Məzmuna keç

Bibliya/Amos Peyğəmbərin Kitabı

Vikimənbə saytından
Yoel Peyğəmbərin Kitabı Bibliya. Amos Peyğəmbərin Kitabı

Avdıya Peyğəmbərin Kitabı


1 2 3 4 5 6 7 8 9 Qeydlər

«Amos» Kitabı miladdan əvvəl VIII əsrin ortalarında yaşayan Amos peyğəmbərin ədalətsizliyə qarşı mübariz sözlərindən bəhs edir. Əhdi-Ətiqdə Musa peyğəmbərdən sonra sözləri ətraflı şəkildə göstərilən ilk peyğəmbər Amosdur. Amos yəhudalı idi, amma o, İsrailin şimal padşahlığına qarşı öz səsini qaldırırdı. Çünki bu dövrdə ədalətsizlik və yoxsulların istismarı bahasına firavan və arxayın yaşayan insanların ruhani aləmi təmiz deyildi. İnsanlar özlərini sədaqətli göstərirdi, lakin onların mənəviyyatı yox idi.

Amos peyğəmbər cəsarətlə deyirdi ki, Allah Öz xalqını cəzalandıracaq:

«Lakin qoy ədalət sular kimi tökülsün,
Salehlik davamlı sel kimi axsın!» (5:24),
«Bəlkə Ordular Allahı Rəbb
Qalan Yusif övladlarına lütf edər» (5:15).

Kitabın məzmunu:

  • 1:1-2:5 İsrailin qonşularının cəzalandırılması
  • 2:6-6:14 İsraillilərin cəzalandırılması
  • 7:1-9:15 Beş görüntü

1[1][2] Bu, Teqoada sürü sahiblərindən biri olan Amosun sözləridir. O, Yəhuda padşahı Uzziyanın və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə – böyük zəlzələdən iki il qabaq İsrail barədə belə görüntü görmüşdü. 2[3] Amos belə dedi:

«Rəbb Siondan nərə çəkir,
Yerusəlimdən guruldayır.
Bundan otlaqlar solur,
Karmel dağının başı quruyur.

Rəbbin Aramlılara verəcəyi cəza

3[4] Rəbb belə deyir:
“Dəməşqlilərin üç-dörd qat günahına görə
Onları cəzasız buraxmayacağam,
Çünki onlar Gileadı dəmirdişli vəllərlə döydü.
4 Buna görə də Xazaelin sarayına od yağdıracağam ki,
Ben-Hadadın qalalarını yandırıb-yaxsın.
5 Dəməşqin darvazalarının sürgülərini qıracağam,
Aven dərəsindən əhalini silib-atacağam,
Bet-Edendən əsa gəzdirəni kəsəcəyəm,
Aram xalqı Qirə sürgünə aparılacaq” Rəbb belə deyir.

Rəbbin Filiştlilərə verəcəyi cəza

6[5] Rəbb belə deyir:
“Qəzzəlilərin üç-dörd qat günahına görə
Onları cəzasız buraxmayacağam.
Çünki onlar bütün camaatı əsir edib Edoma təslim etdi.
7 Buna görə də Qəzzənin divarlarına od yağdıracağam ki,
Oranın qalalarını yandırıb-yaxsın.
8 Aşdoddan əhalini silib-atacağam,
Aşqelondan əsa gəzdirəni kəsəcəyəm.
Eqrona qarşı əlimi qaldıracağam,
Qalan Filiştlilər də yox olacaqlar” Xudavənd Rəbb belə deyir.

Rəbbin Surlulara verəcəyi cəza

9[6] Rəbb belə deyir:
“Surluların üç-dörd qat günahına görə
Onları cəzasız buraxmayacağam,
Çünki onlar bütün camaatı Edoma əsir edib qardaşlıq əhdini pozdu.
10 Buna görə də Surun divarlarına od yağdıracağam ki,
Oranın qalalarını yandırıb-yaxsın”.

Rəbbin Edomlulara verəcəyi cəza

11[7] Rəbb belə deyir:
“Edomluların üç-dörd qat günahına görə
Onları cəzasız buraxmayacağam,
Çünki onlar mərhəmət hissini qılıncla boğub qardaş xalqı qovdular,
Heç vaxt azğınlıqlarının qarşısını almadılar və yırtıcılıq etdilər.
12 Buna görə də Temana od yağdıracağam ki,
Bosranın qalalarını yandırıb-yaxsın”.

Rəbbin Ammonlulara verəcəyi cəza

13[8] Rəbb belə deyir:
“Ammonluların üç-dörd qat günahına görə
Onları cəzasız buraxmayacağam,
Çünki onlar ərazilərini genişləndirmək üçün
Gileadda hamilə qadınların qarınlarını yırtdılar.
14 Buna görə də Rabbanın divarına od vuracağam ki,
Oranın qalalarını yandırıb-yaxsın.
Bu yer döyüş zamanı qışqırtı ilə,
Qasırğa günü fırtına ilə dağılacaq.
15 Onların padşahları ilə başçıları
Birgə sürgünə aparılacaq” Rəbb belə deyir.

Rəbbin Moavlılara verəcəyi cəza

1[9] Rəbb belə deyir:
“Moavlıların üç-dörd qat günahına görə
Onları cəzasız buraxmayacağam,
Çünki onlar Edom padşahının sümüklərini yandırıb əhəng hazırladı.
2 Buna görə də Moava od yağdıracağam ki,
Qeriyotun qalalarını yandırıb-yaxsın.
Moav qışqırtı və şeypur səsi altında,
Səs-küylə məhv olacaq.
3 Onların arasından hakimləri kəsib-atacağam,
Bütün başçılarını da öldürəcəyəm” Rəbb belə deyir.

Rəbbin Yəhudalılara verəcəyi cəza

4 Rəbb belə deyir:
“Yəhudalıların üç-dörd qat günahına görə
Onları cəzasız buraxmayacağam,
Çünki onlar Rəbbin qanununa xor baxıb qaydalarına riayət etmədi,
Atalarının sitayiş etdiyi saxta bütlər onları da yollarından azdırdı.
5 Buna görə də Yəhudaya od yağdıracağam ki,
Yerusəlimin qalalarını yandırıb-yaxsın”.

Rəbbin İsraillilərə verəcəyi cəza

6 Rəbb belə deyir:
“İsraillilərin üç-dörd qat günahına görə
Onları cəzasız buraxmayacağam,
Çünki onlar düz adamları pula,
Möhtacları da bir cüt çarığa satır,
7 Yoxsulları toz-torpağın içinə salıb əzir,
Məzlumlara yol vermir.
Ata və oğul eyni qızla yatıb
Müqəddəs adımı ləkələyir.
8 İsraillilər hər qurbangahın yanında
Girov götürdükləri paltarın üzərində yatır,
Özlərinin Allahının məbədində
Cərimə üçün gətirilən şərabı içirlər.

9[10] Amma Mən sidr ağacı kimi hündür,
Palıd ağacı kimi möhkəm olan
Emorluları qarşınızda yox etdim,
Yuxarıdan bəhrəsini, aşağıdan kökünü kəsdim.
10 Mən sizi Misir torpağından çıxarıb
Qırx il çöldə gəzdirmişdim ki,
Siz Emorluların torpağına sahib olasınız.
11[11] Oğullarınızdan peyğəmbərlər,
Cavanlarınızdan Nəzirilər təyin etdim.
Ey İsraillilər, bu belə deyilmi?” Rəbb bəyan edir.
12 “Siz isə Nəzirilərə şərab içirdiniz,
Peyğəmbərlərə ‹peyğəmbərlik etmə› əmri verdiniz.

13 Dərzlə dolu olan araba torpağı necə əzirsə,
Mən də sizi elə əzəcəyəm.
14 Bərk qaçan qaça bilməyəcək,
Qüvvətli isə gücünü göstərə bilməyəcək.
İgid canını qurtara bilməyəcək,
15 Yay çəkən də mövqe tuta bilməyəcək.
Ayaqdan çevik olan qurtula bilməyəcək,
Süvari də canını qurtara bilməyəcək.
16 Hətta ən igid döyüşçü belə,
O gün əliyalın qaçacaq” Rəbb belə bəyan edir.

1 Ey İsraillilər! Rəbbin əleyhinizə dediyi sözü dinləyin! Misir torpağından çıxardığı bu nəslin hamısına belə deyir:

2 “Yer üzündəki nəsillərin arasında yalnız sizinlə ünsiyyət yaratmışam. Ona görə Mən bütün cəzanızı öz başınıza gətirəcəyəm”. Peyğəmbərlik işi

3 İki nəfər razılaşıb görüşməsə,
Birgə yol gedərmi?
4 Şikarı olmayan şir
Meşədə nərə çəkərmi?
Heç nə ovlamamış gənc aslan
Yuvasında nərildəyərmi?
5 Yerdə tələ qurub yem qoyulmazsa,
Oraya quş düşərmi?
Bir şey tutmayan tələ
Yerindən atılarmı?
6 Şəhərdə şeypur çalınarsa,
Xalq qorxuya düşməzmi?
Əgər Rəbb bəla göndərməsə,
Hansısa bir şəhərə bəla gələrmi?
7 Həqiqətən, Xudavənd Rəbb qulu olan peyğəmbərlərə
Öz niyyətini açmadan heç nə etmir.
8 Şir nərə çəkəndə
Kim ondan qorxmaz?
Xudavənd Rəbb söyləyəndə
Kim peyğəmbərlik etməz?

Samariyanın taleyi

9 Aşdodun qalalarında,
Misir torpağının qalalarında belə elan edin:
“Samariya dağlarının üzərinə yığılın.
Oradakı böyük qarışıqlığı,
Onun içindəki təzyiqi görün”.
10 Rəbb bəyan edir:
“Hətta düz iş görməyi bacarmırlar.
Onlar qalalarına zorakılıqla,
Soyğunçuluqla qənimət yığır”.
11 Ona görə də Xudavənd Rəbb belə deyir:
“Düşmən gəlib ölkəni mühasirəyə alacaq,
Səni gücdən salıb qalalarını qarət edəcək”.

12 Rəbb belə deyir:
“Çoban şir ağzından necə iki bud sümüyü
Yaxud qulağın bir parçasını çəkib qurtararsa,
Samariyada divan üzərində,
Dəməşqdə yataqda oturan
İsrail övladları da eləcə xilas olacaq”.

13 “Buna qulaq asın!
Yaqub nəslinə xəbərdarlıq edin!”
Ordular Allahı Xudavənd Rəbb belə deyir.
14[12] “Mən İsraillilərə günahlarına görə cəza verəcəyim gün
Bet-Eldəki qurbangahı da cəzalandıracağam.
O qurbangahın buynuzları kəsilib yerə tullanacaq.
15 Mən qış sarayı ilə yay sarayını yıxacağam,
Fil sümüyü ilə bəzənmiş evlər dağılacaq,
Böyük saraylar viran qalacaq” Rəbb belə bəyan edir.

1 Ey sizlər, Samariya dağında bəslənən Başan inəkləri!
Bu sözü dinləyin, ey yoxsullara zülm edən,
Möhtacları sıxışdıran, ərlərinə “gətir içək” deyən qadınlar!
2 Xudavənd Rəbb Öz müqəddəsliyi naminə belə and içmişdir.
“Budur, üstünüzə elə vaxt gəlir ki,
Hamınız balıq kimi çəngəllərlə çəkiləcəksiniz,
Tilovlarla tutulacaqsınız.
3 Hər biriniz qarşısındakı dəlmə-deşikdən çıxarılacaq,
Harmona tərəf atılacaqsınız” Rəbb belə bəyan edir.

İsrailin inadkarlığı

4 “Bet-Elə gedib günah işlədin!
Qilqala gəlib günahlarınızı çoxaldın!
Hər səhər qurbanlarınızı gətirin,
Hər üç gündən bir qazancınızın onda birini verin.
5 Təşəkkür üçün mayalı çörək yandırıb təqdim edin,
Öz könüllü təqdimlərinizlə öyünün.
Ey İsraillilər, sizin xoşunuza gələn budur!” Xudavənd Rəbb belə bəyan edir.

6 “Mən bütün şəhərlərinizdə ağzınızı boş qoydum. Hər yerdə sizə çörək qıtlığı verdim. Lakin yenə Mənim tərəfimə dönmədiniz” Rəbb belə bəyan edir.

7 “Mən biçin vaxtına üç ay qalmış sizdən yağışı kəsdim. Bir şəhərin üzərinə yağış yağdırdım, o birinin isə üzərinə yağdırmadım. Yağış bir əkin üzərinə yağdı, o birinin isə üzərinə yağmadığına görə o qurudu. 8 İki-üç şəhər su içmək üçün bir şəhərə getdi, doyunca su içmədi. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.

9 “Əkininizə səmum küləyi və kif göndərərək sizə zərər vurdum. Bağlarınızı və üzümlüklərinizi, əncir və zeytun ağaclarınızı çəyirtkə yedi. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.

10 “Misirdə olduğu kimi aranıza vəba göndərdim. Cavanlarınızı qılıncla öldürtdüm. Atlarınızı sürüb apartdırdım. Ordunuzdan meyit iyini burnunuza çatdırdım. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.

11[13] “Mən Sodomla Homorranı necə dağıtdımsa, sizdən bəzilərini də elə məhv etdim. Siz oddan götürülən odun kimi sağ qaldınız. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.

12 “Ey İsraillilər, buna görə də sizinlə belə rəftar edəcəyəm. Bu rəftarıma görə Allahınızı qarşılamağa hazır olun, ey İsraillilər!”

13 Odur dağlara quruluş verən, küləyi yaradan, Nə düşündüyünü insana bildirən, Dan işığını qaranlıq edən, Yer üzünün yüksək yerlərinə ayaq basan – Onun adı Ordular Allahı Rəbdir.

İsrail üçün mərsiyə

1 Ey İsrail nəsli, sizin barənizdə mərsiyə kimi oxuduğum bu sözləri dinləyin!

2 “İsrail zorlanmış bir qız kimi yıxılıb,
Bir daha qalxmayacaq.
Öz torpağı üstə atılıb,
Onu qaldıran yoxdur”.

3 Çünki Xudavənd Rəbb belə deyir:
“Bir şəhərdən min nəfər döyüşə çıxsa,
Yüz nəfəri sağ qalacaq,
Yüz adam döyüşə çıxsa,
İsrail nəslindən on nəfər sağ qalacaq”.

İsrail bəladan necə qurtara bilər

4 Rəbb İsrail nəslinə belə deyir:
“Mənə tərəf dönün ki, sağ qalasınız!
5 Bet-Elə dönməyin,
Qilqala getməyin,
Beer-Şevaya keçməyin,
Çünki sürgün olunmaq hökmən Qilqala gəlir,
Bet-El bir heçə dönəcək”.
6 Rəbbə tərəf dönün ki, sağ qalasınız!
Yoxsa O, Yusif nəslini od kimi yandırıb-yaxacaq,
Bet-Eldəki odu söndürən olmayacaq.

7 Ey ədaləti çevirib acı yovşan edənlər,
Ey salehliyi yerə vurub tapdalayanlar!
8[14] Odur Ülkər və Orion bürclərini yaradan,
Qaranlığı aydın səhərə çevirən,
Gündüzü gecə edib qaraldan,
Dəniz sularını götürüb yer üzünə tökən –
Onun adı Rəbdir.
9 Güclüləri ildırım kimi məhv edər,
Qalalarını viran edər.

10 Siz isə haqsızlığa etirazını bildirənlərə,
Düz danışanlara nifrət edirsiniz.
11 Kasıbı ayaq altına saldığınıza görə,
Ondan taxıl qopardığınıza görə
Yonulmuş daşdan evlər tikib
Onların içində yaşamayacaqsınız.
Gözəl üzümlüklər salıb
Onların şərabını içməyəcəksiniz.
12 Çünki cinayətlərinizin çox,
Günahlarınızın ağır olduğunu bilirəm.
Ey salehi incidənlər, rüşvət alanlar,
Möhtacların haqqını tapdalayanlar!
13 Bu zəmanə o qədər pisdir ki,
Ağlı başında olan susur.

14 Pislikdən yaxşılığa dönün ki, sağ qalasınız!
Beləcə iddia etdiyiniz kimi
Ordular Allahı Rəbb,
Həqiqətən, sizə yar olacaq.
15 Pisliyə nifrət edin,
Yaxşılığı sevin,
Məhkəmədə ədalətə üstünlük verin.
Bəlkə Ordular Allahı Rəbb
Qalan Yusif övladlarına lütf edər.

İsrail üçün fəğan

16 Ordular Allahı Xudavənd Rəbb belə deyir:
“Bütün meydanlardan fəğan qopacaq,
Bütün küçələrdə ah-zar edəcəklər.
Fəğan edən mərsiyə oxuyanlarla
Kəndlilər yas tutmağa çağırılacaqlar.

17 Bütün üzüm bağlarından da fəğan qopacaq,
Çünki aranızdan Mən keçəcəyəm” Rəbb belə deyir.

İsrailin saxta inamının aqibəti

18 Vay halınıza, ey Rəbbin gününün həsrətini çəkənlər!
Rəbbin günü siz nə əldə edəcəksiniz?
İşıq yox, qaranlıq.
19 Şirdən qaçan adamın qarşısına ayı necə çıxarsa
Yaxud evə gəlib əlini divara dayayanı ilan necə çalarsa,
20 Rəbbin günü də eləcə işıq yox, qaranlıq olmayacaqmı?
O, zülmətdir, onda nur yoxdur.

21[15] Rəbb belə deyir:
“Bayramlarınıza nifrət edirəm,
Xor baxıram,
Təntənəli toplantılarınızdan iyrənirəm.
22 Mənə yandırma qurbanlarınızı,
Taxıl təqdimlərinizi gətirsəniz də, razı qalmayacağam.
Mənə kökəldilmiş heyvanlarınızdan
Ünsiyyət qurbanı təqdim etsəniz də,
Onlara nəzər salmayacağam.
23 Gurultulu ilahilərinizi Məndən uzaq edin!
Çənglərinizin səsinə qulaq asmayacağam.
24 Lakin qoy ədalət sular kimi tökülsün,
Salehlik davamlı sel kimi axsın!

25[16] Ey İsrail nəsli,
Qırx il çöldə olanda Mənə qurban və təqdimlər gətirmişdinizmi?
26 Öz düzəltdiyiniz saxta Sakkut padşahınızı,
Kiyun bütlərinizi, ulduz allahlarınızı gəzdirmişdinizmi?
27 Elə buna görə də sizi
Dəməşqin o tayına sürgünə aparacağam” Rəbb belə deyir.
Onun adı Ordular Allahıdır.

İsrailin nahaq yerə gücə arxalanması

1 Vay halınıza, ey Sionda laqeyd olanlar,
Samariya dağında arxayın oturanlar,
İsrail nəslinin müraciət etdiyi
Millətlər arasında adlı-sanlılar!
2 Kalneyə keçib görün,
Oradan böyük Xamata gedin,
Filiştlilərin Qat şəhərinə gəlin.
Onların halı bu ölkələrdən daha yaxşıdırmı?
Onların ərazisi sizinkindən böyükdürmü?
3 Vay halınıza, ey bəla gününü uzaq sanıb
Zorakılığı taxtına yaxınlaşdıranlar!

4 Ey fil dişi ilə bəzənmiş çarpayılarda yayxanıb,
Yataqlarda uzanıb,
Sürüdəki quzulardan,
Axurun yanındakı danalardan götürüb yeyənlər!
5 Çəng çalıb bədahətən oxuyanlar,
Guya Davud kimi musiqi alətləri ilə nəğmə deyənlər,
6 Piyalə-piyalə şərab içənlər,
Bədənlərinə əla yağlar sürtənlər,
Lakin Yusif nəslinin qırğınına görə
Narahat olmayanlar!
7 Bundan ötrü indi sürgünə
Başda siz gedəcəksiniz.
Keflənib yayxananların ziyafəti başa çatacaq.

8 Xudavənd Rəbb Öz haqqına and içir,
Ordular Allahı Rəbb bəyan edir:
“Yaqub nəslinin qüruruna nifrət edirəm,
Qalalarından zəhləm gedir.
İçində olanlarla birlikdə
Paytaxtlarını təslim edəcəyəm”.

9 Əgər bir evdə on nəfər qalsa, onlar da öləcək. 10 Ölən bir nəfərin qohumu onun cəsədini götürüb yandırmaq üçün gələcək. Evin içində olana “Yanında kim var?” deyə soruşanda, o da “heç kim” söyləyəcək. Onda o qohum belə deyəcək: “Sus, Rəbbin adını çəkmək olmaz”. 11 Çünki Rəbb əmr edəndə böyük evlər parça-parça olub yıxılacaq, kiçik komalar da qırıq-qırıq olub dağılacaq.

12 Qaya üzərində atlar çaparmı?
Orada kim öküzlərlə kotan sürər?
Siz isə ədaləti zəhərə döndərmisiniz,
Bəraəti də acıya çevirmisiniz.

13 Ey Lo-Devarı[17] tutub “Qarnayimi[18] öz gücümüzlə almadıqmı?” deyərək lovğalananlar! 14 Ordular Allahı Rəbb belə bəyan edir: “Budur, ey İsrail nəsli! Mən sizə qarşı bir millət çıxarıram. Xamat keçidindən Arava vadisinə qədər onlar sizə zülm edəcək”.

Çəyirtkə sürüsü barədə görüntü

1 Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, padşahın payı biçiləndən sonra əmələ gələn ot bitməyə başlayanda O, çəyirtkə sürüsü düzəldirdi. 2 Çəyirtkələr ölkədə bütün bitkiləri yeyib-qurtarmaq üzrə olanda mən dedim: “Ya Xudavənd Rəbb, yalvarıram, bağışla. Buna Yaqub nəsli necə dözər? Axı o kiçikdir”. 3 Buna görə Rəbb bu niyyətdən döndü. Rəbb dedi: “Bu olmayacaq”.

Alov barədə görüntü

4 Sonra Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, Xudavənd Rəbb cəza vermək üçün alov çağırdı. Alov dənizləri dibindən udaraq torpağı da yandırıb-yaxmaq üzrə olanda 5 mən dedim: “Ya Xudavənd Rəbb, yalvarıram, əl saxla. Buna Yaqub nəsli necə dözər? Axı o kiçikdir”. 6 Buna görə Rəbb bu niyyətdən də döndü. Xudavənd Rəbb dedi: “Bu olmayacaq”.

Şaqul barədə görüntü

7 Sonra mənə bu görüntünü göstərdi: budur, Xudavənd şaqulla düz tikilmiş bir divarın yanında dayanıb. Onun əlində bir şaqul var idi. 8 Rəbb məndən soruşdu: “Amos, sən nə görürsən?” Mən cavab verdim: “Bir şaqul”. Xudavənd dedi: “Budur, Mən xalqım İsraili yoxlamaq üçün aralarına bir şaqul qoyuram. Artıq onlardan əl çəkməyəcəyəm.

9 İshaqın nəslinin səcdəgahları xaraba qalacaq,
İsrailin Müqəddəs məkanları viran olacaq.
Yarovamın nəslinə qarşı qılıncla çıxacağam”».

Amos və Bet-El kahini Amasya

10 Bet-El kahini Amasya İsrail padşahı Yarovama belə xəbər göndərdi: «Amos İsrail nəsli arasında sənə qarşı qəsd hazırlayır. Onun sözlərinin öhdəsindən bu ölkə gələ bilməz. 11 Çünki Amos belə deyir:

“Yarovam qılıncdan keçirilib öləcək.
İsrail xalqı öz torpağından hökmən sürgünə aparılacaq”».

12 Sonra Amasya Amosa dedi: «Ey görücü, buradan get, Yəhuda torpağına qaç. Peyğəmbərliyini orada et, onların çörəyini ye. 13 Bir də Bet-Eldə peyğəmbərlik etmə, çünki bura padşahın müqəddəs məkanı və padşahlıq məbədidir».

14 Amos Amasyaya cavab verib dedi: «Mən nə peyğəmbərəm, nə də peyğəmbərin şagirdi. Mən yalnız bir çobanam, firon ənciri ağaclarını yetişdirirəm. 15 Mən sürü otaran idim, Rəbb məni götürüb belə dedi: “Get, xalqım İsrailə peyğəmbərlik et”. 16 İndi isə Rəbbin sözünü dinlə. Sən “İsrailə qarşı peyğəmbərlik etmə və İshaq nəslinin əleyhinə vəz etmə” deyirsən. 17 Buna görə də Rəbb belə deyir:

“Sənin arvadın şəhərdə fahişəlik edəcək,
Oğulların və qızların qılıncdan keçiriləcək,
Torpağın ölçülüb paylanacaq.
Sən isə yad eldə – murdar bir ölkədə öləcəksən.
İsrail xalqı öz torpağından hökmən sürgünə aparılacaq”.

Yay meyvəsi barəsində görüntü

1 Xudavənd Rəbb mənə belə bir görüntü göstərdi: budur, bir səbət yay meyvəsi gördüm. 2 O məndən soruşdu: “Amos, sən nə görürsən?” Mən cavab verdim: “Bir səbət yay meyvəsi”. Rəbb mənə dedi:

“Xalqım İsrailin axır günü yetişib.
Artıq onlardan əl çəkməyəcəyəm.
3 Həmin gün saray nəğmələri fəryada çevriləcək.
Meyit meyit üstə düşəcək, hər tərəfə atılacaq.
Sonra sükut olacaq”.
Xudavənd Rəbb belə bəyan edir.

Allah İsrailə cəza verəcək

4 Siz, ey möhtacları tapdalayıb əzənlər, ey kasıbların başını yeyənlər, indi buna qulaq asın! 5 Deyirsiniz: “Təzə Ay mərasimi nə vaxt sona çatacaq ki, taxılı başqasına sataq? Şənbə günü nə vaxt qurtaracaq ki, buğdanı satışa qoyaq? Qoy ölçünü azaldaq, qiyməti də artıraq, aldadıcı tərəzi quraq. 6 Qoy yoxsulları pula, möhtacları bir cüt çarığa satın alaq, buğdanın tör-töküntüsünü də sataq”.

7 Yaqubun fəxri olan Rəbb belə and içmişdir: “Onların bütün işlərini heç vaxt unutmayacağam”. 8 Bundan ötrü deyilmi ki, yer titrəyəcək, orada yaşayan hər kəs yasa batacaq? Bəli, bütün yer Nil çayı kimi qabaracaq, Misirdəki Nil çayı kimi coşandan sonra çəkiləcək.

9 Xudavənd Rəbb bəyan edir:
“Həmin gün günorta günəşi batıracağam,
Yer üzündə gündüzü qaraldacağam.
10 Bayramlarınızı yasa döndərəcəyəm,
Bütün mahnılarınızı mərsiyəyə çevirəcəyəm.
Hər kəsin belinə çul büründürəcəyəm,
Hər başın saçını qırxdıracağam.
Yeganə oğula yas tutulan kimi
O günü sona qədər acı edəcəyəm”.

11 Xudavənd Rəbb bəyan edir:
“Budur, elə günlər gələcək ki,
Ölkəyə qıtlıq göndərəcəyəm.
Bu günlərdə çörək və suyun qıtlığı deyil,
Rəbbin sözlərinin qıtlığı olacaq.
12 İnsanlar Rəbbin sözünü axtaracaq.
Dənizdən-dənizə,
Şimaldan şərqə qədər
Sürətlə gəzib-dolaşacaqlar,
Lakin onu tapmayacaqlar.
13 Həmin gün gözəl qızlar, igid oğlanlar
Susuzluqdan qəşş edəcəklər.
14 Samariyanın bütlərə and içib
‹Ey Dan, allahının haqqı!›,
‹Beer-Şevaya gedən yol haqqı!› deyən adamlar
Yıxılacaq və bir daha qalxmayacaq”.

1 Xudavəndi qurbangah yanında duran gördüm. O dedi:
“Sütun başlıqlarını elə vur ki,
Astanalar sarsılsın.
Binanı hamının başına uçur.
Sağ qalanları Mən qılıncdan keçirəcəyəm.
Onlardan heç kim qaçıb qurtula bilməz.
2 Ölülər diyarına girsələr belə,
Onları orada ələ keçirəcəyəm.
Göylərə qalxsalar belə,
Onları endirəcəyəm.
3 Karmel dağının təpəsində gizlənsələr belə,
Onları axtarıb oradan götürəcəyəm.
Gözümdən yayınıb dənizin dibinə girsələr belə,
İlana əmr edəcəyəm ki, onları sancsın.
4 Düşmən önündə əsir aparılsalar belə,
Qılınca əmr edəcəyəm ki, onları qırsın.
Gözlərimi yaxşılıq üçün deyil,
Pislik üçün onların üzərinə dikəcəyəm”.

5 Ordular Rəbbi Xudavənd toxunub yeri titrədər,
Orada yaşayan hər kəsi yasa batırar,
Bütün yer Nil çayı kimi qabarar,
Misirdəki Nil çayı kimi çəkilər.
6 Otaqlarını göylərdə tikən,
Qübbəsini yer üzündə quran,
Dəniz sularını götürüb yer üzünə tökən Odur –
Onun adı Rəbdir.

Məhvdən sonra bərpa 7 Rəbb bəyan edir: “Ey İsraillilər! Mənim üçün Kuşlular kimi deyilsinizmi? Siz İsrailliləri Misir torpağından çıxaran kimi Filiştliləri Kaftordan, Aramlıları Qirdən çıxarmadımmı? 8 Budur, Xudavənd Rəbbin gözləri bu günahkar ölkəyə dikilir. Onları yer üzündən silib-atacağam. Amma Yaqub nəslini tamamilə silib-atmayacağam” Rəbb belə bəyan edir. 9 “Çünki, budur, Mən belə əmr edirəm: Mən İsrail nəslini bütün millətlər arasında xəlbirdən keçirəcəyəm. Xəlbirləyəndə bir çınqıl belə, yerə düşməyəcək. 10 Xalqımdan bütün günah işlədənlər, Mənə ‹bəla bizə yaxınlaşmaz, bizə rast gəlməz› deyənlərin hamısı qılıncdan keçiriləcək.

11[19] Həmin gün Davudun yıxılan çadırını bərpa edəcəyəm. Onun dəlmə-deşiklərini tutub cırılan yerlərini tikəcəyəm. Onu əvvəlki halına salacağam, 12 ona görə ki qalan Edomlulara və Mənim adımla çağırılan bütün millətlərə sahib olsunlar” Rəbb belə bəyan edir.

13 Rəbb bəyan edir:
“Budur, elə günlər gələcək ki,
Kotan sürən biçinçiyə yetişəcək,
Üzüm sıxan meynə əkənlə rastlaşacaq,
Dağlardan şirin şərab damacaq,
Bütün təpələrdən də axacaq.
14 Xalqım İsraili əsirlikdən qaytaracağam,
Viran şəhərləri tikib məskən salacaqlar.
Üzümlüklər əkib şərabını içəcəklər,
Bağlar salıb meyvəsindən yeyəcəklər.
15 Onları özlərinin torpağında yerləşdirəcəyəm,
Onlara verdiyim torpaqdan bir daha kənara atılmayacaqlar” Allahın Rəbb belə deyir».

Qeydlər

[redaktə]
  1. 2Pad. 15:1-7; 2Saln. 26:1-23
  2. 2Pad. 14:23-29
  3. Yer. 25:30; Yoel 3:16
  4. Yeş. 7:1-3; Yer. 49:23-27; Zək. 9:1
  5. Yeş. 4:29-31; Yer. 47:1-7; Yez. 25:15-17; Yoel 3:4-8; Sef. 2:4-7; Zək. 9:5-7
  6. Yeş. 23:1-18; Yez. 26:1-28:19; Yoel 3:4-8; Zək. 9:2-4; Mat. 11:20-22; Luka 10:13-14
  7. Yeş. 34:5-17; 63:1-6; Yer. 49:7-22; Yez. 25:12-14; 35:1-15; Avd. 1-14; Mal. 1:2-5
  8. Yer. 49:1-6; Yez. 21:28-32; 25:1-7; Sef. 2:8-11
  9. Yeş. 15:1-16:14; 25:10-12; Yer. 48:1-47; Yez. 25:8-11; Sef. 2:8-11
  10. Qanun. 3:8-11
  11. Say. 6:1-8
  12. 2Pad. 23:15
  13. Yar. 19:24
  14. Əyy. 9:9; 38:31
  15. Yeş. 1:11-14
  16. Həv. 7:42-43
  17. Lo-Devar – ibrani dilində heç nə.
  18. Qarnayim – ibrani dilində buynuzlar, yəni güclü.
  19. Həv. 15:15-18

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy