Məzmuna keç

Bibliya/Markın Nəql Etdiyi Müjdə

Vikimənbə saytından
Mattanın Nəql Etdiyi Müjdə Bibliya. Markın Nəql Etdiyi Müjdə

Lukanın Nəql Etdiyi Müjdə


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Qeydlər

«Markın nəql etdiyi Müjdə» «Allahın Oğlu İsa Məsihin Müjdəsinin başlanğıcı» bəyanatı ilə başlayır. İsa burada fəal və səlahiyyətə malik olan Şəxs kimi təsvir olunur.

Onun səlahiyyəti öyrətdiyi təlimdə, cinlərə qalib gəlməsində və insanların günahlarının bağışlanmasında aşkara çıxır. İsa Özü barəsində deyirdi ki, «Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» (2:10).

Mark İsadan danışarkən Onun barəsində açıq, çox qüdrətli tərzdə nəql edir. O, İsanın dediklərindən və təlimindən daha çox Onun etdiyi işləri vurğulayır. Vəftizçi Yəhyanın meydana çıxması, İsanın vəftizi və sınağa çəkilməsi barədə qısaca giriş verən müəllif dərhal İsanın şəfa vermə xidmətinə və təlim verməsinə keçir. Vaxt getdikcə İsanın ardıcılları Onu daha yaxşı başa düşür, İsanın rəqibləri isə Ona qarşı daha da çox nifrət hissi ilə dolur. Son fəsillər İsanın yer üzündə son həftəsini, xüsusilə, Onun çarmıxa çəkilməsini və dirilməsini təsvir edir.

Kitabın məzmunu:

  • 1:1-13 Müjdənin başlanğıcı
  • 1:14-9:50 İsanın Qalileyada ictimai xidməti
  • 10:1-52 Qalileyadan Yerusəlimə
  • 11:1-15:47 İsanın Yerusəlimdəki son günləri
  • 16:1-8 İsanın dirilməsi
  • 16:9-20 Dirilmiş Rəbbin görünməsi və göyə qaldırılması

Vəftizçi Yəhyanın gəlişi (Mat. 3:1-12; Luka 3:1-18; Yəh. 1:19-28)

1 Allahın Oğlu İsa Məsihin Müjdəsinin başlanğıcı.

2[1] Yeşaya peyğəmbərin kitabında belə yazılıb:
«Budur, Sənin önündə Öz elçimi göndərirəm.
O Sənin yolunu hazırlayacaq.
3[2] Səhrada nida edənin səsi gəlir:
“Rəbbin yolunu hazırlayın,
Onun keçəcəyi yerləri düz edin”».

4 Yazıldığı kimi vəftiz edən Yəhya çöldə meydana çıxdı. O, insanların günahlarının bağışlanması üçün onların tövbə edib vəftiz olunmasını vəz edirdi. 5 Bütün Yəhudeya diyarından olanlar və Yerusəlim sakinlərinin hamısı onun yanına gəlirdi. Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdular. 6[3] Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, çəyirtkə və çöl balı yeyirdi.

7 Yəhya belə vəz edirdi: «Məndən sonra məndən daha Qüdrətlisi gəlir. Mən əyilib Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. 8 Mən sizi su ilə vəftiz etdim, amma O sizi Müqəddəs Ruhla vəftiz edəcək».

İsanın vəftiz olunması və sınağa çəkilməsi (Mat. 3:13-4:11; Luka 3:21-22; 4:1-13)

9 O günlərdə İsa Qalileyanın Nazaret şəhərindən gəlib Yəhya tərəfindən İordan çayında vəftiz olundu. 10 İsa sudan çıxan kimi göylərin yarıldığını və Ruhun göyərçin kimi Öz üzərinə endiyini gördü. 11[4] Göylərdən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam».

12 Ruh dərhal İsanı səhraya çəkib-apardı. 13 O, səhrada qırx gün qaldı və bu müddət ərzində Şeytan tərəfindən sınağa çəkildi. İsa vəhşi heyvanlar arasında idi və mələklər Ona xidmət edirdi.

İsa xidmətinə başlayır (Mat. 4:12-17; Luka 4:14-15)

14 Yəhya həbs olunandan sonra İsa Qalileyaya gəlib Allahın Müjdəsini[5] vəz edirdi: 15[6] «Vaxt yetişib, Allahın Padşahlığı yaxınlaşıb. Tövbə edin və Müjdəyə inanın».

İlk şagirdlər (Mat. 4:18-22; Luka 5:1-11)

16 İsa Qalileya gölünün sahilindən keçərkən suya tor atan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. 17 İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». 18 Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər. 19 İsa bir az irəli gedib Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar qayıqda torlarını düzəldirdilər. 20 İsa dərhal onları çağırdı. Onlar da qayıqda olan ataları Zavdayı və muzdlu işçiləri qoyub Onun ardınca getdilər.

İsa Kefernahum sinaqoqunda natəmiz ruhu qovur (Luka 4:31-37)

21 Onlar Kefernahuma gəldilər. Şənbə günü İsa sinaqoqa girib təlim öyrətməyə başladı. 22[7] Onun təliminə təəccüblənirdilər, çünki onlara ilahiyyatçılar kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi. 23 Həmin vaxt onların sinaqoqunda natəmiz ruha tutulmuş bir nəfər var idi. O çığırdı: 24 «Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən? Mən bilirəm, Sən Kimsən: Allahın Müqəddəsisən!» 25 Amma İsa ona qadağan edib dedi: «Sus və bu adamdan çıx!» 26 Natəmiz ruh bu adamı sarsıdıb bərkdən çığıraraq ondan çıxdı. 27 Hamını heyrət bürüdü və onlar bir-birindən soruşdular: «Bu nədir? Səlahiyyətli yeni bir təlimdir! O, natəmiz ruhlara belə, əmr edir və bunlar da Ona itaət edirlər». 28 İsa haqqında xəbər dərhal Qalileya bölgəsinin hər tərəfinə yayıldı.

İsa çox adama şəfa verir (Mat. 8:14-17; Luka 4:38-41)

29 Onlar sinaqoqdan çıxan kimi Yaqub və Yəhya ilə birgə Şimon və Andreyin evinə getdilər. 30 Şimonun qayınanası qızdırma içində yatırdı. Bunu dərhal İsaya xəbər verdilər. 31 İsa xəstənin yanına gəlib əlindən tutaraq onu qaldırdı və qadının qızdırması düşdü. Qadın onlara xidmət etməyə başladı.

32 Axşam gün batanda bütün xəstələri və cinə tutulmuşları İsanın yanına gətirdilər. 33 Bütün şəhər əhalisi qapının yanına yığıldı. 34 İsa müxtəlif xəstəliyə tutulan çox adama şəfa verdi və bir çox cinləri qovdu. Amma cinlərə danışmağa izin vermədi, çünki onlar İsanın Kim olduğunu bilirdilər.

İsa vəzini davam etdirir (Luka 4:42-44)

35 Səhər alaqaranlıqda İsa qalxıb evdən çıxdı və kimsəsiz bir yerə gedib orada dua etdi. 36 Şimon və onun yanındakılar İsanın ardınca düşdülər. 37 Onu tapıb dedilər: «Hamı Səni axtarır». 38 İsa onlara dedi: «Gəlin başqa yerlərə – ətrafdakı şəhərlərə gedək və orada da vəz edim, çünki Mən bunun üçün gəlmişəm». 39[8] Beləliklə, İsa onların sinaqoqlarında vəz edərək və cinləri qovaraq bütün Qalileyanı gəzib-dolaşdı.

İsa cüzamlıya şəfa verir (Mat. 8:1-4; Luka 5:12-16)

40 Bir gün cüzamlı bir adam İsanın yanına gəldi və diz çöküb yalvardı: «Əgər istəsən, məni pak edə bilərsən». 41 İsanın ona rəhmi gəldi. Əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» 42 Dərhal bu adam cüzamdan sağalıb pak oldu, 43 İsa o an onu yola salıb ciddi tapşıraraq 44[9] belə dedi: «Bax heç kəsə bir söz demə, lakin get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə cüzamdan paklandığın üçün Musanın buyurduğu təqdimləri apar». 45 Lakin o çıxıb bu sözü vəz edərək hər yanda yaymağa başladı. Ona görə də İsa artıq heç bir şəhərə açıq girə bilmirdi, amma kənarda, kimsəsiz yerlərdə qalır və adamlar hər tərəfdən Onun yanına gəlirdi.

İsa iflicə şəfa verir (Mat. 9:1-8; Luka 5:17-26)

1 Bir neçə gün sonra İsa yenə Kefernahuma gələndə Onun evdə olma xəbəri yayıldı. 2 O qədər çox adam yığıldı ki, qapının yanında durmağa belə, yer qalmamışdı. İsa onlara kəlamı vəz edirdi. 3 Adamlar dörd nəfərin daşıdığı bir iflici Onun yanına gətirdilər. 4 Amma böyük izdihama görə onu İsaya yaxın gətirə bilmədilər. Ona görə də İsa olan evin damını söküb yer açandan sonra iflici yatdığı döşəklə birgə aşağı endirdilər. 5 İsa onların imanını görəndə iflic olan adama dedi: «Oğlum, günahların bağışlandı». 6 Lakin orada oturan bəzi ilahiyyatçılar ürəklərində belə düşündülər: 7 «Bu Adam niyə belə danışır? Bu ki küfrdür! Tək Allahdan başqa günahları kim bağışlaya bilər?» 8 İsa dərhal onların ürəyində nə fikirləşdiyini ruhən dərk edib dedi: «Niyə ürəyinizdə belə düşünürsünüz? 9 Bax hansı daha asandır? İflicə “günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, döşəyini götür və yeri!” demək? 10 Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və iflicə dedi: 11 «Sənə deyirəm, qalx, döşəyini götür və evinə get!» 12 Xəstə qalxdı və dərhal döşəyini götürərək hamının qarşısında çıxıb getdi. Hamı mat qaldı və Allahı izzətləndirib dedi: «Biz heç vaxt belə şey görməmişik».

Levi şagirdlərə qoşulur (Mat. 9:9-13; Luka 5:27-32)

13 İsa yenə gölün sahilinə çıxdı. Bütün izdiham Onun yanına toplaşdı və O, camaata təlim öyrədirdi. 14 Yolu keçəndə vergi yığılan yerdə oturan Halfay oğlu Levini görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi.

15 İsa Levinin evində süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. Çünki İsanın ardınca gedənlər çox idi. 16 Fariseylərdən olan ilahiyyatçılar[10] İsanın günahkarlar və vergiyığanlarla birgə yemək yediyini görüb Onun şagirdlərinə dedilər: «O niyə vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?»[11] 17 İsa bunu eşidəndə onlara dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salehləri deyil, günahkarları çağırmaq[12] üçün gəlmişəm».

Oruc barəsində sual (Mat. 9:14-17; Luka 5:33-39)

18 Yəhyanın şagirdləri və fariseylər oruc tuturdular. Bəzi adamlar İsanın yanına gəlib soruşdular: «Nə üçün Yəhyanın şagirdləri və fariseylərin şagirdləri oruc tutur, amma Sənin şagirdlərin oruc tutmur?» 19 İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutarmı? Nə qədər ki bəy onların yanındadır, onlar oruc tutmazlar. 20 Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar.

21 Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Yoxsa təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar. 22 Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa şərab tuluqları partladar, həm şərab, həm də tuluqlar zay olar. Təzə şərab təzə tuluqlara doldurulmalıdır».

Şənbə günü haqqında təlim (Mat. 12:1-8; Luka 6:1-5)

23[13] Bir Şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri yoldan keçərkən sünbülləri qırmağa başladılar. 24 Fariseylər Ona dedilər: «Bəs niyə onlar Şənbə günü qadağan olunan işləri görürlər?» 25[14] İsa onlara dedi: «Davud və yanındakılar ac və möhtac olanda nə etdiklərini heç oxumamısınızmı? 26 O, baş kahin Evyatarın dövründə Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini yedi, yanındakılara da verdi». 27 Sonra İsa onlara dedi: «İnsan Şənbə günü üçün deyil, Şənbə günü insan üçün yaradılıb. 28 Bax Bəşər Oğlu Şənbə gününün də Sahibidir».

Əli qurumuş adamın şəfası (Mat. 12:9-14; Luka 6:6-11)

1 İsa yenə də sinaqoqa girdi. Orada əli qurumuş bir adam var idi. 2 Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə Ona göz qoyurdular ki, görsünlər, bu adama Şənbə günü şəfa verəcək ya yox. 3 İsa əli qurumuş adama dedi: «Qabağa çıx!» 4 Sonra İsa onlara dedi: «Hansına icazə var, Şənbə günü yaxşılıq, yoxsa pislik etməyə, kiminsə canını xilas etməyə, yoxsa öldürməyə?» Onlarsa susurdu. 5 İsa ətrafındakılara qəzəblə baxdı və onların inadkar ürəkli olduqlarına görə kədərlənib o adama dedi: «Əlini uzat!» O, əlini uzatdı və əli əvvəlki halına qayıtdı. 6 Fariseylər çıxıb İsanı necə məhv etmək barədə dərhal hirodçularla məsləhətləşdilər.

İsa xəstələrə şəfa verir (Mat. 4:24-25; Luka 6:17-19)

7 İsa şagirdləri ilə birgə gölün bir tərəfinə çəkildi. Onun ardınca isə Qalileyadan böyük izdiham gəldi. 8 İsanın etdiklərini eşidəndə Onun yanına Yəhudeyadan, Yerusəlimdən, İdumeyadan, İordan çayının o biri tayından, Sur və Sidon bölgəsindən çoxlu adam gəldi. 9[15] İsa izdiham Onu sıxışdırmasın deyə şagirdlərindən xahiş etdi ki, Onun üçün bir qayıq hazırlasınlar. 10 Çünki O, çox adama şəfa vermişdi. Buna görə bütün xəstələr Ona toxunmaq üçün can atırdılar. 11 Natəmiz ruhlar İsanı görəndə önündə yerə sərilib ucadan çığırırdılar: «Sən Allahın Oğlusan!» 12 Lakin İsa onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər.

On İki şagird (Mat. 10:1-4; Luka 6:12-16)

13 İsa dağa çıxaraq Özü istədiyi adamları yanına çağırdı və onlar yanına gəldilər. 14 İsa on iki nəfəri həvari adlandıraraq[16] təyin etdi ki, bu adamlar Onun yanında olsun, həm də onları vəz etməyə göndərsin, 15 həmçinin cinləri qovmaq[17] səlahiyyətinə malik olsunlar. 16 Beləliklə, İsa bu on iki nəfəri təyin etdi: Peter adlandırdığı Şimon, 17 Bene-Rageş, yəni «İldırım oğulları» adlandırdığı Zavday oğlu Yaqub və Yaqubun qardaşı Yəhya, 18 Andrey, Filip, Bartalmay, Matta, Tomas, Halfay oğlu Yaqub, Tadday, Kənançı[18] Şimon 19 və İsaya xəyanət edən Yəhuda İskaryot.

İsa və Baal-Zevul (Mat. 12:22-32; Luka 11:14-23)

20 Sonra İsa evə getdi.[19] Yenə də izdiham yığıldığına görə onlar yeməyə belə, imkan tapa bilmədilər. 21 İsanın ailə üzvləri bu barədə eşidəndə Onu aparmağa gəldilər. Çünki fikirləşirdilər ki, O, ağlını itirib. 22[20] Yerusəlimdən gələn ilahiyyatçılar isə deyirdilər: «O, Baal-Zevula tutulub, cinlərin başçısının gücü ilə cinləri qovur».

23 İsa ilahiyyatçıları yanına çağırıb onlarla bu barədə məsəllərlə danışdı: «Şeytan Şeytanı necə qova bilər? 24 Əgər bir padşahlıq öz daxilindən bölünübsə, davam gətirməz. 25 Əgər bir ev öz daxilindən bölünübsə, davam gətirməz. 26 Şeytan da özünə qarşı qalxıb öz-özünə bölünübsə, davam gətirməz, yalnız axırı çatar. 27 Heç kim güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağlamadan malını qarət edə bilməz. Gərək o adamın əvvəlcə əl-qolunu bağlasın, sonra evini qarət etsin.

28[21] Sizə doğrusunu deyirəm: bütün günahlar və nə qədər küfr söylənərsə, bəşər övladlarına bağışlanacaq. 29 Lakin kim Müqəddəs Ruha küfr edərsə, heç vaxt bağışlanmayacaq və günahı[22] boynunda əbədi qalacaq». 30 İsa bunu «Onda natəmiz ruh var» dediklərinə görə söylədi.

İsanın anası və qardaşları kimdir? (Mat. 12:46-50; Luka 8:19-21)

31 İsanın anası və qardaşları gəldi. Onlar bayırda durdular və İsanın yanına xəbər göndərib Onu çağırdılar. 32 Bir kütlə adam İsanın ətrafında oturmuşdu. Ona xəbər verdilər: «Budur, anan və bacı-qardaşların[23] bayırda dayanıb Səni istəyirlər». 33 İsa onlara cavab verdi: «Mənim anam və qardaşlarım kimdir?» 34 Sonra ətrafında oturanlara baxaraq dedi: «Mənim anam və qardaşlarım bunlardır. 35 Çünki kim Allahın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur».

Səpilən toxum məsəli (Mat. 13:1-23; Luka 8:4-15)

1[24] İsa gölün sahilində yenə xalqa təlim öyrətməyə başladı. Yanına elə böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib gölün içərisində oturdu. Bütün izdiham isə gölün sahilində dayanmışdı. 2 İsa onlara məsəllərlə bir çox şey öyrədərək Öz təlimində belə dedi: 3 «Qulaq asın: bir əkinçi toxum səpməyə çıxdı. 4 Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi. 5 Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi. 6 Lakin günəş doğanda qarsalandı və kökü olmadığına görə qurudu. 7 Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu və bu toxumlar bar vermədi. 8 Başqaları isə münbit torpağa düşdü. Ona görə də böyüyüb artdı və bəzisi otuz, bəzisi altmış, bəzisi də yüz qat səmərə verdi». 9 Daha sonra İsa dedi: «Eşitməyə qulağı olan eşitsin!»

10 İsa tək qalanda On İki şagird və ətrafında olanlar məsəllərin izahını soruşdular. 11 O onlara dedi: «Allahın Padşahlığının sirri sizə açılmışdır, amma kənarda olanlara hər şey məsəllərlə deyilir. 12[25] Belə ki

“Gördükcə görsünlər, amma qanmasınlar,
Eşitdikcə eşitsinlər, amma anlamasınlar,
Yoxsa onlar dönüb bağışlanar”».

13 İsa onlara dedi: «Siz bu məsəli anlamırsınızmı? Bəs bütün məsəlləri necə başa düşəcəksiniz? 14 Əkinçi Allahın kəlamını əkir. 15 Daxilinə kəlam əkilən bəzi insanlar yol kənarına düşən toxumlara bənzəyir. Bunlar kəlamı eşidəndə dərhal Şeytan gəlib əkilən kəlamı götürüb aparır. 16 Daş-kəsəkli yerlərə səpilən bunlardır: kəlamı eşidəndə dərhal sevinclə qəbul edirlər. 17 Lakin onlarda kök olmadığına görə dözümləri az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılırlar. 18 Tikanlar arasına səpilən başqaları isə bunlardır: kəlamı eşidirlər, 19 lakin bu dövrün qayğıları, var-dövlətin aldadıcılığı və başqa şeylərə olan ehtiraslar araya girib kəlamı boğur və kəlam barsız olur. 20 Münbit torpağa səpilənlərsə bunlardır: onlar kəlamı eşidib qəbul edir, bəzisi otuz, bəzisi altmış, bəzisi isə yüz qat səmərə verir».

Çıraq məsəli (Luka 8:16-18)

21[26] İsa onlara dedi: «Çırağı qabın yaxud yatağın altına qoymaq üçünmü gətirirsiniz? O, çıraqdana qoymaq üçün deyilmi? 22[27] Elə gizli bir şey yoxdur ki, aşkara çıxmasın və elə örtülü bir şey yoxdur ki, aydın olmasın. 23 Eşitməyə qulağı olan eşitsin!»

24[28] İsa yenə onlara dedi: «Eşitdiyinizə diqqət edin: hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək və daha artıq veriləcək. 25[29] Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq».

Cücərmiş toxum məsəli

26 Sonra İsa dedi: «Allahın Padşahlığı torpağa toxum səpən əkinçiyə bənzəyir. 27 O, gecə yatır, gündüz qalxır. Toxum cücərib boy atır, amma əkinçi bunun necə baş verdiyini bilmir. 28 Torpaq özü bar gətirir. Əvvəl cücərti çıxır, sonra sünbül, daha sonra sünbülün dənləri iriləşib yetişir. 29[30] Məhsul yetişəndə əkinçi dərhal oraq vurur, çünki biçin vaxtı gəlmişdir».

Xardal toxumu məsəli (Mat. 13:31-32,34; Luka 13:18-19)

30 Sonra İsa belə dedi: «Allahın Padşahlığını nəyə bənzədək? Onu hansı məsəllə göstərək? 31 O, xardal toxumuna bənzəyir ki, yer üzündə torpağa əkilən toxumların ən kiçiyi olsa da, 32 əkiləndən sonra böyüyüb bütün bostan bitkilərindən hündür olur. O qədər böyük qol-budaq atır ki, göydə uçan quşlar onun kölgəsində yuva qura bilər».

33 İsa xalqın başa düşəcəyi dərəcədə buna bənzər çoxlu məsəllərlə kəlam söyləyirdi; 34 onlara məsəlsiz söz deməzdi. Amma Öz şagirdləri ilə tək qalanda hər şeyi izah edirdi.

İsa tufanı yatırır (Mat. 8:23-27; Luka 8:22-25)

35 Həmin gün axşam düşəndə İsa şagirdlərinə dedi: «Gəlin o biri sahilə keçək». 36 Şagirdlər camaatdan ayrılaraq İsanı mindiyi qayıqla birgə apardılar; onun yanında başqa qayıqlar da var idi. 37 Bu vaxt böyük bir tufan qopdu. Dalğalar qayığa elə hücum çəkdi ki, su artıq onun içinə doldu. 38 İsa qayığın arxa tərəfində başını yastığa qoyub yatırdı. Şagirdlər Onu oyadaraq dedilər: «Müəllim! Axı biz həlak oluruq! Bu Səni narahat etmirmi?» 39 İsa durub küləyə qadağan etdi və gölə dedi: «Sus, sakit ol!» Külək dayandı və dərin sükut çökdü. 40 İsa onlara dedi: «Niyə qorxursunuz? Hələ imanınız yoxdurmu?» 41 Onlar dəhşətə düşüb bir-birindən soruşdular: «Bu Adam kimdir ki, külək də, göl də Ona itaət edir?»

Cinə tutulmuş adam sağaldılır (Mat. 8:28-34; Luka 8:26-39)

1 Onlar gölün o biri sahilində yerləşən Gerasalıların[31] diyarına getdilər. 2 İsa qayıqdan düşən kimi qəbir mağaralarından natəmiz ruha tutulmuş bir adam Onunla qarşılaşdı. 3 O, mağaralarda yaşayırdı və heç kim onu hətta zəncirləyərək saxlaya bilmirdi. 4 Neçə dəfə ona buxov, zəncir vurmuşdular, lakin o, zəncirləri qırmış, buxovları parçalamışdı. Heç kəsin onu sakit etməyə gücü çatmırdı. 5 Həmişə, gecə-gündüz qəbiristanlıqda, dağlarda çığırır və özünü daşlarla yaralayırdı. 6 O, İsanı uzaqdan görəndə qaçıb Ona səcdə qıldı, 7 bərkdən çığıraraq dedi: «Ey İsa, Allah-Taalanın Oğlu, məndən nə istəyirsən? Səni and verirəm Allaha, mənə iztirab vermə!» 8 Çünki İsa ona demişdi: «Ey natəmiz ruh, bu adamdan çıx!» 9 Sonra İsa ondan soruşdu: «Sənin adın nədir?» O cavab verdi: «Mənim adım Qoşundur, çünki biz çoxuq». 10 Ruhları bu diyardan qovmasın deyə o, İsaya çox yalvardı.

11 Orada – dağın yamacında böyük bir donuz sürüsü otlayırdı. 12 Natəmiz ruhlar İsaya yalvardılar: «Bizi donuzlara göndər ki, onların içinə girək». 13 İsa onlara izin verdi. Natəmiz ruhlar adamdan çıxıb donuzların içinə girdi. İki min baş heyvandan ibarət sürü də uçurumdan aşağı, gölə atılıb orada boğuldu.

14 Donuz otaranlar qaçıb bu xəbəri şəhər və kəndlərdə yaydılar. Camaat nə baş verdiyinə tamaşa etməyə gəldi. 15 Onlar İsanın yanına gəldilər, əvvəlcə bir qoşun cinə tutulmuş adamın geyinmiş və ağıllanmış oturduğunu görüb qorxuya düşdülər. 16 Hadisəni görənlər cinə tutulmuş adamın başına gələnlər və donuzlar haqqında camaata söylədilər. 17 İsaya yalvarmağa başladılar ki, onların bölgəsindən çıxsın. 18 İsa qayığa minəndə əvvəlcə cinə tutulmuş adam Ona yalvardı ki, İsanın yanında qalsın. 19 İsa ona izin vermədi, amma dedi: «Evinə, qohum-əqrəbanın yanına get, Rəbbin sənə etdiyi hər şeyi və sənə necə mərhəmət göstərdiyini onlara danış». 20 Bu adam da gedib İsanın ona etdiyi hər şeyi Dekapolis bölgəsində yaymağa başladı və hamı heyrətləndi.

Qızın dirilməsi və qadının şəfa tapması (Mat. 9:18-26; Luka 8:40-56)

21 İsa yenə qayıqla o biri sahilə keçəndə yanına böyük bir izdiham yığıldı. O, gölün sahilində idi. 22 Sinaqoq rəislərindən Yair adlı bir adam gəlib İsanı görəndə ayaqlarına düşdü. 23 Ona çox yalvarıb dedi: «Qızcığazım can üstündədir. Gəl əllərini onun üstünə qoy ki, sağalıb yaşasın». 24 İsa da onunla birlikdə getdi. Ardınca böyük bir izdiham gedərək hər tərəfdən Onu sıxışdırırdı.

25 Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi. 26 O, neçə həkimin əlindən xeyli əzab çəkmiş, bütün varını buna sərf etsə də, vəziyyəti yaxşılaşmamış, daha da pisləşmişdi. 27 Bu qadın İsa haqqında eşidib izdihamın içindən keçərək Onun arxasından gəldi və Onun paltarına toxundu. 28 Çünki bu cür düşünürdü: «Heç olmasa paltarına toxunsam, sağalaram». 29 Dərhal onun qanaxması kəsildi və bildi ki, bədənindəki xəstəlikdən sağaldı. 30 İsa dərhal bildi ki, Ondan bir qüvvə çıxdı və izdihamın içində dönüb soruşdu: «Paltarıma toxunan kim idi?» 31 Şagirdləri Ona cavab verdilər: «Görürsən ki, izdiham Səni sıxışdırır. Necə soruşa bilərsən ki, Mənə toxunan kim idi?» 32 Bunu edəni görmək üçün İsa ətrafa baxdı. 33 Qadınsa özünə nə olduğunu bildi. Qorxudan titrəyərək gəlib İsanın ayağına düşdü və bütün həqiqəti Ona söylədi. 34 İsa da ona dedi: «Qızım, imanın səni xilas etdi. Arxayın get və xəstəliyindən sağal».

35 İsa hələ danışırdı ki, sinaqoq rəisinin evindən adamlar gəlib dedi: «Qızın öldü. Daha Müəllimi niyə narahat edirsən?» 36 Lakin İsa bu sözə məhəl qoymayaraq[32] sinaqoq rəisinə dedi: «Qorxma, yalnız iman et!» 37 O, Peter, Yaqub və Yaqubun qardaşı Yəhyadan başqa heç kimi ardınca gəlməyə qoymadı. 38 Onlar sinaqoq rəisinin evinə gələndə İsa çox hay-küy, ağlaşıb nalə çəkənlər gördü. 39 İsa içəri girəndə onlara dedi: «Niyə hay-küy salıb ağlaşırsınız? Uşaq ölməyib, sadəcə olaraq yatıb». 40 Onlar İsaya güldülər. Belə olanda İsa hamını bayıra çıxarandan sonra uşağın ata-anasını, Özü ilə gələnləri götürüb uşaq olan yerə girdi. 41 İsa uşağın əlindən tutub dedi: «Talita qum!» Bunun mənası belədir: «Qızcığaz, sənə deyirəm: qalx!» 42 On iki yaşlı qız dərhal qalxıb gəzməyə başladı. O an oradakılar tamamilə mat qaldı. 43 İsa onlara qadağan etdi ki, bunu heç kəs bilməsin və sonra dedi ki, qıza yemək versinlər.

İsa Öz yurdunda rədd edilir (Mat. 13:53-58; Luka 4:16-30)

1 İsa oradan ayrılıb doğma yurduna gəldi. Şagirdləri də Onun ardınca gəlirdi. 2 Şənbə günü olanda O, sinaqoqda təlim öyrətməyə başladı. Onu dinləyən adamların çoxu təəccüblənərək dedi: «Bu Adamda belə şeylər haradandır? Bu necə hikmətdir, Ona verilib? Bu cür möcüzələr Onun əlindən necə gəlir? 3 Bu Adam həmin dülgər deyilmi? Məryəmin oğlu, Yaqubun, Yusifin, Yəhudanın və Şimonun qardaşı deyilmi? Onun bacıları burada – bizim aramızda yaşamırmı?» Onların İsaya acığı tutdu. 4[33] İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan, qohum-əqrəbaları arasından və öz evindən başqa heç bir yerdə xor baxmazlar». 5 Orada O heç bir möcüzə yarada bilmədi, yalnız bir neçə xəstənin üzərinə əl qoyub şəfa verdi. 6 İsa onların imansızlığına heyrət edirdi. Sonra ətraf kəndlərdə təlim öyrədərək oraları gəzib-dolaşdı.

On İki şagirdə verilən vəzifə (Mat. 10:1-15; Luka 9:1-6; 10:1-12)

7 İsa On İki şagirdi yanına çağırıb onları iki-iki göndərməyə başladı və onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi. 8[34] Onlara tapşırdı ki, yol üçün əsadan başqa heç nə – nə çörək, nə torba, nə də qurşaqlarında pul götürsünlər, 9 ayaqlarına səndəl geysələr də, əyinlərinə iki köynək geyinməsinlər. 10 İsa onlara dedi: «Harada bir evə girsəniz, çıxanacan orada qalın. 11[35] Harada sizi qəbul etməyib sizə qulaq asmaq istəməzlərsə, oradan ayrılarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın».[36] 12 Onlar da yola düşdülər və vəz edərək insanları tövbəyə çağırdılar. 13[37] Çoxlu cin çıxartdılar, yağla məsh edərək çox xəstəyə şəfa verdilər.

Yəhyanın edamı (Mat. 14:1-12; Luka 9:7-9)

14[38] Padşah Hirod da olanları eşitdi, çünki İsanın adı tanınırdı. Adamlar deyirdilər: «Vəftiz edən Yəhya ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır». 15 Digərləri isə deyirdilər: «Bu, İlyasdır». Bəziləri də deyirdi: «Keçmişdəki peyğəmbərlərdən birinə oxşar peyğəmbərdir». 16 Amma Hirod bunu eşidəndə dedi: «Bu, boynunu vurdurduğum Yəhyadır, dirilib!»

17[39] Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. Çünki Hirod Hirodiyanı özünə arvad olaraq almışdı 18 və Yəhya Hiroda demişdi: «Qardaşının arvadını almaq sənə qadağandır». 19 Hirodiya Yəhyaya qarşı kin saxlayıb onu öldürmək niyyətinə düşmüşdü, amma bunu edə bilmirdi. 20 Çünki Hirod Yəhyanın saleh və müqəddəs bir adam olduğunu bildiyinə görə ondan qorxub onu qoruyurdu. Hirod ona qulaq asanda çaşqınlığa düşdü,[40] buna baxmayaraq, onu həvəslə dinləyirdi.

21 Bir gün Hirodiyanın əlinə yaxşı bir fürsət düşdü. Hirod ad günündə əyanlarına, minbaşılara və Qalileyanın nüfuzlu şəxslərinə ziyafət verdi. 22 Ziyafət zamanı Hirodiyanın qızı[41] içəri daxil olub rəqs etdi. Bu, Hirodun və qonaqlarının xoşuna gəldi. Padşah qıza dedi: «Ürəyin istəyəni məndən dilə, mən də sənə verim». 23 Sonra möhkəm and içərək yenə dedi: «Məndən hər nə istəsən, hətta padşahlığımın yarısını belə, istəsən, sənə verəcəyəm». 24 Qız isə çıxıb anasından soruşdu: «Mən nə istəməliyəm?» O cavab verdi: «Vəftiz edən Yəhyanın başını». 25 Qız o saat padşahın yanına qaçdı və öz istəyini dedi: «İstəyirəm ki, Vəftizçi Yəhyanın başını dərhal bir sini içində mənə verəsən». 26 Padşahı dərin kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə qızın sözünü yerə salmaq istəmədi. 27 Padşah dərhal bir cəllad göndərib Yəhyanın başını gətirməyi əmr etdi. Cəllad gedib zindanda Yəhyanın boynunu vurdu 28 və onun başını bir sini içində gətirib qıza verdi. Qız da onu anasına verdi. 29 Yəhyanın şagirdləri isə bunu eşidəndə gəlib onun cəsədini götürdülər və qəbirə qoydular.

İsa beş min nəfəri doydurur (Mat. 14:13-21; Luka 9:10-17; Yəh. 6:1-14)

30 Həvarilər İsanın yanına yığıldı və gördükləri işlər, öyrətdikləri təlim haqqında Ona nəql etdilər. 31 İsa onlara dedi: «Gəlin kimsəsiz yerdə bir az dincəlin». Çünki gəlib-gedən çox olduğundan yemək yeməyə belə, vaxt tapmırdılar.

32 Onlar da ayrılıb qayığa minərək hər biri təkbaşına kimsəsiz bir yerə getdilər. 33 Gedərkən camaat onları gördü və çoxu tanıdı; bütün şəhərlərdən axışıb piyada getdilər, onlardan qabaq oraya çatdılar.[42] 34[43] İsa sahilə düşəndə böyük bir izdiham gördü və onlara rəhmi gəldi. Çünki onlar çobansız qoyunlara bənzəyirdi. İsa onlara çox şeylər haqqında təlim öyrətməyə başladı.

35 Vaxt keçirdi. Şagirdləri gəlib İsaya dedilər: «Bura çöllükdür, artıq gecdir. 36 Camaatı burax, qoy gedib ətrafdakı kənd və obalardan özlərinə bir şey alıb yesinlər».[44] 37 Amma İsa onlara cavab verdi: «Onlara yeməyi siz verin». Şagirdlər İsaya dedilər: «Bəlkə gedib iki yüz dinarlıq çörək alaq və onlara verək ki, yesinlər?» 38 Amma İsa onlara dedi: «Gedin baxın, neçə çörəyiniz var?» Onlar da baxıb dedilər: «Beş çörəyimiz və iki balığımız var». 39 İsa onlara əmr etdi ki, camaatı dəstə-dəstə göy otların üstündə oturtsunlar. 40 Camaat yüz-yüz, əlli-əlli dəstə şəklində oturdu. 41 İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərinə verdi ki, camaata paylasınlar. İki balığı da hamıya bölüşdürdü. 42 Hamı yeyib-doydu. 43 Artıq qalan çörək və balıq hissələrini yığdılar, on iki zənbil doldu. 44 Çörəkləri yeyən kişilərin sayı beş min nəfər idi.

İsa suyun üstü ilə yeriyir (Mat. 14:22-33; Yəh. 6:15-21)

45 Bundan dərhal sonra İsa camaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa minib Özündən əvvəl o biri sahilə – Bet-Saydaya keçsinlər. 46 İsa camaatı yola salandan sonra dua etmək üçün dağa çıxdı. 47 Axşam olanda qayıq gölün ortasında idi. Amma İsa quruda tək dayanmışdı. 48 O gördü ki, şagirdləri güclə avar çəkir, çünki külək onlara qarşı əsirdi. Gecənin dördüncü növbəsi[45] İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi və onları keçmək istədi. 49 Şagirdlərsə İsanın gölün üstü ilə yeridiyini görəndə Onu bir kabus bilib qışqırdılar. 50 Çünki hamı Onu görüb lərzəyə düşmüşdü. Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!» 51 Qayığa minib onlara qoşuldu. Külək də sakitləşdi. Hamı tamamilə mat qaldı. 52 Çünki inadkar ürəkli olduqlarına görə çörəklə bağlı işi hələ də başa düşməmişdilər.

İsa Ginesarda xəstələrə şəfa verir (Mat. 14:34-36)

53 İsa və şagirdlər gölü keçib Ginesar sahilinə çatdılar və qayığı bağladılar. 54 Onlar qayıqdan düşən kimi camaat İsanı tanıdı 55 və qaçıb ətraf yerləri gəzib-dolaşdılar. İsanın harada olduğunu eşidəndə xəstələri yataqlar üstündə oraya gətirməyə başladılar. 56 İsanın getdiyi hər yerdə – kəndlərdə, şəhərlərdə, obalarda xəstələri gətirib meydanlara qoyurdular. Xəstələr heç olmasa İsanın paltarının ətəyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağalırdı.

İnsanı murdar edən nədir? (Mat. 15:1-20)

1 Fariseylər və Yerusəlimdən gələn bəzi ilahiyyatçılar İsanın yanına yığıldı. 2 Onlar gördülər ki, İsanın şagirdlərindən bəzisi murdar əllərlə, yəni əllərini yumamış çörək yeyir.[46] 3 Fariseylər və bütün Yəhudilər ağsaqqallardan qalan adət-ənənəyə əməl edərək əllərini yaxşı-yaxşı yumadan yemək yeməzlər. 4 Onlar bazardan gələndə yuyunmadan heç nə yeməzlər. Həmçinin bir sıra başqa adət-ənənələrə də əməl edərlər. Belə ki onlar kasaları, dolçaları, tunc qazanları və yataqları[47] yuyub paklayarlar. 5 Fariseylər və ilahiyyatçılar İsadan soruşdular: «Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəyə görə yaşamayaraq murdar əllərlə çörək yeyirlər?» 6[48] İsa onlara dedi: «Yeşaya peyğəmbər siz ikiüzlülər üçün nə yaxşı söyləyib! Yazıldığı kimi:

“Bu xalq dodaqları ilə Mənə hörmət edir,
Amma qəlbləri Məndən uzaqdır.
7 Boş yerə Mənə səcdə edirlər,
İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”.

8 Siz Allahın əmrini atıb insan adət-ənənəsini tutursunuz».[49] 9 Sonra İsa onlara dedi: «Öz adət-ənənənizi bərqərar etmək[50] üçün Allahın əmrini kənara atmağı necə də yaxşı bacarırsınız! 10[51] Çünki Musa belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”. 11 Sizsə deyirsiniz: “Bir adam atasına yaxud anasına ‹məndən umduğun yardım qurban oldu›, yəni ‹Allaha həsr olundu› desə”, 12 onda həmin adama izin vermirsiniz ki, ata-anasına yardım etsin. 13 Bununla da siz nəsildən-nəslə ötürdüyünüz adət-ənənənizlə Allahın kəlamını heç edirsiniz. Axı buna bənzər çox işlər görürsünüz».

14 İsa yenə camaatı yanına çağırıb onlara dedi: «Hamınız Mənə qulaq asın və dərk edin. 15 Kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz. Amma insanı murdar edən şeylər daxilindən çıxanlardır». 16 [52]

17 İsa camaatdan ayrılıb evə gələndə şagirdləri bu məsəl barəsində Ondan soruşdular. 18 İsa onlara cavab verdi: «Siz də hələ dərk etməmisiniz? Başa düşmürsünüz ki, kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz? 19 Çünki daxil olan şeylər onun ürəyinə deyil, qarnına gedir və ifraz olunur». İsa bununla bütün yeməklərin təmiz olduğunu bəyan etdi. 20 O, sözünə davam etdi: «İnsanı murdar edən insandan çıxandır. 21 Çünki insanların daxilindən, ürəyindən pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik, 22 zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, pozğunluq, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq çıxar. 23 Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir».

Finikiyalı qadının imanı (Mat. 15:21-28)

24 İsa oradan ayrılıb Sur bölgəsinə[53] getdi. O bir evə girdi və istəmədi ki, harada olduğunu bilən olsun. Amma bunu gizlədə bilmədi. 25 Bir qadının azyaşlı qızı natəmiz ruha tutulmuşdu. Qadın İsa haqqında xəbər tutan kimi gəlib Onun ayaqlarına düşdü. 26 Bu qadın Suriya Finikiyasında doğulmuş bir Yunan idi. O, İsaya yalvardı ki, qızından cini çıxartsın. 27 İsa ona dedi: «Qoy əvvəl uşaqlar doysun, çünki uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz». 28 Qadınsa Ona cavab verdi: «Ya Rəbb, axı[54] itlər də uşaqların süfrə altına tökdüyü qırıntılardan yeyir». 29 İsa qadına dedi: «Get, sənin bu sözünə görə cin qızını tərk etdi». 30 Qadın evinə gələndə gördü ki, qızı yatağında uzanıb və cin ondan çıxıb.

Kar və pəltək bir adamın sağalması

31 İsa yenə Sur bölgəsindən çıxdı, Sidonu keçdi və Dekapolis bölgəsindən keçərək Qalileya gölünə çatdı. 32 Bir kar və pəltək adamı İsanın yanına gətirdilər və yalvardılar ki, əlini onun üzərinə qoysun. 33 İsa həmin adamı camaatdan ayırıb başqa bir yerə apardı və barmaqlarını bu adamın qulaqlarına qoydu, tüpürüb onun dilinə toxundu. 34 Göyə baxdı, ah çəkərək ona dedi: «Effata!», yəni «Açıl!» 35 O anda bu adamın həm qulaqları açıldı, həm də dilinin bağlılığı düşdü və o aydın danışmağa başladı. 36 İsa bunu görənlərə qadağan etdi ki, bu barədə heç kimə heç nə deməsinlər. Lakin nə qədər çox qadağan etsə də, o qədər çox xəbər yaydılar. 37 Hamı hədsiz təəccüblənərək dedi: «Hər işin öhdəsindən yaxşı gəlir: həm karların qulağını, həm də lalların dilini açır».

İsa dörd min nəfəri doydurur (Mat. 15:32-39)

1 O günlər yenə böyük izdiham toplaşdı. Onların yeməkləri olmadığı üçün İsa şagirdləri yanına çağırıb dedi: 2 «Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur. 3 Əgər onları evlərinə ac yola salsam, yolda taqətdən düşərlər. Onların bəzisi uzaqdan gəlib». 4 Şagirdləri Ona cavab verdilər: «Kimsə bu çöllükdə haradan çörək tapa bilər ki, bu qədər insanı doydursun?» 5 İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi». 6 Onda İsa camaata əmr etdi ki, yerə otursunlar. Yeddi çörəyi götürdü və şükür edərək bölüb paylamaq üçün şagirdlərinə verdi. Şagirdlər də camaata payladı. 7 Onların bir neçə kiçik balığı da var idi və İsa şükür duası edəndən sonra bunları da paylamağı əmr etdi. 8 Camaat yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu. 9 Orada dörd minə yaxın adam var idi. İsa onları yola saldı. 10 O, şagirdləri ilə birlikdə dərhal qayığa minib Dalmanuta bölgəsinə getdi.

Fariseylərin və Hirodun mayası (Mat. 12:38-39; 16:1-12)

11[55] Fariseylər İsanın yanına gəlib Onunla mübahisə etməyə başladılar. Onu sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin. 12[56] O, ürəyində dərin bir ah çəkib dedi: «Niyə bu nəsil əlamət axtarır? Sizə doğrusunu deyirəm: bu nəslə heç bir əlamət verilməyəcək». 13 Sonra onları tərk edib yenə qayığa mindi və o biri sahilə tərəf üzdü.

14 Şagirdləri çörək götürməyi yaddan çıxarmışdılar. Qayıqda onların yalnız bir dənə çörəyi var idi. 15[57] İsa onlara xəbərdarlıq edərək dedi: «Ehtiyatlı olun, fariseylərin mayasından və Hirodun mayasından özünüzü gözləyin». 16 Şagirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu çörəyimiz olmadığı üçün deyir». 17 İsa bunu bilərək onlara dedi: «Nə üçün çörəyinizin yoxluğundan danışırsınız? Hələ dərk etmirsinizmi, başa düşmürsünüzmü? Niyə ürəyiniz inadkardır? 18[58] Gözləriniz ola-ola görmürsünüzmü? Qulaqlarınız ola-ola eşitmirsinizmi? Məgər yadınızdan çıxıb? 19 Mən beş çörəyi beş min nəfərin arasında bölüb paylayanda yemək tikələrindən neçə zənbil doldurdunuz?» Onlar dedilər: «On iki». 20 «Yeddi çörəyi dörd min nəfərin arasında bölüb paylayanda çörək tikələrindən neçə səbət doldurdunuz?» Onlar dedilər: «Yeddi». 21 İsa onlara dedi: «Hələ başa düşməmisinizmi?»

Bet-Saydada olan korun şəfa tapması

22 Onlar Bet-Saydaya gəldilər. Bəzi adamlar İsanın yanına bir kor adam gətirdilər və İsa bu adama toxunsun deyə Ona yalvardılar. 23 İsa korun əlindən tutub kənddən kənara apardı. Sonra onun gözlərinə tüpürüb əllərini onun üzərinə qoydu və soruşdu: «Bir şey görürsənmi?» 24 Kor yuxarı baxıb dedi: «Adamlar görürəm, ağaclara oxşayır, amma yeriyirlər». 25 Onda İsa əllərini yenidən bu adamın gözlərinin üstünə qoydu. Kor adam gözlərini açıb baxdı. O şəfa tapdı və hər şeyi aydın görməyə başladı. 26 İsa onu evinə göndərdi və dedi: «Kəndə belə, girmə».[59]

Peterin Məsihi tanıması (Mat. 16:13-20; Luka 9:18-21)

27 İsa şagirdləri ilə birgə Filip Qeysəriyyəsinin kəndlərinə tərəf yollandı. Yolda şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Mən kiməm?» 28[60] Şagirdləri Ona belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, peyğəmbərlərdən birisən». 29[61] İsa onlardan soruşdu: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter Ona cavab verdi: «Sən Məsihsən». 30 İsa şagirdlərinə qadağan etdi ki, Onun haqqında heç kəsə danışmasınlar.

İsa ölüb-diriləcəyi barədə əvvəlcədən xəbər verir (Mat. 16:21-28; Luka 9:22-27)

31 İsa onlara təlim öyrətməyə başladı: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd edilməli, öldürülməli və üç gündən sonra dirilməlidir». 32 İsa bu sözləri aydın deyirdi. Peter isə Onu bir kənara çəkib etiraz etməyə başladı. 33 Amma İsa dönüb şagirdlərinə baxdı və Peterə etiraz etdi: «Çəkil qarşımdan, Şeytan! Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən».

34[62] İsa şagirdləri ilə birgə camaatı da yanına çağırıb belə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin. 35[63] Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənimlə Müjdə uğrunda canını itirirsə, onu xilas edəcək. 36 İnsana bütün dünyanı qazanıb canını itirməyinin nə xeyri var? 37 İnsan öz canının əvəzinə nə verə bilər? 38 Bu vəfasız və günahkar nəsil arasında kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Atasının izzəti içində müqəddəs mələklərlə birgə gələndə o adamdan utanacaq».

1 İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığının qüdrətli gəlişini görmədən ölməyəcək».

İsanın görünüşü dəyişir (Mat. 17:1-13; Luka 9:28-36)

2[64]Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və Yəhyanı götürüb hündür bir dağa çıxdı. Onların qarşısında görünüşü dəyişdi. 3 Onun libası göz qamaşdırıcı ağ rəng aldı. Yer üzündə heç bir paltar təmizləyən onu belə ağ edə bilməzdi. 4 O an İlyas və Musa onlara göründü. Onlar İsa ilə söhbət edirdi. 5 Peter sözə başlayıb İsaya dedi: «Rabbi! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün». 6 O bilmirdi ki, nə desin, çünki onları dəhşət bürümüşdü. 7[65] Bu zaman bir bulud onların üzərinə kölgə saldı. Buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ona qulaq asın!» 8 Birdən ətrafa baxanda artıq yanlarında İsadan başqa kimsəni görmədilər.

9 Dağdan enərkən İsa şagirdlərinə qadağan etdi ki, Bəşər Oğlu ölülər arasından dirilənə qədər orada gördüklərini heç kimə deməsinlər. 10 Onlar da bu sözü ürəklərində saxladılar, amma bir-birlərindən soruşdular ki, ölülər arasından dirilmək nə deməkdir. 11[66] Ondan soruşdular: «Elə isə niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?» 12 İsa onlara belə dedi: «Düzdür, əvvəlcə İlyas gəlib hər şeyi yoluna qoymalıdır. Bəs Bəşər Oğlu barəsində nə üçün yazılıb ki, O, çox əzab çəkib alçaldılmalıdır? 13 Lakin sizə deyirəm: artıq İlyas gəldi və haqqında yazıldığı kimi, nə istədilərsə, onun başına gətirdilər».

Oğlandan cin çıxarılır (Mat. 17:14-20; Luka 9:37-43)

14 Onlar şagirdlərin yanına gələndə böyük bir izdihamın toplaşdığını və bir neçə ilahiyyatçının şagirdlərlə mübahisə etdiyini gördülər. 15 İsanı görən kimi bütün izdihamı heyrət bürüdü və qarşısına qaçıb Onu salamladılar. 16 İsa adamlardan soruşdu: «Onlarla nə barədə mübahisə edirsiniz?» 17 Camaat arasından biri Ona cavab verdi: «Müəllim! Mən Sənin yanına lallıq ruhuna tutulmuş oğlumu gətirmişəm. 18 Ruh onu harada tutursa, yerə çırpır, uşağın ağzı köpüklənir, dişlərini qıcıdır və qıc olur. Şagirdlərindən xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar». 19 İsa da cavabında onlara dedi: «Ey imansız nəsil! Nə vaxta qədər sizinlə qalacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı yanıma gətirin!» 20 Uşağı Onun yanına gətirdilər və İsanı görən kimi ruh dərhal uşağı sarsıtdı. Uşaq yerə yıxılıb yuvarlanırdı və ağzından köpük daşırdı. 21 İsa onun atasından soruşdu: «Bu uşaq nə vaxtdan belə hala düşüb?» Uşağın atası dedi: «Körpəlikdən bəri. 22 Bu ruh onu həlak etmək üçün dəfələrlə oda və suya atıb. Amma bacarırsansa, bizə kömək et, bizə rəhmin gəlsin!» 23 İsa ona dedi: «“Bacarırsansa” nə sözdür?[67] İman edən üçün hər şey mümkündür!» 24 Uşağın atası dərhal fəryad qopararaq dedi: «İman edirəm,[68] kömək et ki, imansızlığım yox olsun!» 25 İsa camaatın qaçıb gəldiyini görəndə natəmiz ruha qadağan edib dedi: «Ey lallıq və karlıq ruhu, Mən sənə əmr edirəm, bu uşağın içindən çıx və bir daha ora girmə!» 26 Ruh çığırıb uşağı sarsıdaraq çıxdı. Uşaq ölü kimi düşdü və çoxları dedi: «O öldü!» 27 Lakin İsa uşağın əlindən tutub qaldırdı və o, ayağa qalxdı.

28 İsa evə girəndən sonra şagirdləri təklikdə Ondan soruşdular: «Bəs nə üçün biz o ruhu qova bilmədik?» 29 İsa onlara cavab verdi: «Bu cür ruhlar yalnız dua ilə[69] çıxa bilər».

İsa ölüb-diriləcəyi barədə yenə xəbər verir (Mat. 17:22-23; Luka 9:43-45)

30 Onlar oranı tərk edib Qalileyadan keçirdilər. İsa istəmirdi ki, kimsə bundan xəbər tutsun. 31 Çünki şagirdlərinə təlim öyrədirdi. Onlara belə deyirdi: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək və Onu öldürəcəklər. Öldürüldükdən üç gün sonra O diriləcək». 32 Lakin şagirdlər bu sözü başa düşmədilər və Ondan soruşmaqdan da qorxurdular.

Ən böyük kimdir? (Mat. 18:1-9; Luka 9:46-50; 17:1-2)

33 Onlar Kefernahuma gəldilər. İsa evdə olanda şagirdlərdən soruşdu: «Yol boyu nə barədə mübahisə edirdiniz?» 34[70] Heç kim dillənmədi, çünki yol boyu öz aralarında kimin ən böyük olması barədə mübahisə etmişdilər. 35[71] İsa oturub On İki şagirdi yanına çağıraraq dedi: «Əgər bir kəs birinci olmaq istəyirsə, hamıdan axırıncı və hamının xidmətçisi olsun». 36[72] O, balaca bir uşağı götürüb şagirdlərin arasına qoydu və sonra uşağı qucağına alıb onlara dedi: 37 «Kim Mənim adımla belə uşaqlardan birini qəbul edərsə, Məni qəbul edər. Kim Məni qəbul edərsə, Məni yox, Məni Göndərəni qəbul edər».

38 Yəhya Ona dedi: «Müəllim, biz Sənin adınla[73] cinləri qovan bir nəfəri gördük, amma bizim ardımızca gəlmədiyinə görə ona mane olduq». 39 İsa onlara dedi: «Ona mane olmayın! Elə bir adam yoxdur ki, Mənim adımla möcüzə göstərsin və sonra Məni pisləsin. 40[74] Çünki əleyhimizə olmayan bizim tərəfimizdədir. 41[75] Məsihə məxsus olduğunuz üçün kim sizə bir kasa su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq.

42 Kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar. 43[76] Əgər əlin səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata şikəst olaraq daxil olmağın iki əllə cəhənnəmə, sönməz oda düşməyindən yaxşıdır. 44[77] 45 Əgər ayağın səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata topal olaraq daxil olmağın iki ayaqla cəhənnəmə atılmağından yaxşıdır. 46[78] 47[79] Əgər gözün səni pis yola çəkərsə, onu çıxart. Sənin tək gözlə Allahın Padşahlığına daxil olmağın iki gözlə cəhənnəmə atılmağından yaxşıdır. 48[80] Oradakıları gəmirən qurd ölmür və oranın yanar odu sönmür. 49[81] Çünki hamı odla duzlanacaq.[82] 50[83] Duz yaxşı şeydir, amma əgər duz dadsız olarsa, ona nə ilə dad vermək olar? Qoy sizdə duz və aranızda da sülh olsun».

Boşanma haqqında (Mat. 19:1-12)

1 İsa oradan ayrılıb Yəhudeya bölgəsinə və İordan çayının o biri tayına getdi. Yenə çoxlu adam Onun başına yığıldı və O, adətinə görə yenidən təlim öyrətməyə başladı.

2 Bəzi fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: «Kişinin öz arvadını boşamağa icazəsi varmı?» 3 İsa onlara cavab verdi: «Musa sizə nə əmr etdi?» 4[84] Onlar dedi: «Musa kişiyə talaq kağızını yazıb arvadını boşamağa icazə verdi». 5 İsa da onlara belə dedi: «O bu əmri ürəyiniz inadkar olduğuna görə yazdı. 6[85] Allah yaradılışın başlanğıcından “onları kişi və qadın olaraq yaratdı”. 7 “Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq 8 və ikisi bir bədən olacaq”. Artıq onlar iki deyil, bir bədəndir. 9 Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın».

10 Onlar evdə olarkən şagirdlər İsaya bu barədə yenə sual verdilər. 11[86] İsa onlara belə cavab verdi: «Arvadını boşayıb başqası ilə evlənən kəs arvadına münasibətdə zina edir. 12 Ərindən boşanıb başqasına gedən qadın da zina edir».

İsa uşaqlara xeyir-dua verir (Mat. 19:13-15; Luka 18:15-17)

13 Adamlar uşaqları İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Şagirdlərsə onlara qadağan etdilər. 14 Bunu görən İsa acıqlanaraq onlara dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur. 15[87] Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz». 16 Sonra uşaqları qucaqlayıb əllərini onların üzərinə qoydu və xeyir-dua verdi.

Var-dövlət və Allahın Padşahlığı (Mat. 19:16-30; Luka 18:18-30)

17 İsa yola çıxarkən bir nəfər qaça-qaça Onun yanına gəldi. Onun qarşısında diz çökərək soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?» 18 İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur. 19[88] Onun əmrlərini bilirsən: “Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Kimisə aldatma. Ata-anana hörmət et”». 20 Bu adamsa İsaya dedi: «Müəllim, bunların hamısına gəncliyimdən bəri riayət edirəm». 21 İsa ona məhəbbətlə baxaraq dedi: «Sənin bir şeyin çatışmır: get nəyin varsa, satıb yoxsullara payla. Onda göydə xəzinən olacaq. Sonra qayıt,[89] Mənim ardımca gəl». 22 Bunu eşidən adam pərt oldu. Kədərlənib getdi, çünki var-dövləti çox idi.

23 İsa ətrafındakılara baxdı və şagirdlərinə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir!» 24 Onun sözlərindən şagirdləri heyrət bürüdü. Amma İsa yenə onlara cavab verib dedi: «Övladlarım, Allahın Padşahlığına daxil olmaq[90] nə qədər çətindir! 25 Dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır». 26 Onlar daha da təəccüblənərək bir-birlərinə dedilər: «Elə isə, kim xilas ola bilər?» 27 İsa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün yox. Çünki Allah üçün hər şey mümkündür».

28 Peter Ona belə deməyə başladı: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik». 29 İsa cavab verdi: «Sizə doğrusunu deyirəm: Mənimlə Müjdə uğrunda ya evini ya qardaşlarını ya bacılarını ya anasını ya atasını ya uşaqlarını və yaxud tarlalarını atan elə bir kəs yoxdur ki, 30 indi bu dövrdə çəkdiyi əzab-əziyyətlə birgə bundan yüz qat artıq evlər, qardaşlar, bacılar, analar, uşaqlar, tarlalar, gələcək dövrdə isə əbədi həyat almasın. 31[91] Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq».

İsa ölüb-diriləcəyi barədə üçüncü dəfə xəbər verir (Mat. 20:17-19; Luka 18:31-34)

32 Onlar yola çıxıb Yerusəlimə gedirdilər. İsa onların qabağında gedirdi. Şagirdləri isə heyrət bürümüşdü, Onun ardınca gələnlər qorxu içində idi. İsa On İki şagirdi yenə bir tərəfə çəkib başına gələcək hadisələr barədə danışmağa başladı: 33 «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edib başqa millətlərə təslim edəcəklər. 34 Onlar Bəşər Oğlunu ələ salacaq, Ona tüpürəcək və qamçılayıb öldürəcəklər. O, üç gündən sonra diriləcək».

Kim üstündür? (Mat. 20:20-28)

35 Zavdayın oğulları Yaqub və Yəhya Ona yaxınlaşıb dedilər: «Müəllim, istəyirik ki, dilədiyimizi bizim üçün edəsən». 36 İsa onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?» 37 Onlar İsaya dedilər: «Sən izzətlənəndə qoy birimiz sağında, o birimiz solunda otursun». 38[92] Amma İsa onlara dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içdiyim kasadan siz də içə bilərsinizmi? Mənim vəftiz olduğum kimi siz də vəftiz ola bilərsinizmi?» 39 Onlar dedilər: «Bilərik». İsa onlara dedi: «Mənim içdiyim kasadan siz də içəcəksiniz, Mənim vəftiz olduğum kimi siz də vəftiz olacaqsınız. 40 Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Ora kimlər üçün hazırlanıbsa, onlara veriləcək».

41 Bunu eşidən on şagirdin Yaqubla Yəhyaya acığı tutmağa başladı. 42[93] Onda İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbəri sayılanlar onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir. 43 Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun. 44 Aranızda birinci olmaq istəyən hamının qulu olsun. 45 Çünki Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».

Kor Bartimayın gözləri açılır (Mat. 20:29-34; Luka 18:35-43)

46 Sonra onlar Yerixoya gəldilər. İsa şagirdləri ilə birgə böyük izdihamla Yerixodan çıxanda Timay oğlu Bartimay adlı bir kor dilənçi yol kənarında oturmuşdu. 47 Nazaretli İsanın orada olduğunu eşitdikdə «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!» deyə bağırmağa başladı. 48 Çox adamsa ona qadağan edib susdurmaq istədisə də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı. 49 İsa dayanıb dedi: «Onu çağırın». Onlar bu kor adamı çağıraraq dedilər: «Cəsarətli ol, qalx, O səni çağırır». 50 O, üst paltarını üstündən atdı və yerindən sıçrayaraq İsanın yanına gəldi. 51 İsa ondan soruşdu: «Nə istəyirsən, sənin üçün edim?» Kor adam Ona dedi: «Rabbuni,[94] gözlərim açılsın». 52 İsa ona dedi: «Get, imanın səni xilas etdi». Həmin an bu adamın gözləri açıldı və o da İsanın ardınca getdi.

İsanın Yerusəlimə girməsi (Mat. 21:1-11; Luka 19:28-40; Yəh. 12:12-19)

1 Onlar Yerusəlimə yaxınlaşarkən Zeytun dağının yamacındakı Bet-Faqe ilə Bet-Anyaya gəldikləri zaman İsa şagirdlərindən ikisini göndərərək 2 onlara dedi: «Qarşınızdakı kəndə gedin. Oraya girən kimi hələ heç kəsin minmədiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gətirin. 3 Kim sizdən soruşsa: “Bunu nə üçün edirsiniz?”, ona “bu sıpa Rəbbə lazımdır, tezliklə yerinə qaytaracaq” deyin».

4 Onlar getdilər. Küçədə bir evin qapısının kənarına bağlanmış sıpa tapıb onu açdılar. 5 Orada duran bəzi adamlar onlardan soruşdu: «Nə edirsiniz? Bu sıpanı nə üçün açırsınız?» 6 Şagirdlər İsanın dediklərini onlara təkrarlayanda o adamlar şagirdlərə imkan verdilər. 7 Onlar sıpanı İsanın yanına gətirdilər və öz paltarlarını sıpanın üstünə sərdilər. İsa sıpanın belinə mindi. 8 Bir çoxu paltarlarını, bəzisi də ətrafdakı ağaclardan kəsdikləri budaqları yola döşədi. 9[95] İsanın önündə gedənlər və ardınca gələnlər belə nida edirdilər:

«Hosanna![96]
Rəbbin ismi ilə Gələnə alqış olsun!
10 Atamız Davudun gələn Padşahlığı xeyir-dualı olsun!
Ən ucalarda hosanna!»

11 İsa Yerusəlimə daxil olub məbədə girdi. O hər şeyə nəzər saldı. Sonra On İki şagirdlə bərabər Bet-Anyaya getdi, çünki artıq gec idi.

Barsız əncir ağacı (Mat. 21:18-19; Luka 13:6-9)

12 Ertəsi gün onlar Bet-Anyadan çıxdılar. O zaman İsa acmışdı. 13 Uzaqda yarpaqlı bir əncir ağacı gördü və ağaca yaxınlaşdı ki, bəlkə onda meyvə tapar. Amma onun yanına gələndə ağacda yarpaqdan başqa bir şey tapmadı, çünki əncirin bar mövsümü deyildi. 14 Onda İsa ağaca dedi: «Qoy səndən bir daha heç kəs meyvə yeməsin!» Bunu şagirdləri də eşitdi.

İsa satıcıları məbəddən qovur (Mat. 21:12-17; Luka 19:45-48; Yəh. 2:13-22)

15 Onlar Yerusəlimə gəldilər. İsa məbədə girib orada alver edənləri qovmağa başladı. Sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi, 16 heç kimi yük daşıyaraq məbəd həyətlərindən keçməyə qoymadı. 17[97] Onlara təlim öyrədərək dedi: «Məgər yazılmayıb ki,

“Mənim evim bütün xalqlar üçün
Dua evi adlandırılacaq”?

Amma siz onu “quldur yuvasına” çevirmisiniz!» 18 Bunu eşidən başçı kahinlər və ilahiyyatçılar İsanı öldürmək üçün yol axtarırdılar. Çünki bütün xalq Onun təliminə təəccübləndiyi üçün Ondan qorxurdular. 19 Axşam olanda İsa və şagirdləri şəhərdən kənara çıxdı.

İmanın gücü (Mat. 21:20-22)

20 Səhər erkən onlar əncir ağacının yanından keçəndə gördülər ki, ağac kökündən quruyub. 21 Hadisəni xatırlayan Peter İsaya dedi: «Rabbi, bax lənətlədiyin əncir ağacı quruyub». 22 İsa cavab verib onlara dedi: «Allaha imanınız olsun. 23[98] Sizə doğrusunu deyirəm: kim bu dağa “Qalx, dənizə atıl!” deyərsə və ürəyində şübhə etmədən dediyinin olacağına inanarsa, onun üçün ediləcək. 24 Buna görə sizə deyirəm: dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız[99] və istədiyiniz sizin üçün ediləcək. 25[100] Durub dua edəndə kimdən narazılığınız varsa, bağışlayın ki, göylərdə olan Atanız da təqsirlərinizi bağışlasın». 26[101]

İsanın səlahiyyəti (Mat. 21:23-27; Luka 20:1-8)

27 Onlar yenə Yerusəlimə gəldilər. İsa məbəddə gəzən zaman başçı kahinlər, ilahiyyatçılar və ağsaqqallar Ona yaxınlaşıb 28 dedilər: «Sən bu işləri hansı səlahiyyətlə edirsən? Bu işləri görmək üçün Sənə bu səlahiyyəti kim verib?» 29 İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm; ona cavab versəniz, Mən də bunları hansı səlahiyyətlə etdiyimi sizə deyərəm. 30 Yəhyanın vəftizi göydən idimi, yoxsa insanlardan? Mənə cavab verin». 31 Onlarsa aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək. 32 Amma desək “insanlardan”?» O zaman xalqdan qorxurdular, çünki hamı Yəhyanı həqiqi peyğəmbər sayırdı. 33 Cavabında İsaya dedilər: «Bilmirik». İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm».

Pis bağbanlar məsəli (Mat. 21:33-46; Luka 20:9-19)

1[102] İsa məsəllər söyləyib onlarla danışmağa başladı: «Bir adam üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi. 2 Məhsul vaxtı çatanda bağbanların yanına bir qul göndərdi ki, üzüm bağının məhsulundan bir qədərini onlardan alsın. 3 Lakin bağbanlar qulu tutub döydülər və əliboş geri qaytardılar. 4 Bağ sahibi onların yanına yenə başqa bir qul göndərdi. Onun da başını vurub yardılar və biabır etdilər. 5 Başqasını göndərdi, onu isə öldürdülər. O, çox adam göndərdi, onlardan bəzisini döydülər, bəzisini isə öldürdülər. 6 Yanında ancaq bir nəfər qalmışdı ki, bu da onun sevimli oğlu idi. “Oğluma hörmət edərlər” deyərək axırda onu onların yanına göndərdi. 7 Bağbanlarsa bir-birlərinə dedilər: “Varis budur. Gəlin onu öldürək, onda miras bizə qalacaq”. 8 Beləcə onu tutub öldürdülər və bağdan kənara atdılar. 9 Beləliklə, bağ sahibi nə edəcək? Gəlib bağbanları həlak edəcək və bağı başqalarına verəcək. 10[103] Məgər siz bu Müqəddəs Yazını oxumamısınız?

“Bənnaların rədd etdiyi daş
Guşədaşı olub.
11 Bu, Rəbbin işi idi,
Gözümüzdə xariqəli bir işdir”».

12 Yəhudi rəhbərləri başa düşdülər ki, İsa bu məsəli onlar barədə söylədi. Ona görə də İsanı tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular. Beləcə Onu tərk edib getdilər.

Hər kəsin öz haqqı (Mat. 22:15-22; Luka 20:20-26)

13 Sonra İsanı dediyi sözlərlə tələyə salmaq üçün fariseylərdən və hirodçulardan bəzisini Onun yanına göndərdilər. 14 Onlar gəlib İsaya dedilər: «Müəllim, biz bilirik ki, Sən etibarlı adamsan və heç kimə tərəfkeşlik etmirsən. Çünki insanlar arasında fərq qoymursan və Allahın yolunu həqiqətə görə öyrədirsən. Bizim üçün qeysərə vergi verməyə icazə var ya yox? Biz vergi verək ya yox?» 15 Onların ikiüzlülüyünü bilən İsa dedi: «Məni niyə sınağa çəkirsiniz? Mənə bir dinar gətirin, baxım». 16 Onlar da gətirdilər. İsa soruşdu: «Sikkənin üstündəki bu təsvir və yazı kimindir?» Ona dedilər: «Qeysərin». 17 İsa onlara dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin». Onlar İsanın sözlərinə heyrətləndilər.

Dirilmə haqqında sual (Mat. 22:23-33; Luka 20:27-40)

18[104] Dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular: 19 «Müəllim, Musa bizim üçün belə yazmışdır: “Əgər bir adamın qardaşı ölsə, arvadı dul qalsa, amma övladı olmazsa, o biri qardaş bu dul arvadı alıb ölən qardaşın nəslini davam etdirsin”. 20 Yeddi qardaş var idi. Birincisi bir arvad aldı, amma övladı olmadan öldü. 21 Bu arvadı ikinci qardaş aldı, o da özündən sonra övlad qoymadan öldü, üçüncüsü də, 22 hətta yeddincisinə qədər belə etdi,[105] amma övladı olmadan öldü. Hamısından sonra bu qadın da öldü. 23 Qiyamət günündə,[106] ölülər diriləndə bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi də bu qadını almışdı».

24 İsa onlara belə cavab verdi: «Nə Müqəddəs Yazıları, nə də Allahın qüdrətini bilirsiniz. Yanılmanıza səbəb bu deyilmi? 25 İnsanlar ölülər arasından diriləndə nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar. 26 Bəs ölülərin dirildiyinə gəlincə, Musanın kitabındakı kolla bağlı əhvalatda Allahın necə ona “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” dediyini oxumamısınızmı? 27 Allah ölülərin deyil, dirilərin Allahıdır. Beləliklə, siz çox yanılırsınız».

Əmrlərin ən əsası (Mat. 22:34-40; Luka 10:25-28)

28 İlahiyyatçılardan biri gəlib onların mübahisələrinə qulaq asdı və İsanın onlara yaxşı cavab verdiyini görüb Ondan soruşdu: «Əmrlərin ən əsası hansıdır?» 29[107] İsa cavab verdi: «Əmrlərin ən əsası budur: “Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir. 30 Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və bütün gücünlə sev”.[108] 31[109] İkincisi də budur: “Qonşunu özün kimi sev”. Bunlardan böyük əmr yoxdur». 32[110] İlahiyyatçı Ona dedi: «Müəllim, Sən nə yaxşı dedin, həqiqəti söylədin. Allah yeganədir, Ondan başqası yoxdur. 33 Onu bütün qəlbinlə, bütün ağlınla[111] və bütün gücünlə sevmək, qonşunu da özün kimi sevmək yandırma qurbanlarının və başqa qurbanların hamısından daha vacibdir». 34 Dərrakəli cavab verdiyini görən İsa ona dedi: «Sən Allahın Padşahlığından uzaq deyilsən». Bundan sonra heç kim İsadan bir şey soruşmağa cəsarət etmədi.

Məsih kimin Oğludur? (Mat. 22:41-46; Luka 20:41-44)

35 İsa məbəddə təlim öyrədərək belə sual verdi: «Niyə ilahiyyatçılar Məsih Davudun Oğludur deyirlər? 36[112] Davud özü Müqəddəs Ruh vasitəsilə

“Rəbb mənim Ağama dedi:
‹Mən düşmənlərini ayaqlarının altına salanadək
Sağımda otur›”

deyib. 37 Davud özü Ona “Ağa” deyə müraciət edir. O necə Davudun oğlu ola bilər?» Böyük izdiham sevinclə Ona qulaq asırdı.

İsa ilahiyyatçıları məzəmmət edir (Mat. 23:5-7; Luka 20:45-47)

38 İsa təlim öyrədərək dedi: «İlahiyyatçılardan özünüzü qoruyun. Onlar uzun paltarlarda gəzməyi, bazar meydanlarında salam almağı, 39 sinaqoqlarda baş kürsüləri, ziyafətlərdə yuxarı başı tutmağı xoşlayarlar. 40 Onlar dul qadınların evlərini yeyib-dağıdar və özlərini göstərmək üçün uzun-uzadı dua edərlər. Bu adamların cəzası daha ağır olacaq».

Dul qadının ianəsi (Luka 21:1-4)

41 İsa məbədin ianə qutusunun qarşısında oturub xalqın oraya necə pul atmasına baxırdı. Bir çox varlı adam oraya böyük məbləğdə pul atırdı. 42 Bir kasıb dul qadın da gəlib bir kodrant[113] məbləğində iki lepton[114] pul atdı. 43 İsa şagirdlərini yanına çağırıb onlara dedi: «Sizə doğrusunu deyirəm: bu kasıb dul qadın ianə qutusuna hamıdan çox pul atdı. 44 Çünki onların hamısı varlarının artıqlığından verdi, bu qadın isə kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi».

Axır zamanın əlamətləri (Mat. 24:1-28; Luka 21:5-24)

1 İsa məbəddən çıxarkən şagirdlərindən biri Ona dedi: «Müəllim, bax nə gözəl daşlar, nə gözəl binalardır!» 2 İsa ona dedi: «Bu böyük binaları görürsənmi? Onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq».

3 İsa məbədlə üzbəüz olan Zeytun dağında oturanda Peter, Yaqub, Yəhya və Andrey Ondan ayrılıqda soruşdu: 4 «Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Bunların hamısı başa çatmaq üzrə olanda hansı əlamətlər olacaq?» 5 İsa onlara cavab verməyə başladı: «Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın. 6 Mənim adımla çox adam gəlib “mən Oyam” deyərək çoxlarını aldadacaq. 7 Müharibələr və müharibə xəbərləri eşidəndə təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil. 8 Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer zəlzələlər və aclıq[115] olacaq. Bunlar sanki doğuş ağrılarının başlanğıcıdır.

9[116]Amma siz ehtiyatlı olun. Adamlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarda döyəcəklər. Onlara şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısında duracaqsınız. 10 Əvvəlcə bütün millətlərə Müjdə vəz olunmalıdır. 11[117] Sizi aparıb məhkəməyə çəkəndə nə deyəcəyiniz barədə qabaqcadan qayğı çəkməyin,[118] amma həmin vaxt sizə nə bildirilərsə, onu danışın. Çünki danışan siz yox, Müqəddəs Ruhdur. 12 Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək. 13 Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq.

14[119] Viranəlik[120] gətirən iyrənc şeyin heç olmamalı yerdə qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın – Yəhudeyada olanlar dağlara qaçsın. 15[121] Damda olan evindən nə isə götürmək üçün aşağı enib evinə girməsin. 16 Tarlada olan üst paltarını götürmək üçün geri qayıtmasın. 17 Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! 18 Dua edin ki, bu hadisə qış fəslində baş verməsin. 19[122] Çünki o günlərdə elə bir əzab-əziyyət olacaq ki, Allahın yaratdığı bu kainatın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da. 20 Əgər Rəbb o günləri qısaltmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma Rəbb seçilmişlərə – Öz seçdiyi insanlara görə o günləri qısaldıb.

21[123] O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “bax, oradadır”, inanmayın. 22 Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar. 23 Amma siz ehtiyatlı olun! Bax Mən sizə hər şeyi əvvəlcədən söyləmişəm.

Bəşər Oğlunun zühuru (Mat. 24:29-35; Luka 21:25-33)

24[124]Amma o günlərdə, o əzab-əziyyətdən sonra
Günəş tutulacaq,
Ay nurunu saçmayacaq,
25 Ulduzlar göydən töküləcək,
Səma cisimləri lərzəyə gələcək.

26[125] O zaman onlar Bəşər Oğlunun buludlar içində böyük qüdrət və izzətlə gəldiyini görəcək. 27 Onda Bəşər Oğlu mələklərini göndərəcək və yer üzünün ucundan göyün ucuna qədər dörd külək istiqamətindən Öz seçdiklərini toplayacaq.

28 Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır. 29 Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır. 30 Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək. 31 Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.

Bilinməyən gün və saat (Mat. 25:13-15; Luka 12:39-48)

32[126] Lakin o günü və o saatı nə səmadakı mələklər, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir. 33 Ehtiyatlı olun, oyaq olun.[127] Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək. 34[128] Bu, səyahətə çıxan bir adama bənzəyir. Evindən ayrılarkən qullarına səlahiyyət verir və hərəsinə bir iş tapşırır. Qapı nəzarətçisinə də əmr edir ki, oyaq olsun. 35[129] Ona görə də oyaq olun. Çünki ev sahibinin nə vaxt – axşammı, gecə yarısımı, xoruz banlayandamı yaxud sübh tezdənmi gələcəyini bilmirsiniz. 36 Qoy o qəfil gəlib sizi yatan görməsin. 37 Sizə söylədiklərimi hamıya deyirəm, oyaq olun!»

İsanı öldürmək üçün sui-qəsd hazırlanır (Mat. 26:1-5; Luka 22:1-2; Yəh. 11:45-53)

1[130] Pasxa və Mayasız Çörək bayramına iki gün qalmışdı. Başçı kahinlər və ilahiyyatçılar İsanı hiylə ilə tutub öldürmək üçün bir yol axtarırdılar. 2 Onlar deyirdilər: «Bunu bayramda etməyək, yoxsa xalq arasında qarışıqlıq düşər».

İsa Bet-Anyada (Mat. 26:6-13; Yəh. 12:1-8)

3[131] İsa Bet-Anyada cüzamlı Şimonun evində süfrəyə oturanda bir qadın Onun yanına gəldi və qadının əlində içində çox bahalı xalis nard yağı olan ağ mərmər qab var idi. Qadın qabı sındıraraq yağı İsanın başına tökdü. 4 Bəziləri acıqlanıb bir-birlərinə dedilər: «Bu ətir niyə boş yerə israf olunur? 5 Axı bu ətiri üç yüz dinardan artıq qiymətə satıb pulunu yoxsullara vermək olardı». Onlar qadını danladılar. 6 Lakin İsa dedi: «Qadını rahat buraxın. Niyə onu incidirsiniz? O Mənim üçün gözəl bir iş gördü. 7[132] Yoxsullar həmişə sizin yanınızdadır, istədiyiniz vaxt onlara kömək edə bilərsiniz. Mənsə həmişə yanınızda olmayacağam. 8 Qadın bacardığını etdi. Mənim bədənimə dəfn üçün əvvəlcədən yağ çəkdi. 9 Sizə doğrusunu deyirəm: dünyanın hansı yerində Müjdə vəz edilərsə, bu qadının etdiyi bu iş də danışılacaq ki, o yada salınsın».

Yəhudanın xəyanəti (Mat. 26:14-16; Luka 22:3-6; Yəh. 13:18-30)

10 O zaman On İki şagirddən biri olan Yəhuda İskaryot İsanı başçı kahinlərə təslim etmək niyyəti ilə onların yanına getdi. 11 Başçı kahinlər bunu eşidərkən sevindilər və Yəhudaya pul verəcəklərini vəd etdilər. O da İsanı təslim etmək üçün fürsət axtarmağa başladı.

Axırıncı şam yeməyi (Mat. 26:17-30; Luka 22:7-23; Yəh. 13:21-30; 1Kor. 11:23-25)

12 Pasxa quzusu qurban kəsildiyi Mayasız Çörək bayramının ilk günü şagirdləri İsadan soruşdular: «Sənin Pasxa yeməyin üçün haraya gedib hazırlıq görməyimizi istəyirsən?» 13 İsa da şagirdlərindən ikisini göndərdi və dedi: «Şəhərə girin, orada qarşınıza səhənglə su daşıyan bir nəfər çıxacaq. Onun ardınca gedin. 14 O hansı evə girərsə, oranın sahibinə deyin: “Müəllim deyir: ‹Şagirdlərimlə birgə Pasxa yeməyini yeyəcəyim qonaq otağım haradadır?›” 15 Ev sahibi sizə yuxarı mərtəbədə döşənib hazırlanmış böyük bir otaq göstərəcək. Orada bizim üçün hazırlıq işləri görün». 16 Şagirdlər yola çıxıb şəhərə getdilər. Hər şeyin Onun dediyi kimi olduğunu gördülər və Pasxa yeməyi üçün hazırlıq etdilər.

17 Axşam düşəndə İsa On İki şagirdi ilə birlikdə gəldi. 18[133] Onlar süfrəyə oturub yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri – Mənimlə yemək yeyən biri Mənə xəyanət edəcək». 19 Onlar kədərlənməyə başladılar və bir-bir Ondan soruşdular: «Mən deyiləm ki?» 20 İsa onlara dedi: «Siz On İki nəfərdən biridir. Mənimlə birlikdə çörəyini qaba batıran odur. 21 Bəşər Oğlu Özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bəşər Oğluna xəyanət edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı».

22 Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın! Bu Mənim bədənimdir». 23 Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verdi və hamısı oradan içdi. 24[134] İsa onlara dedi: «Bu, Əhdin[135] bağlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır. 25 Sizə doğrusunu deyirəm: Allahın Padşahlığında təzəsini içəcəyim günə qədər üzüm ağacının məhsulundan əsla içməyəcəyəm».

26 Onlar ilahi oxuyandan sonra çıxdılar və Zeytun dağına tərəf getdilər.

Peterin inkarı əvvəlcədən bildirilir (Mat. 26:31-35; Luka 22:31-34; Yəh. 13:36-38)

27[136] İsa şagirdlərinə dedi: «Hamınız Məni atıb gedəcəksiniz,[137] çünki belə yazılıb:

“Çobanı vuracağam,
Qoyunlar pərən-pərən olacaq”.

28[138] Amma Mən diriləndən sonra sizdən qabaq Qalileyaya gedəcəyəm». 29 Peter Ona dedi: «Hamı Səni atıb getsə də, mən belə etməyəcəyəm». 30 İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün, bu gecə xoruz iki dəfə banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən». 31 Amma Peter daha qətiyyətlə danışdı: «Əgər Səninlə birlikdə ölməyim lazım olsa belə, Səni əsla inkar etməyəcəyəm». Bütün şagirdlər də belə dedilər.

Getsemani bağında (Mat. 26:36-46; Luka 22:39-46)

32 Sonra Getsemani adlanan bir yerə gəldilər. İsa şagirdlərinə dedi: «Mən dua edərkən siz burada oturub-qalın». 33 O, Peteri, Yaqubu və Yəhyanı Özü ilə apardı. Özündə bir həyəcan və narahatlıq hiss etməyə başladı. 34 Onlara belə dedi: «Ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın və oyaq olun».

35 İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi ki, mümkündürsə, bu an Ondan yan keçsin. 36 O belə dedi: «Abba – Ata, Sənin üçün hər şey mümkündür. Bu kasanı[139] Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun». 37 İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri səslədi: «Şimon, yatmısan? Məgər bir saat oyaq qala bilməzdin? 38 Oyaq qalıb dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisimsə gücsüzdür». 39 İsa yenə oradan uzaqlaşdı və eyni sözləri təkrar edərək dua etdi.

40 Qayıdanda gördü ki, onlar yenə yatıb. Çünki onların gözləri yumulurdu. Bilmədilər ki, İsaya nə desinlər. 41 İsa üçüncü dəfə onların yanına qayıdıb dedi: «Hələ də yatıb dincəlirsiniz? Bəsdir! Vaxt yetişdi! Budur, Bəşər Oğlu günahkarların əlinə təslim olunur. 42 Qalxın gedək. Budur, Mənə xəyanət edən gəlir!»

İsa həbs olunur (Mat. 26:47-56; Luka 22:47-53; Yəh. 18:3-12)

43 İsa hələ danışarkən On İki şagirddən biri olan Yəhuda gəlib çıxdı. Onun yanında başçı kahinlərin, ilahiyyatçıların və ağsaqqalların göndərdiyi əli qılınclı və dəyənəkli bir dəstə adam var idi. 44 İsaya xəyanət edən Yəhuda onlara işarə ilə bildirib demişdi: «Kimi öpsəm, İsa Odur. Onu tutub möhkəm nəzarət altında aparın». 45 O anda İsaya yaxınlaşıb «Rabbi!» deyərək Onu öpdü. 46 Yanındakı adamlar əl atıb İsanı tutdular. 47 İsanın yanındakılardan biri qılınc çəkdi və baş kahinin qulunu vurub qulağını qopartdı.

48 İsa onlara dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə Məni tutmağa gəlmisiniz? 49[140] Hər gün məbəddə sizin yan-yörənizdə təlim öyrədirdim, heç Məni tutmadınız. Amma qoy Müqəddəs Yazılar yerinə yetsin». 50 Onda hamı İsanı atıb qaçdı.

51 Çılpaq bədənini kətan örtüklə bürüyən bir gənc İsanın ardınca gedirdi. Əsgərlər onu yaxaladılar. 52 Amma o, kətan örtükdən sıyrılıb çılpaq qaçdı.

İsa Ali Şuranın önündə (Mat. 26:57-68; Luka 22:54-55,63-71; Yəh. 18:13-24)

53 İsanı baş kahinin yanına gətirdilər. Başçı kahinlərin hamısı, ağsaqqallar və ilahiyyatçılar da oraya toplaşdı. 54 Peter uzaqdan baş kahinin həyətinə qədər İsanın ardınca gedirdi. O, mühafizəçilərlə birgə həyətdə, tonqalın ətrafında oturub qızınırdı.

55 Başçı kahinlər və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə şahidlik ifadəsi axtarırdılar, amma tapa bilmirdilər. 56 Çoxları Onun əleyhinə yalançı şahidlik etdi, lakin ifadələri bir-birinə uyğun gəlmirdi. 57[141] Bəziləri qalxıb Onun əleyhinə yalançı şahidlik edərək dedilər: 58 «Biz Onun belə dediyini eşitdik: “Mən əllə qurulan bu məbədi dağıdıb üç gün ərzində əllə qurulmayan başqa bir məbəd tikəcəyəm”». 59 Amma onların da ifadələri bir-birinə uyğun gəlmirdi.

60 Baş kahin toplantı arasından ayağa qalxıb İsadan soruşdu: «Sənin heç cavabın yoxdur? Onlar Sənin əleyhinə bu nə ifadədir verirlər?» 61 Amma İsa susmaqda davam etdi, heç cavab vermədi. Baş kahin yenə Ondan soruşdu: «Xeyir-dua Sahibi Olanın Oğlu Məsih Sənsənmi?» 62[142] İsa ona dedi: «Mənəm! Siz Bəşər Oğlunun Qüdrətli Olanın[143] sağında oturduğunu və göyün buludları ilə gəldiyini görəcəksiniz». 63[144] Onda baş kahin əynindəki paltarını cırıb dedi: «Artıq şahidlərə nə ehtiyacımız var? 64 Siz Onun küfr söylədiyini eşitdiniz! Bəs buna nə deyirsiniz?» Onların hamısı İsa üçün hökm verdi ki, O, ölüm cəzasına layiqdir.

65 Bəziləri Onun üstünə tüpürməyə, Onun gözlərini bağlayaraq yumruq vurmağa başladılar və dedilər: «Peyğəmbərlik elə görək!» Mühafizəçilər də tutub Ona şillə vurdular.

Peter İsanı inkar edir (Mat. 26:69-75; Luka 22:56-62; Yəh. 18:15-18,25-27)

66 Peter aşağıda, həyətdə ikən baş kahinin qarabaşlarından biri gəldi. 67 Qızınmaqda olan Peteri görən kimi onu diqqətlə süzüb dedi: «Sən də Nazaretli İsa ilə birlikdə idin». 68 Amma Peter bunu inkar edərək dedi: «Bilmirəm və başa düşmürəm, sən nə danışırsan». O, bayır qapının önünə çıxdı və bu anda xoruz banladı. 69 Qarabaş Peteri görəndə yenə yanındakılara deməyə başladı: «Bu da onlardandır». 70 Peter yenə inkar etdi. Bir az sonra orada duranlar yenə ona dedilər: «Doğrudan da, sən onlardansan, çünki Qalileyalısan».[145] 71 Peter isə özünü qarğıyıb and içərək dedi: «Dediyiniz o Adamı tanımıram».

72 Həmin anda xoruz ikinci dəfə banladı. Peter İsanın «xoruz iki dəfə banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. Ona görə ağlamağa başladı.

İsa Romalı vali Pilatın önündə (Mat. 27:1-2,11-26; Luka 23:1-25; Yəh. 18:28-19:16)

1 Səhər erkən başçı kahinlər, ağsaqqallar, ilahiyyatçılar və Ali Şuranın hamısı dərhal məşvərət edəndən sonra İsanın əl-qolunu bağlayaraq Pilatın yanına aparıb ona təslim etdilər. 2 Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir». 3 Başçı kahinlər Onu çox şeydə ittiham edirdilər. 4 Pilat Ondan yenə soruşdu: «Heç cavab verməyəcəksənmi? Gör Səni nə qədər ittiham edirlər!» 5 Amma İsa yenə də ona cavab vermədi. Pilat buna heyrətləndi.

6 Hər Pasxa bayramında Pilat xalqın xahişi ilə bir məhbusu azad edərdi. 7 Üsyan zamanı adam öldürən üsyançılarla birlikdə Barabba adlı bir nəfər də həbs olunmuşdu. 8 Xalq Pilatın yanına çıxıb ondan[146] xahiş etməyə başladı ki, həmişəki kimi onların istəyini yerinə yetirsin. 9 Pilat onlara cavab verərək dedi: «İstəyirsiniz, sizin üçün Yəhudilərin Padşahını azad edim?» 10 Çünki başçı kahinlərin İsanı paxıllıqdan təslim etdiyini bilirdi. 11 Ancaq başçı kahinlər xalqı qızışdırdılar ki, İsanın yox, Barabbanın azad olmasını xahiş etsinlər.

12 Pilat yenə onlardan soruşaraq dedi: «Bəs nə istəyirsiniz? Yəhudilərin Padşahı dediyiniz bu Adama nə edim?» 13 «Onu çarmıxa çək!» deyə yenə bağırdılar. 14 Pilat «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Onu çarmıxa çək!» deyə daha ucadan bağırdılar. 15 Xalqı razı salmaq istəyən Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi.

Əsgərlər İsanı təhqir edir (Mat. 27:27-31; Yəh. 19:2-3)

16 Əsgərlər İsanı həyətdən içəriyə, yəni vali sarayına apardılar. Bütün alayı topladılar. 17 Ona tünd qırmızı bir xalat geyindirdilər və tikanlardan bir tac hörüb başına qoydular. 18 «Yəhudilərin Padşahı sağ olsun!» deyərək İsanı salamlamağa başladılar. 19 Sonra qamışla Onun başına vurub Ona tüpürdülər və önündə diz çökərək səcdə qıldılar. 20 Onu ələ salandan sonra tünd qırmızı xalatı əynindən çıxarıb Öz paltarlarını geyindirdilər. Sonra Onu çarmıxa çəkmək üçün bayıra apardılar.

İsa çarmıxa çəkilir (Mat. 27:32-44; Luka 23:26-43; Yəh. 19:17-25)

21[147] O vaxt Şimon adlı Kirenalı bir nəfər kənd yerindən gəlib oradan keçirdi. O, İsgəndər və Rufusun atasıdır. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər.

22 İsanı Qolqota adlanan yerə gətirdilər. «Qolqota» «Kəllə yeri» deməkdir. 23 Ona mirra[148] ilə qarışıq şərab vermək istədilər, amma O imtina etdi. 24[149] İsanı çarmıxa çəkdilər. Paltarlarını isə «kimə nə düşdü-düşdü» deyə püşk ataraq aralarında bölüşdürdülər. 25 Üçüncü saat[150] idi ki, İsanı çarmıxa çəkdilər. 26 Onun üzərində ittihamını göstərən belə yazı var idi: «Yəhudilərin Padşahı». 27 Onunla birlikdə biri sağında, biri də solunda iki qulduru da çarmıxa çəkdilər. 28[151]

29[152] Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq «Nə oldu, ey məbədi dağıdıb üç gündə tikən! 30 İndi Özünü xilas et və çarmıxdan düş!» deyirdilər. 31 Başçı kahinlər də ilahiyyatçılarla birgə eyni şəkildə İsanı ələ salaraq bir-birlərinə deyirdilər: «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! 32 İsrailin Padşahı Məsih qoy indi çarmıxdan düşsün ki, biz də görüb iman edək». İsa ilə birlikdə çarmıxa çəkilənlər də Onu təhqir edirdilər.

İsanın ölümü (Mat. 27:45-56; Luka 23:44-49; Yəh. 19:25-30)

33 Altıncı saatdan[153] doqquzuncu saata qədər[154] bütün yer üzünə qaranlıq çökdü. 34[155] Doqquzuncu saatda İsa uca səslə nida edərək dedi:

«Elohi, Elohi, lema şavaqtani?»

Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir. 35 Orada dayananların bəzisi bunu eşidərkən dedi: «Baxın, İlyası çağırır». 36[156] Bir nəfər qaçıb bir süngəri şərab sirkəsi ilə doldurdu və bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin və dedi: «Onu rahat buraxın, görək İlyas gəlib Onu çarmıxdan düşürəcəkmi?» 37 İsa uca səslə qışqırıb son nəfəsini verdi.

38[157] O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. 39 İsanın qarşısında duran yüzbaşı Onun son nəfəsini[158] belə verdiyini gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» dedi.

40[159] Olub-keçənlərə uzaqdan baxan qadınlar da var idi. Məcdəlli Məryəm, kiçik Yaqubun və Yusifin anası Məryəmlə Şalomit də onların arasında idi. 41 İsa hələ Qalileyada olanda bu qadınlar Onun ardınca getmiş və Ona xidmət etmişdilər. Onunla birgə Yerusəlimə gələn xeyli qadın da orada idi.

İsanın dəfni (Mat. 27:57-61; Luka 23:50-56; Yəh. 19:38-42)

42 O gün Hazırlıq günü, yəni Şənbədən əvvəlki gün idi. Artıq axşam düşəndə 43 Ali Şuranın hörmətli üzvlərindən biri olan, Allahın Padşahlığını gözləyən Arimateyalı Yusif gəldi. O cəsarət edib Pilatın yanına getdi və İsanın cəsədini istədi. 44 Pilat İsanın belə tez ölməsinə heyrət etdi və yüzbaşını yanına çağırıb soruşdu: «O çoxdanmı ölüb?» 45 Yüzbaşıdan vəziyyəti öyrənəndən sonra cəsədi Yusifə verdi. 46 Yusif kəfən aldı, cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış qəbirə qoydu. O, qəbirin ağzına bir daş yuvarladı. 47 Məcdəlli Məryəm və Yusifin anası Məryəm baxıb cəsədin hara qoyulduğunu gördülər.

İsanın dirilməsi (Mat. 28:1-8; Luka 24:1-9; Yəh. 20:1-10)

1 Şənbə günü keçəndən sonra Məcdəlli Məryəm, Yaqubun anası Məryəm və Şalomit ətirlər aldılar ki, gedib İsanın cəsədinə çəksinlər. 2 Həftənin ilk günü[160] səhər tezdən, günəş doğanda onlar qəbirin yanına gəldilər. 3 Onlar bir-birlərinə deyirdilər: «Görəsən qəbirin ağzındakı daşı bizim üçün kim kənara yuvarlayacaq?» 4 Başlarını qaldırıb baxanda gördülər ki, daş kənara yuvarlanıb. Bu daş nəhəng idi. 5 Qəbirə girib sağ tərəfdə ağ xalat geyinmiş bir gəncin oturduğunu gördülər və heyrətə gəldilər. 6 Bu şəxs onlara dedi: «Siz heyrətlənməyin! Çarmıxa çəkilmiş Nazaretli İsanı axtarırsınız. O dirilmişdir! Burada yoxdur. Bax bu Onu qoyduqları yerdir. 7[161] İndi isə gedin, Onun şagirdlərinə və Peterə belə söyləyin: “İsa Qalileyaya sizdən qabaq gedir. Sizə dediyi kimi Onu orada görəcəksiniz”». 8 Qadınlar qəbirdən çıxıb qaçdılar. Onları bir lərzə bürümüşdü, mat qalmışdılar. Qorxularından heç kimə bir söz demirdilər.

İsa şagirdlərə görünür (Mat. 28:9-10; Luka 24:13-35; Yəh. 20:11-18)

9 İsa həftənin birinci günü səhər tezdən, diriləndən sonra əvvəlcə yeddi cin qovduğu Məcdəlli Məryəmə göründü. 10 Məryəm gedib İsanın yanında olub, indi isə yas tutaraq ağlayanlara xəbər verdi. 11 Amma onlar İsanın diri olduğunu və Məryəmə göründüyünü eşidərkən inanmadılar. 12 Bundan sonra İsa kənd yerinə gedən yoldan keçən onlardan ikisinə başqa surətdə göründü. 13 Onlar geri qayıdıb o birilərinə xəbər verdilər, amma o biriləri də bunlara inanmadılar.

İsa şagirdlərinə tapşırıq verir (Mat. 28:16-20; Luka 24:36-49; Yəh. 20:19-23; Həv. 1:6-8)

14 Nəhayət, İsa süfrəyə oturan On Bir şagirdə göründü; onları imansızlıqlarına və ürəklərinin inadkar olduğuna görə məzəmmət etdi, çünki Onun diri olduğunu görənlərə inanmamışdılar. 15 İsa şagirdlərinə dedi: «Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa Müjdəni vəz edin. 16 İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq. 17 İman edənləri isə bu əlamətlər müşayiət edəcək: Mənim adımla cinləri qovacaqlar, yeni dillərdə danışacaqlar, 18 ilanları əlləri ilə götürəcəklər, öldürücü zəhər içsələr belə, onlara təsir etməyəcək, əllərini xəstələrin üzərinə qoyacaq və onlar şəfa tapacaq».

İsanın göyə qaldırılması (Luka 24:50-53; Həv. 1:9-11)

19 Beləcə Rəbb İsa onlarla danışandan sonra göyə qaldırıldı və Allahın sağında oturdu. 20 Şagirdlərsə gedib hər yerdə Müjdəni vəz etdilər. Rəbb onlarla birgə işləyirdi, onları müşayiət edən əlamətlərlə kəlamı təsdiqləyirdi.[162]

Qeydlər

[redaktə]
  1. Mal. 3:1
  2. Yeş. 40:3
  3. 2Pad. 1:8
  4. Zəb. 2:7; Yeş. 42:1; Mat. 3:17; 12:18; Mark 9:7; Luka 3:21-22
  5. Allahın Müjdəsini – bəzi əlyazmalarda Allahın Padşahlığının Müjdəsini.
  6. Mat. 3:1-2
  7. Mat. 7:28-29
  8. Mat. 4:23; 9:35
  9. Lev. 14:1-32
  10. Fariseylərdən olan ilahiyyatçılar – bəzi əlyazmalarda İlahiyyatçılar və fariseylər.
  11. Yemək yeyir – bəzi əlyazmalarda yeyib-içir.
  12. Çağırmaq – bəzi əlyazmalarda tövbəyə çağırmaq.
  13. Qanun. 23:25
  14. Lev. 24:9; 1Şam. 21:1-6
  15. Mark 4:1; Luka 5:1-3
  16. Həvari adlandıraraq – bəzi əlyazmalarda bu sözlər yoxdur.
  17. Cinləri qovmaq – bəzi əlyazmalarda xəstəliklərə şəfa vermək və cinləri qovmaq.
  18. Kənançı – Romalılara qarşı müqəddəs müharibəyə hazırlaşan yəhudi millətçi təşkilatının üzvünə verilən ad.
  19. İsa evə getdi – bəzi əlyazmalarda onlar evə getdilər.
  20. Mat. 9:34; 10:25
  21. Luka 12:10
  22. Günahı – bəzi əlyazmalarda məhkumiyyəti.
  23. Bacı-qardaşların – bəzi əlyazmalarda qardaşların.
  24. Luka 5:1-3
  25. Yeş. 6:9-10; Yəh. 12:39-40; Həv. 28:26-27
  26. Mat. 5:15; Luka 11:33
  27. Mat. 10:26; Luka 12:2
  28. Mat. 7:2; Luka 6:38
  29. Mat. 13:12; 25:29; Luka 19:26
  30. Yoel 3:13; Yəh. 4:44
  31. Gerasalıların – bəzi əlyazmalarda Qadaralıların (Mat. 8:28).
  32. Bu sözə məhəl qoymayaraq – bəzi əlyazmalarda bu sözü eşidib.
  33. Mat. 13:57; Luka 4:24; Yəh. 4:44
  34. Luka 10:4-11
  35. Həv. 13:51
  36. Tozunu çırpın – bəzi əlyazmalarda tozunu çırpın. Sizə doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorranın halı o şəhərin halından daha asan olacaq (Mat. 10:15).
  37. Yaq. 5:14
  38. Mat. 16:14; Mark 8:28; Luka 9:19
  39. Luka 3:19-20
  40. Çaşqınlığa düşdü – bəzi əlyazmalarda çox məşğul idi.
  41. Hirodiyanın qızı – bəzi əlyazmalarda Hirodun qızı Hirodiya.
  42. Çatdılar – bəzi əlyazmalarda çatdılar və İsanın başına yığıldılar.
  43. Say. 27:17; 1Pad. 22:17; 2Saln. 18:16; Yez. 34:5; Zək. 10:2; Mat. 9:36
  44. Özlərinə bir şey alıb yesinlər – bəzi əlyazmalarda özlərinə çörək alsın, çünki yeməyə bir şeyləri yoxdur.
  45. Gecənin dördüncü növbəsi – hazırkı vaxtla səhər saat üç ilə altı arası.
  46. Yeyirlər – bəzi əlyazmalarda yeyirlər. Onlara irad tutdular.
  47. Dolçaları, mis qazanları və yataqları – bəzi əlyazmalarda dolçaları və mis qazanları.
  48. Yeş. 29:13
  49. Tutursunuz – bəzi əlyazmalarda tutursunuz. Dolçaları və kasaları yuyub paklayır və buna bənzər çox işlər görürsünüz.
  50. Bərqərar etmək – bəzi əlyazmalarda saxlamaq.
  51. Çıx. 20:12; 21:17; Lev. 20:9; Qanun. 5:16
  52. Çıxanlardır – bəzi əlyazmalarda çıxanlardır. 16 Eşitməyə qulağı olan eşitsin!
  53. Sur bölgəsinə – bəzi əlyazmalarda Sur və Sidon bölgələrinə (Mat. 15:21).
  54. Ya Rəbb, axı – bəzi əlyazmalarda Haqlısan, ya Rəbb! Amma (Mat. 15:27).
  55. Luka 11:16
  56. Luka 11:29
  57. Luka 12:1
  58. Yeş. 6:9-10; Yer. 5:21; Yez. 12:2; Mark 4:12
  59. Girmə – bəzi əlyazmalarda girmə və orada heç kimə bir söz demə.
  60. Mark 6:14-15; Luka 9:7-8
  61. Yəh. 6:68-69
  62. Mat. 10:38; Luka 14:27
  63. Mat. 10:39; Luka 17:33; Yəh. 12:25
  64. 2Pet. 1:17-18
  65. Mat. 3:17; Mark 1:11; Luka 3:21-22
  66. Mal. 4:5; Mat. 11:14
  67. “Bacarırsansa” nə sözdür? – bəzi əlyazmalarda İman edə bilirsənsə.
  68. Dedi: «İman edirəm – bəzi əlyazmalarda göz yaşları içində dedi: «Ya Rəbb, iman edirəm.
  69. Dua ilə – bəzi əlyazmalarda dua və orucla.
  70. Luka 22:24
  71. Mat. 20:26-27; 23:11; Mark 10:43-44; Luka 22:25-26
  72. Mat. 10:40; Luka 10:16; Yəh. 13:20
  73. Sənin adınla – bəzi əlyazmalarda ardımızca gəlmədən Sənin adınla.
  74. Mat. 12:30; Luka 11:23
  75. Mat. 10:42
  76. Mat. 5:30
  77. Yaxşıdır – bəzi əlyazmalarda yaxşıdır. 44 Oradakıları gəmirən qurd ölmür və oranın yanar odu sönmür (Mark 9:48).
  78. Cəhənnəmə atılmağından yaxşıdır – bəzi əlyazmalarda cəhənnəmə, sönməz oda atılmağından yaxşıdır. 46 Oradakıları gəmirən qurd ölmür və oranın yanar odu sönmür (Mark 9:43,48).
  79. Mat. 5:29
  80. Yeş. 66:24
  81. Lev. 2:13
  82. Duzlanacaq – bəzi əlyazmalarda duzlanacaq. Hər qurban da duzlanacaq.
  83. Mat. 5:13; Luka 14:34-35
  84. Qanun. 24:1-4; Mat. 5:31
  85. Yar. 1:27; 5:2
  86. Mat. 5:32; Luka 16:18; 1Kor. 7:10-11
  87. Mat. 18:2-3
  88. Çıx. 20:12-16; Qanun. 5:16-20
  89. Qayıt – bəzi əlyazmalarda qayıt, çarmıxını götür (Mark 8:34).
  90. Allahın Padşahlığına daxil olmaq – bəzi əlyazmalarda var-dövlətinə bel bağlayanlar üçün Allahın Padşahlığına daxil olmaq.
  91. Mat. 20:16; Luka 13:30
  92. Luka 12:50
  93. Mat. 23:11; Mark 9:35; Luka 22:25-26
  94. Rabbuni – arami dilində Müəllimim.
  95. Zəb. 118:25-26
  96. Hosanna – ibrani dilində xilas et. Nida kimi işlənir.
  97. Yeş. 56:7; Yer. 7:11
  98. Mat. 17:20-21; 1Kor. 13:2
  99. Artıq almısınız – bəzi əlyazmalarda alırsınız.
  100. Mat. 6:14-15; 18:35
  101. Bağışlasın – bəzi əlyazmalarda bağışlasın. 26 Əgər siz bağışlamasanız, göylərdə olan Atanız da sizin təqsirlərinizi bağışlamaz (Mat. 6:15).
  102. Yeş. 5:1-7
  103. Zəb. 118:22-23
  104. Qanun. 25:5; Həv. 23:8
  105. Belə etdi – bəzi əlyazmalarda bu arvadla evləndi.
  106. Qiyamət günündə – hərfi tərcümədə Dirilmədə.
  107. Qanun. 6:4-5
  108. Sev – bəzi əlyazmalarda sev”. Bu, əsas əmrdir.
  109. Lev. 19:18
  110. Qanun. 4:35
  111. Bütün ağlınla – bəzi əlyazmalarda bütün ağlınla, bütün varlığınla.
  112. Zəb. 110:1
  113. Kodrant – pul vahidi.
  114. Lepton – ən kiçik pul vahidi.
  115. Zəlzələlər və aclıq – bəzi əlyazmalarda zəlzələlər, aclıq və qarmaqarışıqlıqlar.
  116. Mat. 10:17-22; Luka 12:11-12
  117. Luka 12:11-12
  118. Qayğı çəkməyin – bəzi əlyazmalarda qayğı çəkməyin, götür-qoy etməyin.
  119. Dan. 9:27; 11:31; 12:11
  120. Viranəlik – bəzi əlyazmalarda Daniel peyğəmbərin bəhs etdiyi viranəlik (Mat. 24:15).
  121. Luka 17:31
  122. Dan. 12:1; Vəhy 7:14
  123. Luka 17:21,23
  124. Yeş. 13:10; 34:4; Yez. 32:7; Yoel 2:10,31; 3:15; Vəhy 6:12-13
  125. Dan. 7:13; Vəhy 1:7
  126. Mat. 24:36
  127. Oyaq olun – bəzi əlyazmalarda oyaq olun, dua edin.
  128. Luka 12:36-38
  129. Mat. 24:42
  130. Çıx. 12:1-27
  131. Luka 7:37-38
  132. Qanun. 15:11
  133. Zəb. 41:9
  134. Çıx. 24:8; Yer. 31:31-34
  135. Əhdin – bəzi əlyazmalarda Yeni Əhdin (Luka 22:20).
  136. Zək. 13:7
  137. Məni atıb gedəcəksiniz – hərfi tərcümədə Məndə büdrəyəcəksiniz.
  138. Mat. 28:16
  139. Kasa – İsanın çarmıxdakı ölümünün rəmzi.
  140. Luka 19:47-48; 21:37
  141. Yəh. 2:19
  142. Dan. 7:13
  143. Qüdrətli Olan – yəni Allah.
  144. Lev. 24:16
  145. Qalileyalısan – bəzi əlyazmalarda Qalileyalısan, nitqin də eynidir.
  146. Pilatın yanına çıxıb ondan – bəzi əlyazmalarda bağırıb Pilatdan.
  147. Rom. 16:13
  148. Mirra – yəni ağrı kəsən dərman.
  149. Zəb. 22:18
  150. Üçüncü saat – hazırkı vaxtla səhər saat doqquz.
  151. Çarmıxa çəkdilər – bəzi əlyazmalarda çarmıxa çəkdilər. 28 Müqəddəs Yazılarda yazılan yerinə yetdi: «Üsyankarlara tay tutuldu» (Luka 22:37).
  152. Zəb. 22:7; 109:25; Mark 14:57-58; Yəh. 2:19
  153. Altıncı saat – hazırkı vaxtla günorta saat on iki.
  154. Doqquzuncu saat – hazırkı vaxtla günortadan sonra saat üç.
  155. Zəb. 22:1
  156. Zəb. 69:21
  157. Çıx. 26:31-33
  158. Son nəfəsini – bəzi əlyazmalarda nida edib son nəfəsini.
  159. Luka 8:2-3
  160. Həftənin ilk günü – yəni bazar günü.
  161. Mat. 26:32; Mark 14:28
  162. Ən qədim yunan əlyazmalarında bu ayələr yoxdur.

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy