında birlik
43 Bütün imanlıların ürəyinə qorxu düşdü. Həvarilər vasitəsilə çoxlu xariqələr və əlamətlər göstərilirdi. 44[24] İman edənlərin hamısı bir yerdə idi, bütün əmlaklarından da birgə istifadə edirdi. 45 Onlar mallarını, mülklərini satıb pulu hər kəsə ehtiyacına görə paylayırdılar; 46 hər gün məbədə yığılmaqda davam edir, evlərdə sevinə-sevinə, səmimi qəlbdən çörək bölüb yeyirdilər. 47 Onlar Allaha həmd edir və bütün xalq qarşısında lütf qazanırdılar. Rəbb isə hər gün insanları xilas edir və imanlılara qoşurdu.
3
[redaktə]Şikəst dilənçinin şəfası
1 Bir gün Peterlə Yəhya doqquzuncu saatda,[25] dua vaxtı məbədə gedirdilər. 2 Bu zaman ayaqları anadangəlmə şikəst olan bir kişi məbədin Gözəl adlı qapısına gətirilirdi. Hər gün bu adamı ona görə oraya gətirərdilər ki, məbədə gəlib-gedənlərdən dilənərək nəzir alsın. 3 O, məbədə girən Peterlə Yəhyanı görüb onlardan nəzir istədi. 4 Peterlə Yəhya ona diqqətlə baxdı. Peter ona dedi: «Bizə bax». 5 Bu kişi onlardan nə isə umaraq gözlərini onların üzünə dikdi. 6 Peter ona dedi: «Nə qızılım, nə də gümüşüm var ki, sənə verim. Nəyim varsa, sənə onu verirəm. Nazaretli İsa Məsihin adı ilə qalx, gəz». 7 Sonra sağ əlindən tutub onu qaldırdı. Bu kişinin topuqları və ayaqları dərhal qüvvət aldı. 8 Atılaraq ayağa qalxdı və yeriməyə başladı. Qaçıb tullana-tullana, Allaha həmd edərək onlarla bərabər məbədə girdi. 9 Bütün xalq gördü ki, bu kişi yeriyir və Allaha həmd edir. 10 Onun məbədin Gözəl qapısında oturub dilənən kişi olduğunu tanıyanda hamı ondakı dəyişikliyə mat qalıb heyrətə düşdü.
Peterin məbəddəki vəzi
11 Bu kişi[26] Peterin və Yəhyanın əlindən yapışdı. Heyrətə düşən bütün xalq onlara tərəf, Süleymanın eyvanı adlanan yerə qaçdı. 12 Bunu görən Peter xalqa nida etdi: «Ey İsraillilər, burada heyrətamiz nə var ki? Niyə gözlərinizi bizə dikib baxırsınız? Elə bil biz öz qüvvəmizlə, öz möminliyimizlə bu kişinin yeriməsinə səbəb olmuşuq. 13[27] İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı, ata-babalarımızın Allahı Qulu İsanı izzətləndirib. Siz Onu sataraq Pilatın qarşısında rədd etdiniz. Pilat Onu azad etmək üçün qərar vermişdi, 14[28] amma siz Müqəddəs və Saleh Olanı rədd edib bir qatilin azad edilməsini istədiniz. 15 Siz Həyat Banisini öldürdünüz, amma Allah Onu ölülər arasından diriltdi. Biz bunun şahidləriyik. 16 Gördüyünüz və tanıdığınız bu kişi İsanın adı sayəsində, Onun adına olan imanla sağaldı. İsa vasitəsilə olan imanla bu kişi hamınızın gözü qarşısında tam şəfa tapdı.
17 İndi, ey qardaşlar, bilirəm ki, rəhbərləriniz kimi siz də bunu bilmədən etmisiniz. 18 Amma Allah peyğəmbərlərin dili ilə Öz Məsihinin əzab çəkməsi barədə əvvəlcədən bəyan etdiyini yerinə yetirdi. 19 Beləliklə, günahlarınız silinsin deyə tövbə edib Allaha tərəf dönün ki, 20 Rəbbin hüzurunda rahatlıq vaxtı tapasınız və O da sizin üçün əvvəlcədən təyin olunan Məsihi, yəni İsanı göndərsin. 21 Çünki Allahın qədimdən bəri müqəddəs peyğəmbərlərinin dili ilə məlum etdiyi kimi hər şeyin yenidən hazırlanacağı vaxtacan İsanın səmada qalması lazımdır. 22[29] Musa[30] belə demişdi: “Allahınız Rəbb sizin üçün öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Sizə nə söyləyəcəksə, ona qulaq asın”. 23 “Bu peyğəmbərə qulaq asmayan hər adam xalqı arasından ayrılıb məhv ediləcək”. 24 Şamueldən başlayaraq bütün peyğəmbərlər bu günləri elan etdilər. 25[31] Siz də peyğəmbərlərin varisləri, Allahın ata-babalarınızla kəsdiyi Əhdin varislərisiniz. Allah İbrahimə demişdi: “Yer üzünün bütün tayfaları sənin nəslin vasitəsilə xeyir-dua alacaq”. 26 Allah hər birinizi pis əməllərinizdən döndərmək və xeyir-dua vermək üçün Öz Qulunu[32] dirildərək əvvəlcə sizin yanınıza göndərdi».
4
[redaktə]Peterlə Yəhya Ali Şuranın qarşısında
1 Kahinlər, məbəd mühafizəçilərinin başçısı və sadukeylər xalqa vəz edən Peterlə Yəhyanın üstünə getdilər. 2 Çünki bu həvarilərin xalqı öyrətməsinə, İsaya şamil edərək ölülər arasından dirilməni bəyan etməsinə qıcıqlandılar. 3 Onları tutdular və axşam olduğu üçün sabahkı günə qədər zindanda saxladılar. 4 Lakin onların sözünə qulaq asanlardan bir çoxu iman etdi. Beləliklə, iman edən kişilərin sayı beş minə qədər çatdı.
5 Ertəsi gün Yəhudilərin rəhbərləri, ağsaqqalları və ilahiyyatçıları Yerusəlimə toplaşdılar. 6 Baş kahin Xanan, Qayafa, Yəhya, İsgəndər və baş kahinin nəslindən olanların hamısı orada idi. 7 Peterlə Yəhyanı onların qarşısına gətirib soruşdular: «Siz bunu hansı qüvvə ilə, kimin adı ilə edirsiniz?» 8 O zaman Peter Müqəddəs Ruhla dolub dedi: «Ey xalqın rəhbərləri və ağsaqqalları! 9 Əgər bu gün biz bir xəstəyə etdiyimiz yaxşılığa və onun necə sağalmasına görə sorğu-suala çəkiliriksə, 10 hamınız, bütün İsrail xalqı bilsin ki, bu adam sizin çarmıxa çəkdiyiniz, lakin Allahın ölülər arasından diriltdiyi Nazaretli İsa Məsihin adı ilə qarşınızda sağlam durub. 11[33] Siz “bənnaların rədd etdiyi daş guşədaşı olan” həmin İsadır. 12 Ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq».
13 Onlar Peter və Yəhyanın cəsarətini görəndə, onların savadsız, sadə insanlar olduğunu biləndə heyrətə düşdülər, amma tanıdılar ki, onlar İsa ilə birgə olmuşdular. 14 Şəfa tapan adam Peter və Yəhya ilə birgə onların gözləri qarşısında durmuşdu, buna görə onların əleyhinə heç nə deyə bilmədilər. 15 Ali Şuranın üzvləri onlara bayıra çıxmağı əmr edəndən sonra aralarında müzakirəyə başlayıb 16 dedilər: «Bu adamlara nə edək? Bütün Yerusəlim əhalisinə aydın olub ki, bu adamların əli ilə əhəmiyyətli bir əlamət göstərilib və biz bunu dana bilmərik. 17 Amma bu xəbərin xalq arasında daha çox yayılmasının qarşısını almaq üçün onlara hədə-qorxu gələk ki, bundan sonra bu Adı çəkib heç kimə heç nə deməsinlər». 18 Beləcə onları çağırıb əmr verdilər ki, İsanın adını bəyan etmək və bu adla hər hansı bir təlim öyrətmək qadağandır. 19 Lakin Peterlə Yəhya cavab verib dedilər: «Özünüz qərar verin, Allaha deyil, sizə qulaq asmaq Allahın gözündə nə qədər doğrudur? 20 Axı eşidib-gördüklərimizi deməyə bilmərik». 21 Ali Şuranın üzvləri onlara cəza vermək üçün imkan tapa bilmədiklərinə görə onları bir daha hədələyəndən sonra azadlığa buraxdılar. Çünki bütün xalq baş verən hadisəyə görə Allahı izzətləndirdi. 22 Bu əlamət vasitəsilə sağalan adamın qırxdan artıq yaşı var idi.
İmanlılar Allahdan cəsarət istəyir
23 Azadlığa buraxılan Peter və Yəhya öz yoldaşlarının yanına gəlib başçı kahinlərlə ağsaqqalların sözlərini onlara çatdırdılar. 24[34] Yoldaşları bunu eşidərkən bir nəfər kimi Allaha nida etdilər: «Ey Pərvərdigarımız, yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan Sənsən. 25[35] Müqəddəs Ruh vasitəsilə Öz qulun atamız Davudun dili ilə belə dedin:
“Nə üçün millətlər belə hirslənir,
Ümmətlər boş şeylər düşünür?
26 Dünya şahları yığışır,
Hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir”.
27[36] Həqiqətən, Hirod və Ponti Pilat başqa millətlər və İsrail xalqı ilə birlikdə Sənin məsh etdiyin müqəddəs Qulun İsanın əleyhinə bu şəhərdə[37] toplaşdı ki, 28 Sənin əvvəldən qərar verdiyin, Sənin əlində və niyyətində olan şeyləri həyata keçirsin. 29 İndi, ya Rəbb, onların etdikləri hədə-qorxuya bax! Biz qullarına güc ver ki, Sənin sözlərini tam cəsarətlə yayaq. 30 Xəstələri sağaltmaq üçün əlini uzat və müqəddəs Qulun İsanın adı ilə əlamətlər və xariqələr göstər». 31 Onlar dualarını qurtaran kimi toplandıqları yer lərzəyə gəldi və onların hamısı Müqəddəs Ruhla dolub Allahın kəlamını cəsarətlə yaymağa başladı.
İlk imanlıların birlik içində həyatı
32[38] İmanlıların hamısı canbir qəlbdə idi. Heç kim öz əmlakına «bu mənimdir» demir, bütün əmlaklarından birgə istifadə edirdi. 33 Həvarilər Rəbb İsanın dirilməsi barədə böyük qüvvə ilə şəhadət edirdi və hamısının üzərinə bol-bol lütf ehsan olunurdu. 34 Onların arasında heç kim yoxsul deyildi. Çünki onların arasında torpaq və ev sahibi olanlar mülkünü satıb pulunu gətirər, 35 həvarilərin ixtiyarına verərdi. Bu da hər kəsə ehtiyacına görə paylanardı. 36 Məsələn, Kiprdə anadan olan, həvarilərin Barnaba adlandırdığı (mənası «Təsəlli oğlu») Levili Yusif 37 sahib olduğu torpaq sahəsini sataraq pulunu gətirib həvarilərin ixtiyarına verdi.
5
[redaktə]Xananya və Sapfira
1 Xananya adında bir kişi arvadı Sapfira ilə razılığa gəlib bir mülk satdı. 2 O, pulun bir hissəsini özünə götürüb qalan hissəsini həvarilərin ixtiyarına verdi. Arvadının da bu işdən xəbəri var idi. 3 Peter ona dedi: «Xananya, niyə ürəyinə Şeytanı buraxıb Müqəddəs Ruha yalan söyləyərək torpağın pulunun bir hissəsini özünə götürdün? 4 Bu torpaq satılmamışdan əvvəl sənin deyildimi? Sən onu satandan sonra da pul sənin ixtiyarında deyildimi? Bu nə niyyətdir, ürəyində tutmusan? Sən insanlara deyil, Allaha yalan satdın». 5 Xananya bunları eşidən kimi yerə yıxıldı və canı çıxdı. Bunu eşidən hər kəsi böyük bir vahimə bürüdü. 6 Gənclər gəlib Xananyanın meyitini kəfənə bürüdülər və aparıb dəfn etdilər.
7 Bundan təxminən üç saat sonra Xananyanın arvadı içəri daxil oldu. Onun olub-keçənlərdən heç bir xəbəri yox idi. 8 Peter ondan soruşdu: «Mənə söylə, torpağı bu qiymətəmi satdınız?» Qadın cavab verdi: «Bəli, o qiymətə». 9 Peter ona dedi: «Niyə əlbir olub Rəbbin Ruhunu sınamaq istədiniz? Budur, ərini dəfn edənlərin ayaq səsləri qapı ağzındadır, indi də səni aparmağa gəlirlər». 10 Qadın həmin an Peterin ayaqları qarşısına yıxıldı və canı çıxdı. İçəri daxil olan gənclər gördülər ki, o da ölüb. Onlar onu götürüb ərinin yanında dəfn etdilər. 11 Bütün imanlılar cəmiyyətini və bu hadisəni eşidənlərin hamısını böyük bir vahimə bürüdü.
Həvarilər çox adama şəfa verdi
12 Həvarilər vasitəsilə xalq arasında çox əlamətlər və xariqələr göstərilirdi. Bütün imanlılar Süleymanın eyvanına yığılardı. 13 Xalqın gözündə böyük nüfuz qazansalar da, kənardan heç kim onlara qoşulmağa cürət etmirdi. 14 Buna baxmayaraq, get-gedə daha çox qadın və kişi Rəbbə iman gətirirdi. 15 Buna görə də Peter yoldan keçəndə heç olmasa kölgəsi xəstələrin üstünə düşsün deyə xalq öz xəstələrini döşək və çarpayı ilə birlikdə çıxarıb küçələrə qoyardı. 16 Yerusəlimin ətraf şəhərlərində yaşayanlar da axın-axın gələr, öz xəstələrini və natəmiz ruhdan əzab çəkənləri gətirərdi. Onların hamısı şəfa tapardı.
Həvarilər təqib olunur
17 Bu, baş kahini və yanındakıların hamısını, yəni sadukey təriqətinə mənsub olanları hərəkətə gətirdi, çünki qısqanclıqları aşıb-daşırdı. 18 Ona görə də həvariləri tutub ümumi zindana atdılar. 19 Amma Rəbbin mələyi gecənin bir vaxtında gəlib zindanın qapısını açdı, onları bayıra çıxarıb dedi: 20 «Gedin, məbəddə durun və camaata yeni həyatla bağlı sözlərin hamısını deyin». 21 Həvarilər bunu eşidəndə səhər tezdən məbədə daxil olub təlimlərini öyrətməyə başladılar.
Baş kahin və yanındakılar gəlib Ali Şuranı – İsrailin bütün ağsaqqallar məclisini çağırdı ki, bir yerə yığılsınlar. Onlar həvariləri gətirtmək üçün mühafizəçiləri zindana göndərdilər. 22 Lakin mühafizəçilər gəlib zindanda həvariləri tapa bilmədi və geri qayıdıb belə xəbər verdilər: 23 «Gördük ki, zindan bağlıdır, tamamilə nəzarət altındadır və gözətçilər qapıda dayanıb. Amma qapıları açanda içəridə heç kimi tapa bilmədik». 24 Bu sözləri eşidən məbəd mühafizəçilərinin başçısı ilə başçı kahinlər «Bu işin sonu necə qurtaracaq?» deyə çaşıb-qaldılar. 25 Elə bu zaman kimsə onların yanına gəlib xəbər verdi: «Baxın, zindana saldığınız adamlar məbəddə dayanıb camaata təlim öyrədir». 26 Bu vaxt başçı ilə mühafizəçilər gedib həvariləri gətirdilər. Xalqın onları daşqalaq etməsindən qorxduqları üçün güc tətbiq etmədilər.
27[39] Onlar həvariləri Ali Şuranın qarşısına gətirdilər. Baş kahin onlardan soruşdu: 28 «Bu adla təlim öyrətməyi sizə qəti qadağan etmədikmi? Amma siz təliminizi bütün Yerusəlimə yaydınız və o Adamın qanını bizim boynumuza yükləmək istəyirsiniz». 29 Peter və başqa həvarilər belə cavab verdi: «İnsana deyil, Allaha itaət etmək daha vacibdir. 30 Ata-babamızın Allahı sizin çarmıxa çəkib[40] öldürdüyünüz İsanı diriltdi. 31 İsrailə günahlarından tövbə və bağışlanma imkanı vermək üçün Allah Onu Bani və Xilaskar olaraq Öz sağ tərəfinə qaldırdı. 32 Bu şeylər barədə biz şahidik, Allahın Özünə itaət edənlərə verdiyi Müqəddəs Ruh da şahiddir».
33 Onlar bunu eşidəndə çox qəzəbləndi və həvariləri öldürmək istədilər. 34 Lakin bütün xalqın hörmətini qazanmış Qanun müəllimi olan Qamliel adlı bir farisey Ali Şurada ayağa qalxdı və əmr etdi ki, bu adamları[41] qısa müddətə bayıra çıxarsınlar. 35 O, Ali Şuranın üzvlərinə belə dedi: «Ey İsraillilər, bu insanlara nə edəcəyiniz barədə yaxşı-yaxşı fikirləşin. 36 Bir qədər bundan əvvəl Tevda özü barəsində yüksək iddiada olaraq ortaya çıxdı və ona təxminən dörd yüz nəfər qoşuldu. Lakin bu kişi öldürüldü, bütün tərəfdarları darmadağın edildi və bu hərəkat yatırıldı. 37 Sonra siyahıyaalma zamanı Qalileyalı Yəhuda ortaya çıxdı və camaatı ardınca apardı. O da öldü və tərəfdarlarının hamısı darmadağın edildi. 38 İndiki iş barəsində sizə onu deyirəm ki, bu adamlardan əl çəkin və azad buraxın. Əgər bu hərəkat, bu iş insandandırsa, məhv olub gedəcək. 39 Yox, əgər Allahdandırsa, bu adamların işini məhv edə bilməzsiniz. Allaha qarşı çıxanların vəziyyətinə belə, düşə bilərsiniz». Onlar Qamlielin sözünə baxdılar, 40 həvariləri içəri çağırıb qamçılatdılar və əmr etdilər ki, İsanın adını çəkərək heç nə danışmasınlar. Sonra onları azad etdilər.
41 Həvarilər bu ad uğrunda təhqirə layiq görüldükləri üçün sevinərək Ali Şuranın önündən ayrıldılar. 42 Onlar hər gün məbəddə və evlərdə təlim öyrətməkdən, İsanın Məsih olması barədə Müjdəni yaymaqdan əl çəkmədilər.
6
[redaktə]Yeddi köməkçi
1 O günlərdə – şagirdlərin çoxaldığı vaxtda yunanca danışan Yəhudilər ibranicə danışan Yəhudilərdən şikayət etməyə başladılar. Çünki gündəlik yardım paylananda onların dul qadınlarını nəzərə almamışdılar. 2 Ona görə On İki həvari bütün şagirdləri bir yerə yığıb belə dedi: «Allahın kəlamını vəz etmək işini atıb maddi işlərlə məşğul olmağımız düzgün deyil. 3 Ey qardaşlar, aranızda etibar qazanmış, Ruh və hikmətlə dolu olan yeddi kişi seçin ki, onları bu işə təyin edək. 4 Biz isə özümüzü duaya və Allahın kəlamını yaymağa həsr edək». 5 Bu sözlər bütün toplantının xoşuna gəldi. Stefanı, Filipi, Proxoru, Nikanoru, Timonu, Parmenanı və Yəhudi dinini qəbul edən Antakyalı Nikolanı seçdilər. Stefan iman və Müqəddəs Ruhla dolu bir kişi idi. 6 Bunları həvarilərin qarşısına çıxardılar. Həvarilər də dua edib onların üzərinə əl qoydular.
7 Allahın kəlamı yayılır, Yerusəlimdə şagirdlərin sayı xeyli artır və bir çox kahinlər də bu imana tabe olurdu. Stefanın tutulması
8 Lütf və qüvvə ilə dolu olan Stefan xalq arasında böyük xariqə və əlamətlər göstərirdi. 9 Belə olanda Azadlar Sinaqoqu adlanan sinaqoqun bəzi üzvləri, Kirenalılardan, İsgəndəriyyəlilərdən, Kilikiyadan və Asiya vilayətindən bəzi insanlar Stefana qarşı çıxıb onunla mübahisəyə başladılar. 10 Amma Stefanın sözündəki hikmətin və Ruhun qarşısında dayana bilmədilər. 11 Onda bir neçə nəfəri şirnikləndirdilər ki, belə desinlər: «Bu adamın həm Musaya, həm də Allaha qarşı küfr dolu sözlər dediyini eşitmişik». 12 Beləliklə, xalqı, ağsaqqalları və ilahiyyatçıları da təşvişə saldılar. Stefanın üstünə gəlib onu tutdular və Ali Şuranın qarşısına gətirdilər. 13 Gətirdikləri yalançı şahidlər onun üzünə durub dedilər: «Bu adam dayanmadan bu Müqəddəs məkana və Qanuna qarşı danışır. 14 “Nazaretli İsa bu məkanı darmadağın edəcək və Musadan bizə əmanət qalan adətləri dəyişəcək” dediyini özümüz eşitmişik». 15 Ali Şurada oturanların hamısı Stefana diqqətlə baxanda gördü ki, onun üzü bir mələyin üzünə bənzəyir.
7
[redaktə]Stefanın nitqi
1 Baş kahin Stefandan soruşdu: «Bunlar doğrudurmu?» 2[42] Stefan belə cavab verdi: «Qardaşlar və atalar, məni dinləyin! Atamız İbrahim hələ Mesopotamiyada ikən Xaranda məskunlaşmazdan əvvəl izzətli Allah ona göründü. 3 Ona belə dedi: “Öz torpağından, qohumlarının arasından çıx, sənə göstərəcəyim torpağa get”. 4[43] Buna görə İbrahim Xaldeylilərin ölkəsini tərk edib Xarana köçdü. Atasının ölümündən sonra Allah onu oradan da götürüb sizin indi yaşadığınız bu ölkəyə gətirdi. 5[44] Burada ona irs olaraq bir qarış belə, torpaq vermədi. Amma İbrahimin o zaman hələ övladı olmasa da, Allah bu torpağı mülk olaraq ona və onun gələcək nəslinə verəcəyini vəd etmişdi. 6[45] Allah ona belə dedi: “Nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək”. 7 “Ancaq onların köləlik edəcəkləri milləti Özüm cəzalandıracağam” dedi Allah, “bundan sonra oradan çıxacaqlar” və “bu yerdə Mənə ibadət edəcəklər”. 8[46] Sonra Allah onunla sünnətlə bağlı Əhd kəsdi. Beləliklə də, İbrahim İshaqın atası olarkən onu səkkiz günlük olanda sünnət etdi. Bundan sonra İshaqdan Yaqub, Yaqubdan da on iki ulu babamız törədi.
9[47] Bu ulu babalarımız paxıllıqdan Yusifi qul kimi Misirə satdı. Lakin Allah Yusifə yar idi. 10 Onu bütün əziyyətlərdən qurtardı və ona hikmət verərək Misir hökmdarı fironun gözündə lütf qazandırdı. Firon onu Misirin və öz sarayında olan bütün xalqın rəhbəri təyin etdi. 11[48] Sonra bütün Misir və Kənan torpağı aclıq və böyük əziyyətlərlə üzləşdi. Bu ata-babalarımız yemək tapa bilmədi. 12 Yaqub eşidəndə ki, Misirdə taxıl var, bu ata-babalarımızı birinci dəfə oraya göndərdi. 13[49] Onlar ikinci dəfə Misirə gələndə Yusif özünü qardaşlarına~tanıtdı. Bununla da firon Yusifin ailəsi ilə tanış oldu. 14[50] Yusif atası Yaquba xəbər göndərib onunla birgə bütün qohumlarını – yetmiş beş nəfəri çağırtdırdı. 15[51] Beləliklə, Yaqub Misirə getdi. Özü ilə bu ata-babalarımız da orada öldü. 16[52] Onların cəsədləri sonradan Şekemə gətirildi və Şekemdə İbrahimin Xamor övladlarından bir neçə gümüşə satın aldığı qəbirdə dəfn olundu.
17[53] Allahın İbrahimə bəyan etdiyi vədin həyata keçdiyi vaxt yaxınlaşanda Misirdəki xalqımızın sayı bir xeyli çoxalmışdı. 18 Axırda Misirdə Yusifi tanımayan yeni bir padşah taxta çıxdı. 19[54] Bu adam soydaşlarımıza hiylə işlətdi, zorakılıqla ata-babalarımızı məcbur etdi ki, yeni doğulan körpələrini sağ qalmasın deyə bayıra atsınlar. 20[55] Bu dövrdə son dərəcə gözəl bir körpə olan Musa doğuldu. O, üç ay atasının evində bəsləndi. 21 Sonra o da bayıra atıldı. Onu fironun qızı tapıb özünə övlad etdi və öz oğlu kimi böyütdü. 22 Musa Misirlilərin bütün elmi biliklərinə bağlı tərbiyə alıb söz və əməlində güclü bir şəxsiyyət oldu.
23[56] Musa qırx yaşına çatanda ürəyində soydaşları İsrail övladlarının vəziyyətini yaxından bilmək arzusu oyandı. 24 Onlardan birinin zərər çəkdiyini görəndə Musa onu müdafiə etdi. Zərər vuran Misirlini öldürərək əzilən insanın intiqamını aldı. 25 O belə fikirləşdi: “Soydaşlarım dərk edəcəklər ki, mənim vasitəmlə Allah onları xilas edir”. Amma onlar bunu dərk etmədilər. 26 Ertəsi gün Musa dalaşan iki İsraillini görəndə onları barışdırmaq istədi və dedi: “Ay kişilər, siz soydaşsınız, niyə bir-birinizə zərər vurursunuz?” 27 Lakin soydaşına zərər vuran kişi Musanı itələyib dedi: “Səni bizim üstümüzə kim başçı və hakim qoyub? 28 Yoxsa dünən Misirlini öldürdüyün kimi məni də öldürmək fikrindəsən?” 29[57] Bu sözə görə Musa qaçdı. O, Midyan torpağında, qürbətdə yaşadı və orada iki oğul atası oldu.
30[58] Qırx il keçəndən sonra Musa Sina dağının yaxınlığındakı səhrada olanda mələk ona bir kol arasından od-alov içərisində göründü. 31 Musa gördüklərinə heyrətləndi. Baxmaq üçün oraya yaxınlaşanda Rəbbin səsini eşitdi: 32 “Mən ata-babalarının Allahı – İbrahimin, İshaqın və Yaqubun Allahıyam”. Musa qorxusundan lərzəyə gəlib baxmağa belə, cəsarət etmədi. 33 Rəbb ona dedi: “Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır. 34 Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, fəryadlarını eşitdim və onları qurtarmaq üçün endim. İndi get, Mən səni Misirə göndərirəm”.
35 Bu, həmin Musadır ki, onu rədd edib demişdilər: “Səni bizim üstümüzə kim başçı və hakim qoyub?” Amma Allah Musanı bir kol arasında görünən mələyin əli ilə başçı və qurtarıcı olaraq göndərdi. 36[59] O, xalqı Misirdən çıxaran, həm orada, həm Qırmızı dənizdə, həm də qırx il ərzində səhrada xariqə və əlamətlər yaradan insan idi. 37[60] İsrail övladlarına “Allah məni yetirdiyi kimi sizin üçün öz soydaşlarınız içərisindən bir peyğəmbər yetirəcək”[61] deyən bu Musadır. 38[62] Bu, həmin adamdır ki, Sina dağında onunla danışan mələklə və ata-babalarımızla birgə səhradakı cəmiyyətdə olmuşdu. O, canlı sözlər almışdı ki, bizə versin. 39 Ata-babalarımızsa Musanın sözünə baxmaq istəmədi, onu rədd etdi və Misirə qayıtmağı arzuladılar. 40 Haruna dedilər: “Bizim üçün allahlar düzəlt ki, qabağımızca getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!” 41 O günlərdə dana şəklində bir büt düzəldib ona qurban gətirdilər və öz əlləri ilə düzəltdikləri bu büt üçün şənlik qurdular. 42[63] Buna görə Allah ata-babalarımızdan üz döndərib onları tərk etdi ki, səma cisimlərinə ibadət etsinlər. Peyğəmbərlərin kitabında da belə yazılıb:
“Ey İsrail nəsli,
Qırx il çöldə olanda Mənə qurban və təqdimlər gətirmişdinizmi?
43 Səcdə edəsiniz deyə düzəltdiyiniz Molekin çadırını,
Tanrınız Refanın ulduz bütünü gəzdirdiniz.
Elə buna görə də sizi
Babilin o tayına sürgünə aparacağam”.
44[64] Səhrada ata-babalarınızın Şəhadət çadırı var idi. Musa bunu onunla danışan Allahın əmr etdiyi kimi, gördüyü nümunəyə əsasən düzəltmişdi. 45[65] Şəhadət çadırını əvvəlki nəsildən təhvil alan ata-babalarımız Yeşuanın başçılığı ilə başqa millətlərin mülkünü ələ keçirəndə çadırı da özləri ilə gətirmişdilər. Allah Özü millətləri ata-babalarımızın qarşısından qovdu. Şəhadət çadırı Davudun dövrünə qədər qaldı. 46[66] Allahın lütfünü qazanan Davud yalvardı ki, Yaqubun nəsli[67] üçün bir məskən qura bilsin. 47[68] Lakin Allaha ev tikən Süleyman oldu. 48[69] Amma Haqq-Taala əllə tikilən evlərdə yaşamaz. Peyğəmbərin dediyi kimi
49 Rəbb belə deyir:
“Göylər Mənim taxtımdır,
Yer ayaqlarımın altındakı kətildir.
Mənim üçün nə cür ev tikəcəksiniz,
Dincələcəyim yer harada olacaq?
50 Bütün bunları Mənim əlim yaratmadımı?”
51[70] Ey dikbaş, həm ürəkləri, həm də qulaqları “sünnət” edilməmiş insanlar, ata-babanız kimi siz də həmişə Müqəddəs Ruhun əleyhinə çıxırsınız. 52 Ata-babalarınızın təqib etmədiyi peyğəmbər varmı? Onlar Saleh Olanın zühuru barədə əvvəlcədən xəbər verənləri belə, öldürdülər. Sizsə bu Saleh Olana xəyanət edərək Onu qətlə yetirdiniz. 53 Mələklər vasitəsilə verilən Qanunu aldınız, lakin ona riayət etmədiniz».
Stefanın öldürülməsi
54 Ali Şuranın üzvləri bu sözləri eşidəndə çox qəzəbləndilər və Stefana dişlərini qıcırtdılar. 55 Müqəddəs Ruhla dolan Stefan isə gözlərini göyə dikib Allahın ehtişamını və Allahın sağında dayanan İsanı gördü. 56 O dedi: «Baxın, mən göylərin yarıldığını və Bəşər Oğlunun Allahın sağında dayandığını görürəm». 57 Onlar qulaqlarını tutub haray qopardılar və hamısı birlikdə Stefanın üstünə hücum çəkdilər. 58 Onu şəhərdən kənara çıxarıb daşqalaq etdilər. Stefanın əleyhinə şahidlik edənlər öz üst geyimlərini Şaul adlı bir gəncin ayaqları altına qoydular. 59 Stefan üstünə yağan daşlar altında belə yalvarırdı: «Ya Rəbb İsa, ruhumu qəbul et». 60 Sonra diz çöküb ucadan nida etdi: «Ya Rəbb, bunu onlara günah sayma». Bunu deyəndən sonra gözlərini bu həyata yumdu.
8
[redaktə]Şaul imanlıları təqib edir
1 Stefanın qətlindən Şaul da razı qalmışdı. O gün Yerusəlimdə olan imanlılar cəmiyyətinə qarşı güclü təqib başladı. Həvarilərdən başqa bütün imanlılar pərən-pərən düşüb Yəhudeya və Samariyanın hər tərəfinə yayıldı. 2 Bəzi mömin kişilər isə Stefanı dəfn etdi və onun üçün dərin hüznlə yas saxladılar. 3[71] Amma Şaul imanlılar cəmiyyətini dağıtmağa başladı. Belə ki o, evdən-evə gedərək qadın-kişi bilmədən imanlıları sürüyüb zindana salırdı.
Filip Samariyada
4 Pərən-pərən düşən imanlılar hər yerdə Allahın kəlamını – Müjdəni yayırdı. 5 Filip də Samariya şəhərinə gəlib Məsihi vəz edirdi. 6 Filipi eşidib, göstərdiyi əlamətləri görən izdiham onun sözlərinə birlikdə diqqət yetirirdi. 7 Natəmiz ruha tutulan çox adamdan bu ruhlar bərkdən çığıraraq çıxır, çox iflic və ayaqları şikəst olanlar şəfa tapırdı. 8 Ona görə bu şəhərdə bol sevinc var idi.
Cadugər Şimon
9 Amma bu şəhərdə bundan əvvəl cadugərlik edən və Samariya millətini mat qoyan Şimon adlı bir kişi var idi. O özünü böyük bir şəxsiyyət kimi təqdim edirdi. 10 Böyüklü-kiçikli hər kəs ona diqqətlə qulaq asır və belə deyirdi: «Böyük adlanan Allahın qüvvəsi budur». 11 Onun cadugərliyi hamını çoxdan mat qoymuşdu. Buna görə də ona diqqətlə qulaq asırdılar. 12 Amma Filip Allahın Padşahlığı və İsa Məsihin adı ilə bağlı Müjdəni yayanda sözlərinə iman gətirdilər və kişilər də, qadınlar da vəftiz oldular. 13 Şimon özü də iman gətirdi. Vəftiz olduqdan sonra Filipin yanından ayrılmadı. Göstərilən əlamət və möcüzələr Şimonu mat qoydu.
14 Yerusəlimdə qalan həvarilər Samariyalıların Allahın kəlamını qəbul etdiklərini eşidəndə Peterlə Yəhyanı onların yanına göndərdi. 15 Peterlə Yəhya oraya çatanda dua etdilər ki, Samariyalı imanlılar Müqəddəs Ruhu alsınlar. 16 Çünki Ruh hələ onların heç birinin üzərinə enməmişdi, sadəcə olaraq Rəbb İsanın adı ilə vəftiz olmuşdular. 17 Sonra Peterlə Yəhya əllərini onların üstünə qoydular və onlar Müqəddəs Ruhu aldılar. 18 Həvarilərin əl qoyması ilə Ruhun verildiyini görən Şimon onlara pul təklif edərək 19 dedi: «Mənə də belə bir səlahiyyət verin. Əlimi kimin üstünə qoysam, Müqəddəs Ruhu alsın». 20 Peter ona dedi: «Pulun da yox olsun, sən də! Ona görə ki sən Allahın ənamını pulla əldə edə bilmək xəyalına düşmüsən. 21 Bu işdə sənin nə haqqın var, nə payın. Çünki Allahın qarşısında ürəyin düz deyil. 22 Bu pisliyin üçün tövbə et, Rəbbə yalvar. Bəlkə ürəyinin bu niyyəti bağışlanar. 23 Görürəm ki, səndə acı zəhər var və haqsızlığın əsirisən». 24 Şimon ona cavab verdi: «Mənim üçün Rəbbə siz yalvarın ki, dediklərinizin heç biri mənim başıma gəlməsin».
25 Peterlə Yəhya şəhadət edib Rəbbin kəlamını söyləyəndən sonra Samariyalıların yaşadığı xeyli kəndlərdə Müjdəni yaya-yaya Yerusəlimə qayıdırdılar.
Filip və Həbəşli hərəmağası
26 Bu zaman Rəbbin bir mələyi Filipə belə dedi: «Dur, cənuba tərəf, Yerusəlimdən Qəzzəyə düşən yola – səhra yoluna çıx». 27 Filip qalxıb getdi. Yolda Həbəşli bir hərəmağası ilə rastlaşdı. Bu, kandakinin, yəni Həbəşlilərin mələkəsinin vəzirlərindən biri idi. O, mələkənin bütün xəzinəsinə cavabdeh idi. Yerusəlimə ibadət etmək üçün gəlmişdi. 28 Arabasına oturub geri qayıdarkən Yeşaya peyğəmbərin kitabını oxuyurdu. 29 Ruh Filipə dedi: «Get, bu arabaya çatıb yanında qal». 30 Filip qaça-qaça arabanın yanına gəldi və eşitdi ki, hərəmağası Yeşaya peyğəmbərin kitabını oxuyur. Ondan soruşdu: «Görəsən oxuduğunu başa düşürsənmi?» 31 Hərəmağası ona dedi: «Əgər mənə yol göstərən yoxdursa, bunu necə başa düşmək olar?» Sonra Filipdən xahiş etdi ki, arabaya minib onun yanında otursun. 32[72] O, Müqəddəs Yazılardan bu hissəni oxuyurdu:
«Kəsilməyə aparılan qoyun kimi,
Qırxanların qabağında dilsiz quzu kimi
Ağzını açmadı.
33 Alçaldığı zaman ədalətdən məhrum oldu.
Onun nəslini kim təsvir edə bilər?
Onun həyatı yer üzündən götürülür».
34 Hərəmağası Filipdən soruşdu: «Xahiş edirəm, deyin, burada peyğəmbər kimdən bəhs edir, özündən, yoxsa başqasından?» 35 Bundan sonra Filip sözə başlayıb danışdı və Müqəddəs Yazıların bu hissəsindən başlayıb İsa barədə olan Müjdəni bəyan etdi. 36 Onlar yol gedə-gedə gəlib su olan yerə çatdılar. Hərəmağası dedi: «Burada su var. Mənim vəftiz olmağıma nə isə mane olurmu?» 37 [73] 38 Sonra əmr etdi ki, araba dayansın. Filip hərəmağası ilə birgə suya girdi. Beləliklə, Filip hərəmağasını vəftiz etdi. 39 Sudan çıxanda Rəbbin Ruhu[74] Filipi götürüb oradan uzaqlaşdırdı. Filipi bir daha görməyən hərəmağası sevinə-sevinə yoluna davam etdi. 40 Filip bir də gördü ki, Aşdod şəhərinə gəlib-çıxıb. O, Qeysəriyyəyə çatanacan bütün şəhərləri gəzib-dolaşaraq Müjdəni yaydı.
9
[redaktə]İsa Şaulla danışır
1 Şaul Rəbbin şagirdlərinə qarşı hələ də ölüm hədələri yağdırırdı. Baş kahinin yanına gedib 2 ondan Dəməşq sinaqoqlarına yazılan məktublar istədi ki, orada İsa yolunu[75] tutan kişi və qadınlardan kimi tapsa, əl-qolunu bağlayıb Yerusəlimə gətirmək üçün səlahiyyəti olsun. 3 Dəməşqə yollanıb oraya yaxınlaşanda birdən göydən gələn bir işıq onun ətrafında parladı. 4 Şaul yerə yıxıldı və bir səs eşitdi, ona deyirdi: «Şaul, Şaul, niyə Məni təqib edirsən?» 5 Şaul ona dedi: «Ey Ağam, Sən kimsən?» O cavab verdi: «Mən sənin təqib etdiyin İsayam. 6 Qalx ayağa, şəhərə get və nə etmək lazımdırsa, sənə deyiləcək». 7 Şaulla birlikdə yola çıxan adamlar yerlərindəcə susub qalmışdı. Səsi eşitsələr də, heç kimi görə bilmədilər. 8 Şaul yerdən qalxdı, amma gözlərini açanda heç nə görə bilmirdi. Sonra onun əlindən tutub Dəməşqə apardılar. 9 Üç gün ərzində Şaulun gözləri görmədi və o nə yedi, nə də içdi.
10 Dəməşqdə İsanın şagirdlərindən Xananya adlı bir nəfər var idi. Rəbb görüntü vasitəsilə «Xananya!» deyə çağırdı. O cavab verdi: «Bəli, ya Rəbb!» 11 Rəbb ona dedi: «Qalx, “Düz Küçə” adlanan küçəyə get və Yəhudanın evində adı Şaul olan Tarsuslu bir adamı soruş. Hal-hazırda orada dua edir. 12 O, görüntüdə görüb ki, yanına Xananya adlı bir kişi gəlib onun üzərinə əllərini qoyur ki, gözləri açılsın». 13 Xananya cavab verdi: «Ya Rəbb, bu kişi barədə çoxlarından eşitmişəm ki, Yerusəlimdə Sənin müqəddəslərinə nə qədər pislik edib. 14 Burada Sənin adını çəkənlərin hər birinin əl-qolunu bağlamaq üçün başçı kahinlərdən səlahiyyət alıb». 15 Amma Rəbb ona dedi: «Get! Başqa millətlərə, padşahlara və İsrail övladlarına Öz adımı bəyan eləmək üçün bu adam seçdiyim alətdir. 16 Mənim adım uğrunda çəkəcəyi əzabın nə qədər böyük olduğunu ona göstərəcəyəm». 17 Bundan sonra Xananya gedib həmin evə girdi və əllərini Şaulun üstünə qoyub dedi: «Qardaşım Şaul, Rəbb, yəni bura gələrkən yolda sənə görünən İsa məni göndərdi ki, sənin gözlərin açılsın və Müqəddəs Ruhla dolasan». 18 O andaca Şaulun gözlərindən sanki pulcuqlar töküldü və Şaul təkrar görməyə başladı. O qalxdı və vəftiz oldu. 19 Sonra yemək yeyib taqətə gəldi.
Şaul Dəməşqdə və Yerusəlimdə
Bir neçə gün Şaul Dəməşqdə olan şagirdlərin yanında qaldı. 20 Dərhal sinaqoqlarda İsanın Allahın Oğlu olduğunu vəz etməyə başladı. 21 Onu eşidənlərin hamısı mat qalıb deyirdi: «Yerusəlimdə bu adı çəkənləri dağıdan adam bu deyilmi? Buraya belələrini əl-qolunu bağlayıb başçı kahinlərin yanına aparmağa gəlməmişdimi?» 22 Şaul isə gündən-günə qüvvətlənirdi. İsanın Məsih olmasına dair sübutlar göstərməklə Dəməşqdə yaşayan Yəhudiləri çaş-baş saldı.
23[76] Aradan xeyli gün keçdi. Yəhudilər Şaulu öldürmək üçün sui-qəsd hazırladı. 24 Amma onların bu qəsdi haqqında xəbər Şaula çatdı. Yəhudilər onu öldürmək üçün gecə-gündüz şəhərin qapılarında pusqu qururdu. 25 Amma Şaulun şagirdləri gecə olan kimi onu götürüb bir səbətin içinə qoyaraq şəhər divarlarından aşağı endirdilər.
26 Şaul Yerusəlimə çatanda oradakı şagirdlərə qoşulmağa çalışdı, lakin onların hamısı Şauldan qorxur və inanmırdılar ki, o, İsanın şagirdidir. 27 Amma Barnaba onu götürüb həvarilərin yanına apardı və onlara açıqladı ki, Şaul yolla gedəndə Rəbbi necə görüb, Rəbb onunla necə danışıb, o, Dəməşqdə İsanın adını necə cəsarətlə bəyan edib. 28 Beləliklə, Şaul onların yanında qalıb Yerusəlimdə hər yerə bir gedib-gəlir və orada da Rəbbin adını cəsarətlə bəyan edirdi. 29 O yunanca danışan Yəhudilərlə söhbət edərək mübahisə edirdi. Onlar isə Şaulu öldürmək istəyirdilər. 30 İmanlı bacı-qardaşlar isə bunu öyrənəndə Şaulu Qeysəriyyəyə aparıb oradan Tarsusa göndərdilər.
31 Beləcə bütün Yəhudeya, Qalileya və Samariyadakı imanlılar cəmiyyəti əmin-amanlığa çatdı. İnkişaf edən və Rəbb qorxusu içində yaşayan cəmiyyət Müqəddəs Ruhun ürəkləndirməsi ilə sayca artırdı.
Eneya və Tabitanın sağaldılması
32 Bu zaman hər yanı dolaşan Peter Lodda yaşayan müqəddəslərin yanına gəldi. 33 Orada Eneya adlı bir nəfərə baş çəkdi. Eneya iflic olmuşdu və səkkiz il idi ki, yataqda idi. 34 Peter ona dedi: «Eneya, İsa Məsih səni sağaldır. Qalx, yatağını yığışdır». Eneya dərhal ayağa qalxdı. 35 Lod və Şaronda yaşayanların hamısı bu adamı görüb Rəbbə tərəf döndü.
36 Yafoda İsanın şagirdləri arasında Tabita adlı bir qadın var idi. «Tabita» «Ceyran» deməkdir. Bu qadın həmişə xeyirxah işlər görür və yoxsullara kömək edirdi. 37 Bu vaxtlarda o xəstələnib öldü. Onun meyitini yuyub yuxarı mərtəbədəki otağa qoydular. 38 Lod Yafoya yaxın idi, ona görə də Peterin Lodda olduğunu eşidən şagirdlər iki kişini onun yanına göndərdilər və onlar gəlib xahiş etdilər: «Vaxt itirmədən yanımıza gəl». 39 Peter durub onlarla getdi. Yafoya çatanda onlar Peteri evin yuxarı mərtəbəsinə çıxartdılar. Bütün dul qadınlar ağlaşa-ağlaşa Peterin yanına yığıldı və Tabitanın onlarla birlikdə olanda tikdiyi köynəkləri, paltarları göstərirdilər. 40 Peter isə onların hamısını bayıra çıxartdı, sonra diz çöküb dua etdi. Bundan sonra isə ölüyə tərəf dönüb dedi: «Tabita, qalx!» Qadın gözlərini açıb Peteri görən kimi dik oturdu. 41 Peter əlini uzadıb onu ayağa qaldırdı və sonra müqəddəslərlə dul qadınları çağırdı. Tabitanı sağ-salamat onların qarşısına çıxartdı. 42 Bu xəbər bütün Yafoya yayıldı və çox adam Rəbbə iman gətirdi. 43 Peter isə xeyli gün Yafoda, Şimon adlı bir dabbağın evində qaldı.
10
[redaktə]Mömin yüzbaşı
1 Qeysəriyyədə Korneli adlı bir nəfər yaşayırdı. O, İtaliyalı adlı alayın yüzbaşılarından biri idi. 2 Həm özü, həm də bütün külfəti mömin olub Allahdan qorxardı. O, xalqa çox nəzir-niyaz paylayar, daim Allaha dua edərdi. 3 Bir gün təxminən doqquzuncu saat[77] radələrində görüntüdə aydın gördü ki, Allahın bir mələyi yanına gəlib onu çağırdı: «Ey Korneli!» 4 Korneli qorxa-qorxa ona baxıb dedi: «Nədir, ey ağam?» Mələk ona dedi: «Duaların və nəzir-niyazların xatirə təqdimi kimi Allahın hüzurunda qəbul olundu. 5 İndi Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. 6 O, dabbağ Şimonun dəniz kənarındakı evində qonaqdır».[78] 7 Onunla danışan mələk gedəndən sonra Korneli xidmətçilərindən ikisini və mühafizəçilərindən bir mömin əsgəri çağırtdırdı. 8 Onlara hər şeyi danışdı və sonra onları Yafoya göndərdi.
Peterin görüntüsü
9 Ertəsi gün təxminən altıncı saat[79] radələrində, onlar yolda olub şəhərə yaxınlaşanda Peter dua etmək üçün dama çıxdı. 10 O acıb yemək istəyirdi. Yemək hazırlanarkən Peterin fikrini bir görüntü apardı. 11 O gördü ki, göy yarıldı, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq yerə endi. 12 Onun üstündə hər cür dördayaqlılar, sürünənlər[80] və göydə uçan quşlar var idi. 13 Ona bir səda gəldi: «Qalx, Peter, kəs və ye!» 14 Peter Ona dedi: «Əsla, ya Rəbb! Mən heç vaxt nə haram, nə də murdar bir şey yeməmişəm». 15 Səda ikinci dəfə yenə gəldi və Peterə dedi: «Allahın halal dediyi şeylərə sən haram demə». 16 Bu, üç dəfə təkrarlanandan sonra o şey dərhal göyə çəkildi.
17 Peter bu görüntünün mənası barədə fikirləri ilə çaşbaş qalanda Kornelinin göndərdiyi adamlar Şimonun evini soruşurdular. Onlar qapı ağzında dayanıb 18 bərkdən soruşdular: «Peter deyə çağırılan Şimon burada qalırmı?» 19 Bu zaman görüntü barədə fikirləşən Peterə Ruh belə dedi: «Bax səni üç kişi axtarır. 20 Dur, aşağı en və heç tərəddüd etmədən onlarla get. Çünki onları Mən göndərmişəm». 21 Peter aşağı enib həmin adamlara dedi: «Axtardığınız adam mənəm. Niyə gəlmisiniz?» 22 Onlar dedilər: «Korneli adlı bir yüzbaşı var. O, saleh və Allahdan qorxan kişidir; buna bütün Yəhudi milləti də şahiddir. Müqəddəs bir mələk ona əmr etdi ki, səni öz evinə çağırtdırsın və deyəcəyin sözlərə qulaq assın». 23 Bundan sonra Peter onları içəri dəvət edib qonaq saxladı.
Kornelinin evində
Ertəsi gün Peter qalxıb onlarla yola çıxdı və Yafodan olan bəzi qardaşlar da onlara qoşuldu. 24 Sonrakı gün Qeysəriyyəyə çatdı. Korneli öz qohumlarını və yaxın dostlarını bir yerə yığıb onları gözləyirdi. 25 Peter içəri girəndə Korneli ayağına düşüb ona səcdə etdi. 26 Peter isə onu ayağa qaldıraraq dedi: «Qalx, mən də sənin kimi insanam». 27 Peter Korneli ilə danışa-danışa içəri daxil olanda gördü ki, oraya xeyli adam yığılıb. 28 Onlara belə dedi: «Bilirsiniz ki, Yəhudilərə hər hansı bir yadelli ilə ünsiyyət yaratmaq, onlara qonaq getmək qadağandır. Amma insanları haram və murdar saymamağı Allah mənə göstərdi. 29 Buna görə məni çağıranda etiraz etmədən gəldim. Deyə bilərsinizmi, məni niyə çağırmısınız?» 30 Korneli cavab verdi: «Üç gün əvvəl elə bu vaxtlarda[81] doqquzuncu satin[82] duasını edirdim ki, birdən parlaq libaslı bir kişi qarşımda dayandı 31 və dedi: “Ey Korneli, sənin duaların eşidildi və nəzir-niyazların Allah tərəfindən yada salındı. 32 İndi Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. O, dabbağ Şimonun dəniz kənarındakı evində qonaqdır”.[83] 33 Ona görə sənin yanına adamlar göndərdim və sən də xeyirxahlıq göstərərək gəldin. İndi hamımız Allahın önündəyik və Rəbbin sənə əmr etdiyi hər sözə qulaq asmağa hazırıq».
34[84] Peter sözə başlayıb dedi: «İndi bildim ki, həqiqətən, Allah tərəfkeşlik etmir. 35 Milliyətindən asılı olmayaraq kim ki Ondan qorxub əməlisaleh olarsa, Ona məqbuldur. 36 O, İsrail övladlarına Öz kəlamını göndərdi və hamının Sahibi olan İsa Məsih vasitəsilə barışdırma Müjdəsini yaydı. 37 Bilirsiniz ki, Yəhyanın vəftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yəhudeyada nələr baş verdi. 38 Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısını sağaltdı. Çünki Allah Ona yar idi. 39 Yəhudilərin ölkəsində və Yerusəlimdə İsanın nələr etdiyinin şahidi olduq. Onu çarmıxa çəkib öldürdülər. 40-41 Amma Allah Onu üçüncü gün diriltdi və bütün xalqa deyil,~əvvəlcədən seçdiyi Öz şahidlərinə – ölülər arasından dirilməsindən sonra Onunla birlikdə yeyib-içən bizlərə aydın göstərdi. 42 Bizə isə əmr verdi ki, “Allahın təyin etdiyi ölülərlə dirilərin Hakimi Budur” deyə bunu xalqa şəhadət etməklə vəz edək. 43 Onun barəsində bütün peyğəmbərlər şəhadət edir ki, Ona iman edən hər kəsin günahı Onun adı ilə bağışlanır».
44 Peter bu sözləri deyirdi ki, Müqəddəs Ruh söhbətə qulaq asan hər kəsin üzərinə endi. 45 Peterlə birlikdə gəlmiş sünnətli imanlılar Müqəddəs Ruhun bəxşiş olaraq başqa millətlərin də üstünə töküldüyünə mat qaldı; 46 onların başqa dillərdə danışıb Allahı mədh etdiyini eşitdilər. Onda Peter belə dedi: 47 «Bu adamlar bizim kimi Müqəddəs Ruhu alıb. Bunların su ilə vəftiz olmalarına kim mane ola bilər?» 48 Beləliklə, onların İsa Məsihin adı ilə vəftiz olmalarını buyurdu. Sonra onlar Peterdən xahiş etdilər ki, bir neçə gün onların yanında qalsın.
11
[redaktə]Peterin izahı
1 Həvarilərlə bütün Yəhudeyadakı imanlı bacı-qardaşlar eşitdilər ki, başqa millətlər də Allahın kəlamını qəbul ediblər. 2 Peter Yerusəlimə gələndə sünnət tərəfdarları onu tənqid edərək 3 dedilər: «Sən sünnətsizlərin evinə gedib onlarla birgə yemək yemisən».
4 Peter sözə başlayıb onlara hər şeyi bir-bir izah etdi: 5 «Mən Yafo şəhərində dua edirdim. Birdən fikrimi görüntü apardı. Gördüm ki, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq göydən enib mənim yanıma çatır. 6 Bu şeyə gözlərimi dikib diqqətlə baxdım. Gördüm ki, onun üstündə yer üzərində yaşayan dördayaqlılar, çöl heyvanları, sürünənlər və göydə uçan quşlar var. 7 Sonra eşitdim ki, bir səda mənə deyir: “Qalx, Peter, kəs və ye!” 8 Mən dedim: “Əsla, ya Rəbb! Heç vaxt mənim ağzıma nə haram, nə də murdar bir şey dəyməyib”. 9 Yenə göydən səda gəldi: “Allahın halal dediyi şeylərə sən haram demə”. 10 Bu, üç dəfə təkrarlanandan sonra hər şey yenə göyə çəkildi. 11 Elə bu zaman Qeysəriyyədən mənim yanıma göndərilən üç kişi qaldığımız evin qapısında dayandı. 12 Ruh mənə dedi ki, tərəddüd etmədən onlarla gedim. İmanlı qardaşlarımız olan bu altı nəfər də mənə qoşulub həmin kişinin evinə girdik. 13 Bu adam bizə nəql etdi ki, öz evində dayanan mələk görüb. Mələk ona demişdi: “Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. 14 Onun sənə deyəcəyi sözlərlə həm sən, həm də bütün külfətin xilas olacaq”. 15 Mən sözə başlayanda Müqəddəs Ruh başlanğıcda bizim üstümüzə endiyi kimi onların da üstünə endi. 16[85] Onda Rəbbin dediyi bu sözlər yadıma düşdü: “Yəhya su ilə vəftiz etdi, amma siz Müqəddəs Ruhla vəftiz olacaqsınız”. 17 Beləliklə, Rəbb İsa Məsihə iman edən bizlərə verdiyi eyni bəxşişi Allah onlara da veribsə, mən kiməm ki, Allaha qarşı çıxam?» 18 Bu sözləri eşidib hamı sakitləşdi və Allahı izzətləndirib dedi: «Deməli, Allah başqa millətlərə də imkan yaratdı ki, tövbə edib həyat tapsın». Antakya cəmiyyətindəkilər 19[86] Stefanın öldürülməsi ilə başlanan təqib nəticəsində pərən-pərən düşən imanlılar Finikiya, Kipr və Antakyaya qədər getdilər. Allahın kəlamını yalnız Yəhudilərə dedilər. 20 Amma onların arasından bəzi Kiprli və Kirenalılar Antakyaya gedib yunanca danışanlarla da söhbətə başladılar. Onlara Rəbb İsa ilə bağlı Müjdəni yayırdılar. 21 Rəbbin əli onların üzərində idi və bunun nəticəsində xeyli insan iman gətirib Rəbbə tərəf döndü. 22 Bunların xəbəri Yerusəlimdəki cəmiyyətə çatdı və Barnabanı Antakyaya göndərdilər. 23 O oraya çatanda Allahın lütfünün bəhrəsini görüb sevindi. O hamını həvəsləndirirdi ki, can-dildən Rəbbə bağlı qalsınlar. 24 Çünki özü Müqəddəs Ruhla və imanla dolu, xeyirxah bir kişi idi. Bunun nəticəsində də böyük bir kütlə Rəbbə iman gətirdi. 25 Sonra Barnaba Tarsusa gedib Şaulu axtardı. 26 Onu tapan kimi Antakyaya gətirdi. Bir il ərzində oradakı imanlılar cəmiyyətinə qoşulub bir yerdə yığılaraq böyük bir kütləyə təlim öyrədirdi. Şagirdlər ilk dəfə olaraq Antakyada məsihçi adlandırıldı.
27 Elə həmin günlərdə Yerusəlimdən Antakyaya bəzi peyğəmbərlər gəldi. 28[87] Bunlardan Aqab adlı biri qalxıb Ruhun təsiri ilə bütün dünyada böyük bir aclıq olacağını bildirdi. Bu aclıq Klavdinin hakimiyyəti dövrünə təsadüf olundu. 29 Şagirdlər qərara aldılar ki, hər biri gücü çatan qədər Yəhudeyada yaşayan imanlı bacı-qardaşlarına yardım göndərsin. 30 Bu qərara əməl edərək yardımları Barnaba və Şaulun əli ilə cəmiyyət ağsaqqallarına göndərdilər.
12
[redaktə]Peterin zindandan qaçması
1 O vaxtlar padşah Hirod cəmiyyətin bəzi üzvlərinə zülm etməyə əl atdı. 2 Yəhyanın qardaşı Yaqubu qılıncdan keçirib edam etdirdi. 3 Bundan Yəhudilərin razı qaldığını görüb üstəlik Peteri də tutdurdu. Bunu Mayasız Çörək bayramı vaxtında etdi. 4[88] O, Peteri yaxalatdırıb zindana saldırdı; onu hər birində dörd nəfər olmaqla dörd əsgəri dəstəyə nəzarət altında saxlanmaq üçün təslim etdi. Niyyətində tutmuşdu ki, Pasxa bayramından sonra xalq qarşısında onun məhkəməsini keçirsin. 5 Peter buna görə zindanda saxlanılırdı. Lakin imanlılar cəmiyyəti ciddi-cəhdlə onun üçün Allaha dua edirdi.
6 Peter Hirodun ona məhkəmə quracağı günün əvvəlki gecəsi iki əsgər arasında bir cüt zəncirə bağlanmış halda yatırdı. Qarovulçular da qapıda dayanıb zindanın təhlükəsizliyini qoruyurdu. 7 Qəflətən Rəbbin bir mələyi göründü. Zindanın otağı işıqlandı. Mələk Peterin böyrünə vurub onu oyatdı və dedi: «Tez ol, qalx». O andaca Peterin biləklərindəki zəncirlər düşdü. 8 Mələk ona dedi: «Qurşağını bağla, çarığını geyin». Peter belə də etdi. Mələk yenə dedi: «Üst paltarını geyin, ardımca gəl». 9 Peter onun ardınca düşərək bayıra çıxdı. Amma mələyin etdiyinin həqiqi olduğunu başa düşmürdü, elə bilirdi ki, bir görüntü görür. 10 Birinci, ikinci qarovulçunun yanından keçərək şəhərə açılan dəmir darvazaya çatdılar. Onların qarşısında darvaza öz-özünə açıldı. Onlar çıxıb küçə uzunu getdilər. Birdən mələk Peterdən ayrıldı. 11 O andaca özünə gələn Peter dedi: «İndi əminliklə başa düşdüm ki, Rəbb Öz mələyini göndərib məni Hirodun əlindən və Yəhudi xalqının gözlədiyi bütün bəlalardan qurtardı».
12 Peter bunları dərk edəndə Mark adlanan Yəhyanın anası Məryəmin evinə getdi. Orada xeyli adam yığılıb dua edirdi. 13 Peter həyət qapısını döyməyə başladı və Roda adlı bir qarabaş eşidib qapıya getdi. 14 Qız Peteri səsindən tanıdı və sevincindən qapını belə, açmadan yenə evə qaçdı. Oradakılara xəbər verdi ki, Peter qapıda dayanıb. 15 Onlar isə belə dedilər: «Dəli olmusan?» Amma qız dediyinin üstündə durdu. Belə olanda dedilər: «Yəqin onu qoruyan mələkdir». 16 Peter isə dayanmadan qapını döyürdü. Qapını açıb onu görəndə mat qaldılar. 17 Peter əli ilə susmaq işarəsi verərək Rəbbin onu necə zindandan çıxardığını nəql etdi. Sonra «bu xəbəri Yaquba və o biri qardaşlara da çatdırın» deyərək onlardan ayrılıb başqa yerə getdi.
18 Səhər açılanda əsgərləri böyük bir vahimə bürüdü. Bir-birlərindən soruşdular: «Bəs Peter necə oldu?» 19 Hirod onu axtartdı. Tapa bilməyəndə isə qarovulçuları sorğu-suala çəkdirəndən sonra edam edilmələrinə əmr verdi.
Padşah Hirodun ölümü
Bundan sonra Hirod Yəhudeyadan Qeysəriyyəyə yollandı və orada qaldı. 20 Hirod Sur və Sidon əhalisinə qarşı hiddətindən alışıb-yanırdı. Onlar birlikdə onun yanına gəlib sarayın məişət işləri üzrə müdiri Blastı öz tərəflərinə çəkərək sülh istədiklərini bildirdilər. Çünki onların ölkəsi padşahın ölkəsindən gələn ərzaqdan asılı idi. 21 Təyin olunan gündə şahlıq libasını geyən Hirod hökm kürsüsünə oturaraq Sur və Sidonlulara müraciət etdi. 22 Camaat qışqırmağa başladı: «Bu bir insanın səsi deyil, bir allahın səsidir!» 23 O anda Rəbbin bir mələyi Hirodu vurdu. Çünki izzəti Allaha vermədi. Onu daxildən qurdlar yedi və canı çıxdı.
Barnaba ilə Şaula vəzifə tapşırılır
24 Allahın kəlamı isə yayılırdı və təsiri artırdı. 25 Barnaba və Şaul Yerusəlimdəki xidmətlərini yerinə yetirəndən sonra Mark adlanan Yəhyanı özləri ilə götürüb geri qayıtdılar.[89]
13
[redaktə]1 Antakyadakı cəmiyyətdə peyğəmbərlər və müəllimlər var idi: Barnaba, Niger adlanan Şimeon, Kirenalı Luki, hökmdar Hirodun süd qardaşı Menaxem və Şaul. 2 Bu adamlar Rəbbə xidmət edib oruc tutarkən Müqəddəs Ruh onlara dedi: «Barnaba ilə Şaulu Mənim tapşırdığım iş üçün ayırın». 3 Beləliklə, oruc tutub dua etdikdən sonra Barnaba ilə Şaulun üzərinə əllərini qoydular və onları yola saldılar. Kiprdə
4 Müqəddəs Ruhun əmri ilə yola çıxan Barnaba və Şaul Selevkiyaya getdilər və oradan da gəmi ilə Kiprə getdilər. 5 Salamisə çatanda Yəhudilərin sinaqoqlarında Allahın kəlamını bəyan etməyə başladılar. Yəhya isə onların köməkçisi idi. 6 Adanı başdan-başa gəzərək Pafosa çatdılar. Orada Baryeşu adlı bir Yəhudi cadugər və yalançı peyğəmbərə rast gəldilər. 7 Baryeşu vali Sergi Paula yaxın adam idi. Ağıllı kişi olan vali Barnaba ilə Şaulu çağırtdırıb Allahın kəlamına qulaq asmaq istədi. 8 Lakin adı cadugər mənasını verən Elima, yəni Baryeşu buna qarşı çıxaraq valini imandan azdırmağa çalışırdı. 9 Amma Müqəddəs Ruhla dolan Şaul, yəni Paul gözlərini Elimaya dikib 10 dedi: «Ey iblis oğlu, ürəyin hər cür hiylə və fırıldaqla doludur. Ey salehliyə tamamilə düşmən kəsilən, Rəbbin haqq yolunu əyri qələmə verməkdən əl çəkməyəcəksənmi? 11 İndi isə bax, sənin üstünə Rəbbin əli gəlir. Kor olacaqsan, bir müddət gün işığı görməyəcəksən». O anda həmin adamın üzərinə bir duman, bir qaranlıq çökdü. Ora-bura gəzərək kimisə axtarırdı ki, onun əlindən tutub yol göstərsin. 12 Olanları görən vali Rəbbin təliminə təəccübləndi və iman etdi.
Pisidiyada olan Antakya
13 Paulla yanındakılar Pafosdan yelkən açıb Pamfiliya bölgəsindəki Perge şəhərinə çatdı. Yəhya isə onlardan ayrılıb Yerusəlimə qayıtdı. 14 Onlar yollarına davam edib Pergedən Pisidiyada olan Antakyaya çatdılar. Şənbə günü sinaqoqa girib oturdular. 15 Qanunun və Peyğəmbərlərin yazılarının oxunmasından sonra sinaqoq rəisləri onları çağırtdırıb dedilər: «Qardaşlar, xalqa ürəkləndirici müraciətiniz varsa, buyurub deyin».
16 Paul ayağa qalxıb diqqəti cəlb etmək üçün əlini qaldıraraq dedi: «Ey İsraillilər və Allahdan qorxanlar, qulaq asın. 17[90] Bu xalqın, yəni İsraillilərin səcdə etdiyi Allah bizim ata-babalarımızı seçdi və Misirdə – qürbət eldə yaşadıqları müddət ərzində onları böyük bir millət etdi. Sonra əlini uzadıb onları Misirdən çıxartdı. 18 Qırx ilə yaxın səhrada qaldıqları müddət ərzində onlara dözdü.[91] 19[92] Kənan torpağında yaşayan yeddi milləti qırandan sonra bu millətlərin torpaqlarını irs olaraq İsrail xalqına verdi. 20 Bütün bunlar təqribən dörd yüz əlli ili əhatə etdi. Sonra Allah onlar üçün hakimlər yetirdi. Bu, peyğəmbər Şamuelin dövrünə qədər davam etdi. 21[93] Xalq padşah istəyəndə isə Allah Binyamin qəbiləsindən olan Qiş oğlu Şaulu onlar üçün padşah təyin etdi. O, qırx il padşahlıq etdi. 22[94] Onu aradan götürəndən sonra Allah Davudu ucaldıb onların üzərində padşah etdi və onun barəsində şəhadət etdi: “Öz ürəyimə yatan adam olaraq Yessey oğlu Davudu tapdım və o Mənim bütün istədiklərimi yerinə yetirəcək”. 23 Allah Öz vədinə sadiq qalıb bu adamın soyundan olan Xilaskar İsanı İsrailə göndərdi. 24[95] İsanın gəlişindən əvvəl Yəhya bütün İsrail xalqına vəz etmişdi ki, tövbə edib vəftiz olunsunlar. 25[96] Yəhya işini qurtararkən dedi: “Məni kim sayırsınız? O Şəxs mən deyiləm. Məndən sonra O gəlir. Mən Onun ayağındakı çarığını açmağa belə, layiq deyiləm”.
26 Qardaşlar, ey İbrahimin nəslinin övladları və aranızda olan Allahdan qorxanlar, bu xilas sözü bizə[97] göndərilib. 27 Çünki Yerusəlim əhalisi və onların rəhbərləri İsanı tanımadı. Beləliklə, Onu mühakimə etməklə hər Şənbə günü oxunan peyğəmbərlərin sözünü yerinə yetirdilər. 28[98] Onda ölümə layiq heç bir təqsir tapmasalar da, Pilatdan Onun edam olunmasını tələb etdilər. 29[99] Onun barəsində yazılanların hamısını tam yerinə yetirəndən sonra Onu çarmıxdan düşürüb qəbirə qoydular. 30 Lakin Allah Onu ölülər arasından diriltdi. 31[100] İsa xeyli günlər ərzində daha əvvəl Qalileyadan Onunla Yerusəlimə gələnlərə göründü. Bu adamlar indi Onun barəsində xalq üçün şahiddir.
32[101] Biz indi sizə bu Müjdəni bəyan edirik: ata-babalarımıza verilən vəd həyata keçib, 33 Allah İsanı diriltməklə bu vədi onların övladları olan bizlər üçün yerinə yetirib. İkinci məzmurda belə yazılıb:
“Sən Mənim Oğlumsan,
Mən bu gün Sənə Ata oldum”.
34[102] Allah Onu ölülər arasından dirildərək heç vaxt çürüməyə qoymayacaq. Ona görə demişdi: “Davuda vəd etdiyim sadiq məhəbbəti sizə göstərəcəyəm”. 35[103] Buna görə də başqa yerdə belə deyir: “Mömin insanını çürüməyə qoymazsan”. 36 Davud öz müasirlərinə Allahın iradəsinə müvafiq xidmət edəndən sonra vəfat etdi. O da ataları ilə uyudu və cəsədi çürüyüb-getdi. 37 Amma Allahın diriltdiyi İnsanın cismi çürümədi.
38 Bununla da, ey qardaşlar, bilin ki, bu İnsan vasitəsilə günahların bağışlanması sizə elan edilir. Belə ki Musanın Qanununa görə saleh sayılmamanızın səbəblərinin heç birinə baxmayaraq, 39 iman edən hər kəs bu İnsanda saleh sayılacaq. 40[104] Ehtiyatlı olun ki, Peyğəmbərlərin dedikləri baş verməsin:
41 “Baxın, siz ey xor baxanlar,
Mat qalın və yox olun.
Sizin vaxtınızda elə işlər görəcəyəm ki,
Sizə danışsaydılar, inanmazdınız”».
42 Paulla Barnaba sinaqoqdan çıxarkən camaat[105] onlardan xahiş etdi ki, gələn Şənbə günü yenə də bu mövzudan danışsınlar. 43 Sinaqoqda olan camaat çıxıb gedəndən sonra xeyli Yəhudi və Yəhudi dinini qəbul edən möminlər Paul və Barnabanın ardınca getdilər. Onlar da bu adamlarla söhbətlər edir və Allahın lütfündə dönməz olsunlar deyə onlara öyüd-nəsihət verirdilər.
44 Növbəti Şənbə Rəbbin kəlamına qulaq asmaq üçün demək olar ki bütün şəhər əhalisi toplaşmışdı. 45 İzdihamı görən Yəhudiləri qısqanclıq bürüdü və Paulun nitqinin əleyhinə qalxıb ona böhtan atdılar. 46 Paulla Barnaba isə cəsarətlə dedilər: «Allahın kəlamı əvvəlcə sizə bəyan olunmalı idi. Sizin ondan imtina etdiyiniz və özünüzü əbədi həyata layiq görmədiyiniz üçün biz indi başqa millətlərə üz tuturuq. 47[106] Çünki Rəbbin bizə əmri belə idi:
“Səni millətlərə nur etmişəm ki,
Xilası dünyanın ən uzaq yerlərinə yayasan”».
48 Başqa millətlərdən olanlar bunu eşidərkən sevinirdilər və Rəbbin kəlamını izzətləndirirdilər. Əbədi həyat üçün təyin olunanların hamısı iman gətirdi. 49 Beləliklə, Rəbbin kəlamı bütün bölgəyə yayıldı. 50 Amma Yəhudilər hörmətli, mömin qadınları və şəhərin nüfuzlu adamlarını təşvişə saldılar. Onlar da Paulla Barnabanı təqib edib o bölgədən qovdular. 51[107] Buna görə də Paulla Barnaba ayaqlarının tozunu onların üstünə çırpıb Konyaya getdilər. 52 Şagirdlər isə sevinc və Müqəddəs Ruhla doldular.
14
[redaktə]Konyada
1 Konyada Paulla Barnaba Yəhudilərin sinaqoquna birlikdə daxil olub elə danışdılar ki, həm Yəhudilərdən, həm də Yunanlardan ibarət böyük kütləni imana gətirdilər. 2 Amma inanmayan Yəhudilər başqa millətlərdən olanları qızışdıraraq onları imanlıların əleyhinə qaldırdılar. 3 Xeyli vaxt orada qalan Paulla Barnaba cəsarətlə Rəbb haqqında danışırdı. Rəbb isə onlara əlamət və xariqə göstərmək gücünü verməklə Öz lütfü barədə kəlamı təsdiqlədi. 4 Amma şəhər əhalisi iki hissəyə bölündü. Bəziləri Yəhudilərin, bəziləri isə həvarilərin tərəfini saxladı. 5 Yəhudilərlə başqa millətlərdən olanlar və onların rəhbərləri həvariləri təhqir edərək daşqalaq etmək üçün bir sui-qəsd hazırladı. 6 Bundan xəbər tutan bu həvarilər Likaoniyanın Listra ilə Derbe şəhərlərinə və oranın ətraf yerlərinə qaçdılar. 7 Orada da Müjdəni yaydılar.
Listra və Derbedə
8 Listrada ayaqlarından şikəst olan bir kişi var idi. Bu adam anadangəlmə əlil idi, heç vaxt yeriməmişdi. 9 O, Paulun dediklərinə qulaq asırdı. Ona göz qoyan Paul gördü ki, sağalacağına imanı var. 10 Ona görə bərkdən dedi: «Qalx, ayaq üstə dur!» Bu adam yerindən atılıb yeriməyə başladı. 11 Camaat Paulun etdiyini görəndə haray salıb Likaoniya dilində dedi: «Tanrılar insan şəklində yanımıza gəlib!» 12 Barnabaya Zevs, Paula isə aparıcı natiq olduğuna görə Hermes dedilər. 13 Şəhərin qarşısında yerləşən Zevs məbədinin kahini şəhər darvazalarına buğalar və çələnglər gətirdi. O, camaatla birgə qurban kəsmək istədi. 14 Amma həvarilər – Barnaba ilə Paul bunu eşidən kimi paltarlarını cırdılar və izdihamın içinə girib haray çəkdilər: 15 «Ay ağalar, niyə belə edirsiniz? Biz də sizin kimi insanıq, eyni varlığıq. Sizə Müjdə gətirmişik. Əl çəkin bu boş şeylərdən. Yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan, var olan Allaha tərəf dönün. 16 O, əvvəlki nəsillərin dövründə yaşayan bütün millətlərə öz yolları ilə getməyə izin verdi. 17 Lakin yenə də Özünü şahidsiz qoymadı. Sizə yaxşılıq edərək göydən yağışlar yağdırır, cürbəcür məhsullar yetişdirən fəsillər bəxş edir, sizi yeməklə doydurur və ürəyinizi sevincə qərq edir». 18 Bu sözlərlə camaatın onlara qurban kəsməsinin qarşısını bir çətinliklə aldılar.
19 Antakya[108] və Konyadan bəzi Yəhudilər gəlib xalqı öz tərəfinə çəkərək Paulu daşqalaq etdilər. Elə bildilər ki, Paul ölüb, onu şəhərdən kənara sürüdülər. 20 Şagirdlər ətrafına yığılanda isə Paul ayağa qalxıb şəhərə qayıtdı. Ertəsi gün isə Barnaba ilə birlikdə Derbeyə getdi. 21 O şəhərdə də Müjdə yayıb xeyli şagird hazırladılar.
Suriyada olan Antakyaya qayıtma
Paulla Barnaba daha sonra Listraya, Konyaya və Pisidiyada olan Antakyaya qayıtdı. 22 Şagirdləri ruhən möhkəmləndirdilər və imanda dönməz olsunlar deyə onları həvəsləndirərək dedilər: «Allahın Padşahlığına çox əziyyətlərdən keçərək girməliyik». 23 İmanlılar üçün hər cəmiyyətdə ağsaqqallar seçərək dua və orucla onları inandıqları Rəbbə əmanət etdilər.
24 Pisidiya bölgəsindən keçərək Pamfiliyaya gəldilər. 25 Pergedə kəlamı yayandan sonra Antalyaya getdilər. 26 Oradan gəmi ilə Suriyadakı Antakyaya qayıtdılar. Onların indi yerinə yetirdikləri xidmət üçün burada Allahın lütfünə əmanət edilmişdilər. 27 Oraya çatanda cəmiyyəti bir yerə yığıb Allahın onlar vasitəsilə nə etdiyini, başqa millətlərə iman qapısını necə açdığını söylədilər 28 və şagirdlərin yanında uzun müddət qaldılar.
15
[redaktə]Yerusəlimdəki məşvərət
1[109] Yəhudeyadan gələn bəzi adamlar Antakyadakı imanlı bacı-qardaşlara belə təlim öyrədirdi: «Əgər siz Musanın qoyduğu adətə görə sünnət olmasanız, xilas ola bilməzsiniz». 2 Paul və Barnaba bu adamlarla çox çəkişib mübahisə etdi. Nəhayət qərara alındı ki, Paulla Barnaba digər qardaşlardan bir neçəsini götürərək Yerusəlimə gedib bu sualın müzakirəsi üçün həvarilər və ağsaqqallarla görüşsünlər. 3 Beləliklə, cəmiyyət tərəfindən göndərilənlər Finikiya və Samariya bölgələrindən keçdilər. Başqa millətlərin Allaha tərəf necə dönmələrini xəbər verə-verə oradakı bütün imanlı bacı-qardaşları çox sevindirdilər. 4 Yerusəlimə çatanda oradakı imanlılar cəmiyyəti və həvarilərlə ağsaqqallar onları yaxşı qarşıladılar. Allahın onlar vasitəsilə etdiyi hər şeyi danışdılar. 5 Amma farisey təriqətindən olmuş bəzi imanlılar qalxıb belə dedilər: «Başqa millətlərdən olanları sünnət etmək və onlara Musanın Qanununa riayət etmələrini əmr etmək lazımdır».
6 Həvarilərlə ağsaqqallar bu mövzunun müzakirəsi üçün toplaşdılar. 7[110] Uzun-uzadı mübahisələrdən sonra Peter ayağa qalxıb dedi: «Qardaşlar, bildiyiniz kimi Allah aranızdan çoxdan bəri məni seçib ki, başqa millətlərdən olanlar Müjdəni mənim dilimdən eşidib iman etsinlər. 8[111] İnsanın ürəyindən xəbərdar olan Allah bizə verdiyi kimi Müqəddəs Ruhu onlara da verməklə təsdiq etdi ki, onları qəbul edir. 9 Onlarla bizim aramızda heç bir ayrı-seçkilik yaratmadı, imanları ilə onların da ürəklərini təmizlədi. 10 Elə isə nə bizim, nə də ata-babalarımızın gəzdirə bilmədiyi boyunduruğu niyə bu şagirdlərin boynuna yükləyərək Allahı sınağa çəkirsiniz? 11 Əksinə, inanırıq ki, biz də Rəbb İsanın lütfü ilə xilas oluruq, onlar da».
12 Onda bütün toplantı sakitləşdi və Barnaba ilə Paula qulaq asmağa başladılar. Barnaba ilə Paul Allahın onlar vasitəsilə başqa millətlər arasında göstərdiyi əlamət və xariqələrin hamısını danışdı. 13 Onlar sözlərini yekunlaşdırandan sonra Yaqub söz alıb dedi: «Qardaşlar, mənə qulaq asın! 14 Allah başqa millətlərdən Öz adı üçün bir xalq yaratmaq məqsədi ilə onlara ilk dəfə necə nəzər salması barədə Şimon izahat verdi. 15[112] Peyğəmbərlərin sözləri bunu təsdiqləyir. Orada yazıldığı kimi:
16 “Bundan sonra qayıdacağam,
Davudun yıxılan çadırını bərpa edəcəyəm.
Onun dağılan yerlərini yenidən tikəcəyəm,
Onu əvvəlki halına salacağam,
17-18 Ona görə ki qalan insanlar –
Mənim adımla çağırılan bütün millətlər Rəbbi axtarsınlar.
Bunları qədimdən bəri məlum edən Rəbb belə deyir”.[113]
19 Beləliklə, bu qərara gəlmişəm ki, başqa millətlərdən Allaha tərəf dönənlərə maneçilik törətməməliyik. 20[114] Lakin onlara yazmalıyıq ki, bütlərə təqdim olunub murdarlanan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməsinlər; əxlaqsızlıqdan da özlərini uzaq saxlasınlar. 21 Çünki qədim nəsillərin dövründən bəri hər şəhərdə Musanın sözlərini vəz edənlər var və bu sözlər hər Şənbə günü sinaqoqlarda oxunmaqdadır».
Yəhudi olmayanlara məktub
22 Buna görə bütün imanlılar cəmiyyəti ilə həvarilər və ağsaqqallar razılığa gəldilər ki, öz aralarından adamlar seçib Paul və Barnaba ilə birlikdə Antakyaya göndərsinlər. İmanlı bacı-qardaşlar arasında rəhbərlik edən Barsabba adlanan Yəhuda ilə Silanı seçdilər. 23 Onların əlinə bu məktubu verib göndərdilər:
- «İmanlı qardaşlarınız olan biz həvarilərlə ağsaqqallardan Antakya, Suriya və Kilikiyada yaşayan, başqa millətlərdən olan bacı-qardaşlara salam!
24 Eşitdik ki, bizlərdən bəzi adamlar yanınıza gəlib sözləri ilə sizi lərzəyə salaraq düşüncələrinizi qarışdırıblar.[115] Lakin bunu onlara biz tapşırmamışdıq. 25 Ona görə də aramızdan bəzi adamları seçib sevimli dostlarımız Barnaba və Paulla bərabər sizin yanınıza göndərməyi yekdilliklə qərara aldıq. 26 Hər ikisi Rəbbimiz İsa Məsihin adı uğrunda canını təhlükəyə atıb. 27 Qərarımıza müvafiq sizin yanınıza Yəhuda ilə Silanı göndəririk ki, eyni şeyləri sizə şifahi olaraq şərh etsinlər. 28 Müqəddəs Ruh və biz vacib olan bu qaydalardan başqa sizin üstünüzə heç nəyi yükləməməyi lazım bildik: 29 Bütlərə təqdim olunan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməyin; əxlaqsızlıqdan da özünüzü uzaq saxlayın. Bunlardan qaçsanız, düz edərsiniz. Salamat qalın».
30 Beləliklə, adamlar yola düşüb Antakyaya getdilər və camaatı bir yerə yığıb məktubu onlara verdilər. 31 İmanlılar ucadan oxunan məktubun ürəkləndirici sözlərindən sevindilər. 32 İkisi də peyğəmbər olan Yəhuda və Sila bir çox danışıqlar apararaq imanlı bacı-qardaşları ürəkləndirib ruhən möhkəmləndirdilər. 33 Bir müddət orada qalandan sonra onları göndərənlərin yanına qayıtmaq üçün bacı-qardaşlar tərəfindən əmin-arxayın yola salındılar. 34[116]
35 Paulla Barnaba Antakyada qalıb xeyli başqa adamla birlikdə Rəbbin kəlamını öyrədərək Müjdəni yaydılar.
Paulla Barnaba arasında fikir ayrılığı 36 Bundan bir qədər sonra Paul Barnabaya dedi: «Rəbbin kəlamını elan etdiyimiz bütün şəhərlərə qayıdıb imanlı bacı-qardaşlara baş çəkək, hal-əhval tutaq». 37 Barnaba istədi ki, Mark adlanan Yəhyanı da aparsınlar. 38[117] Amma Paul Pamfiliyada onları atıb gedən, onlarla birlikdə işini başa çatdırmayan adamı özləri ilə götürməyi məsləhət bilmədi. 39 Onların arasında elə kəskin fikir ayrılığı oldu ki, bir-birlərindən ayrıldılar. Barnaba Markı götürüb Kiprə doğru yelkən açdı. 40 Paul isə Silanı seçdi və imanlı bacı-qardaşlar tərəfindən Rəbbin lütfünə əmanət ediləndən sonra yola çıxdı. 41 Onlar Suriya və Kilikiyanı gəzib-dolaşdılar və cəmiyyətləri möhkəmləndirdilər.
16
[redaktə]Timotey Paul və Sila ilə
1 Paul Derbe və Listraya gəldi. Listrada Timotey adlı bir İsa şagirdi var idi. Onun anası imanlı bir Yəhudi, atası isə Yunan idi. 2 Listra və Konyadakı imanlı bacı-qardaşlar onun barəsində xoş sözlər deyirdi. 3 Timoteyi özü ilə aparmaq istəyən Paul bu şəhərlərdəki Yəhudilərə görə onu sünnət etdi. Çünki hamı onun atasının Yunan olduğunu bilirdi. 4 Onlar şəhərbəşəhər gəzib-dolaşır, Yerusəlimdəki həvarilərlə ağsaqqalların qərara aldığı qaydaları imanlılara deyir və göstərirdi ki, bunlara riayət etsinlər. 5 Beləliklə, cəmiyyətlər imanda güclənir və sayı günbəgün artırdı.
Paulun Makedoniyalı adam barədə görüntüsü
6 Müqəddəs Ruh onlara imkan vermədi ki, Asiya vilayətində kəlamı yaysınlar. Ona görə də onlar Frigiya və Qalatiya ərazisini keçib getdilər. 7 Misiya sərhədinə gələrkən Bitinyaya getməyə çalışdılar. Amma İsanın Ruhu onlara izin vermədi. 8 Ona görə Misiyadan keçib Troasa getdilər. 9 O gecə Paul bir görüntü gördü. Makedoniyalı bir nəfər onun qarşısında durub yalvarırdı: «Makedoniyaya gəl və bizə kömək et!» 10 Paul bu görüntünü görəndən sonra Makedoniyaya getmək üçün dərhal bir yol axtardıq. Bundan nəticə çıxartdıq ki, Allah bizi orada Müjdə yaymaq üçün çağırır.
Filipidə
11 Troasdan yelkən açıb birbaşa Samotraki adasına və ertəsi gün isə Neapolisə gəldik. 12 Oradan Filipiyə keçdik. Bura Makedoniya bölgəsində əhəmiyyətli bir şəhərdir, əhalisi əsasən Romalılardır. Bu şəhərdə bir neçə gün qaldıq. 13 Şənbə günü şəhər darvazasından çıxıb çay kənarına getdik. Elə bildik ki, Yəhudilər adətən oraya dua etmək üçün yığılır. Oturduq, oraya yığılan qadınlarla söhbət etməyə başladıq. 14 Bizə qulaq asanlar arasında Tiatira şəhərindən tünd qırmızı parça satan, Allaha mömin olan Lidiya adlı bir qadın var idi. Paulun sözlərinə qulaq asmaq üçün Rəbb ona açıq ürək vermişdi. 15 Lidiya ev əhli ilə bərabər vəftiz olunduqdan sonra bizi evinə dəvət edib dedi: «Əgər siz məni Rəbbə sadiq bir insan kimi qəbul edirsinizsə, gəlin, mənim evimdə qalın». O bizi buna razı etdi.
16 Bir gün biz dua yerinə gedərkən falçılıq ruhuna tutulan bir qarabaş qarşımıza çıxdı. Bu qız baxıcılıq edərək öz ağalarına nə qədər qazanc gətirmişdi. 17 O, Paulun və bizim ardımızca düşərək qışqıra-qışqıra deyirdi: «Bu adamlar Allah-Taalanın qullarıdır. Sizə[118] xilas yolunu bildirirlər». 18 Bunu günbəgün təkrar etdi. Bu, Paulu çox bezdirdi. Nəhayət, o çevrilib ruha dedi: «İsa Məsihin adı ilə sənə əmr edirəm, bu qızdan çıx!» Ruh dərhal qızdan çıxdı.
19 Qızın ağaları görəndə ki bu qazancdan ümidləri kəsildi, Paulla Silanı tutub bazar meydanına – rəhbərlərin qarşısına gətirdilər. 20 Onları hakimlərin qarşısına çıxararaq dedilər: «Bu adamlar Yəhudidir. Şəhərimizə qarışıqlıq salıblar. 21 Biz Romalılara qəbulu və icrası qadağan olunan adətləri yayırlar». 22 Xalq da Paulla Silanın əleyhinə çıxdı. Hakimlər əmr verdilər ki, onların əyinlərindəki paltarları soyundurub dəyənəklə döysünlər. 23 Onlara çox zərbə vurdular və sonra zindana atdılar. Zindanın baş mühafizəçisinə əmr etdilər ki, onları möhkəm nəzarət altında saxlasınlar. 24 Bu əmri alan baş mühafizəçi onları zindanın xüsusi otağına aparıb ayaqlarını kündəyə saldı.
25 Gecə yarısına yaxın Paulla Sila dua edir və Allaha ilahilər oxuyurdu. Digər məhbuslar da onlara qulaq asırdılar. 26 Birdən elə güclü zəlzələ oldu ki, zindanın təməli belə, yerindən oynadı. Bir andaca bütün qapılar açıldı, hamının zəncirləri töküldü. 27 Baş mühafizəçi oyanıb zindanın qapılarını açıq görəndə qılıncını çəkib canına qəsd etmək istədi. Elə bildi ki, məhbuslar qaçıb. 28 Amma Paul bərkdən qışqırıb dedi: «Canına qıyma, hamımız buradayıq!» 29 Baş mühafizəçi işıq gətirdib içəri qaçdı. Titrəyə-titrəyə Paul və Silanın qarşısında yerə düşdü. 30 Onları bayıra çıxararaq soruşdu: «Ağalar, xilas olmaq üçün nə etməliyəm?» 31 Onlar dedilər: «Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız». 32 Sonra həm ona, həm də onun ev əhlinə Rəbbin kəlamını bildirdilər. 33 Gecənin bu vədəsində baş mühafizəçi onları götürüb yaralarını yudu. Sonra həm özü, həm də ev əhli dərhal vəftiz oldu. 34 Paulla Silanı evinə aparıb onlar üçün süfrə açdı. Allaha iman etdiklərinə görə o və bütün ev əhli şad oldular.
35 Səhər açılanda hakimlər yasavullar göndərib dedilər: «Bu adamları azad et». 36 Baş mühafizəçi bu sözləri Paula çatdırdı: «Hakimlər xəbər göndərdi ki, siz azad ediləsiniz. İndi çıxın, arxayın gedin». 37 Amma Paul yasavullara belə dedi: «Roma vətəndaşı ola-ola bizi məhkəməsiz hamının qarşısında döyüb zindana atdılar. İndi bizi gizli-gizli qovmaq istəyirlərmi? Belə şey ola bilməz! Özləri gəlsin, bizi buradan çıxarsın!» 38 Yasavullar bu sözləri hakimlərə çatdırdılar. Hakimlər Paulla Silanın Roma vətəndaşı olduğunu eşidəndə qorxdular 39 və gəlib onlardan üzr istədilər. Sonra onları bayıra çıxarıb xahiş etdilər ki, şəhərdən çıxıb getsinlər. 40 Paulla Sila zindandan çıxandan sonra Lidiyanın evinə getdilər. İmanlı bacı-qardaşlarla görüşüb onları ruhlandırandan sonra yola düşüb getdilər.
17
[redaktə]Salonikdə
1 Onlar Amfipolis və Apolloniyadan keçərək Salonikə gəldilər. Burada bir Yəhudi sinaqoqu var idi. 2 Paul adətinə görə Yəhudilərin yanına gedib üç Şənbə dalbadal onlarla Müqəddəs Yazılar üstündə mübahisə etdi, 3 şərh və sübut göstərdi ki, Məsihin əzab çəkərək ölüb ölülər arasından dirilməsi lazım idi və dedi: «Sizə elan etməkdə olduğum bu İsa Məsihdir!» 4 Yəhudilərdən bəziləri, mömin Yunanların böyük bir hissəsi, bir çox nüfuzlu qadınlar buna əmin oldu və Paulla Silaya qoşuldu. 5 Yəhudilərin buna paxıllığı tutdu. Meydana[119] yığılan camaatın içərisində olan bəzi şər adamlardan bir izdiham toplayıb şəhərdə qarışıqlıq saldılar. Paulla Silanı xalqın önünə çıxarmaq məqsədi ilə Yasonun evinə hücum etdilər. 6 Onları tapmayanda Yasonla bəzi imanlı qardaşları sürüyə-sürüyə şəhər başçılarının qarşısına gətirib hay-küy saldılar: «Dünyaya çaxnaşma salan bu adamlar gəlib buraya da çıxdı. 7 Yason onları öz evinə qəbul edib. Bunların hamısı qeysərin fərmanlarının əksinə gedib deyir ki, İsa adlı başqa bir padşah var». 8 Bu sözləri eşidən izdiham və şəhər başçıları lərzəyə düşdülər. 9 Nəhayət, başçılar təminat alaraq Yason və digərlərini azad etdilər.
Veriyada
10 İmanlı bacı-qardaşlar isə gecə olan kimi Paulla Silanı dərhal Veriya şəhərinə göndərdilər. Onlar oraya çatarkən Yəhudilərin sinaqoquna getdilər. 11 Veriyadakı Yəhudilərsə Salonikdə olanlardan daha açıq fikirli idi. Kəlamı böyük həvəslə qarşılayaraq hər gün Müqəddəs Yazıları araşdırır, «Bu düzgün təlimdirmi?» deyə yoxlayırdılar. 12 Beləliklə, onların arasından xeyli adam, həmçinin çoxlu hörmətli Yunan qadınları və kişiləri iman etdilər. 13 Lakin Salonikdəki Yəhudilər Paulun Veriyada da Allahın kəlamını elan etdiyini biləndə oraya getdilər və xalqı qızışdırıb lərzəyə saldılar. 14 Bundan sonra imanlı bacı-qardaşlar Paulu dərhal dəniz sahilinə gedən yolla göndərdilər. Sila ilə Timotey isə Veriyada qaldı. 15 Paulu yola salanlar onu Afinaya qədər ötürdülər. Sonra Paul onlara əmr verdi ki, geri qayıdıb Sila ilə Timoteyi təcili surətdə onun yanına göndərsinlər.
Afinada
16 Onları Afinada gözləyən Paul gördü ki, şəhər bütlərlə doludur. Bundan ötrü onun ürəyi çox narahat oldu. 17 Buna görə sinaqoqda Yəhudilərlə və mömin Yunanlarla, hər gün bazar meydanında rastlaşdığı insanlarla mübahisə edirdi. 18 Epikürçü və Stoist fəlsəfi cərəyanından olanların bəziləri onunla mübahisəyə girişdi. Kimisi deyir: «Bu boşboğaz nə demək istəyir?» Kimisi də deyir: «Deyəsən bu yad allahların təbliğatçısıdır». Çünki Paul İsa və dirilmə ilə bağlı Müjdəni yaymaqda idi. 19 Onlar Paulu götürüb Areopaq[120] məşvərətinə gətirdilər. Ondan soruşdular: «Sənin yaydığın bu yeni təlimin nə olduğunu bilmək olarmı? 20 Çünki qulağımız öyrəşmədiyi şeyləri bizə eşitdirirsən. İndi bunların mənasını bilmək istəyirik». 21 Bütün Afinalılar və şəhərdəki yadellilər vaxtlarını yalnız yeni fikirləri söyləyərək və qulaq asaraq keçirirdilər.
22 Paul Areopaqın qarşısına çıxıb belə söylədi: «Ey Afinalılar, sizin hər cəhətdən çox pərəstişkar olduğunuzu görürəm. 23 Belə ki mən ətrafda gəzəndə səcdəgahlarınıza diqqətlə nəzər salarkən bir qurbangaha da rast gəldim ki, onun üstündə yazılmışdı: “Naməlum Allaha məxsus”. Tanımadan ibadət etdiyiniz bu Allahı sizə tanıtmaq istəyirəm. 24[121] Dünyanı və onda mövcud olan hər şeyi yaradan, yerin-göyün Sahibi olan Allah əllə tikilən məbədlərdə yaşamaz. 25 İnsan əli ilə edilən xidmətə Onun ehtiyacı yoxdur, çünki hər kəsə həyat, nəfəs və hər şeyi verən Odur! 26 Allah bütün bəşəriyyətin millətlərini bir insandan[122] yaratdı ki, bütün yer üzərində yaşasınlar. Yaşamaq üçün onlara zaman və məkan təyin etdi ki, 27 Onu axtarsınlar, yəni kor əllərini sürtə-sürtə yol axtardığı kimi axtarıb Onu tapa bilsinlər. Əslində Allah heç birimizdən uzaq deyil. 28 “Axı biz Onda yaşayırıq, hərəkət edirik, mövcuduq”. Bəzi şairlərinizin dediyi kimi: “Biz də Onun nəslindənik”. 29 Demək biz Allahın nəslindən olduğumuza görə belə düşünmək olmaz ki, İlahi Varlıq insan layihəsi və istedadı ilə yaranan qızıl, gümüş yaxud daşdan düzəldilən bir şeyə bənzəyir. 30 Allah cəhalət zamanlarında buna göz yumdu, amma indi hər yerdə hamının tövbə etməsini insanlara əmr edir. 31 Çünki Allah Öz seçdiyi Şəxs vasitəsilə dünyanı ədalətlə mühakimə edəcəyi günü təyin edib. Onu ölülər arasından diriltməklə hamının qarşısında bunu təsdiq edib».
32 Ölülərin dirilməsi ilə bağlı sözləri eşidən kimi bəziləri onu ələ saldı, kimisi də belə dedi: «Bu barədə səndən bir daha eşitmək istəyirik». 33 Beləliklə, Paul onların arasından çıxıb getdi. 34 Bir neçə insan isə ona qoşulub iman gətirdi. Bunların arasında Areopaq üzvü Dionis, Damaris adlı bir qadın və başqaları da var idi.
18
[redaktə]Korinfdə
1 Bundan sonra Paul Afinadan çıxıb Korinfə getdi. 2 Orada Pontda doğulan Akila adlı bir Yəhudiyə rast gəldi. O, arvadı Priskila ilə birlikdə İtaliyadan yenicə gəlmişdi. Çünki Klavdi[123] əmr vermişdi ki, Romada olan bütün Yəhudilər oradan çıxsınlar. Paul onların yanına getdi. 3 Onların peşəsi çadırçılıq idi və eyni peşə sahibi olan Paul buna görə onların yanında qalıb çalışdı. 4 Paul hər Şənbə günü sinaqoqda mübahisə edib həm Yəhudiləri, həm də Yunanları inandırırdı.
5 Sila ilə Timotey Makedoniyadan gələn kimi Paul özünü tamamilə kəlama[124] həsr etdi və Yəhudilərə İsanın Məsih olmasına dair şəhadət edirdi. 6 Amma Yəhudilər onun əleyhinə çıxaraq böhtan atmağa başlayan kimi Paul yaxasını çırpıb onlara dedi: «Qanınız öz başınıza dönsün, mən bu işdə təmizəm. Bundan sonra başqa millətlərdən olanların yanına gedəcəyəm». 7 Paul oradan çıxdı, Allaha mömin olan Titi Yust adlı bir nəfərin evinə getdi. Onun evi sinaqoqa bitişik idi. 8 Sinaqoq rəisi Krisp bütün ev əhli ilə birgə Rəbbə iman etdi. Korinflilərin bir çoxu Paulu dinləyəndə iman gətirərək vəftiz oldu. 9 Bir gecə Rəbb görüntüdə Paula dedi: «Qorxma, danış, susma. 10 Bax Mən səninləyəm, heç kimin sənə pisliyi dəyməyəcək, çünki bu şəhərdə xalqım çoxdur». 11 Paul orada il yarım qaldı və dayanmadan xalqa Allahın kəlamını öyrətdi.
12 Axayya valisi Qalliyo olan zaman Yəhudilər birləşərək Paula hücum etdilər və onu valinin hökm kürsüsü qarşısına çıxartdılar. 13 Belə dedilər: «Bu adam Allaha qeyri-qanuni şəkildə ibadət etmək üçün insanları tovlayır». 14 Paul danışmaq istəyirdi ki, Qalliyo Yəhudilərə dedi: «Ey Yəhudilər, əgər ittihamınız bir haqsızlıq və yaxud ağır cinayət işinə görə olsaydı, sizi səbirlə dinləməyi məsləhət bilərdim. 15 Amma məsələlər bir təlimlə, bəzi adlarla və sizin qanununuzla bağlı olduğu üçün bu işi özünüz həll edin. Mən belə şeylərə hakimlik etmək istəmirəm». 16 Beləliklə, onları hökm kürsüsündən qovdu. 17 Hamı[125] sinaqoq rəisi Sosteni tutub hökm kürsüsünün qarşısında döydü. Qalliyo isə bu hadisələrə əhəmiyyət vermədi.
Paul Antakyaya qayıdır
18 Paul Korinfdə olan imanlı bacı-qardaşların yanında xeyli gün qaldı və sonra onlarla vidalaşıb Priskila və Akila ilə birgə Suriyaya getmək üçün yelkən açdı. O, Kenxreya limanında saçını qırxdırmışdı, çünki bir əhd etmişdi. 19 Onlar Efesə çatanda Priskila ilə Akiladan ayrılaraq sinaqoqa girdi və Yəhudilərlə mübahisə etməyə başladı. 20 Ondan xahiş edəndə ki burada daha bir müddət qalsın, buna razı olmadı. 21 Amma onlarla vidalaşanda belə dedi: «Allah[126] qoysa, yenə yanınıza gələcəyəm». Sonra Efesdən yelkən açıb getdi. 22 Qeysəriyyəyə çatandan sonra Yerusəlimə gedərək imanlılar cəmiyyətinə baş çəkdi və sonra oradan Antakyaya keçdi. 23 Bir müddət orada qalandan sonra yola çıxdı. Qalatiya və Frigiya bölgələrini gəzib dolaşaraq oradakı şagirdləri ruhən möhkəmləndirdi.
Apollo
24 Bu ərəfədə İsgəndəriyyədə doğulmuş Apollo adlı bir Yəhudi Efesə gəldi. Onun yaxşı natiqliyi var idi və Müqəddəs Yazıları çox yaxşı bilirdi, 25 Rəbb yolunda da təhsil almışdı. O, ruhda alışıb-yanaraq danışır və yalnız Yəhyanın vəftizindən xəbəri olduğu halda İsa ilə bağlı həqiqətləri doğru öyrədirdi. 26 O, sinaqoqda cəsarətlə danışmağa başladı. Ona qulaq asan Priskila ilə Akila onu yanlarına çəkib Allah yolu barədə daha dəqiq izahat verdilər. 27 Apollo Axayyaya getmək istəyəndə bacı-qardaşlar onu həvəsləndirdilər və oradakı şagirdlərə məktub yazdılar ki, onu yaxşı qarşılasınlar. Apollo oraya çatanda Allahın lütfü ilə iman edənlərə çox kömək etdi. 28 Belə ki Müqəddəs Yazılarla İsanın Məsih olduğunu sübuta yetirərək Yəhudilərin iddialarını açıq şəkildə və güclü surətdə inkar edirdi.
19
[redaktə]Efesdə
1 Apollo Korinfdə olarkən Paul daxili bölgələrdən keçərək Efesə gəldi və orada bir neçə şagirdlə rastlaşdı. 2 Onlara dedi: «İman etdiyiniz zaman Müqəddəs Ruhu aldınızmı?» Onlar dedilər: «Müqəddəs Ruhun mövcudluğundan belə, xəbərimiz yoxdur». 3 Paul onlardan soruşdu: «Elə isə nəyə əsasən vəftiz oldunuz?» Onlar cavab verdilər: «Yəhyanın vəftizinə əsasən». 4[127] Paul dedi: «Yəhyanın etdiyi vəftiz tövbə ilə bağlı bir vəftiz idi. Xalqı özündən sonra Gələnə, yəni İsaya iman etməyə çağırdı». 5 Onlar bunu eşidən kimi Rəbb İsanın adı ilə vəftiz oldular. 6 Paul əllərini onların üzərinə qoyanda Müqəddəs Ruh onların üzərinə endi və onlar başqa dillərdə danışmağa və peyğəmbərlik etməyə başladılar. 7 Onlar təxminən on iki kişi idi.
8 Sinaqoqa daxil olan Paul cəsarətlə danışmağa başladı. Üç ay ərzində onlarla mübahisələr aparır və Allahın Padşahlığı barədə onları inandırırdı. 9 Bəziləri inadkar olub inanmaq istəmir və xalqın qarşısında İsa yolunu[128] pisləməyə başlayırdı. Buna görə Paul onlardan ayrılıb şagirdlərini də götürüb apardı. O, Tiranın mühazirə otağında hər gün mübahisələr edirdi. 10 Bu vəziyyət iki il davam etdi. Nəhayət, istər Yəhudi, istərsə də Yunan – bütün Asiya vilayəti əhalisi Rəbbin kəlamını eşitdi.
11 Allah Paul vasitəsilə fövqəladə möcüzələr yaradırdı. 12 Belə ki Paulun bədəninə toxunan dəsmallar və belinə bağladığı önlüklər belə, götürülüb xəstələrin üstünə qoyulanda insanların xəstəlikləri yox olur, şər ruhlar çıxırdı. 13 Bəzi ətrafı gəzib-dolaşan Yəhudi cindarlar da şər ruhlara əsir olanlara Rəbb İsanın adını çəkərək deyirdilər: «Paulun vəz etdiyi İsanın adı ilə sizə əmr edirəm!» 14 Yəhudilərin Skeva adlı başçı kahinin yeddi oğlu bu işlə məşğul idi. 15 Bir dəfə şər ruh onlara cavab verdi: «İsanı tanıyıram, Paul haqqında da hər şey bilirəm. Bəs siz kimsiniz?» 16 Daxilində şər ruh olan adam onların üstünə hücum çəkdi, hamısını təpiyinin altına salaraq məğlub etdi. Belə ki onlar o evdən lüt-üryan və yaralı halda qaçdılar.
17 Bu xəbər Efesdə yaşayan bütün Yəhudilərə və Yunanlara çatdı. Hamısını bir vahimə bürüdü və Rəbb İsanın adının nüfuzu böyüdü. 18 İman edənlərin çoxu gəlib öz əməllərini açıq etiraf edirdi. 19 Cadugərliklə məşğul olan bir dəstə insan da öz kitablarını yığıb hamının qarşısında yandırdı. Kitablarının qiyməti hesablananda məlum oldu ki, əlli min gümüş pula bərabər idi. 20 Beləliklə, Rəbbin kəlamı qüdrətlə böyüyüb təsirini artırırdı.
21 Bunlar baş verəndən sonra Paul qərara gəldi ki, Makedoniya və Axayyadan keçərək Yerusəlimə getsin. O dedi: «Oraya gedəndən sonra gərək Romanı da görəm». 22 Xidmətçilərindən ikisini – Timoteylə Erastı Makedoniyaya göndərərək özü bir müddət Asiya vilayətində qaldı.
Efesdəki qarışıqlıq
23 O ərəfədə İsa yolu ilə bağlı böyük bir qarışıqlıq yarandı. 24 Dimitri adlı bir zərgər gümüşdən ilahə Artemidanın ev səcdəgahlarını düzəldirdi və sənətkarlara çoxlu gəlir gətirirdi. 25 O, sənətkarları və bu cür işlə məşğul olanları bir yerə toplayıb belə dedi: «Ay kişilər, bilirsiniz ki, gəlirimiz bu işdən asılıdır. 26 Amma bu Paul deyir ki, əl işi olan allahlar həqiqi allahlar deyil. Yalnız Efesdə deyil, demək olar ki, bütün Asiya vilayətində nə qədər insanı tovlayıb azdırdığını görmüsünüz və eşitmisiniz. 27 Onda böyük bir təhlükə ilə üzləşirik. Bu həm bizim sənətimizin nüfuzunu itirə bilər, həm də ulu ilahə Artemidanın məbədini gözdən sala bilər. Bununla da bütün Asiya vilayətinin və bütün dünyanın ibadət etdiyi Artemidanın ululuğu heçə çıxar».
28 Oradakılar bunu eşidəndə bərk hiddətləndilər və qışqıra-qışqıra dedilər: «Efes ilahəsi Artemida uludur!» 29 Şəhər bir-birinə qarışdı. Xalq Paulun yol yoldaşları olan Makedoniyalı Qayla Aristarxı tutub sürüyərək birlikdə teatra doluşdu. 30 Paul istədi ki, xalqın arasına girsin, amma şagirdlər onu buraxmadılar. 31 Hətta Paulun dostları olan Asiya vilayətinin sədrlərinin bəziləri də ona xəbər göndərib yalvardı ki, teatra ayaq basmasın. 32 Teatrdakı yığıncaqda aləm qarışmışdı, hər ağızdan bir avaz gəlirdi. Onların çoxu isə bilmirdi ki, buraya nə üçün gəlib. 33 Yəhudilər İsgəndəri qarşıya çıxaranda izdihamın içərisindən bəziləri hadisəni onunla əlaqələndirdi. O isə xalqın diqqətini cəmləşdirmək üçün əlini qaldırdı və onların qarşısında özünü müdafiə etmək istədi. 34 Amma xalq onun Yəhudi olduğunu biləndə bir səslə iki saata yaxın «Efes ilahəsi Artemida uludur!» deyə qışqırışdı. 35 İzdihamı sakitləşdirən şəhərin icra məmuru dedi: «Ey Efeslilər, kim bilmir ki, Efes şəhəri ulu Artemida məbədinin və göydən gələn heykəlinin keşikçisidir? 36 Bunları heç kim inkar edə bilməz. Buna görə sakit olmanız və fikirləşmədən bir iş görməməyiniz lazımdır. 37 Buraya gətirdiyiniz adamlar nə məbədimizi soydu, nə də ilahəmizi söydü. 38 Əgər Dimitrinin və onun sənətkar dostlarının kimdən şikayəti varsa, məhkəmələr açıqdır, valilər də var. Qoy bir-birlərini orada ittiham etsinlər. 39 Sizin araşdıracağınız başqa hallar varsa, bunun da qanuni bir yığıncaqda həll olması lazımdır. 40 Bugünkü hadisələrə görə üsyan qaldırdığımız üçün ittiham olunmaq təhlükəsi qarşısındayıq. Biz bu səbəbsiz iğtişaşa bəraət qazandıra bilmərik». 41 O bu sözləri deyərək yığıncağı dağıtdı.
20
[redaktə]Troasda
1 Hay-küy sakitləşəndən sonra Paul şagirdləri çağırıb ruhlandırdı. Sonra onlarla vidalaşaraq Makedoniyaya getmək üçün yola çıxdı. 2 O tərəfləri gəzib-dolaşaraq imanlılarla çoxlu söhbətlər aparıb onları ruhlandırandan sonra Yunanıstana getdi. 3 Orada üç ay qaldı və dəniz yolu ilə Suriyaya getmək istəyirdi ki, ona qarşı Yəhudilərin hazırladığı sui-qəsdə görə Makedoniya yolu ilə qayıtmaq qərarına gəldi. 4 Pir oğlu Veriyalı Sopater, Saloniklilərdən Aristarx və Sekund, Derbeli Qay, Timotey, Asiyalılardan Tixik və Trofim onu müşayiət edirdi. 5 Bunlar bizdən əvvəl gedib bizi Troasda gözlədilər. 6 Biz də Mayasız Çörək bayramından sonra Filipidən dəniz yolu ilə beş günə Troasa gələrək onlarla görüşdük. Orada yeddi gün qaldıq.
7 Həftənin ilk günündə[129] çörək bölmək üçün bir yerə yığıldığımız zaman Paul camaatla söhbət apardı. Ertəsi gün onlardan ayrılacaqdı, ona görə söhbəti gecə yarısına qədər davam etdirdi. 8 Toplandığımız yuxarı mərtəbədəki otaqda çoxlu çıraqlar yanırdı. 9 Eftik adlı bir yeniyetmə pəncərədə oturmuşdu. Paul söhbəti uzadanda Eftiki dərin yuxu apardı. Yuxuya gedən kimi o, üçüncü mərtəbədən aşağı düşdü və yerdən onu qaldıranda o, ölü vəziyyətində idi. 10 Paul aşağı enib yeniyetmənin üstünə əyildi və onu qucaqlayaraq dedi: «Narahat olmayın, indi canı sağdır». 11 Təkrar yuxarı qalxıb çörək böldü və yemək yedi. Gün doğana qədər onlarla uzun-uzadı söhbət aparandan sonra oradan ayrıldı. 12 Oğlanı sağ-salamat apardılar və bu hadisədən çox ruhlandılar.
13 Biz irəli gedərək gəmiyə mindik və Assosa tərəf üzdük. Çünki Paulu oradan götürməli idik. O, quru ilə getmək istədiyi üçün bunu belə nizamlamışdı. 14 O bizi Assosda qarşılayanda onu gəmiyə mindirdik və Mitiliniyə gəldik. 15 Oradan da dənizdən üzərək səhəri gün Xios adasının qarşısına və bir gündən sonra isə Samosa çatdıq. Ertəsi gün[130] Miletə gəldik. 16 Çünki Paul Asiya vilayətində vaxt itirməmək üçün Efesi ötüb keçmək qərarına gəlmişdi. O tələsirdi ki, imkan tapıb Əllinci Gün bayramında Yerusəlimdə olsun.
Paul Efes cəmiyyətinin ağsaqqalları ilə vidalaşır
17 Paul Miletdən Efesə xəbər göndərərək cəmiyyət ağsaqqallarını yanına çağırtdırdı. 18 Yanına gələndə onlara belə dedi: «Asiya vilayətinə qədəm basdığım birinci gündən bəri sizinlə olduğum dövrdən bu vaxta qədər özümü necə apardığım sizə məlumdur. 19 Yəhudilərin qəsd-qərəzi vasitəsilə sınaqlardan keçərkən Rəbbə tam itaətkarlıqla, göz yaşı içində qulluq edirdim. 20 Xeyirli olan hər şeyi sizə bəyan edərək istər açıq, istərsə də evdən-evə gəzib-dolaşaraq təlim verməkdən çəkinmədim. 21 Həm Yəhudiləri, həm də Yunanları tövbə edib Allaha tərəf dönməyə və Rəbbimiz İsaya iman gətirməyə çağırdım.
22 İndi də Ruhun təkidi ilə Yerusəlimə gedirəm və orada başıma nə gələcəyini bilmirəm. 23 Lakin Müqəddəs Ruh hər şəhərdə xəbərdarlıq edirdi ki, məni zəncirlər və əziyyətlər gözləyir. 24[131] Öz canıma heç əhəmiyyət vermirəm, onu qiymətləndirmirəm. Mənə kifayətdir ki, yolumu[132] – Rəbb İsanın mənə tapşırdığı kimi Allahın lütfünü göstərən Müjdəni şəhadətetmə xidmətini başa çatdırım.
25 İndi aranızda dolaşıb Padşahlıq barədə vəz etdiyim sizlərdən heç biriniz mənim üzümü bir də görməyəcək. 26 Ona görə bu gün bunu sizə bəyan etmək istəyirəm ki, mən təmizəm, heç kimin qanına bais olmamışam. 27 Çünki mən çəkinmədən Allahın bütün iradəsini sizə çatdırmışam. 28 Həm özünüzə, həm də Müqəddəs Ruhun sizi nəzarətçilər təyin etdiyi bütün sürüyə diqqətlə baxın. Allahın Öz Oğlunun qanı bahasına əldə etdiyi bu cəmiyyətini bəsləyin. 29 Bilirəm ki, mən gedəndən sonra sürüyə rəhm etməyən yırtıcı canavarlar aranıza soxulacaq. 30 Aranızdan təhrif edilmiş sözlər deyən, şagirdləri özlərinin ardınca çəkmək istəyən adamlar çıxacaq. 31 Buna görə oyaq olun. Üç il boyu, fasiləsiz, gecə-gündüz göz yaşı tökərək hər birinizə necə nəsihət verdiyimi yada salın.
32 İndi isə mən sizi Allaha və Onun lütfü barədəki kəlamına əmanət edirəm. Bu kəlam sizi inkişaf etdirib təqdis olunmuş bütün insanlar arasında irsə qovuşdurmağa qadirdir. 33 Mən heç kimin nə qızılına, nə gümüşünə, nə də pal-paltarına göz dikmişəm. 34 Siz də bilirsiniz ki, bu əllər həm mənim, həm də mənimlə olanların ehtiyaclarını təmin etdi. 35 Gördüyüm hər işdə Rəbb İsanın “vermək almaqdan daha çox bəxtiyarlıq gətirər” sözünü yaddan çıxarmayıb belə əmək sərf edərək zəiflərə kömək etməyin vacibliyini sizə göstərdim».
36 Paul bu sözləri söyləyəndən sonra diz çöküb onlarla birlikdə dua etdi. 37 Sonra hamısı ağlayaraq Paulun boynuna sarıldı və onu öpdü. 38 Onlar ən çox «mənim üzümü bir də görməyəcəksiniz» sözündən kövrəldilər. Sonra onu gəmiyə qədər yola saldılar.
21
[redaktə]Yerusəlimə səyahət
1 Onlardan ayrılıb dənizə çıxanda birbaşa Kosa getdik, səhəri gün isə Rodosa, oradan da Pataraya keçdik. 2 Finikiyaya gedən bir gəmi tapdıq və ona minib dənizlə getdik. 3 Kipri gördük və onun cənubundan keçdik. Suriya istiqamətinə getdik və Sur şəhərində sahilə çıxdıq. Gəmi yükünü orada boşaltmalı idi. 4 Orada şagirdləri axtarıb tapdıq və yanlarında bir həftə qaldıq. Şagirdlər Ruhun təsiri ilə Paula xəbərdarlıq etdilər ki, Yerusəlimə getməsin. 5 Amma oradakı günlərimiz başa çatanda bu şəhərdən çıxıb yolumuza davam etdik. İmanlıların hamısı öz arvad-uşaqları ilə bərabər bizi şəhərin kənarına qədər ötürdü və sahildə diz çökərək dua etdik. 6 Bir-birimizlə vidalaşandan sonra biz gəmiyə mindik, onlar da evlərinə qayıtdılar.
7 Surdan dəniz səyahətimizə davam edərək Ptolemaisə gəldik və orada imanlı bacı-qardaşlara baş çəkib bir gün yanlarında qaldıq. 8[133] Ertəsi gün onlardan ayrılıb Qeysəriyyəyə gəldik. Yeddi köməkçidən biri olan müjdəçi Filipin evinə gedib orada qaldıq. 9 Bu kişinin peyğəmbərlik edən dörd subay qızı var idi. 10[134] Oraya çatandan bir neçə gün sonra Yəhudeyadan Aqab adlı bir peyğəmbər gəldi. 11 O bizə yaxınlaşıb Paulun kəmərini götürüb öz əllərini və ayaqlarını bağlayaraq dedi: «Müqəddəs Ruh belə deyir: “Yəhudilər bu kəmərin sahibini Yerusəlimdə belə bağlayıb başqa millətlərə təslim edəcəklər”». 12 Bu sözləri eşidəndə həm biz, həm də oranın sakinləri Paula yalvardıq ki, Yerusəlimə getməsin. 13 Buna cavab olaraq Paul belə dedi: «Nə olub? Niyə ağlayıb ürəyimi sızladırsınız? Mən Rəbb İsanın adı uğrunda Yerusəlimdə təkcə əl-ayağımın bağlanmasına deyil, ölümə də hazıram». 14 Paulu razı sala bilmədikdə «Qoy Rəbbin iradəsi olsun!» deyərək susduq.
15 Bir müddət keçəndən sonra biz hazırlıq işlərini görüb Yerusəlimə tərəf getdik. 16 Qeysəriyyədə yaşayan şagirdlərin bəzisi də bizimlə birgə gəldi. Onlar bizi ilk şagirdlərdən biri olan Kiprli Minasonun evinə apardı, çünki biz onların evində qalacaqdıq. 17 Yerusəlimə çatanda imanlı bacı-qardaşlar bizi sevinclə qarşıladılar. 18 Ertəsi gün Paulla birlikdə Yaqubu görməyə getdik. Cəmiyyət ağsaqqallarının hamısı oraya yığılmışdı. 19 Paul onlardan hal-əhval tutandan sonra öz xidməti ilə əlaqədar olaraq Allahın başqa millətlər arasında gördüyü işlərdən ətraflı məlumat verdi. 20 Bunları eşidəndə Allahı izzətləndirdilər. Paula dedilər: «Görürsənmi, qardaş, Yəhudilər arasında on minlərlə imanlı var və hamısı Qanunun qeyrətini çəkir. 21 Onlar sənin barəndə xəbər tutublar ki, başqa millətlər arasında yaşayan bütün Yəhudilərə oğullarını sünnət etməyib adət-ənənələrimizə görə yaşamamağı və Musadan dönməyi öyrədirsən. 22 İndi nə edək? Mütləq[135] sənin bura gəldiyini eşidəcəklər. 23 Ona görə sənə dediklərimizə əməl et. Bizim aramızda əhd edən dörd kişi var. 24 Bunları yanına al və onlarla birgə paklanma mərasiminə qoşul. Başlarını qırxdırmaq üçün qurban xərclərini sən çək. Bununla da hamı biləcək ki, sənin haqqında eşitdikləri əsassızdır, sən də Qanuna riayət edirsən. 25[136] Başqa millətlərdən olan imanlılara gəlincə, biz qərara alıb onlara məktub vasitəsilə yazmışıq ki, bütlərə[137] təqdim olunan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməsinlər, həmçinin özlərini əxlaqsızlıqdan saxlasınlar». 26 Bundan sonra Paul bu dörd kişini yanına alıb ertəsi gün onlarla bərabər özünü pak etdi. Sonra məbədə girərək paklanma dövrünün nə vaxt qurtaracağını, hər birinin adına nə vaxt qurban təqdim ediləcəyini elan etdi.
Paulun həbsi
27 Yeddi günlük müddət qurtarmaq üzrə Asiya vilayətindən olan Yəhudilər Paulu məbəddə görəndə bütün izdihamı təşvişə salaraq onu yaxaladılar 28 və qışqırdılar: «Ey İsraillilər, kömək edin! Hər yerdə hər kəsə, xalqımıza, Qanuna və bu Müqəddəs məkana qarşı təlim öyrədən adam budur. Həmçinin məbədə bəzi Yunanları gətirərək bu Müqəddəs məkanı murdarladı». 29[138] Bu Yəhudilər Efesli Trofimi əvvəllər şəhərdə Paulun yanında gördükləri üçün elə bilirdilər ki, onu Paul məbədə gətirib. 30 Bütün şəhər oyandı. Camaat hər tərəfdən qaçıb-gələrək Paulu tutub məbəddən bayıra sürüdü. Dərhal məbəd qapıları bağlandı. 31 Onlar Paulu öldürməyə çalışırdılar ki, bütün Yerusəlimin təşvişə düşməsi xəbəri Roma alayının minbaşısına çatdırıldı. 32 Minbaşı dərhal yüzbaşılarla əsgərləri özü ilə götürərək izdiham olan yerə qaçdı. Minbaşı ilə əsgərləri görən camaat Paulu döyməyi dayandırdı. 33 O zaman minbaşı yaxına gəlib Paulu tutdu və əmr etdi ki, onu qoşa zəncirlə bağlasınlar. Sonra soruşdu: «Bu adam kimdir? Nə edib?» 34 İzdiham içində hər ağızdan bir avaz gəlir, qışqırışırdılar. Hay-küydən minbaşı heç nə müəyyənləşdirə bilmədi, ona görə Paulun qalaya aparılmasını əmr etdi. 35 Paul pilləkəndə olanda xalq elə qızışmışdı ki, əsgərlər onu əlləri üstündə aparmalı oldular. 36 Çünki izdiham onun ardınca düşüb qışqırırdı: «Öldürün onu!» Paulun özünü müdafiəsi
37 Paul qalaya gətirilməkdə ikən o, minbaşıdan soruşdu: «Səndən bir söz soruşmaq olar?» Minbaşı dedi: «Sən Yunan dilini bilirsən? 38 Sən bu yaxınlarda iğtişaş yaratmağa başlayan dörd min qatili[139] səhraya aparan Misirli deyilsənmi?» 39 Paul dedi: «Mən Yəhudiyəm, Kilikiyanın Tarsus şəhərindənəm, məşhur bir şəhərin vətəndaşıyam. Rica edirəm, bu xalqa bir neçə söz deməyə izin ver». 40 Minbaşı icazə verəndən sonra Paul pilləkənlərin üstünə çıxıb diqqəti cəlb etmək üçün xalqa əli ilə işarə etdi. Dərin sükut çökəndə İbrani dilində danışmağa başlayaraq dedi:
22
[redaktə]1 «Qardaşlar və atalar, indi mənim özümü müdafiəmə qulaq asın!» 2[140] Paulun onlarla ibranicə danışdığını eşidəndə daha dərin sükut yarandı.
Paul sözünə davam etdi: 3 «Mən bir Yəhudiyəm, Kilikiyanın Tarsus şəhərində doğuldum. Bu Yerusəlim şəhərində isə böyüyüb Qamlielin yanında ata-babalarımızın Qanununa bağlı ciddi bir təlim almışam. Hamınızın bu gün etdiyi kimi mən də Allah naminə qeyrət çəkirdim. 4[141] İsa yolunda[142] olanları ölüncəyə qədər təqib edərdim və qadın-kişi bilmədən onların əl-qolunu bağlayıb zindana salardım. 5 Mənim dediklərim barədə baş kahin və bütün ağsaqqallar məclisi də şəhadət edə bilər. Hətta mən onlardan Dəməşqdəki soydaşlarımıza yazılmış bir məktub alaraq oradakı İsa yolunda olanların əl-qolunu bağlayıb cəzalandırmaq üçün Yerusəlimə gətirməyə gedirdim.
6 Mən günortaya yaxın yolda, Dəməşqə yaxınlaşmaqda ikən birdən-birə göydən böyük bir işıq ətrafımda parladı. 7 Mən yerə yıxıldım və eşitdim ki, bir səs mənə belə deyir: “Şaul, Şaul, niyə Məni təqib edirsən?” 8 Mən soruşdum: “Ey Ağam, Sən kimsən?” Səs mənə dedi: “Mən sənin təqib etdiyin Nazaretli İsayam”. 9 Yanımdakılar işığı görsələr də,[143] mənimlə danışanın səsini eşitmədilər. 10 Mən dedim: “Ya Rəbb, mən nə edim?” Rəbb mənə dedi: “Qalx, Dəməşqə get, icra etməyin üçün təyin edilən hər şey orada sənə deyiləcək”. 11 O işığın parlaqlığından gözlərim tutuldu. Yanımda olanlar əllərimdən tutub məni Dəməşqə apardılar.
12 Orada Xananya adlı bir mömin kişi var idi. Bu adam Qanuna əməl edir və o şəhərdə yaşayan Yəhudilər arasında hörmət sahibi idi. 13 O mənim yanıma gəlib dedi: “Qardaşım Şaul, qoy gözlərin açılsın”. Dərhal gözlərim açıldı və onu gördüm. 14 O mənə dedi: “Ata-babalarımızın Allahı səni seçdi ki, Onun iradəsini biləsən və Saleh Olanı görüb ağzından bir səs eşidəsən. 15 Çünki görüb-eşitdiklərini bütün insanlara yayaraq Onun üçün şəhadət edəcəksən. 16 İndi nə gözləyirsən? Qalx, vəftiz ol və Onun adını çağıraraq günahlarını yu”.
17 Mən Yerusəlimə qayıdıb məbəddə dua etməkdə idim ki, fikrimi bir görüntü apardı 18 və Rəbbi gördüm. O mənə dedi: “Tez ol, dərhal Yerusəlimi tərk et, çünki Mənim barəmdə etdiyin şəhadəti qəbul etməyəcəklər”. 19 Mən dedim: “Ya Rəbb, bilirlər ki, mən sinaqoqdan-sinaqoqa gedərək Sənə iman edənləri həbs edir və döyürdüm. 20<refHətta Sənin uğrunda şəhid olan Stefanın qanı töküləndə mən də orada idim. Edilənlərə razı olub onu öldürənlərin üst geyimlərini qoruyurdum”. 21 Rəbb də mənə dedi: “Get, Mən səni uzaqlara, başqa millətlərin yanına göndərəcəyəm”».
Roma vətəndaşı Paul
22 Paula buraya qədər qulaq asanlar bu sözdən sonra haray salıb dedilər: «Beləsini yer üzündən silib-atmaq lazımdır! O yaşamağa layiq deyil!» 23 Onlar belə hay-küy qopararaq paltarlarını yelləyib havaya toz qaldıranda 24 minbaşı əmr etdi ki, Paulu qalaya salsınlar. Onların niyə belə hay-küy qoparmalarının səbəbini bilmək üçün onu qamçılatmaqla sorğuya çəkmək istədi. 25 Onu qamçılatmaq üçün bağlayanda Paul orada dayanan yüzbaşıya dedi: «Məhkum olmamış Roma vətəndaşını qamçılatmağa icazəniz varmı?» 26 Yüzbaşı bunu eşidən kimi minbaşının yanına gəlib xəbər verərək dedi: «Nə edəcəksən? Bu adam Roma vətəndaşıdır». 27 Minbaşı Paulun yanına gəlib soruşdu: «De görək, sən Roma vətəndaşısan?» Paul dedi: «Bəli». 28 Minbaşı cavabında «mən nə qədər pula bu vətəndaşlığı əldə etmişəm» dedi. Paul isə «amma mən doğulandan Roma vətəndaşıyam» dedi. 29 Onu sorğuya çəkmək istəyənlər dərhal onun yanından geri çəkildilər. Minbaşı qollarını bağladığı Paulun Roma vətəndaşı olduğunu öyrənərkən qorxdu.
Paul Ali Şuranın qarşısında
30 Minbaşı ertəsi gün Yəhudilərin Paulu nədə ittiham etdiklərini dəqiq öyrənmək istədi. Ona görə Paulu azad etdi. Minbaşı əmr verdi ki, başçı kahinlərlə bütün Ali Şura toplaşsın. Sonra Paulu aşağı endirib onların qarşısına gətirdi.
23
[redaktə]1 Ali Şuranı diqqətlə nəzərdən keçirən Paul dedi: «Qardaşlar, mən bu günəcən Allahın qarşısında təmiz vicdanla yaşamışam». 2 Baş kahin Xananya Paulun yanında duranlara əmr etdi ki, onun ağzından vursunlar. 3[144] Bundan sonra Paul ona dedi: «Ey üzü ağardılan divar, səni Allah vuracaq! Həm oturub Qanuna əsasən məni mühakimə edirsən, həm də Qanunu pozaraq məni döymək üçün əmr verirsən». 4 Yanında duranlar ona dedilər: «Sən Allahın baş kahinini söyürsən?» 5[145] Paul dedi: «Qardaşlar, onun baş kahin olduğunu bilmirdim. Əlbəttə, “xalqın başçısı barədə pis söz demə” deyə yazılıb».
6[146] Onların bir hissəsinin sadukey, digər hissəsinin isə farisey olduğunu bilən Paul Ali Şuraya nida etdi: «Ey qardaşlar, mən farisey oğlu fariseyəm. Ölülərin dirilməsinə ümid bəslədiyim üçün burada mühakimə olunuram». 7 Paulun bu sözündən sonra fariseylərlə sadukeylər arasında çəkişmə başladı və toplantı iki hissəyə ayrıldı. 8[147] Çünki sadukeylər iddia edirlər ki, ölümdən dirilmə, mələk və ruh yoxdur. Əksinə, fariseylər bunların hamısına inanırlar. 9 Toplantıda böyük bir hay-küy yarandı. Farisey tərəfini tutan bəzi ilahiyyatçılar qalxıb dava yaradaraq belə deyirdilər: «Bu adamda heç bir günah görmürük. Nə olsun ki, onunla bir ruh və yaxud mələk danışıb.»[148] 10 Çəkişmə o qədər qızışdı ki, minbaşı onların Paulu parçalayacağından qorxdu. O, əsgərlərə əmr etdi ki, aşağı enib Paulu zorla onların arasından çıxararaq qalaya aparsınlar.
11 O gecə Rəbb Paulun yanında dayanıb dedi: «Cəsarətli ol, Yerusəlimdə Mənim haqqımda etdiyin şəhadəti Romada da etməyin lazımdır». Paula qarşı sui-qəsd
12 Səhər açılanda Yəhudilər öz aralarında Paula sui-qəsd hazırlayaraq and içdilər: «Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!» 13 Bu sui-qəsdə qoşulanların sayı qırxdan artıq idi. 14 Bu adamlar başçı kahinlərlə ağsaqqalların yanına gəlib belə dedilər: «Biz qəti and içmişik: “Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!” 15 İndi siz Ali Şura ilə birgə guya Paulun işinə daha dəqiq baxmaq istəyərək minbaşıdan xahiş edin ki, onu yanınıza gətirsin. Paul buraya gəlməmiş biz onu öldürməyə hazır olacağıq». 16 Lakin Paulun bacısı oğlu onların pusqu qurduqlarını eşidib qalaya girdi və Paula xəbər verdi. 17 Paul yüzbaşılardan birini yanına çağırıb dedi: «Bu cavanı minbaşının yanına apar, ona çatdırılası bir xəbəri var». 18 Yüzbaşı cavanı götürüb minbaşının yanına apardı və dedi: «Məhbus Paul məni çağırıb xahiş etdi ki, bu oğlanı sənin yanına aparım. Sənə bir sözü var». 19 Minbaşı cavanın əlindən tutub bir tərəfə çəkdi və soruşdu: «Mənə nə demək istəyirsən?» 20 Cavan dedi: «Yəhudilər belə razılığa gəlib ki, guya Paulun işinə daha dəqiq baxmaq istəyirlər, ona görə sabah səndən onun Ali Şuraya gətirilməsini xahiş edəcəklər. 21 Amma sən onların sözünə qulaq asma, çünki qırx nəfərdən artıq kişi “Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!” deyə and içib pusquda gözləyir. Onlar hazır dayanıb sənin razılığını gözləyirlər». 22 Minbaşı ona belə tapşırdı: «Bunları mənə xəbər verdiyini heç kimə demə». Sonra oğlanı evə göndərdi.
Paul Qeysəriyyəyə göndərilir
23 Minbaşı yüzbaşılardan ikisini yanına çağırıb belə dedi: «Gecənin üçüncü saatı[149] Qeysəriyyəyə getmək üçün iki yüz piyada, yetmiş atlı və iki yüz nizəçi hazırlayın. 24 Həmçinin minmək üçün heyvanlar gətirin və Paulu sağ-salamat vali Feliksə çatdırın». 25 Sonra bu cür məktub yazdı:
- 26 «Möhtərəm vali Feliksə Klavdi Lisiyadan salamlar!
27 Bu kişini Yəhudilər tutub öldürmək istəyirdi. Mən biləndə ki bu adam Roma vətəndaşıdır, özümü yetirib əsgərlərlə onu xilas etdim. 28 Onu nədə təqsirləndirmələrini bilmək üçün Yəhudilərin Ali Şurasının qarşısına çıxartdım. 29 Öyrəndim ki, onu özlərinin Qanunu ilə bağlı məsələlərdə ittiham edirlər, amma ona ölüm yaxud həbsə layiq cəza vermək üçün heç bir əsas yoxdur. 30 Mənə çatdırılanda ki bu kişiyə qarşı bir sui-qəsd qurulub, dərhal onu sənin yanına göndərdim. Onu ittiham edənlərin də şikayətlərini sənə bildirmələrini əmr etdim».[150]
31 Əsgərlər onlara verilən əmrə əməl edərək gecə ikən Paulu götürüb Antipatrisə apardılar. 32 Ertəsi gün atlıları Paulla birlikdə yollarına davam etmək üçün ötürəndən sonra qalaya qayıtdılar. 33 Atlılar Qeysəriyyəyə çatan kimi məktubu valiyə verəndə Paulu da ona təslim etdilər. 34 Vali məktubu oxuyandan sonra Paulun hansı vilayətdən olduğunu soruşdu. Öyrənəndə ki Kilikiyadandır, 35 belə dedi: «Səni ittiham edənlər gələndə sənin işinə baxacağam». Bundan sonra əmr verdi ki, Paulu Hirod sarayında nəzarət altında saxlasınlar.
24
[redaktə]Paul vali Feliksin qarşısında
1 Bundan beş gün sonra baş kahin Xananya, bəzi ağsaqqallar və Tertul adlı bir vəkil Qeysəriyyəyə gəlib Pauldan edilən şikayətləri valiyə çatdırdı. 2 Paul çağırılanda Tertul onu ittiham etməyə başladı: «Möhtərəm Feliks, sənin sayəndə uzun müddətdir ki, əmin-amanlıq içində yaşamaqdayıq. Sənin uzaqgörənliyinlə bu millət üçün keçirdiyin islahatları 3 hər yerdə, hər zaman dərin minnətdarlıqla qəbul edirik. 4 Vaxtınızı çox almaq istəmirəm. Rica edirəm, lütfkarlığınla bizi bir qədər dinlə. 5 Bizim gəldiyimiz nəticəyə görə bu kişi dünyanın hər yerində olan Yəhudilər arasında iğtişaşlar salan bir araqarışdırandır. O, Nəsrani[151] təriqətinin başçılarındandır. 6 Bu insan hətta məbədi murdarlamağa çalışdı, amma biz onu yaxaladıq. 7 8 Onu[152] istintaq etsən, bütün bu ittihamlarımızın doğru olduğunu özündən öyrənə bilərsən». 9 Oradakı Yəhudilər də deyilənlərin doğru olduğunu təsdiqləyərək bu işə qoşuldu.
10 Vali Paula işarə verəndə o cavab verdi: «Bilirəm ki, sən neçə illərdir bu millətin hakimisən. Buna görə sənin qarşında özümü müdafiə etməyimə sevinirəm. 11 Sən özün də öyrənə bilərsən ki, ibadət etmək məqsədi ilə Yerusəlimə gedişimdən bu yana sadəcə on iki gün keçib. 12 Bu adamlardan heç biri görməyib ki, mən məbəddə, sinaqoqlarda yaxud şəhərin hansısa bir yerində kiminləsə mübahisə edim və yaxud camaatı təşvişə salım. 13 Bu anda mənə qarşı etdikləri ittihamları sənin hüzurunda sübut edə bilmirlər. 14 Lakin ata-babalarımızın Allahına onların təriqət adlandırdığı İsa yolunun[153] ardıcılı olaraq ibadət etdiyimi sənin qarşında iqrar edirəm. Qanunda olan və Peyğəmbərlərin kitablarında yazılan hər şeyə inanıram. 15 Eyni ilə bu adamların qəbul etdikləri kimi həm saleh, həm də saleh olmayan insanların diriləcəyinə dair Allaha ümid bəsləyirəm. 16 Bu məqsədlə mən istər Allah, istərsə də insanların qarşısında hər zaman vicdanımın təmiz olması üçün çalışıram. 17[154] Uzun illərdən sonra millətimə yardım və hədiyyələr vermək üçün Yerusəlimə gəldim. 18 Bununla məşğul olarkən məni məbəddə paklanmış olaraq tapdılar. Ətrafımda nə izdiham, nə də hay-küy var idi. 19 Lakin Asiya vilayətindən bəzi Yəhudilər orada idi. Onlar buraya – sənin hüzuruna gəlməli və məndən şikayətləri varsa, ittihamlarını göstərməlidirlər. 20 Yaxud özləri desinlər ki, Ali Şuranın qarşısında dayandığım vaxt hansı haqsızlığı üzə çıxartdılar. 21[155] Onların qarşısında dayananda nida edərək belə demişdim və yalnız bunda mənim haqsız olduğumu hesab edə bilərlər: “Bu gün mən ölülərin dirilməsi məsələsinə görə önünüzdə mühakimə olunuram”».
22 İsa yolu[156] barədə dəqiq məlumatı olan Feliks bu işi təxirə salıb dedi: «İşiniz barədə minbaşı Lisiya gələndən sonra qərarımı verəcəyəm». 23 Oradakı yüzbaşıya əmr verdi ki, Paulu nəzarət altında saxlasın, lakin sərbəstlik versin və ona xidmət edən dostlarına maneçilik yaratmasın.
24 Bir neçə gün keçəndən sonra vali Feliks Yəhudi arvadı Drusilla ilə birlikdə gəlib Paulu çağırtdırdı və onun Məsih İsaya olan imanından danışdıqlarına qulaq asdı. 25 Paul salehlik, nəfsə hakim olma və gələcək mühakimədən söhbət edəndə Feliks qorxuya düşdü və dedi: «Bəsdir, indi get, imkan olanda yenə səni çağırtdıracağam». 26 Digər tərəfdən də Pauldan[157] rüşvət umurdu. Ona görə tez-tez Paulu yanına çağırtdırır və onunla söhbət edirdi.
27 İki il keçəndən sonra Feliks öz vəzifəsini Porki Festə təhvil verdi. Feliks Yəhudilərin rəğbətini qazanmaq üçün Paulu həbsdə qoyub getdi.
25
[redaktə]Festin qarşısında olan məhkəmə
1 Vilayətə çatandan üç gün sonra Fest Qeysəriyyədən Yerusəlimə getdi. 2 Başçı kahinlərlə Yəhudilərin nüfuzlu adamları Paulla bağlı şikayətlərini ona açıqladılar. 3 Onlara bir yaxşılıq etsin deyə Festə yalvararaq Paulun Yerusəlimə gətirilməsini xahiş etdilər, çünki onu öldürmək üçün yolda pusqu qururdular. 4 Fest cavab verdi: «Paul Qeysəriyyədə həbsdədir və tezliklə özüm də oraya gedəcəyəm. 5 Aranızda səlahiyyəti olanlar mənimlə getsin və əgər bu kişi haqsızlıq edibsə, onu ittiham etsin».
6 Fest onların yanında səkkiz ya on gündən artıq qalmadı və Qeysəriyyəyə qayıtdı. Ertəsi gün hökm kürsüsünə çıxıb Paulun gətirilməsini əmr etdi. 7 Paul içəri girəndə Yerusəlimdən gələn Yəhudilər onun ətrafını bürüdü və onun barəsində dəlil-sübutsuz bir çox ağır ittihamlar irəli sürdülər. 8 Paul «nə Yəhudilərin Qanununa, nə məbədə, nə də qeysərə qarşı heç bir günah işlətməmişəm» deyərək özünü müdafiə etdi. 9 Yəhudilərin rəğbətini qazanmaq üçün Fest Paula belə dedi: «Bu iş üzrə mənim qarşımda mühakimənin Yerusəlimdə olmasını istəyirsənmi?» 10 Paul dedi: «Mən qeysərin hökm kürsüsünün qarşısında dayanmışam. Mənim məhkəməm burada olmalıdır. Sən özün də yaxşı bilirsən ki, Yəhudilərə qarşı heç bir haqsızlıq etməmişəm. 11 Əgər haqsızlıq etmişəmsə, ölüm cəzasına layiq bir iş tutmuşamsa, ölümdən qaçmıram. Yox, əgər bunların ittihamları əsassızdırsa, məni onların əlinə təslim etmək üçün heç kimin səlahiyyəti yoxdur. Mən qeysərin məhkəməsinə müraciət etmək istəyirəm». 12 Fest öz məsləhət şurası ilə müşavirə keçirəndən sonra cavab verdi: «Sən qeysərin məhkəməsinə müraciət etmək istədiyin üçün qeysərin yanına gedəcəksən».
Fest Padşah Aqrippa ilə danışır 13 Bir neçə gündən sonra padşah Aqrippa ilə Berniki[158] Festi təbrik etmək üçün Qeysəriyyəyə gəldi. 14 Bir müddət orada qaldılar. Fest bu ərəfədə Paulun işini padşaha danışdı. O dedi: «Bir kişi var, Feliks onu məhbus saxlayaraq gedib. 15 Yerusəlimdə olduğum ərəfədə Yəhudilərin başçı kahinləri ilə ağsaqqalları onunla bağlı şikayətlərini açıqladı və onu cəzalandırmağımı istədi. 16 Mən dedim ki, ittiham edilən şəxsi ittihamçılarla üzləşdirmədən, ona edilən ittihamlara müdafiə imkanı vermədən, onlara[159] təslim etmək Romalıların adətinə xas deyil. 17 Onlar mənimlə buraya toplananda heç bir vaxt itirmədən ertəsi gün hökm kürsüsünə çıxıb bu kişinin gətirilməsini əmr etdim. 18 Amma ittihamçılar qalxıb danışanda mənim gözlədiyim cinayətlərin heç biri ilə onu təqsirləndirmədilər. 19 Lakin onunla öz dinləri barədə bir neçə məsələ qaldırdılar. Bunlar ölmüş və Paulun iddiasına görə sağ olan İsa adlı bir şəxslə bağlı məsələlərdir. 20 Bunları necə tədqiq edəcəyimdən şübhələndiyim üçün ondan soruşdum ki, Yerusəlimə gedib bu iş üçün orada mühakimə olmağa razıdır ya yox. 21 Amma Paul imperatorun məhkəməsinə müraciət etmək və bu olana qədər həbsdə qalmaq istədi. Mən də onu qeysərin yanına göndərəcəyim zamanacan həbsdə qalması barədə əmr verdim». 22 Aqrippa Festə dedi: «Bu adama mən də qulaq asmaq istəyirəm». Fest dedi: «Sabah qulaq asarsan». Paul padşah Aqrippanın qarşısında 23 Ertəsi gün Aqrippa ilə Berniki təntənəli surətdə gəlib minbaşılar və şəhərin nüfuzlu şəxsləri ilə birlikdə iclas otağına daxil oldular. Festin əmrinə əsasən Paulu içəri gətirdilər. 24 Fest dedi: «Ey padşah Aqrippa və burada bizimlə olan bütün cənablar, istər Yerusəlimdə, istərsə də burada, bütün Yəhudi xalqının şikayət etdiyi bu insanı görürsünüzmü? “Bu adam daha yaşamamalıdır!” deyə Yəhudilər hay-küy salırdı. 25 Amma mən nəticəyə gəldim ki, bu adam ölümə layiq heç bir iş görməyib. Lakin imperatorun məhkəməsinə müraciət etmək istədiyinə görə onu göndərmək qərarına gəldim. 26 Amma onun barəsində qəti bir sözüm yoxdur ki, cənabıma yazam. Ona görə də onu sizin qarşınıza, xüsusən, padşah Aqrippa, sənin qarşına çıxarıram ki, bu işin istintaqından sonra yazmağa sözüm olsun. 27 Çünki bir məhbusu imperatorun qarşısına göndərəndə ona edilən ittihamları göstərməmək mənə məntiqsiz göründü».
26
[redaktə]1 Aqrippa Paula dedi: «Özünü müdafiə edə bilərsən». Onda Paul əl hərəkəti ilə özünü müdafiəyə başladı: 2 «Padşah Aqrippa, Yəhudilərin məni ittihamlandırdığı hər şeyə görə bu gün sənin hüzurunda özümü müdafiə edəcəyim üçün özümü xoşbəxt sayıram. 3 Çünki bütün Yəhudi adət-ənənələrinə və mübahisələrinə yaxşı bələdsən. Ona görə rica edirəm, mənə səbirlə qulaq as.
4 Bütün Yəhudilər bilir ki, əzəldən, lap cavanlığımdan bəri həm öz elimdə, həm də Yerusəlimdə necə həyat sürmüşəm. 5[160] Məni əvvəldən tanıyırlar, bilirlər ki, keçmişdə dinimizin ən ciddi təriqəti olan farisey təriqətinə necə bağlı yaşayırdım. İstəsələr, bu barədə şəhadət edə bilərlər. 6 İndi isə Allahın ata-babalarımıza verdiyi vədin həyata keçməsinə ümid bağladığım üçün burada dayanıb mühakimə olunuram. 7 Xalqımızın on iki qəbiləsi də gecə-gündüz Allaha sidq ürəkdən ibadət edə-edə həmin şeyə ümid bəsləyir. Ey padşah, Yəhudilər məni bu ümidə görə ittiham edirlər. 8 Niyə Allahın ölüləri diriltməsi aranızda inanılmaz bir şey sayılır?
9[161] Doğrusu, mən buna əmin olmuşdum ki, Nazaretli İsanın adı əleyhinə əlimdən gələni etməliyəm. 10 Yerusəlimdə də bunu edirdim. Başçı kahinlərdən aldığım səlahiyyətə əsasən nə qədər müqəddəsi zindanlara saldırdım və edam olunanda onların əleyhinə səs verdim. 11 Bütün sinaqoqları gəzib-dolaşaraq onları tez-tez cəzalandırır və öz etiqadlarına küfr etməyə məcbur edirdim. Mən elə dəli olmuşdum ki, onları ölkə xaricində olan şəhərlərdə belə, təqib edirdim.
12 Bu iş üçün başçı kahinlərdən aldığım səlahiyyət və tapşırıqla Dəməşqə tərəf yola çıxdım. 13 Ey padşah, günorta vaxtı yol gedirdim ki, göydən məni və yoldaşlarımı hər tərəfdən nurlandıran günəşdən daha parlaq bir işıq gördüm. 14 Hamımız yerə yıxıldıq. Bir səsin mənə İbrani dilində dediyini eşitdim: “Şaul, Şaul, niyə Məni təqib edirsən? Bizin ucuna təpik vurmaq sənə zərər verər”. 15 Mən dedim: “Ey Ağam, Sən kimsən?” Rəbb cavab verdi: “Mən sənin təqib etdiyin İsayam. 16 Qalx ayağa və dur. Mən ona görə sənə göründüm ki, səni xidmətçi və haqqımda gördüyün, sənə göstərəcəyim şeylərin şahidi olmağa təyin edim. 17 Səni öz xalqından, həm də başqa millətlərin əlindən qurtaracağam. Səni o millətlərin yanına göndərirəm ki, 18 onların gözlərini açıb qaranlıqdan işığa, Şeytanın hakimiyyətindən Allaha tərəf döndərəsən. Belə ki onlar günahlarının bağışlanmasına və Mənə iman etməklə təqdis olunanlar arasında irsə nail olsunlar”. 19 Buna görə mən, ey padşah Aqrippa, bu səmavi görüntüyə itaətsizlik etmədim. 20[162] Əvvəlcə Dəməşqin, sonra Yerusəlimin və bütün Yəhudeya bölgəsinin əhalisini, başqa millətləri də tövbə edib Allaha tərəf dönməyə və bu tövbəyə uyğun tərzdə iş görməyə çağırdım. 21 Yəhudilər buna görə məni məbəddə tutub öldürməyə cəhd göstərirdilər. 22 Amma bu günə qədər Allah mənim dayağımda durdu və bunun sayəsində burada durub böyükdən kiçiyə qədər hamıya şəhadət edirəm. Mənim dediklərim peyğəmbərlərin və Musanın əvvəlcədən xəbər verdiyi hadisələrdən başqa bir şey deyil. 23[163] Onlar bildirib ki, Məsih əzab çəkəcək və ölümdən dirilənlərin birincisi olacaq, həm Öz xalqına, həm də başqa millətlərə nur doğduğunu elan edəcək».
24 Paul özünü bu cür müdafiə edəndə Fest bərkdən dedi: «Paul, dəlilik edirsən, çox oxumaqdan başın xarab olub». 25 Paul dedi: «Hörmətli Fest, mən dəlilik etmirəm, həqiqəti və ağla batan sözləri danışıram. 26 Padşahın bu barədə məlumatı olduğu üçün onunla cəsarətlə danışıram. Əminəm ki, olanların heç biri padşahın nəzərindən qaçmayıb. Çünki bu işlər künc-bucaqda görülən işlər deyil. 27 Padşah Aqrippa, sən peyğəmbərlərə inanırsanmı? Bilirəm ki, inanırsan». 28 Aqrippa Paula dedi: «Bu az müddətdə məni də inandıraraq məsihçi edəcəksən?» 29 Paul dedi: «İstər az, istər çox müddət olsun, Allahdan istəyirəm ki, təkcə sən yox, bu gün mənə qulaq asan hər bir adam bu zəncirlərdən başqa mənim kimi olsun!»
30 Sonra padşah, vali, Berniki və onlarla birlikdə oturanlar qalxdılar. 31 Bayıra çıxanda aralarında belə danışdılar: «Bu adam ölümə yaxud həbsə layiq bir şey etmir». 32 Aqrippa da Festə dedi: «Bu adam qeysərin məhkəməsinə müraciət etmək istəməsəydi, azad edilə bilərdi».
27
[redaktə]Paul Romaya doğru yola çıxır
1 İtaliyaya doğru yelkən açmağa qərar veriləndə Paulu və bəzi başqa məhbusları İmperator alayından Yuli adlı bir yüzbaşıya təhvil verdilər. 2 Asiya vilayətinin sahilindəki limanlara gedən bir Edremit gəmisinə minərək dənizlə getdik. Salonikdən Makedoniyalı Aristarx da yanımızda idi. 3 Ertəsi gün Sidona çatdıq. Paulla dost kimi rəftar edən Yuli ona izin verdi ki, lazımi kömək almaq üçün dostlarının yanına getsin. 4 Oradan yenə dənizlə getdik. Küləklər bizə əks istiqamətdə əsdiyi üçün Kipri külək tutmayan tərəfdən keçdik. 5 Dəniz yolu ilə Kilikiya və Pamfiliyanı keçib Likiyanın Mira şəhərinə gəldik. 6 Yüzbaşı orada İtaliyaya gedən bir İsgəndəriyyə gəmisi tapıb bizi o gəmiyə mindirdi. 7 Xeyli gün aşağı sürətlə, çətinliklə üzərək Knid şəhərinin qarşısına çatdıq. Külək bizə yol vermədiyi üçün Salmoni burnundan dolanaraq Kritin külək tutmayan tərəfi ilə getdik. 8 Sahil boyunca çətinliklə irəliləyərək Laseya şəhəri yaxınlığındakı Gözəl Limanlar adlanan körfəzə gəlib-çatdıq.
9 Xeyli vaxt itirmişdik, hətta oruc günü[164] də keçib-getmişdi. Artıq bu mövsümdə dəniz yolu ilə getmək təhlükəli idi. Odur ki, Paul onlara xəbərdarlıq edərək 10 dedi: «Ağalar, görürəm ki, bu səfər yalnız yük və gəmiyə deyil, canımıza da çox ziyan və bəla gətirəcək». 11 Lakin yüzbaşı Paulun dediklərini dinləməkdənsə gəmi sükançısının və sahibinin sözlərinə uydu. 12 Liman qışlamaq üçün əlverişsiz idi. Buna görə gəmidəkilərin əksəriyyəti oradan dənizə çıxıb imkan olarsa, Finiksə çataraq qışı orada keçirmək qərarına gəldi; Finiks Kritdə olan, cənub-qərbə və şimal-qərbə baxan bir liman idi.
Fırtına
13 Cənubdan zəif bir külək əsməyə başlayanda gözlədikləri anın gəldiyini zənn edərək lövbərləri çıxartdılar. Krit sahili boyu üzərək irəlilədilər. 14 Amma çox keçmədi ki, qurudan Evrakilon[165] fırtınası qopdu. 15 Fırtınaya düşən gəmi küləyə müqavimət göstərə bilmirdi, əlacsız qaldıq və külək bizi aparırdı. 16 Qavda adlı kiçik bir adanın külək zəif tutan tərəfinə düşəndə gəminin qayığını güclə qurtara bildik. 17 Qayığı yuxarı çəkəndən sonra gəminin kəndirlərini onun altından dolayıb bağlayaraq tədbir gördülər. Sirt körfəzində saya oturmaqdan qorxub ləngəri aşağı saldılar və gəmi sürüklənməyə başladı. 18 Fırtına bizi bir xeyli çalxaladı. Ertəsi gün gəminin yükünü atmağa başladılar. 19 Üçüncü gün isə öz əlləri ilə gəminin təchizatını atdılar. 20 Günlərlə nə günəş, nə də ulduzlar göründü. Fırtına da o qədər şiddətlə davam edirdi ki, artıq bundan xilas olmağa ümidimiz qalmamışdı.
21 Adamlar uzun müddət yemək yemədikdə Paul ortada durub dedi: «Ağalar, gərək siz mənə qulaq asıb Kritdən çıxmayaydınız və bu ziyana, bu bəlaya düşməyəydiniz. 22 İndi sizə öyüd verərək deyirəm: ürəkli olun, çünki heç biriniz canını itirməyəcək, yalnız gəmi məhv olacaq. 23 Çünki mənsub olub ibadət etdiyim Allahın bir mələyi bu gecə yanıma gəlib dedi: 24 “Qorxma, Paul, sənin qeysərin qarşısına çıxmağın lazımdır. Səninlə birgə gəmidə olanların hamısını da Allah sənə bağışladı”. 25 Ay ağalar, buna görə ürəkli olun! Allaha inandığıma görə bilirəm ki, hər şey mənə deyilən kimi olacaq. 26 Amma bizə bir adaya düşmək lazımdır».
Gəmi quruda oturur
27 On dördüncü gecə idi ki, biz İoniya dənizində sürüklənirdik. Gecə yarısına yaxın gəmiçilər hiss etdilər ki, quruya yaxınlaşırlar. 28 Suyun dərinliyini ölçəndə gördülər ki, iyirmi qolacdır.[166] Bir az gedəndən sonra bir daha ölçdülər və gördülər ki, on beş qolacdır. 29 Qayalığa çıxmaqdan qorxaraq gəminin dal tərəfindən dörd lövbər atıb sabahın açılması üçün dua etdilər. 30 Belə olanda gəmiçilər qaçmağa çalışıb gəminin qabaq hissəsindən lövbərlər salmaq bəhanəsi ilə qayığı dənizə endirdilər. 31 Amma Paul yüzbaşıya və əsgərlərə dedi: «Bunlar gəmidə qalmasalar, siz xilas ola bilməzsiniz». 32 Bundan sonra əsgərlər qayığın iplərini kəsib onu dənizə saldılar.
33 Dan yeri söküləndə Paul hamıya yemək yeməyi təkid edərək dedi: «Bu gün on dörd gündür ki, nigarançılıq içindəsiniz və heç nə yemədiyinizə görə acsınız. 34 Bunun üçün sizdən xahiş edirəm ki, yemək yeyəsiniz. Bu, xilasınız üçün lazımdır. Heç birinizin başından bir tük belə, əskik olmayacaq». 35 Paul bunu deyəndən sonra çörək götürdü və hamının qarşısında Allaha şükür edərək çörəyi bölüb yeməyə başladı. 36 Bundan hamı ürəklənib yemək yedi. 37 Gəmidə cəmi iki yüz yetmiş altı nəfər idik. 38 Hamı doyandan sonra buğdanı dənizə boşaldaraq gəmini yüngülləşdirdilər.
39 Hava işıqlananda gördükləri qurunu tanıya bilmədilər. Amma qumsal sahili olan bir körfəz gördülər. Qərara aldılar ki, imkan olsa, gəmini orada oturtsunlar. 40 Lövbərləri kəsib dənizdə qoydular. Eyni zamanda sükanları saxlayan kəndirləri açıb qabaq yelkəni qaldıraraq qumsallığa tərəf yönəldilər. 41 Gəmi isə dayazlıqda qum üstündə oturdu. Gəminin burnu quma batıb tərpənməz oldu. Arxa tərəfi isə dalğaların zərbəsindən sınmağa başladı. 42 Əsgərlər məhbusları öldürmək istəyirdi ki, heç biri üzərək qaçmasın. 43 Amma Paulu xilas etmək istəyən yüzbaşı əsgərləri bu fikirdən daşındırdı. Əmr etdi ki, əvvəlcə üzməyi bacaranlar dənizə tullanıb üzsünlər, 44 sonra dalda qalanlar ya taxtalar ya da gəminin başqa parçaları üzərində sahilə çıxsınlar. Beləliklə, hamısı sağ-salamat quruya çıxdı.
28
[redaktə]Maltada
1 Xilas olandan sonra öyrəndik ki, adanın adı Maltadır. 2 Oranın sakinləri bizə gözlənilməz bir mehribanlıq göstərdi. Hava yağışlı və soyuq olduğu üçün ocaq qalayıb hamımızı hərarətlə qarşıladılar. 3 Paul bir dəstə çırpı götürüb ocağa atdı. O zaman istinin təsirindən bir gürzə çıxıb onun əlinə yapışdı. 4 Oranın sakinləri Paulun əlinə ilanın yapışdığını görəndə bir-birlərinə dedilər: «Demək bu adam qatildir. Dənizdən xilas olsa da, ədalət ilahəsi onu yaşamağa qoymur». 5 Amma Paul əlini silkələyib ilanı oda ataraq heç bir xətər görmədi. 6 Camaat gözləyirdi ki, Paulun bədəni şişəcək yaxud birdən-birə yıxılıb öləcək. Amma çox gözlədilər, ona heç nə olmadığını görəndə fikirlərini dəyişib dedilər: «Bu bir allahdır».
7 O yerin yaxınlığında malikanə var idi ki, ora adanın baş məmuru Publi adlı bir şəxsin idi. Bu adam bizi öz evində qəbul etdi və üç gün bizə mehribanlıqla qonaqpərvərlik göstərdi. 8 O ərəfədə Publinin atası qızdırma və qanlı ishal üzündən xəstə yatırdı. Paul xəstənin yanına gəldi və dua edərək əllərini onun üzərinə qoyub sağaltdı. 9 Bu hadisədən sonra adadakı qalan xəstələr də gəlib şəfa tapdılar. 10 Bizə çoxlu bəxşiş verərək şərəfləndirdilər. Biz dənizə çıxanda isə bizə lazım olan şeyləri gəmiyə yüklədilər.
Romaya çatanda
11 Üç aydan sonra qışı adada keçirmiş, başında Əkiz Tanrılar heykəlini gəzdirən bir İsgəndəriyyə gəmisi ilə dənizdən yelkən açdıq. 12 Sirakuza şəhərinə çatıb üç gün orada qaldıq. 13 Oradan yolumuza davam edərək Regiuma gəldik. Ertəsi gün əsməyə başlayan cənub küləyinin köməyi ilə iki günə Puteoliyə çatdıq. 14 Orada rastlaşdığımız imanlı bacı-qardaşlar bizdən xahiş etdilər ki, onların yanında bir həftə qalaq.
Sonra Romaya çatdıq. 15 Bizdən xəbər tutan Romadakı imanlı bacı-qardaşlar bizi qarşılamaq üçün Appi Bazarına və Üç Mehmanxanaya qədər gəldilər. Paul onları görəndə Allaha şükür edib ürəkləndi. 16 Romaya gələndə Paula[167] izin verildi ki, bir əsgərin nəzarəti altında tək yaşasın.
Paulun Romada etdiyi işlər
17 Üç gün sonra Paul Yəhudilərin orada olan başçılarını toplantıya dəvət etdi. Onlar bir yerə yığılandan sonra Paul onlara belə dedi: «Soydaşlar, xalqımıza və ata-babalarımızın adət-ənənəsinə zidd heç nə etmədiyim halda Yerusəlimdə həbs edilib Romalılara təslim edildim. 18 Onlar məni sorğu-suala çəkəndən sonra azad etmək istədilər. Çünki ölüm cəzasına layiq bir təqsirim yox idi. 19[168] Amma Yəhudilər buna qarşı çıxanda məcbur olub qeysərin məhkəməsinə müraciət etmək istədim, lakin öz millətimi heç nədə ittihamlandırmaq istəmirdim. 20 Bu səbəbdən sizi buraya görüşüb söhbət etmək üçün çağırmışam. Axı mən İsrailin ümidi uğrunda belə zəncirlənmişəm». 21 Onlar Paula dedilər: «Yəhudeyadan sənin barəndə nə məktub almışıq, nə də buraya gələn soydaşlardan kimsə sənin barəndə bizə xəbər gətirərək pis bir söz deyib. 22 Biz sənin fikirlərini sənin özündən eşitmək istəyirik. Çünki hər yerdə bu təriqətə qarşı çıxıldığını bilirik».
23 Bir gün təyin edib, həmin gün daha böyük kütlə ilə Paulun qaldığı yerə gəldilər. Paul səhərdən axşamacan Allahın Padşahlığından şəhadət edərək onlara açıqlama verdi, həm Musanın Qanunundan, həm də Peyğəmbərlərin yazdıqlarından onları İsaya inandırmağa çalışdı. 24 Bəziləri onun sözlərinə inandı, bəziləri isə inanmadı. 25 Bir-birləri ilə razılığa gəlməyəndə Paulun bu son sözlərinə qulaq asıb ayrıldılar: «Müqəddəs Ruh Yeşaya peyğəmbərin vasitəsilə ata-babalarınıza bu gözəl sözü dedi:
26[169] “Get bu xalqa bunu çatdır:
‹Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız,
Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız.
27 Çünki bu xalqın ürəyi kütləşdi,
Qulaqları ağır eşitdi,
Gözlərini yumdular ki,
Gözləri ilə görməsinlər,
Qulaqları ilə eşitməsinlər,
Ürəkləri ilə anlamasınlar
Və Mənə sarı dönməsinlər ki,
Mən onlara şəfa verim›”.
28 İndi bilin ki, Allahın verdiyi bu xilas başqa millətlərə göndərilib və onlar buna qulaq asacaqlar». 29[170]
30 Paul düz iki il kirayə tutduğu evdə qalıb yanına gələnlərin hamısını qəbul edirdi. 31 Heç bir maneə olmadan tam bir cəsarətlə Allahın Padşahlığını vəz edir və Rəbb İsa Məsihlə bağlı həqiqətləri öyrədirdi.
Qeydlər
[redaktə]- ↑ Luka 1:1-4
- ↑ Luka 24:49
- ↑ Mat. 3:11; Mark 1:8; Luka 3:16; Yəh. 1:33
- ↑ Mat. 28:19; Mark 16:15; Luka 24:47-48
- ↑ Mark 16:19; Luka 24:50-51
- ↑ Şənbə yolu – təqribən 1 km.
- ↑ Mat. 10:2-4; Mark 3:14-19; Luka 6:13-16
- ↑ Mat. 27:3-8
- ↑ Zəb. 69:25; 109:8
- ↑ Mat. 3:16; Mark 1:9; 16:19; Luka 3:21-22; 24:51
- ↑ Lev. 23:15-21; Qanun. 16:9-11
- ↑ Əllinci Gün bayramı – yunan mətnində pentikosti sözü olub Pasxa bayramından sonra əllinci gün qeyd edilir.
- ↑ Asiya vilayəti – indiki Türkiyə ərazisində olmuş bir vilayət.
- ↑ Üçüncü saat – hazırkı vaxtla səhər saat doqquz.
- ↑ Yoel 2:28-32
- ↑ Mat. 27:35; Mark 15:24; Luka 23:33; Yəh. 19:18
- ↑ Mat. 28:5-6; Mark 16:6; Luka 24:5
- ↑ Zəb. 16:8-11
- ↑ 2Şam. 7:12-13; 1Pad. 17:11-12; Zəb. 132:11
- ↑ Öz nəslindən bir Nəfəri – bəzi əlyazmalarda Onun soy-kökündən olan Məsihi dirildib.
- ↑ Zəb. 16:10
- ↑ Zəb. 110:1
- ↑ Qəbul edənlər – bəzi əlyazmalarda sevinə-sevinə qəbul edənlər.
- ↑ Həv. 4:32-35
- ↑ Doqquzuncu saat – hazırkı vaxtla günortadan sonra saat üç.
- ↑ Bu kişi – bəzi əlyazmalarda Şikəstlikdən sağalan bu kişi.
- ↑ Çıx. 3:15
- ↑ Mat. 27:15-23; Mark 15:6-14; Luka 23:13-24; Yəh. 19:12-15
- ↑ Qanun. 18:15,18,19; Lev. 23:29
- ↑ Musa – bəzi əlyazmalarda Musa ata-babalarımıza.
- ↑ Yar. 12:3; 22:18; 26:4; 28:14
- ↑ Qulunu – bəzi əlyazmalarda Qulu İsanı.
- ↑ Zəb. 118:22
- ↑ Çıx. 20:11; Neh. 9:6; Zəb. 146:6
- ↑ Zəb. 2:1-2
- ↑ Mat. 27:1-2; Mark 15:1; Luka 23:1,7-11; Yəh. 18:28-29
- ↑ Bu şəhərdə – bəzi əlyazmalarda bu sözlər yoxdur.
- ↑ Həv. 2:44-45
- ↑ Mat. 27:25
- ↑ Çarmıxa çəkib – hərfi tərcümədə ağacdan asıb.
- ↑ Bu adamları – bəzi əlyazmalarda həvariləri.
- ↑ Yar. 12:1
- ↑ Yar. 11:31; 12:4
- ↑ Yar. 12:7; 13:15; 15:18-21; 17:8
- ↑ Yar. 15:13-14; Çıx. 3:12
- ↑ Yar. 17:10-14; 21:2-4; 25:26; 29:31-35:18
- ↑ Yar. 37:11,28; 39:2,21; 41:39-41
- ↑ Yar. 42:1-2
- ↑ Yar. 45:1-3; 47:2-10
- ↑ Yar. 45:9-11,17-18; 46:27
- ↑ Yar. 46:1-7; 49:33
- ↑ Yar. 23:3-16; 33:19; 50:7-13; Yeşua 24:32
- ↑ Çıx. 1:7-8
- ↑ Çıx. 1:10-11,22
- ↑ Çıx. 2:2-10
- ↑ Çıx. 2:11-15
- ↑ Çıx. 18:2-4
- ↑ Çıx. 3:1-10
- ↑ Çıx. 7:3; 14:21; Say. 14:33
- ↑ Qanun. 18:15,18
- ↑ Yetirəcək – bəzi əlyazmalarda yetirəcək. Ona qulaq asın.
- ↑ Çıx. 19:1-20:17; Qanun. 5:1-33
- ↑ Amos 5:25-27
- ↑ Çıx. 25:9,40; İbr. 8:5
- ↑ Yeşua 3:14-17; 18:1
- ↑ 2Şam. 7:1-16; 1Saln. 17:1-14
- ↑ Yaqubun nəsli – bəzi əlyazmalarda Yaqubun Allahı.
- ↑ 1Pad. 6:1-38; 2Saln. 3:1-17
- ↑ Yeş. 66:1-2
- ↑ Yeş. 63:10
- ↑ Həv. 22:4-5; 26:9-11
- ↑ Yeş. 53:7-8
- ↑ Mane olurmu? – bəzi əlyazmalarda mane olurmu?» 37 Filip dedi: «Əgər bütün qəlbinlə iman edirsənsə, mümkündür». Hərəmağası cavab verdi: «İsa Məsihin Allahın Oğlu olduğuna inanıram».
- ↑ Rəbbin Ruhu – bəzi əlyazmalarda Müqəddəs Ruh hərəmağasının üstünə endi. Rəbbin mələyi isə.
- ↑ İsa yolunu – hərfi tərcümədə Yolu.
- ↑ 2Pad. 11:32-33
- ↑ Doqquzuncu saat – hazırkı vaxtla günortadan sonra saat üç.
- ↑ Qonaqdır – bəzi əlyazmalarda qonaqdır. O sənə nə etməlisən deyəcək, bəzilərində isə qonaqdır. Onun sənə deyəcəyi sözlərlə həm sən, həm də külfətin xilas olacaq (Həv. 11:14).
- ↑ Altıncı saat – hazırkı vaxtla günorta saat on iki.
- ↑ Sürünənlər – bəzi əlyazmalarda çöl heyvanları, sürünənlər.
- ↑ Vaxtlarda – bəzi əlyazmalarda vaxtlarda oruc tutub.
- ↑ Doqquzuncu saat – hazırkı vaxtla günortadan sonra saat üç.
- ↑ Qonaqdır – bəzi əlyazmalarda qonaqdır. O gəlib sənə hər şeyi danışacaq.
- ↑ Qanun. 10:17
- ↑ Həv. 1:5
- ↑ Həv. 8:1-4
- ↑ Həv. 21:10
- ↑ Çıx. 12:1-27
- ↑ Yerusəlimdəki öz xidmətlərini … geri qayıtdı – bəzi əlyazmalarda öz xidmətlərini … Yerusəlimdən qayıtdı.
- ↑ Çıx. 1:7; 12:51; Say. 14:34; Qanun. 1:30-31
- ↑ Onlara dözdü – bəzi əlyazmalarda onların qayğısına qaldı.
- ↑ Qanun. 7:1; Yeşua. 14:1-19:51; Hak. 2:16; 1Şam. 3:20
- ↑ 1Şam. 8:5; 10:21
- ↑ 1Şam. 13:14; 16:12; Zəb. 89:20
- ↑ Mark 1:4; Luka 3:3
- ↑ Mat. 3:11; Mark 1:7; Luka 3:16; Yəh. 1:19-20,27
- ↑ Bizə – bəzi əlyazmalarda sizə.
- ↑ Mat. 27:22-23; Mark 15:13-14; Luka 23:21-24; Yəh. 19:15
- ↑ Mat. 27:57-61; Mark 15:42-47; Luka 23:50-56; Yəh. 19:38-42
- ↑ Həv. 1:3
- ↑ Zəb. 2:7
- ↑ Yeş. 55:3
- ↑ Zəb. 16:10
- ↑ Hab. 1:5
- ↑ Camaat – bəzi əlyazmalarda Başqa millətlərdən olanlar.
- ↑ Yeş. 42:6; 49:6-7
- ↑ Mat. 10:14; Mark 6:11; Luka 9:5; 10:10-11
- ↑ Antakya – yəni Pisidiyada olan Antakya.
- ↑ Lev. 12:3
- ↑ Həv. 10:1-43
- ↑ Həv. 2:4; 10:44
- ↑ Amos 9:11-12
- ↑ Bunları qədimdən bəri bəyan edən Rəbb belə deyir” – bəzi əlyazmalarda Bunların hamısını edən Rəbb belə deyir”. Allahın bütün işləri qədimdən bəri Özünə məlumdur.
- ↑ Çıx. 34:15-17; Lev. 17:10-16; 18:6-23
- ↑ Qarışdırıblar – bəzi əlyazmalarda qarışdırıb və «sünnət olub Qanuna əməl etməlisiniz» deyiblər.
- ↑ Salındılar – bəzi əlyazmalarda salındılar. 34 Amma Sila orada qalmaq istədi.
- ↑ Həv. 13:13
- ↑ Sizə – bəzi əlyazmalarda Bizə.
- ↑ Yəhudilərin buna paxıllığı tutdu. Meydana – bəzi əlyazmalarda İman etməyən Yəhudilər meydana.
- ↑ Areopaq – yəni qədim Afinada ali məşvərət.
- ↑ 1Pad. 8:27; 2Saln. 6:18; Yeş. 42:5
- ↑ Bir insandan – bəzi əlyazmalarda bir qandan.
- ↑ Klavdi – yəni o dövrdə hökm sürən Roma imperatoru.
- ↑ Kəlama – bəzi əlyazmalarda Ruha.
- ↑ Hamı – bəzi əlyazmalarda Yunanların hamısı.
- ↑ Allah – bəzi əlyazmalarda Mütləq üzümüzə gələn bayramı Yerusəlimdə keçirməliyəm. Allah.
- ↑ Mat. 3:11; Mark 1:4,7-8; Luka 3:4,16; Yəh. 1:26-27
- ↑ İsa yolunu – hərfi tərcümədə Yolu.
- ↑ Həftənin ilk günündə – yəni bazar günündə.
- ↑ Ertəsi gün – bəzi əlyazmalarda Troqillidə qaldıqdan sonra ertəsi gün.
- ↑ 2Tim. 4:7
- ↑ Yolumu – bəzi əlyazmalarda sevinə-sevinə yolumu.
- ↑ Həv. 6:1-6
- ↑ Həv. 11:28
- ↑ Mütləq – bəzi əlyazmalarda Mütləq camaat buraya yığışacaq, çünki.
- ↑ Həv. 15:28-29
- ↑ Bütlərə – bəzi əlyazmalarda belə qaydalara deyil, yalnız bunlara riayət etsinlər: bütlərə.
- ↑ Həv. 20:4
- ↑ Qatil – bu orijinalda sikari sözü olub latın dilində xəncər işlədən mənasını verir. Sikarilər Roma işğalçılarına qarşı mübarizə edərkən terrora əl atan ifratçı yəhudilər idi.
- ↑ Həv. 5:34-39
- ↑ Həv. 8:3; 26:9-11
- ↑ İsa yolunda – hərfi tərcümədə Yolda.
- ↑ Görsələr də – bəzi əlyazmalarda görsələr də, qorxuya düşsələr də.
- ↑ Mat. 23:27-28
- ↑ Çıx. 22:28
- ↑ Həv. 26:5; Flp. 3:5
- ↑ Mat. 22:23-24; Mark 12:18-19; Luka 20:27-28
- ↑ Danışıb – bəzi əlyazmalarda danışıb. Gəlin Allaha qarşı çıxmayaq.
- ↑ Gecənin üçüncü saat – hazırkı vaxtla axşam saat doqquz.
- ↑ Etdim – bəzi əlyazmalarda etdim. Salamat qal.
- ↑ Nəsrani – yəni məsihçi.
- ↑ Yaxaladıq. 7 8 Onu – bəzi əlyazmalarda yaxaladıq və bizim Qanunumuza münasib şəkildə mühakimə etmək istədik. 7 Lakin minbaşı Lisiya gəlib böyük güc tətbiq edərək onu bizim əlimizdən alıb sənin yanına göndərdi. 8 Onu ittihamlandıranlara əmr etdi ki, sənin yanına gəlsinlər. Onu.
- ↑ İsa yolunun – hərfi tərcümədə Yolun.
- ↑ Həv. 21:17-28
- ↑ Həv. 23:6
- ↑ İsa yolu – hərfi tərcümədə Yol.
- ↑ Pauldan – bəzi əlyazmalarda Paulu azad etmək üçün ondan.
- ↑ Berniki – yəni padşah Aqrippanın bacısı.
- ↑ Onlara – bəzi əlyazmalarda edam olunmaq üçün onlara.
- ↑ Həv. 23:6; Flp. 3:5
- ↑ Həv. 8:3; 22:4-5
- ↑ Həv. 9:18-20, 28-29
- ↑ Yeş. 42:6; 49:6; 1Kor. 15:20
- ↑ Oruc günü – yəni Yəhudilərin sentyabr və ya oktyabr aylarında keçirdikləri günahların Kəffarə günü sayılan Yom Kippur bayramı.
- ↑ Evrakilon – yəni şimali şərq küləyi.
- ↑ Qolac – yunan mətnində orquya, təqribən 1.85 metr.
- ↑ Paula – bəzi əlyazmalarda yüzbaşı məhbusları zabitə təhvil verdi.
- ↑ Həv. 25:11
- ↑ Yeş. 6:9-10; Mat. 13:14-15; Mark 4:12; Luka 8:10; Yəh. 12:39-40
- ↑ Asacaq – bəzi əlyazmalarda asacaqlar». 29 Paulun bu sözündən sonra Yəhudilər bir-biri ilə çox çəkişdi və getdi.