Məzmuna keç

Bibliya/Yeşaya Peyğəmbərin Kitabı

Vikimənbə saytından
Nəğmələr Nəğməsı Kitabı Bibliya. Yeşaya Peyğəmbərin Kitabı

Yeremya Peyğəmbərin Kitabı


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34
35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 Qeyd

«Yeşaya» Kitabının adı miladdan əvvəl VIII əsrin ikinci yarısında Yerusəlimdə yaşamış Yeşaya adlı böyük peyğəmbərin adı ilə bağlıdır. Yeşaya ibrani dilində «Rəbb xilas edir» mənasını verir. Kitabın belə adlanması müəyyən mənada kitaba bir mahiyyət verir. Kitabı üç əsas hissəyə bölmək olar:

(1) 1-39-cu fəsillər cənub padşahlığı olan Yəhudanın qüvvətli qonşusu Aşşur ölkəsi tərəfindən təhdid edildiyi dövrə aiddir. Peyğəmbər alovlu nitqləri ilə xalqı və onun başçılarını salehliyə və doğru həyata çağırır. Yeşaya dönə-dönə xəbərdarlıq edirdi ki, Allaha itaətsizlik ölkənin dağılmasına və xalqın məhv olmasına səbəb olacaq. O həm də bütün dünyaya sülh və Davud nəslindən kamil padşah gələcəyini qabaqcadan xəbər verirdi. (2) 40-55-ci fəsillər tarixi vəziyyətin dəyişməsini özündə əks etdirir. Bu fəsillər Yəhuda xalqının Babil əsarətində olduğu dövrə aiddir. Aşşurlulardan sonra Orta Şərqdə hakimiyyəti ələ keçirən Babillilər miladdan əvvəl 586-cı ildə Yerusəlimi zəbt edib əhalisini Babilə sürgün etdilər. Babil əsirliyi zamanı Yəhuda xalqı ümidini itirmiş və miskin hala düşmüşdü. Belə vəziyyətdə Yeşaya peyğəmbərlik edir ki, Allah Öz xalqını azad edəcək və onlar Yerusəlimdə yeni həyata başlayacaq. Bu fəsillər göstərir ki, tarixi idarə edən Allahdır və Onun Öz xalqına olan amalını başqa millətlər üçün də tətbiq etmək istəyir. Burada bütün millətlərin İsrail vasitəsilə xeyir-dua alacağından bəhs edilir. (3) 56-66-cı fəsillərdə sürgündə olan yəhudilərin Yerusəlimdə yenidən yaşayacağı və Allahın Öz vədlərinə sadiq qalmasına əmin ola biləcəkləri bəyan edilir. Burada salehliyə və ədalətə əməl etməyə, Şənbə gününə düzgün riayət edilməsinə, qurban təqdiminə, duaya və oruca xüsusi diqqət yetirilir.

Kitabın məzmunu:

  • 1:1-12:6 Xəbərdarlıq və vədlər
  • 13:1-23:18 Millətlərin cəzalandırılması
  • 24:1-27:13 Allahın dünyanı mühakimə etməsi
  • 28:1-35:10 Sonrakı xəbərdarlıq və vədlər
  • 36:1-39:8 Yəhuda padşahı Xizqiya və Aşşurlular
  • 40:1-55:13 Təsəlli və ümid sözləri
  • 56:1-66:24 Xəbərdarlıq və vədlər

1[1] Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiyanın dövründə Yəhuda və Yerusəlim barəsində Amots oğlu Yeşayaya görünən görüntü.

Rəbb xalqına xəbərdarlıq edir
2 Ey göylər, eşidin,
Ey yer üzü, dinləyin!
Çünki Rəbb belə söylədi:
«Övladlar yetişdirib böyütdüm,
Amma onlar Mənə qarşı üsyankar oldular.
3 Öküz yiyəsini,
Eşşək də sahibinin təknəsini tanıyır,
Lakin İsrail xalqı Məni tanımır,
Xalqım anlamır».

4 Günah edən millətin,
Şər işlər görən xalqın,
Yolunu azmış nəslin,
Pozulmuş övladların vay halına!
Onlar Rəbbi tərk etdilər,
İsrailin Müqəddəsinə xor baxdılar,
Ondan üz döndərdilər.

5 Siz nə üçün yenə döyüləsiniz,
Niyə üsyan etməkdə davam edirsiniz?
Xoralar başınızı tamamilə bürüyüb,
Ürəyiniz azara düşüb.
6 Təpədən dırnağacan bədəniniz xəstədir,
Bir sağlam yeriniz yoxdur:
Yaralarınız, zədələriniz,
Yenə də vurulmuş yaralarınız
Təmizlənməmiş, sarılmamış,
Məlhəmlə yumşaldılmamışdır.
7 Ölkəniz viran qaldı,
Şəhərləriniz alışıb-yandı,
Yadellilər gözünüzün önündəcə torpağınızı yeyib-dağıtdı.
Torpağınız kimsəsiz qalıb,
Sanki yad adamlar oranı talayıb.
8 Sion qızı bağdakı çardaq, bostandakı koma,
Mühasirəyə alınmış şəhər kimi tək qalıb.
9[2] Əgər Ordular Rəbbi
Bizim üçün bir neçə adamı sağ qoymasaydı,
Biz Sodom kimi olardıq,
Homorraya bənzəyərdik.

10 Ey Sodom başçıları,
Rəbbin sözünü eşidin!
Siz, ey Homorra xalqı,
Allahımızın təlimini dinləyin!
11[3] Rəbb deyir:
«Qurbanlarınız çoxalıb, Mənə nə?
Yandırma qoç qurbanlarından,
Bəslənmiş heyvanların piyindən doymuşam.
Buğa, quzu, təkə qanını istəmirəm.
12 Hüzuruma gələrkən
Əlinizdə bunları gətirməyinizi kim istədi?
Məbədimin həyətlərinə boş yerə ayaq basırsınız.
13 Mənə artıq batil təqdimlər gətirməyin,
Buxur Məndə ikrah yaradır.
Pisliklə dolu
Təzə Ay mərasimlərinizə,
Şənbə günlərinizə,
Müqəddəs toplantılarınıza
Dözə bilmirəm!
14 Təzə Ay mərasimlərinizə,
Bayram günlərinizə
Ürəkdən nifrət edirəm.
Bunlar Mənə yük oldu,
Onları daşımaqdan yoruldum.
15 Siz əl açıb Mənə yalvaranda
Göz yumacağam.
Nə qədər çox dua etsəniz də,
Yenə qulaq asmayacağam.
Əlləriniz qanla doludur,
16 Yuyunub təmizlənin,
Gözümün önündə işlərinizi şərdən uzaqlaşdırın,
Pislik etməkdən vaz keçin.
17 Yaxşılıq etməyi öyrənin,
Ədaləti axtarın,
Məzlumları qurtarın,
Yetimin haqqını qoruyun,
Dul qadını müdafiə edin».

18 Rəbb deyir:
«Gəlin indi birgə düşünək bu an,
Günahlarınız qıpqırmızı parça kimi görünsə də,
Onlar qar kimi ağ olacaq,
Tünd qırmızı rəngə çalsa da,
Onlar ağ yun kimi bəyaz olacaq.
19 İtaətkar olub sözə baxsanız,
Torpağın ən gözəl bəhrələrindən yeyərsiniz.
20 Əgər üsyankar olub Məni rədd etsəniz,
Qılınc sizi yeyəcək».
Bu sözlər Rəbbin ağzından çıxıb.
Günahlı şəhər
21 Rəbbə sadiq şəhər
Necə də fahişəyə bənzər oldu!
Axı o, ədalətlə dolu idi,
Orada salehlik məskunlaşmışdı,
İndi isə qatillərlə doludur!
22 Gümüşünüz tullantıya çevrildi,
Şərabınıza su qatıldı.
23 Başçılarınız üsyankar olub oğrularla əlbirdir.
Hər kəs rüşvəti sevir, bəxşiş dalınca düşür.
Yetimin haqqını qorumur,
Dul qadını müdafiə etmək haqqında düşünmür.

24 Buna görə də Sahibimiz, Ordular Rəbbi,
İsrailin Qadir Allahı
Belə bəyan edir:
«Yağılarımı cəzalandırıb rahatlanacağam,
Düşmənlərimdən qisas alacağam.
25 Ey İsrail xalqı, sənə əlimi uzadacağam,
Paxırını gilabı ilə təmizləyəcəyəm,
Bütün çirkini yuyacağam.
26 Hakimlərini, məsləhətçilərini
Əvvəlki kimi geri qaytaracağam.
Sənə yenidən:
“Salehlik şəhəri, sadiq şəhər” deyiləcək».
27 Sion ədalətlə,
Tövbə edən sakinləri salehliklə qurtulacaq.
28 Lakin üsyankarlarla günahkarlar
Birgə həlak olacaq,
Rəbbi tərk edənlər yox olacaq.

29 Palıd ağaclarına səcdə etməkdən xəcalət çəkəcəksiniz,
Seçdiyiniz bağlarda ibadət etməkdən utanacaqsınız.
30 Yarpaqları solmuş palıd ağacına,
Susuz bağa dönəcəksiniz.
31 Güclü adam kətan qırıntısına oxşayacaq,
Gördüyü iş qığılcım kimi olacaq,
İkisi birlikdə yanacaq,
Onları söndürən olmayacaq.

Rəbbin dağı (Mik. 4:1-3)

1 Amots oğlu Yeşayanın Yəhuda və Yerusəlim barəsində gördükləri:
2 Axır zamanda Rəbbin evi olan dağ
Dağların zirvəsində möhkəm duracaq,
Təpələrdən yuxarı ucalacaq.
Bütün millətlər ona sarı gələcək.
3 Çox xalqlar gəlib deyəcək:
«Gəlin Rəbbin dağına,
Yaqubun Allahının evinə qalxaq,
Qoy Rəbb bizə Öz yollarını öyrətsin,
Biz Onun rizləri ilə gedək».
Siondan Rəbbin təlimi,
Yerusəlimdən Onun kəlamı yayılacaq.
4[4] Millətlər arasında Rəbb hakim olacaq,
Çox xalqlar haqqında qərar çıxaracaq.
Onlar qılınclarından kotan,
Nizələrindən isə dəryaz düzəldəcək.
Millət millətə qarşı qılınc qaldırmayacaq,
Artıq dava etməyi öyrənməyəcək.

5 Ey Yaqub nəsli, gəlin Rəbbin nurunda gəzək.
Rəbbin günü
6 Ya Rəbb, xalqını – Yaqub nəslini atdın,
Çünki onlar
Şərqdən gələn mövhumatlara uymuşdular,
Filiştlilər kimi falçılıq edirlər,
Əcnəbilərin adət-ənənələrinə əməl edirlər.
7 Ölkələri qızıl-gümüşlə dolu,
Xəzinələrinin sonu yoxdur.
Ölkələrində çoxlu atlar var,
Döyüş arabaları külli miqdardadır.
8 Ölkələri bütlərlə doludur,
Əlləri ilə düzəltdikləri,
Barmaqları ilə işlədikləri
Bütlərin qarşısında səcdə qılırlar.
9 Buna görə də hamı yerə səriləcək,
Hər kəs diz üstə çökdürüləcək.
Ya Rəbb, onları bağışlama!

10[5][6] Rəbbin zəhmli üzündən,
Ehtişamının əzəmətindən
Qayalıqlara gedin,
Yerin altında gizlənin.
11 Adamların təkəbbürlü baxışları alçaldılacaq,
İnsanların qüruru qırılacaq,
O gün yalnız Rəbb yüksəldiləcək.

12 Çünki o gün Ordular Rəbbi
Bütün qürurluları, lovğaları, məğrurları alçaldacaq.
13 Livanın bütün hündür və vüqarlı sidr ağaclarını məhv edəcək,
Bütün Başan palıdlarını yox edəcək.
14 Bütün ulu dağları, hündür təpələri,
15 Bütün yüksək qüllələri,
Qala divarlarını yerlə yeksan edəcək,
16 Bütün Tarşiş gəmilərini,[7]
Bütün gözəl gəmiləri yox edəcək.
17 Adamların təkəbbürü qırılacaq,
İnsanların qüruru alçaldılacaq,
O gün yalnız Rəbb ucaldılacaq.
18 Bütlər tamamilə aradan götürüləcək.

19[8] Rəbb yeri sarsıtmağa qalxanda
Onun zəhmli üzündən, ehtişamının əzəmətindən
Hər bir insan qayalıqdakı mağaralara,
Yerin altındakı xəndəklərə qaçıb girəcək.
20 O gün insanlar
Səcdə etmək üçün düzəltdikləri
Qızıl və gümüş bütlərini götürüb
Köstəbək və yarasaların
Qabağına atacaqlar ki,
21 Rəbb yeri sarsıtmağa qalxarkən
Onun zəhmli üzündən, ehtişamının əzəmətindən
Qaçmaq üçün qayalıqdakı çatlaqlara,
Uçurumlardakı yarıqlara girsinlər.

22 Nəfəsi burunda olan insandan əl çəkin,
Onun nə dəyəri var ki?

Yerusəlimdə qarmaqarışıqlıq
1 Budur, Sahibimiz, Ordular Rəbbi
Yerusəlimdən və Yəhudadan hər bir yardımı, köməyi,
Bütün çörək, su yardımını kəsəcək.
2 İgidlərlə cəngavərləri,
Hakimlərlə peyğəmbərləri,
Falçılarla ağsaqqalları,
3 Əllibaşılarla adlı-sanlı adamları, məsləhətçiləri,
Mahir sehrbazlarla cadugərləri aradan qaldıracaq.
4 Uşaqları onların üzərinə başçı qoyacağam,
Qoy körpələr onlara hökm etsin.
5 İnsan insanla, qonşu qonşusu ilə,
Cavan yaşlı ilə, adi adam nüfuzlu insanla
Həyasızcasına rəftar edəcək.

6 Ailədə qardaş qardaşa sarılıb deyəcək:
«Sənin heç olmasa əyninə geyməyə paltarın var.
Sən başçımız ol,
Qoy bu xarabalıqlar sənin əlinin altında olsun!»
7 O vaxt bu adam uca səslə söyləyəcək:
«Mən yaralarınızı sarımağı bacarmaram,
Çünki evimdə nə yemək, nə də paltar var,
Məni xalqın başçısı qoymayın».

8 Yerusəlim sarsıldı, Yəhuda dağıldı,
Çünki sözləri və əməlləri
Rəbbə qarşı oldu,
Onun əzəmətli hüzuru kimsə tərəfindən sayılmadı.
9 Sifətlərinin ifadəsi onlara qarşı şəhadət edir,
Günahları haqda Sodomdakı kimi açıq danışırlar,
Bunu gizlətmirlər.
Vay onların halına!
Axı bu bəlanı başlarına özləri gətirdi.

10 Saleh adamlara söyləyin ki,
Onlara yaxşılıq ediləcək,
Çünki onlar xeyirxahlıqlarının bəhrəsini yeyəcək.
11 Pis adamların vay halına!
Çünki onlara pislik olunacaq,
Elədikləri əməlləri qarşılarına çıxacaq.
12 Uşaqlar xalqıma zülm edir,
Qadınlar üzərimizdə hökm sürür!
Ey xalqım, sənə yol göstərənlər
Səni azdırır, yolunu dolaşdırırlar!

13 Rəbb məhkəməsini qurmaq üçün qalxır,
Xalqları mühakimə etmək üçün durur.
14 Rəbb xalqının rəhbərlərini,
Başçılarını məhkəməyə gətirir:
«Sizsiniz üzüm bağını yeyib-dağıdan,
Kasıbların malı ilə evlərinizi dolduran.
15 Nə haqla xalqıma zülm edib
Yoxsullara əzab verirsiniz?»
Bunu Ordular Rəbbi Xudavənd bəyan edir.
Yerusəlim qadınlarına xəbərdarlıq
16 Rəbb deyir: Madam ki
Sion qızları çox təkəbbürlüdür,
Boylana-boylana gəzir, göz-qaş oynadır,
Addımlarını asta-asta atırlar,
Ayaqlarındakı xalxalları cingildədib yeriyirlər,
17 Buna görə də Xudavənd
Sion qızlarının başlarına qotur salacaq.
Ayıb yerlərini açıb göstərəcək.

18 O gün Xudavənd onların bəzəklərini –
Topuqlara taxılan bilərziklərini,
Araqçınlarını, aypara şəkilli boyunbağılarını,
19 Sırğalarını, qolbaqlarını, örpəklərini,
20 Tac şəkilli başlıqlarını,
Bazubəndlərini, qurşaqlarını,
Ətirlə dolu mücrülərini,
Tilsimlənmiş bəzək əşyalarını,
21 Üzüklərini, burun halqalarını,
22 Bayram libaslarını, paltarlarını,
Örtüklərini, əl çantalarını,
23 Güzgülərini, nəfis toxunmuş kətan libaslarını,
Çalmalarını, duvaqlarını əllərindən alacaq;
24 O vaxt gözəl ətir yerinə üfunət,
Kəmər əvəzinə ip,
Lülə-lülə saç əvəzinə keçəl baş,
Bəzəkli paltar əvəzinə çul bürüncək,
Gözəllik əvəzinə dağlanma olacaq.
25 Kişiləriniz qılıncla,
İgidləriniz döyüşdə məhv olacaq.
26 Yerusəlimin darvazaları
Nalə çəkib yas tutacaq,
Bu şəhərsə kimsəsiz qadın tək
Quru yerdə oturacaq.

1 O gün yeddi qadın
Bir kişinin yaxasından tutub belə deyəcək:
«Öz çörəyimizi yeyib öz paltarımızı geyinərik,
Təki adın üstümüzdə olsun,
Bizi xəcalətdən qurtar».
Yerusəlimin gələcəyi

2 O gün Rəbbin Pöhrəsi gözəl və əzəmətli olacaq, İsrail xalqından xilas olub sağ qalanlar torpağın verdiyi bəhrə ilə fəxr edib şərəflənəcəklər. 3 Sionda, yəni Yerusəlimdə sağ qalanlara, orada qeyd olunub yaşayanlara «müqəddəs» deyiləcək. 4 Xudavənd Sion qızlarının murdarlığını yuyan zaman ədalət və alov ruhu ilə Yerusəlimi günahlı qandan təmizləyəcək. 5[9] Sonra Rəbb Sion dağının hər yanını, orada toplananların üzərini gündüz bulud və tüstü, gecə isə parlaq alovla örtəcək. Həqiqətən, əzəmətli şəhərin üzərinə örtük olacaq. 6 Bu bir çardaq olub gündüz qızmar istidə kölgə olacaq, fırtına ilə yağışa qarşı sığınacaq və daldalanma yeri olacaq.

Üzüm bağı haqqında nəğmə
1[10] Sevgilimin üzüm bağı barəsində
Məhəbbət nəğməsini oxuyuram:

Torpağın məhsuldar bir təpəsində
Sevgilimin bir üzüm bağı var idi.
2 O, torpağı belləyib daşlardan təmizlədi,
Seçmə meynələr əkdi,
Ortada gözətçi qülləsi tikdi,
Üzümsıxan düzəltdi,
Üzümlüyün barını gözlədi,
Amma bağ cır üzüm gətirdi.

3 «İndi isə xahiş edirəm, ey Yerusəlimdə yaşayanlar,
Ey Yəhuda adamları,
Mənimlə üzüm bağımın arasında hakim olun!
4 Bağım üçün daha nə etməliyəm?
Üzümlüyün barını gözləyərkən
Axı nə üçün bağım cır üzüm gətirsin?
5 İndi qoy mən sizə bağımla nə edəcəyimi bildirim:
Çəpərini sökəcəyəm və onu yeyib-dağıdacaqlar,
Hasarını yıxacağam və onlar tapdalanacaq.
6 Oranı viranəliyə çevirəcəyəm,
Oranı nə budayacaqlar, nə də belləyəcəklər.
Orada tikan və qanqal bitəcək,
Buludlara əmr edəcəyəm ki,
Üzərinə yağış yağmasın».
7 İsrail nəsli Ordular Rəbbinin üzüm bağıdır,
Yəhuda adamları isə Onun sevimli meynələridir!
O, ədalət gözləyirdi,
Budur, zorakılıq gördü,
O, salehlik gözləyirdi,
Budur, fəryadlar gördü!
İnsanların pis əməlləri
8 Yer qalmayana qədər evi evə,
Tarlanı tarlaya birləşdirənlərin vay halına!
Yaşamağa yer qoymamısınız,
Məgər bu ölkədə tək siz yaşayırsınız?
9 Ordular Rəbbi mənə belə eşitdirdi:
«Böyük və yaraşıqlı çoxlu evlər xaraba qalacaq,
İçində yaşayan olmayacaq.
10 Üzümlüyün on sahəsindən[11] bir bat şərab əldə ediləcək,
Bir xomer toxumdan bir efa taxıl əmələ gələcək».

11 Vay halına səhər erkən qalxıb içki ardınca düşənlərin,
Gecə yarısınadək şərab içib keflənənlərin!
12 Onların ziyafətlərində
Lira, çəng, dəf və ney çalınar,
Şərab içilər,
Lakin onlar Rəbbin gördüyü işlərə
Diqqət etməzlər, əməllərinə baxmazlar!

13 Buna görə xalqım ağılsızlığından sürgünə gedəcək,
Onun adlı-sanlı adamları acından öləcək,
Adi adamlar isə susuzluqdan yanacaq!
14 Ölülər diyarı həddindən artıq ağzını açıb
Doymaq bilmir.
Yerusəlimin adlı-sanlıları,
Adi adamları, səs-küylə əylənən insanları bu diyara enəcək.
15 Buna görə də hamı yerə səriləcək,
Hər kəs diz üstə çökdürüləcək,
Təkəbbürlü baxışlar alçaldılacaq.
16 Amma Ordular Rəbbi
Ədaləti ilə ucaldılacaq,
Müqəddəs Allah salehliyi ilə
Müqəddəsliyini göstərəcək.
17 Quzular öz otlaqlarındakı kimi otlayacaq,
Varlıların viranə qalan evlərini yadellilər alacaq.

18 Pisliyi yalanla hörülmüş iplərlə,
Günahı araba kəndirləri ilə çəkənlərin vay halına!
19 Onlar deyir: «Qoy Allah tələssin,
Öz əməlini tez həyata keçirsin, biz də görək.
Qoy İsrailin Müqəddəsinin niyyəti gerçək olsun ki, bunu bilək!»
20 Vay halına pisə yaxşı, yaxşıya pis söyləyənlərin,
Qaranlığı işıq, işığı qaranlıq sayanların,
Acıya şirin, şirinə acı deyənlərin!
21 Vay halına özlərini müdrik zənn edənlərin, ağıllı sayanların!
22 Vay halına şərab içməkdə qəhrəman,
İçkiləri qarışdırıb içməkdə pərgar olanların!
23 Vay halına rüşvət alıb təqsirkara bəraət qazandıranların,
Haqlıların haqqını əlindən alanların!

24 Beləliklə, alovun dili samanı necə yeyib-qurtarırsa,
Küləş od içində necə əriyib-gedirsə,
Onlar da köklərindən elə çürüyəcək,
Tumurcuqları toz kimi havaya sovrulacaq,
Çünki Ordular Rəbbinin qanununu rədd etdilər,
İsrailin Müqəddəsinin sözünə xor baxdılar.
25 Buna görə də Rəbbin qəzəbi Öz xalqına qarşı alovlandı,
Əlini onlara qarşı uzadaraq onları vurdu.
Dağlar titrədi, küçələrdə meyitləri zibil kimi qaldı,
Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,
Əli hələ də cəzalandırmağa hazır idi.

26 Rəbb uzaqda yaşayan millətləri
Bayraq işarəsi ilə,
Onları yer üzünün ucqarlarından
Fit səsi ilə səsləyəcək.
Tezliklə bu millətlər gələcək.
27 Aralarında yorulan, büdrəyən olmayacaq.
Onlar mürgüləməyəcək və yuxuya getməyəcək,
Belindəki kəmər açılmayacaq, ayaqqabı bağı qırılmayacaq.
28 Onların oxları iti, yayları da dartılmışdır.
Atların dırnaqları çaxmaq daşına bənzər,
Döyüş arabalarının təkərləri qasırğa kimidir.
29 Onların nərəsi bağıran şikarlarını qapıb aparan,
Kimsə onu əlindən ala bilməyən
Şirin, gənc aslanın nərəsinə bənzər.
30 O gün İsrailə qarşı onlar dənizin uğultusu kimi gurlayacaqlar.
Kim yerə baxarsa, budur, zülmət, dərd görəcək.
Axı işıq qara buludlarla örtülüb.

Yeşayanın görüntüsü

1[12] Padşah Uzziya ölən il mən Xudavəndi gördüm. O, uca və əzəmətli taxtda oturmuş və geyimlərinin ətəyi məbədin döşəməsini örtmüşdü. 2 Onun ətrafında seraflar[13] dayanmışdı. Hər birinin altı qanadı var idi. Qanadının ikisi ilə üzlərini, ikisi ilə ayaqlarını örtmüş, ikisi ilə uçurdular. 3[14] Biri o birini səsləyib deyirdi: «Ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!

Bütün yer üzü Onun əzəməti ilə doludur».

4[15] Serafların səsindən qapı çərçivələri ilə kandarları sarsıldı, məbəd tüstü ilə doldu. 5 Mən dedim:

«Vay halıma, həlak oldum!
Çünki ağzı murdar bir adamam,
Həm də murdar ağızlı adamlar arasında yaşayıram.
Buna baxmayaraq, qarşımda Padşahı –
Ordular Rəbbini gözlərimlə gördüm».

6 Seraflardan biri mənə tərəf uçdu, əlində də maşa ilə qurbangahdan götürdüyü yanar kömür var idi. 7 O, kömürlə dodaqlarıma toxunaraq dedi: «Budur, bu kömür dodaqlarına dəydi,

Pisliyin silindi, günahın bağışlandı».

8 Sonra Xudavəndin səsini eşitdim: «Kimi göndərim? Bizim üçün kim gedəcək?» Mən dedim: «Mən buradayam. Məni göndər». 9[16] O dedi: «Get bu xalqa bunu çatdır:

“Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız,
Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız.
10 Bu xalqın ürəyini kütləşdir, qulaqlarını ağır eşidən elə, gözlərini yum ki,
Gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər,
Ürəkləri ilə anlamasınlar
Və Mənə sarı dönüb şəfa tapmasınlar”».

11 «Nə vaxtadək, ya Xudavənd?» deyə soruşdum. Rəbb cavab verdi:

«Şəhərlər xarabalıqlara dönüb kimsəsiz,
Evlər adamsız, bu torpaq büsbütün viranə qalanadək.

12 Rəbb adamları çox uzaqlara sürgün edəcək,
Ölkənin çox yerləri viran qalacaq.
13 Xalqın onda biri qalsa belə,
Ölkə yenə dağılacaq;
Lakin kəsiləndə kötüyü qalan
Yabanı püstə və palıd ağacı kimi
Müqəddəs nəsil onun kötüyüdür».

Padşah Axaza bir işarə: İmmanuel

1[17] Uzziya oğlu Yotam oğlu Yəhuda padşahı Axazın hökm sürdüyü dövrdə Aram padşahı Resinlə İsrail padşahı Remalya oğlu Peqah Yerusəlimə hücum etdilər, amma oranı ala bilmədilər.

2 Davud nəslinə xəbər verildi ki, Aramlılarla Efrayimlilər birləşib ordu düzəldib. Padşahın və xalqın ürəyi meşə ağacları küləkdən titrəyən kimi titrədi.

3 Rəbb Yeşayaya dedi: «Axazı qarşılamaq üçün oğlun Şear-Yaşuvla[18] birgə yuxarı hovuzun su yolunun qurtaracağına, Mahudbasan tarlasına gedən yola çıx». 4 Ona belə de: «Diqqətli və sakit ol, qorxma! Qoy ürəyin bu tüstülənən, yarısı yanmış iki odun parçasından – Resinin, Aramın və Remalya oğlunun qızğın qəzəbindən qorxmasın! 5 Aram, Efrayim və Remalya oğlu sizə qarşı şər quraraq 6 belə deyir: “Gəlin Yəhudanın əleyhinə çıxaq, vahiməyə salaraq zəbt edək və Tabel oğlunu oraya padşah qoyaq”». 7 Xudavənd Rəbb belə deyir:

«Bu iş olmayacaq, baş tutmayacaq.
8 Çünki Aramın paytaxtı Dəməşqdir,
Dəməşqin başçısı da Resindir. Efrayim isə altmış beş ildən sonra
Darmadağın edilib xalq kimi qalmayacaq.
9 Efrayimin paytaxtı Samariyadır,
Samariyanın başçısı isə ancaq Remalyanın oğludur.
Əgər imanda möhkəm durmasanız,
Heç dayana bilməzsiniz».

10 Rəbb yenə Axaza söylədi: «Allahın Rəbdən bir işarə istə. 11 Qoy ya ölülər diyarı qədər dərin ya da göylər qədər uca olsun». 12 Lakin Axaz cavab verdi: «Xeyr, Rəbbi sınamaq istəmirəm». 13 Bunun üstündən Yeşaya belə dedi: «Eşidin, ey Davud nəsli! İnsanları bezdirməyiniz bəs deyilmi ki, mənim Allahımı da bezdirirsiniz? 14[19] Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel[20] qoyacaq. 15 Bu uşaq pisə pis deyib yaxşını seçə biləndə kəsmik və bal yeyəcək. 16 Amma bu uşaq pisə pis deyib yaxşını seçə bilməzdən əvvəl səni dəhşətə salan o iki padşahın torpaqları boş qalacaq. 17 Rəbb səni, xalqını və ata nəslini Efrayimin Yəhudadan ayrıldığı bu günə qədər görünməyən fəlakətə uğradacaq, Aşşur padşahını üstünüzə gətirəcək.

18 O vaxt gələndə Rəbb fit çalacaq və
Misir çaylarının mənsəblərində yaşayanları milçəklər kimi,
Aşşur torpaqlarında yaşayanları arılar kimi səsləyəcək.
19 Onlar axın-axın gəlib dərin vadilərdə,
Qaya yarıqlarında, bütün tikanlı kolluqlarda,
Otlaqlarda məskunlaşacaq.

20 O gün Xudavənd Fəratın o tayından muzdla tutduğu ülgüclə –
Aşşur padşahı ilə saçlarınızı,
Bədəndəki tüklərinizi və saqqallarınızı qırxacaq.

21 O gün bir düyə ilə bir cüt qoyun bəsləyən
22 Aldığı bol süd nəticəsində kərə yağı yeyəcək.
Ölkədə sağ qalan hər kəs kərə yağı ilə bal yeyəcək.

23 O gün min gümüş dəyərində min tənək olan
Bağ tikanlı, qanqallı çölə dönəcək.
24 Adamlar oralardan oxlarla, kamanlarla keçəcək,
Çünki ölkənin hər yanı tikan və qanqalla örtüləcək.
25 Bir vaxt şumlanıb əkin əkilən təpələr
Kimsənin girə bilməyəcəyi tikanlı, qanqallı çölə dönəcək,
Mal-qaranın gəzdiyi, qoyun-keçinin tapdaladığı yerlərə çevriləcək».

İşarə: Maher-Şalal-Xaş-Baz

1 Rəbb mənə belə dedi: «Böyük tumar götür və üstündə aydın hərflərlə Maher-Şalal-Xaş-Baz[21] yaz. 2 Kahin Uriya ilə Yeverekya oğlu Zəkəriyyəni özümə etibarlı şahid seçdim».

3 Sonra mən peyğəmbər olan arvadımla yaxınlıq etdim və o hamilə olub bir oğlan doğdu. Rəbb mənə dedi: «Onun adını Maher-Şalal-Xaş-Baz qoy. 4 Çünki körpə “anam, atam” deməyi öyrənməzdən əvvəl Dəməşqin sərvəti və Samariyanın qəniməti Aşşur padşahına aparılacaq».

5 Rəbb mənimlə yenə danışıb belə dedi:
6 «Bu xalq sakit axan Şiloah sularını rədd edib
Resinlə Remalyanın oğluna meyl saldıqlarına görə
7 Mən Xudavənd, Fəratın coşan qüdrətli sularını –
Aşşur padşahı və onun qüvvətini bu xalqın üstünə gətirəcəyəm.
Bu sular öz yataqlarından yuxarı qalxaraq aşıb-daşacaq.
8 Bu sular Yəhudanı basacaq, daşıb içindən keçəcək,
Boğaza qədər çatacaq.
Ordular qanadlarını açıb bütün ölkəyə dolacaq, ey İmmanuel!»

9 Ey xalqlar, pis işlər görün və qırılın!
Ey yer üzünün bütün uzaq ölkələri, eşidin!
Döyüşə hazırlaşın və qırılın!
Bəli, döyüşə hazırlaşın və qırılın!
10 Birlikdə məsləhətləşin, o boşa çıxacaq.
İstədiyiniz qədər danışın, heç bir söz gerçək olmayacaq,
Çünki Allah bizimlədir.
Rəbbin Öz xalqına xəbərdarlığı
11 Rəbb bu xalqın tutduğu yol ilə getməməyi söyləyərək məni qüdrətli əli ilə saxladı və belə xəbərdarlıq etdi:
12[22] «Bu xalqın sui-qəsd dediyi hər şeyə siz sui-qəsd deməyin,
Onların qorxduqlarından qorxmayın, lərzəyə gəlməyin.
13 Ordular Rəbbini müqəddəs sayın,
Ondan qorxun və lərzəyə gəlin!
14[23] O, Müqəddəs məkan olacaq,
Amma İsrailin iki padşahlığına büdrəmə daşı və yıxma qayası,
Yerusəlim sakinlərinə tələ və tor olacaq.
15 Bir çoxları büdrəyib yıxılacaq və qırılacaq,
Tələyə düşüb əsir aparılacaq».

16 Ya Rəbb, şagirdlərimin arasında
Şəhadətini qoruyub saxla, təlimini möhürlə!
17[24] Yaqub nəslindən üzünü gizlədən Rəbbi gözləyəcəyəm,
Ona ümid edəcəyəm.
18 Mən və Rəbbin mənə verdiyi övladlar
Sion dağında məskunlaşan Ordular Rəbbinin
İsraildəki rəmzləri və nişanələriyik.

19 Sizə bəzi adamlar deyəndə ki, «pıçıldayıb-mırtıldayan cindarlarla, ruhçağıranlarla danışın», onlara belə cavab verin: «Xalq öz Allahından məsləhət almamalıdırmı? Heç dirilər barəsində ölülərlə danışarlarmı? 20 Allahın təliminə, şəhadətinə sarı dönün! Əgər onlar Allahın kəlamı ilə danışmasa, onlar üçün nur şəfəqi saçmayacaq. 21 Onlar çarəsiz və ac qalaraq oradan keçəcəklər. Ac qalanda qəzəblənəcəklər, padşahlarını və özlərinin Allahını lənətləyəcəklər. 22 Göyə də, yerə də baxsalar, əzabdan, qaranlıqdan, zülmətdən savayı heç bir şey görməyəcəklər. Qatı zülmətə atılacaqlar».

Sülh Hökmdarı

1[25] Lakin əzab çəkmiş xalq qaranlıqda qalmayacaq.
Keçmişdə Rəbb Zevulun və Naftali bölgələrini alçaltdı,
Gələcəkdə isə dənizkənarı yolu,
İordan çayının o biri tayını,
Müxtəlif millətlər yaşayan Qalileyanı
Şərəfə çatdıracaq.
2[26] Zülmətdə yaşayan xalq
Möhtəşəm bir işıq gördü.
Ölüm kölgəsi diyarında məskunlaşanların
Üzərinə nur doğdu.
3 Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın,
Əkib-biçənlərin fərəhləndiyi,
Qənimət bölənlərin sevindiyi kimi
Onlar da Sənin hüzurunda sevindilər.
4 Çünki onlara yük olan boyunduruğunu,
Çiyinlərini döyən çomağını,
Onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisən
Midyanlıların başlarına gətirdiyin gün kimi.
5 Döyüşdə geyilən çəkmələri,
Qana bulanmış geyimləri yandırılacaq,
Oda yem olacaq.
6 Çünki bizim üçün körpə doğuldu,
Bizə oğul verildi,
Hakimiyyət onun çiyinləri üzərində olacaq,
Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah,
Əbədi Ata, Sülh Hökmdarı olacaq.
7[27] Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq,
O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək,
O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq.
Ordular Rəbbinin qeyrəti bunu edəcək.
Rəbbin İsrailə qarşı qəzəbi
8 İsrail üzərində həyata keçirilsin deyə
Rəbb Yaqub nəslinin əleyhinə xəbərdarlıq etdi.
9 Bütün xalq,
Efrayimin, Samariyanın sakinləri
Bunu biləcək.
Bu qürurlu, təkəbbürlü xalq belə deyir:
10 «Kərpic evlərimiz yıxıldı,
Amma əvəzinə yonma daşdan evlər tikərik.
Firon ənciri ağacları kəsildi,
Amma biz onların əvəzinə sidr ağacları əkərik».
11 Buna görə Rəbb Resinin düşmənlərini gücləndirəcək,
Yağılarını dirçəldəcək,
12 Aramlılar şərqdən,
Filiştlilər qərbdən
Ağızlarını açıb İsraili udacaq.
Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,
Əli hələ də cəzalandırmağa hazır idi.

13 Amma xalq onu cəzalandıran Rəbbə tərəf dönmədi,
Ordular Rəbbini axtarmadı.
14 Buna görə Rəbb İsraildən başı, quyruğu,
Xurma ağacının budağını, qarğını bir gündə kəsib atacaq.
15 Baş – ağsaqqal və hörmətli şəxsdir,
Quyruq isə yalan təlim verən peyğəmbərdir.
16 Bu xalqa yol göstərənlər onları azdırır,
Onların ardınca gedənlər qırılır.
17 Buna görə də Xudavənd
Onların cavanlarına görə sevinməyəcək,
Yetimlərin və dul qadınların halına yanmayacaq.
Çünki hamı allahsızdır,
Şər işlər görür,
Hamının ağzından axmaq kəlmələr çıxır.
Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,
Əli hələ də cəzalandırmağa hazır idi.

18 Ona görə pislik alovlanıb-yanır,
Tikanla qanqalı yandırıb-yaxır,
Meşədəki kolluqlar məhv olur,
Tüstü sütunları qalxır.
19 Ordular Rəbbinin qəzəbi
Ölkəni od kimi yandırdı,
Xalqı alov yandırıb-yaxır,
Qardaş qardaşa rəhm etmir.
20 Adamlar orada-burada tapdıqlarını yeyəcək,
Amma doymayıb ac qalacaq.
Hər kəs öz uşağının ətini yeyəcək.
21 Menaşşe Efrayimi yeyəcək,
Efrayim Menaşşeni.
Sonra birlikdə Yəhudaya hücum edəcəklər.
Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,
Əli hələ də cəzalandırmağa hazır idi.

1 Haqsız qaydalar çıxaranların,
Ədalətsiz qanun qoyanların,
2 Yoxsullardan ədaləti əsirgəyənlərin,
Xalqımın kasıblarının haqqını əlindən alanların,
Dul qadınları soyanların,
Yetimlərin malını ələ keçirənlərin vay halına!
3 Cəza günü uzaqlardan başınıza bəla gələndə nə edəcəksiniz?
Kömək üçün kimin yanına qaçacaqsınız?
Mal-dövlətinizi harada saxlayacaqsınız?
4 Dustaqlar arasında əyilməkdən
Yaxud öldürülənlər arasında yıxılmaqdan
Başqa bir çarə qalmayacaq.
Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,
Əli hələ də cəzalandırmağa hazır idi.
Allahın Aşşura verdiyi cəza
5[28] «Vay Aşşurun halına,
O Mənim qəzəb əsam,
Əlindəki dəyənəksə qeyzimdir!
6 Aşşuru göndərəcəyəm allahsız millətin üstünə,
Qəzəbləndiyim xalqın üzərinə hücum etməyə,
Qarət etməyə, talan malı götürməyə.
Onları küçələrdəki palçıq kimi
Tapdalamağa əmr verəcəyəm.
7 Amma Aşşur padşahı
Bundan da pis niyyətlər haqda düşünür,
Bir neçə millətin kökünü kəsib məhv etməyi fikirləşir.
8 O deyir: “Məgər sərkərdələrimin hamısı padşahlardan artıq deyilmi?
9 Kalnonu Karkemiş kimi ələ keçirmədimmi?
Xamat və Arpad şəhərlərini süqut etdirmədimmi?
Samariya ilə Dəməşq bizə təslim olmadılarmı?
10 Yerusəlimlə Samariyadakından daha çox oyma bütləri olan
Bütpərəst ölkələri necə ələ keçirdimsə,
11 Samariyaya və onun bütlərinə nə etdimsə,
Yerusəlimə və onun bütlərinə də elə etmərəmmi?”»

12 Xudavənd Sion dağında və Yerusəlimdə işini bitirəndən sonra belə deyəcək:
«Aşşur padşahını qürurlu ürəyinə görə,
Təkəbbürlü baxışlarına görə cəzalandıracağam.
13 Çünki o deyir:
“Bunu mən əlimin qüvvəti ilə, hikmətim və ağlımla etdim.
Xalqları ayıran sərhədləri yox etdim, xəzinələrini talan etdim,
Bir güclü buğa kimi padşahları taxtlarından endirdim.
14 Elə bil əlimi quş yuvasına uzadıb
Xalqların var-dövlətini götürdüm.
Elə bil yiyəsiz yumurtaları yığıb
Bütün dünyanı mən beləcə zəbt etdim.
Qanad çırpan, ağzını açıb səsini çıxaran belə, olmadı”».

15 Balta onu işlədənin qarşısında öyünərmi?
Mişar onu qaldıranın qarşısında qürrələnərmi?
Sanki dəyənək onu götürəni işlədir,
Elə bil ağacdan düzəlmiş əsa canlını hərəkət etdirir.
16 Buna görə Sahibimiz, Ordular Rəbbi
Aşşurun güclü əsgərlərinə azar göndərəcək,
Möhtəşəm orduları od tutub yanacaq.
17 İsrailin Nuru od,
İsrailin Müqəddəsi alov olacaq.
Aşşuru tikan və qanqal kimi bir gündə yandırıb yox edəcək.
18 Gözəl meşələri, məhsuldar tarlaları
Tamamilə xarab olacaq,
Ağır xəstəliyə tutulan insanın canı kimi
Həlak olacaq.
19 Meşələrində qalan ağaclarsa
Bir uşağın saya biləcəyi qədər az qalacaq.
İsrailin sağ qalanları
20 O gün İsrailin sağ qalanları,
Yaqubun nəslindən xilas olub sağ qalanlar
Onları həlak edənlərə artıq bel bağlamayacaq.
Lakin, həqiqətən, Rəbbə –
İsrailin Müqəddəsinə arxalanacaq.
21 Sağ qalanlar,[29]
Yaqub nəslindən sağ qalanlar
Qüdrətli Allaha tərəf dönəcək,
22[30] Ey İsrail, xalqın dəniz qumu qədər çox olsa belə,
Onlar arasından ancaq sağ qalanlar Allaha tərəf dönəcək.
Tükənməz ədalətlə dağıdılma hökmü verilib.
23 Xudavənd, Ordular Rəbbi dağıdılma hökmünü
Bütün dünyada yerinə yetirəcək.
Rəbb Aşşuru cəzalandıracaq
24 Buna görə də Xudavənd, Ordular Rəbbi belə deyir:
«Ey Sionda yaşayan xalqım,
Misirlilərin sənə etdiyi kimi
Səni dəyənəklə vuran,
Üzərinə çomaq qaldıran
Aşşurlulardan qorxma.
25 Çünki bu yaxında qəzəbim sönəcək,
Hiddətim Aşşurluların məhvinə səbəb olacaq».
26 Mən Ordular Rəbbi, Midyanlıları Orev qayasında vurduğum kimi
Onları da qırmancla vuracağam,
Dəyənəyimi Misirlilərə qarşı nə cür dənizin üzərinə uzatdımsa,
İndi də elə edəcəyəm.
27 O gün Aşşurun yükü çiyninizdən,
Boyunduruğu boynunuzdan götürüləcək.
Dirçəldiyinizə görə boyunduruq qırılacaq.
İşğalçıların hücumu
28 Ayat şəhərini alıb Miqrondan keçdilər,
Mikmasda yüklərini boşaltdılar.
29 Onlar keçidi keçdi, Gevada gecələdi,
Rama şəhəri lərzəyə gəldi,
Şaulun şəhəri Giveada yaşayanlar qaçdı.
30 Ey Qallim əhli, səsini ucalt!
Ey Layşa, dinlə,
Ey zavallı Anatot!
31 Madmena sakinləri qaçır,
Gevim sakinləri sığınacaq axtarır.
32 Bu gün işğalçılar Novda qalacaq,
Sion şəhərinin qurulduğu dağa –
Yerusəlim təpəsinə yumruq göstərəcək.

33 Budur, Sahibimiz, Ordular Rəbbi
Düşməni dəhşətli gücü ilə budaqlar kimi kəsəcək.
Ən hündür ağaclar qırılacaq,
Qürurlular alçaldılacaq.
34 Meşədəki kolluqları balta kimi
Kəsib yerə sərəcək.
Livan Qüdrətli Olanın önündə diz çökəcək.

Sülh ümidi

1[31] Yesseyin kötüyündən yeni bir fidan çıxacaq,
Kökündən çıxan bir budaq bar verəcək.
2 Rəbbin Ruhu,
Hikmət və anlayış ruhu,
Öyüd-nəsihət və qüdrət ruhu,
Bilik və Rəbb qorxusu ruhu
Onun üzərində olacaq.
3 O, Rəbb qorxusunda sevinc tapacaq.
Gözlərinin gördüyü ilə hökm etməyəcək,
Qulağı ilə eşitdiyinə görə qərar çıxarmayacaq.
4[32][33] Lakin o, yoxsullara haqq ilə hökm edəcək,
Yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq.
Dünyanı ağzının dəyənəyi ilə vuracaq.
Pis adamları ağzının nəfəsi ilə öldürəcək.
5[34] O, belini salehliklə qurşayacaq,
Sədaqəti kəmər kimi taxacaq.

6[35] O gün qurdla quzu bir yerdə yaşayacaq,
Bəbirlə çəpiş birgə yatacaq,
Dana, gənc aslan və bəslənmiş mal-qara
Yan-yana duracaq,
Onları balaca uşaq gəzdirəcək.
7 İnəklə ayı bir yerdə otlayacaq,
Onların balaları bir yerdə yatacaq,
Şir də buğa tək saman yeyəcək.
8 Südəmər körpə əfi ilanın
Yuvası üstündə oynayacaq,
Süddən kəsilmiş uşaq
Əlini gürzənin yuvasına salacaq.
9[36] Müqəddəs dağımın heç bir yerində
Heç kimə zərər dəyməyəcək,
Heç bir kəs o birisini məhv etməyəcək.
Çünki sular dənizi bürüdüyü kimi
Dünya Rəbbin biliyi ilə dolacaq.
Əsirlər geri qayıdacaq
10[37] O gün Yesseyin kökü xalqlara bayraq olacaq,
Millətlər ona tərəf yönələcək
Məskunlaşdığı yer izzətlə dolacaq.

11 O gün Xudavənd Aşşurdan,
Misirdən, Patrosdan, Kuşdan,
Elamdan, Şinardan, Xamatdan və uzaq diyarlardan
Xalqının sağ qalanlarını qurtarmaq üçün
İkinci dəfə əlini uzadacaq.
12 Millətlər üçün bayraq qaldıracaq,
Əsir düşmüş İsrail övladlarını yığacaq,
Dağılmış Yəhudalıları
Dünyanın dörd bucağından bir yerə gətirəcək.
13 Efrayimin qısqanclığı yox olacaq,
Yəhudanı sıxışdıranlar məhv olacaq.
Efrayim Yəhudaya qısqanmayacaq,
Yəhuda Efrayimi sıxışdırmayacaq.
14 Onların ikisi qərbdə Filiştlilərin üstünə hücum edəcək,
Birlikdə şərqdə yaşayanların var-dövlətini qarət edəcək,
Edom və Moav torpaqlarını zəbt edəcək,
Ammonlular onlara tabe olacaq.
15[38] Rəbb Misirdəki dənizin körfəzini
Büsbütün qurudacaq.
Fərat çayının üzərində
Əlini yellədərək səmum küləyi gətirəcək,
O, çayı yeddi dərəyə böləcək,
Adamlar oradan çarıqlarla keçə biləcək.
16 İsrail övladları Misir torpağından çıxdığı kimi
Rəbbin Aşşurda sağ qalan xalqı üçün
Böyük bir çıxış yolu olacaq.

Şükür məzmuru

1 O gün sən, ey İsrail, belə deyəcəksən:
«Ya Rəbb, Sənə şükür edəcəyəm!
Sən mənə qəzəblənirdin,
Lakin qəzəbin söndü,
Mənə təsəlli verdin.
2[39] Allah xilasımdır,
Ona güvənəcəyəm və qorxmayacağam,
Çünki Rəbb Allahımız qüvvətim, məzmurumdur,
O mənə xilas verdi!»

3 Sevinclə xilas mənbələrindən
Su çəkəcəksiniz.
4[40] O gün belə deyəcəksiniz,
«Rəbbə şükür edin, Onun adını çağırın,
Xalqlar arasında Onun işlərini bəyan edin,
Onun adının ucalığını elan edin.
5 Rəbbi tərənnüm edin,
Çünki O, möhtəşəm işlər gördü,
Qoy bütün dünya bunu bilsin!
6 Ey Sion sakinləri, səsinizi ucaldın,
Sevinclə çığırın,
Çünki aranızdakı İsrailin Müqəddəsi böyükdür».

Allah Babili cəzalandıracaq

1[41] Amots oğlu Yeşayaya Babil haqqında görüntü ilə nazil olan xəbərdarlıq:
2 Çılpaq dağın zirvəsinə bayraq sancın!
Döyüşçüləri bərkdən səsləyin,
Əl edin ki, onlar
Əsilzadələr üçün ayrılan qapılardan içəri girsin.
3 Mən seçdiklərimə əmr verdim,
Qəzəbimi düşmənlərə tökmək üçün
Cəsur cəngavərləri,
Ucalığımla öyünən igidləri səslədim.

4 Dağlardakı izdihamın gurultusunu eşidin,
Bu, böyük bir xalqın səsinə bənzər.
Bir yerə toplanan millətlərin,
Padşahlıqların nidasını dinləyin!
Ordular Rəbbi bir ordunu döyüşə çağırır!

5 Onlar uzaq ölkədən,
Üfüqlərin o biri tərəfindən gəlir.
Ölkəni tamamilə yerlə yeksan etmək üçün
Rəbb və Onun qəzəbinin silahı gəlir.

6[42] Fəryad edin, çünki Rəbbin günü yaxınlaşır.
O gün Külli-İxtiyarın etdiyi qırğın kimi gəlir!
7 Buna görə hamının əlləri yanına düşəcək,
Hər kəs qorxub ürəyini yeyəcək.
8 Hər bir adamı dəhşət bürüyəcək,
Dərd və iztirab içində boğulacaq,
Doğan qadın kimi ağrı çəkəcək,
Çaşqın-çaşqın bir-birinə baxacaq,
Üzləri qızaracaq.

9 Budur Rəbbin günü gəlir,
Amansızlıqla, qeyzlə, qızğın qəzəblə gəlir ki,
Yeri səhraya döndərsin,
Oradakı günahkarları məhv etsin.
10[43] Göydəki ulduzlar və bürclər işıq verməyəcək,
Günəş doğarkən tutulacaq,
Ay nurunu saçmayacaq.

11 Rəbb deyir: «Pisliyə görə dünyanı,
Günahlarına görə pis adamları cəzalandıracağam.
Təkəbbürlülərin qürurunu qıracağam,
Zalımların məğrurluğunu alçaldacağam.
12 İnsan saf qızıldan da az olacaq,
Adam Ofir qızılından da nadir halda tapılacaq.
13 Buna görə də Mən Ordular Rəbbi,
Qızğın qəzəb günündə
Qeyzlə göyləri titrədəcəyəm,
Yer üzü lərzəyə gələcək.
14 Hər kəs qovulan ceyrana, çobansız qoyunlara dönüb
Öz xalqının yanına qayıdacaq,
Öz vətəninə qaçacaq.
15 Bütün tutulanların bədəni dəlik-deşik olacaq,
Ələ keçənlərin hamısı qılıncdan keçiriləcək.
16 Onların gözləri önündə körpələri parça-parça ediləcək,
Evləri talan ediləcək,
Arvadlarının namusuna toxunulacaq.

17 Gümüşə qiymət verməyən,
Qızılı sevməyən Midiyalıları
Onlara qarşı qaldıracağam.
18 Ox-kamanları gəncləri parça-parça edəcək,
Körpələrə rəhm etməyəcəklər,
Uşaqları əsirgəməyəcəklər.
19[44] Mən Allah Sodomla Homorranı necə dağıtdımsa,
Padşahlıqların ən gözəli olan,
Xaldeylilərin calalı və qüruru olan
Babili də elə yıxacağam.
20[45] Orada bir daha heç kim yaşamayacaq,
Nəsildən-nəslə kimsə məskunlaşmayacaq.
Ərəblər çadırlarını qurmayacaq,
Çobanlar sürülərini orada saxlamayacaq.
21[46] Ora vəhşi heyvanların yaşadığı yer olacaq,
Bayquşlar evlərdə qaynaşacaq,
Orada dəvəquşular məskən salacaq,
Təkələr oynaşacaq.
22 Saraylarında goreşənlər çığıracaq,
Gözəl imarətlərində çaqqallar gəzəcək.
Babilin sonu yaxınlaşır,
O günlər tez gəlib çatacaq».

Əsirlərin qayıtması

1 Rəbb Yaqub nəslinə rəhm edəcək,
İsrail xalqını yenə seçib torpaqlarına sakin edəcək,
Yadellilər də Yaqub nəslinə qoşulacaq, onlarla birləşəcək.
2 Xalqlar İsrail xalqını götürüb torpaqlarına aparacaq.
Onda İsrail xalqı Rəbbin torpağında
Onları özlərinə qul və kəniz edəcək;
Onları əsir aparanları özləri əsir edəcək,
Onlara zülm edənlərin üzərində hökm sürəcək.
Ölülər diyarına düşən Babil padşahı
3 Rəbb səni ağrıdan, sıxıntıdan,
Gördüyün ağır işdən qurtaranda
4 Babil padşahına lağ edib belə deyəcəksən:
«Zülmkarın sonu gör necə oldu!
Zorakılığın axırı gör necə oldu!
5 Rəbb pis adamların dəyənəyini,
Hökmdarların əsasını qırdı.
6 O əsa ki dayanmadan xalqları qəzəblə vurardı,
Millətləri qeyzlə, amansızca əzərdi.

7 İndi isə bütün dünya
Sakitlik və rahatlıq içində sevincdən coşur.
8 Livanın şam və sidr ağacları
Sənin fəlakətinə sevinərək deyir:
“Sənin ölümündən bəri heç kim bizi kəsməyə gəlmir”.

9 Yerin altındakı ölülər diyarı sənə “xoş gəldin” deyib,
Səni qarşılamağa can atır, ey Babil padşahı!
Yer üzünün ölən bütün başçıları
Sənin gəlişindən həyəcanlanır,
Millətlərin bütün keçmiş padşahları
Taxtlarından ayağa qalxır.
10 Hamı səni çağırıb belə deyəcək:
“Sən də bizim kimi zəif oldun, bizə bənzədin!”
11 Cah-calalın, çənglərinin səsi
Ölülər diyarına endirildi.
Altını qurd, üstünü həşərat bürüdü.

12[47] Ey parlaq ulduz, dan oğlu,
Necə də göylərdən yerə düşdün!
Ey millətləri tapdalayıb keçən,
Necə də yerə yıxıldın!
13[48] Sən ürəyində dedin:
“Göylərə qalxacağam,
Taxtımı Allahın ulduzları üzərində ucaldacağam,
Şimaldakı yüksək yerdə, toplantı dağında oturacağam,
14 Uca buludların üzərinə çıxacağam,
Haqq-Taala kimi olacağam”.
15 Ancaq ölülər diyarına,
Ölüm çuxurunun dərinliyinə endiriləcəksən.

16 Səni görənlər gözlərini zilləyib
Sənin haqqında düşünüb belə deyəcək:
“Dünyanı sarsıdan, padşahlıqları lərzəyə salan,
17 Yer üzünü səhraya çevirən,
Şəhərlərini yerlə yeksan edən,
Dustaqları evlərinə buraxmayan adam bu deyilmi?”
18 Bütün millətlərin padşahları,
Hər biri öz əzəmətli sərdabəsində uyuyur.
19 Lakin sən iyrənc budaq kimi
Qəbrindən kənara, uzağa atıldın,
Bir çuxurun dibinə tullanan,
Bədənləri qılıncla deşilən meyitlərlə örtülmüsən,
Ayaq altında qalan leş kimisən.
20 Ölkəni dağıdıb xalqını öldürdüyünə görə
Başqaları kimi dəfn olmayacaqsan.
Pislik edənlərin nəsli bir daha xatırlanmayacaq.
21 Atalarının günahına görə
Övladları üçün qırğın hazırlayın ki,
Onlar qalxıb dünyanı zəbt etməsinlər,
Dünyanın üzərini şəhərləri ilə bürüməsinlər».

22 «Babil xalqına qarşı qalxacağam»
Bunu Ordular Rəbbi bəyan edir.
«Babilin adını, sağ qalanlarını, oğullarını,
Nəsillərini yox edəcəyəm» Rəbb bəyan edir.
23 «Babili bayquş yuvasına, bataqlığa çevirəcəyəm,
Qırğın süpürgəsi ilə süpürəcəyəm»
Ordular Rəbbi bəyan edir.
Rəbb Aşşurluları cəzalandıracaq
24[49] Ordular Rəbbi and içib belə deyir:
«Mütləq düşündüyüm kimi olacaq,
Niyyət etdiyim kimi gerçəkləşəcək.
25 Ölkəmdə Aşşurluları məhv edəcəyəm,
Dağlarımda onları tapdalayacağam.
Xalqım Aşşurun boyunduruğundan,
Çiyinlərindəki yükündən qurtulacaq.
26 Bütün dünya üçün hazırladığım hökm budur,
Bütün millətlərə qarşı uzanan əl budur.
27 Ordular Rəbbinin hökmünü kim poza bilər?
Uzanan əlini kim geri qaytara bilər?»
Rəbb Filiştliləri cəzalandıracaq
28[50] Padşah Axazın öldüyü ildə görüntü ilə nazil olan xəbərdarlıq:
29[51] «Ey bütün Filiştlilər, sevinməyin ki, sizi döyən dəyənək qırıldı,
Çünki ilanın kökündən gürzə törəyəcək,
Onun törəməsi də uçan ilan olacaq.
30 Kasıbların ən kasıbı doyacaq,
Fəqirlər rahat dincələcək.
Amma sizin kökünüzü qıtlıqla kəsəcəyəm,
Sağ qalanlarınız da öldürüləcək.
31 Ey darvaza, fəryad et!
Ey şəhər, ağla!
Ey bütün Filiştlilər, başdan-başa əriyin!
Çünki şimaldan tüstü gəlir,
Düşmən əsgərləri nizamı pozmadan gəlir».

32 O millətin elçilərinə nə cavab veriləcək?
«Rəbb Sionun təməlini qoyub,
Onun xalqının fəqirləri orada
Sığınacaq tapacaq» deyiləcək.

Moavın dağılması

1[52] Moav barədə xəbərdarlıq:
Moavın Ar şəhəri bir gecəyə xarabalığa döndü, dağıldı,
Moavın Kir şəhəri bir gecəyə viranəliyə döndü, dağıldı.
2[53] Buna görə Divon xalqı ağlamaq üçün məbədə,
Səcdəgahlara çıxdı.
Moav xalqı Nevo və Medva üçün fəryad edir.
Yas tutmaq üçün hamı saçını kəsdi,
Saqqalını qırxdı.
3 Çula bürünərək küçələrdə,
Damlarda, meydanlarda hər kəs fəryad edir,
Göz yaşları sel kimi axır.
4 Xeşbon və Elale fəryad edir,
Səsləri Yahsaya qədər eşidilir.
Buna görə Moav əsgərləri nalə çəkir,
Ürəkləri qorxu içindədir.
5 Ürəyim Moav üçün kədərlənir,
Oranın qaçqınları Soara, Eqlat-Şelişiyaya doğru qaçdı.
Luxit yoxuşundan ağlayaraq çıxırlar.
Xoronayim yolunda məhv olduqları üçün ağlayırlar.
6 Nimrim suları quruduğu üçün ot soldu,
Bitkilər qalmadı, artıq göy-göyərti yox oldu.
7 Buna görə xalq qazandığı mal-dövlətini, yığdığı sərvətini
Söyüdlər vadisindən keçirir.
8 Xalqın ağlaşması Moav torpağını bürüyür,
Fəryadı Eqlayimədək, Beer-Elimədək çatır.
9 Çünki Dimon suları qanla doludur,
Amma Mən Dimonun başına daha betər bəla gətirəcəyəm,
Moavdan qaçıb-qurtulanların,
Ölkədə sağ qalanların üstünə şirlər göndərəcəyəm.


1 Seladan səhra yolu ilə Sion dağına,
Ölkənin hökmdarına quzular göndərin.
2 Moav qızları yuvalarından atılmış,
Ora-bura uçan quşlara bənzəyir,
Onlar Arnon çayının bərələrində dolaşır.

3 «Bizə öyüd ver, ədalət göstər,
Gündüzün istisində gecə kimi üstümüzə kölgə sal,
Sürgünləri saxla, qaçqınları təslim etmə.
4 Qoy Moavdan sürgün olanlar
Səninlə birlikdə yaşasın,
Məhv edənlərə qarşı biz Moavlıların pənahı ol».
Qarət və qırğın qurtaranda,
Ölkəni ayaqları altına salanlar yox olanda,
5 Məhəbbət üzərində taxt qurulacaq,
Davud nəslindən bir nəfər
Sədaqətlə padşahlıq edəcək,
Hökm edərkən ədaləti axtaracaq,
Tezliklə salehliyi yerinə yetirəcək.

6[54] Moavlıların nə dərəcədə
Qürurlanıb lovğalandıqlarını,
Nə cür təkəbbürlü olduqlarını eşitdik,
Boş yerə öyünürlər.
7 Buna görə Moavlılar Moav üçün fəryad edəcək;
Hamısı fəryad edəcək,
Qir-Xaresetin kişmiş kökələrini
Yada salaraq inləyib kədərlənəcək.
8 Çünki Xeşbon tarlaları,
Sivma tənəkləri qurudu.
Başqa millətlərin başçıları seçmə budaqlarını qırdı,
O budaqları ki Yazerə qədər uzanardı,
Səhraya çatırdı, şaxələnib dənizi aşırdı.
9 Buna görə Yazer ağlaşması ilə
Sivma tənəkləri üçün acı-acı ağlayıram.
Ey Xeşbon və Elale,
Çünki yay meyvələrinizin və biçininizin üzərinə
Döyüş nərəsi düşdü.
10 Meyvə bağlarından sevinc və fərəh götürüldü,
Üzümlüklərdə nə nəğmələr, nə də sevinc nidaları səslənir.
Üzümsıxanlardan şərab götürülməyəcək,
Onların sevinc səslərini kəsdim.
11 Buna görə ürəyim Moav üçün lira kimi inləyir,
Qəlbim Qir-Xareset üçün sızlayır.
12 Moav xalqı səcdəgahlarına çıxaraq
Boş yerə özünü yorur,
Dua etmək üçün Müqəddəs məkanına gedəcək,
Amma hər şey boş-boşunadır!
13 Rəbbin Moav haqqında keçmişdə dediyi sözü budur. 14 İndi isə Rəbb belə deyir: «Tam üç ilin ərzində Moavın şan-şöhrəti çoxsaylı xalqı ilə birgə alçaldılacaq, sağ qalanları azalıb zəifləyəcək».

Aram və İsrail haqqında peyğəmbərlik

1[55] Dəməşq barədə xəbərdarlıq:
Budur, Dəməşq daha şəhər olmayacaq,
Bir yığın xarabalığa dönəcək.
2 Aroer şəhərləri tərk olunacaq.
Oralar sürülərin otlaq yeri olacaq,
Onları qorxudan olmayacaq.
3 Efrayimdə qalalı şəhər qalmayacaq,
Dəməşqin hakimiyyəti yox olacaq,
Sağ qalan Aramlıların qüvvəti
İsrail övladlarının qüvvəti tək olacaq.
Bunu Ordular Rəbbi bəyan edir.

4 O gün Yaqub nəslinin əzəməti sönəcək,
Hamısı bir dəri, bir sümük qalacaq;
5 Biçinçi taxılı necə biçirsə,
Başaqları əli ilə necə yığırsa,
Refaim vadisində başaqları necə toplayırsa,
Onlar da elə olacaq.
6 Zeytun ağacı silkələnəndən sonra
Təpəsində iki-üç zeytun qaldığı kimi,
Bəhərli budaqlarında dörd-beş zeytun qaldığı kimi
Çox az adam sağ qalacaq.
Bunu İsrailin Allahı Rəbb bəyan edir.
7 O gün insan öz Yaradanına nəzər salacaq və gözləri İsrailin Müqəddəsini görəcək. 8 Əlləri ilə yaratdığı qurbangahlara baxmayacaq, barmaqları ilə düzəltdiyi ilahə Aşeranın rəmzi olan sütunlara, buxur qurbangahlarına nəzər salmayacaq.

9 O gün istehkamlı şəhərləri
İsrail övladlarından qaçan Hivlilərlə Emorluların tərk etdiyi
Şəhərlərə bənzəyəcək, viran qalacaq.
10 Sən, ey İsrail, sənə qurtuluş verən
Allahını unutdun,
Pənahgahın olan Qayanı xatırlamadın.
Buna görə də sən əcnəbi bütlər üçün bağ əkirsən,
Özgə ağacların budaqlarından peyvənd edirsən.
11 Onları əkdiyin gün böyüdürsən,
Ertəsi gün çiçəkləndirirsən,
Amma kədərli, sağalmayan ağrılı gündə məhsul verməyəcəklər.

12 Ah, çoxsaylı xalqların gurultusu
Dənizlərin gurultusuna bənzər!
Ümmətlərin nərəsi böyük suların çağlayışına oxşar!
13 Ümmətlərin səsi böyük suların gurultusuna bənzəyəcək,
Lakin Allah onları məzəmmət edəcək,
Onlar uzaqlara qaçacaq,
Küləyin qarşısında təpəliklərdəki saman çöpü kimi,
Qasırğanın önündə yuvarlanan küləş kimi qovulacaqlar.
14 Axşamçağı onlar dəhşət doğururlar,
Səhər açılmadan yox olurlar.
Bizi soyanların aqibəti budur,
Bizi qarət edənlərin sonu budur.

Allahın Kuşa cəza verməsi

1 Kuş çaylarının o tərəfində yerləşən,
Qanad vızıltıları eşidilən ölkənin vay halına!
2 Dəniz yolu ilə, qamış qayıqları ilə
Bu ölkə elçilər göndərir!
Ey sürətli qasidlər, yola düşün!
Çaylarla bölünmüş ölkəyə,
Ucaboylu, parlaq dərili millətin,
Hər yanda qorxu doğuran xalqın,
Güclü və işğalçı millətin yanına gedin!

3 Ey bütün yer üzündə yaşayanlar!
Ey dünya sakinləri!
Dağların zirvəsinə bayraq dikələndə baxın!
Şeypur çalınanda eşidin!
4 Çünki Rəbb mənə belə deyir:
«Günəş şüalarından yaranan qızmarlıq kimi,
Biçin vaxtının istisində şeh buludu kimi
Sakitcə məskənimdən baxacağam».
5 Çiçəklənmə qurtarıb məhsul yığımından əvvəl
Üzümlər qora bağlayanda
O, bağ qayçıları ilə pöhrələri kəsəcək,
Şaxələnmiş budaqları qırıb atacaq.
6 Hamısı dağın yırtıcı quşlarına,
Yerin vəhşi heyvanlarının qarşısına atılacaq.
Yayda yırtıcı quşlara,
Qışda bütün vəhşi heyvanlara yem olacaq.

7 O vaxt çaylarla bölünmüş ölkə
Ucaboylu, parlaq dərili xalq,
Hər yanda qorxu doğuran xalq
Güclü və işğalçı millət
Ordular Rəbbinə,
Ordular Rəbbinin adını qoyduğu yerə –
Sion dağına xərac gətirəcək.

Allahın Misirə cəza verməsi

1[56] Misir barədə xəbərdarlıq:
Budur, Rəbb sürətlə gedən buludun üstünə minib Misirə gəlir.
Misir bütləri Onun qarşısında titrəyir,
Misirlilərin ürəkləri qorxudan əriyir.
2 Rəbb deyir:
«Mən Misirliləri Misirlilərə qarşı qaldıracağam,
Qardaş qardaşla, qonşu qonşu ilə,
Şəhər şəhərlə, ölkə ölkə ilə vuruşacaq.
3 Misirlilərin ruhu qırılacaq, niyyətlərini boşa çıxaracağam.
Onlar bütlərdən, ölü ruhlarından, cindarlardan,
Ruhçağıranlardan məsləhət istəyəcək.
4 Misirliləri qəddar bir sahibə təslim edəcəyəm,
Qüvvətli padşah üzərlərində hökm sürəcək».
Sahibimiz, Ordular Rəbbi belə bəyan edir.

5 Nilin suları azalacaq,
Çay çəkilib quruyacaq.
6 Çaylar iylənəcək,
Misirin arxları boşalıb quruyacaq,
Qamışlar və qarğılar çürüyəcək.
7 Nil kənarında, çayın qırağındakı qarğılar,
Nil boyunca əkilmiş zəmilər quruyacaq, sovrulub yox olacaq.
8 Balıqçılar, Nilə tilov atanların hamısı ağlayaraq yas tutacaq,
Nilə tilov atanların hamısı ağlayacaq,
Suya tor salanlar kədərlənəcək.
9 İncə kətan üzərində işləyənlər,
Ağ bez toxuyanlar ümidlərini itirəcək.
10 Misirin sütunları qırılacaq,
Bütün muzdlu işçilər ruhdan düşəcək.

11 Soan şəhərinin başçıları necə də axmaqdır!
Fironun hikmətli vəzirləri ağılsız məsləhətlər verir.
Onlar firona necə: «Mən müdriklərin,
Qədim padşahların nəslindənəm!» deyə bilər?
12 Ey firon, sənin hikmətli vəzirlərin indi haradadır?
Qoy sənə bildirsinlər
Ordular Rəbbi Misirə qarşı nə hazırlayıb.
13 Soan başçıları axmaq oldu,
Nof rəisləri aldandı,
Misir qəbilələrinin başçıları Misiri yoldan azdırdı.
14 Rəbb onların ağlını çaşdırdı.
Necə ki sərxoş adam öz qusduğunun ətrafında səndələyirsə,
Misir də öz əməllərində belə dolaşır.
15 Misirdə heç kim heç bir iş görə bilməyəcək:
Nə baş, nə quyruq və nə xurma budağı, nə də qamış.
Misir Rəbbə tərəf dönəcək
16 O gün Misirlilər qadına bənzəyəcək, Ordular Rəbbinin onlara qarşı qalxan əlinin önündə titrəyib dəhşətə gələcək. 17 Yəhuda torpağı Misirliləri dəhşətə gətirəcək. Ordular Rəbbinin Misirə qarşı hazırladığı niyyətə görə Yəhudanın adını eşidən hər kəs vəlvələyə düşəcək.
18 O gün Misirdə Kənan dilində danışan və Ordular Rəbbinin adına and içən beş şəhər olacaq. Onlardan biri Həlak şəhəri[57] adlandırılacaq.
19 O gün Misir ölkəsində Rəbbə qurbangah qurulacaq, sərhədində isə Ona sütun tikiləcək. 20 Bu, Misir torpağında Ordular Rəbbinin əlaməti və şəhadəti olacaq. Onlar zülmkarlardan qurtulmaq üçün Rəbbə fəryad edəcək. O, Misirlilərə xilaskar və müdafiəçi göndərib onları qurtaracaq. 21 Rəbb Özünü Misirlilərə tanıtdıracaq, onlar da o gün Rəbbi tanıyacaq. Misirlilər Rəbbə qurbanlar, təqdimlər gətirəcək, nəzir-niyaz edib yerinə yetirəcək. 22 Rəbb Misirliləri vuracaq və sonra şəfa verəcək. Onlar Rəbbə tərəf dönəcək, yalvarışları qəbul olunacaq və Rəbb onlara şəfa verəcək.
23 O gün Misirdən Aşşura böyük yol olacaq.
Aşşurlu Misirə, Misirli Aşşura gedib-gələcək.
Misirlilərlə Aşşurlular birlikdə Rəbbə səcdə edəcək.
24 O gün İsrail Misir və Aşşurun yanında üçüncü ölkə olacaq. Dünya bunların sayəsində xeyir-dua alacaq. 25 Ordular Rəbbi onlara xeyir-dua verib deyəcək: «Xalqım Misir, yaratdığım Aşşur, irsim İsrail bərəkətli olsun».


Misir və Kuş üçün əlamət

1 Aşşur padşahı Sarqonun əmri ilə ordusunun başçısı Aşdoda gəlib onu ələ keçirtdiyi ildə 2 Rəbb Amots oğlu Yeşayaya belə dedi: «Get, əynindəki çulunu və ayağındakı çarıqlarını çıxar». Yeşaya elə də etdi, lüt və ayaqyalın gəzməyə başladı. 3 Rəbb dedi: «Misir və Kuş üçün əlamət və ibrət olaraq qulum Yeşaya necə üç il ərzində çılpaq və ayaqyalın dolaşdısa, 4 elə də Aşşur padşahı Misiri xəcalətli etmək üçün Misirliləri əsir, Kuşluları sürgün edib gəncləri, qocaları çılpaq və ayaqyalın, ayıb yerləri açıq aparacaq. 5 Kuşa güvənən, Misirlə fəxr edən xalq qorxacaq və xəcalətə düşəcək. 6 O gün bu sahil boyunca yerləşən ölkənin sakinləri deyəcək: “Aşşur padşahının əlindən qurtulmaq üçün köməyinə güvəndiyimiz, bel bağladığımız xalqların başına gör nələr gəldi! Bəs biz nə cür qurtulacağıq?”»

Babilin düşkünlüyü haqqında görüntü

 
1 Dəniz sahilindəki səhra barəsində xəbərdarlıq:
Cənubdan necə fırtınalar gəlirsə,
Səhradan, dəhşətli ölkədən də elə bir fəlakət gəlir.
2 Dəhşətli görüntü mənə nazil oldu:
Xain xainlik edir, viranəçi viran edir.
Ey Elam, qalx! Ey Midiya, Babili mühasirəyə al!
Babilin bais olduğu bütün fəryadlara son qoyacağam.

3 Gördüklərimdən belimə sancı düşdü,
Doğan qadın tək məni ağrı tutdu.
Eşitdiklərimdən sarsıldım
Gördüklərimdən məni vahimə bürüdü.
4 Ürəyim əsir, dəhşət məni bürüyür.
Həsrətlə gözlədiyim sübh artıq məni qorxudur.
5 Gördüyüm görüntüdə süfrə hazırlayırlar,
Xalçalar sərirlər,
Yeyib-içirlər.
Qalxın, ey sərkərdələr,
Qalxanları yağlayın!

6 Xudavənd mənə belə dedi:
«Get, gözətçi təyin et,
Qoy o gördüklərini danışsın.
7 Qoşa atlı döyüş arabalarına,
Atlara, eşşəklərə, dəvələrə minmiş
Adamları gördükdə çox diqqət edin».

8 Gözətçi bağırdı: «Ey Xudavənd, gözətçi qülləsində daim duraram,
Hər gecə yerimdə növbəmdə olaram.
9[58] Budur, döyüş arabalarında süvarilər cüt-cüt gəlir».
Sonra o çığırdı: «Yıxıldı, Babil yıxıldı!
Onun allahlarının bütləri isə yerə düşüb parça-parça oldu».
10 Ey xalqım, ey xırmanda buğda kimi döyülmüş xalqım!
İsrailin Allahı Ordular Rəbbindən eşitdiyimi sizə bildirmişəm.
Duma barəsində görüntü
11 Duma[59] barəsində xəbərdarlıq:
Bir nəfər Seirdən məni səsləyir:
«Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?
Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?»
12 Gözətçi cavab verdi: «Səhərin açılmağına az qalıb,
Lakin yenə gecə gələcək.
Soruşmaq istəsəniz, yenə gəlin soruşun».
Ərəbistan barəsində vəhy
13 Ərəbistan barəsində xəbərdarlıq:
Ey Dedan karvanları,
Ərəbistan meşələrində gecələyəcəksiniz!
14 Ey Tema sakinləri,
Susamışlara su gətirin!
Qaçıb qurtulanlara çörək verin!
15 Çünki onlar qılıncdan,
Siyrilmiş qılıncdan,
Çəkilmiş ox-kamandan, ağır döyüşdən qaçıb.
16 Xudavənd mənə belə dedi: «Tam bir ilin ərzində Qedarın bütün əzəməti qurtaracaq. 17 Oxatanlardan, Qedar nəslinin cəngavərlərindən az qalacaq». İsrailin Allahı Rəbb belə dedi.

Yerusəlim barəsində görüntü

1 Görüntü vadisi barəsində xəbərdarlıq:
Ey şəhər xalqı, nə olub ki, hamınız damlara çıxmısınız?
2 Ey səs-küylü, əylənən, gurultulu şəhər,
Öldürülənləriniz nə qılıncdan keçirildi,
Nə də döyüşlərdə öldürüldü.
3 Başçılarınız birlikdə qaçdı,
Onlar kamanlarından ox atmamış yaxalandı.
Uzaqlara qaçdıqlarına baxmayaraq hamısı birgə yaxalandı.
4 Buna görə mən belə dedim:
«Məni tənha qoyun, qoy acı-acı ağlayım,
Əziz xalqım məğlub olduğuna görə
Mənə təsəlli verməyə cəhd göstərməyin».

5 Çünki Ordular Rəbbi Xudavəndin
Görüntü vadisində təlaş, basqın və çaşqınlıq günü var.
Divarların dağıdılması və fəryadın dağlara çatdığı gün gəlir.
6 Elamlılar oxdanlarını tutub adamlarla dolu döyüş arabaları ilə, süvariləri ilə gəldilər.
Kir sakinləri qalxanlarını açdılar.
7 Ən gözəl vadilərin döyüş arabaları ilə doludur,
Süvarilər şəhər darvazalarının qarşısına düzüldülər.
8 Yəhudanın istehkamları deşik-deşik oldu,
O gün siz «Meşə» adlı evdə saxlanılan silaha nəzər saldınız.
9 Davudun şəhərinin divarlarında çoxlu dəlik-deşik əmələ gəldiyini gördünüz,
Aşağı hovuza su yığdınız.
10 Yerusəlimdəki evləri saydınız,
Şəhər divarının təmiri üçün evləri sökdünüz.
11 Köhnə hovuzun suları üçün
İki divar arasında su anbarı düzəltdiniz.
Lakin bu işi Görənə baxmadınız,
Bunu çoxdan hazırlayan Allaha nəzər salmadınız.

12 O gün Ordular Rəbbi Xudavənd sizi ağlaşmağa,
Yas tutmağa, saçınızı yolmağa, çula bürünməyə çağırdı.
13[60] Fəqət bunun əvəzinə siz sevinc və şadlıq tapdınız,
«Qoy yeyib-içək, çünki sabah öləcəyik!» dediniz,
Cöngə, qoyun kəsdiniz, ət yediniz, şərab içdiniz.
14 Ordular Rəbbi bunu mənə açdı:
«Bu günah sizə ölənə qədər əsla bağışlanmaz!»
Ordular Rəbbi Xudavənd belə buyurur.

15 Ordular Rəbbi Xudavənd belə dedi:
Dur, saray rəisi Şevnanın yanına get və de:
16 «Sənin burada nə işin var?
Kim icazə verib ki,
Burada – yüksəkdə özün üçün məzar qazasan,
Qayanın içində özünə sərdabə düzəldəsən?
17 Ey güclü kişi, bax Rəbb səni var-qüvvə ilə atıb-tutacaq,
18 Top kimi yuvarlayacaq,
Gen-bol ölkəyə atacaq.
Orada öləcəksən və öyündüyün arabaların orada qalacaq,
Axı öz ağanın evini biabır edən sənsən!
19 Səni vəzifəndən atacağam,
Tutduğun yerindən qovacağam.

20 O gün qulum Xilqiya oğlu Elyaqimi çağırıb
21 Sənin geyimini ona geyindirəcəyəm,
Sənin qurşağını onun belinə bağlayacağam,
Səlahiyyətini onun ixtiyarına verəcəyəm.
Bu adam Yerusəlim sakinlərinə,
Yəhuda xalqına ata olacaq.
22[61] Davud nəslinin açarını onun çiynindən asacağam,
Açdığını heç kim bağlaya bilməyəcək,
Bağladığını heç kim aça bilməyəcək.
23 Mən onu paya kimi bərk yerə vuracağam.
O, nəsli üçün fəxr olacaq.
24 Bütün nəslinin şöhrəti onun üzərində olacaq.
Nəslin və övladların şərəfi –
Taslardan tabaqlaradək
Bütün qab-qacaqların şöhrəti
Onun üzərində olacaq».
25 Ordular Rəbbi bəyan edir: «O gün bərk yerə vurulmuş paya qırılıb-düşəcək, onun üstünə asılan yük də yox olacaq». Çünki Rəbb belə söylədi.

Sur şəhəri barəsində görüntü

1[62] Sur barəsində xəbərdarlıq:
Ey Tarşiş gəmiləri, fəryad edin,
Çünki Sur şəhəri evləri ilə, limanları ilə birlikdə dağıldı,
Kittim torpağından onlara xəbər gəldi.

2 Ey sahil sakinləri, dənizçilərin sayəsində varlanan Sidon tacirləri, susun!
3 Şixorun taxılı, Nilin məhsulu
Dəniz yolundan gələn gəliriniz idi.
Bütün şəhər millətlərin alver yeri idi!

4 Utan, ey Sidon, dəniz sahilində yerləşən qala!
Çünki dəniz belə deyir:
«Mən heç doğuş ağrısı çəkmədim, doğmadım,
Nə oğlanlar yetişdirdim, nə də qızlar böyütdüm».
5 Sur haqqında xəbər Misirə çatanda
Misirlilərin ürəkləri üzüləcək.

6 Ey sahil sakinləri, Tarşişə doğru gedin, fəryad edin!
7 Uzaq ölkələri müstəmləkə etmiş,
Əylənib keflənən sakinləri olan
Qədim şəhər bu imiş?
8 Taclar geyindirən Sura qarşı
Bunları kim hazırladı?
Axı bu şəhərin tacirləri şahzadə idi,
Ticarətçiləri dünyanın ən hörmətli adamları idi.
9 Ordular Rəbbi bunu hazırladı ki,
Hər cür gözəlliyin qürurunu qırsın,
Yer üzünün hörmətli adamlarını utandırsın.

10 Ey Tarşiş qızı, öz torpaqlarından Nil kimi keç,
Artıq maneçilik yoxdur.
11 Rəbb dənizin üzərinə əlini uzatdı,
Padşahlıqları titrətdi,
Kənanın istehkamlarının dağılması haqqında əmr verdi.
12 Onda Rəbb dedi:
«Ey zorlanmış bakirə Sidon qızı,
Sən bir daha sevinməyəcəksən!
Qalx, Kittimə yollan,
Amma orada da canına rahatlıq tapmayacaqsan».

13 Xaldey ölkəsinə bax!
O xalq artıq yoxdur.
Aşşurlular o ölkəni
Vəhşi heyvanların məskəninə döndərdi.
Onlar hücum etmək üçün qüllələri tikdi,
Sarayları dağıtdılar,
Bu diyarı viranəliyə çevirdi.
14[63] Fəryad edin, ey Tarşiş gəmiləri,
Çünki istehkamınız dağılıb.
15 Bundan sonra Sur şəhəri yetmiş il ərzində bir padşahın ömrü qədər unudulacaq. Yetmiş il keçdikdən sonra Surun da başına fahişə qadın üçün bəstələdiyi nəğmədəki kimi belə gələcək:
16 «Ey unudulmuş fahişə,
Əlinə bir lira al, şəhəri dolan!
Gözəl havalar çal, çoxlu nəğmələr oxu,
Qoy səni yada salsınlar!»
17[64] Yetmişinci ilin sonunda Rəbb Sur şəhərini yada salacaq. Bu şəhər yenə də ticarətə başlayacaq. Dünyanın bütün padşahlıqları ilə fahişəlik edəcək. 18 Amma Surun ticarətdən gələn gəliri Rəbbə həsr olunacaq. Ticarətdən qazanılmış pullar xəzinələrə qoyulmayacaq, gizlədilməyəcək. Bu gəlir Rəbbin hüzurunda gəzən adamların yeməyini və gözəl geyimini təmin edəcək.

Rəbbin dünyaya verəcəyi cəza

1 Budur, Rəbb yer üzünü boş qoyub xarabalığa çevirəcək,
Dünyanı alt-üst edəcək,
Sakinlərini dağıdacaq.
2 Nə xalqla kahin arasında,
Nə nökərlə ağası arasında,
Nə qarabaşla xanımı arasında,
Nə alıcı ilə satıcı arasında,
Nə borc verənlə borc alan arasında
Nə də sələmçi ilə borc alan arasında
Heç bir fərq qoyulmayacaq.
3 Yer üzü tamamilə boş qalıb xarabalığa çevriləcək.
Çünki Rəbb bu sözü söylədi.

4 Dünya saralıb-solur,
Yer üzü quruyub-solur.
Dünyanın məğrur insanları məyus olur.
5 Dünyanı sakinləri murdar etdi,
Çünki Allahın qanunlarını tapdaladı,
Qaydalarına xor baxdı,
Əbədi əhdi pozdu.
6 Bu səbəbə görə
Lənət yer üzünü məhv edir.
Yer üzünün sakinləri
Günahlarının cəzasını çəkir,
Buna görə yanır,
Çox az adam sağ qalacaq.
7 Təzə şərab qurtarır, meynələr solur,
Nə vaxtsa fərəhlənən adamlar kədərlənir.
8[65] Dəflərin şən səsi kəsilib,
Sevinc nidası eşidilmir,
Liraların avazı gəlmir.
9 Bir daha nəğmə oxuyub şərab içmirlər,
İçkinin dadı içənə acı gəlir.
10 Viran qalmış şəhər xaraba qalıb,
Bütün evlər qıfıllanıb,
Heç kim ora girə bilmir.
11 Şərab çatmamazlığına görə küçələrdə qışqırırlar,
Fərəhdən əsər-əlamət qalmadı.
Dünyanın sevinci əsir aparıldı.
12 Şəhər viranə qaldı,
Darvazaları darmadağın oldu.
13 Zeytun ağacından zeytunları tökmək üçün ağacı silkələyib döyəndə necə olursa,
Üzüm məhsulu yığılandan sonra qalan salxımlar necə olursa,
Dünyadakı xalqlar da elə olacaq.

14 Sağ qalanlar səslərini ucaldıb
Sevinc ilahiləri söyləyəcək,
Qərbdə yaşayanlar Rəbbin əzəmətindən nəql edəcək.
15 Beləliklə, şərqdə yaşayanlar Rəbbi ucaldacaq,
Uzaq diyarların sakinləri İsrailin Allahı Rəbbin adını yüksəldəcək.
16 Dünyanın ən uzaq guşələrindən tərənnüm ilahisi eşidirik:
«Saleh Olana izzət olsun!»
Amma mən dedim: «Ölürəm, ölürəm! Vay halıma!
Xainlər xainliklərini davam edir,
Bəli, xainlər xaincəsinə hərəkət edir!»

17[66] Ey dünya sakinləri,
Qarşınıza dəhşət, dərin çuxur və tələ çıxacaq!
18 Dəhşətdən qaçan dərin çuxura düşəcək,
Dərin çuxurdan çıxa bilən tələyə düşəcək.
Göylərin pəncərələri açılacaq,
Dünyanın təməlləri sarsılacaq.
19 Yer üzü çatlayacaq, çatlayacaq,
Dünya yarılacaq, yarılacaq,
Dünya lərzəyə gələcək, lərzəyə gələcək!
20 Dünya sərxoş kimi yırğalanacaq,
Külək əsəndə talvar kimi silkələnəcək,
Qanunsuzluğun ağırlığı altında yerə yatacaq,
Bir daha qalxa bilməyəcək.

21 O gün Rəbb yuxarıda – göydəki orduları,
Aşağıda – yer üzünün padşahlarını cəzalandıracaq.
22 Onlar yeraltı zindana dustaq kimi yığılacaq,
Həbsxanada bağlı saxlanacaq,
Uzun müddət keçəndən sonra cəzalanacaq.
23 Ay qaralacaq, günəş işıq saçmayacaq.
Çünki Ordular Rəbbi Sion dağında,
Yerusəlimdə hökm sürəcək.
Xalqın başçıları Onun əzəmətini görəcək.

Sevinc ilahisi

1 Ya Rəbb, Sən mənim Allahımsan,
Səni ucaldıram, adına həmdlər oxuyuram.
Çünki Sən qədimdən bəri möcüzələrini, niyyətlərini
Sədaqətlə həyata keçirdin.
2 Çünki Sən şəhəri bir daş yığınına,
İstehkamlı şəhəri xarabalığa döndərdin.
O şəhər yadellilərin qalası idi,
Ondan əsər-əlamət qalmadı,
O bir daha bərpa olunmaz.
3 Buna görə qüvvətli xalqlar Səni izzətləndirəcək.
Qəddar millətlərə mənsub şəhərlər Səndən qorxacaq.
4 Çünki Sən yoxsula sığınacaq,
Sıxıntı içində olan fəqirə pənahgah,
Fırtına vaxtı çardaq,
İstilik vaxtı kölgəlik oldun.
Qəddarların nəfəsi divara çarpan fırtına kimidir,
5 Quraqlıqda bürkü kimidir.
Lakin Sən, ya Rəbb,
Zülmkarların azğınlığını bulud bürkünün qarşısını alan kimi aldın,
Amansız yağıların nəğmə səslərini kəsdin.
Rəbbin hazırladığı ziyafət
6 Bu dağda Ordular Rəbbi bütün xalqlar üçün
Zəngin yeməklərdən, gözəl şərablardan ibarət ziyafət düzəldəcək,
Orada ən ləziz yeməklər, ən dadlı şərablar olacaq.
7 Bu dağda bütün xalqların üzərindəki duvağı,
Bütün millətlərin üstündə olan toxunma örtüyü götürəcək.
8[67][68] Ölümü əbədi olaraq yox edəcək,
Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək,
Bütün yer üzündən xalqının rüsvayçılığını götürəcək.
Çünki Rəbb belə söylədi.

9 O gün deyəcəklər:
«Budur bizim Allahımız!
Ona etibar etdik, O bizi qurtardı,
Rəbb Odur, biz Ona ümid etdik.
İndi isə O bizi qurtardığına görə
Sevinib şadlanaq!»
Allahın Moava verdiyi cəza
10[69] Rəbbin əli bu dağın üstündə olacaq,
Amma Moav peyinliyə düşən saman kimi tapdaq altında qalacaq.
11 Üzgüçü üzərkən əl-qol atdığı kimi
Moav peyinlikdə əl-qol atacaq,
Amma Allah Moavın qürurunu əllərinin məharəti ilə alçaldacaq.
12 O, Moavın istehkamlarını,
Yüksək divarlarını yerə endirəcək,
Dağıdıb yerlə yeksan edəcək.

Həmd ilahisi

1 O gün Yəhuda diyarında belə ilahi oxunacaq:
«Qüvvətli şəhərimiz var,
Allahın qurtuluşu şəhər üçün divarlar, səngərlər kimidir.
2 Açın şəhərin darvazalarını,
Qoy sadiq qalan saleh millət içəri girsin.
3 Ağlı Sənə yönəlmiş adamlara
Sən kamil sülh verirsən,
Çünki onlar Sənə güvənir.

4 Rəbbə həmişə güvənin,
Çünki Rəbb Allah əbədi Qayadır.
5 O, yuxarıdan gedənləri alçaldar,
Onların yaşadığı şəhəri dağıdar,
Yerlə yeksan edər.
6 O şəhər məzlumların ayaqları,
Yoxsulların addımları altında tapdalanacaq.

7 Saleh adamın yolu düzdür.
Ey Düz Olan, saleh adamın yolunu Sən düz edirsən.
8 Həqiqətən, ya Rəbb, Sənin hökmlərinin yolunda biz Sənə ümid bağlayırıq,
Sənin adın, ismin ürəyimizin istəyidir.
9 Qəlbim gecələr Sənin üçün həsrət çəkər,
Bəli, ruhum daxilimdə Səni arayar.
Hökmlərin yer üzündə həyata keçdikcə
Dünyanın sakinləri doğruluğu öyrənir.
10 Pis adama rəhm etsələr də,
O, doğruluğu öyrənməz,
Doğruluq hökm sürən ölkədə də haqsızlıq edər,
Rəbbin əzəmətini görməz.
11[70] Ya Rəbb, əlini qaldırdın,
Amma pis adamlar bunu görmür.
Öz xalqın üçün göstərdiyin qeyrəti görüb utansınlar.
Bəli, düşmənlərin üçün yağdırdığın od onları məhv edəcək.

12 Ya Rəbb, bizə sülh verən Sənsən,
Bütün işlərimizi Sən bizim üçün tənzimləyirsən.
13 Ey Allahımız Rəbb,
Səndən savayı başqa ağalar üzərimizdə hökm sürürdü,
Lakin biz yalnız Sənin adını tanıyırıq.
14 O ağalar öldü, artıq yaşamır,
Onlar kölgə kimidir, dirilməyəcək,
Çünki Sən onları cəzalandırıb məhv etdin,
Onlar haqqında hər bir xatirəni yox etdin.
15 Lakin Sən bu milləti çoxaltdın, ya Rəbb!
Bəli, milləti çoxaltdın,
Özünü izzətləndirdin.
Hər tərəfə ölkənin sərhədlərini genişləndirdin».

16 Ya Rəbb, onlar bəlaya düşəndə Səni axtardı.
Sənin cəzan üzərlərində olanda
Sənə dua edib yalvardı.
17 Hamilə qadın doğuş vaxtı gələndə
Ağrı çəkib qovrularaq necə qışqırırsa,
Biz də Sənin qarşında elə idik, ya Rəbb!
18 Biz də sanki hamilə idik, ağrı çəkirdik,
Lakin küləkdən başqa bir şey doğmadıq.
Nə dünyaya qurtuluş gətirə bildik,
Nə də dünya sakinlərini həyata qovuşdurduq.
19 Sənin ölənlərin həyata qovuşacaq, meyitimlə birgə diriləcəklər.
Ey torpaq altında yatanlar, oyanın,
Sevinc nəğməsini oxuyun,
Çünki şeh torpağı necə təravətləndirirsə,
Rəbb də torpaqdakı ölüləri belə dirçəldəcək.

20 Ey xalqım, keç içəri otaqlara,
Qapıları ört,
Rəbbin qeyzi keçənəcən
Qısa bir müddətə gizlən!
21 Çünki budur, Rəbb yer üzünün sakinlərini
Qəbahətləri üzündən cəzalandırmaq üçün
Öz məskənindən gəlir.
Torpaq udduğu qanı üzə çıxaracaq,
Öldürülənləri artıq gizlətməyəcək.

İsrailin qurtuluşu

1 O gün Rəbb Livyatana,[71] qaçan ilana,
Bəli, Livyatana, qıvrılan ilana
Amansız, nəhəng və qüvvətli qılıncı ilə cəza verəcək,
Dənizdəki əjdahanı öldürəcək.

2 O gün Rəbb deyəcək:
«Xoşladığım bağ üçün nəğmələr oxuyun!
3 Mən Rəbb, bağı qoruyuram,
Tez-tez sulayıram,
Gecə-gündüz keşiyində dururam ki,
Heç kəs ona zərər verməsin.
4 Mən qəzəblənmirəm,
Kaş qarşıma tikan və qanqal çıxaydı,
Onda onlara qarşı çıxıb döyüşərdim,
Hamısını odda yandırardım.
5 Yaxud qoy Mənə pənah gətirsinlər,
Mənimlə barışsınlar,
Bəli, qoy Mənimlə barışsınlar».

6 Yaqub nəsli gələcəkdə kök salacaq,
İsrail şaxələnəcək, çiçəklənəcək,
Yer üzünü bəhrələri ilə dolduracaq.

7 Rəbb İsraili vuran düşmənləri kimi onu vurdumu?
Yaxud O, başqalarını öldürdüyü kimi İsraili də öldürdümü?
8 Rəbb Öz xalqına hökm etdi,
Qovub sürgünə göndərdi.
Şərq küləyi əsən gün Rəbb onları şiddətli yeli ilə qovdu.

9 Yaqub nəslinin qəbahəti bununla bağışlanacaq,
Günahın aradan götürülməsinin tam bəhrəsi bu olacaq:
Bütpərəst qurbangahların daşları
Tabaşir kimi ovulacaq,
İlahə Aşeranın rəmzi olan sütunlar
Ya da buxur qurbangahları
Bir daha dikəlməyəcək.

10 İstehkamlı şəhər tənha, kimsəsiz yurd,
Səhra kimi boş qaldı.
Orada dana otlayıb yatacaq,
Budaqları yeyib-qurtaracaq.
11 Şaxələri quruyanda qoparılacaq,
Qadınlar gəlib onları yandıracaq.
Bu xalq ağılsız olduğuna görə
Yaradan onlara rəhm etməyəcək,
Xaliq onlara qarşı xeyirxah olmayacaq.

12 O gün Rəbb Fərat çayından
Misir vadisinə qədər
Öz bəhrələrini yığacaq.
Siz bir-bir toplanacaqsınız, ey İsrail övladları!
13 O gün böyük şeypur çalınacaq,
Aşşur torpağında itkin düşənlərlə
Misirə sürgün edilənlər gəlib
Yerusəlimdə Müqəddəs dağda
Rəbbə səcdə edəcək.

Şimal padşahlığına xəbərdarlıq

1 Məhsuldar vadinin başında yerləşən,
Şəraba uymuşların şəhərinin –
Efrayim sərxoşlarının qürurlu tacının,
İzzətli gözəlliyin və solan çiçəyin vay halına!

2 Budur, Rəbbin güclü, qüvvətli bir adamı var.
O, bərk yağan dolu,
Bəla gətirən fırtına kimi,
Hər şeyi yolunda məhv edən sel kimi gəlir,
Əlləri ilə şəhəri yerlə yeksan edəcək.
3 Efrayim sərxoşlarının şəhəri, qürur tacı
Ayaq altında tapdalanacaq.
4 Məhsuldar vadinin başında yerləşən şəhər,
İzzətli və gözəl tac,
Artıq solan çiçəyi xatırladan şəhər,
Vaxtından əvvəl yetişən əncir kimi olacaq.
Onu görən tez dərib yeyəcək.

5 O gün Ordular Rəbbi
Sağ qalan xalqı üçün
Gözəllik tacı, izzət çələngi olacaq.
6 Hökm kürsüsündə oturana ədalət ruhu,
Şəhər darvazalarını müdafiə edənlərə qüdrət verəcək.
Yeşaya sərxoş peyğəmbərlərə xəbərdarlıq edir
7 Kahinlər və peyğəmbərlər də şərabdan səndələyir,
İçkidən büdrəyir,
Şərab içib xumarlanıb,
İçkidən yollarını azıb.
Onlar yanlış görüntülər görür,
Tutarsız qərarlar qəbul edir.
8 Bütün süfrələri qusmaq və natəmizliklə doludur,
Bulanmamış yer yoxdur!
Yeşayaya edilən istehza
9 «Bu adam kimi öyrədir? Kimə öyüd verir?
Süddən kəsilmiş, ana döşündən ayrılmış körpə uşaqlaramı?
10 Bu nədir?
Əmr üstünə əmr, əmr üstünə əmr,
Sətir üstünə sətir, sətir üstünə sətir,
Bir az oradan, bir az buradan».

11[72] Onda Rəbb bu xalqla
Yadellilərin ağzı ilə,
Başqa dildə danışacaq.
12 O sizin hamınıza dedi:
«Rahatlıq budur,
Yorğunlara dinclik verin, budur istirahət».
Amma onlar eşitmək istəmədilər.
13 Rəbbin sözü onlar üçün
«Əmr üstünə əmr, əmr üstünə əmr,
Sətir üstünə sətir, sətir üstünə sətir,
Bir az oradan, bir az buradan» olacaq ki,
Gedib arxası üstə yıxılsınlar, yaralansınlar,
Tələyə düşüb əsir aparılsınlar.
Sion üçün guşədaşı
14 Buna görə də, ey rişxəndçilər,
Yerusəlimdə olan bu xalqın rəhbərləri,
Rəbbin sözünə qulaq asın!
15 Madam ki siz dediniz:
«Ölümlə əhd bağladıq,
Ölülər diyarı ilə razılığa gəldik,
Ölkəyə böyük bəla gələndə
Bizə zərər verməyəcək,
Çünki yalanı özümüzə sığınacaq etdik,
Hiylənin arxasında gizləndik»,

16[73] Buna görə də Xudavənd Rəbb belə deyir:
Budur, Sionda təməl olaraq bir daş,
Sınaqdan keçirilmiş daş, qiymətli bir guşədaşı qoyuram.
Ona iman edən hər kəs narahat olmayacaq.
17 Ədaləti ölçü, salehliyi şaqul edəcəyəm.
Yalan sığınacağını dolu məhv edəcək,
Gizləndiyiniz yerləri sellər yuyub-aparacaq.
18 Ölümlə bağladığınız əhd ləğv olunacaq,
Ölülər diyarı ilə razılığınız qüvvədən düşəcək.
Ölkəyə böyük bəla gələndə sizi məhv edəcək.
19 Bu bəla hər gələndə sizə toxunacaq.
O hər səhər, gecə-gündüz keçəcək.
Bu xəbəri anlayanda dəhşətə gələcəksiniz.

20 Yataq uzanmaq üçün qısa,
Yorğan bürünmək üçün dar olacaq.
21[74][75] Çünki Rəbb Perasim dağında etdiyi kimi qalxacaq,
Giveon vadisindəki kimi qəzəblənəcək.
O Öz işini, qeyri-adi işini yerinə yetirəcək!
Öz əməlini, naməlum əməlini həyata keçirəcək.
22 Buna görə də rişxənd etməyin ki,
Buxovlarınız daha da ağırlaşmasın.
Çünki Ordular Rəbbi Xudavənddən eşitmişəm ki,
Bütün ölkə məhv olacaq.
Allahın hikməti
23 Qulaq asın, səsimi eşidin, diqqət edin,
Dediyimi dinləyin.
24 Əkinçi əkin əkmək üçün durmadan yeri şumlayarmı,
Torpaqda şırım açıb malalayarmı?
25 O, torpağı hamarlayandan sonra qara çörək otunu, zirəni səpməzmi?
Buğdanı sıra ilə, arpanı ayırdığı yerə, pərinci də onun yanına əkməzmi?
26 Allah ona öyüd verər, onu öyrədər.
27 Çünki qara çörək otunu vəl ilə döyməzlər,
Zirənin üstünə araba təkərləri ilə sürməzlər.
Qara çörək otu dəyənəklə, zirə isə çubuqla döyülər.
28 Buğdanı çörək bişirmək üçün xırmanda döyürlər,
Amma o fasiləsiz döyülməz.
Xırmanın üstündən araba və atlar keçsə də, buğdanı əzməz.
29 Bu hikmət Ordular Rəbbindən gəlir.
Onun məsləhəti ecazkardır, hikməti böyükdür.

Vay Yerusəlimin halına!

1 Ariel,[76] ey Ariel, Davudun ordugah qurduğu şəhər!

İli ilə qat, bayramların keçirilsin.
2 Amma Arielə əzab verəcəyəm,
O, fəryad, fəğan edəcək,
Mənim üçün qurbangah ocağı kimi olacaq.
3 Sənə qarşı ətrafında ordugah quracağam,
Dövrəsinə istehkamlar düzəcəyəm,
Sənə hücum etmək üçün qüllələr tikəcəyəm.
4 Alçaldılacaqsan, yerin altından danışacaqsan,
Toz-torpaq içindən səsin boğuq gələcək,
Səsin ölü səsi kimi yerdən,
Sözlərin pıçıltı kimi torpağın altından çıxacaq.

5 Amma çoxlu düşmənlərin narın toz kimi,
Qorxunc adamların orduları sovrulmuş saman çöpü kimi olacaq.
Qəflətən bir an içində,
6 Ordular Rəbbi göy gurultusu ilə, zəlzələ ilə,
Böyük səs-küylə, qasırğa və fırtına ilə,
Hər şeyi məhv edən od ilə sənin yanına gələcək.
7 Sonra Arielə qarşı döyüşən bütün millətlərdən izdihamlar,
Ona və qalalarına qarşı savaşanların hamısı,
Ona zülm edənlər bir röya kimi,
Gecə görünən yuxu kimi yox olacaq.
8 Yuxuda çörək yediyini görən ac adam
Oyananda yenə acdır.
Yuxuda su içdiyini görən susuz adam
Oyananda yenə susuzluqdan yanır.
Sion dağına qarşı döyüşən
Bütün millətlərdən izdihamlar da belə olacaq.

9 Heyrətlənin və təəccüblənin,
Gözünüzü kor edin, qoy görməsin.
Şərab içmədən sərxoş olun,
İçki içmədən səndələyin.
10[77] Çünki Rəbb sizi dərin yuxuya saldı.
Ey peyğəmbərlər, gözlərinizi yumdu,
Ey görücülər, sizi kor elədi.

11[78] Bütün bu görüntü sizin üçün möhürlənmiş kitabın sözlərinə bənzəyir. Oxumağı bacarana bunu verib desələr: «Rica edirəm, bunu oxu!» O isə cavab verir: «Oxuya bilmərəm, çünki möhürlüdür». 12 Kitabı oxuya bilməyənə verib desələr: «Bunu oxu, rica edirəm», o isə cavab verir: «Mən oxuya bilmirəm».

13[79] Xudavənd deyir:
«Bu xalq Mənə yaxınlaşıb
Dilləri və dodaqları ilə Mənə hörmət edir,
Amma qəlbləri Məndən uzaqdır.
Onların Mənə səcdə etmələri
İnsanlardan öyrəndikləri əmrlərdən gəlir.
14[80] Ona görə Mən bir də bu xalq üçün
Yeni möcüzə, ecazkar şeylər edəcəyəm,
Müdriklərinin müdrikliyi məhv olacaq,
Aqillərinin ağlı yox olacaq».

15 Öz niyyətlərini Rəbdən gizlətməyə çalışanların vay halına!
Qaranlıqda iş görən bu adamlar
«Bizi kim görür, kim tanıyır?» deyirlər.
16[81] Bu nə cür ağılsız düşüncədir!
Heç dulusçunu gil ilə bir tutmaq olarmı?
Düzəldilən əşya onu düzəldən barədə
«O məni düzəltmədi» deyərmi?
Qab onu yaradan barədə
«O heç nə anlamır» deyərmi?

17 Livan tezliklə məhsuldar tarlaya,
Məhsuldar tarla isə meşəyə dönməyəcəkmi?
18 O gün karlar kitabdakı sözləri eşidəcək,
Korların gözləri zülmət qaranlıqda görəcək.
19 Fəqirlər Rəbdə sevinc tapacaq,
Yoxsullar İsrailin Müqəddəsində şadlanacaq.
20 Çünki zülmkarlar yox olacaq,
Rişxəndçilər itib-batacaq.
Pislik etməyə hazır olanlar məhv olacaq.
21 Onlar başqasına böhtan atanlar,
Şəhər darvazasında hakimə tələ quranlardır,
Haqlının haqqını nahaq yerə təhrif edənlərdir.

22 Buna görə də İbrahimi qurtaran Rəbb Yaqub nəslinə belə deyir:
«Yaqub nəsli artıq utanmayacaq,
Üzləri qorxudan saralmayacaq.
23 Əlimlə yaratdığım övladlarını
Aralarında görəndə
Adımı müqəddəs tutacaqlar,
Yaqubun Müqəddəsini təqdis edəcəklər,
İsrailin Allahından qorxacaqlar.
24 Yolunu azanlar anlayacaq,
Gileylənənlər təlim öyrənəcək».

Misirlə bağlanan əhd puçdur

1 Rəbb bəyan edir: «Bu dikbaş övladların vay halına,
Mənim niyyətlərimi yox, öz niyyətlərini qururlar,
Ruhuma uyğun olmayan razılaşma edirlər,
Eləcə günahı günaha qatırlar.
2 Məndən məsləhət almadan
Misirə gedirlər,
Fironun himayəsini axtarırlar,
Misirin kölgəsi altında sığınacaq tapırlar.
3 Fəqət fironun himayəsi
Onlar üçün xəcalətə,
Misir kölgəsi altındakı
Sığınacaq rüsvayçılığa çevriləcək.
4 Başçıları Soanda olduqlarına,
Elçiləri Xanesə yetişdiklərinə baxmayaraq,
5 Özlərinə faydası olmayan xalqa görə hamı utanacaq.
O xalqın onlara nə köməyi, nə də faydası olacaq,
Ancaq xəcalət və rüsvayçılıq olacaq».

6 Negev heyvanları barəsində xəbərdarlıq:
Yəhudanın elçiləri erkək və dişi aslanların,
Gürzələrin, uçan ilanların yaşadığı
Narahat və təhlükəli torpaqdan keçirlər.
Mal-dövlətini eşşəklərin belinə,
Xəzinələrini dəvələrin hürgücünə yükləyib
Onlara kömək edə bilməyən xalq üçün aparırlar.
7 Misirin köməyi boş və faydasızdır,
Buna görə də Mən Misirə
«Tənbəl Rahav»[82] adını qoydum.

8 «İndi get, sənə danışdığımı
Onların qarşısında bir lövhəyə yaz, kitaba köçür ki,
Gələcəkdə, əbədiyyətdə şahid olsun.
9 Çünki bu, üsyankar xalq,
Yalançılar nəslidir,
Rəbbin qanununa qulaq asmaq istəməyən bir soydur.
10 Onlar baxıcılara “bir daha görüntü görməyin”,
Görücülərə “bizim üçün düzgün şeylər haqqında peyğəmbərlik etməyin,
Bizə xoş sözlər söyləyin,
Arzuladığımızı peyğəmbərlik edin.
11 Yoldan çəkilin, bizə yol verin,
İsrailin Müqəddəsini bizimlə üzləşdirməyin” deyirlər».

12 Buna görə də İsrailin Müqəddəsi belə deyir:
«Bu sözü rədd etdiyinizə görə,
Zorakılığa və yalana güvənib bel bağladığınıza görə
13 Bu qəbahət sizin üçün hündür divarda əmələ gələn çata bənzəyir,
Qəflətən, bir an içində dağıla bilər.
14 Ölkəniz də bir gil qab kimi qırılacaq,
Elə xıncım-xıncım olacaq ki,
Ocaqdan od götürmək üçün
Yaxud hovuzdan su çəkmək üçün bir qırığı da qalmayacaq».

15 Xudavənd Rəbb, İsrailin Müqəddəsi belə deyir:
«Mənə tərəf dönüb rahatlıq tapanda xilas olarsınız,
Sakitləşib inanmaqla qüdrətli olarsınız,
Lakin siz bunu istəmirsiniz.
16 Siz dediniz: “Xeyr, atlara minib-qaçacağıq”,
Buna görə siz qaçmalı olacaqsınız.
“Çevik atlara minəcəyik”.
Buna görə təqibçiləriniz də çevik olacaq.
17 Min nəfər bir nəfərin hədəsinə görə qaçacaq,
Beş nəfərin hədəsinə görə hamınız qaçacaqsınız;
Sağ qalanlarınız dağın zirvəsindəki bayrağın şüvülü tək,
Təpədəki bayraq tək olacaq».

18 Amma Rəbb sizə lütf göstərmək üçün gözləyir,
Yenə də sizə rəhm etməyə hazırdır,
Çünki Rəbb adil Allahdır,
Onu intizarla gözləyənlər nə bəxtiyardır!
Rəbb xalqına bərəkət verəcək
19 Ey Yerusəlimdə yaşayanlar, ey Sion xalqı,
Siz artıq ağlamayacaqsınız,
Fəryad etdikdə Rəbb sizin üçün lütfkar olacaq,
Fəryadınızı eşidən kimi cavab verəcək.
20 Rəbb çörəyi əzabla, suyu çətinliklə sizə verəcək,
Lakin O bir daha Mürəbbinizi sizdən gizlətməyəcək,
Onu gözünüzlə görəcəksiniz.
21 Sağa ya sola azdığınız vaxt
Arxanızdan «Yol budur, gedin bu yolla»
Deyilən səsi eşidəcəksiniz.
22 Onda siz gümüşlə örtülən oyma bütlərinizi,
Qızılla örtülmüş tökmə bütlərinizi
Murdar hesab edəcəksiniz.
Murdar bir şeyi atdığınız kimi onları atıb deyəcəksiniz:
«Rədd ol!»

23 Rəbb yerə əkdiyiniz toxum üçün yağış verəcək,
Torpağın məhsulu bol və bərəkətli olacaq.
O gün mal-qaranız geniş otlaqlarda otlayacaq.
24 Torpağı şumlayan öküzlərlə eşşəklər
Kürəklə, yaba ilə sovrulmuş duzlu yem yeyəcək.
25 O böyük məğlubiyyət günündə
Qalalar yerə çökəndə
Hər hündür dağdan,
Hər uca təpədən sellər axacaq.
26 Rəbb Öz xalqının yaralarını sarıdığı gün,
Zərbəsi ilə açdığı yaralarına şəfa verən gün,
Ay işığı günəş işığı,
Günəşin işığı yeddi günün işığı kimi
Yeddi qat artıq parlayacaq.
Rəbb Aşşuru cəzalandıracaq
27 Budur, Rəbbin adı uzaqdan gəlir,
Qızğın qeyzlə qara bulud içində
Ağzı qəzəbli sözlərlə doludur,
Dili sanki hər şeyi məhv edən alovdur.
28 Onun nəfəsi insan boğazına çatmış daşan sel kimidir,
Millətləri ələkdən keçirəcək ki, məhv olsunlar,
Xalqların ağzına yüyən taxacaq ki, yolunu azsınlar.

29 Siz isə müqəddəs bayram gecəsi kimi
İlahilər oxuyacaqsınız.
Rəbbin dağına, İsrailin Qayasına tütək çalaraq çıxan tək
Ürəyiniz şadlanacaq.

30 Rəbb əzəmətli səsini eşitdirəcək,
Qızğın qəzəblə, hər şeyi yandıran alovla,
Fırtına ilə, güclü leysanla, dolu ilə
Qolunun qüdrətini göstərəcək.
31 Aşşur Rəbbin səsindən vahiməyə gələcək,
Rəbb dəyənəyi ilə onları vuracaq.
32 Rəbbin onlara endirdiyi dəyənəyinin hər zərbəsini
Dəf və liralar müşayiət edəcək.
Döyüşərkən əl-qol atıb onları vuracaq.
33 Tofet çoxdan hazırdır,
Aşşur padşahı üçün də
O yer dərinləşdirilib genişləndirilmişdir.
Od çuxurunda çoxlu odun, alov var.
Rəbbin nəfəsi kükürd axını kimi onu yandırar.

Misirə güvənməyin

1 Kömək üçün Misirə enənlərin,
Atlara güvənənlərin vay halına!
Onlar döyüş arabalarının çoxluğuna,
Süvarilərin gücünə bel bağlayır!
Amma İsrailin Müqəddəsinə baxmırlar,
Rəbbi axtarmırlar!
2 Lakin Rəbb tam hikmətə malikdir,
O bəla gətirər, Öz sözlərini geri götürməz,
Pislik edən adamlara,
Günahkarlara kömək edənlərə qarşı çıxar.
3 Misirlilər Allah deyil, insandır,
Atları da ətdəndir, ruhdan deyil.
Rəbb Öz əlini uzadanda
Yardım edən büdrəyəcək,
Yardım alan yıxılacaq,
Hamısı birlikdə məhv olacaq.

4 Çünki Rəbb mənə belə dedi:
«Şir ya gənc aslan öz şikarı üstünə nərə çəkəndə
Bir dəstə çoban ona qarşı haray salsa da,
Aslan onların səslərindən qorxmur,
Qışqırıqlarına məhəl qoymur.
Ordular Rəbbi də elə enəcək,
Sion dağını, onun təpələrini
Qorumaq üçün döyüşəcək.
5 Quş qanad açıb necə balalarını qoruyursa,
Ordular Rəbbi Yerusəlimi də belə qoruyacaq,
Müdafiə edəcək, qurtaracaq, saxlayacaq, xilas edəcək».

6 Ey İsrail övladları, üz döndərdiyiniz Rəbbə tərəf dönün! 7 Çünki o gün hamınız əlinizlə günahkarcasına düzəltdiyiniz qızıl və gümüş bütlərinizi tullayacaqsınız.

8 «Aşşurlular qılıncdan məhv olacaq,
İnsan qılıncından yox.
Onlar qılıncdan keçiriləcək,
Amma bu insan qılıncı olmayacaq.
Aşşurlular döyüş meydanından qaçacaq,
Cavanları isə yaxalanıb qul olacaq.
9 Aşşur padşahı dəhşət içində qaçacaq.
Sərkərdələri bayraqlarını atıb vəlvələyə düşəcək».
Bunu alovu Sionda,
Ocağı Yerusəlimdə olan Rəbb bəyan edir.

Saleh padşah

1 Budur, padşah salehliklə hökm sürəcək,
Başçılar ədalətlə rəhbərlik edəcək.
2 Onların hər biri
Küləyə qarşı bir pənahgah,
Fırtınaya qarşı sığınacaq,
Quraqlıqda bulaqlar,
Cansıxıcı torpaqda kölgə salan böyük qaya kimi olacaq.
3 Görənlərin gözləri bir daha yumulmayacaq,
Eşidənlərin qulaqları dinləyəcək.
4 Ağılsızların ağlı biliyə doğru yönələcək,
Pəltəklər açıq-aydın danışacaq.

5 Artıq axmaq adama alicənab deyilməyəcək,
Alçağı ağayana insan saymayacaqlar.
6 Çünki axmaq səfeh-səfeh danışır,
Ürəyinin niyyəti pislik etməkdir.
Onun işi küfr edib,
Rəbbə qarşı təhqiranə danışmaq,
Acları ac, susuzları susuz qoymaqdır.
7 Alçaq adamın əməlləri pisdir.
O, hiylə işlədir ki,
Yalan sözlərlə haqlı olan yoxsula ziyan versin.
8 Amma alicənab adam
Alicənab şeylər barəsində fikirləşər.
Elədiyi xoş əməllər ona dayaqdır.
Hökm və qurtuluş
9 Ey qayğısız qadınlar,
Qalxın, səsimi eşidin!
Ey laqeyd qızlar, sözümü dinləyin!
10 Ey laqeyd qadınlar,
Siz bir ildən sonra sarsılacaqsınız,
Çünki bağda məhsul,
Meyvə yığımı olmayacaq.
11 Ey qayğısızlar, əsin!
Ey laqeydlər, lərzəyə gəlin,
Geyimlərinizi çıxarın,
Soyunun, belinizə çul qurşayın.
12 Gözəl tarlalar,
Məhsuldar meynələr üçün,
13 Xalqımın tikanlı kollar bitən torpağı üçün,
Zövq-səfalı şəhərlərdəki şən evləriniz üçün
Sinə döyün.
14 Çünki saray viranə,
İzdihamlı şəhər boş qalacaq,
Qala ilə gözətçi qülləsi
Əbədilik mağaralara çevriləcək,
Vəhşi eşşəklərin gəzdiyi,
Sürülərin otlaq yeri olacaq.

15 Bunlar yuxarıdan üzərimizə Ruh tökülənədək davam edəcək.
O vaxt səhra məhsuldar tarlaya,
Məhsuldar tarla isə meşəyə dönəcək.

16 Sonra ədalət səhrada məskunlaşacaq,
Salehlik məhsuldar tarlada yaşayacaq.
17 Salehliyin bəhrəsi əmin-amanlıq,
Nəticəsi isə əbədi sakitlik və təhlükəsizlik olacaq.
18 Xalqım əmin-amanlıq içində evlərində,
Təhlükəsiz məskəndə, rahat yerlərdə yaşayacaq.
19 Dolu meşələrə düşsə də,
Şəhər yerlə yeksan olsa da,
20 Bütün sulu torpaqlarda toxum əkənlər,
Oraya malını, eşşəyini sərbəst buraxanlar,
Siz nə xoşbəxtsiniz!

Kömək üçün yalvarış

1 Vay halına, ey yıxıb-dağıdan,
Amma özü yıxılmayan insan!
Vay halına, ey xain adam,
Hərçənd sənə qarşı xəyanət etməmişlər!
Sən məhv edib qurtaran zaman
Özün də yıxılacaqsan,
Sən xain əməllərindən dönəndə
Xəyanətlə rastlaşacaqsan.

2 Ya Rəbb, bizə qarşı lütfkar ol,
Çünki Sənə ümid etmişik.
Hər səhər bizim qüvvətimiz ol,
Fəlakət günündə bizi qurtar.
3 Sənin qüdrətli səsindən xalqlar qaçır,
Sən ayağa qalxarkən
Millətlər pərən-pərən olur.
4 Çəyirtkələr tarlanı nə cür talan edirlərsə,
Ey millətlər, qənimətiniz də o cür talan olacaq.
Malınızın üstünə çəyirtkə yığını kimi cumacaqlar.

5 Rəbb ucadır, yüksəklərdə oturur,
Sionu ədalətlə və salehliklə doldurur.
6 O, yaşadığınız dövrün təməlidir,
Qurtuluşun, hikmətin, biliyin mənbəyidir,
Rəbb qorxusu sənin xəzinəndir.

7 Budur, millətlərin igidləri küçələrdə çığırırlar.
Sülh qasidləri hönkürüb ağlayırlar.
8 Yollar boşalıb, səyyahlar yoxdur.
Düşmən əhdi pozdu,
Şəhərləri dağıtdı, adamları alçaltdı.
9 Ölkə yas tutur, zəifləyir,
Livan məğlub olub, solub,
Şaron səhraya dönür,
Başan və Karmelin ağacları yarpaqlarını tökür.
Rəbbin xalqlara xəbərdarlığı
10 Rəbb deyir:
«İndi qalxacağam,
İndi yüksələcəyəm,
İndi ucalacağam.
11 Samana hamilə qalıb küləş doğacaqsınız,
Nəfəsiniz sizi məhv edən alova dönəcək.
12 Xalqlar yanıb kül olacaq,
Kəsilib odda yandırılan tikanlı kollara oxşayacaq.
13 Ey uzaqda yaşayanlar,
Nə elədiyimi eşidin,
Ey yaxında yaşayanlar,
Mənim gücümü bilin».

14 Siondakı günahkarlar dəhşətə,
Allahsızlar lərzəyə gəldi:
«Hər şeyi məhv edən alovun yanında hansımız yaşaya bilərik?
Əbədi yanan atəşin yanında hansımız dayana bilərik?»
15 Amma salehlik yolu ilə gedən,
Doğru sözlər danışan,
Zorakılıqla əldə edilən qazancı rədd edən,
Əlini rüşvətdən uzaq tutan,
Qatillərin qurduğu qəsdə fikir verməyən,
Pisliyə qarşı gözlərini yuman
16 Yüksəkliklərdə yaşayacaq,
Təpələrin başındakı qalalar onun dayağı olacaq.
O, çörəklə, su ilə təmin olunacaq.
Parlaq gələcək
17 Gözlərin padşahı bütün gözəlliyi ilə görəcək,
Ucsuz-bucaqsız ölkəni seyr edəcək.
18 «Haradadır xərac yığan?
Haradadır qeydiyyat aparan?
Haradadır qüllələrə nəzər salan?» deyərək
Dəhşətli günlər haqqında düşünəcəksən.
19 Anlaşılmaz, yad dildə danışan
Təkəbbürlü xalqı daha görməyəcəksən.

20 Bayramlar keçirdiyimiz şəhərə – Siona bax!
Gözlərin Yerusəlimi,
Sarsılmaz çadırı, sülh məskənini görəcək.
Onun payaları heç vaxt sökülməyəcək,
Kəndirlərinin heç biri qırılmayacaq.
21 Lakin orada –
Geniş çayların, irmaqların olduğu yerdə
Əzəmətli Rəbb bizimlə olacaq.
Oradan avarlı qayıqlar, böyük gəmilər
Keçə bilməz.
22 Çünki Rəbdir hakim olan,
Rəbdir qanunumuzu qoyan,
Padşahımız Rəbdir, Odur bizi qurtaran.
23 Gəmilərinin ipləri boşaldı,
Dor ağacları yerində möhkəm dayanmadı,
Yelkənləri açılmadı.
O vaxt böyük talan malı paylanacaq,
Hətta topal adamlar da talan edəcək.
24 Heç bir Sion sakini
«Xəstəyəm» deməyəcək,
Orada yaşayan xalqın günahları bağışlanacaq.

Allahın millətlərə cəza verməsi

1 Ey millətlər, yaxın gəlin, eşidin,
Ey ümmətlər, dinləyin!
Ey dünya və sakinləri,
Yer üzü və onun bütün yetirmələri, qulaq asın!
2 Çünki Rəbb bütün millətlərə qarşı qəzəbləndi,
Onların ordularına qarşı qeyzə gəldi.
Onların hamısını məhv edəcək,
Ölümə məhkum edəcək.
3 Ölüləri kənara atılacaq,
Meyitlərindən üfunət qalxacaq,
Dağlar onların qanına bulanacaq.
4[83] Bütün göy cisimləri çürüyəcək,
Göylər bir tumar kimi büküləcək.
Göy ulduzları meynə yarpağı kimi,
Əncir yarpağı kimi düşəcək, saralıb-solacaq.

5[84] Rəbb deyir:
«Çünki qılıncım göylərdə doyub,
Bax Edomun üzərinə,
Məhv etməyə qərar verdiyim xalqın üzərinə enir».
6 Rəbbin qılıncı qanla, quzu və təkə qanı ilə doydu,
Qoç böyrəklərinin yağı ilə piy bağladı.
Çünki Rəbb Bosrada qurban,
Edomda isə böyük qırğın hazırlayıb.
7 Onlarla birlikdə çöl öküzləri,
Buzovlar, güclü buğalar yerə səriləcək.
Onların ölkəsi qanla dolacaq, torpaqları piylə münbit olacaq.

8 Çünki Rəbbin qisas günü var,
Siona edilən zülmlərin intiqam ili var.
9 Edomun axar suları qatrana,
Torpağı kükürdə dönəcək,
Ölkənin hər tərəfi yanan qatrana çevriləcək;
10[85] Gecə-gündüz sönməyəcək, tüstüsü həmişə qalxacaq,
Nəsildən-nəslədək viran qalacaq,
Əsrlər boyu oradan heç kəs keçməyəcək.
11 Orada ancaq bayquşlarla kirpilər yurd salacaq,
Böyük bayquşlarla qarğalar orada yaşayacaq.
Rəbb oranı qarmaqarışıqlıq ipi, viranəlik şaqulu ilə ölçəcək.
12 Orada heç bir adlı-sanlı adam qalmayacaq ki,
Onu padşah elan etsinlər.
Bütün başçıların sonu gələcək.
13 Saraylarında tikanlar,
Qalalarında gicitkən və böyürtkən bitəcək.
Ora çaqqalların yurdu, dəvəquşuların yuvası olacaq.
14 Vəhşi heyvanlarla goreşənlər orada görüşəcək,
Təkələr bir-birini səsləyəcək,
Gecə heyvanları da orada məskunlaşıb rahat yer tapacaq.
15 Orada bayquş yuva quracaq, yumurtlayacaq,
Öz kölgəsi altında balalar çıxaracaq.
Çalağanlar da orada cüt-cüt yığışacaq.

16 Rəbbin kitabını araşdırın, oxuyun,
Bunlardan heç biri əskik olmayacaq,
Hər bir dişi heyvan öz cütünü tapacaq,
Çünki bu əmr Onun ağzından çıxdı,
Ruhu da onları toplayacaq.
17 Rəbb Özü onlar üçün püşk atdı,
Əli ilə ölkəni ölçüb, onlara payladı.
Onlar bu ölkəyə əbədi malik olacaq,
Nəsildən-nəslə burada yaşayacaq.

Müqəddəs yol

1 Səhra və quru torpaq sevinəcək,
Çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək.
2 Hər yan gül açacaq,
Şadlanacaq, sevincdən nəğmə oxuyacaq.
Livanın gözəlliyi, şan-şöhrəti,
Karmelin və Şaronun cah-calalı ona veriləcək.
Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək.

3[86] Zəif əllərə qüvvət verin,
Əsən dizləri möhkəmləndirin.
4 Ürəklərində qorxanlara deyin:
«Möhkəm olun, qorxmayın!
Budur, Allahınız
İntiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir.
O gəlib sizə qurtuluş verəcək!»

5[87] O vaxt korların gözləri, karların qulaqları açılacaq,
6 Axsaqlar ceyran kimi hoppanacaq,
Lalların dili sevinclə nəğmə deyəcək,
Çünki səhrada bulaqlar fışqıracaq,
Quru torpaqda çaylar axacaq.
7 Qızğın qum hovuza, susuz torpaq su bulaqlarına çevriləcək.
Çaqqalların yaşadığı yerlərdə qamış və qarğı bitəcək.

8 Orada bir yol olacaq,
O yol «Müqəddəs yol» adlanacaq.
Murdar adam oradan keçməyəcək,
O yol qurtuluş tapanların yoludur.
Ora ilə gedənlərdən heç biri,
Hətta ağılsızlar da keçsələr,
Əsla yolunu azmayacaq.
9 Orada şirlər olmayacaq,
Yırtıcı heyvanlar o yola çıxmayacaq,
Onlara orada rast gəlməyəcəklər.
Ancaq qurtuluş tapanlar o yol ilə gəzəcək.
10[88] Rəbbin satın alınmış adamları qayıdacaq,
Sevinclə nəğmə deyərək Siona gələcək.
Üzlərində əbədi sevinc olacaq,
Onlar fərəh və şadlıq tapacaq,
Kədər və qəm-qüssə yox olacaq!

Aşşurluların hədələməsi
(2Pad. 18:13-27; 2Saln. 32:1-19)

1 Xizqiyanın padşahlığının on dördüncü ilində Aşşur padşahı Sanxeriv Yəhudanın bütün qalalı şəhərlərinə hücum edib onları aldı. 2 Aşşur padşahı baş vəzirini böyük qoşunla Lakişdən Yerusəlimə, padşah Xizqiyanın yanına göndərdi. Baş vəzir Mahudbasan tarlası yoluna, yuxarı hovuzun su kəmərinin yanına qalxıb orada dayandı. 3 Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah onun qabağına çıxdılar. 4 Baş vəzir onlara dedi: «İndi Xizqiyaya söyləyin ki, böyük padşah – Aşşur padşahı belə deyir: “Nəyə güvənirsən? 5 Mən deyirəm ki, sən boş şeyə güvənirsən. Müharibə üçün tədbir və güc lazımdır. İndi sən kimə güvənirsən ki, mənə qarşı çıxırsan? 6[89] Yəqin sən əzilmiş qamış çubuğuna – Misirə güvənirsən. Bil ki, kim ona söykənsə, əlinə batıb deşər. Misir padşahı firon ona güvənənlərin hamısı üçün belədir. 7 Bəlkə mənə ‹biz Allahımız Rəbbə güvənirik› söyləyəsən. Məgər bu o Allah deyildi ki, Xizqiya Onun səcdəgahlarını və qurbangahlarını aradan qaldırdı? O, Yəhudalılara və Yerusəlimlilərə də ‹yalnız qurbangahın önündə səcdə edin› demədimi? 8 İndi ağam Aşşur padşahı ilə mərcə gəl: əgər sən iki min süvari tapa bilsən, mən sənə o qədər at verərəm. 9 Görək, sən ağamın kiçik qulu olan bir başçını necə məğlub edəcəksən. Sən hələ döyüş arabaları və süvarilər almaq üçün Misirə güvənirsən! 10 Məgər indi mən bu torpağı viran etməyə Rəbbin istəyi ilə gəlmədimmi? Rəbb mənə ‹bu ölkəyə hücum edib onu viran et› dedi”». 11 Elyaqim, Şevna və Yoah baş vəzirə dedi: «Xahiş edirik, bu qullarınla Arami dilində danış, biz bu dili başa düşürük. Ancaq divar üzərindəki xalqın eşitdiyi yerdə bizimlə Yəhudi dilində danışma». 12 Baş vəzir dedi: «Məgər ağam məni göndərib ki, bu sözləri təkcə sənin ağana və sənə, yoxsa divar üzərində oturan bu adamlara söyləyim? Axı onlar da sizinlə birgə nəcislərini yeyib, sidiklərini içəcəklər».

13 Onda baş vəzir durub Yəhudi dilində uca səslə bağıraraq dedi: «Böyük padşahın – Aşşur padşahının sözünü eşidin! 14 Padşah belə deyir: “Xizqiya sizi aldatmasın, sizi qurtara bilməyəcək. 15 Qoy Xizqiya sizə ‹Rəbb bizi hökmən qurtaracaq və bu şəhər Aşşur padşahına təslim edilməyəcək› deyib Rəbbə arxayın etməsin”. 16 Ona qulaq asmayın! Çünki Aşşur padşahı belə deyir: “Mənimlə sülh bağlayın və yanıma gəlin. Mən gələnə qədər hər kəs öz üzüm meynəsinin və əncir ağacının bəhrəsindən yeyib öz quyusunun suyundan içəcək. 17 Sonra mən gəlib sizi ölkənizə bənzər bir ölkəyə – buğda, şərab, çörək, üzüm bağları olan bir torpağa aparacağam. 18 ‹Rəbb bizi qurtaracaq› deyib qoy Xizqiya sizi azdırmasın. Millətlərin allahlarından biri öz ölkəsini Aşşur padşahının əlindən qurtardımı? 19 Hanı Xamatın və Arpadın allahları? Hanı Sefarvayimin allahları? Samariyanı mənim əlimdən qurtardılarmı? 20 Bütün bu allahlardan hansı öz ölkəsini mənim əlimdən qurtardı? Bəs Rəbb necə Yerusəlimi mənim əlimdən qurtara bilər?”»

21 Camaat susdu və onun cavabında heç nə demədi. Çünki padşah «ona cavab verməyin» deyə əmr etmişdi. 22 Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah cırılmış paltarlarda Xizqiyanın yanına gəlib baş vəzirin sözlərini ona çatdırdılar.

Padşah Xizqiya Yeşayadan məsləhət alır (2Pad. 19:1-7)

1 Padşah Xizqiya bunu eşidəndə paltarını cırdı və çula bürünüb Rəbbin məbədinə girdi. 2 O, saray rəisi Elyaqimi, mirzə Şevnanı və kahinlərin ağsaqqallarını çula bürünmüş halda peyğəmbər Amots oğlu Yeşayanın yanına göndərdi. 3 Onlar Yeşayaya dedilər: «Xizqiya belə deyir: “Bu gün bəla, təhqir və rüsvayçılıq günüdür, çünki uşaqların doğulma vaxtı çatıb, ancaq doğmağa güc yoxdur. 4 Bəlkə ağası Aşşur padşahının var olan Allahı təhqir etməyə göndərdiyi baş vəzirin sözlərini Allahın Rəbb eşidib buna görə məzəmmət edər. Ona görə də qalanlar üçün dua et”».

5 Padşah Xizqiyanın adamları Yeşayanın yanına gələndə 6 Yeşaya onlara dedi: «Ağanıza söyləyin ki, Rəbb belə deyir: “Aşşur padşahının nökərlərinin Mənə qarşı küfr edərək söylədiyi və sənin eşitdiyin sözlərdən qorxma. 7 Mən onun daxilinə elə bir ruh göndərəcəyəm ki, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq və orada onu qılıncla öldürtdürəcəyəm”».

Aşşur padşahının məktubu
(2Pad. 19:8-19)

8 Baş vəzir geri qayıdıb Aşşur padşahının Livna üzərinə hücum etdiyini gördü. Çünki Lakişdən geri çəkildiyini eşitmişdi. 9 Aşşur padşahına «Kuş padşahı Tirhaqa sənin üstünə vuruşmağa gəlir» xəbəri çatdı. O bunu eşidəndə Xizqiyanın yanına qasidlər göndərib dedi: 10 «Yəhuda padşahı Xizqiyaya belə söyləyin: “Qoy güvəndiyin Allahın ‹Yerusəlim Aşşur padşahına təslim edilməyəcək› deyə səni aldatmasın. 11 Axı sən eşitdin ki, Aşşur padşahları bütün ölkələrə nə ediblər, oraları necə viran ediblər. Sən qurtula biləcəksənmi? 12 Atalarımın məhv etdikləri millətlərin – Qozanın, Xaranın, Resefin və Telassarda olan Edenlilərin allahları onları qurtardılarmı? 13 Hanı Xamat padşahı, Arpad padşahı, Sefarvayim şəhərinin, Henanın və Avvanın padşahı?”»

14 Xizqiya məktubu qasidlərdən alıb oxudu. O, Rəbbin məbədinə qalxıb məktubu Rəbbin önündə yerə sərdi. 15 Xizqiya Rəbbə dua edib dedi: 16[90] «Ey keruvlar üstündə əyləşən Ordular Rəbbi olan İsrailin Allahı! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan. 17 Ya Rəbb, qulağın eşitsin, gözün görsün. Sanxerivin var olan Allaha qarşı küfr edərək göndərdiyi bütün sözlərə qulaq as. 18 Ya Rəbb, doğrudur, Aşşur padşahları bütün ölkələri və onların torpaqlarını talan etdi, 19 allahlarını oda atıb məhv etdi. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdi. 20 Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qurtar və bütün dünya padşahlıqları bilsin ki, Rəbb yalnız Sənsən!»

Yeşaya Aşşurluların məğlubiyyəti barədə peyğəmbərlik edir
(2Pad. 19:20-37)

21 Amots oğlu Yeşaya Xizqiyaya xəbər göndərib dedi: «İsrail Allahı Rəbb belə deyir: “Aşşur padşahı Sanxeriv barədə Mənə dua etdin”. 22 Onun haqqında Rəbbin söylədiyi söz budur:

“Bakirə Sion qızı
Sənə xor baxıb lağ edir,
Yerusəlim qızı
Sənin arxanca başını bulayır.
23 Kimi söyüb küfr etdin?
Kimə qarşı səsini qaldırdın?
Kimə lovğalıqla baxdın?
İsrailin Müqəddəsinə!
24 Nökərlərinin vasitəsilə Rəbbi təhqir edib dedin:
‹Çoxlu döyüş arabalarımla
Dağların zirvəsinə,
Livanın ən uca yerlərinə çıxdım.
Uca sidr ağaclarını,
Gözəl şam ağaclarını kəsdim,
Uzaq təpələrinə,
Yaşıl meşələrinə çıxdım.
25 Quyu qazdım və sularını içdim,
Misirin bütün çaylarını ayağımla qurutdum›.

26 Məgər eşitməmisən ki,
Mən çoxdan bu işi hazırladım,
Qədimdən bəri müəyyən etdiyimi
İndi yerinə yetirirəm ki,
Sən qalalı şəhərləri dağıdıb
Viranəliyə çevirəsən.
27 Bu şəhərlərin sakinləri zəiflədi,
Çaşqınlığa və xəcalətə düşdü.
Yetişməmişdən əvvəl yandırılan
Çöl otu, göyərti və damda bitən ot kimi oldu.
28 Sənin oturuşunu,
Girişini-çıxışını,
Mənə qarşı hiddətini bilirəm.
29 Mənə qarşı hiddətləndiyinə görə,
Lovğalığın qulağıma çatdığına görə
Halqamı burnuna və yüyənimi ağzına taxacağam,
Səni gəldiyin yolla geri qaytaracağam.

30 Ancaq sənin üçün əlamət budur, ey Xizqiya!
Bu il və gələn il özü yetişən barını,
Üçüncü il isə taxıl zəmilərini,
Üzüm bağları salıb onların bəhrəsini yeyin.
31 Yəhuda nəslindən qurtulub sağ qalanlar
Yenə aşağıya doğru kök atacaq,
Yuxarıya doğru bəhrə verəcək.
32 Çünki qalanlar Yerusəlimdən,
Xilas olanlar Sion dağından çıxacaq.
Ordular Rəbbinin qeyrəti bunu edəcək”.

33 Buna görə Aşşur padşahı barədə Rəbb belə deyir:
“O bu şəhərə girməyəcək,
Oraya ox atmayacaq,
Qarşısına qalxanla çıxmayacaq,
Qala önündə torpaq qalağı qurmayacaq.
34 Ancaq gəldiyi yolla geri qayıdacaq,
Bu şəhərə girməyəcək”
Rəbb bəyan edir.
35 “Mən bu şəhəri Özüm üçün,
Qulum Davudun xatirinə qoruyub xilas edəcəyəm”».

36 O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb. 37 Aşşur padşahı Sanxeriv geri çəkilib getdi və Ninevada qaldı. 38 O öz allahı Nisrokun məbədində səcdə edərkən oğulları Adrammelek ilə Şareser onu qılıncla öldürdü və Urartu ölkəsinə qaçdı. Sanxerivin yerinə oğlu Esar-Xaddon padşah oldu.

Xizqiyanın xəstələnməsi (2Pad. 20:1-11; 2Saln. 32:24-26)

1 O günlərdə Xizqiya ölümcül xəstələndi. Peyğəmbər Amots oğlu Yeşaya onun yanına gəlib dedi: «Rəbb belə deyir: “Evin üçün vəsiyyət et, çünki xəstəlikdən sağalmayıb öləcəksən”».

2 Xizqiya üzünü divara çevirdi və Rəbbə dua edib dedi: 3 «Yalvarıram, ya Rəbb, yadına sal ki, necə Sənin önündə salehliklə və sidq ürəklə davranmışam, necə Sənin gözündə yaxşı olan işlər etmişəm». Xizqiya acı-acı ağladı.

4 Sonra Rəbbin sözü Yeşayaya nazil oldu: 5 «Qayıt, Xizqiyaya söylə ki, baban Davudun Allahı Rəbb belə deyir: “Sənin duanı eşitdim, göz yaşlarını gördüm. Bax sənin ömrünü on beş il artırıram. 6 Səni və bu şəhəri Aşşur padşahının əlindən qurtaracağam. Bu şəhəri qoruyacağam. 7 Söylədiyi sözə əməl edəcəyinə Rəbbin verdiyi əlamət budur: 8 batan günəşin Axazın tikdiyi günəş saatının üstünə düşən kölgəsi on dərəcə geri çəkiləcək”». Beləliklə, günəş enmə dərəcəsindən on dərəcə geri çəkildi.

9 Yəhuda padşahı Xizqiya xəstələnib şəfa tapdığından sonra bunu yazdı:
10 «Mən öz-özümə dedim:
Ömrüm yarıya çatan zaman
Ölülər diyarının qapısından keçməliyəm,
Həyatımın qalan illərindən məhrum olmuşam.
11 Dedim, Rəbbi dirilər arasında,
Bəli, Rəbbi bir daha görməyəcəyəm.
Bu dünyada yaşayanlar kimi
Artıq insan üzü görməyəcəyəm.
12 Evim çoban çadırı kimi dağıldı,
Əlimdən alındı.
Həyatım dəzgahda toxunan saplar kimi dövr edirdi,
Ya Rəbb, bu dəzgahdan məni kəsdin.
Bir günün içində əcəlimi çatdırdın.
13 Səhərə qədər ağrılardan çığırdım,
Rəbb aslan tək bütün sümüklərimi qırır.
Bir günün içində əcəlimi çatdırdın.
14 Qaranquş kimi, durna kimi çığırdım,
Mən göyərçin tək inləyirəm.
Göyə baxmaqdan gözlərim yoruldu.
Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm!

15 Nə deyim? Mənimlə danışan, bunu edən Rəbdir.
Çəkdiyim əzablardan sonra qalan illərimi
Sakit yaşayacağam.
16 Ya Xudavənd, adamları yaşadan Sənsən,
Məni də Sən yaşadırsan.
Məni yenə canlandıracaqsan,
Yaşat məni!
17 Çəkdiyim əzab-əziyyətim mənim xeyrimə oldu.
Sən sevginlə canımı qəbirdən qurtardın,
Bütün günahlarımı aradan götürdün.
18 Axı ölülər diyarı Sənə şükür etməz,
Ölüm həmdlər söyləməz,
Qəbirə düşənlər Sənin sədaqətinə ümid etməz.
19 Bu gün Sənə etdiyim kimi
Dirilər, yalnız dirilər Sənə şükür edər.
Atalar Sənin sədaqətini övladlarına tanıtdırır.

20 Rəbb mənə qurtuluş verdi,
Ömrümüz boyu Rəbbin məbədində
Səni simli alətlərlə, ilahilərlə mədh edərik».

21 Əvvəl Yeşaya demişdi: «Əncir kündəsi götürün, çibanın üstünə qoyun ki, padşah sağalsın». 22 Xizqiya dedi: «Rəbbin məbədinə qalxmağım üçün əlamət nədir?»

Xizqiyanın ağılsızlığı (2Pad. 20:12-19)

1 O zaman Babil padşahı Baladan oğlu Merodak-Baladan Xizqiyaya məktublar və hədiyyələr göndərdi, çünki Xizqiyanın xəstələndiyini və sağaldığını eşitmişdi. 2 Bunlar Xizqiyanı sevindirdi. O, xəzinəsində olan şeyləri – qızıl-gümüşü, ətriyyatı, qiymətli yağları, silah anbarındakı bütün əşyaları elçilərə göstərdi. Xizqiyanın sarayında və bütün torpağında onlara göstərmədiyi bir şey qalmadı.

3 Onda Yeşaya peyğəmbər padşah Xizqiyanın yanına gəlib, ona dedi: «Bu adamlar nə dedi? Onlar sənin yanına haradan gəldi?» Xizqiya dedi: «Uzaq bir ölkədən – Babildən gəldilər». 4 Yeşaya dedi: «Sənin sarayında nə gördülər?» Xizqiya dedi: «Sarayımda olan bütün şeyləri gördülər. Xəzinəmdə onlara göstərmədiyim bir şey qalmadı».

5 Onda Yeşaya Xizqiyaya dedi: «Ordular Rəbbinin sözünü dinlə: 6 “Bir gün gələcək ki, sənin sarayında olan hər şey və atalarının bu günə qədər yığdıqları şeylər Babilə aparılacaq, heç nə qalmayacaq” deyir Rəbb. 7[91] “Sənin nəslindən olan və səndən törəyən bəzi oğullarını götürüb aparacaqlar və onlar Babil padşahının sarayında hərəmağası olacaqlar”». 8 Xizqiya Yeşayaya dedi: «Söylədiyin Rəbbin sözü yaxşı sözdür». Sonra dedi: «Heç olmasa mənim dövrümdə sülh və əmin-amanlıq olacaq».

Təsəlliverici sözlər

1 Allahınız deyir:
«Təsəlli verin xalqıma, təsəlli verin!
2 Yerusəlim sakinlərinə təskinlik verən sözlər söyləyin!
Əsirlik dövrünün qurtarmasını,
Təqsirlərinin əvəzinin verilməsini,
Bütün günahlarına görə Rəbbin əlindən
İkiqat cəza aldıqlarını onlara bəyan edin».

3[92][93] Nida edənin səsi gəlir:
«Səhrada Rəbbin yolunu hazırlayın,
Çöldə Allahımızın keçəcəyi yerləri hamar edin.
4 Hər dərə yüksəldiləcək,
Hər dağ və təpə aşağı endiriləcək,
Yoldakı əyriliklər düzələcək,
Kələ-kötür yerlər hamar ediləcək.
5 Rəbbin əzəməti aşkar olunacaq,
Bütün bəşər bunu birlikdə görəcək».
Bu sözlər Rəbbin ağzından çıxıb.

6[94] Səs deyir: «Bəyan et!»
«Nəyi bəyan edim?» deyə soruşdum.
«Bütün bəşər ota bənzər,
Onun bütün gözəlliyi çöl çiçəyi kimidir.
7 Rəbb nəfəsini üzərinə üfürəndə
Ot quruyar, çiçək solar,
Həqiqətən, bu xalq ota oxşar.
8 Ot quruyar, çiçək solar,
Amma Allahımızın sözü əbədi qalar».
İsrail Allahı qüdrətlidir
9 Ey Siona müjdə gətirən, yüksək dağa çıx!
Ey Yerusəlimə xoş xəbər gətirən,
Ucalt səsini, car çək,
Qaldır səsini, qorxma.
Yəhuda şəhərlərinə de:
«Budur Allahınız!»
10[95] Budur, Xudavənd Rəbb Öz qüvvəsi ilə gəlir,
O, qüdrətlə hökm edəcək,
Mükafatı Onunladır,
Ənamı önündədir.
11[96] O Öz sürüsünü çoban kimi otaracaq,
Quzuları qucağına alacaq, sinəsində gəzdirəcək,
Sağmal heyvanların qayğısını çəkib otaracaq.

12 Kim dənizləri ovcu ilə,
Göyləri qarışı ilə ölçüb?
Yerin torpağını ölçü ilə,
Dağları qapanla,
Təpələri tərəzi ilə kim çəkib?
13[97] Rəbbin Ruhuna kim yol göstərdi?
Ona kim məsləhətçi olub öyrətdi?
14 Ağıl öyrənmək üçün O kimdən məsləhət alıb?
Ədalət yolunu kimdir ona göstərən?
Kimdir Rəbbə bilik verən?
Kimdir Ona dərrakə yolunu anladan?

15 Rəbb üçün millətlər vedrədə bir damla su kimidir,
Tərəzidə toz zərrəsi kimi sayılar,
Budur, adaları da toz kimi göyə sovurar.
16 Qurbanları yandırmaq üçün
Livan meşəsi kifayət deyil,
Yandırma qurbanlar üçün oradakı heyvanlar bəs deyil.
17 Rəbbin önündə bütün millətlər heçdir,
Bu Onun önündə heçdən də az, boş sayılar.

18[98] Bəs onda Allahı kimə bənzədərsiniz?
Onu nəyə oxşadarsınız?
19 Bütəmi? Onu usta tökür,
Zərgər qızılla örtür,
Gümüş zəncirlərlə bəzəyir.
20 Belə təqdimi gətirə bilməyən yoxsul adam
Çürüməyən bir ağac seçər,
Məharətli usta tapar ki,
Yerindən tərpənməyən büt düzəltsin.

21 Məgər siz bilmirsiniz?
Məgər eşitməmisiniz?
Başlanğıcdan bəri bunu sizə bildirmədilərmi?
Dünyanın təməli qoyulduqdan bəri bunu dərk etmədinizmi?
22 Rəbb göy qübbəsinin üstündə oturur,
Yer üzündə yaşayanlar çəyirtkə kimidir.
Göyləri tül pərdə kimi açır,
Onları yaşamaq üçün çadır kimi qurur.
23 Rəbb padşahları heç edər,
Dünya hökmdarlarını heçə endirər.
24 Onlar yenicə basdırılan, yenicə əkilən,
Gövdələri yenicə kök salan ağaclara bənzəyər.
Üzərlərindən Rəbbin küləyi əsəndə quruyarlar,
Qasırğa onları saman çöpü kimi sovurar.

25 «Bəs Məni onda kimə bənzədərsiniz ki,
Mən ona oxşayım?»
Deyir Müqəddəs Olan.
26[99] Başınızı göylərə qaldırıb baxın:
Bunları kim yaratdı?
Rəbb göy cisimlərini sıraya düzüb çıxarar,
Onların hamısını adları ilə çağırar.
Bol qüvvəsinə, böyük qüdrətinə görə
Onlardan heç biri əskik olmaz.

27 Ey Yaqub nəsli, ey İsrail!
Nə üçün «Rəbb başıma gələnləri bilmir,
Allahım mənim haqqıma diqqətsizlik edir?»
Deyib gileylənirsən?
28 Məgər sən bilmirsən?
Məgər eşitməmisən?
Rəbb əbədi Allahdır,
Odur bütün dünyanı yaradan.
Nə yorulur, nə taqətdən düşür,
Onun ağlı dərkedilməzdir.
29 O, yorğunlara güc verər,
Taqətsizlərin qüvvətini artırar.
30 Hətta cavanlar yorular, taqətdən düşər,
İgidlər əldən düşüb titrəyər.
31 Rəbbə ümid bağlayanlarsa
Yeni qüvvət alar,
Qanad açıb qartal kimi yüksəklərə uçar,
Qaçanda taqətdən düşməzlər,
Yol gedib yorulmazlar.

Allahın İsrailə verdiyi təminat

1 Rəbb deyir:
«Susun qarşımda, ey uzaq diyarlar!
Qoy ümmətlər yeni güc alsın,
Qoy yaxınlaşıb danışsınlar,
Məhkəmə üçün birgə toplaşaq.
2 Ədalətli adamı şərqdən kim ayağa qaldırdı?
Kim ona xidmət etməyi əmr etdi?
Millətləri onun ixtiyarına kim verdi?
Padşahları kim məğlub etdi?
O öz qılıncı ilə
Onları torpağın tozuna çevirir,
Yayı ilə göyə sovrulan samana döndərir.
3 O onları təqib edir,
Ayaqlarını basmadığı yoldan sağ-salamat keçir.
4 Bunları kim etdi, tamamladı?
Əzəldən bəri nəsilləri çağıran kimdir?
Mən Rəbb birinciyəm və axırda da Mən varam».

5 Uzaq diyarlar bunu görüb qorxdu,
Dünyanın ucqar yerləri lərzəyə gəldi.
Onlar yaxınlaşıb gəldilər,
6 Hər kəs qonşusuna kömək edir,
Qardaşına «Cəsur ol!» deyir.
7 Usta zərgəri ürəkləndirir,
Hamarlayan zindana çəkiclə vuranı ruhlandırır,
«Lehim yaxşı oldu» deyir.
Büt yerindən laxlamasın deyə bütün mıxları bərkidirlər.

8[100] Lakin sən ey qulum İsrail,
Seçdiyim Yaqub nəsli,
Dostum İbrahimin övladları!
9 Səni dünyanın ucqar yerlərindən topladım,
Ən uzaq yerlərdən səslədim:
«Sən qulumsan, səni seçdim, rədd etmədim» dedim.
10 Qorxma, çünki Mən səninləyəm,
Dəhşətə gəlmə, çünki Allahın Mənəm.
Səni qüvvətləndirəcəyəm,
Sənə kömək edəcəyəm.
Sadiq sağ əlimlə Sənə dayaq olacağam.

11 Sənə qarşı hirslənənlər hamısı xəcalət çəkib biabır olacaq,
Sənə qarşı çıxanlar heçə çıxıb tələf olacaq.
12 Səninlə düşmənçilik edənləri axtaracaqsan,
Amma tapa bilməyəcəksən,
Səninlə vuruşanlar heç olacaq,
13 Çünki sənin sağ əlindən tutub
«Qorxma, sənə kömək edəcəyəm» deyən Allahın Rəbb Mənəm.

14 «Ey torpaq qurdu olan Yaqub nəsli,
Ey İsrail əhli, qorxma!
Sənə kömək edəcəyəm» Rəbb bəyan edir.
Səni Satınalan İsrailin Müqəddəsidir.
15 Budur, səni təzə, dişləri iti vəl edəcəyəm.
Sən dağları döyüb əzəcəksən,
Təpələri saman çöpü kimi sovuracaqsan.
16 Sən onları sovurduqda külək aparacaq,
Qasırğa onları dağıdacaq,
Sənsə Rəbdə sevinəcəksən,
İsrailin Müqəddəsi ilə öyünəcəksən.

17 Məzlumlar və fəqirlər
Su axtarıb tapmayanda
Dilləri susuzluqdan quruyur.
Mən Rəbb onlara cavab verəcəyəm.
Mən İsrailin Allahı onları tərk etməyəcəyəm.
18 Çılpaq təpələrdən çaylar,
Vadilərdə su mənbələri açacağam.
Səhranı gölməçəyə, quraq torpağı bulaqlara çevirəcəyəm.
19 Səhrada sidr, əbrişim, mərsin və zeytun əkəcəyəm.
Quru torpaqda şam, çinar və sərv ağacını bir sırada salacağam.
20 Beləcə insanlar görüb bilsin,
Birgə fikirləşib başa düşsün:
Bunu edən Rəbbin əlidir,
Bunu yaradan İsrailin Müqəddəsidir.
Rəbb bütlərə səcdə etməyin əleyhinədir
21 Rəbb deyir: «İşinizi təqdim edin,
Sübutlarınızı göstərin»,
Bunu Yaqubun Padşahı söyləyir.
22 Bütlərinizi gətirin və qoy onlar sonra nə olacağını bizə bildirsin,
Olub-keçənləri bizə nəql etsin,
Biz dərindən düşünüb sonunu öyrənək.
Yaxud onlar gələcəyi bizə agah etsin.
23 Ey bütlər, bundan sonra baş verən hadisələrdən bizə danışın,
Qoy sizin allah olduğunuzu bilək!
Yaxşılıq ya pislik edin ki, hamımız qorxub vahiməyə düşək.
24 Amma siz heç nəsiniz, əməlləriniz də heçdir.
Sizə səcdə etməyi seçən iyrəncdir!

25 Şimaldan bir nəfəri hərəkətə gətirdim, o gəlir.
O, gündoğandan adımı çağıracaq.
Dulusçu gili tapdalayan kimi
O, hökmdarları palçıq kimi tapdalayacaq.
26 Kim bunu başlanğıcdan bəyan etdi ki, biz bilək,
Əvvəlcədən kim bildirdi ki,
Biz «O haqlıdır» deyə bilək?
Amma bunu bəyan edən yox idi,
Bildirən yox idi,
Sözlərinizi eşidən də yox idi.
27 İlk olaraq Siona «budur, budur onlar» deyirəm.
Yerusəlimə müjdəçini göndərəcəyəm.
28 Baxdım, aralarında öyüd-nəsihət verə bilən heç kim yox idi ki,
Onlardan soruşum, bir cavab alım.
29 Budur, hamısı puçdur,
Etdikləri işlər də heç bir şeydir,
İnsanların tökmə bütləri yalnız küləkdir, fanidir.

Rəbbin qulu

1[101][102] Budur, Mənim saxladığım, seçdiyim qulum!
Könlüm ondan razıdır!
Mən Öz Ruhumu onun üzərinə qoymuşam.
O, millətlərə ədalət gətirəcək.
2 Çığırmayacaq, səsini qaldırmayacaq,
Küçələrdə heç kim onun səsini eşitməyəcək.
3 Əzilmiş qamışı qırmayacaq,
Tüstülənən piltəni söndürməyəcək.
O, ədaləti sədaqətlə yayacaq.
4 O, yer üzündə ədaləti quranadək
Ümidini, cəsarətini itirməyəcək,
Uzaq diyarlar onun qanununa etibar edəcək.

5[103] Göyləri yaradıb onları sərən,
Yeri və onun üzərindəkiləri düzəldən,
Dünyadakı adamlara nəfəs verən,
Yer üzündə gəzən insanlara ruh verən
Rəbb Allah belə deyir:
6[104] «Mən Rəbb salehliyimlə səni çağırdım,
Səni əlindən tutacağam,
Səni qoruyacağam,
Səni xalqım üçün əhd edəcəyəm,
Millətlərə nur edəcəyəm ki,
7 Korların gözlərini açasan,
Zindandan dustaqları,
Zülmətdə, həbsxanada oturanları azad edəsən.
8 Mən Rəbbəm, adım budur.
Öz izzətimi heç kimə vermərəm,
Həmdlərimi bütlərə bəxş etmərəm.
9 Budur, əvvəlki işlər həyata keçdi,
İndi Mən təzə işləri bəyan edirəm,
Onlar yetişməmişdən əvvəl
Sizi xəbərdar edirəm».
Şükür ilahisi
10 Ey dəniz səyyahları, dənizdəki canlılar,
Uzaq diyarlar və orada yaşayanlar,
Rəbbə yeni ilahi oxuyun!
Dünyanın ən ucqar yerlərindən
Ona həmdlər gətirin!
11 Qoy səhra və oradakı şəhərlər,
Qedar xalqı yaşayan kəndlər səsini ucaltsın,
Sela sakinləri tərənnüm nəğməsi söyləsin,
Dağların zirvəsindən qışqırsın.
12 Hamı Rəbbi izzətləndirsin,
Uzaq diyarlar da Ona həmd etsin.
13 Rəbb cəsur igid kimi çıxacaq,
Cəngavər kimi qeyrətə gələcək,
Çığırıb döyüş nərəsi çəkəcək,
Düşmənlərinə Öz qüdrətini göstərəcək.
Rəbb Öz xalqına kömək etməyi vəd verir
14 Rəbb deyir:
«Xeyli vaxtdır ki, dinmirəm,
Susuram, səbir edirəm,
İndi isə doğuş ağrısı çəkən qadın kimi
Qışqıracağam, təngnəfəs olub zarıyacağam.
15 Dağları, təpələri dağıdacağam,
Bütün yaşıllıqlarını qurudacağam,
Çayları adalara çevirəcəyəm, hovuzları qurudacağam.
16 Korları tanımadıqları yolla aparacağam,
Onlara bilmədikləri yollarda rəhbər olacağam.
Qaranlığı qarşılarında işığa,
Kələ-kötür yolları düzənliyə çevirəcəyəm.
Bu şeyləri onlar üçün edəcəyəm,
Onları tərk etməyəcəyəm.
17 Oyma bütlərə güvənənlər,
Tökmə bütlərə “Sizsiniz allahlarımız” deyənlər
Geri qaytarılıb utandırılacaq.
Kor və kar İsrail
18 Ey karlar, eşidin!
Ey korlar, baxın, görün!
19 Qulum qədər kor olan varmı?
Göndərdiyim qasid qədər kar olan varmı?
Özünü Mənə həsr edən, Rəbbin qulu qədər kor olan varmı?
20 Siz çox şey gördünüz, amma nəzərə almadınız,
Qulaqlarınız açıq idi, amma eşitmədiniz!»
21 Rəbb Öz salehliyi naminə
Qanununu ucaldıb izzətləndirməkdən xoşlandı.
22 Lakin bu qarət olunmuş, soyulmuş xalqdır.
Hamısı qazamatlarda buxovlanıb zindanlarda saxlanılmışdır.
Onlar ovlanıb və qurtaranları yoxdur.
Onları qarət edirlər, «geri qaytarın» deyən yoxdur.

23 Sizdən kim buna qulaq asacaq,
Gələcəkdə kim diqqətlə dinləyəcək?
24 Yaqub nəslini, İsraili soyğunçular əlinə
Kim qarət edilmək üçün təslim etdi?
Məgər qarşısında günah işlətdiyimiz Rəbb deyilmi?
Onlar Onun yolları ilə getmək istəmədi,
Qanununa qulaq asmadı.
25 Buna görə alovlu qəzəbini, döyüşün şiddətini üstlərinə yağdırdı.
Od onları dövrəyə aldı,
Amma onlar anlamadılar,
Onları yandırdı,
Amma ona ciddi fikir vermədilər.

İsrailin yeganə qurtarıcısı Rəbdir

1 İndi isə, ey Yaqub, ey İsrail, səni yaradan,
Sənə həyat verən Rəbb belə deyir:
«Qorxma, çünki Mən səni satın aldım,
Səni adınla çağırdım, sən Mənimsən.
2 Dərin sulardan keçsən belə,
Mən səninlə olacağam,
Çaylardan keçəndə batmayacaqsan,
Odun içindən qaçsan belə, yanmayacaqsan,
Alov səni məhv etməyəcək.
3 Çünki Mən sənin Allahın Rəbbəm,
İsrailin Müqəddəsiyəm,
Sənin Xilaskarınam.
Misiri sənin üçün fidyə,[105]
Kuş və Seva ölkələrini
Sənin azadlığının əvəzinə verdim.
4 Sən nəzərimdə qiymətli, çox əziz olduğuna görə
Səni sevdiyim üçün,
Sənin əvəzinə adamları, həyatın üçün ümmətləri verəcəyəm.
5 Qorxma, Mən səninləyəm,
Nəslindən olanları şərqdən gətirəcəyəm,
Səni qərbdən toplayacağam.
6 Şimala “ver” deyəcəyəm,
Cənuba “saxlama” söyləyəcəyəm.
Oğullarımı uzaqlardan,
Qızlarımı dünyanın ucqar yerlərindən gətir.
7 Mənim adımla çağırılan hər insanı,
İzzətim üçün yaratdığım,
Bəli, həyat verdiyim,
Yaratdığım hər bir adamı gətir».

8 Gözləri olan kor,
Qulaqları olan kar xalqı gətir.
9 Bütün millətlər bir yerə yığılsın,
Ümmətlər toplansın.
Bunlardan kim bu sözü bəyan edər?
Olub-keçənləri bizə bildirər?
Qoy onların şahidləri irəli gəlib bəraət qazansın,
Dinləyib desin: «Bu düzdür».
10 Rəbb bəyan edir: «Sizsiniz Mənim şahidlərim, seçdiyim qullarım,
Belə ki Məni tanıyıb, Mənə arxalanasınız,
Mənim O olduğumu anlayasınız.
Məndən əvvəl Allah mövcud olmayıb,
Məndən sonra da olmayacaq.
11 Mənəm Rəbb, yalnız Mənəm,
Məndən başqa qurtarıcı yoxdur.
12 Mən dedim və Mən qurtardım,
Mən bəyan etdim,
Aranızda başqa allahlar yox idi.
Sizsiniz şahidlərim».
Rəbb bəyan edir, «Allah Mənəm.
13 Əzəldən bəri Mən Oyam,
Mənim əlimdən qurtaran yoxdur.
Mən bir şey edəndə buna kim mane ola bilər?»
Babildən qurtuluş
14 Sizi Satınalan, İsrailin Müqəddəsi,
Rəbb belə deyir:
«Sizin xatirinizə Babilə ordu göndərəcəyəm.
Onların hamısını qaçqın edəcəyəm,
Xaldeylilər də öyündükləri gəmilərlə qaçacaq.
15 Mən Rəbbəm, sizin Müqəddəsinizəm,
İsraili yaradanam, Padşahınızam».

16 Dənizdə və azğın sularda yol, riz açan,
17 Atlarla döyüş arabalarını,
İgid cəngavərləri ilə ordunu birgə yola çıxaran Rəbb belə deyir:
«Onlar yıxılıb, qalxa bilməyəcək,
Basdırılıb piltə kimi söndürüldü.

18 Əvvəlki şeyləri yada salmayın,
Köhnə hadisələr barəsində düşünməyin.
19 Budur, Mən təzə bir şey edirəm,
O artıq baş verir,
Məgər siz bunu başa düşmürsünüz?
Bəli, Mən çöllükdə yol salacağam,
Quru torpaqda çaylar yaradacağam.
20[106] Mənim seçdiyim xalqıma su içirtmək üçün
Çöllükdə su verdiyimə görə,
Quru torpaqda çaylar yaratdığıma görə,
Vəhşi heyvanlar, çaqqallar və dəvəquşuları Məni ucaldacaq.
21 Bu xalqı Mən Özüm üçün yaratdım ki,
Mənə həmdlər söyləsin.
İsrailin günahı
22 Lakin sən, ey Yaqub nəsli,
Mənim adımı çağırmadın,
Ey İsrail, Məndən bezdin.
23 Yandırma qurbanı üçün Mənə quzular gətirmədin,
Qurbanlarınla Mənə ehtiram etmədin.
Sənə təqdimlərə görə əziyyət vermədim,
Kündür təqdimləri ilə bezdirmədim.
24 Mənim üçün pulla ətirli qamış almadın,
Qurbanların piyi ilə Məni doydurmadın.
Əksinə, sən günahlarını Mənə yüklədin,
Təqsirlərinlə Məni yordun.

25 Mənəm Öz xatirimə görə sənin üsyankarlığını silən,
Bəli, Mən günahlarını da yada salmaram.
26 Yadıma sal, gəl mühakiməyə gedək,
Bəraət qazanmaq üçün məhkəmədə işindən danış.
27 İlk əcdadların günaha batdı,
Rəhbərlərin Mənə qarşı üsyankar oldu.
28 Buna görə də Mən
İbadətgahın rəhbərlərini murdarlığa vadar etdim.
Yaqub nəslini qırğına, İsraili isə rəzalətə məhkum etdim.

Rəbb yeganə Allahdır

1 İndi isə, ey qulum Yaqub nəsli,
Seçdiyim İsrail, qulaq as!
2 Səni yaradan, ana bətnində quruluş verən,
İmdadına çatan Rəbb belə deyir:
“Qorxma, ey qulum Yaqub nəsli,
Ey seçdiyim Yeşurun![107]
3 Susamış torpağı sulayacağam,
Quru torpağa sellər axıdacağam,
Övladlarına Ruhumu ehsan edəcəyəm,
Nəslinə xeyir-duamı verəcəyəm.
4 Onlar otlar arasında,
Axar sular kənarında,
Söyüd ağacları kimi boy atacaq.
5 Biri ‹Mən Rəbbinəm› deyəcək,
O birisi Yaqubun adı ilə çağırılacaq.
Digəri də əlinə ‹Rəbbin quluyam› deyə yazacaq,
İsrail adını üzərinə götürəcək”».

6[108] Rəbb, İsrailin Padşahı, Satınalanı,
Ordular Rəbbi belə deyir:
«Mən birinciyəm, Mən sonuncuyam,
Məndən başqa Allah yoxdur.
7 Mənə bənzəyən varmı? Xəbər versin.
Qədim xalqımı yaratdığımdan bəri olub-keçənləri,
Bundan sonra olduqlarını danışıb nəql etsin,
Bəli, gələcək hadisələri bildirin!
8 Qorxmayın, dəhşətə gəlməyin,
Mən sizə əzəldən bəri bunu söyləyib danışmadımmı?
Siz Mənim şahidlərimsiniz!
Məndən başqa Allah varmı?
Başqa Qaya yoxdur.
O birilərini tanımıram».
Bütlərə səcdə edənlər xəcalət çəkəcək
9 Bütləri düzəldən adamlar puçdur,
Zövq aldıqları əşyalardan heç bir xeyir yoxdur.
Bütlərə qulluq edənlər heç bir şey görmür,
Heç bir şey bilmir,
Onlar axırda xəcalət içində olacaq.
10 Kim istəyər fayda verməyən allah düzəltsin,
Tökmə büt yaratsın?
11 Budur, bunları düzəldənlərin hamısı xəcalət içində olacaq.
Ustalar isə özləri də insandır,
Qoy onların hamısı toplaşıb məhkəmədə dursun,
Dəhşətə düşüb birlikdə xəcalət çəksin.

12 Dəmirçi alətini götürüb,
Kömürün odunda işləyir,
Çəkiclə dəmirə ölçü verir,
Güclü əli ilə üstündə çalışır.
Onda ac qalır, taqətdən düşür,
Susuz qalıb üzülür.
13 Dülgər iplə ölçür,
Ağacı tabaşirlə nişanlayır,
Rəndələyir, istənilən şəklə salır,
Pərgarla dairə çəkir,
İnsan surəti verir,
İnsan gözəlliyinə bənzər düzəldərək
Evinə qoymaq üçün bir büt yaradır.
14 İnsan özü üçün sidr ağacları kəsir,
Şam ağacını, palıd ağacını seçir.
Meşədə özü üçün bir ağac götürür,
Küknar ağacı əkir və yağış onu böyüdür.
15 Sonra ağac oduna işlənir.
İnsan gətirdiyi odunla həm isinir,
Həm sobanı yandırır, çörək bişirir.
Həm də özünə bir allah düzəldir,
Düzəltdiyi bütün qarşısında səcdə edir,
Yerə sərilir.
16 Odunun bir hissəsini yandırır,
Alovunda ət qızardır,
Qarnını doyuraraq, isinib deyir:
«Ah, isindim, odun istisini hiss etdim!»
17 Ağacın qalığından özünə allah,
Bir oyma büt düzəldib
Qarşısında yerə sərilir, səcdə edir.
Bu bütə dua edib yalvarır:
«Məni xilas et, çünki sənsən mənim allahım!»

18 Onlar bilmir, dərk etmir,
Çünki gözləri də, zehinləri də elə bağlıdır ki,
Görməzlər, anlamazlar.
19 Buna fikir vermirlər, bilmirlər,
Dərk etmirlər ki, belə desinlər:
«Odunun bir hissəsini yandırdım,
Közündə də çörək bişirdim, ət qızartdım, yedim.
Qalığından bir murdar şey düzəldimmi?
Bir parça taxtanın qarşısında yerə sərilimmi?
20 Bu, kül yemək kimi boş işdir,
Aldanmış ürəkləri onları yoldan azdırır,
Canlarını qurtara bilmir və sağ əlimdəki əşya aldadıcı deyilmi?»
Rəbb Yaradan və Xilaskardır
21 «Ey Yaqub nəsli,
Dediyim sözləri xatırla,
Çünki sən qulumsan, ey İsrail,
Mən səni yaratdım, sən Mənim qulumsan,
Səni unutmaram, ey İsrail!
22 Üsyankarlığını bulud kimi dağıtdım,
Günahlarını duman kimi sildim,
Mənə tərəf dön,
Çünki Mən səni satın aldım».

23 Tərənnüm edin, ey göylər,
Çünki bunu edən Rəbdir.
Çığırın, ey torpağın dərinlikləri,
Ey dağlar, ey meşə, ey meşədəki bütün ağaclar,
Sevincdən haray çəkin,
Çünki Rəbb Yaqub nəslini satın aldı,
İsraildə izzətini aşkar etdi.

24[109][110] Səni Satınalan,
Ana bətnində quruluş verən Rəbb deyir:
«Bütün şeyləri yaradan, göyləri təkcə yayan,
Təkbaşına yer üzünü sərən,
25 Yalançı peyğəmbərlərin möcüzələrini boşa çıxaran,
Falçıları ifşa edən,
Müdrikləri geri qaytaran,
Onların biliyini heçə çevirən,
26 Qulunun sözlərini icra edən,
Elçilərinin sözlərini gerçək edən,
Yerusəlim üçün “burada sakinləri təzədən məskunlaşacaq”,
Yəhuda şəhərlərinə “bunlar yenidən qurulacaq,
Xarabalıqları yenidən bərpa edəcəyəm” deyən Rəbb Mənəm.
27 Dərin sulara “Quru! Mən çaylarını qurudacağam” söyləyən,
28 Kir haqqında “o, çobanımdır,
Xoşuma gələnlərin hamısını həyata keçirəcək”,
Yerusəlim haqqında “yenidən qurulacaq”,
Məbəd haqqında “təməlin qoyulacaq” deyən Rəbb Mənəm».

Rəbb Fars padşahı Kiri seçir
1 Rəbb məsh etdiyi adama –
Sağ əlindən tutduğu Kirə belə deyir.
Onun önündə millətləri baş əydirəcəyəm,
Padşahları qüdrətindən məhrum edəcəyəm,
Önündə qapıları açacağam,
Darvazalar onun qarşısında bir daha bağlanmayacaq.
Rəbb deyir:
2 «Mən qarşında gedib dağları düzəngaha çevirəcəyəm,
Tunc qapıları qırıb
Dəmir qıfılları sındıracağam.
3 Qaranlıqda gizlənmiş sərvətlərini,
Gizli yerlərdə saxlanılan xəzinələri sənə verəcəyəm ki, biləsən:
Səni adınla çağıran Rəbb Mənəm, İsrailin Allahıyam Mən.
4 Qulum Yaqub nəsli, seçdiyim İsrail naminə
Səni adınla çağırıb hörmət göstərdim,
Halbuki sən Məni tanımırdın.
5 Rəbb Mənəm, başqası yoxdur,
Məndən başqa Allah yoxdur.
Səni Mən gücləndirəcəyəm,
Halbuki Məni tanımırdın.
6 Beləliklə, gündoğandan günbatana qədər qoy bilsinlər ki,
Məndən savayı heç kim yoxdur,
Rəbb Mənəm, başqası yoxdur.
7 Nuru, qaranlığı, sülhü, fəlakəti yaradan Mənəm,
Bütün bunları edən Rəbb Mənəm.

8 Ey göylər, yuxarıdan damlayın,
Qoy buludlar salehlik yağdırsın,
Torpaq açılsın, xilas bəhrəsini yetişdirsin,
Onunla birlikdə salehlik bitsin.
Bunları yaradan Rəbb Mənəm».
Hər şeyi yaradan Allahdır
9[111] Yaradanı ilə çəkişənin vay halına!
Çəkişən özü də saxsı qablar arasında yalnız saxsı parçasıdır.
Gil öz dulusçusuna «Nə düzəldirsən?»
Yaxud «yaratdığın şeyin dəstəkləri yoxdur» deyə bilərmi?
10 Atasına «Dünyaya məni nə üçün gətirdin?»
Anasına «Məni nə üçün doğdun?» deyənin vay halına!

11 İsrailin Müqəddəsi,
Onu yaradan Rəbb belə deyir:
«Övladlarımın gələcəyi haqqında
Mənə sual verə bilərsinizmi?
Gördüklərim işlər barəsində
Mənə əmr edə bilərsinizmi?
12 Dünyanı da, yer üzündə yaşayan adamı da Mən yaratdım.
Mənim əllərim göyləri yaydı,
Əmrimlə səma cisimləri quruldu.
13 Mən Kiri ədalətlə hərəkət etməyə vadar etdim.
Yollarını dürüst edəcəyəm.
O, şəhərimi tikəcək,
Sürgün olunmuş adamlarımı
Fidyəsiz, bəxşişsiz azad edəcək».
Bunu Ordular Rəbbi deyir.

14 Rəbb belə deyir:
«Misirlilərin var-dövləti, Kuşun ticarət gəliri,
Ucaboylu Sevalılar yanınıza gəlib qulunuz olacaq.
Onlar buxovlanacaq və ardınızca gedəcək,
Qarşınızda yerə sərilib yalvaracaq:
“Allah yalnız sizinlədir və başqa birisi yoxdur.
Bundan savayı Allah yoxdur”».
15 Həqiqətən, Sən Özünü gizlədən Allahsan,
Ey İsrailin Allahı, ey Qurtarıcı!
16 Büt düzəldənlərin hamısı utandırılacaq,
Rüsvay olacaq, xəcalət çəkib uzaqlaşacaq.
17 Amma İsrailə qurtuluşu Rəbb verəcək.
Bu qurtuluş əbədi sürəcək.
Əsrlər boyu İsrail utanmayacaq, rüsvay olmayacaq.

18 Göyləri yaradan Rəbb bircə olan Allahdır!
O, dünyanı yaratdı, ona quruluş verdi,
Rəbb dünyanı qarmaqarışıq yaratmadı,
Onu yaşamaq üçün qurdu.
O deyir: «Mən Rəbbəm, başqası yoxdur!
19 Mən gizlində, qaranlıq dünyasında danışmadım,
Yaqub nəslinə “Məni qarmaqarışıq yerdə axtarın” demədim.
Doğrusunu söyləyən, ədaləti bəyan edən Rəbb Mənəm.
Allah və Babilin bütləri
20 Yığışın, gəlin, bir yerə toplaşın, ey millətlərdən sağ qalan kəslər!
Taxta bütləri gəzdirənlər,
Xilas verməyən allahlara dua edənlər heç nə bilmir.
21 Danışın, işinizi təqdim edin,
Qoy hamı birlikdə məsləhətləşib söyləsin:
“Bunu qədimdə kim bəyan etdi,
Keçmişdə kim bildirdi?”
Bunu Mən Rəbb, demədimmi?
Məndən başqa Allah,
Ədalətli Allah və Qurtarıcı yoxdur.
Məndən başqası yoxdur.

22 Ey yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar,
Mənə tərəf dönün və xilas olun!
Çünki Mən Allaham və başqası yoxdur!
23[112] Varlığıma and içdim,
Ağzımdan çıxan kəlmə doğrudur, boşa çıxmaz.
Hər diz önümdə çökəcək,
Hər dil Mənə and içəcək.

24 Mənim üçün belə deyəcəklər:
“Salehlik və qüvvət yalnız Rəbdədir.
Ona qarşı qəzəblənənlər hüzuruna gəlib utanacaqlar.
25 Bütün İsrail nəsli Rəbdə haqq qazanacaq və izzətlənəcək”».

1 «Bel allahı diz çökdü,
Nevo allahı əyildi,
Babilin bütləri heyvanlara, öküzlərə yükləndi,
Daşınan əşyalar heyvanlara ağır yük oldu.
2 Onlar birgə əyildilər, diz çökdülər,
Yük oldular, bundan qurtula bilməyib əsirliyə aparıldılar.

3 Qulaq asın Mənə, ey Yaqub nəsli,
Ey bütün İsrail nəslinin sağ qalanları!
Anadan olandan sizi aparıram,
Bətndən çıxandan sizi daşıyıram.
4 Siz qocalanacan Mən Oyam,
Saçlarınıza dən düşənəcən
Mən sizi aparacağam,
Sizi Mən yaratdım, Mən daşıyacağam.
Bəli, Mən sizi aparacağam və xilas edəcəyəm.

5 Məni kimə bənzədəcəksiniz, kimə oxşadacaqsınız,
Kiminlə müqayisə edəcəksiniz ki, biz oxşar olaq?
6 Kimsə pul kisəsindən qızıl çıxarır,
Tərəzidə gümüş çəkir,
Bu puldan zərgərə büt düzəltdirir,
Sonra önündə yerə sərilib səcdə edir!
7 Onu çiyinlərinə yükləyib daşıyırlar, yerinə qoyurlar.
Beləcə büt durur, yerindən tərpənmir.
Ona yalvarırlar, o cavab vermir,
Heç bir bəladan qurtarmır.

8 Ey üsyankar insanlar, bunu xatırlayın,
Mərd olun, yadınızdan çıxarmayın!
9 Qədimdən bəri olan hadisələri xatırlayın,
Çünki Allah Mənəm, başqası yoxdur,
Mənəm Allah, Mənə bənzəri yoxdur!
10 Axırı əvvəldən,
Baş verməmiş hadisələri əzəldən bildirən,
“Niyyətim baş tutacaq,
İstədiyim hər şeyi edəcəyəm” deyən Mənəm.
11 Şərqdən bir yırtıcı quşu,
Uzaq diyardan niyyətimi yerinə yetirən adamı çağıran Mənəm.
Mən bunları dedim,
Mütləq yerinə yetirəcəyəm,
Mən niyyət etmişəm, bunu icra edəcəyəm.

12 Ey salehlikdən uzaq olan dikbaş insanlar!
Məni dinləyin!
13 Salehliyiniz yaxındır, uzaq deyil,
Qurtuluşum ləngiməyəcək.
Siona xilası, İsrailə izzətimi bəxş edəcəyəm.

Babilin düşkünlüyü

1[113] Ey bakirə Babil qızı,
Düş aşağı, torpaqda otur.
Ey Xaldey qızı,
Artıq taxt yoxdur, yerdə otur.
Bundan sonra sənə
“Zərif, nazlı” deməyəcəklər.
2 Bir cüt dəyirman daşı götür, unu üyüt.
Örpəyini aç, balağını qaldır,
Baldırların açıb çaylardan keç.
3 Çılpaqlığın açılacaq, ayıb yerin görünəcək.
Mən intiqam alacağam,
Heç kimi əsirgəməyəcəyəm».
4 Bizi Satınalan İsrailin Müqəddəsidir,
Onun adı Ordular Rəbbidir.

5 Rəbb deyir: «Ey Xaldey qızı,
Qaranlığa çəkil, sakitcə otur!
Çünki bundan sonra səni daha
Padşahlıqların mələkəsi çağırmayacaqlar!
6 Öz xalqıma qəzəbləndim,
İrsimi kiçildib sənə verdim.
Lakin sən onların halına acımadın,
Hətta yaşlılara da ağır boyunduruq yüklədin.
7[114] “Həmişə əbədi mələkə olacağam” deyə düşünürdün.
Bunları ürəyinə gətirmirdin, sonu düşünmürdün.

8 İndi isə qulaq as, ey əmin-amanlıqda yaşayan zövq düşkünü!
Sən ürəyində deyirdin: “Mən mənəm,
Məndən başqası yoxdur.
Heç vaxt dul qalmayacağam,
Övlad itirmək dərdini bilməyəcəyəm”.
9 Bu iki bəla bir gündə,
Qəflətən başına gələcək.
Böyük cadugərliyinə, hədsiz ovsunçuluq etdiyinə baxmayaraq,
Həm övladlarını itirəcək, həm də dul qalacaqsan.

10 Pisliyinə güvəndin,
Dedin: “Məni heç kim görmür”.
Sənin hikmətin və biliyin səni azdırdı.
Düşündün: “Mən mənəm,
Məndən başqası yoxdur”.
11 Lakin üzərinə bəla gələcək,
Sən onun qarşısını ala bilməyəcəksən,
Sən xərac versən də, bu fəlakət üstünə gələcək,
Bilmədiyin bəla qəflətən üzərinə düşəcək.
12 Gənc yaşlarından bəri
Məşğul olduğun ovsunçuluğuna və böyük cadugərliyinə davam et.
Bəlkə onlardan bir xeyir görərsən,
Bəlkə düşmənlərini onlarla vahiməyə sala bilərsən!
13 Aldığın çoxlu məsləhətlər səni üzdü.
Qoy ulduz falına baxanlar, münəccimlər,
Yeni ay çıxanda olacaq hadisələri bildirənlər
İndi gəlib səni
Başına gələn bəlalardan xilas etsinlər.
14 Bax, onlar küləş kimidir,
Od onları yandırıb-yaxar.
Özlərini alovun gücündən xilas edə bilməyəcəklər.
Bu alov isinmək üçün kömürlü od deyil,
Qabağında oturulacaq od deyil.
15 Sənin işlədiyin, cavanlığından bəri alver etdiyin adamların
Aqibəti belə olacaq.
Hər kəs öz yolu ilə gedəcək, səni xilas edən olmayacaq.

İsrailin inadkarlığı

1 Ey Yaqub nəsli,
İsrail adı ilə çağırılan,
Yəhudanın belindən gələn,
Rəbbin adı ilə and içən,
İsrail Allahının adını etiraf edən,
Fəqət buna həqiqətlə və salehliklə əməl etməyən nəsil,
Buna qulaq as!
2 Müqəddəs şəhərdən olduğunuza görə,
İsrail Allahına bel bağladığınıza görə fəxr edirsiniz.
Onun adı Ordular Rəbbidir.

3 Olub-keçənləri əvvəldən Mən bəyan etdim.
Bu sözlər ağzımdan çıxdı və onları Mən bildirdim.
Sonra qəflətən bunları həyata keçirdim və onlar yerinə yetdi.
4 Bilirdim inadkar olduğunuzu,
Dəmir boyunlusunuz, tunc alınlısınız.
5 Bunları sizə qədimdən bəri bildirdim,
Baş verməmişdən əvvəl sizə xəbər verdim ki,
Siz “bunu bütüm etdi, oyma və tökmə bütlər
Bunları əmr etdilər” deməyəsiniz.

6 Bunu eşitdiniz, indi isə hamısına nəzər salın.
Bəs bunu qəbul etməyəcəksiniz?
İndi isə Mən sizə yeni şeyləri,
Bilmədiyiniz gizli şeyləri bildirəcəyəm.
7 Bunlar indi yaradılır, keçmişdə yox.
Siz bunu bu günə qədər bilmədiniz,
Ona görə “bunu bilirdik” deyə bilməzsiniz.
8 Siz bu barədə nə eşitmisiniz,
Nə də xəbəriniz olub,
Keçmişdən bəri qulaqlarınız bağlıdır.
Nə qədər xain olduğunuzu bilirəm,
Ana bətnindən belə, sizin üsyankar çağırılacağınızdan xəbərdaram.
9 Adım naminə qəzəbimi saxlayırdım,
Şöhrətim naminə qeyzimin qabağını alırdım ki, sizi məhv etməyim.
10 Budur, Mən sizi gümüş kimi olmasa da, təmizlədim,
Sizi iztirab ocağında çəkdim.
11 Öz xatirimə, Öz xatirimə bunu edirəm.
Axı niyə Mənim adım küfrlə çəkilsin?
Mən Öz izzətimi heç kimə vermərəm.
Rəbb İsraili satın alır
12[115] Qulaq as Mənə, ey Yaqub nəsli, çağırdığım İsrail!
Mən Oyam, Mən birinciyəm, Mən sonuncuyam.
13 Mənim əlim yerin təməlini qoydu,
Sağ əlim göyləri sərdi.
Mən onları çağıranda onlar birlikdə düzülür.

14 Hamınız toplaşın, dinləyin!
Bütlərdən hansıdır bu şeyləri bəyan edən?
Rəbbin sevdiyi adam Babildə Onun məqsədini yerinə yetirəcək,
Onun əli Xaldeylilərə qarşı qalxacaq.
15 Mən, bəli Mən dedim,
Onu Mən çağırdım,
Onu gətirdim,
O öz yolunda uğurlu olacaq.
16 Mənə yaxın gəlin, bunu dinləyin!
Başlanğıcdan bəri Mən açıq danışdım,
O vaxtdan indiyədək oradayam.
Xudavənd Rəbb indi Məni və Ruhunu göndərdi».

17 Səni Satınalan, Rəbb, İsrailin Müqəddəsi belə deyir:
«Allahın Rəbb Mənəm,
Mən sənin xeyrinə səni öyrədirəm,
Getdiyin lazım olan yolla səni aparıram.
18 Ah, kaş ki sən Mənim əmrlərimə diqqət yetirəydin!
Onda əmin-amanlığın heç vaxt qurumayan çay kimi axardı,
Salehliyin dəniz dalğaları kimi olardı.
19 Nəslin dəniz qumu kimi,
Övladların qum dənələri kimi olardı.
Adları qarşımda nə pozulardı, nə də silinərdi».

20[116] Babildən çıxın, Xaldeylilərin torpağından qaçın,
Sevinc səsi ilə bəyan edin, bunu bildirin,
Dünyanın ən uzaq yerlərinə bu xəbəri çatdırın,
Deyin: «Rəbb qulu Yaqub nəslini satın aldı».
21 Səhradan keçərkən susuzluq çəkmədilər.
Rəbb onlar üçün qayadan su axıtdı,
Qayanı yardı və oradan su fışqırdı.

22[117] «Pislərə isə sülh yoxdur» Rəbb deyir.

Rəbbin qulu çağırışını izah edir

1[118] Ey uzaq diyarlar, Məni dinləyin!
Ey uzaqda yaşayan ümmətlər, yaxşı qulaq asın!
Rəbb məni anadan olandan bəri çağırmışdı,
Ana bətnindən adımı yadına saldı.
2[119] Ağzımı iti qılınc kimi etdi,
O məni əlinin kölgəsində gizlətdi.
O məni iti ox edib
Öz oxdanında saxladı.
3 Mənə dedi: «Qulumsan, ey İsrail,
Mən səninlə izzətlənəcəyəm».
4 Amma mən dedim:
«Mən boş yerə çalışdım,
Gücümü hədər yerə tükətdim.
Rəbb mənə yenə haqq qazandırır,
Mükafatım Allahımdadır».

5 Rəbb məni qulu etmək üçün
Ana bətnində mənə quruluş verdi ki,
Yaqub nəslini Ona tərəf döndərim,
İsraili Onun önünə toplayım.
Onun gözündə hörmət qazandım,
Qüdrətim Allahım oldu.
Rəbb indi belə deyir.
6[120][121] O deyir:
«Yaqub qəbilələrinin bərpası,
İsrailin sağ qalanlarının geri qayıtması üçün
Qulum olmağın kifayət deyil.
Səni millətlərə nur edəcəyəm ki,
Xilasım dünyanın ən uzaq yerlərinə yayılsın».
Allah Öz qulunu ruhlandırır
7 Adamların nifrət etdiyi,
Millətin həqarətlə baxdığı,
Hökmdarların qulu olan şəxsə,
İsrailin Satınalanı, Müqəddəsi,
Rəbb belə deyir:
«İsrailin Müqəddəsi,
Sadiq Rəbb səni seçdiyinə görə
Padşahlar səni görüb ayağa qalxacaq,
Əmirlər qarşında yerə səriləcək».

8[122] Rəbb belə deyir:
«Münasib vaxtda sənə cavab verdim,
Xilas günü sənə kömək etdim.
Səni hifz edəcəyəm.
Səni xalqım üçün əhd edəcəyəm ki,
Dağılmış ölkəni bərpa edəsən,
İrs olaraq yenə sahiblərinə verəsən.
9 Dustaqlara “çıxın”,
Zülmətdə oturanlara
“Özünüzü göstərin!” deyəsən.
Onlar yol boyunca quzu kimi bəslənəcək,
Hər çılpaq təpədə otlaq tapacaq.
10[123] Onlar nə ac, nə də susuz qalacaq,
Qızmar isti və günəş onları vurmayacaq.
Çünki onlara mərhəmət edən yol göstərəcək,
Onları bulaqlara doğru yönəldəcək.
11 Mən bütün dağlarımı yola döndərəcəyəm,
Yollarımı hamar edəcəyəm.
12 Budur, xalqım uzaq yerlərdən,
Kimisi şimaldan, kimisi qərbdən,
Kimisi isə Sinim[124] ölkəsindən gələcək».

13 Tərənnüm edin, ey göylər,
Ey yer üzü, fərəhlən!
Ey dağlar, sevinc nidalarına qoşulun!
Çünki Rəbb xalqına təsəlli verəcək,
İztirab çəkənlərinə rəhm edəcək.
Sionun bərpası
14 Amma Sion dedi: «Rəbb məni tərk etdi,
Xudavəndim məni unutdu».
15 Rəbb isə deyir: «Ana südəmər körpəsini heç unudarmı?
Bətnindən çıxan oğluna rəhm etməzmi?
Ana öz körpəsini unutsa belə,
Mən səni əsla unutmaram.
16 Mən sənin adını ovuclarımda həkk etmişəm,
Ey Sion, divarların daima önümdədir.
17 Oğulların tələsib yanına gələcək,
Səni qarət edənlər, soyğunçular çıxıb-gedəcək.
18 Qaldır başını, bax ətrafına:
Hamı yığılıb yanına gəlir.
Mən Rəbb Varlığıma and içib bəyan edirəm ki,
Onların hamısı sənin üçün bər-bəzək olacaq,
Gəlin kimi onları taxıb fəxr edəcəksən!
Allah İsrail xalqını bərpa edib artıracaq
19 Xarabalığa, viranəliyə dönmüşdün,
Ölkən yerlə yeksan olmuşdu.
Amma indi bu torpaq sakinlərin üçün dar olacaq,
Səni xaraba qoyanlar səndən uzaqda duracaq.
20 Sənin sürgündə doğulmuş övladların
Səsini ucaldıb belə deyəcək:
“Bu yer bizim üçün dar gəlir,
Yaşamaq üçün bizə yer ver”.
21 Sən qəlbində deyəcəksən:
“Axı bunları mənim üçün kim doğdu?
Övladlarım itkin düşmüşdü, sonsuz oldum,
Sürgün edilmişdim, qovulmuşdum.
Belə isə bunları kim böyütdü?
Mən tək-tənha qalmışdım,
Bəs bunlar haradan gəlib-çıxdı?”»

22 Xudavənd Rəbb belə deyir:
«Budur, Mən əlimi millətlərə
Bir işarə kimi uzadacağam,
Bayrağımı xalqlar arasında qaldıracağam.
Onlar sənin oğullarını qucağında,
Qızlarını çiyinlərində gətirəcək.
23 Padşahlar sənə atalıq,
Mələkələr sənə analıq edəcək.
Üzüstə yerə sərilib sənə səcdə edəcəklər,
Ayaqlarının tozunu yalayacaqlar.
Onda biləcəksən ki, Mən Rəbbəm,
Mənə güvənənlər utanmayacaq».

24 Məgər güclünün əlindən qənimət alına bilərmi?
Zorakının əlindən əsirlər qurtula bilərmi?
25 Amma Rəbb belə deyir:
«Bəli, güclünün əlindən əsirlər də alına bilər,
Zorakının əlindən qənimət də götürülə bilər,
Səninlə çəkişənlərlə Mən çəkişəcəyəm,
Övladlarını Mən qurtaracağam.
26 Sənə zülm edənlərə öz ətlərini yedirəcəyəm,
Öz qanları ilə sərxoş olub
Şirin şərab içənlərin halına düşəcəklər.
Beləcə bütün bəşər biləcək ki,
Səni qurtaran Rəbb Mənəm.
Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm».

İsrailin günahına görə cəzası

 
1 Rəbb belə deyir:
«Boşadığım ananızın talağı haradadır?
Borc verənlərimin hansı birinə satdım sizi?
Siz şər əməllərinizə görə satıldınız,
Ananız üsyankarlığınız üzündən qovuldu.
2 Bəs nə üçün Mən gələndə heç kim olmadı?
Axı niyə Mən çağıranda cavab verən olmadı?
Məgər Mənim əlim zəifləyib ki,
Xilas etməyə qadir olmasın?
Yaxud Mənim sizi qurtarmağa gücüm çatmazmı?
Mən qəzəbimlə dənizi quruduram,
Çayları səhraya çevirirəm.
Suyun çatışmazlığından balıqlar iylənir, susuzluqdan ölür.
3 Mənəm göyləri zülmətə bürüyən,
Oranı çulla örtən».
Rəbbin qulunun itaəti
4 Yorğunlara sözlə dayaq olmağı bilim deyə
Xudavənd Rəbb mənə savadlıların dilini verdi.
O hər səhər qulağımı oyadır ki,
Savadlı adamlar kimi dinləyə bilim.
5 Xudavənd Rəbb qulağımı açdı,
Mən qarşı durmadım, geri çəkilmədim.
6[125] Məni döyənlər üçün belimi açdım,
Üzümü saqqalımı yolanlara tərəf uzatdım.
Təhqirlərdən, tüpürcəklərdən üzümü gizlətmədim.

7 Xudavənd Rəbb mənə kömək etdiyinə görə utanmayacağam.
Buna görə də üzümü çaxmaq daşı kimi etdim.
Bilirəm ki, əsla xəcalət çəkməyəcəyəm.
8[126] Mənə haqq qazandıran yaxındadır.
Mənimlə kim mübahisə etmək istəyir?
Qoy mənimlə üz-üzə gəlsin.
Kimdir rəqibim?
Qoy yanıma gəlsin.
9 Mənə kömək edən Xudavənd Rəbdir.
Kim məni təqsirkar çıxara bilər?
Rəqiblərimin hamısı paltar kimi köhnələcək,
Onları güvə yeyib məhv edəcək.

10 Aranızda Rəbdən qorxan,
Qulunun sözünə qulaq asan varmı?
Qaranlıqda gəzən, nurdan məhrum olan
Rəbbin adına güvənsin, Allahına arxalansın.
11 Ey sizlər, od qalayıb, qığılcımı qoruyanlar,
Hamınız öz odunuza, yandırdığınız qığılcımın içinə atılın.
Mənim əlimdən aldığınız pay bu olacaq:
Əzab içində qalacaqsınız.

Yerusəlimə təsəlliverici sözlər

 
1 Ey salehliyi arayanlar, Rəbbi axtaranlar,
Məni dinləyin!
Yonulduğunuz qayaya,
Çıxarıldığınız çuxurun dərinliyinə baxın.
2 Atanız İbrahimə, sizi doğan Saraya baxın!
Mən onu tək çağırdım, xeyir-dua verdim,
Nəslini artırdım.
3 Həqiqətən, Rəbb Siona və onun xarabalıqlarına təsəlli verəcək.
Səhralarını Edenə, çöllərini Rəbbin bağına döndərəcək.
Orada sevinc və şadlıq tapacaqlar,
Şükürlər, ilahilər oxunacaq.

4 Ey xalqım, Məni dinlə,
Ey ümmətim, Məni eşit!
Qanun Məndən çıxacaq,
Ədalətimi nur tək
Xalqlara ehsan edəcəyəm.
5 Salehliyim yaxındır, qurtuluşum gəlir,
Xalqları Öz gücümlə mühakimə edəcəyəm.
Uzaq diyarlar Mənə bel bağlayır,
Qüvvətimə ümid edir.
6 Başınızı qaldırıb göylərə nəzər salın,
Aşağıya, yer üzünə baxın.
Çünki göylər dağılacaq tüstü kimi,
Yer üzü paltar kimi köhnələcək.
Beləcə yer üzünün sakinləri də qırılacaq.
Lakin Mənim xilasım əbədidir,
Salehliyim sonsuzdur.

7 Ey salehlikdən xəbərdar olanlar,
Qanunumu qəlblərində saxlayan xalq,
Mənə qulaq asın!
Adamların məzəmmətindən qorxmayın,
Onların söyüşlərindən dəhşətə düşməyin.
8 Onlar güvənin yediyi paltar kimi məhv olacaq,
Qurdun yediyi yun kimi məhv olacaq.
Lakin Mənim salehliyim əbədidir,
Qurtuluşum nəsillər boyu duracaqdır.

9 Qalx, qalx, güclən, ey Rəbbin qolu!
Qədim zamanlardakı kimi
Qalx əvvəlki nəsillərin vaxtında olduğu kimi!
Sən Rahavı[127] parça-parça etmədinmi?
Sən əjdahanın bədənini deşmədinmi?
10 Dənizi, dərin suları Sən qurutmadınmı?
Satın alınan xalqının keçməsindən ötrü
Dənizin dərinliklərini yola çevirən
Sən deyildinmi?
11[128] Rəbbin satın alınmış adamları qayıdacaq,
Sevinclə nəğmə deyərək Siona gələcək.
Üzlərində əbədi sevinc olacaq,
Onlar sevinc və şadlıq tapacaq,
Kədər və qəm-qüssə yox olacaq.

12 Rəbb deyir: «Sizə təsəlli verən Mənəm, Mən!
Fani insandan, ot kimi solan bəşər oğlundan qorxan
Gör sən kimsən?
13 Səni yaradan, göyləri sərən,
Dünyanın təməlini qoyan Rəbbi necə unudursan?
Səni məhv etmək niyyətində olan
Zülmkarın qəzəbindən gün boyu, dayanmadan qorxursan.
Bəs hanı zülmkarın qəzəbi?
14 Zəncirlərlə buxovlanmış dustaqlar
Tezliklə azadlığa çıxacaq.
Ölüm çuxuruna düşməyəcək,
Çörəkləri əskik olmayacaq.
15 Allahınız Rəbb Mənəm.
Mənəm dənizi gur dalğalarla çalxalayan.
Ordular Rəbbidir Onun adı!
16 Mən sözlərimi sənin ağzına qoydum,
Əlimin kölgəsində səni gizlətdim ki,
Göyləri qurum, dünyanın təməlini qoyum,
Siona “Xalqım sənsən” deyim».
Yerusəlimin əzabının sonu
17[129] Oyan, oyan, qalx ayağa, ey Yerusəlim!
Sən ki Rəbbin əlindən
Qəzəb kasasını alıb içdin.
Sərxoşluq kasasını axıra qədər boşaltdın.
18 Doğduğu bütün oğullardan ona yol göstərən,
Böyütdüyü bütün oğullardan ona əl tutan olmadı.
19 Bu iki bəla sənin başına gəldi,
Dərdinə kim şərik olacaq?
Qarət, dağıntı, qıtlıq və qılınc!
Sənə necə təsəlli verim?
20 Övladların taqətdən düşüb,
Rəbbin qəzəbi, Allahının məzəmməti üzərlərindədir.
Onlar tələyə düşmüş cüyür kimi
Hər küçə başında uzanıb.
21 Buna görə də, ey yaralı Yerusəlim,
Şərabsız sərxoş xalq, bunu eşit!
22 Xudavəndin Rəbb, Öz xalqını müdafiə edən
Allahın belə deyir:
«Budur, sərxoşluq kasasını əlindən almışam.
Qəzəbimin kasasından artıq içməyəcəksən.
23 Bu kasanı sənin zülmkarlarının əlinə verəcəyəm.
Axı onlar sənə belə dedi:
“Uzan yerə, üstündən keçək”.
Sən də kürəyini torpaq kimi, yol kimi etdin ki, üstündən keçsinlər».

Yerusəlimin sevinci

1 [130] Qalx, qalx, ey Sion, qüdrətinə qurşan!
Ey müqəddəs şəhər, ey Yerusəlim,
Gözəl paltarlarını geyin!
Çünki sünnətsizlər, murdarlar
Sənin darvazalarından əsla keçməyəcək.
2 Üst-başındakı tozu çırp,
Qalx, ey Yerusəlim, taxtına otur,
Zənciri boynundan qır,
Ey əsir aparılan Sion qızı!

3 Rəbb belə deyir:
«Siz müftə satılmışdınız,
Müftə də satın alınacaqsınız».
4 Xudavənd Rəbb belə deyir:
«Xalqım qürbətdə yaşamaq üçün
Əvvəllər Misirə enmişdi.
Sonra Aşşurlular onlara boş yerə zülm etdi.
5[131] Xalqım nahaq yerə götürülüb aparıldı,
İndi bundan Mənə nə qaldı?» Rəbb bəyan edir.
Bu, Rəbbin sözüdür:
«Onların başçıları ah-zar edir,
Həmişə, gün boyu adım küfrlə çəkilir.
6 Buna görə xalqım
Mənim adımı tanıyacaq,
O gün “budur, Mənəm” deyənin Mən olduğunu başa düşəcək».

7[132] Sülh xəbəri gətirən,
Dağları aşıb-gələn
Müjdəçinin qədəmləri necə də gözəldir!
O, xoş müjdə gətirir,
Qurtuluş xəbəri verir,
Sion xalqına
«Allahınız hökm sürür!» bəyan edir.
8 Qulaq asın! Gözətçilər səslərini ucaldır,
Birlikdə mədh oxuyur,
Çünki Rəbbin Siona qayıdışını
Öz gözləri ilə görür.
9 Ey Yerusəlim xarabalıqları,
Şənlik edin, birlikdə mədh oxuyun,
Çünki Rəbb xalqına təsəlli verdi,
Yerusəlimi satın aldı.
10 Rəbb bütün millətlərin gözləri önündə
Müqəddəs qolunu çırmaladı,
Yer üzünün qurtaracağınadək hər yer
Allahımızın gətirdiyi xilası görəcək.

11[133] Çəkilin, çəkilin, oradan çıxın,
Murdar şeylərə toxunmayın,
Oradan çıxıb təmizlənin,
Ey Rəbbin əşyalarını daşıyanlar!
12 Axı siz tələsmədən çıxacaqsınız,
Qaça-qaça getməyəcəksiniz,
Çünki Rəbb qarşınızda gedəcək,
İsrailin Allahı arxanızda olacaq.
Rəbbin qulunun iztirab çəkməsi və qələbəsi
13 Budur, Mənim qulum uğur qazanacaq,
O yüksəldiləcək, ucaldılacaq, çox izzətlənəcək.
14 Çoxları onun qarşısında mat qalacaq.
Bəli, onun görkəmi çox dəyişmişdi,
Zahirən insan surətindən çıxmışdı.
15[134] Lakin o, çox millətləri heyrətə salacaq,
Onun qarşısında padşahlar ağzını yumacaq,
Çünki onlar bilmədiklərini görəcək,
Eşitmədiklərini anlayacaq.

1[135][136] Xəbərimizə kim inandı,
Rəbbin gücü kimə zahir oldu?
2 O, Rəbbin önündə bir fidan kimi,
Quru torpaqda bitən kök kimi böyüdü.
Baxanda onun nə görkəmi, nə gözəlliyi var idi,
Gözümüzü oxşayan zahiri siması da yox idi.
3 Adamlar ona həqarətlə baxıb rədd etdi.
O, dərdli, xəstəlikləri görən insan idi,
Adamlar ondan üz döndərdi, xor baxdı.
Biz ona qiymət vermədik.

4 [137] Əslində xəstəliklərimizi o çəkdi,
Dərdlərimizi öz üzərinə götürdü.
Biz isə onun Allah tərəfindən cəzalandırıldığını,
Vurulub iztirab çəkdiyini zənn etdik.
5[138] Bizim üsyankarlığımıza görə onun bədəni deşildi,
Şər əməllərimiz naminə əzildi,
Bizim əmin-amanlığımız üçün o cəza aldı,
Onun yaraları ilə biz şəfa tapdıq.
6[139] Hamımız qoyun kimi yolu azmışdıq,
Hər birimiz öz yolumuzla gedirdik.
Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu.

7[140][141] Ona zülm etdilər,
O iztirab çəkdi, amma ağzını açmadı.
Kəsilməyə aparılan quzu kimi,
Qırxımçıların qabağında dilsiz qoyun kimi
Ağzını açmadı.
8 Ədalətsizliklə məhkum olunaraq ölümə aparıldı.
Onun nəsli haqqında kim düşünə bilərdi?
Axı xalqımın üsyankarlığına görə
O edam olundu, dirilər arasından atıldı.
9[142] O heç bir zorakılıq etmədiyi,
Ağzından yalan söz çıxmadığı halda
Qəbri pis adamların yanında quruldu,
Dövlətli adamın yanında dəfn olundu.

10 Amma Rəbb Özü onun bu iztirablarını istədi,
Çəkdiyi əziyyətlər Onun iradəsi idi.
Öz canını təqsir qurbanı təqdim edərsə,
Nəsil görəcək, ömür uzadacaq.
Rəbbin istəyi onun əli ilə uğur qazanacaq.
11 O çəkdiyi iztirablarının bəhrəsini görüb qane olacaq,
Mənim saleh qulum öz biliyi ilə çoxlarına bəraət qazandıracaq,
Onların şər əməllərinin yükünü üzərinə götürəcək.
12[143] Buna görə Mən ona böyük adamların arasında pay verəcəyəm.
O, qəniməti güclülərlə böləcək.
Çünki o, canını fəda etdi,
Üsyankarlara tay tutuldu.
Çox adamların günahını üzərinə götürdü,
Üsyankarlardan ötrü yalvardı.

Rəbbin İsrailə məhəbbəti

 
1[144] «Şənlən, ey sonsuz, qısır qadın!
Sevinclə mahnı oxu,
Ey doğuş ağrısı çəkməyən qadın!
Çünki atılmış qadının övladları
Ərli qadının övladlarından çox olacaq»,
Bunu Rəbb deyir.
2 «Çadırının yerini genişləndir,
Məskənlərinin örtüklərini uzat,
Çəkinmə, ipləri uzat, payaları vur.
3 Çünki sağa və sola səpələnəcəksən,
Nəslin millətlərə yiyələnəcək,
Viran qalmış şəhərlərdə məskunlaşacaq.

4 Qorxma, çünki utanmayacaqsan,
Ruhdan düşmə, çünki rüsvay olmayacaqsan.
Cavanlığın xəcalətini unudacaqsan,
Bir daha dulluğun rüsvayçılığını
Yadına salmazsan».
5 Çünki sənin ərin səni Yaradandır,
Onun adı Ordular Rəbbidir.
Səni Satınalan İsrailin Müqəddəsidir,
O bütün dünyanın Allahı adlanır.
6 Allahın deyir:
«Rəbb səni çağırır
Atılmış və ruhu əzilmiş,
Gənc yaşında ərə getmiş,
Sonra isə rədd olunmuş bir qadın kimi.
7 Bir anlığa səni tərk etdim,
Amma böyük rəhmlə geri qəbul edəcəyəm.
8 Bir anlığa qızğın qəzəblə səndən üzümü döndərdim,
Lakin əbədi məhəbbətimlə sənə rəhm edəcəyəm».
Bunu səni Satınalan, Rəbb deyir.

9[145] «Bu Mənim üçün sanki Nuhun dövründə baş verən daşqındır,
Nuhun dövründəki daşqının suları
Bir daha yer üzünü örtməyəcəyi barədə necə and içmişdimsə,
İndi də and içirəm ki,
Sənə qəzəblənməyəcəyəm, səni məzəmmət etməyəcəyəm.
10 Dağlar yerini dəyişsə də,
Təpələr sarsılsa da,
Sənə olan məhəbbətim dəyişməz,
Sülh əhdim sarsılmaz».
Bunu sənə rəhm edən Rəbb deyir.
Yeni Yerusəlimin xoşbəxtliyi
11[146] «Ey tufana düşmüş,
Təsəlli tapmamış yazıq şəhər!
Sənin daşlarını əqiqlərlə,
Təməlini göy yaqutlarla qoyacağam.
12 Qüllələrini yaqutdan,
Darvazalarını ləl-cəvahirdən,
Divarlarını qiymətli daşlardan hörəcəyəm.
13[147] Bütün övladlarını Mən Rəbb öyrədəcəyəm,
Onlar tam sülh içində olacaq.
14 Salehliyində möhkəmlənəcəksən,
Zülmdən uzaq olacaqsan, qorxmayacaqsan.
Qorxu hissi səndən uzaq olacaq, sənə yaxınlaşmayacaq.
15 Sənə hücum edən olsa, bil ki, bu Məndən deyil,
Sənə hücum edən hər kəs
Qarşında yerə yıxılacaq.

16 Budur, odda kömürü körükləyən,
Öz məqsədi üçün silah hazırlayan
Dəmirçini Mən yaratdım.
Məhv etmək üçün qırıcını da Mən yaratdım.
17 Sənə qarşı işlənən
Heç bir silah işə yaramayacaq.
Məhkəmədə səni təqsirləndirən
Hər kəsi təqsirkar çıxaracaqsan.
Rəbbə qulluq edənlərin irsi belədir.
Onların salehliyi Məndən gəlir».
Bunu Rəbb bəyan edir.

Rəbbin çağırışı

1[148] Ey bütün susamışlar, gəlin su başına!
Ey pulu olmayanlar, gəlin, alın, yeyin!
Gəlin, şərabı və südü pulsuz, havayı alın!
2 Nə üçün pulunuzu çörək olmayan şeylərə,
Qazandığınızı sizi doydurmayan şeylərə xərcləyirsiniz?
Məni diqqətlə dinləyin ki,
Yaxşı şeylər yeyəsiniz, nemətlərdən dadasınız.
3[149] Qulaq asın, Mənim yanıma gəlin,
Dinləyin ki, sağ qalasınız.
Mən sizinlə əbədi əhd,
Davuda vəd etdiyim sadiq məhəbbət əhdi kəsəcəyəm.
4 Budur, onu ümmətlərə şahid,
Xalqlara başçı və hökmdar etdim.
5 Tanımadığınız millətləri çağıracaqsınız.
Sizi tanımayan millətlər qaça-qaça yanınıza gələcək.
Allahınız Rəbbə görə,
İsrailin Müqəddəsindən ötrü onlar gələcək,
Çünki Rəbb sizi ucaltdı.

6 Tapmaq fürsəti olarkən Rəbbi axtarın,
O yaxın ikən Onu çağırın.
7 Qoy pis adam öz yolunu,
Şər adam öz fikirlərini atsın.
Qoy Rəbbə sarı dönsün ki, Onda mərhəmət tapsın.
Qoy Allahımıza tərəf dönsün,
Çünki Onun əfvi boldur.
8 «Çünki Mənim fikirlərim sizin fikirləriniz deyil,
Sizin yollarınız Mənim yollarım deyil»
Rəbb belə bəyan edir.
9 «Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə,
Yollarım da sizin yollarınızdan,
Fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir.
10[150] Yağış və qar necə göylərdən yağıb oraya qayıtmırsa,
Ancaq torpağı sulayıb yeri məhsuldar edirsə,
Əkinçiyə toxum, yeyənə çörək verirsə,
11 Ağzımdan çıxan kəlmə də belədir:
Boş yerə yanıma qayıtmaz,
Ancaq istədiyimi yerinə yetirər,
Onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər.

12 Sevinclə çıxacaqsınız,
Sülhlə müşayiət olunacaqsınız,
Dağlar, təpələr önünüzdə sevinclə nəğmə deyəcək,
Çöldəki bütün ağaclar əl çalacaq.
13 Tikanlı kol əvəzinə şam ağacı,
Qanqal əvəzinə mərsin ağacı bitəcək.
Bu, Rəbb üçün şöhrət,
Pozulmaz əbədi əlamət olacaq».

Rəbb bütün xalqları qəbul edəcək

 
1 Rəbb belə deyir:
«Ədaləti qoruyun, salehliyə əməl edin.
Çünki xilasım yaxındadır,
Salehliyim tezliklə aşkar olunacaq.
2 Bunu edən insan,
Buna itaət edən bəşər oğlu nə bəxtiyardır!
Şənbə gününü tutar, murdarlamaz,
Hər cür şərdən qorunar.

3 Qoy Rəbbə bel bağlayan heç bir yadelli deməsin:
“Əlbəttə, Rəbb məni Öz xalqından ayıracaq”.
Qoy heç bir xədim deməsin:
“Mən quru bir ağacam”».
4 Çünki Rəbb belə deyir:
«Şənbə günlərimə riayət edən,
Mənə xoş gələni seçən,
Əhdimə itaət edən xədimlərə
5 Evimdə, divarlarımın arasında
Oğul və qızlardan daha da yaxşı olan
Xatirə və ad verəcəyəm.
Onlara silinməz, əbədi bir ad verəcəyəm.
6 Rəbbə xidmət etmək, Onun adını sevmək,
Onun qulu olmaq üçün Şənbə gününə riayət edən, o günü murdarlamayan,
Əhdimə itaət edən,
Rəbbə bel bağlayan bütün yadelliləri
7[151] Müqəddəs dağıma gətirib
Dua evimdə sevindirəcəyəm.
Onların gətirdikləri
Yandırma qurbanları, bütün qurbanlar
Qurbangahımda qəbul olunacaq.
Çünki Mənim evim bütün xalqlar üçün
Dua evi adlandırılacaq».
8 İsrailin əsir düşmüş övladlarını toplayan
Xudavənd Rəbb belə bəyan edir:
«Mən hələ toplanmışların yanına başqalarını da yığacağam».
İsrailin pis başçıları mühakimə olunur
9 Ey bütün çöl heyvanları,
Ey bütün meşə heyvanları,
Gəlin yeməyə!
10 Xalqımın bütün gözətçiləri kordur, cahildir!
Onların hamısı hürə bilməyən lal itlərdir,
Yuxu görürlər, uzanırlar,
Yatmağı sevirlər!
11 Acgöz, azğın köpəklərdir bunlar,
Axmaq çobanlardır bunlar!
Hər kəs öz yolu ilə gedir,
Hər biri öz xeyrini güdür!
12 Bir-birlərinə deyirlər:
«Gəlin, şərab gətirək,
Bol-bol kefləndirici içki içək!
Sabahkı gün də bu gün kimi,
Hətta bundan da çox yaxşı olacaq!»


Vəfasız xalq

 
1 «Saleh adam ölür və bunu vecinə alan yoxdur.
Mömin adamlar da köçüb gedir,
Amma heç kim anlamır ki,
Bəla gəlməmiş saleh adam canını qurtarır.
2 Saleh adam sülhə qovuşur,
Doğru yolla gedən son yatağında rahat yatır.

3 Amma siz, ey cadugər qadının övladları,
Fahişə və zinakarlar nəsli, bura, yaxın gəlin!
4 Siz kimi məsxərəyə qoyursunuz?
Kimə ağız əyirsiniz?
Kimə dil göstərirsiniz?
Məgər siz itaətsiz övladlar,
Yalançı nəsil deyilsiniz?
5 Palıd ağacları arasında,
Hər kölgəli ağacın altında
Şəhvətlə alışıb-yanan,
Vadilərdə, qaya oyuqlarında,
Övladlarınızı qurban gətirən
Siz deyilmisiniz?
6 Sizin payınız
Vadinin hamar daşlarından düzələn bütlərdir.
Onlardır, bəli, onlardır sizə nəsib olan.
Onların qarşısında içmə təqdimi tökdünüz,
Taxıl təqdimi gətirdiniz.
Bunlara görə Mən təsəlli taparammı?

7 Yatağınızı yüksək, uca dağda salmısınız,
Qurbanlarınızı kəsmək üçün də oraya çıxırsınız.
8 Qapılarınıza, qapıların yan taxtalarının arxasına
İyrənc işarələr düzmüsünüz.
Məni tərk edib yatağınızı geniş açdınız,
Orada uzandınız, oynaşlarınızla sövdələşdiniz,
Birlikdə yatmağa can atdınız,
Onların çılpaqlığına tamaşa etdiniz!
9 Ətirləri bol-bol vurandan sonra
Molek allahına sarı getdiniz.
Elçilərinizi uzaqlara göndərdiniz,
Özünüzü ölülər diyarına qədər endirdiniz.
10 Uzun yollar sizi taqətdən saldı.
Lakin siz “daha bəsdir” demədiniz.
Gücünüzü təzələyib qalxdınız,
Buna görə yorulmadınız.

11 Kim sizi qorxudub dəhşətə saldı ki,
Məni aldatdınız?
Məni yada salmadınız,
Ürəyinizdə Mənə yer vermədiniz?
Mən xeyli vaxt susduğuma görə,
Siz Məndən qorxmursunuz?
12 Mən sizin salehliyinizi,
Etdiyiniz əməlləri aşkara çıxaracağam,
Bunların sizə xeyri olmayacaq.
13 Siz fəryad edəndə
Bu yığdığınız bütlər
Görək sizi nə cür qurtaracaq!
Onların hamısını külək sovurub atacaq,
Bir nəfəs onları yerindən tərpədib aparacaq.
Lakin Mənə sığınan torpağı irs olaraq alacaq,
Müqəddəs dağımı mülk edəcək».
Rəbb xalqına şəfa verəcək
14 Rəbb deyir:
«Tikin, tikin, yol hazırlayın!
Xalqımın yolundakı əngəlləri götürün!»
15 Uca və əzəmətli,
Əbədi yaşayan, adı müqəddəs Olan
Belə deyir:
«Mən yüksək və müqəddəs yerdə yaşadığım halda
Ruhu əzilənlərlə, özünü aşağı tutanlarla birlikdəyəm ki,
Özünü aşağı tutanların ruhunu dirildim,
Əzilmişlərin ürəyini dirçəldim.
16 Həmişə çəkişib qəzəblənməyəcəyəm,
Yoxsa yaratdığım canlı insan qarşımda dura bilməz.
17 Tamahkarlıq günahına görə
Qəzəblənib xalqı cəzalandırdım,
Hiddətlənib üzümü ondan döndərdim.
O da inad edib öz yolu ilə getdi.
18 Əməllərini gördüm,
Amma bu xalqa şəfa verəcəyəm.
Ona rəhbərlik edəcəyəm,
Ona və onun yas tutanlarına təsəlli verəcəyəm.
19[152] Ağızları ilə həmdlər söyləyəcəyəm.
Uzaqdakılara və yaxındakılara qoy sülh, sülh olsun».
Rəbb belə deyir: «Mən onlara şəfa verəcəyəm».
20 Pislər isə sanki dalğalanan dənizdir,
Bu dəniz sakit dura bilməz,
Onun suları palçıq və kir çıxarar.
21[153] «Pislərə isə sülh yoxdur» deyir mənim Allahım.


Düzgün oruc

 
1 «Avazla çığırın, çəkinməyin,
Səsinizi şeypur səsi kimi ucaldın,
Xalqıma üsyankarlığını,
Yaqub nəslinə günahlarını bildirin!
2 Onlar hər gün Məni axtarır,
Mənim yolumu öyrənməkdən zövq alır.
Sanki bu əməlisaleh,
Allahının hökmündən ayrılmayan millət imiş.
Onlar Məndən düzgün hökmlər diləyirdi,
Allaha yaxınlaşmaqdan zövq alırdı.

3 Onlar belə deyir:
“Oruc tutduğumuzu nə üçün görmürsən,
Özümüzü aşağı tutanda,
Sən niyə fikir vermirsən?”
Baxın, oruc tutduğunuz gün
Siz istədiyinizi edirsiniz,
Bütün işçilərinizi sıxışdırırsınız.
4 Baxın, orucunuzu savaşma ilə,
Dava ilə, yumruqla, döyməklə keçirirsiniz.
Səsinizi ucalara çatdırmaq üçün
Bugünkü kimi sizə oruc tutmaq olmaz.
5 İstədiyim oruc, insanın özünü aşağı tutduğu gün belə olmalı idimi?
Bu, qamış kimi başınızı əyib,
Əyninizə çul geyib, kül üstündə oturmağınızdırmı?
Bunamı oruc və Rəbbə məqbul olan gün deyirsiniz?

6 Mənim istədiyim orucsa
Haqsızlığın buxovlarını qırmaq,
Boyunduruğun iplərini açmaq,
Sıxıntı içində olanları azad etmək,
Hər cür boyunduruğu məhv etmək deyilmi?
7 Yediyiniz çörəyi acla bölüşdürmək,
Yurdsuz kasıbları evinizə gətirmək deyilmi?
Mənim istədiyim oruc bu deyilmi?
Çılpaq görəndə geyindirmək,
Yaxınlarınızdan köməyinizi əsirgəməmək deyilmi?
8 Onda nurunuz şəfəq kimi saçacaq,
Tezliklə şəfa tapacaqsınız,
Qarşınızda salehliyiniz gedəcək,
Rəbbin izzəti sizə arxa olacaq.
9 O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək.
Fəryad edəcəksiniz, O sizə “buradayam” deyəcək.

Əgər siz boyunduruğu,
Yəni başqalarına zülm etməyinizi
Aranızdan rədd etsəniz,
Barmaq uzadıb şər sözlər söyləməyə yol verməsəniz,
10 Can-dildən acların qayğısına qalsanız,
Fəqirlərin ehtiyaclarını ödəsəniz,
Nurunuz qaranlıqda parlayacaq,
Qaranlığınız günorta işığı kimi nur saçacaq.
11 Rəbb həmişə sizə yol göstərəcək,
Quru torpaqlarda sizi doyuzduracaq, güc verəcək.
Siz də sulanmış bağça kimi,
Suları heç vaxtı əskilməyən
Bulaq kimi olacaqsınız.
12 Sizdən törənənlər qədim dağıntıları tikəcək,
Nəsillərdən qalma təməllərin üstünü
Siz bərpa edəcəksiniz.
Sizə xarabalıqları bərpa edənlər,
Camaatın yaşaması üçün
Küçələri yenidən quranlar deyiləcək.
Şənbə gününə riayət edənlər üçün mükafat
13 Şənbə günündə büdrəməsəniz,
Müqəddəs günümdə istədiyinizi etməsəniz,
Şənbə gününü “şən gün”,
Rəbbin müqəddəs gününü
“Şərəfli gün” adlandırsanız,
Öz yolunuzla getməməklə,
İstədiyinizi əldə etməməklə,
Boşboğazlıqla məşğul olmamaqla,
O günü əziz tutsanız,
14 Rəblə ünsiyyətdən zövq alacaqsınız.
O zaman Mən sizi yer üzünün
Yüksək yerlərinə çıxaracağam,
Atanız Yaqubun payından dadacaqsınız».
Bu sözlər Rəbbin ağzından çıxıb.

Günah və etiraf

 
1 Ah, Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin,
Qulağı kar deyil ki, eşidə bilməsin.
2 Lakin şər əməlləriniz
Allahınızla sizin aranızda ayrılıq saldı.
Günahlarınıza görə Onun üzü sizdən döndü,
O səsinizi eşitmir.
3 Çünki əlləriniz qanla,
Barmaqlarınız şər əməllərlə murdarlanıb.
Dodaqlarınız yalan danışır,
Diliniz pislik söyləyir.
4[154] Məhkəmədə ədalətlə işə baxan yoxdur,
Doğruluqla özünü müdafiə edən yoxdur,
Boş sözlərə güvənirlər, aldadırlar,
Əziyyətə hamilə olub pislik doğurlar.

5 Gürzə yumurtaların üstündə qırt yatıb
Hörümçək toru toxuyurlar.
O yumurtalardan yeyən ölür,
Qırılan yumurtalardan əfi ilan çıxır.
6 Onların toxuduğu hörümçək torundan paltar çıxmaz,
Toxuduqları parça ilə özlərini örtə bilmirlər.
Elədikləri əməllər şər əməllərdir,
Əllərində zorakılıq işləri var.
7[155] Ayaqları pis işlər etməyə tələsir,
Günahsız qan tökməyə cəlddir.
Fikirləri, niyyətləri şər əməllərdir,
Yollarında viranəlik, qırğın var.
8 Əmin-amanlıq yolu nədir, onlar bilmirlər,
Getdikləri yolda ədalət yoxdur,
Özlərinə əyri yol seçdilər,
O yoldan gedənlərin heç biri
Əmin-amanlıq nədir bilmir.

9 Buna görə ədalət bizdən uzaqlaşıb,
Salehliyə çata bilmirik.
İşıq ümidindəyik, lakin qaranlıqdayıq,
Aydınlıq gözləyirik, zülmətdə yeriyirik.
10 Kor kimi əllərimizlə divarı yoxlayırıq,
Gözü görməyənlər tək yol axtarırıq.
Günorta çağı gecə vaxtı olduğu kimi büdrəyirik,
Güclülər arasında ölülər kimiyik.
11 Hamımız ayı kimi nərildəyirik,
Göyərçin tək inildəyirik.
Ədalət gözləyirik, lakin heç bir şey yoxdur.
Qurtuluş gözləyirik, amma bizdən uzaqdır.
12 Çünki Önündə üsyankarlığımız böyükdür,
Günahlarımız bizə qarşı şəhadət edir.
Üsyankarlığımız bizi dövrəyə alıb,
Şər əməllərimizdən xəbərdarıq.
13 Üsyankar olub Rəbbi rədd etdik,
Allahımızın ardınca getmədik,
Zorakılıq, xəyanətlə dolu sözlər danışdıq,
Yalan kəlmələri ürəyimizdə gizlətdik,
Sonra aşkara çıxartdıq.
14 Ədalət geri çəkildi,
Salehlik uzaqda durdu,
Çünki həqiqət şəhər meydanında yıxıldı,
Dürüstlük aramıza daxil ola bilmir.
15 Həqiqət heç bir yerdə yoxdur,
Şərdən uzaq duran talan olunur.
Rəbb xalqını qurtaracaq
Rəbb bunları gördü,
Ədalətin yoxluğu Onun xoşuna gəlmədi.
16[156] Rəbb gördü ki, heç kim yoxdur,
Havadarın olmadığına görə O mat qaldı.
Onda Onun qolu Ona zəfər gətirdi,
Salehliyi Ona dayaq oldu.
17[157][158] O, salehliyi zireh kimi geydi,
Qurtuluş dəbilqəsini başına taxdı.
Qisas geyimlərini geydi,
Qeyrət libasına büründü.
18 O hər kəsə əməllərinə görə əvəz verəcək.
Düşmənlərinə qəzəblə, yağılarına,
Uzaq diyarlara qisasla əvəz verəcək.
19 Beləcə qərbdən şərqədək adamlar
Rəbbin adından və əzəmətindən qorxacaq.
Çünki düşmən azğın bir çay kimi gəldikdə
Rəbbin nəfəsi onu qovacaq.

20[159] Rəbb bəyan edir: «Satınalan Siona gələcək,
Yaqub nəslinin üsyankarlıqdan dönənlərinin yanına gələcək».
21 «Mənim onlarla bağladığım əhd budur: üzərindəki Ruhum, ağzına qoyduğum sözlərim indidən sonsuzadək sənin, övladlarının, nəvə-nəticələrinin ağzından düşməyəcək». Bunu Allah deyir.

Sionun şərəfli gələcəyi

1 Qalx, işıqlan, çünki nurun gəldi,
Rəbbin izzəti üzərinə gəldi!
2 Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək.
Amma Rəbb üzərinə nur saçacaq,
İzzəti səni əhatə edəcək.
3[160] Millətlər sənin nuruna,
Padşahlar üzərinə çökən aydınlığa doğru gələcək.

4 Qaldır başını, bax ətrafına,
Hamı yığılıb yanına gəlir!
Oğulların uzaqdan gəlir,
Qızların qucaqda gətirilir.
5 O vaxt bunu görüb üzün nur saçacaq,
Ürəyin sevincdən tez-tez çırpınacaq.
Çünki uzaq ölkələrin var-dövləti sənə gətiriləcək,
Millətlərin sərvəti sənə gələcək.
6 Dəvə sürüləri, Midyan və Efa köşəkləri
Torpaqlarını dolduracaq.
Bütün Səba xalqı gəlib
Qızıl və kündür gətirəcək,
Rəbbə həmdlər söyləyəcək.
7 Qedarın bütün qoyun sürüləri yanına yığılacaq,
Nevayotun qoçları sənin əlinin altında olacaq,
Qurbangahıma Mənə məqbul olan qurbanlar gətiriləcək.
Şərəfli evimi daha da izzətləndirəcəyəm.

8 Kimdir bunlar, bulud kimi,
Yuvalarına yaxınlaşan göyərçin tək uçub gələnlər?
9 Uzaq diyarlar Mənə ümid bağladıqlarına görə
Tarşiş gəmiləri başda olmaqla
Allahın Rəbbin şərəfinə,
Səni ucaldan İsrailin Müqəddəsi üçün
Sənin övladlarını qızıl-gümüşü ilə
Uzaqdan gətirən gəmilərdir bunlar.
10 Əcnəbilər divarlarını tikəcək,
Padşahları sənə xidmət edəcək.
Qəzəbimdə səni vurdumsa da,
Lütfümlə sənə mərhəmət edəcəyəm.
11[161] Darvazaların həmişə açıq qalacaq,
Nə gecə, nə də gündüz qıfıllanmayacaq ki,
Millətlərin sərvəti sənə təqdim olunsun,
Padşahları yanına gətirilsin.
12 Çünki sənə xidmət etmək istəməyən
Millət ya padşahlıq məhv olacaq,
Bəli, o millətlər tamamilə yox olacaq.

13 Livanın şan-şöhrəti olan şam ağacı, çinar və sərv ağacları
Müqəddəs məkanımdakı yeri gözəlləşdirmək üçün
Birgə yanına gətiriləcək,
Qədəm qoyduğum yeri şərəfləndirəcəyəm.
14[162] Sənə zülm edənlərin övladları
Gəlib önündə təzim edəcək.
Sənə həqarətlə baxanların hamısı
Ayaqlarına düşüb səcdə edəcək.
Sənə Rəbbin şəhəri,
İsrailin Müqəddəsinin Sionu deyəcəklər.

15 Səni tərk edib nifrət etdilər,
Yanından heç kim keçmirdi,
İndi isə Mən səni əbədi fəxr,
Nəsillər boyu sevinc edəcəyəm.
16 Millətlər və padşahlar
Bir ana kimi sənə süd verəcəklər.
O vaxt biləcəksən ki, səni qurtaran Rəbb,
Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm.

17 Sənə tunc əvəzinə qızıl,
Dəmir yerinə gümüş,
Ağac yerinə tunc,
Daş əvəzinə dəmir gətirəcəyəm.
Əmin-amanlığı başçın,
Salehliyi hökmdarın təyin edəcəyəm.
18 Ölkəndən zorakılıq,
Sərhədlərindən viranəlik,
Qırğın xəbəri gəlməyəcək.
Divarlarını «Xilas»,
Darvazalarını «Həmd» adlandıracaqsan.
19[163] Artıq gündüz günəş sənin işığın olmayacaq,
Gecə ay sənə aydınlıq verməyəcək.
Çünki Rəbb əbədi nurun,
Allahın sənin şöhrətin olacaq.
20 Günəşin batmayacaq, ayın gizlənməyəcək,
Çünki Rəbb əbədi nurun olacaq,
Sənin yaslı günlərin qurtaracaq.
21 Bütün xalqın saleh olacaq,
Torpağı əbədi mülk olaraq alacaq.
Onlar əkdiyim fidandır,
Şöhrətimi göstərmək üçün əlimin işidir.
22 Ən kiçik ailədən böyük nəsil törəyəcək,
Azsaylı nəsil qüdrətli millət olacaq.
Mən Rəbb bunu öz vaxtında tez edəcəyəm.

Rəbbin lütf ili

1[164][165][166] Xudavənd Rəbbin Ruhu üzərimdədir,
Çünki fəqirlərə müjdəni bildirmək üçün
O məni məsh etdi.
Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün,
Əsirlərə azadlıq,
Dustaqlara sərbəstlik elan etmək üçün,
2 Rəbbin lütf ilini,
Allahımızın qisas gününü bəyan etmək üçün,
Yaslıların hamısına təsəlli vermək üçün,
3 Sionda yas tutanları təmin etmək,
Kül yerinə çələng,
Yas yerinə sevinc gətirən məsh yağı,
Kədərli ruh əvəzinə
Həmd libasını bəxş etmək üçün
Rəbb məni göndərdi.
Rəbbin şöhrətini aşkar etmək üçün
Onlara Rəbbin əkdiyi salehlik palıdları deyiləcək.
4 Onlar qədim dağıntıları inşa edəcək,
Əvvəlki xarabalıqları bərpa edəcək,
Nəsillər boyu viranə qalmış şəhərləri yenidən quracaq.

5 Yadellilər gəlib sürülərinizi otaracaq,
Əcnəbilər sizə əkinçilik və bağbanlıq edəcək.
6 Sizsə Rəbbin kahinləri,
Allahımızın xidmətçiləri adlanacaqsınız.
Millətlərin sərvəti ilə bəslənəcəksiniz,
Var-dövlətləri ilə fəxr edəcəksiniz.
7 Çəkdiyiniz xəcalət yerinə ikiqat şərəf,
Rüsvayçılıq əvəzinə payınızı alıb sevinəcəksiniz.
İndi isə torpağınızda ikiqat mülk alacaqsınız,
Sevinciniz əbədi olacaq.
8 Çünki Mən Rəbb ədaləti sevirəm.
Soyğunçuluğa, haqsızlığa nifrət edirəm.
Əlbəttə, əməllərinə görə onlara haqqını verəcəyəm,
Onlarla əbədi əhd kəsəcəyəm.
9 Nəsillərindən törəyənlər millətlər içində,
Övladları xalqlar arasında tanınacaq.
Onları görən hər kəs biləcək ki,
Rəbb nəsillərinə xeyir-dua verdi.

10[167] Rəbdə böyük sevinc tapacağam,
Allahımda ürəyim şadlıqdan coşacaq,
Çünki çələnglə bəzənmiş bəy kimi,
Bər-bəzək taxmış gəlin kimi
Mənə qurtuluş paltarı geyindirdi,
Salehlik libası ilə bürüdü.
11 Torpaq zoğlarını necə cücərdirsə,
Bağ əkilən toxumları necə yetişdirirsə,
Xudavənd Rəbb də bütün millətlər qarşısında
Salehliyi və həmdi belə yetişdirəcək.

Sionun yeni adı

1 Salehliyi nur kimi saçanadək,
Qurtuluşu məşəl tək yananadək
Sion naminə susmayacağam,
Yerusəlim naminə sakit durmayacağam.
2[168] Millətlər salehliyini,
Bütün padşahlar əzəmətini görəcək.
Rəbbin ağzı ilə deyəcəyi,
Sənə verəcəyi yeni bir adla çağırılacaqsan.
3 Sən Rəbbin əlində gözəllik tacı,
Allahının ovcunda padşahlıq çələngi olacaqsan.
4 Artıq sənə «atılmış»,
Ölkənə «viranə qalmış» deməyəcəklər.
Əvəzinə sənə «sevdiyim»,
Ölkənə isə «ərli» deyiləcək.
Çünki Rəbb səni sevəcək,
Ölkən də ərli sayılacaq.
5 Bir gənc bakirə qızla evləndiyi kimi
Səni Yaradan da səninlə evlənəcək.
Bəy gəlindən zövq aldığı kimi
Allahın da səndən zövq alacaq.

6 Ey Yerusəlim, divarlarının üstünə
Mən qarovulçular qoydum.
Gecə-gündüz onlar susmayacaq.
Ey Rəbbə sözünü xatırladan sizlər, susmayın,
7 Rəbb Yerusəlimi bərpa edənədək,
Onu yer üzünün tərifə layiq şəhərinə döndərənədək
Ona rahatlıq verməyin!

8 Rəbb sağ əlini, güclü qolunu
Qaldırıb and içdi:
«Düşmənlərinə sənin taxılını bir daha yedirtməyəcəyəm,
Yadellilər sənin əziyyətlə sıxdığın şərabını içməyəcək.
9 Taxılı yığan yeyəcək,
Rəbbə həmdlər edəcək.
Üzümü toplayan şərabını
Məbədimin həyətlərində içəcək».

10 Keçin, keçin şəhər darvazalarından,
Xalq üçün yol hazırlayın!
Tikin, yol salın,
Daşları kənara atın,
Xalqlar üçün bayraq qaldırın!
11[169] Rəbb yer üzünün ən uzaq yerlərinə bəyan etdi:
«Sion qızına deyin:
“Budur, qurtuluşun gəlir,
Rəbbin mükafatı onunladır,
Ənamı önündədir”».
12 Sion xalqına
«Rəbbin satın aldığı, müqəddəs xalq» deyəcəklər.
Sən, ey Yerusəlim,
«Allahın axtardığı, tərk olmamış şəhər» adlanacaqsan.

Rəbbin qüdrəti

1[170] Edomdan, Bosradan al geyimlər geyib
Bu gələn kimdir?
Təmtəraqlı libas içində,
Böyük qüdrətlə gələn kimdir?
«O Mənəm, həqiqətlə danışan,
Qurtarmağa qadir olan».

2 Nə üçün geyimlərin qırmızıdır,
Nə üçün libasın al rəngdədir,
Sanki sən üzümsıxanda üzüm sıxırdın?
3[171][172] «Üzümsıxanda üzümü tək sıxdım,
Yanımda xalqlardan heç kim olmadı.
Qəzəb içində onları tapdaladım,
Qeyzlə təpiyimin altına saldım.
Qanları geyimlərimə sıçradı,
Bütün libaslarımı bulaşdırdım.
4 Çünki qisas günü qəlbimdə idi,
Xalqımı satın aldığım il gəldi.
5[173] Mən baxdım, kömək edən bir kəs yox idi,
Mənim tərəfimi saxlayan olmadığına məəttəl qaldım,
Onda qolum mənə zəfər gətirdi,
Qeyzim mənə dayaq oldu.
6 Qəzəb içində xalqları tapdaladım,
Qeyzimi onlara içirtdim,
Qanlarını yerə axıtdım».
Rəbbin xeyirxahlığı
7 Rəbbin lütfkar işlərindən,
Həmdlərə layiq əməllərindən nəql edəcəyəm.
Böyük mərhəməti və məhəbbəti naminə,
İsrail nəslinə etdiyi böyük xeyirxahlığına görə,
Rəbbin bizə etdiyi bütün işlərinə görə
Onu xatırlayacağam.
8 Rəbb dedi:
«Əlbəttə, onlar Mənim xalqımdır,
Məni aldatmayan övladlarımdır».
Beləcə onlara Qurtarıcı oldu.
9 Onlar əziyyət çəkdikdə
O da əziyyət çəkdi.
Hüzurundan gələn mələk onları xilas etdi.
Məhəbbəti və mərhəməti ilə
Onları satın aldı.
Bütün keçmiş günlərdə onları götürüb apardı.

10[174] Lakin İsrail üsyankar olaraq
Onun Müqəddəs Ruhunu kədərləndirdi.
Rəbb də düşməni olub
Onlara qarşı döyüşdü.
11[175] Sonra xalq keçmiş günləri –
Rəbbin qulu Musanın dövrünü yada saldı.
Onları sürüsünün çobanları ilə birgə
Dənizdən keçirən haradadır?
Onların daxilinə
Müqəddəs Ruhunu ehsan edən,
12 Öz əzəmətli gücü ilə Musanın sağ əlindən tutub,
Özünə əbədi ad qazandırmaq üçün
Suları qarşılarında yaran Rəbb haradadır?
13 Bir at çöldə yıxılmadan çapan kimi
Onları da dərinliklərdən elə keçirən Rəbb haradadır?
14 Rəbbin Ruhu onlara elə rahatlıq verdi ki,
Elə bil naxır otu bol olan dərədə otarılır.
Bəli, Sən adını şərəfləndirmək naminə
Xalqına belə yol göstərdin.
Rəhm və imdad haqqında yalvarış
15 Ya Rəbb, göylərdən bax,
Müqəddəs, izzətli, uca məskənindən bizə nəzər sal!
Haradadır Sənin qeyrətin, gücün?
Qəlbindəki həsrəti, rəhmi bizdən əsirgədin.
16 Sənsən Atamız.
İbrahim bizi tanımasa da,
İsrail bizim kim olduğumuzu bilməsə də,
Atamız Sənsən, ya Rəbb,
Əzəldən bəri adın «Bizi Satınalan»dır.
17 Nə üçün, ya Rəbb,
Bizi yolundan azdırırsan,
Səndən qorxmayaq deyə
Qəlblərimizi inadkar edirsən?
Qullarının xatirinə,
İrsin olan qəbilələrinin xatirinə geri dön.
18 Müqəddəs xalqın qısa müddətə Sənin Müqəddəs məkanına sahib oldu.
İndi isə oranı düşmənlərimizin ayağı tapdalayır.
19 Əzəldən bəri heç vaxt
Hakimlik etmədiyin xalqa bənzədik,
Sanki Sənin adına bağlı xalq olmamışıq.

1 Ya Rəbb, kaş göyləri yarıb enəydin,
Dağlar hüzurunda sarsılardı!
2 Alov kolluğu yandıran kimi,
Od suyu qaynadan kimi
Adını yağılarına tanıtdıraydın,
Millətlər önündə lərzəyə gələrdi!
3 Sən gözləmədiyimiz əzəmətli işlər edəndə
Endin yer üzünə, dağlar önündə sarsıldı.
4[176] Ona etibar edənlər üçün belə işlər edən Allahı,
Əzəldən bəri Səndən başqasını nə göz görüb, nə də qulaq eşidib.
5 Sevinə-sevinə salehlik edəni,
Yollarında Səni xatırlayanları qarşılayırsan.
Amma biz günaha batdıq, Sən qəzəbləndin.
Beləcə xeyli vaxt yaşadıq,
Bəs biz necə xilas ola bilərik?
6 Hamımız elə bil ki murdarlandıq,
Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir.
Hamımız yarpaq kimi soluruq,
Şər əməllərimiz bizi külək tək sovurub-aparır.
7 Sənin adını çəkən yoxdur,
Sənə bağlanmaq üçün can atan yoxdur.
Çünki bizdən üz döndərdin,
Şər əməllərimizə görə bizi yox etdin.

8 Yenə də, ya Rəbb, Sənsən Atamız:
Biz gilik, Sən isə dulusçu,
Biz hamımız Sənin əlinin işiyik.
9 Ya Rəbb, çox qəzəblənmə,
Şər əməllərimizi heç vaxt xatırlama,
Hamımız Sənin xalqınıq, bunu nəzərə al.
10 Müqəddəs şəhərlərin səhraya,
Sion çöllüyə döndü,
Yerusəlim viran qaldı.
11 Atalarımızın Sənə həmd etdikləri yer –
Müqəddəs, şanlı məbədimiz yandı,
Gözəl binalarımız xaraba qaldı.
12 Bütün bunlardan sonra,
Ya Rəbb, yenə də Özünü saxlayacaqsanmı?
Susub bizi nə qədər alçaldacaqsan?

Dikbaşlar cəza çəkəcək

1[177] «Məni soruşmayanlara Mən zühur etdim,
Məni axtarmayanlar tərəfindən tapıldım.
Adımla çağırılmayan millətə dedim:
“Buradayam! Buradayam!”
2 Pis yolla gedən,
Öz düşüncələri ilə hərəkət edən
Dikbaş xalqa gün boyu əllərimi uzadıb durdum.
3 O xalq ki bağlarda qurban kəsərək,
Kərpiclərin üstündə buxur yandırıb
Gözüm önündə daima Məni təhqir edir,
4 Qəbiristanlıqda oturub
Gizli yerlərdə gecələyir,
Donuz əti yeyir,
Qablarında haram ət qaynadır.
5 Onlar bir-birinə deyir: “Uzaq dur,
Mənə yaxınlaşma, çünki mən səndən müqəddəsəm”.
Belələri burnuma tüstü,
Bütün gün yanan alovdur.

6 Budur, qarşımda bunlar yazılıb:
Mən susmayacağam,
Ancaq onların əvəzini verəcəyəm,
Əməllərini başlarına çevirəcəyəm.
7 Onların da, atalarının da qəbahətlərinin cəzasını
Onlara çəkdirəcəyəm».
Rəbb deyir.
«Dağların başında buxur yandırdıqlarına görə,
Təpələrin başında Mənə küfr etdiklərinə görə
Mən əvvəlki əməllərini ölçüb onların əvəzini onlara çəkdirəcəyəm».

8 Rəbb deyir:
«Üzüm salxımında şirə tapıldığına görə deyirlər:
“Salxımı xarab etməyin, içində bərəkət var”.
Mən də qullarımın xatirinə belə edərəm ki,
Onların hamısı məhv olmasın.
9 Yaqubdan törəyənlərin sayını artıracağam,
Yəhuda nəslindən dağlarıma varis çıxacaq,
Seçilmiş xalqım oranı irs alacaq.
Mənim qullarım orada məskunlaşacaq.
10[178] Məni axtaran xalqım üçün
Şaron sürülərin otlağı,
Akor vadisi mal-qaranın rahatlandığı yer olacaq.

11 Lakin sizlər – Rəbbi tərk edənlər,
Müqəddəs dağımı unudanlar,
Tale allahına süfrə açanlar,
Qismət allahına camlarda şərab təqdim edənlər,
12 Mən də sizi qılınca qismət edəcəyəm,
Hamınız qırılmaq üçün diz çökəcəksiniz.
Çünki Mən çağıranda sizdən cavab almadım,
Danışanda qulaq asmadınız.
Gözümdə pis olanı etdiniz,
Mənə məqbul olmayanı seçdiniz».

13 Buna görə də Xudavənd Rəbb belə deyir:
«Qullarım yeyəcək, sizsə ac qalacaqsınız,
Qullarım içəcək, sizsə susayacaqsınız,
Qullarım sevinəcək, sizsə utanacaqsınız.
14 Qullarım şadlanıb mədhiyyələr söyləyəcək,
Sizsə ürək ağrısından qışqıracaqsınız,
Kədərli ruhla fəryad edəcəksiniz.
15[179] Sizin adınız seçilmiş xalqımın
Ağzında ancaq lənət kimi qalacaq.
Xudavənd Rəbb sizi öldürəcək,
Öz qullarına isə başqa ad verəcək.
16 Ölkədə kim xeyir-dua istəsə,
Sadiq Allahdan diləyəcək.
Ölkədə kim and içsə,
Sadiq Allahın adı ilə and içəcək.
Çünki keçmiş əziyyətlər unudulub
Gözümün önündən yox olacaq.
Yeni yer, yeni göylər
17[180] Budur, Mən yeni göylər və yeni yer yaradıram.
Əvvəlki işlər bir daha xatırlanmayacaq,
Heç yada düşməyəcək.
18 Yaratdığımla əbədilik sevinin, şadlanın.
Çünki sevinc üçün yeni Yerusəlimi,
Sakinlərini xoşbəxtlik üçün yaradacağam.
19[181] Mən Yerusəlim üçün sevinəcəyəm,
Xalqım üçün şadlanacağam.
Orada nə ağlaşma, nə fəryad səsi
Bir daha eşidilməyəcək.
20 Uşaqlar artıq körpə çağlarında ölməyəcək,
Uzun ömür sürməyən qoca olmayacaq,
Yüz yaşında ölənlər cavan sayılacaq,
Yüz yaşına çatmayanlar lənətli sayılacaq.
21 Onlar evlər tikib orada məskunlaşacaq,
Üzüm bağları salacaq, bəhrələrindən yeyəcək.
22 Tikdikləri evdə özgələr yaşamayacaq,
Əkdikləri bağın meyvələrini başqaları yeməyəcək.
Çünki xalqım ağaclar tək uzun ömür sürəcək,
Seçilmişlərim əllərinin işlərindən zövq alacaq.
23 Onlar boş yerə əlləşməyəcək,
Övladları bəlalarla üzləşməyəcək.
Çünki özləri də, övladları da,
Rəbbin xeyir-dualı nəsli olacaq.
24 Onlar Məni çağırmamışdan
Mən onlara cavab verəcəyəm,
Onlar hələ danışarkən Mən eşidəcəyəm.
25[182] Qurdla quzu bir yerdə otlayacaq,
Şir buğa tək saman yeyəcək,
İlanın yediyi torpaq olacaq.
Müqəddəs dağımın heç bir yerində
Heç kimə zərər dəyməyəcək,
Heç bir kəs o birisini məhv etməyəcək».
Rəbb belə deyir.

Mühakimə və ümid

1[183][184] Rəbb belə deyir:
«Göylər Mənim taxtımdır,
Yer ayaqlarımın altındakı kətildir.
Mənim üçün harada ev tikəcəksiniz,
Dincələcəyim yer harada olacaq?
2 Çünki bütün bunları Mənim əlim yaratdı,
Hər şey beləcə əmələ gəldi» Rəbb bəyan edir.
«Ancaq Mən özünü aşağı tutan və ruhu əzilmiş insana,
Sözümün önündə titrəyənə nəzər salaram.

3 Buğa kəsən şəxs adam öldürən kimidir,
Quzunu qurban verən şəxs itin boynunu qıran kimidir,
Taxıl təqdimi gətirən şəxs donuz qanını təqdim edən kimidir,
Kündür yandıraraq təqdim edən şəxs bütə pərəstiş edən kimidir.
Onlar öz yolları ilə gedir,
İyrənc işlərindən həzz alır.
4 Mən də onları çətinliyə düçar edəcəyəm,
Qorxduqları bəlanı başlarına gətirəcəyəm.
Çünki Mən çağıranda onlardan cavab almadım,
Danışanda qulaq asmadılar,
Gözümdə pis olanı etdilər,
Mənə məqbul olmayanı seçdilər».

5 Ey Rəbbin sözü önündə titrəyənlər,
Onun dediklərini eşidin:
«Mənim adıma görə sizə nifrət edib təqib edən soydaşlarınız
“Qoy Rəbb izzətini göstərsin,
Biz də görək, necə sevinərsiniz” deyirdilər.
Amma onlar rüsvay olacaq.
6 Şəhərdən nərələr,
Məbəddən bir səs eşidilir!
Bu, düşmənlərindən qisas alan Rəbbin səsidir.

7[185] Bir qadın ağrı çəkmədən,
Sancısı tutmadan bir oğlan uşağı doğdu.
8 Belə bir şey eşidən olubmu?
Belə şeyləri kim görüb?
Bir gündə ölkə yarana bilərmi?
Bir anda millət doğula bilərmi?
Sion isə ağrısı tutan kimi övladlarını doğdu.
9 Mən doğuş anınadək gətirib
Doğmağa güc vermərəmmi?» deyir Rəbb.
«Doğuş üçün güc verən Mən
Bətni bağlayarammı?» deyir Allahın.
10 «Yerusəlimlə birgə sevinin,
Ey onu sevənlər, hamınız onun üçün şadlanın.
Ey Yerusəlim üçün yas tutanlar,
Onunla birgə cuşa gəlin, fərəhlənin!
11 Siz ananız Yerusəlimin döşlərini əmib
Təsəlli tapacaqsınız, doyacaqsınız,
Onun bol nemətlərindən dadıb zövq alacaqsınız».

12 Rəbb belə deyir:
«Budur, Mən əmin-amanlığı bir çay tək,
Millətlərin sərvətini daşqın sel kimi
Ona sarı axıdacağam.
Siz ondan bəslənəcəksiniz,
Qucağında daşınacaqsınız,
Dizlərində oxşanacaqsınız.
13 Övladına təsəlli verən bir ana tək
Mən sizə təsəlli verəcəyəm.
Yerusəlimdə təsəlli tapacaqsınız.
14 Bunları görüb ürəyiniz sevinəcək;
Bədənləriniz yaşıl ot kimi qüvvətlənəcək.
Hər kəs biləcək ki,
Rəbbin qoruyucu əli qullarının,
Qəzəbi isə düşmənlərinin üstündədir».

15 Budur, Rəbb odla gəlir,
Onun döyüş arabaları qasırğa tək gəlir.
Şiddətli qəzəbini, məzəmmətini
Alov kimi tökməyə hazırdır.
16 Rəbb bütün bəşəri odla,
Qılıncı ilə mühakimə edəcək,
Çoxlarını məhv edəcək.
17 «Bağlara girmək üçün
Özlərini təqdis edib pak edənlər,
Mərkəzdə duranın ardınca gedərək
Donuz, siçan və digər murdar heyvanların
Ətini yeyənlərin hamısı məhv olacaq»
Rəbb bəyan edir.

18 «Çünki Mən onların əməllərini də, fikirlərini də bilirəm. Bütün millətləri və dilləri bir yerə topladığım vaxt gəlir. Onlar gəlib Mənim əzəmətimi görəcək. 19 Mən aralarında bir əlamət qoyacağam. Onlardan qaçıb-qurtulanları Mən millətlərə – Tarşişə, Pula, mahir oxatanların vətəni Luda, Tuvala, Yavana, şöhrətimi eşitməyən, əzəmətimi görməyən uzaq diyarlara göndərəcəyəm. Onlar Mənim əzəmətimi bu millətlər arasında bəyan edəcək. 20 İsrail övladları Rəbbin məbədinə pak qablarda təqdimlərini necə gətirirlərsə, onlar da bütün millətlərdən soydaşlarını atlarla, arabalarla, taxt-rəvanlarla, qatırlarla, dəvələrlə müqəddəs dağıma, Yerusəlimə, Rəbbə elə təqdim edəcək. 21 Onlardan bəzisini Mən kahin və Levili seçəcəyəm» Rəbb bəyan edir.

22[186] «Yaradacağım yeni göylər və yeni yer önümdə necə qalacaqsa,
Nəsliniz və adınız da elə qalacaq»
Rəbb bəyan edir.
23 «Hər Təzə Ay mərasimində, hər Şənbə günündə
Bütün bəşər gəlib qarşımda səcdə edəcək».
Rəbb deyir.
24[187] «Onlar eşiyə çıxanda
Mənə qarşı üsyankar olanların meyitlərini görəcək.
Meyitləri yeyən qurd ölməyəcək,
Onları yandıran alov sönməyəcək.
Bütün bəşər onlardan iyrənəcək».

Qeydlər

[redaktə]
  1. 2Pad. 15:1-7; 2Saln. 26:1-23
  2. Yar. 19:24; Rom. 9:29
  3. Amos 5:21-22
  4. Yoel 3:10
  5. 2Sal. 1:9
  6. Vəhy 6:15
  7. Tarşiş gəmiləri – yaxud ticarət gəmiləri.
  8. Vəhy 6:15
  9. Çıx. 13:21; 24:16
  10. Mat. 21:33; Mark 12:1; Luka 20:9
  11. On sahə – ibrani dilində on cüt öküzün bir gündə şumladığı torpaq sahəsi, təqribən 16 000 kvadrat metr.
  12. 2Pad. 15:7; 2Saln. 26:23
  13. Seraf – bir mələk növü.
  14. Vəhy 4:8
  15. Vəhy 15:8
  16. Mat. 13:14-15; Mark 4:12; Luka 8:10; Yəh. 12:39-40; Həv. 8:26-27
  17. 2Pad. 16:5; 2Saln. 28:5-6
  18. Şear-Yaşuv – ibrani dilində sağ qalanlar dönəcək.
  19. Mat. 1:22-23
  20. İmmanuel – ibrani dilində Allah bizimlədir.
  21. Maher-Şalal-Xaş-Baz – ibrani dilində tez qarət elə, cəld talan et.
  22. 1Pet. 3:14-15
  23. Rom. 8:32; 1Pet. 2:7-8
  24. İbr. 2:13
  25. Mat. 4:14-15
  26. Mat. 4:16; Luka 1:79
  27. Luka 1:32-33
  28. Yeş. 14:24-27; Nah. 1:1-3:19; Sef. 2:13-15
  29. Sağ qalanlar – ibrani mətnində Şear-Yaşuv. Yeşaya bu sözləri ilk oğluna ad kimi verdi. Bax: Yeş. 7:3.
  30. Rom. 9:27-28
  31. Vəhy 5:5; 22:1
  32. Zəb. 96:12-13; Vəhy 19:11
  33. 2Sal. 2:8
  34. Ef. 6:14-15
  35. Yeş. 65:25
  36. Hab. 2:14
  37. Rom. 15:12
  38. Vəhy 16:12
  39. Çıx. 15:2; Zəb. 118:14
  40. 1Saln. 16:8; Zəb. 105:1
  41. Yeş. 47:1-15; Yer. 50:1-51:64
  42. Yoel 1:15
  43. Yez. 32:7; Yoel 2:10,31; 3:15; Mat. 24:29; Mark 13:24-25; Luka 21:25; Vəhy 6:12-13; 8:12.
  44. Yar. 19:24
  45. Yer. 50:39
  46. Vəhy 18:2
  47. Vəhy 8:10; 9:1
  48. Mat. 11:23; Luka 10:15
  49. Yeş. 10:5-34; Nah. 1:1-3:19; Sef. 2:13-15
  50. 2Pad. 16:20; 2Saln. 28:27
  51. Yer. 47:1-7; Yez. 25:15-17; Yoel 3:4-8; Amos 1:6-8; Sef. 2:4-7; Zək. 9:5-7
  52. Yeş. 25:10-12; Yer. 48:1-47; Yez. 25:8-11; Amos 2:1-3; Sef. 2:8-11
  53. Yer. 48:5,34,37
  54. Yer. 48:29,32-33
  55. Yer. 49:23-27; Amos 1:3-5; Zək. 9:1
  56. Yer. 46:2-26; Yez. 29:1-32:32
  57. Həlak şəhəri – ibrani dilində Günəş şəhəri mənasını verə bilər. Misirdəki Heliopolisə işarədir
  58. Yer. 51:8; Vəhy 14:8; 18:2
  59. Duma – Edomun başqa adı.
  60. 1Kor. 15:32
  61. Vəhy 3:7-8
  62. Yez. 26:1-28:19; Yoel 3:4-8; Amos 1:9-10; Zək. 9:2-4; Mat. 11:20-22; Luka 10:13-14
  63. Vəhy 18:17-19
  64. Vəhy 17:2; 18:3
  65. Yez. 26:13; Vəhy 18:22
  66. Yer. 48:43
  67. 1Kor. 15:54
  68. Vəhy 7:17; 21:4
  69. Yeş. 15:1-16:14; Yer. 48:1-47; Yez. 25:8-11; Amos 2:1-3; Sef. 2:8-11
  70. İbr. 10:26-27
  71. Livyatan – bu gün bizə məlum olmayan nəhəng su heyvanı, şər rəmzi.
  72. 1Kor. 14:21
  73. Zəb. 118:22-23; Rom. 9:33; 1Pet. 2:6
  74. 2Şam. 5:20; 1Saln. 14:11
  75. Yeşua 10:10-12
  76. Ariel – ibrani dilində qurbangah ocağı yaxud Allahın aslanı mənasını daşıyır. Yerusəlim şəhərinə işarədir.
  77. Rom. 11:8
  78. Vəhy 5:1
  79. Mat. 15:7-9; Mark 7:6-7
  80. 1Kor. 1:19
  81. Yeş. 45:9; Rom. 9:20
  82. Rahav – Misirin rəmzi.
  83. Vəhy 6:13
  84. Yeş. 63:1-6; Yer. 49:7-22; Yez. 25:12-14; 35:1-15; Amos 1:11-12; Avd. 1-14; Mal. 1:2-5
  85. Vəhy 14:11; 19:3
  86. İbr. 12:12-13
  87. Mat. 11:5; Luka 7:22
  88. Yeş. 51:11
  89. Yez. 29:6,7
  90. Çıx. 25:22
  91. 2Pad. 24:10-16; 2Saln. 36:10; Dan. 1:1-7
  92. Mat. 3:3; Mark 1:3; Yəh. 1:23
  93. Luka 3:4-6
  94. Yaq. 1:9-11; 1Pet. 1:24-25
  95. Yeş. 62:11; Vəhy 22:12
  96. Yəh. 10:11
  97. Rom. 11:34; 1Kor. 2:16
  98. Həv. 17:29
  99. Zəb. 147:4
  100. 2Saln. 20:7; Yaq. 2:23
  101. Mat. 3:17; 17:5; Mark 1:11; Luka 3:22; 9:35
  102. Mat. 12:17-21
  103. Həv. 17:24-25
  104. Yeş. 49:6; Luka 2:32; Həv. 13:47; 26:23
  105. Fidyə – girov tutulmuş yaxud əsir alınmış bir adamı azad etmək üçün verilən pul vəsaiti.
  106. 1Pet. 2:9
  107. Yeşurun – İsrailin bir ləqəbi olub düz olan mənasını verir.
  108. Yeş. 48:12; Vəhy 1:17; 22:13
  109. 1Kor. 1:20
  110. 2Saln. 36:23; Ezr. 1:2
  111. Yeş. 29:16; Rom. 9:20
  112. Rom. 14:11; Flp. 2:10-11
  113. Yeş. 13:1-14:23; Yer. 50:1-51:64
  114. Sef. 2:15; Vəhy 18:7-8
  115. Yeş. 44:6; Vəhy 1:17; 22:13
  116. Vəhy 18:4
  117. Yeş. 57:21
  118. Yer. 1:5
  119. İbr. 4:12; Vəhy 1:16
  120. Yeş. 42:6; Luka 2:32; Həv. 26:23
  121. Həv. 13:47
  122. 2Kor. 6:2
  123. Vəhy 7:16-17
  124. Sinim – zənn edilir ki, Misirdəki bir bölgənin adıdır.
  125. Mat. 26:67-68; Mark 14:65
  126. Rom. 8:33-34
  127. Rahav – bax: Yeş. 30:7.
  128. Yeş. 35:10
  129. Vəhy 14:9-10; 16:19
  130. Vəhy 21:2,27
  131. Rom. 2:24
  132. Nah. 1:15; Rom. 10:15; Ef. 6:15
  133. 2Kor. 6:17
  134. Rom. 5:21
  135. Yəh. 12:38
  136. Rom. 10:16
  137. Mat. 8:17
  138. 1Pet. 2:24
  139. 1Pet. 2:25
  140. 1Pet. 2:23; Vəhy 5:6
  141. Həv. 8:32-33
  142. 1Pet. 2:22
  143. Mark 15:28; Luka 22:37
  144. Qal. 4:27
  145. Yar. 9:8-17
  146. Vəhy 21:18-21
  147. Yəh. 6:45
  148. Vəhy 21:6; 22:17
  149. Həv. 13:34
  150. 2Kor. 9:10
  151. Mat. 21:13; Mark 11:17; Luka 19:46
  152. Ef. 2:17
  153. Yeş. 48:22
  154. Əyy. 15:35; Zəb. 7:14
  155. Sül. 1:16; Rom. 3:15-17
  156. Yeş. 63:5
  157. Ef. 6:14
  158. Ef. 6:17; 1Sal. 5:8
  159. Rom. 11:26-27
  160. Vəhy 21:24
  161. Vəhy 21:25-26
  162. Vəhy 3:9
  163. Vəhy 21:23; 22:5
  164. Luka 4:18-19
  165. Mat. 11:5; Luka 7:22
  166. Mat. 5:4
  167. Vəhy 21:2
  168. Yeş. 65:15; Vəhy 2:17
  169. Yeş. 40:10; Vəhy 22:12
  170. Yeş. 34:5-17; Yer. 49:7-22; Yez. 25:12-14; 35:1-15; Amos 1:11-12; Avd. 1-14; Mal. 1:2-5
  171. Vəhy 14:20; 19:15
  172. Vəhy 19:13
  173. Yeş. 59:16
  174. Həv. 7:51; Ef. 4:30
  175. Çıx. 14:21
  176. 1Kor. 2:9
  177. Rom. 10:20-21
  178. Yeşua 7:24-26
  179. Yeş. 62:2; Vəhy 2:17
  180. Yeş. 66:22; 2Pet. 3:13; Vəhy 21:1
  181. Vəhy 21:4
  182. Yeş. 11:6-9
  183. Mat. 5:34-35; 23:22
  184. Həv. 7:49-50
  185. Vəhy 12:5
  186. Yeş. 65:17; 2Pet. 3:13; Vəhy 21:1
  187. Mark 9:48

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy