Bibliya/Zəkəriyyə Peyğəmbərin Kitabı
←Haqqay Peyğəmbərin Kitabı | Bibliya. Zəkəriyyə Peyğəmbərin Kitabı |
Malaki Peyğəmbərin Kitabı→ |
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | Qeydlər |
Zəkəriyyə peyğəmbər miladdan əvvəl VI əsrin ikinci yarısında yaşamışdır. Onun peyğəmbərliklərinin birinci hissəsi miladdan əvvəl 520-518-ci illər arasında Allahdan ona nazil olan peyğəmbərliklərdən ibarətdir. Onların əksəriyyəti görüntü şəklindədir. Bu peyğəmbərliklər Yerusəlimin bərpası, məbədin yenidən tikilməsi və Allah xalqının təqdis olunması barədədir. Son fəsillərdə Məsihin gözlənilən gəlişindən və son məhkəməsindən danışılır.
Kitabın məzmunu:
- 1:1-8:23 Xəbərdarlıq və ümid xəbəri
- 9:1-8 İsrailin qonşuları üzərində məhkəmə
- 9:9-14:21 Firavanlıq və sülh gətirən gələcək dövr
1
[redaktə]Rəbbin Öz xalqına müraciəti
1[1] Daranın hakimiyyətinin ikinci ilində, səkkizinci ayda İddo oğlu Berekya oğlu Zəkəriyyə peyğəmbərə Rəbbin bu sözü nazil oldu: 2 «Rəbb atalarınıza çox qəzəbləndi. 3 Ona görə də sən onlara söylə ki, Ordular Rəbbinin sözü belədir:
“Mənə tərəf qayıdın” bəyan edir Ordular Rəbbi,
“Mən də sizə tərəf qayıdaram” deyir Ordular Rəbbi.
4 “Atalarınız kimi olmayın! Əvvəlki peyğəmbərlər onlara müraciət edib söylədi ki, Ordular Rəbbi onlara ‹pis əməllərinizdən və pis işlərinizdən qayıdın› deyir. Ancaq onlar eşitmədi və Mənə qulaq asmadı” Rəbb belə bəyan edir.
5 “Atalarınız indi haradadır?
Peyğəmbərlər də əbədi yaşayırmı?
6 Amma qullarım peyğəmbərlərə əmr etdiyim
Sözlərim və qaydalarım atalarınıza gəlib çatmadımı?”
Onlar da tövbə edib dedi: “Ordular Rəbbi əməllərimizə və işlərimizə görə bizə nə etməyi düşündüsə, bizimlə elə də rəftar etdi”».
Birinci görüntü: atlılar
7 Daranın hakimiyyətinin ikinci ilində, on birinci ay olan Şevat ayının iyirmi dördüncü günü İddo oğlu Berekya oğlu Zəkəriyyə peyğəmbərə Rəbbin bu sözü nazil oldu: 8[2] gecə yarısı gördüm ki, qırmızı ata minmiş bir nəfər dərənin dibində mərsin ağacları arasında durub. Onun arxasında isə qırmızı, kəhər və ağ atlar var idi. 9 Mən soruşdum: «Ay ağam, bunlar nədir?» Mənimlə danışan mələk dedi: «Bunların nə olduğunu sənə göstərəcəyəm». 10 Mərsin ağacları arasında duran adam cavab verdi: «Bunları dünyanı dolaşmaq üçün Rəbb göndərib». 11 Onlar mərsin ağacları arasında duran Rəbbin mələyinə cavab verdi: «Biz dünyanı dolaşdıq və gördük ki, bütün dünya asayiş və əmin-amanlıq içindədir».
12 Onda Rəbbin mələyi dedi: «Ey Ordular Rəbbi, bu yetmiş il ərzində qəzəbləndiyin Yerusəlimə və başqa Yəhuda şəhərlərinə nə vaxta qədər mərhəmət etməyəcəksən?» 13 Rəbb mənimlə danışan mələyə yaxşı vədlərlə, təsəlliverici sözlərlə cavab verdi. 14 Mənimlə danışan mələk mənə dedi: «Müraciət edib söylə ki, Ordular Rəbbi belə deyir:
“Yerusəlim və Sion üçün böyük qısqanclıq duyuram.
15 Qayğısız olan millətlərə qarşı çox qəzəbliyəm.
Çünki Mən hələ az qəzəbləndiyim zaman
Onlar öz pis əməllərini daha da artırdı”.
16 Buna görə də Rəbb belə deyir:
“Mən mərhəmətlə Yerusəlimə qayıtdım.
Evim yenə orada qurulacaq,
Yerusəlimin üzərinə ölçü ipi çəkiləcək”
Bəyan edir Ordular Rəbbi.
17 Sən bir daha müraciət edib söylə ki,
Ordular Rəbbi belə deyir:
“Şəhərlərim yenə bolluqla dolub-daşacaq.
Rəbb Siona yenə təsəlli verəcək,
Yenə Yerusəlimi seçəcək”».
İkinci görüntü: dörd buynuz və dörd usta
18 Sonra başımı qaldırıb baxdım və dörd buynuz gördüm. 19 Mənimlə danışan mələyə dedim: «Bunlar nədir?» O mənə dedi: «Bunlar Yəhudanı, İsraili və Yerusəlimi dağıtmış buynuzlardır». 20 Onda Rəbb mənə dörd usta göstərdi. 21 Mən «Bunlar nə etməyə gəlir?» deyə soruşdum. O dedi: «Bu buynuzlar Yəhudanı elə dağıtdı ki, heç kəs başını qaldıra bilmədi. Bu ustalar da Yəhuda ölkəsini dağıtmaq üçün buynuz qaldıran millətləri dəhşətə gətirib buynuzlarını yerə çalmağa gəldi».
2
[redaktə]Üçüncü görüntü: ölçü ipi
1 Mən başımı qaldırıb baxdım və əlində ölçü ipi olan bir adam gördüm. 2 «Hara gedirsən?» deyib soruşdum. O mənə dedi: «Yerusəlimi ölçməyə, en və uzunluğunun nə qədər olduğunu öyrənməyə gedirəm». 3 Mənimlə danışan mələk yanımdan çıxanda başqa bir mələk onu qarşılamağa gəldi 4 və ona dedi:
«Qaç, o cavana söylə ki, içində adamlar
Və heyvanlar çox olduğu üçün
Yerusəlim divarsız bir şəhər olacaq.
5 “Mən Özüm onun ətrafında odlu divara çevriləcəyəm,
Onun içində izzət olacağam” bəyan edir Rəbb».
6 «Haydı, haydı! Şimal ölkəsindən qaçın» deyir Rəbb,
«Çünki sizi göydə dörd tərəfə əsən
Külək kimi dağıtmışdım» deyir Rəbb.
7 «Haydı! Ey Sion, sən ki Babil şəhərində yaşayırsan, qaçıb qurtar!»
8 Çünki Ordular Rəbbi deyir ki,
İzzəti üçün sizi qarət etmiş millətlərin yanına Məni göndərdi.
Sizə toxunan Onun göz bəbəyinə toxunmuş olur.
9 Mən o millətlərə qarşı əlimi qaldıracağam,
Əsarətlərində olanlar onları qarət edəcək.
Onda biləcəksiniz ki,
Məni Ordular Rəbbi göndərmişdir.
10 «Şadlıq edib sevin, ey Sion qızı!
Çünki aranızda yaşamağa gəlirəm» bəyan edir Rəbb.
11 «O gün çoxlu millətlər Rəbbə bağlanacaq,
Mənim xalqım olacaq.
O zaman aranızda yaşayacağam.
Siz biləcəksiniz ki,
Məni yanınıza Ordular Rəbbi göndərib.
12 Rəbb müqəddəs torpaqda
Yəhudanı Öz payı olaraq mülk alacaq,
Yenə Yerusəlimi seçəcək.
13 Ey bütün bəşər, Rəbbin önündə susun!
Çünki O Öz müqəddəs məskənindən qalxıb gəlir!»
3
[redaktə]Dördüncü görüntü: baş kahin Yeşua
1[3][4] Rəbb mənə bunu göstərdi: Rəbbin mələyinin önündə baş kahin Yeşua durmuşdu və onu ittiham etmək üçün sağında Şeytan dayanmışdı. 2[5] Rəbb Şeytana dedi: «Rəbb səni məzəmmət etsin, ey Şeytan, Yerusəlimi seçən Rəbb səni məzəmmət etsin. Bu adam oddan çıxarılmış, yarısı yanmış odun parçasına bənzəmirmi?» 3 O vaxt Yeşua əyninə çox çirkli paltar geyinib mələyin önündə dayanmışdı. 4 Bu mələk önündə duran mələklərə dedi: «Onun əynindən çirkli paltarı çıxarın». Sonra Yeşuaya dedi: «Bax günahını sənin üzərindən götürdüm, indi sənə bayram paltarı geyindirəcəyəm». 5 Mən isə dedim: «Qoy başına da təmiz çalma bağlasınlar». Başına təmiz çalma bağlayıb ona paltar geyindirdilər. Rəbbin mələyi də yanında durmuşdu.
6 Sonra Rəbbin mələyi Yeşuaya şəhadət edib dedi: 7 «Ordular Rəbbi belə deyir:
“Əgər yollarımla getsən, verdiyim buyruğumu qoruyub saxlasan,
Evimə sən başçılıq edəcəksən, həyətlərimi sən qoruyacaqsan.
Burada duranların arasında içəri keçmək haqqını sənə verirəm”.
8[6] Ey baş kahin Yeşua, sən və sənin önündə oturan yoldaşların qulaq assın!
Çünki onlar gələcək hadisələrin əlamətidir.
Mən “Pöhrə” adlı qulumu gətirəcəyəm.
9 Yeşuanın önünə qoyduğum daşa baxın!
O tək daşın yeddi gözü var.
Onun üzərinə bir yazı oyub yazacağam» bəyan edir Ordular Rəbbi,
«Bir gün içində bu ölkənin günahını ortadan götürəcəyəm.
10[7] O gün hər biriniz qonşusunu öz tənəyi və əncir ağacı altına çağıracaq»
Bəyan edir Ordular Rəbbi.
4
[redaktə]Beşinci görüntü: çıraqdan və zeytun ağacları
1 Mənimlə danışan mələk geri qayıdıb məni yuxusundan oyanan adam kimi oyatdı. 2[8] O məndən soruşdu: «Nə görürsən?» Mən dedim: «Büsbütün qızıldan olan bir çıraqdan görürəm. Onun başında zeytun yağı üçün bir qab, üzərində yeddi çıraq, çıraqlarda isə yeddi lülə var. 3[9] Çıraqdanın yanında isə biri yağ qabının sağında, o biri solunda olmaqla iki zeytun ağacı var». 4 Sonra mənimlə danışan mələkdən soruşdum: «Ay ağam, bunlar nədir?» 5 Mənimlə danışan mələk «Bunların nə olduğunu bilmirsənmi?» deyə soruşdu. Mən də «yox, ağam» dedim. 6[10] O mənə cavab verdi:
«Zerubbabilə Rəbbin sözü budur:
“Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən”
Deyir Ordular Rəbbi.
7 Sən kimsən, ey uca dağ?
Zerubbabilin önündə düzənliyə çevriləcəksən.
O “nə gözəldir, nə gözəldir” nidaları altında
Məbədin təpə daşını götürəcək».
8 Mənə Rəbbin sözü nazil oldu:
9 «Bu evin təməlini Zerubbabilin əlləri qoydu,
Onun əlləri də bunu sona çatdıracaq.
Onda biləcəksən ki, Ordular Rəbbi Məni sizin yanınıza göndərib.
10[11] Bu günü kim əhəmiyyətsiz hesab edə bilər?
Məhz bu gün adamlar Zerubbabilin əlində şaqulu görəndə sevinəcək.
Bu yeddi çıraq isə Rəbbin bütün yer üzündə dolaşan gözləridir».
11[12] Mən ondan soruşdum: «Bəs çıraqdanın sağ və solunda olan bu iki zeytun ağacı nədir?» 12 Sonra yenə soruşdum: «İki qızıl borucuq vasitəsilə içindən qızıl rəngində yağ axan bu iki zeytun budağı nədir?» 13 O məndən soruşdu: «Bunların nə olduğunu bilmirsənmi?» Mən də «yox, ay ağam» dedim. 14 O mənə dedi: «Bunlar bütün yer üzünün Sahibinin önündə duran məsh olunmuş iki nəfərdir».
5
[redaktə]Altıncı görüntü: uçan tumar
1 Mən yenə başımı qaldırıb baxanda uçan bir tumar gördüm. 2 Mələk «Nə görürsən?» deyib məndən soruşdu. Mən dedim: «Uçan bir tumar görürəm: onun uzunluğu iyirmi qulac, eni on qulacdır». 3 O dedi: «Bu bütün yer üzünə yağacaq lənətdir. Tumarın bir üzünə yazılanlara görə oğurluq edən hər kəs kəsilib-atılacaq, o biri üzünə yazılanlara görə isə yalandan and içənlər kəsilib-atılacaq.
4 Lənət yağdıracağam» bəyan edir Ordular Rəbbi,
«Oğrunun evinə və Mənim adımla
Yalandan and içən adamın evinə lənət girəcək,
O evin içində qalacaq,
Taxtaları və daşları ilə birlikdə onu yıxıb məhv edəcək».
Yeddinci görüntü: ölçü qabındakı qadın
5 Sonra mənimlə danışan mələk yaxınlaşıb dedi: «Başını qaldırıb ortaya çıxan bu şeyin nə olduğunu gör». 6 Mən «Bu nədir?» deyə soruşdum. O cavab verdi: «Bu ortaya çıxan şey bir ölçü qabıdır». Sonra əlavə etdi: «Bu bütün ölkə xalqının təqsiridir». 7 Qabın qurğuşun qapağı qaldırıldı. Qabın içində bir qadın oturmuşdu. 8 Mələk «bu qadın pislikdir» dedi və qadını ölçü qabının içinə atıb üstünə qurğuşun qapağı basdı.
9 Mən başımı qaldırıb baxanda gördüm ki, iki qadın çıxdı, onların qanadlarında külək var idi. Onların da leylək qanadlarına bənzər qanadları var idi. Onlar qabı yerlə göy arasına qaldırdı. 10 Mənimlə danışan mələkdən soruşdum: «Qabı hara aparırlar?» 11 O mənə dedi: «Şinar ölkəsində ona bir ev tikmək üçün oraya aparırlar. Ev hazır olanda qab oraya – öz yerinə qoyulacaq».
6
[redaktə]Səkkizinci görüntü: dörd döyüş arabası
1 Yenə başımı qaldırıb baxanda iki dağ arasından dörd döyüş arabasının çıxdığını gördüm. O dağlar misdən idi. 2[13] Birinci döyüş arabasının qırmızı, ikincisinin qara, 3 üçüncüsünün ağ, dördüncüsünün xallı atları var idi. Hamısı qüvvətli atlar idi. 4 Mənimlə danışan mələkdən «Ay ağam, bunlar nədir?» deyib soruşdum. 5[14] Mələk mənə cavab verdi: «Bunlar bütün yer üzünün Sahibinə xidmət etdikləri yerdən çıxan göylərin dörd səmtinin ruhudur.[15] 6 Qara atları olan döyüş arabası şimal torpağına, ağ atları olan döyüş arabası qərbə, xallı atları olan döyüş arabası isə cənuba tərəf gedir». 7 Qüvvətli atlar çıxıb yer üzünü dolaşmaq üçün getmək istədi. Mələk «gedin yer üzünü dolaşın» dedi. Onlar da gedib yer üzünü dolaşdı. 8 Mələk məni çağırıb dedi: «Bax şimal torpağına gedənlər orada ürəyimi rahatlandırdı».
Yeşuaya tac qoyulması
9 Mənə Rəbbin bu sözü nazil oldu: 10 «Hədiyyələri sürgündən qayıdanlardan – Babildən gələn Xelday, Toviya, Yedayadan götür və həmin gün Sefanya oğlu Yoşiyanın evinə get. 11 Onların arasından qızıl-gümüş götürüb taclar düzəlt və baş kahin Yehosadaq oğlu Yeşuanın başına qoy. 12[16] Ona söylə ki, Ordular Rəbbi belə deyir:
“Bax ‹Pöhrə› adlanan adam budur!
O olduğu yerdən qol-budaq atacaq,
Rəbbin məbədini tikəcək.
13 Bəli, Rəbbin məbədini o tikəcək.
O izzətlənəcək, taxtında oturub hökmranlıq edəcək.
Taxtının yanında kahin olacaq,
İkisinin arasında tam razılıq olacaq”.
14 Bu taclar Xeldayın, Toviyanın, Yedayanın, Sefanya oğlu Yoşiyanın xatirəsi kimi Rəbbin məbədinə qoyulacaq. 15 Uzaqda olanlar da gəlib Rəbbin məbədinin tikintisində çalışacaq. Onda biləcəksiniz ki, məni Ordular Rəbbi sizin yanınıza göndərmişdir. Əgər Allahınız Rəbbin səsinə yaxşı qulaq assanız, bunlar olacaq».
7
[redaktə]Ədalətin ibadətdən üstünlüyü
1 Padşah Daranın hakimiyyətinin dördüncü ilində, doqquzuncu ay olan Kislev ayının dördüncü günü Zəkəriyyəyə Rəbbin sözü nazil oldu. 2 O vaxt Bet-El əhalisi Sar-Eseri, Reqem-Meleki və onun adamlarını Rəbbin hüzuruna yalvarmağa göndərdi ki, 3 Ordular Rəbbinin evində olan kahinlərlə peyğəmbərlərdən «İllərlə etdiyimiz kimi beşinci ayda yenə də oruc tutub ağlayaqmı?» deyə soruşsunlar.
4 Onda mənə Ordular Rəbbinin bu sözü nazil oldu:
5 «Bütün ölkə xalqına və kahinlərə söylə:
“Yetmiş il ərzində beşinci və yeddinci aylarda
Oruc tutub yas saxladığınız zaman
Mənim üçünmü oruc tuturdunuz?
6 Yeyib-içdiyiniz zaman
Özünüz üçün yeyib-içmirdinizmi?”
7 Yerusəlim əmin-amanlıq içində yaşayarkən, ətrafındakı şəhərlər, Negev və yamaclı-düzənlikli bölgədə insanlar sakin olarkən Rəbb indi dediyi bu sözləri əvvəlki peyğəmbərlər vasitəsilə söyləməmişdimi?»
8 Zəkəriyyəyə Rəbbin bu sözü nazil oldu:
9 «Ordular Rəbbi belə deyir:
“Düzgün və ədalətlə mühakimə edin.
Hər kəs bir-birinə məhəbbət və mərhəmət göstərsin.
10 Dul qadına, yetimə, qəribə və yoxsula zülm etməyin.
Ürəyinizdə bir-birinizə qarşı pis niyyətlər tutmayın”.
11 Ancaq onlar eşitməkdən boyun qaçırdı, inadkarlıqla arxa çevirdi, eşitməmək üçün qulaqlarını bağladı. 12 Ordular Rəbbinin Öz Ruhu ilə əvvəlki peyğəmbərlər vasitəsilə göndərdiyi qanunu və nəsihətləri eşitməmək üçün ürəklərini almaz kimi sərtləşdirdilər. Buna görə də Ordular Rəbbi onlara çox qəzəbləndi. 13 Ordular Rəbbi deyir: “İndi ki Mən onları çağıranda qulaq asmadılar, onlar da çağıranda Mən qulaq asmayacağam. 14 Onları qasırğa kimi tanımadıqları millətlərin arasına səpələdim. Arxada qoyduqları torpaq elə viran qaldı ki, oraya gedib-gələn olmadı. Gözəl torpaq xaraba qaldı”».
8
[redaktə]Allahın Yerusəlimə xeyir-duası
1 Mənə Ordular Rəbbinin bu sözü nazil oldu: 2 Ordular Rəbbi belə deyir: «Sion üçün böyük qısqanclıq duyuram. Bəli, onu çox qısqanıram». 3 Rəbb belə deyir: «Siona qayıtdım, artıq Yerusəlimdə yaşayacağam. Yerusəlim Həqiqət şəhəri, Ordular Rəbbinin dağı Müqəddəs dağ çağırılacaq».
4 Ordular Rəbbi belə deyir: «Yenə Yerusəlim meydanlarında qoca kişilər və qadınlar oturacaq, hər kəs yaşı çox olduğuna görə əlinə əsa alacaq. 5 Şəhərin meydanları orada oynayan oğlan və qız uşaqları ilə dolacaq».
6 Ordular Rəbbi belə deyir: «O günlər bu xalqın sağ qalanlarının gözündə bu iş qeyri-mümkün görünürsə, Mənə də belə görünməlidirmi?» bəyan edir Ordular Rəbbi. 7 «Bax Mən Öz xalqımı şərq və qərb ölkələrindən qaytaracağam» deyir Ordular Rəbbi. 8 «Mən onları gətirəcəyəm və onlar Yerusəlimdə yaşayacaq. Onlar Mənim xalqım olacaq, Mən də sədaqət və salehliklə onların Allahı olacağam».
9 Ordular Rəbbi belə deyir: «Ordular Rəbbinin evinin – məbədin tikilməsi üçün təməli qoyulan gün orada peyğəmbərlərin dediyi bu sözləri o vaxt eşidənlər, qoy qolunuza güc gəlsin. 10 O vaxtdan əvvəl insan yaxud heyvana heç bir əvəz verilmirdi. Düşmən üzündən heç kəs əmin-amanlıq içində gedib-gələ bilmirdi. Çünki adamları bir-birinin üstünə salışdırmışdım. 11 Ancaq indi bu xalqın sağ qalanları ilə əvvəlki kimi rəftar etməyəcəyəm» bəyan edir Ordular Rəbbi. 12 «Çünki əkilən toxum bəhərli olacaq: tənək bəhrəsini, torpaq məhsulunu, göylər şehini verəcək. Bunların hamısını bu xalqın sağ qalanlarına mülk olaraq verəcəyəm. 13 Sizi qurtaracağam, ey Yəhuda və İsrail nəsli. Siz necə millətlər arasında lənət hədəfi oldunuzsa, indi bərəkət qaynağı olacaqsınız. Qorxmayın, qolunuza güc gəlsin».
14 Ordular Rəbbi belə deyir: «Atalarınız Məni qəzəbləndirən zaman başınıza fəlakət gətirmək istədim və fikrimdən dönmədim» deyir Ordular Rəbbi. 15 «İndi isə Yerusəlimə və Yəhuda nəslinə yenə yaxşılıq etmək fikrindəyəm. Siz qorxmayın! 16[17] Belə edin: hər kəs öz qonşusuna həqiqəti söyləsin, əmin-amanlıq üçün şəhər darvazalarında sədaqət və ədalətlə mühakimə edin. 17 Bir-birinizə qarşı ürəyinizdə pis niyyət tutmayın, yalandan and içməkdən əl çəkin, çünki bunların hamısı Mənim nifrət etdiyim şeylərdir» bəyan edir Rəbb.
18 Mənə Ordular Rəbbinin bu sözü nazil oldu: 19 Ordular Rəbbi belə deyir: «Dördüncü, beşinci, yeddinci və onuncu ayların orucları Yəhuda xalqı üçün sevinc və şadlıq dolu gözəl bayramlar olacaq. Ancaq siz düzgünlüyü və əmin-amanlığı sevin». 20 Ordular Rəbbi belə deyir: «Hələ çoxlu xalq, çoxlu şəhərin əhalisi də gələcək. 21 Bir şəhərdə yaşayanlar başqa şəhərə gedib deyəcək: “Gəlin yola düşək, Rəbbin hüzurunda yalvaraq, Ordular Rəbbini axtaraq. Mən də gedirəm”. 22 Bir çox xalqlar və qüdrətli millətlər Ordular Rəbbini axtarmaq və Rəbbin hüzurunda yalvarmaq üçün Yerusəlimə gələcək».
23 Ordular Rəbbi deyir: «O günlərdə müxtəlif dillərdə danışan millətlərdən olan on adam bir Yəhudinin ətəyindən yapışıb “qoy sizinlə gedək, çünki Allahın sizinlə olduğunu eşitmişik” deyəcək».
9
[redaktə]İsrailin düşmənlərinə cəza
1[18] Bu xəbərdarlıq Xadrak ölkəsi və onun rahatlıq yeri Dəməşq şəhəri barəsində nazil olan Rəbbin sözüdür, çünki insanların və bütün İsrail qəbilələrinin gözü Rəbbə baxır. 2[19] Bu söz oranın sərhədində olan Xamat şəhərinə, çox tərəqqi etmiş Sur və Sidon şəhərlərinə də aiddir. 3 Sur özünə bir qala tikdi, torpaq qədər gümüş, küçə palçığı qədər saf qızıl yığdı. 4 Amma Rəbb onu qovacaq, dənizdəki gücünü yox edəcək, od onu yandırıb-yaxacaq. 5[20] Aşqelon bunu görüb qorxacaq, Qəzzə də çox ağrı çəkəcək, Eqron da eləcə, çünki ümidi sönəcək. Qəzzədə padşah olmayacaq, Aşqelon sakinsiz qalacaq. 6 Aşdodda bic doğulanlar yaşayacaq, Filiştlilərin qürurunu qıracağam. 7 Ağızlarından qanı daman əti, dişlərinin arasından haram yeməkləri alacağam. Onların sağ qalanları Allahımıza məxsus olub Yəhudanın bir nəsli kimi olacaq. Eqronlular da Yevuslular kimi olacaq. 8 Hücum edən ordulara qarşı evimin ətrafında ordugah quracağam. Heç bir istilaçı daha xalqımın üzərinə tökülməyəcək. Çünki artıq xalqıma Mən keşik çəkirəm.
Rəbbin vədi
9[21] Ey Sion qızı, böyük sevinclə coş,
Ey Yerusəlim qızı, hayqır!
Bax padşahın sənə tərəf gəlir.
O ədalətli və xilaskardır.
O itaətkardır və bir eşşəyə –
Eşşəyin balası olan sıpaya minib gəlir.
10[22] Döyüş arabalarını Efrayimdən,
Atları Yerusəlimdən uzaqlaşdıracağam.
Döyüş kamanları qırılacaq.
Padşahınız millətlərə sülh elan edəcək.
Onun hökmranlığı dənizdən dənizə,
Çaydan yer üzünün qurtaracağınadək hər yerə uzanacaq.
11 Sizə gəlincə, əhd qurbanının qanından ötrü
Sürgündəki xalqınızı
Susuz quyudan çıxarıb xilas edəcəyəm.
12 Qalanıza qayıdın,
Ey ümid edən əsirlər!
Bu gün sizə bildirirəm ki,
Sizə zəhmətinizin ikiqat əvəzini verəcəyəm.
13 Yəhudanı Özüm üçün kaman kimi çəkəcəyəm,
Efrayimi ox kimi ona qoyacağam.
Ey Sion, övladlarını
Yunan övladlarının üstünə qaldıracağam.
Səni bir döyüşçü qılıncı tək edəcəyəm.
14 Onda Rəbb xalqının üzərində görünəcək,
Onun oxu şimşək kimi çaxacaq.
Xudavənd Rəbb şeypur çalacaq,
Cənub qasırğaları ilə irəli gedəcək.
15 Onları Ordular Rəbbi qoruyacaq.
Düşmənlərini tələf edəcəklər,
Sapand daşları ilə qırıb-çatacaqlar.
Onların qanını şərab kimi içib hay-küy salacaqlar.
Qurban qanı tökülən qablar kimi,
Qurbangahın künc-bucaqları kimi
Qanla dolu olacaqlar.
16 O gün özlərinin Allahı Rəbb
Xalqının sürüsü kimi onları xilas edəcək.
Onlar Onun torpağında
Tac daş-qaşı kimi parıldayacaq.
17 Necə yaraşıqlı, necə gözəl olacaqlar!
Oğlanlar taxılla,
Qızlar təzə şərabla gücə gələcək.
10
[redaktə]Yəhudanın xilası
1 Yaz yağışı mövsümündə
Rəbdən, şimşək çaxdıran Rəbdən
Yağış istəyin.
O, insanlara bolluca yağış və
Hər kəsin tarlasına ot verəcək.
2[23] Ancaq ev bütlərindən alınan vədlər boş şeydir.
Falçılar boş görüntülər görür,
Mənasız yuxular danışaraq
Əbəs yerə təsəlli verir.
Buna görə də xalq sürü kimi dağınıqdır,
Zəhmət çəkirlər, çünki bir çoban yoxdur.
3 Rəbb deyir:
«Çobanlara qarşı qəzəbim alovlandı,
Başçılarına cəza verəcəyəm.
Ordular Rəbbi Öz sürüsü olan
Yəhuda nəslinin qayğısını çəkəcək.
Onlar əzəmətli döyüş atları kimi olacaq.
4 Künc daşı, çadır payası,
Döyüş kamanı ondan olacaq.
Bütün xalq başçıları ondan çıxacaq.
5 Onlar döyüşdə
Düşməni küçələrdə palçıqda tapdalayan
İgidlər kimi olacaq,
Rəbb onlarla olduğu üçün döyüşəcəklər,
Süvariləri utandıracaqlar.
6 Yəhuda nəslini qüvvətləndirəcəyəm,
Yusif xalqını qurtaracağam.
Sürgündən geri qaytaracağam,
Çünki onlara acıyıram.
Elə edəcəyəm ki, sanki onları
Heç əvvəlcədən rədd etməmişəm.
Çünki Mən onların Allahı Rəbbəm,
Onlara cavab verəcəyəm.
7 Efrayimlilər igidlər kimi olacaq,
Şərab içmiş kimi ürəkləri coşacaq.
Övladları bunu görüb sevinəcək,
Ürəkləri Rəbdə sevinc tapacaq.
8 Fit çalıb onları toplayacağam,
Çünki Mən onları satın almışam.
Əvvəllər necə çoxalırdılarsa,
İndi də eləcə çoxalacaqlar.
9 Onları xalqlar arasına səpələdimsə də,
Uzaq ölkələrdə Məni yada salacaqlar.
Övladları ilə birgə sağ qalacaq və
Geri qayıdacaqlar.
10 Mən onları yenə Misir ölkəsindən gətirəcək,
Aşşurdan toplayacağam.
Onları Gilead torpağına,
Livana gətirəcəyəm.
Onlara kifayət qədər yer tapılmayacaq.
11 Əziyyət dənizindən keçəcəklər,
Dənizin dalğaları sakitləşəcək,
Nilin bütün dərin suları quruyacaq.
Aşşurun qüruru alçaldılacaq,
Misirin padşahlıq əsası əlindən düşəcək.
12 Onları Rəbdə qüvvətləndirəcəyəm,
Onlar da Rəbbin adı ilə yaşayacaq»
Rəbb belə bəyan edir.
11
[redaktə]1 Ey Livan, qapılarını aç ki,
Od sənin sidr ağaclarını yandırıb-yaxsın.
2 Ey şam ağacı, fəryad et,
Çünki sidr ağacı yıxıldı,
Hündür ağaclar məhv oldu.
Fəryad edin, ey Başan palıdları,
Qalın meşənin ağacları böyrü üstə aşdı.
3 Çobanların fəryadını eşit,
Çünki onların fəxr etdikləri
Otlaqları məhv oldu.
Cavan aslanların nəriltisinə qulaq as,
Çünki İordan çayının kənarındakı sıx meşə yox oldu.
İki çoban
4 Allahım Rəbb belə deyir: «Kəsmək üçün ayrılmış sürünü sən otar. 5 O sürünün qoyunlarını alanlar onları kəssə də, təqsirsiz qalır. Onları satanlar isə “Rəbbə alqış olsun ki, dövlətli oldum” deyir. Çobanlar öz sürülərinə acımır. 6 Mən də daha ölkədə yaşayan xalqa acımayacağam» bəyan edir Rəbb. «Hər kəsi öz qonşusuna və padşahına təslim edəcəyəm. Ölkəni dağıdacaqlar, Mən də xalqı əllərindən qurtarmayacağam.
7 Buna görə də kəsmək üçün ayrılmış sürünün zəiflərini otardım. Özümə iki dəyənək götürdüm, birini “Lütf”, o birini isə “Birlik” adlandırdım və sürünü otarmağa başladım. 8 Bircə ayın içində üç çobanı işdən qovdum, çünki onların əlindən təngə gəlmişdim, onların da Məndən zəhləsi gedirdi. 9 Sonra sürüyə dedim: “Daha sizi otarmayacağam. Ölən ölsün, kəsilən kəsilsin, yerdə qalanlar da bir-birlərinin ətini yesin”. 10 Sonra “Lütf” adlı dəyənəyimi götürdüm və bütün xalqlarla bağladığım əhdi pozmaq üçün onu qırdım. 11 Beləcə əhd o gün pozuldu. Sürünün Mənə qulaq asan zəifləri bunun Rəbbin sözü olduğunu anladı. 12[24] Mən onlara dedim: “Əgər bu sizə xoşdursa, Mənim muzdumu verin, əgər belə deyilsə, verməyin”. Onlar Mənə muzd olaraq otuz gümüş verdi. 13 Rəbb Mənə dedi: “Onların Məni qiymətləndirdiyi bu yüksək muzdu dulusçuya at”. Beləcə otuz gümüşü götürüb Rəbbin məbədində olan dulusçuya atdım. 14 Sonra Yəhuda ilə İsrail arasındakı qardaşlığı pozmaq üçün “Birlik” adlı o biri dəyənəyimi də qırdım.
15 Rəbb mənə dedi: “Yenə ağılsız bir çobanın əşyalarını özün üçün götür. 16 Mən ölkəyə elə bir çoban qoyacağam ki, oğurlananlara baxmayacaq, itmişləri axtarmayacaq, xəstələri sağaltmayacaq, sağlamları bəsləməyəcək. Ancaq kök qoyunların ətini yemək, pəncələrini kəsməklə məşğul olacaq.
17 Sürünü tərk edən yaramaz çobanın vay halına!
Qılınc onun qolunu və sağ gözünü vursun!
Qoy onun qolu qurusun, sağ gözü kor olsun!”»
12
[redaktə]Yerusəlimin xilas edilməsi
1 Bu xəbərdarlıq İsrail barədə nazil olan Rəbbin sözüdür: göyləri yayan, yerin təməlini qoyan, insanın içindəki ruha şəkil verən Rəbb belə bəyan edir: 2 «Bax Yerusəlimi ətrafındakı bütün xalqları səndələdən şərab dolu kasa edəcəyəm. Yerusəlim kimi Yəhuda da mühasirəyə alınacaq. 3 O gün Yerusəlimi bütün xalqlar üçün ağır bir daş edəcəyəm. Onu qaldıranların hamısı ağır yaralanacaq. Dünyanın bütün millətləri ona qarşı birləşəcək. 4 O gün hər atı dəhşətə, süvarisini dəliliyə düçar edəcəyəm» bəyan edir Rəbb, «Mən Yəhuda nəslinə göz qoyacağam, amma o biri xalqların bütün atlarını kor edəcəyəm. 5 Onda Yəhuda başçıları ürəklərində deyəcək: “Özlərinin Allahı Ordular Rəbbinin ucbatından Yerusəlimdə yaşayanlar mənim üçün qüvvə olub”.
6 O gün Yəhuda başçılarını odunların arasında yanan bir manqal, dərzlərin ortasında alovlanan bir məşəl kimi edəcəyəm. Hər tərəfdə – sağda və solda olan bütün xalqları yandırıb məhv edəcəklər. Yerusəlimlilər isə yenə öz şəhərlərində yaşayacaq.
7 Mən Rəbb əvvəlcə Yəhuda xalqının məskənlərini qurtaracağam. Ona görə ki Davud nəsli və Yerusəlimdə yaşayanlar Yəhudadan çox şərəfli olmasın. 8 Mən Rəbb o gün Yerusəlimdə yaşayanları qoruyacağam. O gün onların arasında ən gücsüz adam Davud kimi, Davud nəsli isə Allah kimi, onlara başçılıq edən Rəbbin mələyi kimi olacaq. 9 O gün Yerusəlimə hücum etmək üçün gələn bütün millətləri məhv etməyə çalışacağam.
10[25] Davud nəsli və Yerusəlimdə yaşayanların üzərinə lütf və yalvarış ruhunu tökəcəyəm. Onlar Mənə – bədənini deşdikləri şəxsə baxacaq və vahid oğluna yas tutan adam kimi ona yas tutacaq, ilk oğlu üçün dərd çəkən adam kimi dərd çəkəcək. 11[26] O gün Yerusəlimdə böyük matəm olacaq, Megiddo düzənliyində, Hadad-Rimmonda olduğu kimi böyük matəm olacaq. 12 Ölkədə hər nəsil öz içində yas tutacaq: Davud nəsli ayrı, qadınları ayrı, Natan nəsli ayrı, qadınları ayrı, 13 Levi nəsli ayrı, qadınları ayrı, Şimey nəsli ayrı, qadınları ayrı yas tutacaq. 14 Bütün qalan nəsilləri ayrı-ayrı, qadınları isə ayrı yas tutacaq.
13
[redaktə]Günahdan təmizlənmə
1 O gün Davud nəslini və Yerusəlimdə yaşayanları günahdan və murdarlıqdan təmizləmək üçün bir bulaq açılacaq. 2 O gün ölkədən bütlərin adını birdəfəlik siləcəyəm, onlar bir daha xatırlanmayacaq. Yalançı peyğəmbərləri də, natəmiz ruhu da ölkədən uzaqlaşdıracağam» bəyan edir Ordular Rəbbi. 3 «Əgər kimsə yenə peyğəmbərlik etsə, onu dünyaya gətirmiş ata-anası ona deyəcək: “Sən yaşaya bilməzsən, çünki Rəbbin adı ilə yalan söyləmisən”. Sonra isə peyğəmbərlik edəndə öz ata-anası onun bədənini deşəcək. 4 O gün hər peyğəmbər peyğəmbərlik edərkən ona nazil olan görüntüdən utanacaq. O daha insanları aldatmaq üçün tüklü paltar geyməyəcək. 5 O deyəcək: “Mən peyğəmbər deyiləm, əkinçiyəm. Cavanlığımda bir adam məni özünə qul etdi”.
6 O biri ondan soruşacaq: “Bəs sinəndəki bu yaralar nədir?” O isə “dostlarımın evində aldığım yaralardır” deyəcək.
Çobanın həlakı
7[27] Oyan, ey qılınc,
Çobanımın, yaxınımın üstünə get»
Bəyan edir Ordular Rəbbi.
«Çobanı vur,
Qoyunları pərən-pərən olsun.
Mən də əlimi kiçiklərə qarşı qaldıracağam.
8 Bütün ölkədə
Xalqın üçdə ikisi vurulub-öldürüləcək,
Üçdə biri isə sağ qalacaq»
Bəyan edir Rəbb.
9 «Qalan üçdə birini oda salacağam,
Onları gümüşü təmizləyən kimi təmizləyəcəyəm.
Qızılı yoxlayan kimi yoxlayacağam.
Onlar Mənim adımı çağıracaq,
Mən də onlara cavab verib
“Bunlar Mənim xalqımdır” deyəcəyəm,
Onlar da “Rəbb Allahımızdır” deyəcək.
14
[redaktə]Allahın padşahlığı
1 Budur, Rəbbin günü gəlir! Ey Yerusəlim xalqı, sənin qarət olunmuş mallarını gözlərin önündə bölüşdürəcəklər. 2 Mən bütün millətləri Yerusəlimə qarşı müharibə etmək üçün toplayacağam. Şəhər ələ keçiriləcək, evlər qarət ediləcək, qadınlara təcavüz ediləcək. Şəhər əhalisinin yarısı sürgünə göndəriləcək, amma qalanların şəhərdən kökü kəsilməyəcək. 3 O zaman Rəbb çıxıb müharibə günündə necə döyüşdüsə, eləcə o millətlərə qarşı döyüşəcək. 4 O gün Onun ayaqları Yerusəlimin önündə – şərq tərəfində olan Zeytun dağının üzərində duracaq. Zeytun dağı şərqə və qərbə doğru ortadan yarılıb çox böyük bir vadi olacaq. Dağın yarısı şimala, yarısı cənuba çəkiləcək. 5 Siz isə dağlarımdakı vadi ilə qaçacaqsınız, çünki dağlardakı vadi Aselə qədər uzanacaq. Yəhuda padşahı Uzziyanın dövründə zəlzələ olarkən necə qaçdınızsa, eləcə qaçacaqsınız. O zaman Allahım Rəbb bütün müqəddəslərlə birgə gələcək.
6 O gün işıq olmayacaq, işıq verən göy cisimləri qaralacaq. 7 Yalnız Rəbbin bildiyi xüsusi bir gün olacaq. Gecə də, gündüz də olmayacaq. Axşam vaxtı işıqlı olacaq. 8[28] O gün Yerusəlimdən həyat verən sular axacaq. Suların yarısı Şərq dənizinə, yarısı isə Qərb dənizinə[29] axacaq. Yayda da, qışda da belə olacaq.
9 Rəbb bütün dünyanın padşahı olacaq. O gün yalnız Rəbb və Onun adı ucalacaq. 10 Bütün ölkə Gevadan Yerusəlimin cənubundakı Rimmona qədər Arava düzənliyi kimi olacaq. Amma Yerusəlim yüksəklikdə olacaq, Binyamin darvazasından ilk darvazanın yerinə, Künc darvazasına, Xananel qülləsindən padşahın üzümsıxanlarına qədər öz yerində duracaq. 11[30] İnsanlar orada sakin olub asayiş içində yaşayacaq. Yerusəlim bir daha məhvə düçar olmayacaq.
12 Yerusəlimə hücum edən bütün xalqları Rəbb bu bəla ilə cəzalandıracaq. Ayaq üstə olanda bədənləri, hədəqələrindəki gözləri, ağızlarındakı dilləri çürüyəcək. 13 O gün Rəbb onları böyük təlaşa düçar edəcək. Hər kəs qonşusunun əlini tutacaq, bir-birinin üstünə hücum çəkəcək. 14 Yəhudalılar da Yerusəlimdə vuruşacaq. Ətrafdakı bütün millətlərin sərvəti, çoxlu miqdarda qızıl, gümüş və paltar toplanacaq. 15 Düşmən ordugahlarındakı bütün heyvanlar da – atlar, qatırlar, dəvələr və eşşəklər bu cür bəlaya düçar olacaq.
16 Yerusəlimə hücum edən millətlərdən sağ qalanların hamısı Ordular Rəbbi olan Padşaha səcdə etmək və Çardaqlar bayramını keçirmək üçün hər il Yerusəlimə gedəcək. 17 Əgər yer üzündəki nəsillərdən hansısa Ordular Rəbbi olan Padşaha səcdə etmək üçün Yerusəlimə getməsə, onun ölkəsinə yağış yağmayacaq. 18 Misirlilər nəsli Yerusəlimə getməsə, onların torpağı suvarılmayacaq. Rəbb onlara da Çardaqlar bayramını keçirmək üçün Yerusəlimə getməyən bütün millətlərə verdiyi cəzanı verəcək. 19 Misirlilərə və Çardaqlar bayramını keçirmək üçün Yerusəlimə getməyən bütün millətlərə belə cəza veriləcək.
20 O gün atların zınqırovları üzərinə “Rəbbə həsr edilmiş” sözləri yazılacaq. Rəbbin evindəki qazanlar da qurbangahın önündəki ləyənlər kimi olacaq. 21 Yerusəlim və Yəhudada hər qazan Ordular Rəbbinə həsr olunacaq. Qurban kəsən adamların hamısı gəlib bu qazanlardan qurban ətini bişirmək üçün istifadə edəcək. O gün Ordular Rəbbinin evində artıq Kənanlı[31] qalmayacaq».
Qeydlər
[redaktə]- ↑ Ezr. 5:1; 6:14
- ↑ Zək. 6:2-3; Vəhy 6:2,4
- ↑ Ezr. 5:2
- ↑ Vəhy 12:10
- ↑ Yəhd. 9
- ↑ Yer. 23:5; 33:15; Zək. 6:12
- ↑ Mik. 4:4
- ↑ Vəhy 4:5
- ↑ Vəhy 11:4
- ↑ Ezr. 5:2
- ↑ Vəhy 5:6
- ↑ Vəhy 11:4
- ↑ Zək. 1:8; Vəhy 6:2,4
- ↑ Vəhy 7:1
- ↑ Ruhudur – yaxud küləyidir.
- ↑ Yer. 23:5; 33:15; Zək. 3:8
- ↑ Ef. 4:25
- ↑ Yeş. 17:1-3; Yer. 49:23-27; Amos 1:3-5
- ↑ Yeş. 23:1-18; Yez. 26:1-28:26; Yoel 3:4-8; Amos 1:9-10; Mat. 11:20-22; Luka 10:13-14
- ↑ Yeş. 14:29-31; Yer. 47:1-7; Yez. 25:15-17; Yoel 3:4-8; Amos 1:6-8; Sef. 2:4-7
- ↑ Mat. 21:4-5; Yəh. 12:14-15
- ↑ Zəb. 72:8
- ↑ Say. 27:17; 1Pad. 22:17; 2Saln. 18:16; Yez. 34:5; Mat. 9:36; Mark 6:34
- ↑ Mat. 27:9-10
- ↑ Yəh. 19:37; Vəhy 1:7
- ↑ 2Pad. 23:29; Vəhy 16:16
- ↑ Mat. 26:31; Mark 14:27
- ↑ Yez. 47:1; Yəh. 7:38; Vəhy 22:1
- ↑ Şərq dənizi – Ölü dəniz, Qərb dənizi – Aralıq dənizi.
- ↑ Vəhy 22:3
- ↑ Kənanlı – yaxud tacir.