Məzmuna keç

Bibliya/Paulun Timoteyə Birinci Məktubu

Vikimənbə saytından
Paulun Saloniklilərə İkinci Məktubu Bibliya. Paulun Timoteyə Birinci Məktubu

Paulun Timoteyə İkinci Məktubu


1 2 3 4 5 6 Qeydlər

Gənc məsihçi Timotey Likaonyanın Listra şəhərində anadan olmuşdu. Onun atası Yunan, anası isə Yəhudi idi. Timotey müjdəçilik işində Paula köməkçi və əməkdaş oldu. Paulun «Timoteyə Birinci Məktubu» üç əsas məsələni həll edir.

Məktub ilk növbədə imanlı cəmiyyətində verilən yanlış təlimə qarşıdır. Bu təlim Yəhudi və Yəhudi olmayanların ideyalarının qarışığı idi. Bu yanlış təlimə görə fiziki dünya şərdir və buna əsasən bəzi yeməklərdən imtina etməklə, xüsusi gizli biliyə malik olmaqla və evlənməməklə xilasa nail olmaq olar. Məktubda həm də imanlı cəmiyyətinin idarə olunmasına və ibadətə aid təlimatlar var. Bundan əlavə, burada imanlı cəmiyyətinin rəhbərlərinin və köməkçilərinin davranışının necə olması göstərilir.

Nəhayət, Paul Timoteyə İsa Məsihin yaxşı xidmətçisi olması üçün və imanlıların müxtəlif qruplarına qarşı məsuliyyətinə aid məsləhətlər verir. Kitabın məzmunu:

  • 1:1-2 Salamlar
  • 1:3-3:13 İmanlı cəmiyyətinin xidmətçilərinə aid təlimatlar
  • 3:14-4:5 Möminliyin böyük sirri
  • 4:6-6:21 Timoteyə verilən təlimat

1[1] Xilaskarımız Allahın və ümidimiz olan Məsih İsanın əmrinə görə Məsih İsanın həvarisi mən Pauldan 2 imanda mənə əsl oğul olan Timoteyə salam! Ata Allahdan və Rəbbimiz Məsih İsadan sənə lütf, mərhəmət və sülh olsun!

Yanlış təlimlərdən çəkinin

3 Makedoniyaya gedərkən mən səndən xahiş etdiyim kimi Efesdə qal və bəzi insanlara əmr et ki, yad təlim yaymasınlar, 4 əfsanə və bitməz-tükənməz nəsil şəcərələri ilə məşğul olmasınlar. Çünki bu şeylər Allahın niyyətinin imanla yerinə yetməsi üçün faydalı deyil, əksinə, boş mübahisələrə səbəb ola bilər. 5 Bu əmrin məqsədi pak ürəkdən, təmiz vicdandan və riyasız imandan gələn məhəbbətdir. 6 Bəzi adamlar isə bunlardan azaraq boşboğazlığa qapıldılar. 7 Qanun müəllimi olmaq istəyirlər, amma nə söylədikləri sözləri, nə də üstündə durduqları mövzuları anlayırlar.

8 Biz bilirik ki, kimsə Qanundan qanuni şəkildə istifadə edərsə, Qanun yaxşıdır. 9 Bunu da bilirik ki, Qanun saleh üçün deyil, qanunsuzlar və itaətsizlər, allahsızlarla günahkarlar, müqəddəs olmayanlar və Allahla əlaqəsi olmayanlar, ata və analarını öldürənlər, qatillər, 10 əxlaqsızlar, kişibazlar, adam oğruları, yalançılar, andı pozanlar və sağlam təlimə zidd olan bütün başqaları üçün qoyulmuşdur. 11 Bəxtiyarlıq mənbəyi olan Allahın mənə əmanət etdiyi izzətli Müjdəyə görə bu belədir.

Allah mərhəmətlidir

12 Mənə qüvvət verən Rəbbimiz Məsih İsaya şükür edirəm ki, məni sadiq sayıb Öz xidmətinə təyin etdi. 13[2] Əvvəllər Ona küfr edən, təqibçi və söyüşkən olduğum halda mənə mərhəmət edildi. Çünki nə etdimsə, cahillik və imansızlıq üzündən etdim. 14 Amma Rəbbimizin lütfü Məsih İsada olan iman və məhəbbətlə birlikdə mənə bol-bol ehsan edildi. 15 Məsih İsa günahkarları xilas etmək üçün dünyaya gəldi, bu söz etibarlı və tamamilə qəbul olunmağa layiq sözdür. O günahkarlardan ən betəri mənəm. 16 Lakin ən betəri olduğum halda mənə buna görə mərhəmət edildi ki, Məsih İsa mənim vasitəmlə hədsiz səbrini göstərsin. Ona görə ki gələcəkdə Ona iman edib əbədi həyata malik olanlara mən nümunə olum. 17 Əsrlərin Padşahı, ölməz, görünməz və bir olan Allaha[3] əbədi olaraq hörmət və izzət olsun! Amin.

18 Oğlum Timotey, əvvəlcədən sənin haqqında söylənən peyğəmbərlik sözlərinə əsasən bu əmri sənə həvalə edirəm ki, bu sözlərə güvənərək yaxşı mübarizə aparasan, 19 imana və təmiz vicdana sarılasan. Bəziləri təmiz vicdanı rədd edərək imanlarını qəzaya uğrayan gəmi kimi batırdılar. 20 Himeney və İsgəndər də onlardandır. Küfr etməməyi öyrənsinlər deyə onları Şeytana təslim etdim.

Dua və ibadət

1-2 Hər şeydən əvvəl xahiş edirəm: möminlik və ləyaqətlə sakit və rahat ömür sürməyimiz üçün, bütün insanlar, o cümlədən, padşahlar və hakimiyyət sahibi olanların hamısı üçün yalvarış, dua, vəsatət və şükürlər edilsin. 3 Çünki bu yaxşıdır və Xilaskarımız Allahı razı salır. 4 O bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir. 5 Çünki bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır. 6 O hamını satın almaq üçün Özünü fidyə verdi və bu da münasib vaxtda edilən şəhadətdir. 7[4] Mən də həmin şəhadətin vaizi və həvarisi təyin edildim – yalanı deyil, həqiqəti[5] söyləyirəm. Başqa millətlərə iman və həqiqət öyrədən müəllim oldum.

8 Buna görə istəyirəm ki, kişilər qəzəblənmədən, mübahisə etmədən hər yerdə müqəddəs əllər qaldırıb dua etsinlər, 9[6] qadınlar da ədəbli görkəmlə, abır-həya və ağıl-kamalla bəzənsinlər. Dəbdəbəli saç düzümü ilə, qızıllarla, mirvarilərlə və yaxud bahalı paltarlarla deyil, 10 mömin olduqlarını bəyan edən qadınlara yaraşan tərzdə xeyirli işlərlə bəzənmələrini istəyirəm. 11 Qadın sakitlik və tam bir tabelik içində öyrənsin; 12 qadının öyrədib kişiyə ağalıq etməsinə izin vermirəm, qadın sakit olsun. 13[7] Çünki ilk yaradılan Adəm oldu, sonra Həvva. 14 Aldadılan da Adəm deyildi, qadın aldadılıb əmri pozdu; 15 amma qadın doğuşla xilas olacaq, bir şərtlə ki ağıl-kamalla imanda, məhəbbətdə və müqəddəslikdə yaşamağa davam etsin.

İmanlılar cəmiyyətinin başçıları

1 Bu söz etibarlıdır: kim cəmiyyətdə nəzarətçi olmağa can atırsa, xeyirli iş arzu edir. 2[8] Nəzarətçi nöqsansız, tək arvadlı olaraq ona sadiq, ayıq, ağıllı-kamallı, ədəbli, qonaqpərvər olmalı, öyrətməyi bacarmalıdır. 3 Şərab düşkünü olmamalı; zorakı deyil, mülayim[9] olmalı; davakar və pulpərəst olmamalıdır. 4 Öz evini yaxşı idarə etməli, tam bir ləyaqətlə uşaqlarını öz tabeliyində saxlamalıdır. 5 Öz şəxsi evini idarə edə bilməyən Allahın cəmiyyətinin qayğısına necə qala bilər? 6 Nəzarətçi yeni iman etmiş adam olmamalıdır. Yoxsa qürurlanıb iblisin uğradığı eyni mühakiməyə uğraya bilər. 7 Kənar insanlar tərəfindən də yaxşı bir insan kimi tanınmalıdır. Belə ki iblisin qurduğu tora düşüb utandırılmasın.

8 Cəmiyyət xidmətçiləri də ləyaqətli olmalıdır. Riyakar, şərab düşkünü yaxud haqsız qazanca həris olmamalıdır. 9 İman sirrini təmiz vicdanla saxlamalıdırlar. 10 Onlar da əvvəlcədən sınaqdan keçsinlər, əgər nöqsanları olmazsa, o zaman xidmət etsinlər. 11 Qadınlar da böhtançı deyil, ləyaqətli, ayıq və hər şeydə sadiq olmalıdırlar. 12 Xidmətçilər tək arvadlı olaraq ona sadiq olsun, öz uşaqlarını və evlərini yaxşı idarə etsinlər. 13 Çünki yaxşı xidmət edənlər özləri üçün yaxşı bir mövqe və Məsih İsaya olan imanlarında böyük cəsarət qazanırlar.

Böyük sirr

14 Tezliklə yanına gəlmək ümidi ilə bu şeyləri sənə yazıram ki, 15 əgər geciksəm belə, sən Allahın ev xalqı arasında necə həyat sürmək lazım olduğunu biləsən. Bu xalq var olan Allahın cəmiyyəti, həqiqətin dirəyi və bünövrəsidir. 16 Şübhəsiz ki, möminliyin sirri böyükdür:

O,[10] cismən zühur etdi,
Ruh tərəfindən təsdiq olundu,
Mələklərə göründü,
Millətlərə vəz olundu,
Dünyada Ona iman edildi,
İzzətlə göyə çəkildi.

İmandan dönüş

1 Ruh aydın şəkildə deyir ki, gələcəkdə bəziləri imandan dönəcək, aldadıcı ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar. 2 Bu təlimlər yalançıların ikiüzlülüyü ilə yayılır. Onların vicdanı sanki yanıq yarası kimi hissiyyatını itirmişdir. 3 Bu yalançılar evlənməyi qadağan edir və bəzi yeməklərdən çəkindirirlər. Amma Allah bu yeməkləri iman edib həqiqəti dərk edənlərin şükürlə qəbul etməsi üçün yaradıb. 4 Çünki Allahın yaratdığı hər şey yaxşıdır, şükürlə qəbul edilən heç bir şey rədd edilməməlidir. 5 Çünki hər şey Allahın kəlamı və dua ilə təqdis olur.

Məsihin yaxşı xidmətçisi

6 Bunları bacı-qardaşlara öyrətsən, imanın və əməl etdiyin yaxşı təlimatın sözləri ilə qidalanaraq Məsih İsanın yaxşı bir xidmətçisi olarsan. 7 Allahsız, axmaq qoca qarı əfsanələrindən uzaq dur. Mömin olmaq üçün özünü yetişdir. 8 Bədən məşqinin az faydası olur, möminlik isə hər şey üçün faydalıdır, çünki bunda indi və gələcək üçün həyat vədi var. 9 Bu söz etibarlıdır və tamamilə qəbul olunmağa layiq sözdür. 10 Ona görə də biz zəhmət çəkir və mübarizə aparırıq.[11] Çünki ümidimizi bütün insanların, xüsusən iman edənlərin Xilaskarı, var olan Allaha bağlamışıq.

11 Bunları buyur və öyrət. 12 Gənc olduğun üçün qoy heç kim sənə xor baxmasın. Amma sözdə, həyat tərzində, məhəbbətdə, imanda,[12] paklıqda imanlılara nümunə ol. 13 Mən gəlincə Müqəddəs Yazıları hamıya oxumaqla, nəsihət verməklə, təlim verməklə məşğul ol. 14 Ağsaqqallar əllərini sənin üzərinə qoyanda sənə peyğəmbərlik sözü ilə verilən səndə olan ruhani ənama etinasızlıq etmə. 15 Bunların hamısına səy göstərərək özünü həsr et ki, sənin inkişafın hamıya aşkar olsun. 16 Özünə və verdiyin təlimə diqqətli ol. Bu işlərlə məşğul olmağa davam et. Çünki bunu etməklə həm özünü, həm də səni dinləyənləri xilas edəcəksən.

İmanlılar cəmiyyətində məsuliyyətlər

1 Ağsaqqalla sərt danışma, ona ata kimi, cavanlara isə qardaş kimi, 2 ağbirçəklərə ana kimi, gənc qadınlara tamamilə saf ürəklə bir bacı kimi nəsihət ver.

3 Həqiqi dul qadınlara hörmət et. 4 Lakin əgər bir dul qadının uşaqları ya da nəvələri varsa, bunlar əvvəlcə öz ailələrinə yardım edərək möminliyi, yaşlı ailə üzvlərinə də haqqını verməyi öyrənsinlər. Çünki bu, Allahı razı salır. 5 Həqiqətən, dul qalıb kimsəsiz olan qadın öz ümidini Allaha bağlamışdır, gecə-gündüz Ona yalvarmağa və dua etməyə davam edir. 6 Keflə yaşayan dul qadınsa yaşadığı halda ölüdür. 7 Nöqsansız olmaqları üçün bu əmrləri tapşır. 8 Öz yaxınlarının, xüsusən, ailə üzvlərinin qayğısına qalmayan insan imanı inkar etmiş və imansızdan betərdir.

9 Qoy bir dul qadının adı dullar siyahısına bu şərtlə yazılsın: ən azı altmış yaşına çatmış, ərinə sadiq olmuş, 10[13] etdiyi yaxşı işlərlə tanınmış olsun, məsələn, uşaqlar böyütmüş, qonaqpərvərlik göstərmiş, müqəddəslərin ayaqlarını yumaqla xidmət etmiş, əziyyət çəkənlərə yardım etmiş, hər cür xeyirli işlə məşğul bir şəxs olmalıdır.

11 Altmış yaşa çatmamış dul qadınları isə siyahıya yazma. Çünki cismani istəkləri Məsihə bağlılıqlarına qalib gələn kimi ərə getmək istəyərlər. 12 Beləcə verdikləri ilk sözdən çıxdıqları üçün mühakiməyə məruz qalırlar. 13 Eyni zamanda evdən evə gəzərək tənbəlliyə öyrənərlər. Yalnız tənbəllik deyil, lazım olmayan sözlər danışaraq qeybət edərlər, başqalarının işlərinə burunlarını soxarlar. 14 Beləliklə, yaşa dolmamış dul qadınların ərə getməsini, uşaq doğmasını, evini idarə etməsini, düşmənə heç bir böhtan atmaq fürsətini verməməsini istəyirəm. 15 Artıq bəziləri azıb Şeytanın ardınca getmişdir.

16 İmanlı bir qadının[14] dul qadın yaxınları varsa, qoy onlara yardım etsin. İmanlılar cəmiyyəti belə yükün altına girməsin ki, həqiqi dul qadınlara yardım edə bilsin.

17 Cəmiyyəti yaxşı idarə edən ağsaqqallar, xüsusən, vəz və təlim işində zəhmət çəkənlər maddi və mənəvi cəhətdən təmin olunmağa layiq görülsün. 18[15] Çünki Müqəddəs Yazıda belə deyilir: «Xırman çəkən öküzün ağzını bağlama» və «işçi öz haqqına layiqdir». 19[16] İki yaxud üç şahid olmadıqda bir ağsaqqala qarşı olan ittihama əhəmiyyət vermə. 20 Günah işlədən ağsaqqalları hamının qarşısında məzəmmət et ki, digərləri də günah işlətməkdən qorxsun. 21 Allahın, Məsih İsanın və seçilmiş mələklərin önündə sənin öhdənə qoyuram ki, ayrı-seçkilik salmadan, tərəfkeşlik etmədən bu təlimatlara riayət edəsən. 22 Heç kimin üzərinə tələsərək əl qoyma, başqalarının günahlarına şərik olma, özünü pak saxla.

23 Yalnız su içməkdən vaz keç; mədənə və tez-tez baş verən xəstəliklərinə görə bir az şərab da iç.

24 Bəzi insanların günahları mühakiməyə düşəndən əvvəl də bəllidir, digərlərininki isə sonradan ortaya çıxar. 25 Beləcə yaxşı işlər də qabaqcadan bəllidir, bəlli olmayanlar da gizli qala bilməyəcək.

1 Qul boyunduruğu altında olanların hamısı öz ağalarını tam hörmətə layiq saysınlar ki, Allahın adına və təliminə küfr söylənməsin. 2 Ağaları iman etmiş olanlarsa qardaş olduğu üçün ağalarına xor baxmasınlar. Əksinə, onlara daha yaxşı qulluq etsinlər. Çünki bu qulluqdan faydalananlar sevdikləri imanlılardır.

Bu şeyləri öyrət və nəsihət ver.

Allah yoluna bağlılıq

3 Kim yad təlimlər yayıb Rəbbimiz İsa Məsihin sağlam sözləri ilə və möminliyə uyğun təlimlə razı deyilsə, 4 o adam qürurlanıb heç bir şey dərk etmir, lakin mübahisə və sözlərin mənası barədə dava yaratmaq xəstəliyinə tutulub. Bunların nəticəsi paxıllıq, münaqişə, böhtançılıq və bədgümanlıqdır; 5 pozğun düşüncəli, həqiqətdən məhrum, möminliyi qazanc mənbəyi kimi zənn edən adamların fasiləsiz mübahisələridir.[17]

6 Əlindəki ilə kifayətlənərək mömin olmaqsa böyük qazanc mənbəyidir. 7 Çünki dünyaya heç bir şey gətirməmişik və oradan heç bir şey də götürə bilmərik. 8 Yeməyimiz və paltarımız varsa, bunlarla kifayətlənirik. 9 Zəngin olmaq istəyənlərsə sınağa və tora düşərlər; insanı məhvə və həlaka aparan bir çox axmaq və ziyanverici ehtiraslara batırlar. 10 Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Kimlərsə bu həvəslə imandan azıb öz-özlərinə sanki bıçaq soxmuş kimi çox əzab verdilər.

11 Amma sən, ey Allah adamı, bu şeylərdən qaç. Salehliyin, möminliyin, imanın, məhəbbətin, dözümün, həlimliyin ardınca get. 12 İman uğrunda yaxşı mübarizə apar. Əbədi həyatı bərk tut; bunun üçün çağırıldın və yaxşı əqidəni bir çox şahid qarşısında iqrar etdin. 13[18] Hər şeyə həyat verən Allahın və Ponti Pilatın önündə öz yaxşı əqidəsinə şəhadət edən Məsih İsanın hüzurunda sənə tapşırıram ki, 14 Rəbbimiz İsa Məsihin zühurunadək Allahın əmrinə ləkəsiz və nöqsansız riayət et. 15 Allah Onu Öz vaxtında zahir edəcək. O, bəxtiyarlıq mənbəyi olan tək Hökmdar, şahların Şahı və ağaların Ağasıdır. 16 Yeganə ölməzliyə malik olan, əlçatmaz nurda yaşayan Odur. Onu insanlardan heç kəs görməyib və görə də bilməz. Ona izzət və əbədi qüdrət olsun. Amin.

17 Bu dövrdə varlı olanlara buyur ki, təkəbbürlü olmasınlar və gəldi-gedər var-dövlətə yox, zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər. 18 Xeyirxahlıq göstərsinlər, yaxşı işlərlə zəngin, əliaçıq olub öz malını başqaları ilə bölüşsünlər. 19 Beləliklə, gələcək üçün özlərinə sağlam təməl olacaq bir xəzinə toplasınlar. Yəni həqiqi həyatı[19] bərk tutsunlar.

20 Ey Timotey, sənə verilən əmanəti qoru! Allahsız boşboğazlıqdan və yalan yerə «bilik» adlanan şeyin zidd fikirlərindən uzaq dur. 21 Bəziləri bu biliyə sahib olduqlarını iddia edərək imandan azdılar.

Sizə lütf olsun!

Qeydlər

[redaktə]
  1. Həv. 16:1
  2. Həv. 8:3; 9:4-5
  3. Allaha – bəzi əlyazmalarda müdrik Allaha.
  4. 2Tim. 1:11
  5. Həqiqəti – bəzi əlyazmalarda Məsihdə olan həqiqəti.
  6. 1Pet. 3:3
  7. Yar. 2:7,21-22; 3:1-6
  8. Titə 1:6-9
  9. Mülayim – bəzi əlyazmalarda haqsız qazanca həris deyil, mülayim.
  10. O – bəzi əlyazmalarda Allah.
  11. Mübarizə aparırıq – bəzi əlyazmalarda təhqirə dözürük.
  12. İmanda – bəzi əlyazmalarda ruhda, imanda.
  13. Qanun. 25:4; Luka 12:7
  14. Qadının – bəzi əlyazmalarda kişinin yaxud da qadının.
  15. Qanun. 25:4; Mat. 10:10; Luka 10:7
  16. Qanun. 17:6; 19:15
  17. Mübahisələridir – bəzi əlyazmalarda mübahisələridir. Belə adamlardan uzaq ol.
  18. Yəh. 18:37
  19. Həqiqi həyatı – bəzi əlyazmalarda əbədi həyatı.

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy