Məzmuna keç

Bibliya/Yəhyanın Nəql Etdiyi Müjdə

Vikimənbə saytından
Lukanın Nəql Etdiyi Müjdə Bibliya. Yəhyanın Nəql Etdiyi Müjdə

Həvarilərin İşləri


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 Qeydlər

«Yəhyanın nəql etdiyi Müjdə» İsanı Allahın əbədi Kəlamı kimi təqdim edir. «Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı» (1:14).

Kitabda göstərildiyi kimi bu Müjdə elə yazılıb ki, oxucular İsanın vəd olunmuş Xilaskar və Allahın Oğlu olduğuna iman edərək Onun adı ilə həyata malik olsunlar (20:31).

İsanı Allahın əbədi Kəlamı kimi təqdim edən birinci ayələrdən sonra Müjdədə müxtəlif möcüzələr barəsində nəql edilir. Bu möcüzələr İsanın vəd olunmuş Xilaskar və Allahın Oğlu olduğunu göstərir. Bunlar göstərilən möcüzələri izah edən nitqlərlə müşayiət olunur. Kitabın bu hissəsi bəzi adamların İsaya necə inandığını və Onun ardıcılları olduğunu, digərlərininsə Ona qarşı durduğunu və Ona inanmadığını göstərir. 13-17-ci fəsillərdə isə İsanın həbs olunduğu gecə şagirdləri ilə yaxın ünsiyyəti və geniş söhbəti qələmə alınıb. İsa çarmıxa çəkilməmişdən öncə şagirdlərinə təsəlli verir və onları ruhlandırır. Son fəsillər isə İsanın həbs və məhkum olunması, çarmıxa çəkilməsi, dirilməsi və diriləndən sonra şagirdlərə görünməsini təsvir edir.

Yəhya Məsih vasitəsilə bəxş olunan əbədi həyat yolunu göstərir. Bu, İsaya yol, həqiqət və həyat kimi iman edənlərə verilir. Yəhyanın Müjdəsini fərqləndirən cəhət odur ki, su, çörək, çoban və qoyunlar, meynə və üzüm kimi ifadələrlə İsa ruhani dəyərləri açıqlayır.

Kitabın məzmunu:

  • 1:1-18 İsa Allahın Kəlamıdır
  • 1:19-51 Vəftizçi Yəhyanın şəhadəti və İsanın ilk şagirdləri
  • 2:1-12:50 İsanın ictimai xidməti
  • 13:1-19:42 İsanın Yerusəlimdəki son günləri
  • 20:1-31 Rəbbin dirilməsi və insanlara görünməsi
  • 21:1-25 Rəbbin Qalileyada təkrarən görünməsi


Allah Kəlamı

1 Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. 2 O, başlanğıcda Allahla birlikdə idi. 3 Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. 4 Həyat Onda idi və bu həyat insanların nuru idi. 5 Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi.

6[1] Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi. 7 O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. 8 O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. 9 Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. 10 O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. 11 Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. 12 Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. 13 Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.

14 Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük. 15 Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur». 16 Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq. 17 Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. 18 Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan[2] vahid Oğul Onu tanıtdı.

Yəhyanın şəhadəti (Mat. 3:1-12; Mark 1:1-8; Luka 3:1-18)

19 Yəhudi başçıları Yəhyadan «Sən kimsən?» deyə soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levililəri onun yanına göndərdilər. O zaman Yəhya belə şəhadət etdi: 20 o, düzünü deyib inkar etmədi və «mən Məsih deyiləm» deyə bəyan etdi. 21[3] Onlar Yəhyadan soruşdular: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?» Yəhya «xeyr» söylədi. 22 Sonra ona dedilər: «Bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən?» 23[4] Yəhya dedi: «Mən Yeşaya peyğəmbərin söylədiyi kimi

“Rəbbin yolunu düz edin”
deyə səhrada nida edənin səsiyəm».

24 Göndərilən bəzi fariseylər 25 Yəhyadan soruşdular: «Bəs sən Məsih, İlyas yaxud gəlməli olan peyğəmbər deyilsənsə, nə üçün vəftiz edirsən?» 26-27 Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn[5] tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 28 Bu hadisələr İordan çayının o tayında olan Bet-Anyada, Yəhyanın vəftiz etdiyi yerdə baş verdi.

29 Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur! 30 “Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Kəs budur. 31 Özüm Onu tanımırdım, amma Onun İsrailə zahir olması üçün mən su ilə vəftiz edərək gəldim». 32 Yəhya şəhadət edib dedi: «Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun üzərində qaldı. 33 Özüm Onu tanımırdım, lakin su ilə vəftiz etmək üçün məni göndərənin Özü mənə dedi: “Ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, Müqəddəs Ruhla vəftiz edən Odur”. 34 Mən də görüb “Allahın Oğlu budur” deyə şəhadət etmişəm».

İsanın ilk şagirdləri

35 Ertəsi gün yenə Yəhya orada idi. Şagirdlərinin ikisi onun yanında idi. 36 İsa yoldan keçərkən Yəhya Ona baxıb dedi: «Allah Quzusu budur!» 37 Həmin iki şagird onun sözlərini eşidib İsanın ardınca getdi. 38 İsa dönüb ardınca gəldiklərini görərək onlara «Sizə nə lazımdır?» dedi. Onlar İsaya dedi: «Rabbi, Sən harada qalırsan?» «Rabbi» «Müəllim» deməkdir. 39 İsa onlara dedi: «Mənimlə gəlin, görərsiniz». Onlar gedib İsanın harada qaldığını gördülər və həmin gün Onunla qaldılar. Onuncu saat[6] radələri idi. 40 Yəhyadan eşidib İsanın ardınca gedən iki nəfərdən biri Şimon Peterin qardaşı Andrey idi. 41 Sonra o, ilk öncə qardaşı Şimonu tapıb ona «biz Məsihi tapdıq» dedi. «Məsih» «Məsh olunmuş»[7] deməkdir. 42 Onu İsanın yanına apardı. İsa Şimona baxıb dedi: «Sən Yəhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan». Kefa isə Peter[8] deməkdir.

43 Ertəsi gün İsa Qalileyaya getmək istədi. O, Filipi tapıb ona «ardımca gəl» dedi. 44 Filip də Andrey və Peter kimi Bet-Sayda şəhərindən idi. 45 Filip Natanaeli tapıb ona dedi: «Musanın Qanunda yazdığı, peyğəmbərlərin də bəhs etdiyi Şəxsi – Yusif Oğlu Nazaretli İsanı tapdıq». 46 Natanael ona dedi: «Nazaretdən yaxşı bir şey çıxarmı?» Filip isə ona «gəl özün bax» dedi. 47 İsa Natanaelin Ona tərəf gəldiyini görüb haqqında belə dedi: «Bu, həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir». 48 Natanael «Sən məni haradan tanıyırsan?» deyə Ondan soruşdu. İsa ona cavab verdi: «Filip səni çağırmazdan əvvəl səni əncir ağacının altında gördüm». 49 Natanael Ona dedi: «Rabbi, Sən Allahın Oğlusan, İsrailin Padşahısan!» 50 İsa ona cavab verib dedi: «Səni əncir ağacının altında gördüyümü söylədiyim üçünmü Mənə iman edirsən? Sən bunlardan daha böyük şeylər görəcəksən». 51[9] Yenə ona dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu üzərinə enib-qalxdığını görəcəksiniz».

İsa suyu şəraba döndərir

1 Bunun üçüncü günü Qalileyanın Qana kəndində toy oldu. İsanın anası orada idi. 2 İsa ilə şagirdləri də toya çağırılmışdı. 3 Şərab qurtaranda anası İsaya dedi: «Şərabları qalmadı». 4 İsa dedi: «Ana, məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb». 5 Anası xidmətçilərə dedi: «Sizə nə desə, edin».

6 Yəhudilərin paklanma mərasimi üçün orada hər biri iki-üç ölçü[10] su tuta bilən altı daş küp var idi. 7 İsa xidmətçilərə dedi: «Küpləri su ilə doldurun». Onları ağzına qədər doldurdular. 8 O, xidmətçilərə dedi: «İndi bir az götürüb toyağasına aparın». Onlar da apardı. 9 Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. Toyağası bəyi çağırıb ona dedi: 10 «Hər kəs əvvəlcə əla şərabı, çox içiləndən sonra isə adi şərabı təqdim edir. Amma sən əla şərabı indiyə saxlamısan».

11 İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi. 12[11] Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə gün qaldı.

İsa satıcıları məbəddən qovur (Mat. 21:12-13; Mark 11:15-17; Luka 19:45-46)

13[12] Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi. 14 Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü. 15 İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü, 16 göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin». 17[13] Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar.

18 Sonra Yəhudi başçıları Ondan soruşdular: «Bunları etməyə ixtiyarın olduğunu bizə hansı əlamətlə göstərə bilərsən?» 19[14] İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, üç günə Mən onu təzədən quraram». 20 Onda Yəhudi başçıları dedilər: «Bu məbəd qırx altı ilə tikilib, Sən onu üç günəmi quracaqsan?» 21 Lakin İsa məbəd deyəndə Öz bədənini nəzərdə tuturdu. 22 İsa ölülər arasından dirildiyi zaman şagirdləri Onun bu sözləri söylədiyini xatırladılar, Müqəddəs Yazıya və İsanın söylədiyi sözə inandılar.

23 İsa Pasxa bayramı zamanı Yerusəlimdə olanda göstərdiyi əlamətləri görən bir çox adam Onun adına iman etdi. 24 Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvənməzdi. 25 Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, çünki insanın ürəyindən keçənləri bilirdi.

İsa və Nikodim

1 Fariseylər arasında Nikodim adlı bir Yəhudi rəhbəri var idi. 2 O, gecə ikən İsanın yanına gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz». 3 İsa ona cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz». 4 Nikodim Ondan soruşdu: «Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi?» 5 İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz. 6 Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur. 7 Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə. 8 Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir». 9 Nikodim «Bu şeylər necə ola bilər?» deyə soruşdu. 10 İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi? 11 Doğrusunu, doğrusunu sənə deyirəm: biz bildiyimizi söyləyirik, gördüyümüzə şəhadət edirik, amma siz bizim şəhadətimizi qəbul etmirsiniz. 12 Əgər Mən sizə yerdəki işlərdən danışanda inanmırsınızsa, göydəki işlərdən danışsam, necə inanacaqsınız? 13 Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş[15] Bəşər Oğlu orada olub. 14[16] Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, 15 Ona iman edən hər kəs əbədi həyata[17] malik olsun».

16 Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. 17 Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi. 18 Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib. 19 Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. 20 Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz.[18] 21 Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun.

Yəhyanın İsa barədə şəhadəti

22 Bundan sonra İsa və Onun şagirdləri Yəhudeya diyarına gəldilər. İsa bir müddət onlarla orada qalıb vəftiz edirdi. 23 Yəhya da Şalim yaxınlığındakı Aynonda vəftiz edirdi, çünki orada çoxlu su var idi. Adamlar da gəlib vəftiz olunurdu. 24[19] Yəhya hələ zindana salınmamışdı.

25 Bu zaman Yəhyanın şagirdləri ilə bir Yəhudi[20] arasında paklanma barədə mübahisə düşdü. 26 Şagirdləri Yəhyanın yanına gəlib dedilər: «Rabbi, İordanın o tayında sənin yanında olan və barəsində şəhadət etdiyin Şəxs indi Özü vəftiz edir və hamı Onun yanına gəlir». 27 Yəhya cavabında dedi: «İnsana göydən verilməsə, o heç nə ala bilməz. 28[21] “Mən Məsih deyiləm, ancaq Ondan əvvəl göndərilmişəm” sözümə özünüz şahidsiniz. 29 Gəlin kimindirsə, bəy odur. Amma bəyi gözləyərək ona qulaq asan sağdışı bəyin səsini eşidib çox sevinir. Mənim sevincim beləcə tam oldu. 30 İndi Ona böyümək, mənə kiçilmək gərəkdir».

31 Yuxarıdan Gələn hamıdan üstündür. Yer üzündən olan yerə məxsusdur və yer barədə danışar, göydən Gələnsə hamıdan üstündür. 32 Nə görüb-eşidibsə, ona şəhadət edər, amma şəhadətini heç kəs qəbul etməz. 33 Onun şəhadətini qəbul edən kəs Allahın haqq olduğuna möhür basıb. 34 Ona görə ki Allahın göndərdiyi Şəxs Allahın sözlərini söyləyər. Çünki Allah Ruhu hədsiz verir. 35[22] Ata Oğulu sevir və hər şeyi Onun ixtiyarına verib. 36 Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır.

İsa və Samariyalı qadın

1 Fariseylər İsanın Özünə Yəhyadan daha çox şagird toplayıb vəftiz etdiyi barədə eşitdilər; 2 əslində İsanın Özü deyil, şagirdləri vəftiz edirdi. 3 İsa bundan xəbər tutan kimi Yəhudeyanı tərk edib Qalileyaya qayıtdı. 4 Onun yolu Samariyadan keçirdi. 5[23] O, Yaqubun öz oğlu Yusifə verdiyi torpağa yaxın olan Samariyanın Sixar adlanan şəhərinə gəldi. 6 Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat[24] radələri idi.

7 Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə su ver, içim» dedi. 8 Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi. 9[25] Samariyalı qadın Ona dedi: «Sən bir Yəhudisən, mənsə Samariyalı bir qadın. Sən necə məndən su istəyə bilərsən?» Çünki Yəhudilər Samariyalılarla ünsiyyət etmir. 10[26] İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi». 11 Qadın Ona dedi: «Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərindir. Bəs o həyat suyunu haradan götürəcəksən? 12 Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?» 13 İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar, 14 amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək». 15 Qadın Ona dedi: «Ağa, bu suyu mənə ver ki, mən heç vaxt susamayım və su çəkmək üçün buraya gəlməyim».

16 İsa qadına «get ərini çağır və buraya gəl» dedi. 17 Qadın da Ona «ərim yoxdur» söylədi. İsa ona dedi: «“Ərim yoxdur” deməklə düz söylədin, 18 çünki beş kişin olub, indi səninlə yaşayan da ərin deyil, sən bunu düz söylədin». 19 Qadın Ona dedi: «Ağa, görürəm ki, Sən peyğəmbərsən. 20 Bizim ata-babalarımız bu dağda ibadət edirdi, amma siz deyirsiniz ki, ibadət etmək üçün lazımi yer Yerusəlimdədir». 21 İsa ona dedi: «Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. 22 Siz bilmədiyinizə ibadət edirsiniz, bizsə bildiyimizə ibadət edirik, çünki xilas Yəhudilərdəndir. 23 Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır. 24 Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir». 25 Qadın Ona dedi: «Bilirəm ki, “Məsih” deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək». 26 İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm».

27 Bu arada İsanın şagirdləri gəldilər və Onun bir qadınla söhbət etməsinə heyrətləndilər, ancaq heç biri «Nə istəyirsən?» yaxud «Niyə o qadınla danışırsan?» demədi. 28 Bu zaman qadın səhəngini yerə qoydu və şəhərə gedib adamlara dedi: 29 «Gəlin, etdiyim bütün əməlləri mənə söyləyən Adamı görün. Bəlkə elə Məsih Odur?» 30 Adamlar da şəhərdən çıxıb İsanın yanına gəldilər.

31 Bu arada şagirdlər «Rabbi, yemək ye» deyə Ondan xahiş etdilər. 32 Lakin İsa onlara dedi: «Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz». 33 Onda şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birindən soruşdular. 34 İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır. 35[27] Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır. 36 Əkən də, biçən də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul toplayır. 37 Bu işlə bağlı “biri əkər, biri biçər” ifadəsi doğru deyilib. 38 Mən sizi zəhmətini çəkmədiyiniz bir məhsulu biçməyə göndərdim. Başqaları zəhmət çəkdi, sizsə onların zəhmətindən bəhrələndiniz».

39 «Etdiyim bütün əməlləri mənə söylədi» deyə şəhadət edən qadının sözünə görə o şəhərdən olan Samariyalıların bir çoxu İsaya iman etdi. 40 Sonra Samariyalılar İsanın yanına gəlib Ondan xahiş etdilər ki, onların yanında qalsın. İsa da iki gün orada qaldı. 41 Daha çox adam da İsanın sözünə görə iman etdi. 42 Onlar qadına deyirdilər: «Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib bildik ki, həqiqətən, dünyanın Xilaskarı[28] Budur».

43 İsa iki gündən sonra oranı tərk edib Qalileyaya tərəf yola düşdü. 44[29] Çünki peyğəmbərin öz yurdunda hörməti olmadığı barədə İsa Özü bir vaxt şəhadət etmişdi. 45[30] İndi Qalileyaya gələndə Qalileyalılar Onu qəbul etdi, çünki onlar da bayram zamanı Yerusəlimə gəlib Onun orada etdiyi hər şeyi görmüşdülər.

Məmur oğlunun şəfa tapması

46[31] Beləcə İsa suyu şəraba çevirdiyi Qalileyanın Qana kəndinə yenə gəldi. Kefernahumda hökmdarın bir məmuru var idi. Onun oğlu xəstələnmişdi. 47 O, İsanın Yəhudeyadan Qalileyaya gəldiyini eşidib yanına getdi və Ondan xahiş etdi ki, gəlib oğlunu sağaltsın, çünki oğlu ölüm ayağında idi. 48 Onda İsa ona dedi: «Siz əlamətlər və xariqələr görməyincə iman etməyəcəksiniz». 49 Hökmdarın məmuru Ona dedi: «Ağa, uşağım ölməzdən qabaq gəl!» 50 İsa ona «get, oğlun sağ-salamatdır» dedi. O adam da İsanın sözünə inanıb getdi. 51 Evə gələrkən qulları onu qarşılayaraq oğlunun sağ-salamat olduğunu söylədilər. 52 Oğlunun nə vaxt yaxşılaşdığını qullarından soruşdu, onlar da dedilər: «Dünən yeddinci saatda[32] qızdırması düşdü». 53 O zaman ata başa düşdü ki, İsa elə həmin vaxt ona «oğlun sağ-salamatdır» demişdi. Onda özü də, bütün ev əhli də İsaya iman etdi. 54 Bu, İsanın göstərdiyi ikinci əlamət idi. Onu Yəhudeyadan Qalileyaya gələndə etmişdi.

Hovuz kənarındakı xəstənin şəfa tapması

1 Bu hadisələrdən sonra Yəhudilərin bir bayramı oldu və İsa Yerusəlimə getdi. 2 Yerusəlimdəki Qoyun darvazasının yanında, ibranicə Bet-Xasda adlanan beş eyvanlı bir hovuz var. 3 Bu eyvanlarda çoxlu xəstə, kor, topal və iflic adam yatardı. 4[33] 5 Otuz səkkiz il xəstə olan bir adam da orada idi. 6 İsa onun yatdığını görəndə çoxdan xəstə olduğunu bilərək ondan soruşdu: «Sağalmaq istəyirsənmi?» 7 Xəstə Ona cavab verdi: «Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca başqası məndən əvvəl oraya enir». 8 İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!» 9 O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi.

O gün Şənbə günü idi. 10[34] Buna görə də Yəhudi başçıları şəfa tapan adama dedilər: «Bu gün Şənbə günüdür, döşəyini daşımaq sənə qadağandır». 11 O adam onlara cavab verdi: «Məni sağaldan Şəxs mənə “döşəyini götür və yeri” dedi». 12 Ondan soruşdular: «Sənə “götür və yeri” deyən Adam kimdir?» 13 Lakin sağalan adam Onun kim olduğunu bilmirdi, çünki İsa o yerdə olan izdihama qarışmışdı. 14 Bir az sonra İsa məbəddə həmin adamı tapıb dedi: «Bax sən sağaldın, bir də günah etmə ki, başına daha pis iş gəlməsin». 15 O adam gedib onu sağaldan Şəxsin İsa olduğunu Yəhudi başçılarına bildirdi. 16 Buna görə Yəhudi başçıları İsanı təqib etməyə başladılar,[35] çünki bunları Şənbə günü edirdi. 17 Lakin İsa onlara dedi: «Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm». 18 Bundan sonra Yəhudi başçıları daha da səylə Onu öldürməyə çalışırdılar, çünki İsa yalnız Şənbə gününü pozmadı, həm də Allahın Öz Atası olduğunu söyləyərək Özünü Allaha bərabər saydı. İsanın səlahiyyəti

19 Beləcə İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər. 20 Ona görə ki Ata Oğulu sevir və Özünün etdiyi hər şeyi Ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz heyrətlənəsiniz. 21 Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir. 22 Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki, 23 hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir.

24 Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. 25 Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq. 26 Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi. 27 Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur. 28 Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib 29[36] qəbirlərindən çıxacaq, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik edənlərsə hökm üçün diriləcək.

30 Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir.

İsaya şəhadət

31 Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı. 32 Lakin Mənim barəmdə şəhadət edən başqasıdır və Mənim barəmdə etdiyi şəhadətin etibarlı olduğunu bilirəm. 33[37] Siz Yəhyanın yanına adamlar göndərdiniz və o, həqiqətə şəhadət etdi. 34 Lakin insandan şəhadət qəbul etdiyim üçün deyil, yalnız sizin xilas olmağınız üçün bunları söyləyirəm. 35 Yəhya yanan və nur saçan bir çıraq idi, siz bir müddət onun işığında sevinmək istədiniz. 36 Amma Mənim barəmdə olan şəhadət Yəhyanın şəhadətindən üstündür. Çünki Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər – indi etdiyim bu işlər Mənim barəmdə şəhadət edir ki, Ata Məni göndərib. 37[38] Məni göndərən Atanın Özü də Mənim barəmdə şəhadət etdi. Siz heç vaxt nə Onun səsini eşitmisiniz, nə də surətini görmüsünüz. 38 Onun kəlamının da sizdə qalmasına imkan vermirsiniz, çünki Onun göndərdiyi Şəxsə inanmırsınız. 39 Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir, 40 sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz.

41 İnsanlardan izzət qəbul etmirəm. 42 Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah məhəbbəti yoxdur. 43 Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz. 44 Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz? 45 Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham edən ümid bağladığınız Musadır. 46 Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb. 47 Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?»

İsa beş min nəfəri doydurur (Mat. 14:13-21; Mark 6:30-44; Luka 9:10-17)

1 Bu hadisələrdən sonra İsa Qalileya – Tiberiya gölünün o biri sahilinə keçdi. 2 Böyük bir izdiham Onun ardınca gedirdi, çünki Onun xəstələrlə göstərdiyi əlamətləri görürdü. 3 İsa dağa çıxıb şagirdləri ilə oturdu. 4 Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı.

5 İsa başını qaldıraraq böyük bir izdihamın yanına gəldiyini görüb Filipə dedi: «Haradan çörək alıb bu adamları yedirək?» 6 Bu sözləri onu sınamaq məqsədi ilə söylədi, çünki Özü nə edəcəyini bilirdi. 7 Filip Ona cavab verdi: «Bunlara iki yüz dinarlıq[39] çörək də çatmaz ki, hərəsi bir tikə yemək yesin». 8 Şagirdlərindən biri olan Şimon Peterin qardaşı Andrey Ona dedi: 9 «Burada beş kiçik arpa çörəyi ilə iki balığı olan bir oğlan var, amma bu qədər adam üçün bunlar nədir ki?» 10 İsa «xalqı yerə oturdun» dedi. Ora otla örtülmüşdü. Xalq da oturdu. Kişilərin sayı beş minə yaxın idi. 11 O zaman İsa çörəkləri götürüb şükür edərək balıqlarla birgə, oturanlara[40] – hər kəsə istədiyi qədər payladı. 12 Onlar yeyib-doyandan sonra İsa şagirdlərinə dedi: «Artıq qalan hissələri toplayın ki, heç bir şey zay olmasın». 13 Bunları topladılar və beş arpa çörəyini yeyənlərin qabağından qalan hissələrdən on iki zənbil doldurdular. 14 O zaman İsanın göstərdiyi əlaməti görən adamlar «Həqiqətən, dünyaya gəlməli olan peyğəmbər Budur!» deyirdi. 15 İsa bildi ki, adamlar gəlib Onu padşah etmək üçün zorla aparmağa hazırlaşır, buna görə də təkbaşına dağa çəkildi.

İsa suyun üstü ilə yeriyir (Mat. 14:22-33; Mark 6:45-52)

16 Axşam çatanda İsanın şagirdləri gölə enib 17 bir qayığa mindilər. Onlar gölün o biri sahilində olan Kefernahuma gedirdilər. Qaranlıq düşmüşdü, amma İsa hələ onların yanına gəlməmişdi. 18 Güclü külək əsdiyindən göl dalğalanırdı. 19 Onlar beləcə avar çəkib iyirmi beş ya otuz stadi[41] gedəndən sonra gördülər ki, İsa gölün üstü ilə yeriyir və qayığa yaxınlaşır. Qorxdular, 20 amma İsa onlara «Mənəm, qorxmayın» dedi. 21 Onda şagirdlər Onu məmnunluqla qayığa götürdülər. Sonra qayıq o andaca getdikləri sahilə çatdı.

22 Ertəsi gün gölün o biri sahilində qalan xalq başa düşdü ki, orada yalnız bir qayıq[42] olub, İsa Öz şagirdləri ilə həmin qayığa minməyib, şagirdləri Onsuz gedib. 23 O arada Tiberiyadan digər qayıqlar Rəbb şükür edəndən sonra yemək yedikləri yerin yaxınlığına gəldilər. 24 Beləcə xalq İsanın da, şagirdlərinin də orada olmadığını görüb qayıqlara minərək İsanı axtara-axtara Kefernahuma gəldi.

Həyat çörəyi

25 İsanı gölün o biri sahilində görəndə «Rabbi, buraya nə vaxt gəldin?» deyə soruşdular. 26 İsa onlara cavab olaraq dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: əlamətlər gördüyünüz üçün deyil, çörək yeyib doyduğunuz üçün Məni axtarırsınız. 27 Keçib-gedən yemək üçün deyil, əbədi həyat verən, daim qalan yemək üçün işlər görün, onu sizə Bəşər Oğlu verəcək. Çünki Ata Allah Ona Öz möhürünü vurub». 28 Onlar İsadan soruşdular: «Allahın istədiyi işləri görmək üçün biz nə edək?» 29 İsa onlara cavab verdi: «Allahın istədiyi iş budur: Onun göndərdiyi Şəxsə iman edin».

30 Onlar İsaya dedilər: «Sən nə əlamət göstərərsən ki, görüb Sənə inanaq? Nə iş görəcəksən? 31[43] Ata-babalarımız çöldə manna yedi; bu barədə yazılıb: “Onlara yemək üçün göydən çörək verdi”». 32 Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizə göydən çörək verən Musa deyildi, göydən həqiqi çörəyi sizə verən Atamdır. 33 Çünki Allahın çörəyi budur ki, göydən enir və dünyaya həyat verir». 34 Ona dedilər: «Ağa, Sən daim bizə bu çörəyi ver».

35 İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz. 36 Lakin sizə dedim ki, Məni görürsünüz, amma iman etmirsiniz. 37 Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram. 38 Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün göydən enmişəm. 39 Məni Göndərənin iradəsi budur ki, Mənə verdiyi şəxslərin heç birini həlak olmağa qoymayım, lakin son gündə onları dirildim. 40 Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim».

41 Bunun cavabında Yəhudilər İsanın «göydən enmiş çörək Mənəm» sözünə görə deyinib 42 dedilər: «Bu, ata-anasını tanıdığımız, Yusifin Oğlu olan İsa deyilmi? İndi necə olur ki, “göydən enmişəm” deyir?» 43 İsa onlara cavab verdi: «Öz-özünüzə deyinməyin. 44 Əgər Məni göndərən Ata bir kəsi cəzb etməsə, o Mənim yanıma gələ bilməz. Yanıma gələni isə Mən son gündə dirildəcəyəm. 45[44] Peyğəmbərlərin kitablarında yazılıb: “Onların hamısını Allah öyrədəcək”. Atadan eşidib öyrənən hər kəs Mənim yanıma gəlir. 46 Əlbəttə, Allahdan gələn Şəxsdən savayı Atanı heç kəs görməyib, yalnız O, Atanı görüb. 47 Doğrusunu, doğrusunu sizə deyirəm: iman edən əbədi həyata malikdir. 48 Həyat çörəyi Mənəm. 49 Ata-babalarınız çöldə manna yedilər və öldülər. 50 Bu isə göydən enən elə bir çörəkdir ki, ondan yeyən şəxs heç vaxt ölməz. 51 Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz ətimdir».

52 Bunun cavabında Yəhudilər «Bu Adam yemək üçün Öz ətini bizə necə verə bilər?» deyib bir-birləri ilə mübahisə etdilər. 53 Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Bəşər Oğlunun ətindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq. 54 Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm. 55 Çünki Mənim ətim həqiqi yemək, qanım da həqiqi içkidir. 56 Mənim ətimdən yeyib qanımdan içən Məndə qalır, Mən də onda qalıram. 57 Var olan Ata Məni göndərdiyi kimi, Mən də Atanın sayəsində yaşadığım kimi Məndən yeyən də Mənim sayəmdə yaşayacaq. 58 Göydən enmiş çörək budur, ata-babalarınızın yediyi[45] kimi deyil. Onlar öldülər, amma bu çörəyi yeyən əbədi yaşayacaq». 59 İsa bu sözləri Kefernahumda, sinaqoqda təlim öyrədərkən söylədi.

Şagirdlərin çoxu İsanı tərk edir

60 Şagirdlərindən bir çoxu bu sözləri eşidəndə dedi: «Bu söz qəlizdir. Bunu kim anlaya bilər?» 61 Lakin İsa şagirdlərinin buna görə deyindiklərini duyaraq onlara dedi: «Bu söz sizi büdrədirmi? 62 Yaxşı, bəs Bəşər Oğlunun əvvəllər olduğu yerə qalxdığını görsəniz, necə? 63 Həyat verən Ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Sizə söylədiyim sözlər Ruh və həyat gətirir. 64 Lakin sizin aranızda iman etməyənlər də var». Çünki İsa iman etməyənlərin və Ona xəyanət edəcək adamın kim olduğunu əvvəlcədən bilirdi. 65 O dedi: «Buna görə də sizə söylədim ki, əgər Ata bir kəsə imkan verməsə, o Mənim yanıma gələ bilməz».

66 Bunlardan sonra şagirdlərinin çoxu İsadan ayrılıb daha Onunla gəzmirdi. 67 Onda İsa On İki şagirdə dedi: «Yoxsa siz də Məni tərk etmək istəyirsiniz?» 68[46] Şimon Peter Ona cavab verdi: «Ya Rəbb, biz kimin yanına gedək? Əbədi həyatın sözlərini söyləyən Sənsən. 69 Biz də iman etmişik və bilirik ki, Allahın Müqəddəsi[47] Sənsən». 70 İsa onlara dedi: «Siz On İki şagirdi Mən seçmədimmi? Amma sizdən biri iblisdir». 71 O bu sözləri Şimon İskaryot oğlu Yəhuda barədə söylədi, çünki On İki şagirddən biri olduğu halda İsaya xəyanət edəcəkdi.

İsa Çardaqlar bayramına gedir

1 Bu hadisələrdən sonra İsa yalnız Qalileyada gəzirdi. Yəhudi başçılarının Onu öldürməyə çalışdıqlarına görə daha Yəhudeyada gəzmək istəmirdi. 2[48] Yəhudilərin Çardaqlar bayramı yaxınlaşırdı. 3 Qardaşları İsaya dedi: «Buradan çıxıb Yəhudeyaya get ki, şagirdlərin də etdiyin işləri görsün. 4 Çünki Özünü məşhur etməyə çalışan adam heç nəyi gizlicə etməz. Sən bunları edirsənsə, Özünü dünyaya tanıtdır». 5 Çünki qardaşları da Ona iman etmirdi. 6 Onda İsa onlara dedi: «Mənim vaxtım hələ gəlməyib, sizin üçünsə hər vaxt münasibdir. 7 Dünya sizə nifrət edə bilməz, amma Mənə nifrət edir, çünki Mən onun əməllərinin şər olduğuna şəhadət edirəm. 8 Siz bayrama gedin, Mənsə hələ vaxtım tamam olmadığı üçün bu bayrama getməyəcəyəm». 9 İsa bu sözləri söylədikdən sonra Qalileyada qaldı.

10 Ancaq Onun qardaşları bayrama gedəndən sonra O da açıq yox, gizlicə bayrama getdi. 11 Yəhudi başçıları bayramda İsanı axtararaq «O haradadır?» deyirdilər. 12 Camaat arasında Onun barəsində çoxlu dedi-qodu gəzirdi. Bəzisi «yaxşı adamdır», başqaları isə «xeyr, xalqı aldadır» deyirdi. 13 Lakin Yəhudi başçılarının qorxusundan heç kəs Onun barəsində açıq danışmırdı.

14 Artıq bayramın yarısı keçəndə İsa məbədə gedib təlim öyrətməyə başladı. 15 Yəhudi başçıları buna heyrətlənib dedilər: «Bu Adam yaxşı təhsil almadığı halda necə olub ki savadlıdır?» 16 İsa da onlara cavab verdi: «Öyrətdiyim təlim Mənim deyil, Məni Göndərənindir. 17 Kim Onun iradəsini yerinə yetirmək istəyirsə, təlimimin Allahdan olduğunu, yoxsa Özümdən söylədiyimi biləcək. 18 Özündən söyləyən öz izzətini axtarır, lakin Onu Göndərənə izzət axtaran Şəxs haqdır, Onda yalan olmaz. 19 Qanunu sizə Musa vermədimi? Amma heç biriniz Qanuna əməl etmirsiniz. Niyə Məni öldürməyə çalışırsınız?» 20 Xalq cavab verdi: «Səndə cin var. Kim Səni öldürməyə çalışır?» 21 İsa onlara dedi: «Mən bir iş gördüm və hamınız buna heyrətlənirsiniz. 22[49] Musa sizə sünnət etməyi buyurdu, amma Musa yox, ata-babalarınız bunun əsasını qoydu. Siz Şənbə günü də adamı sünnət edirsiniz. 23[50] Musanın Qanunu pozulmasın deyə Şənbə günü adam sünnət edilir; bəs Şənbə günü bir adamı tamam sağaltdığıma görə Mənə niyə qəzəblənirsiniz? 24 Zahirə görə mühakimə etməyin, ədalətlə mühakimə edin».

İsa Məsihdirmi?

25 Onda Yerusəlimlilərin bəzisi dedi: «Öldürməyə çalışdıqları Bu deyilmi? 26 Budur, O açıq danışır, amma Ona bir söz demirlər. Bəlkə rəhbərlər, doğrudan da, Onun Məsih olduğunu öyrəndilər? 27 Ancaq bu adamın haradan olduğunu bilirik, halbuki Məsih gələndə Onun haradan olduğunu heç kəs bilməyəcək». 28 İsa məbəddə təlim öyrədərkən nida edib dedi: «Doğrudan da, Məni tanıyırsınızmı, haradan gəldiyimi bilirsinizmi? Mən Özümdən gəlmədim, lakin Məni Göndərən haqdır. Siz Onu tanımırsınız, 29 Mənsə Onu tanıyıram, çünki Ondan gəlmişəm və O Məni göndərdi». 30 Bu sözlərə görə İsanı tutmağa çalışdılar, lakin heç kəs Ona toxunmadı, çünki vaxtı hələ çatmamışdı. 31 Ancaq xalq arasından çoxu Ona iman edib dedi: «Məsih gələndə bu Adamın etdiklərindən çox əlamət göstərəcəkmi?»

32 Fariseylər xalqın İsa haqqında belə dedi-qodu etdiyini eşitdilər. Başçı kahinlər və fariseylər Onu tutmaq üçün mühafizəçilər göndərdi. 33 İsa dedi: «Bir az müddət də Mən sizinlə olacağam, sonra isə Məni Göndərənin yanına gedəcəyəm. 34 Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə gələ bilməzsiniz». 35 Bunun cavabında Yəhudilər öz aralarında dedilər: «Bu Adam hara gedəcək ki, Onu tapa bilməyəcəyik? Yunanlar arasına səpələnmiş Yəhudilərin yanına gedib Yunanlaramı təlim öyrədəcək? 36 “Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə siz gələ bilməzsiniz” sözü ilə nə demək istəyir?»

37[51] Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: «Kim susayıbsa, yanıma gəlib içsin. 38[52] Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq». 39 Bunu Ona iman edənlərin alacaqları Ruh barədə söylədi. Ruh isə hələ yox idi, çünki İsa hələ izzətlənməmişdi.

40[53] Xalqın bir qismi bu sözləri eşidəndə «Bu, doğrudan da, gəlməli olan peyğəmbərdir» dedilər. 41 Başqaları isə «Bu, Məsihdir» söylədi, ancaq bəziləri dedi: «Nə? Məsih Qalileyadanmı gəlir? 42[54] Məgər Müqəddəs Yazılarda deyilmir ki, Məsih Davudun nəslindən, Davudun yaşadığı Bet-Lexem kəndindən gəlir?» 43 Beləcə İsa barədə xalq arasında fikir ayrılığı oldu. 44 Bəziləri Onu tutmaq istədi, amma heç kəs Ona toxunmadı.

Yəhudi başçılarının imansızlığı

45 Buna görə də mühafizəçilər başçı kahinlərin və fariseylərin yanına qayıtdılar. Onlar mühafizəçilərdən «Niyə Onu gətirmədiniz?» deyə soruşdu. 46 Mühafizəçilər cavab verdilər: «Hələ indiyəcən heç bir insan belə danışmayıb». 47 Fariseylər onlara dedilər: «Yoxsa sizi də aldadıb? 48 Gör bir rəhbər yaxud bir farisey Ona iman etdimi? 49 Bu Qanunu bilməyən xalqa gəlincə, onlar lənətə gəlib!» 50[55] Aralarından biri – bundan qabaq[56] İsanın yanına gələn Nikodim onlara dedi: 51 «Qanunumuza görə, bir adama qulaq asmadan və nə etdiyini bilmədən onu mühakimə etmək doğrudurmu?» 52 Onlar Nikodimə dedi: «Bəlkə sən də Qalileyadansan? Araşdırsan, görərsən ki, Qalileyadan peyğəmbər çıxmaz».

İsa və zinakar qadın

53 Bundan sonra hər kəs öz evinə getdi.

1 Lakin İsa Zeytun dağına getdi. 2 Səhər tezdən yenə məbədə gəldi. Bütün xalq Onun yanına toplaşdı, O da oturub onlara təlim öyrətməyə başladı. 3 İlahiyyatçılar və fariseylər zina üstündə tutulmuş bir qadını oraya gətirdilər. Onu ortaya çıxarıb 4 İsaya dedilər: «Müəllim, bu qadın zina edərkən əməlində yaxalandı. 5[57] Qanunda Musa bizə əmr edib ki, belələrini daşqalaq edək. Bəs Sən nə deyirsən?» 6 Bunu İsanı sınamaq üçün deyirdilər, Onu ittiham etmək üçün bəhanə axtarırdılar. Amma İsa əyilib barmağı ilə yerə yazı yazmağa başladı. 7 Ondan təkrar soruşduqları zaman dikəlib onlara dedi: «Sizdən kim günahsızdırsa, qadına birinci daş atsın». 8 Sonra yenə əyilib yerə yazı yazdı. 9 Bu sözləri eşidənlər başda ağsaqqallar olmaqla bir-bir oradan uzaqlaşdılar. İsanı tək qoydular, qadın da ortada idi. 10 İsa dikəlib ona dedi: «Qadın, onlar hara getdilər? Bəs heç kim səni məhkum etmədi?» 11 Qadın «heç kim, Ağa» dedi. Onda İsa dedi: «Mən də səni məhkum etmirəm, get, daha günah etmə».[58]

Doğru şəhadət

12[59] Sonra İsa yenə xalqa dedi: «Dünyanın nuru Mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək, həyat nuruna malik olacaq». 13[60] Fariseylər Ona dedilər: «Sən Öz barəndə şəhadət edirsən, Sənin şəhadətin etibarlı deyil». 14 İsa onlara cavab verdi: «Mən Öz barəmdə şəhadət etsəm də, şəhadətim etibarlıdır, çünki haradan gəlib hara gedəcəyimi bilirəm. Sizsə Mənim haradan gəlib hara gedəcəyimi bilmirsiniz. 15 Siz bəşər qaydalarına görə mühakimə edirsiniz, Mənsə heç kəsi mühakimə etmirəm. 16 Mən mühakimə etsəm də, verdiyim hökm doğrudur, çünki tək deyiləm, Məni göndərən Ata da Mənimlədir. 17[61] Sizin Qanununuzda da yazılıb ki, iki nəfərin şəhadəti etibarlıdır. 18 Mən Öz barəmdə şəhadət edirəm, Məni göndərən Ata da Mənim barəmdə şəhadət edir». 19 Onda İsadan soruşdular: «Atan haradadır?» İsa cavab verdi: «Siz nə Məni, nə də Atamı tanıyırsınız. Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız». 20 İsa bu sözləri məbəddə, nəzir qutuları olan yerdə təlim öyrədərkən söylədi. Heç kəs də Onu tutmadı, çünki vaxtı hələ gəlməmişdi.

21 Sonra İsa yenə onlara dedi: «Mən çıxıb gedirəm, siz Məni axtaracaqsınız və öz günahınız içində öləcəksiniz. Siz Mənim gedəcəyim yerə gələ bilməzsiniz». 22 Onda Yəhudilər dedilər: «Məgər O Özünü öldürəcək ki, “siz Mənim gedəcəyim yerə gələ bilməzsiniz” deyir?» 23 İsa onlara dedi: «Siz aşağıdansınız, Mən yuxarıdanam, siz bu dünyadansınız, Mənsə bu dünyadan deyiləm. 24 Buna görə də sizə “günahlarınız içində öləcəksiniz” dedim. Əgər inanmasanız ki, O Mənəm, günahlarınız içində öləcəksiniz». 25 Onda «Sən Kimsən?» deyə İsadan soruşdular. İsa onlara dedi: «Əvvəlcədən sizə nə söyləyirəmsə, Oyam. 26 Sizin barənizdə söyləyəcəyim və mühakimə edəcəyim çox şeylər var. Lakin Məni göndərən haqdır və Mən Ondan eşitdiklərimi dünyaya söyləyirəm». 27 İsanın onlara Ata barədə danışdığını anlamadılar. 28 Onda İsa dedi: «Bəşər Oğlunu yuxarı qaldırdığınız vaxt biləcəksiniz ki, O Mənəm və Özümdən bir şey etmirəm, ancaq Ata Mənə necə öyrədibsə, o cür danışıram. 29 Məni Göndərən Mənimlədir. O Məni tək qoymadı, çünki Mən daim Onun xoşuna gələnləri edirəm». 30 İsa bu sözləri söylədiyi zaman bir çox adam Ona iman etdi.

İbrahim övladları və iblis övladları

31 O zaman İsa Ona inanmış Yəhudilərə dedi: «Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən, Mənim şagirdlərimsiniz. 32 Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək». 33[62] Yəhudilər İsaya cavab verdilər: «Biz İbrahimin nəslindənik, heç kəsə heç vaxt kölə olmamışıq. Bəs Sən niyə “azad olacaqsınız” deyirsən?» 34 İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: günah edən hər kəs günahın köləsidir. 35 Kölə evdə daim qalmaz, oğulsa daim qalar. 36 Buna görə də əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız. 37 İbrahimin nəslindən olduğunuzu bilirəm, ancaq bununla belə, Məni öldürməyə çalışırsınız. Çünki Mənim sözüm sizin ürəyinizdə yer tapmır. 38 Mən Atanın yanında gördüklərimi söyləyirəm, sizsə öz atanızdan eşitdiklərinizi[63] yerinə yetirirsiniz».

39 Onlar İsanın cavabında «bizim atamız İbrahimdir» dedilər. İsa onlara dedi: «İbrahimin övladları olsaydınız, İbrahimin etdiyi əməlləri edərdiniz. 40 Sizsə indi Məni – Allahdan eşitdiyi həqiqəti sizə söyləyən Adamı öldürməyə çalışırsınız. İbrahim belə etmədi. 41 Siz öz atanızın əməllərini edirsiniz». Ona dedilər: «Biz zinadan doğulmamışıq, bizim bir Atamız var, O da Allahdır». 42 İsa onlara dedi: «Əgər Allah sizin Atanız olsaydı, Məni sevərdiniz, çünki Mən Allahdan çıxıb gəlmişəm və indi buradayam. Mən Özümdən gəlmədim, lakin O Məni göndərdi. 43 Söylədiyimi niyə anlamırsınız? Çünki Mənim sözümü dinləyə bilmirsiniz. 44 Siz atanız iblisdənsiniz və atanızın arzularını yerinə yetirmək istəyirsiniz. O, başlanğıcdan qatil idi və həqiqətə sadiq qalmadı, çünki onda həqiqət yoxdur. Yalan söyləyəndə öz xasiyyətinə görə söyləyir, çünki yalançıdır və yalanın atasıdır. 45 Mənsə həqiqəti söylədiyim üçün siz Mənə inanmırsınız. 46 Sizdən kim sübut edər ki, Mən bir günah etmişəm? Mən həqiqəti söyləyirəmsə, niyə Mənə inanmırsınız? 47 Allahdan olan şəxs Allahın sözlərini dinləyər. Sizsə dinləmirsiniz, çünki Allahdan deyilsiniz».

İsanın izzəti

48 Yəhudilər cavabında Ona dedilər: «Sən Samariyalısan və Səndə cin var. Məgər doğru demirikmi?» 49 İsa cavab verdi: «Məndə cin yoxdur, amma Atama hörmət edirəm, sizsə Məni hörmətdən salırsınız. 50 Mən Özümə izzət axtarmıram, Mənə izzət axtaran və bu işi mühakimə edən Biri var. 51 Doğrusunu, doğrusunu sizə deyirəm: kim Mənim sözümə riayət edərsə, heç vaxt ölüm görməyəcək». 52 Yəhudilər Ona dedilər: «İndi bildik ki, Səndə cin var. İbrahim də öldü, peyğəmbərlər də. Amma Sən “kim Mənim sözümə riayət edərsə, heç vaxt ölməyəcək” deyirsən. 53 Yoxsa Sən atamız İbrahimdən də üstünsən? O da öldü, peyğəmbərlər də. Axı Sən Özünü kim sayırsan?» 54 İsa cavab verdi: «Əgər Mən Özümü izzətləndirirəmsə, Mənim izzətim heçdir, amma Məni izzətləndirən Atamdır. Siz Onun barəsində “Allahımızdır” deyirsiniz, 55 lakin Onu tanımırsınız. Mənsə Onu tanıyıram. Əgər “Onu tanımıram” desəydim, sizin kimi yalançı olardım. Lakin Mən Onu tanıyıram və sözünə riayət edirəm. 56 Atanız İbrahim Mənim günümü görəcəyi üçün şad oldu, görüb sevindi». 57 Buna görə Yəhudilər Ona dedilər: «Sənin heç əlli yaşın yoxdur, İbrahimi necə görmüsən?» 58[64] İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: İbrahim olmazdan qabaq Var Olan Mənəm». 59 O zaman İsanı daşqalaq etmək üçün yerdən daş götürdülər, ancaq İsa gizləndi və məbəddən çıxdı.[65]

Kor adamın sağalması

1 İsa yolla gedərkən anadangəlmə kor bir adam gördü. 2 Şagirdləri Ondan soruşdu: «Rabbi, kim günah etdi ki, bu adam kor doğuldu: özü, yoxsa ata-anası?» 3 İsa cavab verdi: «Nə özü günah etdi, nə də ata-anası. Amma Allahın işləri onun həyatında görünsün deyə belə oldu. 4 Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik.[66] Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz. 5[67] Dünyada olduğum müddətdə dünyanın nuru Mənəm». 6 Bu sözləri deyəndən sonra yerə tüpürdü, tüpürcəklə palçıq düzəltdi və palçığı kor adamın gözlərinə sürtdü. 7 Sonra ona dedi: «Get, Şiloah hovuzunda yuyun». «Şiloah» «göndərilmiş» deməkdir. O da gedib yuyundu və gözləri açılmış halda qayıtdı. 8 Qonşuları və əvvəllər onu bir dilənçi kimi[68] tanıyanlar deyirdilər: «Əvvəllər oturub dilənən adam bu deyilmi?» 9 Bəzisi «odur» dedi, bəzisi «xeyr, amma ona oxşayır» dedi. Özü isə «mənəm» dedi. 10 Ondan «Elə isə gözlərin necə açıldı?» deyə soruşdular. 11 O cavab verdi: «İsa deyilən Adam palçıq düzəldib gözlərimə sürtdü və mənə “Şiloah hovuzuna get, yuyun” dedi, mən də gedib yuyundum və gözlərim açıldı». 12 Ondan «Bəs İsa haradadır?» deyə soruşdular. O isə «bilmirəm» dedi.

Fariseylərin istintaqı

13 Əvvəllər kor olan adamı fariseylərin yanına apardılar. 14 İsanın palçıq düzəldib onun gözlərini açdığı gün Şənbə günü idi. 15 Fariseylər o adamdan gözlərinin necə açıldığını soruşdular. O adam da onlara dedi: «O mənim gözlərimə palçıq qoydu, mən də yuyundum və indi görürəm». 16 Onda fariseylərdən bəzisi dedi: «Bu Adam Allahdan gəlməyib, çünki Şənbə gününə riayət etmir». Başqaları isə dedi: «Günahkar adam belə əlamətləri necə göstərə bilər?» Onların arasında fikir ayrılığı düşdü. 17 Onda yenə kor adamdan soruşdular: «Bəs sən bu Adam barədə nə deyirsən? Axı O sənin gözlərini açdı». Kor adam «O, peyğəmbərdir» dedi. 18 Yəhudi başçıları gözləri açılmış adamın ata-anasını çağırmayınca onun kor olub gözləri açıldığına inanmadılar. 19 Ata-anasından soruşdular: «Kor doğulduğunu söylədiyiniz oğlunuz budurmu? Elə isə necə olur ki, indi görür?» 20 Ata-anası dedi: «Bilirik ki, bu bizim oğlumuzdur və kor doğulub. 21 Ancaq bilmirik ki, indi necə görür ya gözlərini kim açıb. Özündən soruşun. Həddi-büluğa çatıb, qoy özü barədə özü danışsın». 22 Ata-anası Yəhudi başçılarından qorxduqları üçün bu sözləri söylədilər, çünki Yəhudi başçıları artıq qərara almışdılar ki, İsanın Məsih olduğunu iqrar edən hər kəs sinaqoqdan qovulsun. 23 Buna görə də o adamın ata-anası «həddi-büluğa çatıb, özündən soruşun» dedi.

24 Yəhudi başçıları əvvəllər kor olan adamı ikinci dəfə çağırıb ona dedilər: «Allahın izzəti naminə doğru söylə. Biz bu Adamın günahkar olduğunu bilirik». 25 O da cavab verdi: «O Adamın günahkar olub-olmadığını bilmirəm. Bir şeyi bilirəm ki, əvvəl kor idim, amma indi görürəm». 26 Ondan soruşdular: «O sənə nə etdi? Gözlərini necə açdı?» 27 Onlara cavab verdi: «İndicə sizə söylədim, amma qulaq asmadınız. Niyə bunu yenə eşitmək istəyirsiniz? Bəlkə siz də Onun şagirdi olmaq istəyirsiniz?» 28 Onu söyüb dedilər: «Onun şagirdi sənsən, bizsə Musanın şagirdləriyik. 29 Biz Allahın Musa ilə danışdığını bilirik, bu Adamınsa haradan gəldiyini bilmirik». 30 O adam onlara dedi: «Qəribədir ki, siz Onun haradan gəldiyini bilmirsiniz, amma O mənim gözlərimi açdı. 31 Allahın günahkarlara qulaq asmadığını bilirik, lakin mömin olub Allahın iradəsinə əməl edən adama Allah qulaq asır. 32 Əzəldən bəri eşidilməyib ki, kimsə anadangəlmə kor bir adamın gözlərini açsın. 33 Əgər bu Adam Allahdan gəlməsəydi, heç nə edə bilməzdi». 34 Onlar o adama cavab verdilər: «Başdan-ayağa günah içində doğuldun. İndi sənmi bizə dərs verirsən?» Onda onu bayıra atdılar.

Ruhani korluq

35 O adamı bayıra atdıqlarını İsa eşitdi və onu tapıb dedi: «Sən Bəşər Oğluna[69] iman edirsənmi?» 36 O soruşdu: «Ağa, O kimdir ki, Ona iman edim?» 37 İsa ona dedi: «İndi gördüyün və səninlə danışan Adam Odur». 38 O da «ya Rəbb, iman edirəm» dedi və İsaya səcdə etdi. 39 İsa dedi: «Mühakimə etmək üçün bu dünyaya gəldim ki, qoy görməyənlər görsün, görənlərsə kor olsun». 40 Onun yanında olan bəzi fariseylər bu sözləri eşidib «Yoxsa biz də koruq?» deyə Ondan soruşdular. 41 İsa onlara dedi: «Əgər kor olsaydınız, günahınız olmazdı. Amma indi “görürük” dediyiniz üçün günahınız üstünüzdə qalır.

Yaxşı çoban

1 Doğrusunu, doğrusunu sizə deyirəm: qoyun ağılına qapıdan girməyib başqa yerdən aşan oğru və quldurdur. 2 Amma qapıdan girən qoyunların çobanıdır. 3 Keşikçi qapını onun üzünə açar və qoyunlar onun səsinə qulaq asar. O da öz qoyunlarını adları ilə çağırar və onları çölə çıxarar. 4 Öz qoyunlarının hamısını çölə çıxarandan sonra onların önündə gedər və qoyunlar da ardınca gedər, çünki onun səsini tanıyırlar. 5 Amma yad adamın ardınca getməzlər, ondan qaçarlar, çünki yad adamların səsini tanımazlar». 6 İsa bu məsəli onlara söylədi, amma onlar İsanın sözlərinin mənasını anlamadılar.

7 İsa yenə onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: qoyunların qapısı Mənəm. 8 Məndən əvvəl gələnlərin hamısı oğru və quldur idi, amma qoyunlar onlara qulaq asmadı. 9 Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və özünə otlaq tapar. 10 Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun. 11 Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını qurban verər. 12 Qoyunların çobanı olmayan muzdur isə canavarın gəldiyini görəndə onları atıb qaçar, çünki qoyunların sahibi deyil. Canavar da onları qapıb pərən-pərən salar. 13 Muzdur qaçar, çünki muzdurdur, qoyunlar üçün qayğı çəkməz. 14-15[70] Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm. 16 Bu ağıldan olmayan başqa quzularım var ki, onları da gətirməliyəm. Onlar da səsimi eşidəcək, beləcə tək sürü, tək Çoban olacaq.

17 Buna görə də Ata Məni sevir, çünki Mən canımı qurban verirəm ki, sonra onu geri alım. 18 Canımı Məndən heç kəs ala bilməz, amma onu Özüm verirəm. Onu verməyə də, sonra geri almağa da ixtiyarım var. Bu əmri Atamdan almışam».

19 Bu sözlər üstündə Yəhudilər arasında yenə fikir ayrılığı düşdü. 20 Onların çoxu dedi: «Onda cin var, dəlidir. Niyə Ona qulaq asırsınız?» 21 Başqaları isə dedilər: «Bunlar cinə tutulmuş adamın sözləri deyil. Cin heç kor adamın gözlərini aça bilərmi?»

Yəhudilərin İsa ilə mübahisəsi

22 O vaxt Yerusəlimdə Təqdis bayramı keçirilirdi. Qış idi. 23 İsa məbədin həyətində olan Süleymanın eyvanında gəzirdi. 24 Yəhudilər İsanın ətrafına yığılıb Ona dedilər: «Nə vaxta qədər ürəyimizi intizarda saxlayacaqsan? Əgər Sən Məsihsənsə, bizə açıq söylə». 25 İsa onlara cavab verdi: «Sizə söylədim, ancaq buna inanmırsınız. Atamın adı ilə gördüyüm işlər Mənim barəmdə şəhadət edir. 26 Amma siz inanmırsınız, çünki[71] Mənim quzularımdan deyilsiniz. 27 Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər. 28 Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq. 29 Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç kim Atanın əlindən qapa bilməz. 30 Mən və Ata birik».

31 Yəhudilər yenə yerdən daş götürdülər ki, Onu daşqalaq etsinlər. 32 İsa onlara dedi: «Sizə Atadan gələn çoxlu yaxşı iş göstərdim. Siz bunların hansına görə Məni daşqalaq etmək istəyirsiniz?» 33[72] Yəhudilər Ona cavab verdilər: «Səni yaxşı işinə görə deyil, insan olduğun halda Özünü Allah sayaraq küfr etdiyinə görə daşqalaq edirik». 34[73] İsa onlara dedi: «Məgər sizin öz Qanununuzda yazılmayıb ki, “demişəm: ‹Siz allahlarsınız›”? 35 Allah Öz kəlamını göndərdiyi adamlara “allahlarsınız” deyir. Müqəddəs Yazı ki pozula bilməz. 36 Bəs siz niyə “Allahın Oğluyam” dediyim üçün Mənə – Atanın təqdis edib dünyaya göndərdiyi Şəxsə “küfr edirsən” deyirsiniz? 37 Əgər Atamın işlərini görmürəmsə, Mənə inanmayın. 38 Amma bu işləri görürəmsə, Mənə inanmasanız da, bunlara inanın. Onda Atanın Məndə, Mənim də Atada olduğumu anlayıb bilərsiniz». 39 Onlar yenə İsanı tutmağa çalışdı, amma O, əllərindən sıyrılıb çıxdı.

40[74] İsa yenə İordanın o biri sahilinə, Yəhyanın əvvəllər vəftiz etdiyi yerə getdi və orada qaldı. 41 Çoxlu adam Onun yanına gəlib dedi: «Yəhya heç bir əlamət göstərməsə də, onun bu Adam barədə dediyi bütün sözlər doğru çıxdı». 42 Bir çox adam da orada İsaya iman etdi.

İsa ölən Lazarı dirildir

1[75] Lazar adlı bir adam xəstələnmişdi. O, Məryəmlə bacısı Martanın yaşadığı Bet-Anya kəndindən idi. 2[76] Rəbbin üzərinə ətirli yağ çəkib ayaqlarını saçları ilə silən həmin Məryəm idi. Xəstələnən Lazar onun qardaşı idi. 3 Bu səbəbdən iki bacı «ya Rəbb, sevdiyin adam xəstədir» deyə İsaya xəbər göndərdi. 4 İsa bunu eşidib dedi: «Bu xəstəliyin nəticəsi ölüm yox, Allahın izzəti və Allah Oğlunun bununla izzət qazanması olacaq».

5 İsa Martanı, onun bacısını və Lazarı sevirdi. 6 Buna görə də Lazarın xəstələndiyini eşidəndə olduğu yerdə daha iki gün qaldı. 7 Sonra isə şagirdlərə «yenə Yəhudeyaya gedək» dedi. 8 Şagirdlər Ona dedilər: «Rabbi, oradakı Yəhudilər bir az əvvəl Səni daşqalaq etməyə çalışırdı. Sən yenə də oraya qayıdırsan?» 9 İsa cavab verdi: «Gündə on iki saat yoxdurmu? Kim gündüz vaxtı gəzərsə, büdrəməz, çünki bu dünyanın nurunu görür. 10 Lakin kim gecə vaxtı gəzərsə, büdrəyər, çünki daxilində nur yoxdur». 11 İsa bu sözləri söylədikdən sonra onlara dedi: «Dostumuz Lazar uyuyub. Mən onu oyatmaq üçün gedirəm». 12 Onda şagirdlər Ona dedilər: «Əgər uyuyubsa, sağalacaq». 13 İsa onun ölümü barədə danışmışdı, amma onlar elə bildilər ki, yuxuya getdiyini söyləyib. 14 Onda İsa onlara açıqca dedi: «Lazar ölüb. 15 Mən də sizin uğrunuzda, iman etməyiniz üçün orada olmadığıma sevinirəm. Amma gəlin onun yanına gedək». 16 «Əkiz» adlanan Tomas o biri şagirdlərə dedi: «Biz də gedək ki, Onunla ölək».

17 İsa gəlib Lazarın artıq dörd gündən bəri qəbirdə olduğunu bildi. 18 Bet-Anya ilə Yerusəlim arasında on beş stadi[77] məsafə var idi. 19 Bir çox Yəhudi Marta və Məryəmə qardaşlarının ölümünə görə təsəlli verməyə gəlmişdi. 20 Marta İsanın gəldiyini eşidəndə Onu qarşılamağa çıxdı, ancaq Məryəm evdə oturmuşdu. 21 Marta İsaya dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi. 22 Ancaq bilirəm ki, Sən indi də Allahdan nə diləsən, O Sənə verəcək». 23 İsa ona «qardaşın diriləcək» dedi. 24 Marta Ona dedi: «Bilirəm ki, dirilmə zamanı, son gündə o da diriləcək». 25 İsa ona dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, 26 yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?» 27 Marta Ona cavab verdi: «Bəli, ya Rəbb, inanıram ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən».

28 Marta bunu söylədikdən sonra gedib bacısı Məryəmi gizlicə çağırdı və dedi: «Müəllim buradadır, səni çağırır». 29 Məryəm bunu eşidən kimi tez qalxıb İsanın yanına getdi. 30 İsa hələ kəndə girməyib Martanın Onu qarşıladığı yerdə qalmışdı. 31 Məryəmlə birgə evdə olan və ona təsəlli verən Yəhudilər qadının tez qalxıb bayıra çıxdığını görəndə elə bildilər ki, ağlamaq üçün qəbirin yanına gedir. Buna görə də onun ardınca getdilər. 32 Məryəm İsanın olduğu yerə gəlib Onu gördü və ayaqlarına düşüb dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi». 33 İsa onun və yanında gələn Yəhudilərin ağladığını görəndə əhvalı pozuldu və təlaşa düşdü. 34 İsa onlardan «Mərhumu haraya qoymusunuz?» deyə soruşdu. Ona «Ağa, gəl bax» dedilər. 35 İsa ağladı. 36 Onda Yəhudilər «Bax onu necə də sevirmiş!» söylədilər. 37 Lakin onlardan bəzisi dedi: «Korun gözlərini açan bu Şəxs bir şey edə bilməzdi ki, bu adam ölməsin?»

38 O zaman İsa yenə əhvalı pozulmuş halda qəbirin yanına gəldi. Qəbir bir mağara idi və ağzına daş qoyulmuşdu. 39 İsa «daşı götürün» dedi. Mərhumun bacısı Marta Ona dedi: «Ya Rəbb, artıq iylənib, çünki öldüyü dörd gündür». 40 İsa dedi: «Axı Mən sənə söyləmədimmi, iman etsən, Allahın izzətini görəcəksən?» 41 Beləcə daşı[78] götürdülər. İsa da başını yuxarı qaldırıb dedi: «Ey Ata, Məni eşitdiyin üçün Sənə şükür edirəm. 42 Bilirəm ki, Məni həmişə eşidirsən. Lakin bunu ətrafımda duran xalq üçün söylədim ki, Məni Sən göndərdiyinə inansınlar». 43 Bu sözləri söylədikdən sonra «Lazar, bayıra çıx!» deyə bərkdən qışqırdı. 44 Ölü də bayıra çıxdı. Onun əl-ayağı sarğılarla və üzü dəsmalla bağlanmışdı. İsa onlara «onu açın və buraxın getsin» dedi.

45 Onda Məryəmin yanına gələn və İsanın nə etdiyini görən Yəhudilərin bir çoxu Ona iman etdi. 46 Lakin onlardan bəzisi fariseylərin yanına gedib İsanın nə etdiyini onlara danışdı.

Fariseylərin İsanı öldürmək niyyətləri (Mat. 26:1-5; Mark 14:1-2; Luka 22:1-2)

47 Onda başçı kahinlər və fariseylər Ali Şuranı toplayıb dedilər: «Nə edək? Bu Adam çoxlu əlamət göstərir. 48 Əgər Ona mane olmasaq, hamı Ona iman edəcək. Romalılar da gəlib məbədimizi və millətimizi məhv edəcək». 49 Orada olanlardan biri, həmin il baş kahin olan Qayafa onlara dedi: «Siz heç nə bilmirsiniz. 50 Başa düşmürsünüz ki, bütün bu millətin məhv olmağındansa bir Adamın xalq uğrunda ölməsi sizin üçün[79] daha yaxşıdır?» 51 O bu sözləri özündən söyləmədi, lakin o il baş kahin olduğu üçün peyğəmbərlik edib xəbər verdi ki, İsa bu millətin uğrunda – 52 təkcə millətin uğrunda deyil, Allahın hər tərəfə səpələnmiş övladlarını bir yerə toplamaq üçün öləcək. 53 Beləcə o gündən etibarən İsanı öldürməyi qərara aldılar.

54 Buna görə də İsa daha Yəhudilərin arasında açıq gəzmirdi. Oradan çöllüyə yaxın diyara, Efrayim adlanan şəhərə getdi və şagirdlərlə orada qaldı.

55 Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. Çoxlu adam paklanmaq üçün Pasxadan qabaq kəndlərdən Yerusəlimə getdi. 56 Onlar İsanı axtarırdılar və məbəddə dayanıb bir-birlərinə deyirdilər: «Necə fikirləşirsiniz? O, bayrama heç gəlməyəcəkmi?» 57 Başçı kahinlər və fariseylər Onu tutmaq məqsədi ilə «harada olduğunu kim bilirsə, göstərsin» deyə əmr vermişdilər.

Məryəmin İsaya hədiyyəsi (Mat. 26:6-13; Mark 14:3-9)

1 Pasxadan altı gün əvvəl İsa Bet-Anyaya gəldi. İsanın ölülər arasından diriltdiyi Lazar da orada idi. 2 Orada İsanın şərəfinə ziyafət verdilər. Marta xidmət edirdi. Lazar da İsa ilə birgə süfrə arxasında oturanların arasında idi. 3[80] Məryəm isə bir litra[81] çox qiymətli xalis nard yağını götürərək İsanın ayaqlarına çəkib onları saçları ilə sildi. Yağın ətri evi bürüdü. 4 Lakin İsanın şagirdlərindən biri, Ona xəyanət edəcək Yəhuda İskaryot dedi: 5 «Nə üçün bu ətir üç yüz dinara satılıb yoxsullara verilmədi?» 6 Bu sözü yoxsulların qayğısına qaldığı üçün deyil, oğru olduğuna görə söylədi, çünki özündə olan pul qutusuna qoyulanların bir hissəsini oğurlayırdı. 7 Onda İsa dedi: «Qadını rahat burax, qoy bunu Mənim dəfn günüm üçün saxlasın. 8[82] Çünki yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam».

9 Yəhudilərdən böyük bir kütlə İsanın orada olduğunu öyrənəndə həm İsaya görə, həm də Onun ölülər arasından diriltdiyi Lazarı görmək üçün oraya gəldi. 10 Onda başçı kahinlər öz aralarında Lazarı da öldürməyi qərara aldılar. 11 Çünki Lazara görə çoxlu Yəhudi gedib İsaya iman edirdi.

İsanın Yerusəlimə daxil olması (Mat. 21:1-11; Mark 11:1-11; Luka 19:28-40)

12 Ertəsi gün bayrama gələn böyük kütlə İsanın Yerusəlimə gələcəyini eşidəndə 13[83] xurma budaqları götürərək Onu qarşılamağa çıxdı. Onlar

«Hosanna![84]
Rəbbin ismi ilə gələn İsrailin Padşahına alqış olsun!»
deyə qışqırırdı. 14 İsa bir sıpa tapıb belinə mindi. Necə ki yazılıb:
15[85] «Ey Sion qızı,[86] qorxma.
Bax Padşahın bir sıpaya minib gəlir».

16 Şagirdləri o zaman bu şeyləri anlamadılar. Lakin İsa izzətlənəndən sonra barəsində bunun yazıldığını və xalqın Ona nə etdiyini yada saldılar. 17 İsanın Lazarı qəbirdən çağırıb ölülər arasından diriltdiyi zaman Onun yanında olan camaat buna şahid idi. 18 Xalq İsanın bu əlaməti göstərdiyini eşitmişdi, buna görə də Onu qarşılamağa çıxdı. 19 Bu səbəbdən fariseylər bir-birlərinə dedilər: «Baxın əlinizdən bir iş gəlmir. Artıq aləm Onun ardınca getdi».

İsa öləcəyini əvvəlcədən bildirir

20 Bayramda Yerusəlimə ibadətə gələnlər arasında bəzi Yunanlar da var idi. 21 Onlar Qalileyanın Bet-Sayda şəhərindən olan Filipin yanına gəlib «ağa, biz İsanı görmək istəyirik» deyə ondan xahiş etdilər. 22 Filip gəlib Andreyə söylədi, Andrey və Filip də birgə gəlib İsaya xəbər verdilər. 23 İsa cavabında dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı gəldi. 24 Doğrusunu, doğrusunu sizə deyirəm: əgər bir buğda dənəsi torpağa düşüb ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir. 25[87] Öz canını sevən kəs onu itirər, bu dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar. 26 Kim Mənə xidmət etmək istəsə, ardımca gəlsin. Mən harada olacağamsa, Mənim xidmətçim də orada olacaq. Kim Mənə xidmət etsə, Ata ona hörmət edəcək.

27 İndi ürəyim təlaş keçirir. Nə deyim? “Ey Ata, Məni bu andan xilas et” deyimmi? Lakin Mən elə bu an üçün gəldim. 28 Ey Ata, Öz adını izzətləndir!» Bunun cavabında göydən «Öz adımı izzətləndirdim, yenə də izzətləndirəcəyəm» deyə bir səs gəldi. 29 Orada duran xalqın bir qismi «göy guruldadı» dedi, başqaları isə «Onunla bir mələk danışdı» söylədi. 30 İsa cavab verdi: «Bu səs Mənim üçün deyil, sizin üçün gəldi. 31 İndi isə bu dünyaya hökm veriləcək və bu dünyanın hökmdarı[88] bayıra atılacaq. 32 Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm». 33 İsa bu sözü söyləməklə necə bir ölümlə öləcəyinə işarə etdi. 34[89] Xalq Onun cavabında dedi: «Qanundan eşitdiyimizə görə Məsih əbədi qalacaq. Bəs Sən niyə “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” deyirsən? Bu Bəşər Oğlu kimdir?» 35 Onda İsa onlara dedi: «Qısa bir müddət də nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki, sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz. 36 Nurunuz var ikən nura iman edin ki, nur övladları olasınız».

Xalqın inadkarlığı

İsa bu sözləri söyləyəndən sonra gedib onlardan gizləndi. 37 Onların qabağında bu qədər əlamət göstərdiyi halda yenə Ona iman etmirdilər. 38[90] Bunlar ona görə baş verdi ki, Yeşaya peyğəmbərin bu sözləri yerinə yetsin:

«Ya Rəbb, xəbərimizə kim inandı,
Rəbbin gücü kimə zühur oldu?»

39 Onlar iman edə bilmirdilər, ona görə ki Yeşaya başqa yerdə deyib:

40[91] «Allah onların gözlərini kor etdi
Və ürəklərini kütləşdirdi ki,
Gözləri ilə görməsinlər,
Ürəkləri ilə anlamasınlar
Və Mənə sarı dönməsinlər ki,
Mən onlara şəfa verim».

41 Yeşaya İsanın ehtişamını gördüyü üçün bu sözləri deyərək Onun barəsində danışıb. 42 Bununla bərabər, rəhbərlərdən bir çoxu İsaya iman etdi, lakin sinaqoqdan qovulmasınlar deyə fariseylərə görə bunu açıq bildirmədilər. 43 Çünki insanlardan izzət qazanmağı Allahdan izzət almaqdan artıq sevdilər.

44 İsa nida edib dedi: «Mənə iman edən Mənə deyil, Məni Göndərənə iman edir. 45 Məni görən də Məni Göndərəni görür. 46 Mən dünyaya nur olub gəldim ki, Mənə iman edən hər kəs qaranlıqda qalmasın. 47 Kim sözlərimi eşidib onlara riayət etməzsə,[92] Mən onu mühakimə etmərəm, çünki dünyanı mühakimə etmək üçün deyil, onu xilas etmək üçün gəldim. 48 Məni rədd edib sözlərimi qəbul etməyəni mühakimə edən bir şey var: bu da Mənim söylədiyim sözdür ki, son gündə onu mühakimə edəcək. 49 Çünki Mən Özümdən söyləmədim, Məni göndərən Ata nə deyəcəyim və nə söyləyəcəyim haqqında Mənə əmr verdi. 50 Mən bilirəm ki, Onun əmri əbədi həyatdır. Beləcə Mənim söylədiklərimi Ata Mənə necə dedisə, eləcə də söyləyirəm».

İsa şagirdlərinin ayaqlarını yuyur

1 Pasxa bayramı ərəfəsi idi. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına gedəcəyi məqamın gəldiyini bilirdi. O, dünyada Özünə məxsus olanları həmişə sevmişdi və axıra qədər də sevdi. 2 Axşam yeməyi zamanı iblis artıq Ona xəyanət etmək fikrini Şimon İskaryot oğlu Yəhudanın ürəyinə qoymuşdu. 3 İsa Atanın hər şeyi Onun ixtiyarına verdiyini, Allahdan gəldiyini və Allahın yanına qayıdacağını bilirdi. 4 O, süfrədən qalxıb üst paltarını bir yana qoydu və bir dəsmal götürüb belinə bağladı. 5 Sonra ləyənə su töküb şagirdlərin ayaqlarını yumağa və belinə bağladığı dəsmalla silməyə başladı. 6 İsa Şimon Peterə yaxınlaşanda o, İsaya «Ya Rəbb, Sənmi mənim ayaqlarımı yuyacaqsan?» dedi. 7 İsa cavabında ona dedi: «Mənim nə etdiyimi sən indi bilməzsən, amma sonra anlayacaqsan». 8 Peter Ona dedi: «Mənim ayaqlarımı heç vaxt yumayacaqsan!» İsa ona cavab verdi: «Əgər səni yumasam, Mənim yanımda yerin olmaz». 9 Şimon Peter Ona dedi: «Ya Rəbb, təkcə ayaqlarımı deyil, əllərimi və başımı da yu». 10 İsa ona dedi: «Çimmiş adam üçün təkcə ayaqlarını yumaq kifayətdir, çünki başdan-başa təmizdir. Siz də təmizsiniz, amma hamınız yox». 11 Çünki Ona kimin xəyanət edəcəyini bilirdi, buna görə də «hamınız təmiz deyilsiniz» söylədi.

12[93] İsa onların ayaqlarını yuduqdan sonra paltarını geyindi və yenə süfrəyə oturaraq onlara dedi: «Mənim sizə nə etdiyimi bilirsinizmi? 13 Siz Məni “Müəllim” və “Rəbb” deyə çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam. 14 İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumalısınız. 15 Çünki sizə nümunə göstərdim ki, Mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz. 16[94] Doğrusunu, doğrusunu sizə deyirəm: qul ağasından, elçi də onu göndərəndən üstün deyil. 17 Əgər bu şeyləri bilib onlara əməl edirsinizsə, bəxtiyarsınız.

18[95] Hamınız barədə söyləmirəm. Mən Öz seçdiklərimi tanıyıram. Amma qoy “çörəyimi yeyən Mənə xəyanət etdi” deyən Müqəddəs Yazı yerinə yetsin. 19 İndi bu şeylər baş verməzdən əvvəl sizə bunları söyləyirəm ki, baş verəndə inanasınız: O Mənəm. 20[96] Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim göndərdiyim bir nəfəri qəbul edən şəxs Məni qəbul edər, Məni qəbul edən də Məni Göndərəni qəbul edər».

Yəhudanın xəyanəti (Mat. 26:20-25; Mark 14:17-21; Luka 22:21-33)

21 İsa bu sözləri söylədikdən sonra ürəyi təlaşa düşdü və şəhadət edib dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək». 22 Şagirdlər Onun kimin barəsində danışdığını bilməyib çaşqınlıq içində qalaraq bir-birlərinə baxırdılar. 23 Şagirdlərindən biri – İsanın sevimli şagirdi Onun köksünə sığınmışdı. 24 Şimon Peter həmin şagirdə işarə etdi ki, kimin barəsində danışdığını Ondan soruşsun. 25 Həmin şagird İsanın sinəsinə əyilərək Ondan soruşdu: «Ya Rəbb, o kimdir?» 26 İsa cavab verdi: «Bu çörək tikəsini batırıb kimə versəm, odur». Tikəni batırıb Şimon İskaryot oğlu Yəhudaya verdi. 27 Yəhuda tikəni alan kimi Şeytan onun içinə girdi. İsa ona «Nə edəcəksənsə, tez et!» dedi. 28 İsanın bunu niyə ona söylədiyini süfrədə oturanların heç biri başa düşmədi. 29 Pul qutusu Yəhudada olduğu üçün bəziləri güman etdi ki, İsa ona «bayrama bizə lazım olan şeyləri al» yaxud «yoxsullara bir şey ver» deyir. 30 Yəhuda tikəni alan kimi dərhal bayıra çıxdı. Artıq gecə idi.

Bir-birinizi sevin

31 O çıxandan sonra İsa dedi: «İndi Bəşər Oğlu izzətləndi və Allah da Onda izzətləndi. 32 İndi ki Allah Onda izzətləndi, Allah da Onu Özündə izzətləndirəcək, tezliklə izzətləndirəcək. 33[97] Ey övladlarım! Az bir müddət də sizinlə olacağam. Siz Məni axtaracaqsınız. Yəhudilərə “Mənim getdiyim yerə siz gələ bilməzsiniz” dediyim kimi indi sizə də bunu söyləyirəm. 34[98] Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. 35 Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz».

Peterin inkarı barədə peyğəmbərlik (Mat. 26:31-35; Mark 14:27-31; Luka 22:31-34)

36 Şimon Peter İsadan soruşdu: «Ya Rəbb, hara gedirsən?» İsa cavab verdi: «Getdiyim yerə indi ardımca gələ bilməzsən, amma sonra ardımca gələcəksən». 37 Peter Ona dedi: «Ya Rəbb, niyə indi ardınca gələ bilmərəm? Sənin üçün canımı qurban verərəm». 38 İsa ona dedi: «Mənim üçün canını qurban verərsənmi? Doğrusunu, doğrusunu sənə deyirəm: xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən.

İsa Allaha gedən yoldur

1 Qoy ürəyiniz təlaşa düşməsin. Allaha iman edin, Mənə də iman edin. 2 Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm? 3 Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız. 4 Gedəcəyim yerə aparan[99] yolu tanıyırsınız».

5 Tomas İsaya dedi: «Ya Rəbb, hara gedəcəyini bilmirik, yolu necə tanıya bilərik?» 6 İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz. 7 Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız. İndidən siz Onu tanıyırsınız, Onu görmüsünüz». 8 Filip Ona dedi: «Ya Rəbb, Atanı bizə göstər, bu bizim üçün kifayətdir». 9 İsa ona dedi: «Xeyli müddətdir ki, Mən sizinləyəm, Məni tanımadınmı, Filip? Məni görən, Atanı görmüş olur. Bəs sən niyə “Atanı bizə göstər” deyirsən? 10 Mənim Atada, Atanın da Məndə olduğuna inanmırsanmı? Sizə söylədiyim sözləri Özümdən söyləmirəm, Məndə olan Ata Öz işlərini görür. 11 Mən Atadayam, Ata da Məndədir, bu sözümə inanın. Heç olmasa o işlərə görə inanın. 12 Doğrusunu, doğrusunu sizə deyirəm: Mənə iman edən şəxs Mənim etdiyim işləri özü də edəcək, hətta bunlardan da artığını edəcək. Çünki Mən Atanın yanına gedirəm 13 və Mənim adımla hər nə diləsəniz, onu edəcəyəm ki, Ata Oğulda izzətlənsin. 14 Əgər Mənim adımla Məndən bir şey diləsəniz, onu edəcəyəm.

Müqəddəs Ruh barədə vəd

15 Əgər Məni sevirsinizsə, əmrlərimə riayət edəcəksiniz. 16 Mən də Atadan xahiş edəcəyəm və O sizə başqa bir Vəsatətçi göndərəcək ki, daim sizinlə olsun. 17 O, həqiqət Ruhudur. Onu dünya qəbul edə bilməz, çünki Onu nə görür, nə də tanıyır. Sizsə Onu tanıyırsınız, çünki sizinlə qalır və daxilinizdə olacaq. 18 Sizi yetim qoymaram, yanınıza gələcəyəm. 19 Az bir müddətdən sonra dünya daha Məni görməyəcək, amma siz Məni görəcəksiniz. Mən yaşadığım üçün siz də yaşayacaqsınız. 20 O gün biləcəksiniz ki, Mən Atamdayam, siz Məndəsiniz və Mən sizdəyəm. 21 Kim əmrlərimə bağlı qalıb onlara riayət edirsə, Məni sevən odur. Məni sevəni Atam sevəcək. Mən də onu sevib Özümü ona zahir edəcəyəm».

22 İskaryot deyil, o biri Yəhuda Ona dedi: «Ya Rəbb, necə olacaq ki, Özünü dünyaya deyil, bizə zahir edəcəksən?» 23 İsa ona cavab verdi: «Kim Məni sevsə, sözümə riayət edər, Atam da onu sevər və Biz onun yanına gəlib onunla məskən salarıq. 24 Məni sevməyənsə sözlərimə riayət etməz. Eşitdiyiniz söz Mənim deyil, Məni göndərən Atanın sözüdür.

25 Hələ yanınızda qalarkən sizə bu sözləri söylədim. 26 Lakin Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq. 27 Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın. 28 Sizə “indi gedirəm, sonra yenə yanınıza gələcəyəm” söylədiyimi eşitdiniz. Əgər Məni sevsəydiniz, Atanın yanına gedəcəyimə sevinərdiniz, çünki Ata Məndən üstündür. 29 Bunu indi öncədən sizə söylədim ki, baş verəndə buna inanasınız. 30 Daha sizinlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir. Onun Mənim üzərimdə heç bir səlahiyyəti yoxdur. 31 Ancaq dünya bilməlidir ki, Mən Atanı sevirəm və Ata Mənə nə əmr etdisə, ona əməl edirəm. İndi isə qalxın buradan gedək.

Meynə və budaqlar

1 Mən həqiqi Meynəyəm, Atam da Bağbandır. 2 Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin. 3 Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz. 4 Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz. 5 Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz. 6 Kim Məndə qalmasa, budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılaraq yanar. 7 Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək. 8 Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir. 9 Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın. 10 Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram.

11 Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun. 12[100] Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. 13 Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz. 14 Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız. 15 Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim. 16 Siz Məni seçmədiniz, Mən sizi seçib təyin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın. Beləcə Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək. 17 Beləliklə, sizə əmr edirəm: bir-birinizi sevin.

Dünyanın nifrəti

18 Əgər dünya sizə nifrət edərsə, onda yada salın ki, sizdən əvvəl Mənə nifrət edib. 19 Əgər dünyadan olsaydınız, dünya özündən olan sizləri sevərdi. Amma siz dünyadan deyilsiniz, Mən sizi dünyadan seçdim, buna görə dünya sizə nifrət edir. 20[101] Mənim sizə söylədiyim sözü yadınıza salın: “Qul ağasından üstün deyil”. Əgər Məni təqib etdilərsə, sizi də təqib edəcəklər, Mənim sözümə riayət etdilərsə, sizin də sözünüzə riayət edəcəklər. 21 Lakin bunların hamısını sizə Mənim adıma görə edəcəklər, çünki Məni Göndərəni tanımırlar. 22 Əgər gəlib onlara söyləməsəydim, günahları olmazdı, amma indi günahları üçün bəhanələri yoxdur. 23 Mənə nifrət edən Atama da nifrət edir. 24 Əgər Məndən başqa heç kəsin etmədiyi işləri onların arasında etməsəydim, günahları olmazdı. Amma indi Mənim nə etdiyimi gördülər, həm Mənə, həm də Atama nifrət etdilər. 25[102] Lakin bu ona görə baş verdi ki, öz Qanunlarında yazılan “Mənə nahaqdan nifrət etdilər” sözü yerinə yetsin.

26 Atadan sizə göndərəcəyim Vəsatətçi – Atanın yanından çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək. 27 Siz də şəhadət edəcəksiniz, çünki başlanğıcdan Mənimlə birlikdəsiniz.

1 Büdrəməyəsiniz deyə bunları sizə söylədim. 2 Sizi sinaqoqlardan qovacaqlar. Hətta o zaman gəlir ki, sizi öldürən hər kəs Allaha xidmət etdiyini zənn edəcək. 3 Onlar bunları edəcəklər, çünki nə Atanı, nə də Məni tanıdılar. 4 İndi bu şeyləri sizə bildirdim ki, vaxtı gələndə sizə söylədiyimi yada salasınız.

Müqəddəs Ruhun işi

Əvvəldən bunları sizə söyləmədim, çünki sizinlə birlikdə idim. 5 İndi isə Məni Göndərənin yanına gedirəm və heç biriniz Məndən “Hara gedirsən?” deyə soruşmur. 6 Amma sizə bu şeyləri söylədiyim üçün ürəyiniz kədərlə doldu. 7 Bununla belə, Mən sizə həqiqəti söyləyirəm: Mənim getməyim sizin xeyrinizədir. Çünki getməsəm, Vəsatətçi yanınıza gəlməz, amma getsəm, Onu sizə göndərəcəyəm. 8 O gələndə günah, salehlik və mühakimə barədə dünyanı ifşa edəcək: 9 günah barədə, çünki Mənə iman etmirlər; 10 salehlik barədə, çünki Atanın yanına gedirəm və daha Məni görməyəcəksiniz; 11 mühakimə barədə, çünki bu dünyanın hökmdarı mühakimə olunub. 12 Hələ sizə söylənəcək çoxlu sözüm var, amma indi bunlar ağlınıza sığmaz. 13 Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi Özündən söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək. 14 O Məni izzətləndirəcək, çünki Mənim olandan götürüb sizə bildirəcək. 15 Atanın hər nəyi varsa, Mənimdir. Buna görə də “Mənim olandan götürüb sizə bildirəcək” söylədim. 16 Az bir müddətdən sonra Məni artıq görməyəcəksiniz, az bir müddətdən də sonra Məni yenə görəcəksiniz».[103]

Kədəriniz sevincə dönəcək

17 O vaxt İsanın bəzi şagirdləri bir-birinə dedilər: «“Az bir müddətdən sonra Məni görməyəcəksiniz, az bir müddətdən də sonra yenə görəcəksiniz” və “çünki Atanın yanına gedirəm” sözlərinin mənası nədir?» 18 Öz aralarında soruşurdular: «Söylədiyi “az bir müddət” nə deməkdir? Nə dediyini anlamırıq». 19 İsa Ondan soruşmaq istədiklərini bilib onlara dedi: «“Az bir müddətdən sonra Məni görməyəcəksiniz, az bir müddətdən də sonra yenə görəcəksiniz” sözüm barədəmi bir-birinizdən soruşursunuz? 20 Doğrusunu, doğrusunu sizə deyirəm: siz ağlayıb nalə çəkəcəksiniz, dünya isə sevinəcək; siz kədərlənəcəksiniz, amma kədəriniz sevincə dönəcək. 21 Qadın doğuş zamanı kədərlənər, çünki vaxtı çatıb. Amma uşağı doğandan sonra dünyaya bir insan gətirməyinin sevincinə görə çəkdiyi ağrını yaddan çıxarar. 22 Beləcə siz də indi kədərlisiniz. Lakin Mən sizi yenə görəcəyəm, onda ürəyiniz sevinəcək və heç kəs sevincinizi sizdən ala bilməyəcək. 23 O gün Məndən heç nə soruşmayacaqsınız. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək. 24 İndiyə qədər Mənim adımla heç nə diləmədiniz. Diləyin, alacaqsınız, ta ki sevinciniz kamil olsun.

25 Sizə bu şeyləri məsəllərlə söylədim. İndi elə bir zaman gəlir ki, daha məsəllərlə sizinlə danışmayacağam, amma Ata barədə sizə açıq danışacağam. 26 O gün siz Mənim adımla diləyəcəksiniz. Mən sizin barənizdə Atadan bir şey xahiş edəcəyimi söyləmirəm. 27 Axı Ata Özü sizi sevir, çünki siz Məni sevdiniz və Mənim Allahın yanından gəldiyimə inandınız. 28 Atanın yanından dünyaya gəldim, yenə dünyanı tərk edib Atanın yanına gedirəm».

29 Şagirdləri dedi: «Budur, indi açıq danışırsan, heç bir məsəl söyləmirsən. 30 İndi anlayırıq ki, Sən hər şeyi bilirsən və heç kəsin Səndən soruşmasına ehtiyacın yoxdur. Buna görə də Allahdan gəldiyinə inanırıq». 31 İsa onlara dedi: «İndi inanırsınızmı? 32 Budur, hər birinizin dağılıb öz evinə gedəcəyiniz və Məni tək qoyacağınız vaxt gəlir və artıq gəlib. Amma Mən tək deyiləm, çünki Ata Mənimlədir. 33 Məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim».

İsa şagirdləri üçün yalvarır

1 İsa bunları söylədikdən sonra başını göyə qaldırıb dedi: «Ey Ata, vaxt gəldi; Öz Oğlunu izzətləndir ki, Oğul da Səni izzətləndirsin. 2 Sən Ona bütün bəşər üzərində səlahiyyət verdin ki, Ona verdiyin şəxslərin hamısına əbədi həyat versin. 3 Əbədi həyat da budur ki, Səni – yeganə həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar. 4 Mən yerinə yetirməyi tapşırdığın işi tamamlamaqla Səni yer üzündə izzətləndirdim. 5 Ey Ata, dünya yaranmazdan əvvəl Mən Sənin yanında olarkən malik olduğum izzəti indi Mənə Öz yanında ver.

6 Dünyadan Mənə verdiyin adamlara Sənin adını aşkar etdim. Onlar Səninki idi. Sən onları Mənə verdin və onlar Sənin sözünə riayət etdilər. 7 İndi də bilirlər ki, Mənə verdiyin bütün şeylər Səndəndir. 8 Çünki Mənə bildirdiyin sözləri onlara bildirdim, onlar da qəbul etdilər. Sənin yanından çıxıb gəldiyimi əminliklə bildilər və Məni Sən göndərdiyinə inandılar. 9 Mənim onlar üçün xahişim var. Dünya üçün deyil, Mənə verdiyin kəslər üçün xahişim var, çünki onlar Səninkidir. 10 Mənim olan hər şey Sənindir, Sənin olanlar da Mənimdir və Mən onlarda izzətlənmişəm. 11 Mən artıq dünyada deyiləm, onlarsa dünyadadır və Mən Sənin yanına gəlirəm. Ey Müqəddəs Ata, onları Mənə verdiyin adınla qoru ki, Bizim kimi bir olsunlar. 12[104] Onlarla birlikdə olduğum zaman onları Mənə verdiyin adınla[105] qoruyurdum. Onları saxladım və Müqəddəs Yazı yerinə yetsin deyə həlaka gedən adamdan başqa, onlardan heç biri həlak olmadı. 13 İndi isə Sənin yanına gəlirəm. Dünyada ikən bu sözləri söyləyirəm ki, Mənim sevincim onlarda kamil olsun. 14 Mən onlara Sənin sözünü verdim. Dünya isə onlara nifrət etdi, çünki Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil. 15 Onları dünyadan götürməyi deyil, şər olandan qorumağı Səndən xahiş edirəm. 16 Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil. 17 Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir. 18 Sən Məni dünyaya göndərdiyin kimi Mən də onları dünyaya göndərdim. 19 Mən Özümü onların uğrunda təqdis edirəm ki, onlar da həqiqətlə təqdis olunsun.

20 Yalnız onlar üçün deyil, onların sözü ilə Mənə iman edənlər üçün də xahiş edirəm ki, 21 hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun[106] ki, dünya Sənin Məni göndərdiyinə inansın. 22 Mənə verdiyin izzəti Mən də onlara verdim ki, Biz bir olduğumuz kimi onlar da bir olsun. 23 Mən onlarda, Sən də Məndə olmaqla bütünlüklə bir olsunlar ki, dünya Sənin Məni göndərdiyini, Məni sevdiyin kimi onları da sevdiyini bilsin. 24 Ey Ata, istəyirəm ki, Mənə verdiyin şəxslər də Mənim olduğum yerdə Mənimlə birlikdə olub Mənim izzətimi görsünlər. Bu izzəti dünya yaranmazdan əvvəl Məni sevdiyin üçün Mənə verdin. 25 Ey ədalətli Ata, dünya Səni tanımadı, Mənsə Səni tanıdım, bunlar da Sənin Məni göndərdiyini bildilər. 26 Sənin adını onlara bildirdim və yenə bildirəcəyəm ki, Sənin Mənə bəslədiyin məhəbbət onlarda olsun, Mən də onlarda olum».

İsanın həbs olunması (Mat. 26:47-56; Mark 14:43-50; Luka 22:55-57)

1 İsa bunları söylədikdən sonra şagirdləri ilə birgə çıxıb Qidron vadisinin o biri tayına keçdi. Orada bir bağça var idi. İsa və şagirdləri oraya girdilər. 2 Ona xəyanət edən Yəhuda da bu yeri tanıyırdı, çünki İsa tez-tez şagirdləri ilə orada yığışırdı. 3 Beləcə Yəhuda bir alay əsgərlə başçı kahinlərin və fariseylərin göndərdiyi bəzi mühafizəçiləri götürüb çıraqlar, məşəllər və silahlarla oraya gəldi. 4 İsa başına gələcək hər şeyi bildiyi üçün qabağa çıxdı və «Kimi axtarırsınız?» deyə onlardan soruşdu. 5 Ona cavab verdilər: «Nazaretli İsanı». İsa onlara «Mənəm» dedi. Ona xəyanət edən Yəhuda da onlarla yanaşı idi. 6 İsa onlara «Mənəm» deyəndə geri çəkilib yerə qapandılar. 7 Onda yenə «Kimi axtarırsınız?» deyə onlardan soruşdu. Onlar da «Nazaretli İsanı» dedilər. 8 İsa cavab verdi: «Sizə dedim ki, Mənəm. Əgər Məni axtarırsınızsa, yanımdakıları buraxın getsinlər». 9 Bunu etdi ki, əvvəlcə dediyi «Mənə verdiyin şəxslərin heç birini həlak olmağa qoymadım» sözü yerinə yetsin. 10 Şimon Peterin yanında qılınc var idi. Onu çəkib baş kahinin qulunu vuraraq sağ qulağını kəsdi. O qulun adı Məlik idi. 11[107] Onda İsa Peterə dedi: «Qılıncı qınına qoy! Atanın Mənə verdiyi kasanı[108] içməyimmi?»

12 Beləcə minbaşı ilə alay və Yəhudi başçılarının mühafizəçiləri İsanı tutub əl-qolunu bağladılar. 13 Onu əvvəlcə Xananın yanına apardılar, çünki Xanan o il baş kahin olan Qayafanın qayınatası idi. 14[109] Bu həmin Qayafa idi ki, «bir Adamın xalq uğrunda ölməsi yaxşıdır» deyə Yəhudi başçılarına məsləhət vermişdi.

Peterin ilk inkarı (Mat. 26:69-70; Mark 14:66-68; Luka 22:55-57)

15 Şimon Peter və başqa bir şagird İsanın ardınca gedirdilər. Baş kahin həmin şagirdi tanıdığı üçün o, İsa ilə birlikdə baş kahinin həyətinə girdi. 16 Peter isə bayırda qapının yanında durmuşdu. O vaxt baş kahinin tanıdığı bu şagird bayıra çıxıb qapıçı qızla danışdı və Peteri içəri gətirdi. 17 Bu arada qapıçı qız Peterdən soruşdu: «Yoxsa sən də bu Adamın şagirdlərindənsən?» O isə «xeyr, deyiləm» dedi. 18 Soyuq olduğu üçün qullar və mühafizəçilər orada ocaq qalamışdılar və ətrafında dayanıb isinirdilər. Peter də onlarla yanaşı dayanıb isinirdi.

Baş kahinin yanında sorğu-sual (Mat. 26:59-66; Mark 14:55-64; Luka 22:66-71)

19 O vaxt baş kahin İsadan şagirdləri və təlimi barədə soruşdu. 20 İsa ona cavab verdi: «Mən dünyaya açıq söyləmişəm, Yəhudilərin hamısının toplaşdıqları sinaqoqlarda və məbəddə həmişə təlim öyrədirdim, Mən heç nəyi gizli söyləməmişəm. 21 Niyə Məndən soruşursan? Nə dediyimi eşidən adamlardan soruş. Axı onlar Mənim söylədiyim şeyləri bilirlər». 22 İsa bu sözləri söyləyəndən sonra orada duran mühafizəçilərdən biri «Baş kahinə beləmi cavab verirsən?» deyib Ona bir şillə vurdu. 23 İsa ona cavab verdi: «Əgər haqsız danışdımsa, haqsız olduğunu sübut et. Əgər doğru dedimsə, onda Məni nə üçün vurursan?» 24 Xanan Onu əl-qolu bağlı halda baş kahin Qayafanın yanına göndərdi.

Peterin ikinci və üçüncü inkarı (Mat. 26:71-75; Mark 14:69-72; Luka 22:58-62)

25 Şimon Peter bayırda durub isinirdi. Ondan soruşdular: «Yoxsa sən də Onun şagirdlərindənsən?» O inkar edib «xeyr, deyiləm» söylədi. 26 Baş kahinin qullarından biri Peterin vurub qulağını kəsdiyi adamın qohumu idi. Həmin qul «Səni bağçada Onunla birlikdə görmədimmi?» deyə Peterdən soruşdu. 27 Peter yenə inkar etdi. Həmin anda xoruz banladı.

İsa vali Pilatın önündə (Mat. 27:1-2,11-31; Mark 15:1-20; Luka 23:3-5,13-25)

28 Sonra Yəhudi başçıları İsanı Qayafanın yanından vali sarayına apardılar. Səhər açılırdı. Amma özləri vali sarayına girmədilər ki, murdar olmasınlar və Pasxa yeməyini yeyə bilsinlər. 29 Ona görə də Pilat bayıra, onların yanına çıxıb dedi: «Bu Adamı nədə ittiham edirsiniz?» 30 Onlar Pilata cavab verdilər: «Əgər bu Adam cinayətkar olmasaydı, Onu sənə təslim etməzdik». 31 Pilat onlara dedi: «Onu siz götürüb öz Qanununuza görə mühakimə edin». Yəhudi başçıları Pilata dedi: «Bizim heç kəsi edam etməyə icazəmiz yoxdur». 32[110] Onlar belə dedilər ki, İsanın necə bir ölümlə öləcəyinə işarə edərək söylədiyi söz yerinə yetsin.

33 Pilat yenə vali sarayına girdi, İsanı çağırıb Ona dedi: «Yəhudilərin Padşahı Sənsənmi?» 34 İsa cavab verdi: «Sən bunu özündənmi söyləyirsən, yoxsa başqaları sənə Mənim barəmdə danışdılar?» 35 Pilat dedi: «Məgər mən Yəhudiyəm? Səni Öz millətin və başçı kahinlər mənə təslim etdi. Söylə, nə etmisən?» 36 İsa cavab verdi: «Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil». 37 Pilat ona dedi: «Demək, Sən Padşahsan?» İsa cavab verdi: «Sənin dediyin kimi Mən Padşaham. Mən həqiqət barədə şəhadət etmək üçün doğulub dünyaya gəldim. Həqiqətdən olan hər kəs Mənim səsimə qulaq asar». 38 Pilat Ona «Həqiqət nədir?» dedi.

Bunu deyəndən sonra yenə bayıra, Yəhudilərin yanına çıxıb onlara dedi: «Mən Onda heç bir təqsir görmürəm. 39 Axı sizdə bir adətdir ki, Pasxa zamanı mən sizin üçün bir nəfəri azad edirəm. İndi istəyirsinizsə, sizin üçün Yəhudilərin Padşahını azad edim?» 40 Bunun cavabında onlar yenə bağırıb dedi: «Bu adamı yox, Barabbanı azad et!» Barabba isə bir quldur idi.

İsanın ölümə məhkum edilməsi

1 Onda Pilat İsanı aparıb qamçılatdı. 2 Əsgərlər də tikandan bir tac hörüb Onun başına qoydular və Ona tünd qırmızı paltar geyindirdilər. 3 Onlar İsanın yanına gəlib «Yəhudilərin Padşahı sağ olsun!» deyirdilər və Ona şillə vururdular. 4 Pilat yenə bayıra çıxıb Yəhudilərə dedi: «Budur, Onu bayıra, sizin yanınıza gətirirəm ki, Onda bir təqsir görmədiyimi biləsiniz». 5 O zaman İsa başında tikandan tac, əynində tünd qırmızı paltar bayıra çıxdı. Pilat onlara dedi: «O Adam budur!» 6 Başçı kahinlər və mühafizəçilər Onu gördükdə «Çarmıxa çək, çarmıxa çək!» deyə bağırdılar. Pilat onlara dedi: «Onu özünüz götürüb çarmıxa çəkin, çünki mən Onda bir təqsir görmürəm». 7 Yəhudilər ona cavab verdilər: «Bizim bir qanunumuz var, bu qanuna görə O ölməlidir, çünki Özünü Allahın Oğlu adlandırır».

8 Pilat bu sözü eşidəndə daha da qorxdu. 9 Yenə vali sarayına girib İsadan soruşdu: «Sən haradansan?» Amma İsa ona cavab vermədi. 10 Pilat Ona dedi: «Mənəmi cavab vermirsən? Bilmirsən ki, Səni azad etməyə yaxud çarmıxa çəkməyə səlahiyyətim var?» 11 İsa ona cavab verdi: «Əgər sənə yuxarıdan verilməsəydi, Mənim üzərimdə heç bir səlahiyyətin olmazdı. Buna görə də Məni sənə təslim edənin günahı daha böyükdür». 12 Bundan sonra Pilat Onu azad etməyə çalışdı, ancaq Yəhudilər bağırıb dedilər: «Əgər bu Adamı azad etsən, qeysərin dostu deyilsən. Kim özünü padşah elan edirsə, qeysərə qarşı çıxmış olur».

13 Pilat bu sözü eşitdikdə İsanı bayıra apardı və ibranicə Qabbata, yəni Daş döşəmə deyilən yerdə hökm kürsüsünə oturdu. 14 Pasxaya hazırlıq günü idi. Altıncı saat[111] radələri idi. Pilat Yəhudilərə «Padşahınız budur!» dedi. 15 Amma onlar «Yox, rədd olsun, rədd olsun! Onu çarmıxa çək!» deyə bağırdı. Pilat onlardan soruşdu: «Padşahınızımı çarmıxa çəkim?» Başçı kahinlər cavab verdilər: «Qeysərdən başqa padşahımız yoxdur!» 16 Onda Pilat İsanı çarmıxa çəkilmək üçün onlara təslim etdi.

İsanın çarmıxa çəkilməsi (Mat. 27:32-44; Mark 15:21-32; Luka 23:24-43)

Əsgərlər İsanı götürüb apardılar. 17 İsa çarmıxını Özü daşıyaraq ibranicə Qolqota, yəni «Kəllə yeri» adlanan yerə çıxdı. 18 Orada Onu və başqa iki nəfəri çarmıxa çəkdilər: biri İsanın sağında, o biri isə solunda idi, İsa da ortada idi. 19 Pilat bir lövhə yazıb onu çarmıxın üstündə asdırdı. Orada belə yazılmışdı: «Yəhudilərin Padşahı Nazaretli İsa». 20 Yəhudilərin bir çoxu bu lövhəni oxudu, çünki İsanın çarmıxa çəkildiyi yer şəhərə yaxın idi və lövhədə ibranicə, latınca və yunanca yazılmışdı. 21 Bunu görüb Yəhudi başçı kahinləri Pilata dedilər: «“Yəhudilərin Padşahı” yox, “Özünü Yəhudilərin Padşahı adlandıran” yaz». 22 Pilat cavab verdi: «Nə yazdımsa, yazdım».

23 Əsgərlər İsanı çarmıxa çəkdikləri zaman Onun paltarlarını götürüb hər əsgər üçün bir pay olmaqla dörd hissəyə böldülər. Tikişsiz və başdan-ayağa toxunma olan köynəyini götürdülər. 24[112] Onlar bir-birinə dedilər: «Bunu cırmayaq, püşk ataq, görək kimin olur». Müqəddəs Yazıdakı

«Aralarında paltarlarımı bölüşdürdülər,
Geyimim üçün püşk atdılar»
sözü yerinə yetsin deyə əsgərlər bunu etdilər.

25 İsanın çarmıxı yanında anası, anasının bacısı, Klopanın arvadı Məryəm və Məcdəlli Məryəm dayanmışdı. 26 İsa anasını və onun yanında Öz sevimli şagirdinin dayandığını gördükdə anasına dedi: «Ana, bu sənin oğlundur!» 27 Sonra isə şagirdə dedi: «Bu da sənin anandır!» Həmin andan sonra şagird onu öz evinə apardı.

İsanın ölümü (Mat. 27:45-56; Mark 15:33-41; Luka 23:44-49)

28[113] Daha sonra İsa hər şeyin artıq tamam olduğunu bilərək Müqəddəs Yazı tam yerinə yetsin deyə «Susadım!» dedi. 29 Orada şərab sirkəsi ilə dolu bir qab qoyulmuşdu. Bir süngəri şərab sirkəsinə batıraraq züfaya taxıb İsanın ağzına yaxınlaşdırdılar. 30 İsa şərab sirkəsini daddı. Sonra «tamam oldu» dedi və başını əyib ruhunu tapşırdı.

31 Hazırlıq günü olduğuna görə Yəhudi başçıları Pilatdan çarmıxa çəkilənlərin baldırlarının qırılmasını və cəsədlərin götürülməsini xahiş etdilər. Onlar cəsədlərin Şənbə günü çarmıxda qalmasını istəmirdilər, çünki o Şənbə günü böyük bir bayram idi. 32 Onda əsgərlər gəlib əvvəl İsa ilə çarmıxa çəkilən bir adamın, sonra isə o biri adamın baldırlarını qırdılar. 33 İsanın yanına gələndə isə Onun artıq öldüyünü görüb baldırlarını qırmadılar. 34 Amma əsgərlərdən biri Onun böyrünü nizə ilə deşdi, o anda oradan qan və su axdı. 35 Bunu görən adam özü şəhadət edir və onun şəhadəti doğrudur, sizin də iman etməyiniz üçün həqiqəti söylədiyini bilir. 36[114] Bunlar ona görə oldu ki, Müqəddəs Yazıdakı «Onun bir sümüyü də qırılmayacaq» sözü yerinə yetsin. 37[115] Yenə başqa bir Yazıda «bədənini deşdikləri Şəxsə baxacaqlar» deyilir.

İsanın dəfni (Mat. 27:57-61; Mark 15:42-47; Luka 23:50-56)

38 Bundan sonra Arimateyalı Yusif Pilatdan İsanın cəsədini götürməyi xahiş etdi. Yusif İsanın şagirdi idi, amma Yəhudi başçılarından qorxduğu üçün bunu gizli saxlayırdı. Pilat ona izin verdi və Yusif gəlib İsanın cəsədini götürdü. 39[116] Vaxtı ilə gecə ikən İsanın yanına gələn Nikodim də gəlib yüz litraya[117] qədər qarışıq mirra və əzvay gətirdi. 40 İsanın cəsədini götürüb Yəhudilərin dəfn adətinə uyğun olaraq ətirlərlə birgə kətan bezlərə sarıdılar. 41 İsanın çarmıxa çəkildiyi yerdə bir bağça, bu bağçanın içində də hələ heç kəsin qoyulmadığı təzə bir qəbir var idi. 42 Qəbir yaxında olduğuna görə İsanın cəsədini oraya qoydular, çünki o gün Yəhudilərin Hazırlıq günü idi.

İsanın dirilməsi (Mat. 28:1-8; Mark 16:1-8; Luka 24:1-12)

1 Həftənin ilk günü[118] tezdən, hələ qaranlıq ikən Məcdəlli Məryəm qəbirin yanına gəldi. O gördü ki, daş qəbirin ağzından götürülüb. 2 Onda qaçıb Şimon Peterlə İsanın sevimlisi olan o biri şagirdin yanına gəldi və onlara dedi: «Rəbbi qəbirdən aparıblar və hara qoyulduğunu bilmirik». 3 Peterlə o biri şagird bayıra çıxıb qəbirə tərəf getdilər. 4 İkisi birgə qaçırdı, amma o biri şagird Peterdən daha cəld qaçdı və qabaqca qəbirə o çatdı. 5 Əyilib içəri baxdı və kətan bezlərin düşüb-qaldığını gördü, ancaq içəri girmədi. 6 O vaxt onun ardınca Şimon Peter də gəlib qəbirə girdi. O, düşüb-qalan kətan bezləri 7 və İsanın başına qoyulmuş dəsmalı gördü. Dəsmal kətan bezlərin yanında deyil, başqa bir yerdə bükülü qalmışdı. 8 Onda qəbirin yanına qabaqca gələn o biri şagird də içəri girib bunları gördü və iman etdi. 9 Çünki onlar İsanın mütləq ölülər arasından diriləcəyini bildirən Müqəddəs Yazını hələ anlamırdılar. 10 Beləcə şagirdlər yenə evlərinə qayıtdılar.

İsanın Məcdəlli Məryəmə görünməsi (Mat. 28:9-10; Mark 16:9-11)

11 Məryəm isə ağlayaraq qəbirin bayırında dayanmışdı. Ağlaya-ağlaya əyilib qəbirin içinə baxdı. 12 Orada ağ paltar geymiş iki mələk gördü: biri İsanın cəsədinin qoyulduğu yerin başında, o biri isə ayağında oturmuşdu. 13 Onlar Məryəmdən «Ey qadın, niyə ağlayırsan?» deyə soruşdu. Məryəm də onlara dedi: «Rəbbimi qəbirdən aparıblar və hara qoyduqlarını bilmirəm». 14 Bunu deyəndən sonra arxaya dönüb İsanın orada dayandığını gördü, amma Onun İsa olduğunu bilmədi. 15 İsa ondan soruşdu: «Ey qadın, niyə ağlayırsan? Kimi axtarırsan?» Məryəm Onun bağban olduğunu güman edərək dedi: «Ağa, əgər Onu Sən aparmısansa, hara qoyduğunu mənə söylə, mən də Onu götürüm». 16 İsa ona «Məryəm!» dedi. O da dönüb İsaya ibranicə «Rabbuni!» dedi. «Rabbuni» «Müəllim» deməkdir. 17 İsa ona dedi: «Mənə toxunma, çünki Mən hələ Atanın yanına qalxmamışam. Amma qardaşlarımın yanına gedib onlara söylə: Öz Atamın – sizin Atanızın, Öz Allahımın – sizin Allahınızın yanına qalxıram». 18 Məcdəlli Məryəm şagirdlərin yanına gəldi, onlara «Rəbbi görmüşəm!» deyib onun özünə bunları söylədiyini bildirdi.

İsanın şagirdlərinə görünməsi (Mat. 28:16-20; Mark 16:14-18; Luka 24:36-49)

19 O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam olsun!» dedi. 20 Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər. 21 İsa yenə onlara dedi: «Sizə salam olsun! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm». 22 Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın! 23[119] Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır».

İsanın Tomasa görünməsi

24 Lakin On İki şagirddən biri «Əkiz» adlanan Tomas İsa gələndə onların yanında deyildi. 25 O biri şagirdlər Tomasa «Rəbbi gördük» deyəndə onlara söylədi: «Əgər Onun əllərində mıxların açdığı yaraları görməsəm, mıxların yerinə barmağımla toxunmasam, böyrünə də əlimi qoymasam, buna heç inanmaram». 26 Səkkiz gündən sonra İsanın şagirdləri yenə otaqda toplaşanda Tomas da onların yanında idi. Qapılar bağlı olsa da, İsa içəri girdi. O ortada durub «Sizə salam olsun!» dedi. 27 Bundan sonra Tomasa söylədi: «Barmağını buraya uzat, əllərimə bax, əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol!» 28 Tomas cavab verib Ona «Ya Rəbbim və Allahım!» dedi. 29 İsa ona dedi: «Sən Məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!»

30 İsa şagirdlərinin gözü önündə bir çox başqa əlamətlər də göstərdi ki, bu kitabda yazılmayıb. 31 Amma buradakılar onun üçün yazılıb ki, siz İsanın Məsih – Allahın Oğlu olduğuna inanasınız və iman edərək Onun adı ilə həyata malik olasınız.

İsa göl kənarında

1 Bu hadisələrdən sonra İsa Tiberiya gölünün kənarında yenə şagirdlərə göründü. Bu belə oldu: 2 Şimon Peter, «Əkiz» adlanan Tomas, Qalileyanın Qana kəndindən olan Natanael, Zavdayın oğulları və Onun başqa iki şagirdi birlikdə idi. 3[120] Şimon Peter onlara «balıq ovuna gedirəm» dedi. O birilər də ona «biz də səninlə gedirik» dedilər. Onlar gedib qayığa mindilər, amma o gecə bir şey tuta bilmədilər. 4 Günəş doğarkən İsa sahildə dayanmışdı, amma şagirdlər Onun İsa olduğunu bilmədilər. 5 İsa onlara dedi: «Uşaqlar, yeməyə bir şey tutmusunuzmu?» Ona «xeyr» deyə cavab verdilər. 6[121] İsa yenə dedi: «Toru qayığın sağ tərəfinə atın, orada tapacaqsınız». Eləcə də atdılar və o qədər balıq tutdular ki, toru çəkə bilmirdilər. 7 Onda İsanın sevimli şagirdi Peterə «Bu, Rəbdir» söylədi. Şimon Peter Onun Rəbb olduğunu eşidən kimi əynindən çıxartdığı üst paltarına bürünüb gölə atıldı. 8 O biri şagirdlər isə balıq torunu çəkə-çəkə qayıqda gəldilər, çünki sahildən uzaq deyildilər, cəmi iki yüz qulac[122] məsafədə idilər.

9 Onlar quruya çıxanda orada közərmiş ocağı, onun üzərinə qoyulmuş balığı və yanında olan çörəyi gördülər. 10 İsa onlara dedi: «İndi tutduğunuz balıqlardan gətirin». 11 Şimon Peter qayığa minib yüz əlli üç böyük balıqla dolu toru quruya çəkdi. Balıq lap çox olsa da, tor yırtılmadı. 12 İsa onlara dedi: «Gəlin, səhər yeməyi yeyin». Şagirdlərdən heç biri Ondan «Sən kimsən?» deyə soruşmağa cəsarət etmirdi, çünki Onun Rəbb olduğunu bilirdilər. 13 İsa gəlib çörəyi götürdü və onlara verdi, eləcə balığı da verdi. 14 İsa ölülər arasından dirildikdən sonra artıq üçüncü dəfə idi ki, şagirdlərə görünürdü.

İsanın Peterlə söhbəti

15 Səhər yeməyindən sonra İsa Şimon Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni bunlardan çox sevirsənmi?» Peter ona dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə». 16 İkinci dəfə yenə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» O da İsaya dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı otar». 17 Üçüncü dəfə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» Peter üçüncü dəfə İsanın ona «Məni sevirsənmi?» sualını verməyinə kədərləndi və Ona dedi: «Ya Rəbb, Sən hər şeyi bilirsən, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə. 18 Doğrusunu, doğrusunu sənə deyirəm: cavan olanda qurşağını özün bağlayıb istədiyin yerə gedərdin, amma qocalanda əllərini uzadacaqsan və başqası sənin qurşağını bağlayıb istəmədiyin yerə aparacaq». 19 İsa bunu ona görə söylədi ki, Peterin necə öz ölümü vasitəsilə Allahı izzətləndirəcəyinə işarə etsin. Bunu söylədikdən sonra ona «ardımca gəl» dedi.

20[123] Peter də arxaya dönüb İsanın sevimli şagirdinin onların ardınca gəldiyini gördü. Bu həmin şagird idi ki, axşam yeməyi zamanı İsanın sinəsinə əyilib «Ya Rəbb, Sənə xəyanət edəcək adam kimdir?» demişdi. 21 Peter bu şagirdi görüb İsaya dedi: «Ya Rəbb, bəs o necə olacaq?» 22 İsa ona dedi: «Əgər Mən gələnə qədər onun sağ qalmasını istəyirəmsə, bundan sənə nə? Sən ardımca gəl». 23 Beləcə o şagirdin ölməyəcəyi barədə imanlı bacı-qardaşlar arasında söz yayıldı. Amma İsa onun ölməyəcəyini deməmişdi, sadəcə olaraq «Əgər Mən gələnə qədər onun sağ qalmasını istəyirəmsə, bundan sənə nə?» demişdi.

24 Bu hadisələrə şəhadət edərək bunları yazan həmin şagirddir. Biz də bilirik ki, onun şəhadəti etibarlıdır.

25 İsanın etdiyi çoxlu başqa şeylər də var. Əgər bunlar da bir-bir yazılsaydı, fikrimcə, yazılan kitablar heç dünyaya sığmazdı.

Qeydlər

[redaktə]
  1. Mat. 3:1-2; Mark 1:4; Luka 3:1-2
  2. Və Allah olan – bəzi əlyazmalarda bu sözlər yoxdur.
  3. Qanun. 18:15,18; Mal. 4:5
  4. Yeş. 40:3
  5. Məndən sonra gələn – bəzi əlyazmalarda məndən sonra gələn, amma məndən əvvəl var olan.
  6. Onuncu saat – hazırkı vaxtla günorta saat dörd.
  7. Məsh olunmuş – yunan mətnində Xristos.
  8. Kefa – arami dilində, Peter – yunan dilində daş deməkdir.
  9. Yar. 28:12
  10. İki-üç ölçü – hərfi tərcümədə iki-üç metrit, təqribən 80-120 litr.
  11. Mat. 4:13
  12. Çıx. 12:1-27
  13. Zəb. 69:9
  14. Mat. 26:61; 27:40; Mark 14:58; 15:29
  15. Göydən enmiş – bəzi əlyazmalarda göydən enmiş, indi də göydə olan.
  16. Say. 21:9
  17. Hər kəs əbədi həyata – bəzi əlyazmalarda hər kəs həlak olmasın, amma əbədi həyata.
  18. Gəlməz – bəzi əlyazmalarda gəlməz, çünki əməlləri şərdir.
  19. Mat. 14:3; Mark 6:17; Luka 3:19
  20. Bir Yəhudi – bəzi əlyazmalarda bəzi Yəhudilər.
  21. Yəh. 1:20
  22. Mat. 11:27; Luka 10:22
  23. Yar. 33:19; Yeşua 24:32
  24. Altıncı saat – hazırkı vaxtla günorta saat on iki.
  25. Ezra 4:1-5; Neh. 4:1-2
  26. Yəh. 7:38
  27. Mat. 9:37-38; Luka 10:2
  28. Xilaskarı – bəzi əlyazmalarda Xilaskarı olan Məsih.
  29. Mat. 13:57; Mark 6:4; Luka 4:24
  30. Yəh. 2:23
  31. Yəh. 2:1-11
  32. Yeddinci saat – hazırkı vaxtla günorta saat bir.
  33. Yatardı – bəzi əlyazmalarda yatardı və suyun çalxalanmasını gözləyərdi. 4 Çünki Rəbbin bir mələyi hərdən hovuzun içinə enib suyu çalxalayardı. Suyun çalxalanmasından sonra oraya girən ilk adam, hansı xəstəliyi olursa-olsun, sağlam olardı.
  34. Neh. 13:19; Yer. 17:21
  35. Başladılar – bəzi əlyazmalarda başladılar və Onu öldürməyə çalışdılar.
  36. Dan. 12:2
  37. Yəh. 1:19-27; 3:27-30
  38. Mat. 3:17; Mark 1:11; Luka 3:22
  39. Yüz dinarlıq – bir dinar fəhlənin bir günlük maaşına bərabər idi.
  40. Oturanlara – bəzi əlyazmalarda şagirdlərə, şagirdlər də oturanlara.
  41. İyirmi beş ya otuz stadi – təqribən 5-6 km.
  42. Bir qayıq – bəzi əlyazmalarda bir qayıq, İsanın şagirdlərinin mindiyi qayıq.
  43. Çıx. 16:4,15; Zəb. 78:24
  44. Yeş. 54:13
  45. Yediyi – bəzi əlyazmalarda yediyi manna.
  46. Mat. 16:16; Mark 8:29; Luka 9:20
  47. Allahın Müqəddəsi – bəzi əlyazmalarda Məsih, var olan Allahın Oğlu (Mat. 16:16).
  48. Lev. 23:34; Qanun. 16:13
  49. Yar. 17:10; Lev. 12:3
  50. Yəh. 5:9
  51. Lev. 23:36
  52. Sül. 18:4; Yeş. 58:11; Yez. 47:1; Zək. 14:8
  53. Qanun. 18:15-18
  54. 2Şam. 7:12; Mik. 5:2
  55. Yəh. 3:1-2
  56. Bundan qabaq – bəzi əlyazmalarda gecə ikən.
  57. Lev. 20:10; Qanun. 22:22-24
  58. Ən qədim yunan əlyazmalarında bu ayələr yoxdur.
  59. Mat. 5:14; Yəh. 9:5
  60. Yəh. 5:31
  61. Qanun. 17:6; 19:15
  62. Mat. 3:9; Luka 3:8
  63. Atanızdan eşitdiklərinizi – bəzi əlyazmalarda atanızın yanında gördüklərinizi.
  64. Çıx. 3:14; Yəh. 1:1; 8:24,28; Vəhy 1:4-6,8
  65. Məbəddən çıxdı – bəzi əlyazmalarda onların arasından keçərək məbəddən çıxdı. Sonra yoluna davam etdi.
  66. Görməliyik – bəzi əlyazmalarda görməliyəm.
  67. Mat. 5:14; Yəh. 8:12
  68. Bir dilənçi kimi – bəzi əlyazmalarda kor olanda.
  69. Bəşər Oğluna – bəzi əlyazmalarda Allahın Oğluna.
  70. Mat. 11:27; Luka 10:22
  71. Çünki – bəzi əlyazmalarda çünki sizə dediyim kimi.
  72. Lev. 24:16
  73. Zəb. 82:6
  74. Yəh. 1:28
  75. Luka 10:38-39
  76. Yəh. 12:3
  77. On beş stadi – təqribən 3 km.
  78. Daşı – bəzi əlyazmalarda ölünün yatdığı yerdə olan daşı.
  79. Sizin üçün – bəzi əlyazmalarda bizim üçün.
  80. Luka 7:37-38
  81. Bir litra – təqribən 300 qr.
  82. Qanun. 15:11
  83. Zəb. 118:25-26
  84. Hosanna – ibrani dilində xilas et. Nida kimi işlənir.
  85. Zək. 9:9
  86. Sion qızı – yəni Yerusəlim əhalisi.
  87. Mat. 10:39; 16:25; Mark 8:35; Luka 9:24; 17:33
  88. Bu dünyanın hökmdarı – yəni Şeytan.
  89. Zəb. 110:4; Yeş. 9:7; Yez. 37:25; Dan. 7:14
  90. Yeş. 53:1
  91. Yeş. 6:10; Mat. 13:14-15; Mark 4:12; Həv. 28:26-27
  92. Onlara riayət etməzsə – bəzi əlyazmalarda inanmazsa.
  93. Luka 22:27
  94. Mat. 10:24; Luka 6:40; Yəh. 15:20
  95. Zəb. 41:9
  96. Mat. 10:40; Mark 9:37; Luka 9:48; 10:16
  97. Yəh. 7:34
  98. Yəh. 15:12,17; 1Yəh. 3:23; 2Yəh. 5
  99. Gedəcəyim yerə aparan – bəzi əlyazmalarda Hara gedəcəyimi bilirsiniz və oraya aparan.
  100. Yəh. 13:34; 15:17; 1Yəh. 3:23; 2Yəh. 5
  101. Mat. 10:24; Luka 6:40; Yəh. 13:16
  102. Zəb. 35:19; 69:4
  103. Görəcəksiniz – bəzi əlyazmalarda görəcəksiniz. Çünki Atanın yanına gedirəm.
  104. Zəb. 41:9; Yəh. 13:18
  105. Onlarla birlikdə ... adınla – bəzi əlyazmalarda Dünyada onlarla birlikdə olduğum zaman Mənə verdiyin kəsləri adınla.
  106. Olsun – bəzi əlyazmalarda bir olsun.
  107. Mat. 26:39; Mark 14:36; Luka 22:42
  108. Kasa – İsanın çarmıxdakı ölümünün rəmzi.
  109. Yəh. 11:49-50
  110. Yəh. 3:14; 12:32
  111. Altıncı saat – hazırkı vaxtla günorta saat on iki.
  112. Zəb. 22:18
  113. Zəb. 22:15; 69:21
  114. Çıx. 12:46, Say. 9:12, Zəb. 34:20
  115. Zək. 12:10; Vəhy 1:7
  116. Yəh. 3:1-2
  117. Yüz litra – təqribən 30 kq.
  118. Həftənin ilk günü – yəni bazar günü.
  119. Mat. 16:19; 18:18
  120. Luka 5:5
  121. Luka 5:6
  122. İki yüz qulac – təqribən 100 m.
  123. Yəh. 13:25

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy