Məzmuna keç

Bibliya/Paulun Filipililərə Məktubu

Vikimənbə saytından
Paulun Efeslilərə Məktubu Bibliya. Paulun Filipililərə Məktubu

Paulun Kolosselilərə Məktubu


1 2 3 4 Qeydlər

Paulun «Filipililərə Məktubu» onun Roma imperatorluğunun vilayəti olan Makedoniyada əsasını qoyduğu cəmiyyətə ünvanlanıb. Paul bu məktubu zindanda olarkən yazmışdı. O zaman həvari başqa məsihçi həmkarlarının ona qarşı çıxmasına və bu cəmiyyətdə yanlış təlimlərin yayılmasına görə narahat idi. Amma onun çəkdiyi əzab-əziyyətlərə baxmayaraq, bu məktub sevinc və inam ruhunda yazılmışdır. Bunu yalnız Paulun İsa Məsihə böyük imanı ilə izah etmək olar.

Bu məktubun yazılmasının səbəbi Paulun Filipi imanlılarına onun ehtiyac içində olarkən göndərdikləri maddi yardıma görə minnətdarlığını bildirmək idi. Həvari onları ruhlandırırdı ki, çəkdikləri əzablara baxmasınlar və onun kimi mətin olsunlar. Paul Filipi imanlılarını xudbin və qürurlu olmaq əvəzinə İsa Məsih kimi həlim və itaətkar olmağa çağırır. Paul yada salır ki, onların Məsihlə birliyi Allahın lütfü ilə, iman vasitəsilə aldıqları hədiyyədir və bu, Yəhudi qanununun mərasimlərinə əməl etmək vasitəsilə əldə olunmayıb. Paul həm də İsa Məsihlə birlikdə yaşayanlar üçün Allahın bəxş etdiyi sevinc və sülhdən yazır.

Bu məktub həm də məsihçi imanında və həyatında olan sevinc, əminlik, birlik və dözümü vurğulayır. Məktubun məzmunu:

  • 1:1-11 Salamlar, təşəkkür və dua
  • 1:12-26 Paulun vəziyyəti
  • 1:27-2:18 Ruhlandırıcı sözlər
  • 2:19-30 Timotey və Epafrodit üçün planlar
  • 3:1-21 Həqiqi salehlik
  • 4:1-23 Son öyüdlər və təşəkkürlər

1[1] Məsih İsanın qulları mən Paul və Timoteydən Filipidə olan cəmiyyət nəzarətçiləri və xidmətçiləri ilə bərabər Məsih İsada müqəddəs olanların hamısına salam! 2 Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!

Şükür və dualar

3 Sizi hər dəfə yada salanda Allahıma şükür edirəm. 4 Həmişə hamınız üçün hər bir diləyimdə sevinə-sevinə dua edirəm. 5 Çünki ilk gündən indiyədək Müjdəni yaymaqda şərik oldunuz. 6 Əminəm ki, sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq. 7 Hamınız haqqında belə düşünməkdə haqlıyam, çünki qəlbimdə yeriniz var. İstər həbsdə olsam, istər Müjdəni müdafiə və təsdiq etsəm, hamınız mənimlə bərabər Allahın lütfünə şəriksiniz. 8 Allah şahidimdir ki, Məsih İsanın duyğusu ilə hər birinizin həsrətini çəkirəm. 9 Dua edirəm ki, məhəbbətiniz bilik və hər cür idrak baxımından get-gedə daha çox artsın, 10-11 siz Məsihin zühur edəcəyi gün pak və nöqsansız, Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz.

Müjdəni yayma

12 Qardaşlar, bunu sizə bildirmək istəyirəm ki, başıma gələnlər Müjdə yaymağı daha da irəli apardı. 13[2] Belə olanda bütün saray mühafizəçiləri daxil olmaqla hamıya məlum oldu ki, Məsihdə olduğuma görə həbs olunmuşam. 14 Həmçinin qardaşlardan əksəriyyəti mənim həbsimdən ötrü Rəbbə güvənərək kəlamı[3] qorxmadan bəyan etmək üçün daha çox cəsarət göstərdi.

15 Doğrusu, bəziləri paxıllıq və rəqabət, bəziləri isə yaxşı niyyətlə Məsihi vəz edirlər. 16 Bəziləri bunu məhəbbətlə edirlər, çünki bilirlər ki, mən Müjdəni müdafiə etmək üçün təyin edilmişəm. 17 Bəziləri isə Məsihi səmimiliklə deyil, məhbus halımda guya mənə əziyyət verməklə özlərini göstərmək üçün bəyan edirlər.[4] 18 Nə olar? İstər riyakarlıqla, istərsə də səmimiliklə, nə cür olursa-olsun, əsasən Məsih bəyan edilir, mən buna sevinirəm. Əlbəttə, sevinəcəyəm, 19 çünki bilirəm ki, bunun nəticəsi dualarınızla və İsa Məsihin Ruhunun köməyi ilə mənim xilasım olacaq. 20 Böyük həvəslə gözləyir və ümidvaram ki, heç bir vəziyyətdə utandırılmayacağam, yaşasam da, ölsəm də, həmişəki kimi indi də bədənimdə Məsihin ucalması üçün tam cəsarət göstərə biləcəyəm. 21 Çünki mənim üçün yaşamaq Məsihdir, ölməksə qazancdır. 22 Lakin cismən yaşasam, faydalı işlər görə biləcəyəm. Buna görə nə seçəcəyimi bilmirəm. 23 Hər iki tərəfdən yolum kəsilib. Arzum buranı tərk edib Məsihlə olmaqdır, çünki bu lap yaxşıdır. 24 Amma sağ qalmağım sizin üçün daha lazımlıdır. 25 Buna əmin olaraq bilirəm: sağ qalacağam və hamınızla birlikdə qalmaqda davam edəcəyəm ki, imanda həm irəliləyəsiniz, həm də sevinəsiniz. 26 Belə ki bir də yanınıza gəldiyim üçün mənə görə Məsih İsada fəxriniz artsın.

27 Lakin həyat tərziniz Məsihin Müjdəsinə layiq olsun. Gəlib sizi görsəm də, gəlməyib haqqınızda eşitsəm də, bilim ki, siz bir ruhda möhkəm dayanıb Müjdəyə əsaslanan imanda canbir olaraq səy göstərirsiniz 28 və heç bir şəkildə əleyhdarlarınızdan qorxmursunuz. Bu onlar üçün həlak, sizin üçünsə xilas əlamətidir. Bu da Allahın işidir. 29[5] Çünki sizə yalnız Məsihə iman etmək deyil, Onun uğrunda əzab çəkmək üstünlüyü də ehsan olundu. 30 Apardığım mübarizəni əvvəldən gördünüz, indi də bunun haqqında eşidir və siz də həmin mübarizəni aparırsınız.

Məsihdən nümunə götürün

1 Beləliklə, Məsihdə bir ruhlandırılma, məhəbbətdən yaranan bir təsəlli, Ruha bir şəriklik, bir rəhm və mərhəmət varsa, 2 həmfikir olub bir-birinizə eyni məhəbbəti göstərərək canbir və həmrəy olmağınızla sevincimi bütövləşdirin. 3 Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz itaətkarlıqda digərini özündən üstün saysın 4 və yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün. 5 Məsih İsa necə düşündü, siz də elə düşünün. 6 Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. 7 Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb 8 Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi. 9 Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, 10[6] göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün 11 və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin.

Xilasınızı əməllərinizdə göstərin

12 Belə isə, ey sevimlilərim, həmişə itaətli olduğunuz kimi yalnız mən yanınızda olanda yox, xüsusən yanınızda olmadığım bu anda belə, qorxu və lərzə ilə xilasınızı əməllərinizdə göstərin. 13 Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz. 14 Hər şeyi şikayətlənmədən, mübahisə etmədən yerinə yetirin ki, 15 nöqsansız və saf olaraq bu əyri və azmış nəsil arasında Allahın ləkəsiz övladları olasınız. Onların arasında dünyanın nuru kimi parlayın. 16 Həyat sözünü təqdim edin. Qoy Məsihin zühur edəcəyi gündə fəxr edə bilim ki, nə boş yerə cəhd etdim, nə də boş yerə zəhmət çəkdim. 17 Lakin sizin imanınızın qurban və xidməti üzərinə içmə təqdimi kimi töküləcəyəmsə də, sevinirəm və hamınızın sevincinə şərikəm. 18 Siz də məhz bunun üçün sevinin və mənim sevincimə şərik olun.

Timotey və Epafrodit

19 Vəziyyətinizdən xəbərdar olub ürəyim sakitləşsin deyə bu yaxınlarda Timoteyi yanınıza göndərəcəyim üçün Rəbb İsada ümidim var. 20 Çünki Timotey kimi mənimlə canbir olan, həqiqətən qayğınıza qalan başqa kimsəm yoxdur. 21 Ona görə ki hər kəs İsa Məsihin xeyrini deyil, öz xeyrini güdür. 22 Amma Timoteyin öz dəyərini necə sübut etdiyini, atasının yanında qulluq edən oğul kimi Müjdəni yaymaq işində mənimlə birgə qulluq etdiyini bilirsiniz. 23 Beləliklə, işlərimin nə yerdə olduğunu bilən kimi onu yanınıza göndərmək ümidindəyəm. 24 Mən də yaxında yanınıza gəlməyim barədə Rəbbə güvənirəm.

25 Lakin ehtiyacımın təminatına görə mənə yardım etmək üçün göndərdiyiniz nümayəndəni, qardaşım, əməkdaşım və birlikdə mübarizə apardığım Epafroditi yanınıza qaytarmağı lazım bildim. 26 Çünki o hər birinizdən ötrü darıxır və onun xəstə olduğunu eşitdiyinizə görə çox narahat idi. 27 O, həqiqətən, elə xəstələnmişdi ki, az qala ölsün. Lakin Allahın ona, yalnız ona deyil, kədərimin üstünə kədər gəlməsin deyə həm də mənə rəhmi gəldi. 28 Onu yanınıza göndərməyə daha çox buna görə razılıq verdim ki, onu yenidən görüb sevinəsiniz və mənim də kədərim yüngülləşsin. 29 Rəbdə olan bu adamı tam sevinclə qəbul edin və belələrini qiymətləndirin. 30 Çünki o, Məsihin işi uğrunda az qala öləcəkdi. Sizin mənə edə bilmədiyiniz köməyi etmək üçün canını təhlükəyə atdı.

Həqiqi salehlik

1 Nəhayət, qardaşlarım, Rəbdə sevinin! Sizə eyni şeyləri yazmaq məni yormaz, amma sizi qoruyar.

2 Özünüzü «itlər»dən qoruyun, pis iş görənlərdən qoruyun, bədəni sünnət edərək kəsib-atanlardan qoruyun. 3 Çünki əsl sünnətlilər Allahın Ruhu vasitəsilə ibadət edən, Məsih İsa ilə fəxr edən və cismani şeylərə güvənməyən bizlərik. 4 Əslində mən cismani şeylərə də güvənə bilərdim. Əgər başqası cismani şeylərə güvənməyi düşünürsə, mən daha çox güvənə bilərəm. 5[7] Mən səkkizgünlük ikən sünnət olundum. İsrail nəslindən, Binyamin qəbiləsindən, İbranilərdən törəmiş bir İbraniyəm. Qanuna münasibətdə farisey idim. 6[8] Qeyrət çəkməyə gəlincə, Allahın cəmiyyətini təqib edirdim. Qanuna əsaslanan salehliyə gəlincə, nöqsansız idim. 7 Amma mənə fayda gətirən nə varsa, Məsih uğrunda ziyan saymışam. 8 Bundan əlavə, Rəbbim Məsih İsanı tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm. Onun uğrunda var-yoxumu atıb tullantı sayıram ki, Məsihi qazanıb 9 Onda hesab olunum. Belə ki Qanunla gələn öz salehliyimə deyil, Məsihə imandan yaranan, imanla Allahdan gələn salehliyə malik olum. 10 Belə ki Məsihi və Onun dirilmə qüdrətini, əzablarına şərikliyi də dərk edim və Onun ölümündə Ona bənzəyim ki, 11 nə olursa-olsun, ölülər arasından dirilməyə nail olum.

Hədəfə doğru qaçaq

12 Demirəm ki, indi bunlara malik olmuşam və yaxud kamilləşmişəm. Amma hədəfdən tutmaq üçün qaçıram. Çünki Məsih İsa məni bu məqsəd üçün tutub. 13 Qardaşlar, hesab etmirəm ki, bunu tutmuşam. Yalnız bir şey edirəm: arxada qalanları unudub qarşımda olana çatmaq üçün cəhd edirəm 14 və hədəfə doğru qaçıram ki, mükafatı alım, yəni Allahın Məsih İsada yuxarıya çağırışına nail olum. 15 Beləliklə, aramızda kim kamildirsə, qoy belə düşünsün. Hər hansı bir mövzuda fərqli düşüncələriniz varsa, Allah bunu da sizə açacaq. 16 Ancaq çatdığımız səviyyəyə uyğun həyat sürək.[9]

17[10] Qardaşlar, hamınız birlikdə məndən nümunə götürün və sizə göstərdiyimiz nümunəyə uyğun həyat sürənlərə diqqətlə baxın. 18 Sizə dəfələrlə söylədiyim kimi indi də göz yaşları içində təkrar deyirəm: bir çoxları Məsihin çarmıxına düşmən olaraq həyat sürür. 19 Onların sonu həlakdır. Onların allahı qarınlarıdır. Öz rüsvayçılıqları ilə fəxr edir, yalnız dünyəvi şeylər barədə düşünürlər. 20 Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik. 21 O hər şeyi Özünə tabe etməyə qadir olan qüvvəsinin təsiri ilə bizim yazıq bədənimizi dəyişdirib Öz izzətli bədəninə bənzər hala gətirəcək.

Son öyüdlər

1 Beləliklə, ey həsrətini çəkdiyim sevimli qardaşlarım, sevincim və başımın tacı, Rəbdə olaraq bu cür dönməz durun, ey sevimlilər!

2 Evodiyaya yalvarıram, Sintixiyə yalvarıram ki, Rəbdə həmfikir olsunlar. 3 Bəli, ey əsl əməkdaşım, səndən də xahişim var, bu qadınlara kömək et. Çünki onlar mənimlə, Klementlə və adları həyat kitabında olan digər əməkdaşlarımla bərabər Müjdəni yaymaq üçün səy göstəriblər.

4 Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin! 5 Qoy sizin mülayimliyiniz bütün insanlara məlum olsun. Rəbb yaxındır. 6 Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin. 7 Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq.

8 Nəhayət, qardaşlar, doğru, ləyaqətli, saleh, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və tərifə layiq nə varsa, bunları düşünün. 9 Məndən öyrəndiyiniz, qəbul etdiyiniz, eşitdiyiniz və məndə gördüyünüz nə varsa, bunları həyata keçirin. Onda sülh qaynağı olan Allah sizinlə olacaq.

Paulun təşəkkürü

10 Mən Rəbdə bol-bol sevinirəm ki, nəhayət indi mənim barəmdəki qayğınızı yenidən canlandırdınız. Əslində qayğınız vardı, amma bunu göstərməyə fürsət tapa bilmirdiniz. 11 Ehtiyaca düşdüyüm üçün bunları söyləmirəm, çünki hansı şəraitdə yaşasam, ondan razı qalmağa alışmışam. 12 Mən məzlumluğun da, bolluğun da nə olduğunu bilirəm. İstər tox, istər ac, istər bolluq, istər ehtiyac içində olum, hər şəraitdə, hər vəziyyətdə razı qalmağın sirrini öyrənmişəm. 13 Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır. 14 Buna baxmayaraq nə yaxşı ki əziyyətimə şərik oldunuz.

15[11] Ey Filipililər, özünüz də bilirsiniz ki, aranızda Müjdə yayımının başlanğıcında, mən Makedoniyanı tərk edən zaman sizdən başqa heç bir cəmiyyət nəzir vermək və toplamaq üçün mənimlə şərik iş görmədi. 16[12] Mən Salonikdə olanda belə, ehtiyacım üçün dəfələrlə siz mənə yardım göndərdiniz. 17 Bu o demək deyil ki, mən bəxşiş axtarıram. Mən ancaq sizin hesabınıza yazıla bilən səmərəni axtarıram. 18[13] Mənsə tamamilə təmin olunmuşam və bolluq içindəyəm. Epafroditin əli ilə göndərdiyiniz hədiyyələri alandan sonra ehtiyacım qalmadı. Bu, Allahın xoşuna gələn ətirli təqdim, Ona məqbul olan və razı salan qurbandır. 19 Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək. 20 Qoy Atamız Allaha əbədi izzət olsun! Amin.

Salam göndərmə

21 Məsih İsada müqəddəs olan hər kəsi salamlayın.

Mənimlə olan qardaşlar sizə salam göndərir. 22 Sizi bütün müqəddəslər, xüsusən qeysərin sarayında işləyənlər salamlayır.

23 Rəbb İsa Məsihin lütfü ruhunuza[14] yar olsun!

Qeydlər

[redaktə]
  1. Həv. 16:12
  2. Həv. 28:30
  3. Kəlamı – bəzi əlyazmalarda Allahın kəlamını.
  4. Bəzi əlyazmalarda 16-cı ayə ilə 17-ci ayənin yeri dəyişikdir.
  5. Həv. 16:19-40
  6. Yeş. 45:23; Rom. 14:11
  7. Həv. 23:6; 26:5; Rom. 11:1
  8. Həv. 8:3; 22:4; 26:9-11
  9. Sürək – bəzi əlyazmalarda sürək və eyni düşüncədə olaq.
  10. 1Kor. 4:16; 11:1
  11. 2Kor. 11:9
  12. Həv. 17:1
  13. Çıx. 29:18
  14. Ruhunuza – bəzi əlyazmalarda hər birinizə.

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy