Məzmuna keç

Bibliya/Peterin Birinci Məktubu

Vikimənbə saytından
Yaqubun Məktubu Bibliya. Peterin Birinci Məktubu

Peterin İkinci Məktubu


1 2 3 4 5 Qeydlər

«Peterin Birinci Məktubu» Asiya vilayətinin şimal bölgəsinə yayılmış «Ruh tərəfindən təqdis olunan» (1:2) məsihçilərə ünvanlanıb. Məktubun yazılmasının məqsədi imana görə təqiblərə və iztirablara məruz qalan məsihçiləri ruhlandırmaqdır. Peter oxucularına İsa Məsihin Müjdəsini, Onun ölümünü, dirilməsini və vəd olunmuş zühurunu xatırladaraq onlara ümid verir. İmanlılar bunu anlayaraq iztirablara qatlanmalıdırlar. Onlar əmin olmalıdırlar ki, həqiqi imana malik olmaları üçün bu sınaqdan keçməlidirlər. Peter onları inandırır ki, «imanınızın sınaqdan keçməsi İsa Məsihin zühurunda sizə tərif, izzət və şərəf» gətirəcək (1:7).

Həvari Peter bu çətin dövrdə bacı-qardaşlarını ruhlandıraraq onları Məsihə məxsus olan adamlar kimi həyat tərzi keçirməyə çağırır.

Kitabın məzmunu:

  • 1:1-12 Göylərdəki irs
  • 1:13-2:10 Müqəddəs həyata çağırış
  • 2:11-25 Məsihçilərin qarşısında duran işlər
  • 3:1-7 Ər-arvad münasibətləri
  • 3:8-22 Məsihçilərin iztirab zamanı davranış tərzi
  • 4:1-19 Məsihçi həyat tərzi
  • 5:1-14 Ağsaqqallara öyüd-nəsihət və xudahafizləşmə

1 İsa Məsihin həvarisi mən Peterdən seçilmiş, Pont, Qalatiya, Kappadokiya, Asiya vilayəti və Bitinyaya yayılmış qəriblərə salam! 2 Ata Allahın qabaqcadan bilməsinə görə siz Ruh tərəfindən təqdis olunaraq İsa Məsihə itaət etməniz və Onun qanının üzərinizə səpilməsi üçün seçilmisiniz. Qoy lütf və sülh sizə bol-bol verilsin!

Göylərdəki irs

3 Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O Öz böyük mərhəmətinə görə yenidən doğulmamızı təmin etdi. İsa Məsihin ölülər arasından dirilməsi ilə bizi canlı ümidə, 4 çürüməz, ləkəsiz, solmaz bir irsə qovuşdurdu. Bu irs sizin üçün göylərdə saxlanılır. 5 Siz Allahın qüdrəti ilə axır zamanda aşkar olunmağa hazır olan xilas üçün iman vasitəsilə qorunursunuz. 6 Buna görə hal-hazırda qısa bir müddət cürbəcür sınaqlarda kədərə düşməyə məcbur olsanız da, hədsiz sevinirsiniz; 7 belə ki imanınızın sınaqdan keçməsi İsa Məsihin zühurunda sizə tərif, izzət və şərəf gətirsin. Bu imanınız odla təmizlənsə belə, fani qızıldan daha çox dəyərlidir. 8 Siz İsa Məsihi görməmisiniz, amma Onu sevirsiniz. Hətta siz Onu indi də görmürsünüz, lakin Ona iman edib təsvirolunmaz və izzətli sevinclə hədsiz sevinirsiniz. 9 Çünki imanınızın nəticəsində canınızın xilasına nail olursunuz. 10 Sizə göstəriləcək lütf barəsində əvvəlcədən xəbər verən peyğəmbərlər bu xilasa dair araşdırma və tədqiqatlar aparardı. 11 Onların daxilində olan Məsihin Ruhu Məsihin əzabları və onlardan sonrakı izzəti barədə əvvəlcədən şəhadət edirdi. Bunların necə və nə vaxt gələcəyi barədə Ruhun nə göstərdiyini araşdırdılar. 12 Bu şeyləri elan edərək özlərinə deyil, sizə xidmət etdikləri onlara açıqca göstərildi. Müjdəni göydən göndərilmiş Müqəddəs Ruh vasitəsilə sizə yayanlar indi həmin xəbəri sizə bildirdilər. Mələklər də bu şeyləri yaxından tanımaq arzusundadırlar.

Müqəddəs həyata çağırış

13 Buna görə ağlınızı toplayıb ayıq durun. Ümidinizi bütünlüklə İsa Məsihin zühurunda sizə veriləcək lütfə bağlayın. 14 İtaətkar uşaqlar kimi cahil ikən qapıldığınız əvvəlki ehtiraslara uymayın. 15 Amma sizi çağıran Allah müqəddəs olduğuna uyğun olaraq siz də bütün həyat tərzinizdə müqəddəs olun, 16[1] necə ki yazılıb: «Müqəddəs olun, çünki Mən müqəddəsəm».

17 Tərəfkeşlik etmədən öz əməlinə görə hər kəsi mühakimə edən Allahı «Ata» deyə çağırdığınız üçün bu qürbət dünyadakı vaxtınızı Allah qorxusunda keçirin. 18 Bildiyiniz kimi, siz ata-babalarınızdan irs olaraq aldığınız puç həyat tərzindən qızıl ya gümüş kimi fani şeylərlə deyil, 19 qüsursuz və ləkəsiz quzuya bənzəyən Məsihin qiymətli qanı bahasına satın alınmısınız. 20 Dünya yaranmazdan əvvəl tanınmış Məsih bu axır zamanda sizə görə zühur etdi. 21 Məsih vasitəsilə siz Onu ölülər arasından dirildib izzətləndirən Allaha iman edirsiniz. Beləliklə, imanınız və ümidiniz Allaha bağlıdır.

22 Həqiqətə[2] itaət edərək ürəklərinizi saflaşdırıb riyasız qardaşlıq məhəbbətinə sahib oldunuz. Buna görə bir-birinizi var gücünüzlə səmimi qəlbdən sevin. 23 Çünki siz çürüyən toxumdan deyil, çürüməzdən, Allahın canlı, davamlı olan kəlamı vasitəsilə yenidən doğulmusunuz. 24[3] Ona görə ki

«Bütün bəşər ota bənzər,
Onun bütün gözəlliyi çöl çiçəyi kimidir.
Ot quruyar, çiçək tökülər,
25 Amma Rəbbin sözü əbədi qalar».
Sizə vəz olunan Müjdə sözü budur.

1 Beləliklə, hər cür pisliyi, hiyləni, ikiüzlülüyü, paxıllığı və hər cür böhtançılığı üzərinizdən atın. 2 Anadan təzə olmuş çağalar kimi pak ruhani südə susayın ki, bununla bəslənib böyüyərək xilasa nail olasınız. 3[4] Çünki siz daddınız ki, Rəbb nə qədər xeyirxahdır. Diri daş və seçilmiş xalq

4 İnsanların rədd etdiyi, amma Allahın qiymətli sayıb-seçdiyi diri Daşa, Rəbbə yaxınlaşaraq 5 özünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz. 6[5] Çünki Müqəddəs Yazıda yazılıb:

«Budur, Sionda bir daş,
Seçilmiş, qiymətli bir guşədaşı qoyuram.
Ona iman edən kəs əsla utandırılmaz».

7[6] Beləliklə, iman edən sizlər üçün bu daş qiymətlidir, amma iman etməyənlər üçün «bənnaların rədd etdiyi daş guşədaşı olub», 8[7] «büdrəmə daşı və yıxma qayası» da oldu. Onlar kəlama itaət etmədikləri üçün büdrəyir və onların təyinatı budur.

9[8] Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz. 10[9] Bir zamanlar xalq deyildiniz, amma indi Allahın xalqısınız. Bir zamanlar mərhəmət tapmamışdınız, indi isə mərhəmət almısınız.

11 Sevimlilər, sizə yalvarıram, cana qarşı mübarizə aparan cismani ehtiraslardan uzaqlaşın. Çünki siz bu dünyada qərib və gəlməsiniz. 12 İmanlı olmayanların arasında yaxşı həyat tərzi sürün ki, sizi pislik edən adamlar kimi təqsirləndirib böhtan atsalar da, yaxşı işlərinizi müşahidə edib Allahın onlara yaxınlaşdığı gündə Onu izzətləndirsinlər.

Rəhbərlərə tabe olun

13[10] İnsanın yaratdığı hər quruma Rəbb naminə tabe olun; həm ali hakimiyyət olduğuna görə padşaha, 14 həm də pislik edənləri cəzalandırmaq, yaxşılıq edənləri də tərifləmək üçün onun tərəfindən göndərilən valilərə tabe olun. 15 Çünki Allahın iradəsi yaxşılıq edərək axmaqların cahilliyini susdurmanızdır. 16 Azad insanlar kimi yaşayın. Amma azadlığınızı pislik etmək üçün bəhanə saymayıb Allahın qulları olaraq yaşayın. 17 Hamıya hörmət edin. İmanlı bacı-qardaşları sevin, Allahdan qorxun, padşaha hörmət edin.

18 Ey xidmətçilər! Yalnız xeyirxah və mülayimlərə deyil, zalım ağalarınıza da tam ehtiramla tabe olun. 19 Əgər biri Allah qarşısındakı vicdan naminə, haqsız yerə əzab çəkib kədərə tab gətirirsə, bu, tərifə layiqdir. 20 Axı etdiyiniz günahlara görə döyülsəniz və buna dözsəniz, bu sizə nə şərəf gətirər? Amma siz yaxşılıq etdiyiniz üçün əzab çəkib dözsəniz, bu Allah qarşısında tərifə layiqdir. 21 Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz.

22[11] O heç bir günah etmədi,
Ağzından hiylə sözü çıxmadı.
23[12] Onu söydülər, O isə cavabında söymürdü,
Əzab çəkərək heç kimi hədələmirdi,
Əksinə, ədalətli Hakimə Özünü təslim etdi.

24[13] O, bədəni çarmıxa çəkilərək[14] bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız. 25[15] Hamınız qoyun kimi yolunuzu azmışdınız, indi isə canınızın Çobanına və Nəzarətçisinə tərəf döndünüz.

Ər-arvad münasibətləri

1-2[16] Ey arvadlar, siz də eyni tərzdə öz ərlərinizə tabe olun. Əgər onlardan bəzisi Allahın kəlamına itaət etməzsə, siz arvadların ismətli, ehtiramlı həyat tərzinizi müşahidə etsinlər; beləcə onları dinməz-söyləməz qazana bilərsiniz. 3[17] Qoy sizin bəzəyiniz saçlarınızı hörüb qızıl bər-bəzək taxmaq və gözəl geyimlər geyməklə zahiri şeylər deyil, 4 gizli olan daxili varlığınız, həlim və sakit ruhun solmayan gözəlliyindən ibarət olsun. Bu, Allahın qarşısında çox dəyərlidir. 5 Çünki qədim zamanlarda Allaha ümid bağlayan müqəddəs qadınlar öz ərlərinə tabe olaraq belə bəzənərdilər. 6[18] Məsələn, Sara İbrahimi «ağam» deyə çağıraraq ona itaət edirdi. Siz də yaxşılıq edib heç bir qorxuya qapılmasanız, Saranın övladları olursunuz.

7[19] Ey ərlər, siz də bunun kimi arvadlarınızla ədəblə, onların daha zərif varlıqlar olduğuna uyğun davranın. Sizinlə birlikdə Allahın lütf etdiyi həyatı irs olaraq aldıqlarına görə onlara hörmət göstərin ki, dualarınıza maneçilik törədilməsin.

Salehlik uğrunda əziyyət çəkmək

8 Nəhayət, hamınız həmfikir olun. Başqalarının hər bir hissinə şərik olun, bir-birinizi qardaşlıq məhəbbəti ilə sevin, rəhmli və itaətkar olun. 9 Pisliyə pisliklə, söyüşə də söyüşlə cavab verməyin, əksinə xeyir-dua edin. Çünki bunun üçün çağırılmısınız ki, xeyir-duaları irs olaraq alasınız. 10[20] Çünki:

«Kim həyatdan kam almaq,
Xoş gün görmək istəyirsə,
Qoy dilini şərdən,
Ağzını hiylə danışmaqdan qorusun,
11 Qoy şərdən çəkinib yaxşılıq etsin,
Qoy sülhü axtarıb ardınca getsin!
12 Çünki Rəbbin gözü salehlərin üzərindədir,
Qulaqları onların fəryadlarına açıqdır.
Amma Rəbbin üzü şər işlər görənlərə qarşıdır».

13 Əgər yaxşılıq etməyə səy göstərsəniz, sizə kim pislik edər? 14[21] Amma salehlik uğrunda əzab çəksəniz belə, siz bəxtiyarsınız. İnsanların hədə-qorxu gəlməsindən qorxmayın və lərzəyə düşməyin. 15 Lakin Məsihi[22] Rəbb kimi ürəyinizdə müqəddəs tutun. Daxilinizdə olan ümid barəsində sizdən hesabat istəyən hər kəsə cavab vermək üçün hazır olun. 16 Vicdanınızı təmiz tutaraq bunu həlimliklə və ehtiramla edin ki, Məsihdə olan yaxşı davranışınızı təhqir edənlər sizə atdıqları[23] böhtandan utansınlar. 17 Əgər Allahın iradəsi budursa, yaxşılıq etdiyi üçün əzab çəkmək pislik etdiyi üçün əzab çəkməkdən yaxşıdır. 18 Çünki saleh olan Məsih də saleh olmayanlar uğrunda, onların günahları üçün bir dəfə əzab çəkdi[24] ki, sizi Allahın hüzuruna gətirsin. O cismən edam edilmiş, amma ruhən həyata qovuşmuşdur. 19 O ruhən gedib zindandakı ruhlara da vəz etdi. 20[25] Bunlar bir vaxtlar, Allah Nuhun gəmi düzəltdiyi dövrdə səbirlə gözlədiyi vaxt itaətsiz idi. O gəmidə isə az adam, başqa sözlə, səkkiz nəfər sudan sağ-salamat çıxdı. 21 Bu nümunəyə uyğun olaraq vəftiz indi sizə İsa Məsihin dirilməsi ilə xilas gətirir. Vəftiz cismani çirki yumaqdan ötrü deyil, təmiz vicdanla Allah qarşısında söz vermək üçündür. 22 İsa Məsih göyə qalxıb və Allahın sağındadır. Mələklər, hakimlər və qüvvələr də Ona tabedir.

Allahın iradəsinə görə yaşamaq

1 Beləliklə, Məsih cismən[26] əzab çəkdiyinə görə siz də eyni düşüncələrlə silahlanın. Çünki cismən əzab çəkən günahdan vaz keçmişdir. 2 Nəticədə cisimdə qalan vaxtını isə artıq bəşəri ehtiraslara görə deyil, Allahın iradəsinə görə yaşayır. 3 Siz keçmiş vaxtlarda imanlı olmayanların istəklərini yerinə yetirib həyatınızı əxlaqsızlıqla, ehtirasla, əyyaşlıqla, eyş-işrətlə, içib azğınlıq etməklə, iyrənc bütpərəstliklə keçirdiyiniz yetər! 4 İmanlı olmayanlar onlarla birlikdə eyni cür pozğunluğa uymadığınıza görə təəccüb edir, sizə şər atırlar. 5 Onlar diriləri və ölüləri mühakimə etməyə hazır olan Allaha cavab verəcəklər. 6 Çünki bu səbəbə görə Müjdə ölülərə də yayıldı ki, cismən onlar bütün insanlar kimi mühakimə olunduğu halda, ruhən Allah kimi yaşasınlar.

7 Hər şeyin sonu yaxındır. Beləliklə, ağıllı-kamallı olun və dua etmək üçün ayıq durun. 8[27] Hər şeydən əvvəl, bir-birinizi can-dildən sevin, çünki «məhəbbət çox günahı örtər». 9 Şikayət etmədən bir-birinizə qonaqpərvərlik göstərin. 10 Hər kəs Allahın çoxcəhətli lütfünün yaxşı idarəçiləri kimi aldığı ənama görə bir-birinə xidmət etsin. 11 Kim danışırsa, Allahın sözlərini danışan kimi danışsın. Kim xidmət edirsə, Allahın verdiyi qüvvətlə xidmət etsin. Beləcə Allah hər şeydə İsa Məsih vasitəsilə izzətlənəcək. İzzət və qüdrət əbədi olaraq İsa Məsihindir. Amin!

Məsih uğrunda əzab çəkmək

12 Sevimlilər, sizi sınamaq üçün aranızda baş verən odlu imtahana sanki başınıza gələn qəribə bir iş kimi təəccüb etməyin. 13 Əksinə, Məsihin əzablarına nə qədər şərik olursunuzsa, o qədər sevinin ki, Onun izzətli zühurunda hədsiz sevinəsiniz. 14 Məsihin adına görə təhqir olunsanız, siz nə bəxtiyarsınız! Çünki Allahın izzətli Ruhu üzərinizdə qalır.[28] 15 Lakin heç biriniz qatil, oğru ya başqa cür cinayətkar kimi yaxud başqalarının işinə qarışan şəxs kimi əzab çəkməsin. 16 Amma bir insan məsihçi kimi əzab çəkirsə, qoy bundan utanmasın, bu adı daşıyaraq Allahı izzətləndirsin. 17 Çünki mühakimənin Allahın ev xalqından başlandığı vaxt gəlir. Əgər mühakimə əvvəl bizdən başlanarsa, Allahın Müjdəsinə itaət etməyənlərin sonu necə olacaq? 18[29] Əgər saleh belə, çətinliklə xilas olursa, bəs allahsız və günahkar necə olacaq? 19 Bunun üçün qoy Allahın iradəsinə görə əzab çəkənlər yaxşılıq edərək həyatlarını sadiq olan Yaradana həvalə etsinlər.

Allahın sürüsü

1[30] Ey aranızda olan ağsaqqallar! Mən də sizin kimi ağsaqqal və Məsihin əzablarının şahidiyəm, zühur edəcək izzətə də şərikəm. Sizə yalvarıram, 2 Allahın sizə həvalə etdiyi sürüsünü otarın. Ona zorla yox, könüllü və Allahı razı salan[31] tərzdə, haqsız qazanca həris olmadan, həvəslə nəzarət edin. 3 Sizə tapşırılanlar üzərində ağalıq etməyin, amma sürüyə nümunə olun. 4 Baş Çoban zühur etdiyi zaman siz solmayan izzət tacı alacaqsınız.

5[32] Eyni ilə, siz də, ey gənclər, ağsaqqallara tabe olun. Hamınız bir-birinizə itaətkarlıq[33] göstərin. Çünki «Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər». 6[34] Allahın qüdrətli əli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq. 7[35] Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır.

8 Ayıq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır. 9 Möhkəm imanla ona qarşı durun. Bilin ki, bütün dünyada bacı-qardaşlarınız da eyni cür əzab çəkirlər. 10 Siz qısa bir müddət əzab çəkdikdən sonra sizi İsa Məsihdə Özünün əbədi izzətinə çağırmış, hər cür lütf verən Allah Özü sizi bərpa edəcək, möhkəmlədəcək, qüvvətləndirəcək və sarsılmaz təmələ oturdacaq. 11 Qüdrət[36] əbədi olaraq Onun olsun! Amin.

Cəmiyyətə salamlar

12[37] Bu qısa məktubu etibarlı saydığım qardaşımız Sila vasitəsilə sizə yazıram. Sizi həvəsləndirərək şəhadət etdim ki, Allahın həqiqi lütfü budur. Ona bağlı qalın.

13[38] Sizin kimi seçilmiş Babildəki cəmiyyət və oğlum Mark da sizi salamlayır. 14 Bir-birinizi məhəbbətlə öpərək salamlayın.

Məsihdə olan hamınıza sülh olsun!

Qeydlər

[redaktə]
  1. Lev. 11:44-45; 19:2
  2. Həqiqətə – bəzi əlyazmalarda Ruh vasitəsilə həqiqətə.
  3. Yeş. 40:6-8
  4. Zəb. 34:8
  5. Yeş. 28:16
  6. Zəb. 118:22
  7. Yeş. 8:14-15
  8. Çıx. 19:5-6; Qanun. 4:20; 7:6; 14:2; Yeş. 43:20-21; Titə 2:14
  9. Huşə 2:23
  10. Rom. 13:1
  11. Yeş. 53:9
  12. Yeş. 53:7
  13. Yeş. 53:5
  14. Çarmıxa çəkilərək – hərfi tərcümədə ağacdan asılaraq.
  15. Yeş. 53:6
  16. Ef. 5:22; Kol. 3:18
  17. 1Tim. 2:9-10
  18. Yar. 18:12
  19. Ef. 5:25; Kol. 3:19
  20. Zəb. 34:12-16
  21. Yeş. 8:12-13; Mat. 5:10
  22. Məsihi – bəzi əlyazmalarda Allahı.
  23. Sizə atdıqları – bəzi əlyazmalarda sizi pislik edən adamlar kimi təqsirləndirib atdıqları (1Pet. 2:12).
  24. Əzab çəkdi – bəzi əlyazmalarda bizim uğrumuzda öldü, bəzilərində isə sizin uğrunuzda öldü.
  25. Yar. 6:1-7:24
  26. Cismən – bəzi əlyazmalarda bizim üçün cismən.
  27. Sül. 10:12; Yaq. 5:19-20
  28. Qalır – bəzi əlyazmalarda qalır. Digərlərin arasında söyülür, sizin aranızda izzətlənir.
  29. Sül. 11:31
  30. Yəh. 21:15-17
  31. Və Allahı razı salan – bəzi əlyazmalarda bu sözlər yoxdur.
  32. Sül. 3:34
  33. İtaətkarlıq – bəzi əlyazmalarda tabe olaraq itaətkarlıq.
  34. Mat. 23:12; Luka 14:11; 18:14
  35. Zəb. 55:22
  36. Qüdrət – bəzi əlyazmalarda İzzət və qüdrət.
  37. Həv. 15:22,40
  38. Həv. 12:12,25; 15:37-39; Kol. 4:10; Flm. 23-24

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy