Bibliya/Paulun Saloniklilərə Birinci Məktubu
←Paulun Kolosselilərə Məktubu | Bibliya. Paulun Saloniklilərə Birinci Məktubu |
Paulun Saloniklilərə İkinci Məktubu→ |
1 | 2 | 3 | 4 | 5 | Qeydlər |
Salonik Roma imperatorluğunun Makedoniya vilayətinin paytaxtı idi. Paul Filipini tərk edəndən sonra burada imanlı cəmiyyəti yaratdı. Amma Yəhudilər tezliklə Paulun Yəhudi olmayan xalqların arasında Müjdəni uğurla vəz etdiyini eşidib qısqandılar. Paul Saloniki tərk edib Veriyaya getməyə məcbur oldu. O, Korinfə çatanda öz həmkarı və əməkdaşı olan Timoteydən Salonik cəmiyyətindəki vəziyyət haqqında məktub aldı.
Paulun Saloniklilərə birinci məktubu oradakı məsihçiləri ruhlandırmaq üçün yazılıb. Paul bu məsihçilərin iman və məhəbbəti haqqında yeniliklər eşidib onlara minnətdarlığını bildirir, sonra onların arasında yaşayarkən sürdüyü həyat tərzini yadlarına salır. Paul cəmiyyətdə müzakirə olunan bu suallara cavab verir: Məsihin təkrar gəlişindən əvvəl dünyasını dəyişən imanlıların aqibəti necə olacaq? Məsih nə vaxt zühur edəcək? Paul onlara Məsihin gəlişinə qədər dinc yaşamağı, öz işləri ilə məşğul olmağı və hörmətəlayiq şəkildə həyat sürməyi məsləhət görür (4:11-12).
Kitabın məzmunu:
- 1:1-10 Saloniklilərin imanı
- 2:1-16 Paulun Salonikdəki xidməti
- 2:17-3:13 Salonikdən gələn xəbər
- 4:1-12 Məsihçi davranışına aid tövsiyələr
- 4:13-5:11 Məsihin zühuruna aid təlimat
- 5:12-28 Son öyüdlər və salamlar
1
[redaktə]1[1] Paul, Sila və Timoteydən Ata Allah və Rəbb İsa Məsihdə olan Saloniklilər cəmiyyətinə salam! Sizə[2] lütf və sülh olsun!
Nümunəvi iman
2 Dualarımızda sizi yada salıb həmişə hər birinizə görə Allaha şükür edirik. 3 Çünki imandan yaranan əməllərinizi, məhəbbətdən doğan zəhmətinizi və Rəbbimiz İsa Məsihə bağladığınız ümidin verdiyi dözümü Atamız Allah qarşısında daim yada salırıq. 4 Ey Allahın sevimlisi olan qardaşlar, bilirik ki, O sizi seçib. 5 Ona görə ki yaydığımız Müjdə yalnız sözlə deyil, qüvvə ilə, Müqəddəs Ruhla və çox inandırıcılıqla sizə çatıb. Aranızda ikən sizin üçün necə bir adam olduğumuzu bildiniz. 6[3] Siz də böyük əziyyət içində Müqəddəs Ruhun verdiyi sevinclə kəlamı qəbul edib bizdən və Rəbdən nümunə götürdünüz. 7 Beləliklə, siz Makedoniya və Axayyadakı bütün imanlılar üçün nümunə oldunuz. 8 Çünki Rəbbin kəlamının sədası sizdən yayıldı. Allaha imanınızın sorağı yalnız Makedoniya və Axayyaya deyil, hər yerə çatıb. Daha bizə söz deməyə ehtiyac qalmadı. 9-10 Çünki özləri xəbər yaydılar ki, bizi nə qədər yaxşı qarşıladınız və var olan həqiqi Allaha qulluq etmək üçün, həmçinin Onun ölülər arasından diriltdiyi Oğlunun, yəni bizi gələcək qəzəbdən qurtaran İsanın göylərdən zühurunu gözləmək üçün bütlərdən Allaha tərəf necə döndünüz.
2
[redaktə]Paulun Salonikdəki xidməti
1 Qardaşlar, özünüz də bilirsiniz ki, yanınıza gəlməyimiz əbəs olmadı. 2[4] Bildiyiniz kimi, əvvəlcə Filipidə əziyyət çəkmiş, təhqir olunmuşduq. Amma böyük ziddiyyətlərə baxmayaraq, Allahın Müjdəsini sizə bəyan etmək üçün Allahımızdan cəsarət aldıq. 3 Çünki bizim çağırışımız aldatmağa, murdarlığa əsaslanmır və bunun hiyləgərliyə də dəxli yoxdur. 4 Əksinə, Allah tərəfindən Müjdəni yaymaq tapşırığını almağa layiq görüldüyümüzə görə insanları deyil, ürəklərimizi sınaqdan keçirən Allahı razı salmaqdan ötrü danışırıq. 5 Siz bilirsiniz ki, heç vaxt yanınıza yaltaq sözlərlə yaxud tamahkarlığı gizlədən riyakarlıqla gəlmədik. Allah da buna şahiddir. 6 İzzəti heç bir insanda – nə sizdə, nə də başqalarında axtardıq. 7 Məsihin həvariləri kimi bunu sizdən tələb edə bilərdik, amma biz sizinlə övladlarını isti qucağına alıb yedirdən ana kimi mülayim rəftar etdik. 8 Sizlərə elə könül bağlamışdıq ki, yalnız Allahın Müjdəsini deyil, öz canlarımızı belə, sizə verməyə razı idik. Çünki bizim sevimlilərimiz idiniz.
9 Bəli, qardaşlar, bizim əmək və zəhmətimizi xatırlayırsınız: heç birinizə yük olmamaq üçün gecə-gündüz çalışaraq sizə Allahın Müjdəsini vəz etdik. 10 Siz imanlılarla necə müqəddəs, saleh və nöqsansız davrandığımıza həm özünüz, həm də Allah şahiddir. 11 Bildiyiniz kimi, ata övladları ilə necə rəftar edirsə, biz də hər birinizlə elə rəftar etdik. 12 Sizə öyüd verdik, ruhlandırdıq və yalvardıq ki, Öz Padşahlığına və izzətinə çağıran Allaha layiq şəkildə həyat sürəsiniz.
13 Biz də dayanmadan Allaha şükür edirik ki, siz bizdən eşitdiyiniz Allah kəlamını qəbul edəndə onu bəşəri söz kimi deyil, həqiqətən, Allahın kəlamı olaraq qəbul etdiniz. Siz imanlılarda fəaliyyət göstərən də bu kəlamdır. 14[5] Çünki qardaşlar, siz Allahın Yəhudeyadakı Məsih İsada olan cəmiyyətlərindən nümunə götürdünüz. Onların Yəhudilərdən[6] çəkdiyi əzabları eynilə siz də öz soydaşlarınızdan çəkdiniz. 15 Yəhudilər Rəbb İsanı və peyğəmbərləri öldürdülər, bizi də təqib etdilər. Onlar Allahı narazı salır və bütün insanlara qarşı çıxırlar. 16 Çünki başqa millətlər xilas olsunlar deyə biz onlarla danışanda bu Yəhudilər bizə mane olur. Beləcə hər zaman günahlarının üzərinə günah gətirirlər. Axırda Allahın qəzəbinə düçar oldular.
Gecikən səyahət
17 Bizsə, qardaşlar, qısa bir müddət üçün qəlbən deyil, şəxsən sizdən məhrum olduq, ona görə böyük arzu ilə üzünüzü görməyə daha çox səy göstərdik. 18 Biz yanınıza gəlməyi arzu etdik, dəfələrlə mən Paul bunu istədim, amma Şeytan bizə mane oldu. 19 Rəbbimiz İsa zühur edəndə ümidimiz, sevincimiz yaxud Onun önündə fəxr tacımız nədir? Siz deyilsinizmi? 20 Çünki siz bizim izzətimiz və sevincimizsiniz.
3
[redaktə]1[7] Buna görə də artıq dözməyib Afinada tək qalmağa razı olduq 2 və qardaşımız, Məsihin Müjdəsini yaymaqda Allahın əməkdaşı[8] olan Timoteyi sizi imanda möhkəmləndirmək və ruhlandırmaq üçün göndərdik. 3 Belə ki qoy bu əziyyətlərdən heç kim sarsılmasın. Özünüz bilirsiniz ki, biz bunun üçün təyin olunmuşuq. 4 Çünki yanınızda olarkən əziyyət çəkəcəyimizi sizə əvvəlcədən demişdik və bildiyiniz kimi, belə də oldu. 5 Buna görə mən artıq dözməyib Timoteyi yanınıza göndərdim ki, imanınızdan xəbərdar olum. Qorxdum ki, sınağaçəkən[9] bəlkə sınaqları ilə sizi yoldan çıxarmış olar və əməyimiz hədər gedər.
Salonikdən şad xəbərlər gəlir
6[10] Amma yanınızdan indicə qayıdan Timotey imanınız və məhəbbətiniz haqqında bizə şad xəbər gətirdi. O dedi ki, siz bizi daim xoş təəssüratla yada salırsınız və biz həsrətinizi çəkdiyimiz kimi siz də həsrətimizi çəkirsiniz. 7 Ona görə də, qardaşlar, bütün sıxıntı və əziyyətimizə baxmayaraq, imanınıza görə sizdən təsəlli aldıq. 8 Çünki sizin Rəbdə qalmağınız indi bizə həyat verir. 9 Allahımız qarşısında sizə görə tam sevincimiz var. Belə olmasaydı, sizə görə Allaha necə şükür edə bilərdik? 10 Sizin üzünüzü görmək və imanınızda çatışmayanları tamamlamaq üçün gecə-gündüz səylə dua edirik.
11 Qoy Atamız Allah Özü və Rəbbimiz İsa bizim üçün sizin tərəflərə yol açsın. 12 Rəbb bir-birinizə və bütün insanlara olan məhəbbətinizi sizə olan məhəbbətimiz tək artırıb-çoxaltsın. 13 Belə ki Rəbbimiz İsa bütün müqəddəsləri ilə birgə zühur edəcəyi vaxt Atamız Allahın önündə müqəddəslikdə nöqsansız olmağınız üçün ürəklərinizə qüvvə versin. Amin.
4
[redaktə]Allahı razı salmaq
1 Qardaşlar, necə həyat sürmək və Allahı razı salmaq barədə bizdən təlimat aldınız. Nəhayət, Rəbb İsa naminə sizdən xahiş edir və yalvarırıq ki, belə həyat sürməkdə daha çox inkişaf edin. 2 Rəbb İsanın səlahiyyəti ilə sizə hansı əmrləri verdiyimizi bilirsiniz.
3 Çünki Allahın iradəsinə görə müqəddəslik yolunuz belədir: cinsi əxlaqsızlıqdan qaçın, 4-5 hər biriniz Allahı tanımayan bütpərəstlər kimi şəhvət və ehtirasla deyil, müqəddəslik və hörmətlə arvad almağı öyrənin, 6 heç kim haqsızlıq edib bacı-qardaşını istismar etməsin. Çünki əvvəlcə sizə dediyimiz və xəbərdarlıq etdiyimiz kimi, Rəbb bütün bunlara görə qisas alacaq. 7 Çünki Allah bizi murdarlığa deyil, müqəddəsliyə çağırmışdır. 8 Ona görə bu təlimatı rədd edən kəs insanı deyil, sizə Öz Müqəddəs Ruhunu bəxş edən Allahı rədd edir.
9 Qardaşlıq sevgisinə gəlincə, sizə yazmağa ehtiyac yoxdur, çünki Allah bir-birinizi sevməyi öyrədib. 10 Əslində, siz bütün Makedoniyadakı bacı-qardaşların hamısı ilə belə davranırsınız. Lakin ey qardaşlar, rica edirik ki, belə işlərin sayını artırın. 11 Sizə əmr etdiyimiz kimi çalışın ki, dinc yaşayasınız, öz işinizlə məşğul olasınız və əliniz işdə-gücdə olsun; 12 belə ki kənar şəxslərin qarşısında hörmətəlayiq şəkildə həyat sürəsiniz və heç kimdən təminat almağa ehtiyac duymayasınız.
Rəbbin zühuru
13 Qardaşlar, vəfat edənlər haqqında bixəbər qalmağınızı istəmirik ki, ümidsiz olan digər adamlar kimi kədərlənməyəsiniz. 14 Axı İsanın ölüb-dirilməsinə inanırıqsa, demək İsaya bağlanaraq vəfat edənləri də Allah Onunla birgə qaytaracaq. 15[11] Çünki Rəbbin kəlamına əsaslanaraq sizə deyirik ki, Rəbbin zühurunadək sağ qalan bizlər vəfat edənlərdən əsla qabağa keçməyəcəyik. 16 Rəbb Özü əmrini səsləndirməklə, baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək. Əvvəlcə Məsihdə olaraq ölənlər diriləcək. 17 Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində götürülüb-aparılacaq və beləcə daim Rəblə olacağıq. 18 Buna görə bir-birinizə bu sözlərlə təsəlli verin.
5
[redaktə]1 Qardaşlar, zaman və məqamlar barədə sizə yazmağa ehtiyac yoxdur. 2[12] Çünki özünüz də çox yaxşı bilirsiniz ki, Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək. 3 İnsanlar «sülh və təhlükəsizlik» deyəndə hamilə qadının ağrıları necə qəfildən tutursa, onlar da elə qəfil məhvə düçar olacaq və bundan əsla qaça bilməyəcəklər. 4 Amma, qardaşlar, siz qaranlıqda deyilsiniz ki, o gün sizi oğru kimi yaxalasın. 5 Axı hamınız nur və gündüz övladlarısınız. Biz nə gecənin, nə də qaranlığın övladlarıyıq. 6 Ona görə gəlin başqaları kimi yatmayaq, əksinə, oyanıb ayıq-sayıq dayanaq. 7 Çünki yatanlar gecə yatır, əyyaşlar da gecə vaxtı əyyaşlıq edir. 8[13] Gündüzə aid olan bizlərsə iman və məhəbbətlə döşümüzə zireh taxaraq xilas ümidini dəbilqə kimi başımıza qoyub ayıq-sayıq olaq. 9 Çünki Allah bizi qəzəbə düçar olmaq üçün deyil, Rəbbimiz İsa Məsih vasitəsilə xilasa nail olmaq üçün təyin edib. 10 Məsih bizim uğrumuzda öldü ki, oyaq olsaq da, yatmış olsaq da, Onunla birlikdə yaşayaq. 11 Buna görə indiki kimi bir-birinizi ürəkləndirin və ruhən inkişaf etdirin.
Son öyüdlər və salamlar
12 Ey qardaşlar, xahiş edirik ki, aranızda zəhmət çəkənlərin, Rəbdə sizə başçılıq edib nəsihət verənlərin qədrini bilin. 13 Etdikləri əmələ görə onlara hədsiz məhəbbətlə hörmət göstərin. Bir-birinizlə sülh içində yaşayın. 14 Qardaşlar, sizə yalvarırıq, avaralara nəsihət verin, cəsarətsizləri ruhlandırın, zəiflərə yardım edin, hamıya qarşı səbirli olun. 15 Diqqətli olun ki, heç kim pisliyə pisliklə cavab verməsin, əksinə, bir-birinizə və bütün insanlara həmişə yaxşılıq etməyə çalışın.
16 Daima sevinin, 17 durmadan dua edin, 18 hər vəziyyətdə şükür edin. Çünki bunlar Məsih İsada olan sizlər üçün Allahın iradəsidir. 19 Ruhu söndürməyin. 20 Peyğəmbərlik sözlərinə xor baxmayın. 21 Hər şeyi sınaqdan keçirin və yaxşı olandan möhkəm tutun. 22 Hər cür şərdən uzaq durun.
23 Qoy sülh qaynağı olan Allahın Özü sizi tamamilə təqdis etsin və Rəbbimiz İsa Məsihin zühurunda ruhunuz, canınız və bədəniniz nöqsansız olaraq qorunsun. 24 Sizi çağıran Allah sadiqdir və bunu edəcək.
25 Qardaşlar, bizim üçün dua edin. 26 Bütün bacı-qardaşları müqəddəs öpüşlə salamlayın. 27 Rəbb naminə sizə and verirəm ki, bu məktubu bütün bacı-qardaşlara[14] oxuyun.
28 Rəbbimiz İsa Məsihin lütfü sizə yar olsun!
Qeydlər
[redaktə]- ↑ Həv. 17:1
- ↑ Sizə – bəzi əlyazmalarda Atamız Allah və Rəbb İsa Məsihdən sizə.
- ↑ Həv. 17:5-9
- ↑ Həv. 16:19-24; 17:1-9
- ↑ Həv. 9:23,29; 13:45,50; 14:2,5,19; 17:5,13; 18:12
- ↑ Yəhudilər – burada bütün yəhudi xalqından deyil, yalnız İsa Məsihi rədd edən yəhudilərdən söz gedir.
- ↑ Həv. 17:15
- ↑ Allahın əməkdaşı – bəzi əlyazmalarda Allahın qulu və bizim əməkdaşımız.
- ↑ Sınağaçəkən – yəni Şeytan.
- ↑ Həv. 18:5
- ↑ 1Pad. 15:51-52
- ↑ Mat. 24:43; Luka 12:39; 2Pet. 3:10; Vəhy 16:15
- ↑ Yeş. 59:17; Ef. 6:13-17
- ↑ Bacı-qardaşlara – bəzi əlyazmalarda müqəddəslərə.